Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

 
244 
Bir daha gördünüz, səsləndi bu cam, 
Qoy, sizə şərh edim, sözünü tamam! 
Deyir: – Bu zülm ilə doymayıb hələ, 
Qəlbinə dağ vurub, satdılar kölə! 
Onu alan şəxsə dedilər, hökmən, 
Bu qulu zəncirdə, damda saxla sən! 
Yəqub övladına bu iş yararmı? 
Sizin məzhəbinizdə bu qayda varmı? 
Qızdı günəş kimi Yusif dərindən, 
Dolu bulud kimi qopdu yerindən. 
Dedi: – Ey zalımlar, söyləyin mənə, 
Sizi xilas edər hansı bəhanə?! 
Sizi bu Misrdə elə edim xar
Halınıza ağlasın quşlar, balıqlar! 
Qılıncla boynunuz vurulsun gərək, 
Bu cəza hamıya dərs olsun gərək! 
Kəsdi qılınc kimi səbrini qəzəb, 
Cəlladı məclisə eylədi tələb. 
Cəlladın dalınca gedərək nazir, 
Etdi qılınc əldə cəlladı hazır. 
Görüncə cəlladı şah verdi fərman, 
Aparın, bunlara verməyin aman! 
Başladı cəlladlar durmadan işə, 
Düşdü məclis əhli qorxu, təşvişə. 
Hərəsi birinin boynundan dartdı, 
Şahın məclisindən kənara atdı. 
Şah isə gizlicə sərkərdələrə
Çağırıