Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   41   42   43   44   45   46   47   48   49

 
268 
Dedilər: – «Hardasan? Bizi tap, oğul! 
Ayrılıq qoymamış bizdə tab, oğul!» 
Bu yuxu əlindən qərarı aldı, 
Canına ayrılıq atəşi saldı. 
Yusif öz Turundan uzaqlaşaraq, 
Əbədi aləmə meyl etdi ancaq. 
Çıxıb bu aləmin dar səhnəsindən
Sirli bir aləmə yollandı həmən. 
Bu fəna mülkünü tərk etsin deyə, 
Bəqa mehrabına əl açdı göyə. 
Dedi: – Ey başlara qoyan ulu tac! 
Səndən hacətini istər hər möhtac! 
Məni əziz tutdun hamıdan artıq, 
Başıma tac ilə verdin yaraşıq. 
Bu fani dünyadan doymuşam cana, 
Şahlığın sonu da fənadır, fəna! 
Könlüm əbədiyyət mülkünü istər, 
Vəslinə yetməkçin mənə yol göstər! 
Din yolunu tutan hər bir xeyirxah, 
Sənin astananda dayanar, allah! 
Məni də naqislər əlindən qurtar, 
Qoy tutum kamillər səfində qərar! 
Züleyxa bu sirri eşitdi, yandı, 
Elə bil varlığı oda qalandı. 
Bildi ki, bu dua qəbul olacaq
Məhəbbət bağında güllər solacaq. 
Yusif kamanından atılan bir ox, 
Hədəfə dəyəcək, buna şübhə yox! 
Köçüb bir daxmaya geyindi qara, 
Pərişan zülfünü tökdü ruxsara, 
Saldı kədərindən üzünə cırmaq, 
Sovurdu başına kül ilə torpaq! 
Ayrılıb sevincdən qəmə yar oldu, 
Həmdəmi göz yaşı, ahü-zar oldu. 
 
269 
Dedi: – «Ey dərdlilər dərdinə dərman, 
Yaralı sinəyə məlhəm qoyansan! 
Nakamı murada çatdıran sənsən, 
Bağlı qapıları açan özünsən! 
Əlinlə açılar bütün müşküllər, 
Səndən şəfa tapar sınıq könüllər. 
Silən sinəmizdən firqət dağını, 
Mum kimi əridən möhnət dağını, 
Dərdü-qəm əlindən ürəyi qanam, 
Bu gün öz işimə özüm heyranam. 
Yusifin dərdinə mən necə dözüm? 
Yusifsiz dünyanı görməsin gözüm! 
Züleyxaya onsuz həyat nə gərək?  
Əvvəlcə o deyil, mən öləm gərək! 
O ölsə, ömrümün gülşəni solar, 
Onsuz yaşamağın nə mənası var? 
Vəfa qanununa sığışmaz, əlbət, 
Ki, aşiq yaşasın, ölsün məhəbbət! 
Əgər məni ondan ayıracaqsan, 
Ondan əvvəl apar məni dünyadan. 
Mən onun eşqiylə diriyəm ancaq
Onsuz istəmirəm dünyada qalmaq». 
Gecəni gündüzə qatıb o gündən, 
Ağlayıb, sızlayıb, getdi özündən. 
Bəli, hər kəsin ki, ürək dərdi var, 
Gecəsi, gündüzü bir rəngdə olar. 


 
270 
YUSİF  VƏFAT  EDİR,  ZÜLEYXA  İSƏ  HİCRAN 
DƏRDİNƏ  TAB  GƏTİRMƏYİB  HƏLAK  OLUR 
 
Bir gün səhər-səhər Yusif oyandı, 
Üzündən hər tərəf nura boyandı, 
Şahlıq libasını geyinib həmən, 
Atlanmaq qəsdiylə çıxdı evindən. 
Ayaq üzəngiyə qoyduğu zaman, 
Cəbrayıl söylədi: – «Tələsmə, dayan!» 
Mələyin əlində bir alma vardı 
Ki, cənnət bağına bəzək vurardı. 
Almanı Yusifə verdi həmin an, 
İyləyib almanı, Yusif verdi can! 
Çatdı damağına ətri cənnətin, 
Oldu müsafiri əbədiyyətin. 
Yusif tərk edincə fani cahanı. 
Aləmi çulğadı xalqın fəğanı. 
Bütün xalq ağlayıb, fəğana gəldi
İnilti sədası göyə yüksəldi. 
Züleyxa söylədi: – «Nədir bu fəğan? 
Nə olmuş ağlayır yer ilə göy qan?» 
Dedilər ki: –Yusif, o mehriban şah, 
Taxtını tabuta döndərmişdir, ah! 
Köçərək bu fani dünya evindən, 
Tapmış əbədiyyət mülkündə vətən. 
Eşitcək bu sözü o nazlı dilbər, 
Sanki, varlığını qarət etdilər, 
Özünü sərv tək torpağa saldı. 
Üç gün kölgə kimi torpaqda qaldı. 
Dördüncü gün isə bir an ayıldı, 
Yusifi soruşdu, yenə bayıldı. 
Üç kərə bu əməl olundu təkrar, 
Üç gün tamam huşsuz qaldı o nigar! 
Nəhayət özünə gəldi bir təhər, 
 
271 
Yenə də Yusifdən istədi xəbər! 
Bildi nə yataqda onu görən var, 
Nə də tabutunu bir götürən var! 
Hər kəsdən soruşdu, dedilər ancaq
Xəznə tək Yusifi udmuşdur torpaq! 
Züleyxa bu zülmü görcək fələkdən, 
Yırtıb yaxasını, çıxdı köynəkdən. 
Yarıq sinəsindən sanki yol açdı, 
Gizli od qəlbindən şölələr saçdı. 
Alov püskürdükcə yarıq yaxadan, 
Yanğı azalmayıb, artdı hər zaman, 
Dırnaqla üzünə rəqəm yazırdı, 
Sanki qan axmaqçın arxlar qazırdı. 
O arxlardan axıb sızıldıqca qan, 
Səməni bəzədi, sanki, ərğəvan. 
Dırnağı üzünü elə qanatdı, 
Gözünün bəbəyi al qana batdı. 
Daş vurdu döşünə, gah da dizinə, 
Sillələr yağdırdı qanlı üzünə, 
Gah gümüş üstündə əqiq bitirdi, 
Gah lalə üstündə nilfər yetirdi. 
Əl atıb başına saçını yoldu, 
Başına döyməkdən qolu yoruldu. 
Sərvin bağçasında qalmadı reyhan, 
Lakin usanmadı sünbül yolmaqdan, 
Yanan ürəyindən hey fəğan çəkdi, 
Qəmli sinəsindən əl-aman çəkdi 
Ki, taxtın bəzəyi o Yusif hanı? 
Məzlumlar köməyi o Yusif hanı? 
Bu qəmli dünyadan köçdüyü zaman, 
Əcəl şərbətini içdiyi zaman
Elə tələsmiş ki, gözləməmiş mən, 
Görüşüb öpəydim üzəngisindən. 
Başını yasdıqda görmədim, aman! 


 
272 
Üzündən tər çiçək dərmədim, aman! 
Dəydi vücuduna qafil ox əgər, 
Niyə mən sinəmi etmədim süpər? 
Taxtaya çevrildi o şah üçün taxt, 
Taxta oldu şahlıq taxtından xoşbəxt. 
Mən gülab tökmədim ağlar gözümdən, 
Cismini yumadım o gülabla mən. 
Boyunu kəfənə tutan zamanda, 
Önündə səcdəyə gedən bir anda
Niyə o kəfəni tikmədim özüm? 
Canım sap olaydı, iynəsi gözüm! 
Qəmi ürəkləri büryan edəndə, 
Məhmili dünyadan köçüb gedəndə, 
Niyə fəğanımla aləm dolmadı, 
Dilim məhmilinin zəngi olmadı?! 
Onda ki açdılar torpaqda yataq, 
Oldu o incinin sədəfi torpaq. 
Niyə süpürmədim mən o torpağı, 
Mənzilim olmadı onun qucağı?! 
Əfsus, itirdiyim fürsətə əfsus! 
Əfsus, bu çəkdiyim möhnətə əfsus! 
Gəl canım, gör məni, məhrumam necə? 
Fələyin əlində məzlumam necə? 
Məndən uzaqlaşdın, bir yad etmədin, 
Görüşünlə məni sən şad etmədin. 
Vəfa belə olmaz, ey vəfadarım! 
Yar yarı unutmaz, sevimli yarım! 
Məni xatirindən silib, tərk etdin, 
Qan, torpaq içində buraxıb getdin. 
Sancdın ürəyimə elə bir tikan
Qəbrimdən o tikan bitəcək, inan! 
Sən elə bir yerə etmisən səfər 
Ki, geri dönməmiş ordan bir nəfər. 
Əlacım budur ki, uçum, yüksəlim, 
 
273 
Qanadlı quş kimi yanına gəlim. 
Deyib bu sözləri, məhmil istədi, 
Məhmili gül kimi üzü bəzədi. 
Axıtdı gözündən sel kimi qan-yaş, 
Yusifin qəbrinə yollandı birbaş. 
Orada yox idi yarından nişan, 
Yalnız bir təpəcik gördü torpaqdan. 
O torpaq üstünə qəlbi məlallı, 
Düşdü sayə kimi günəş camallı. 
Qəbri göz yaşıyla gövhərə tutdu, 
Saralmış üzüylə saf zərə tutdu. 
Gah başından öpdü, gah ayağından, 
Ah çəkib, vay deyib, qopardı fəğan: 
– Ey gül rişəsi tək torpaqda qalan, 
Mənəm torpaq üstə gül kimi solan!  
Xəznə tək torpağa getdin birinci. 
Mən torpaq üstünə səpirəm inci. 
Sən özün su kimi hopdun torpağa, 
Məni bir çöp kimi atdın qırağa. 
Fərağın cismimi qərq etdi qanda, 
Xəyalın odladı məni bir anda. 
Od vurdun canıma «çör-çöpdür» – deyə, 
Tüstüsü burulub, yüksəldi göyə. 
Göz açıb, baxmadı tüstümə bir kəs, 
Gözdən su səpmədi üstümə bir kəs. 
Ağlayıb, köksünü sürtürdü yerə, 
Ölüm arzuladı haqdan yüz kərə. 
Həsrətdən tükəndi səbri, qərarı. 
Əyildi ki, öpsün o tək məzarı, 
İki barmağını gözünə atdı, 
Qoşa nərgisiri oyub çıxartdı. 
Onları torpağa saldı o dilbər, 
Dedi: – Yaş torpaqda nərgis xoş bitər. 
Bir göz ki gül üzün görməyəcəkdir, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə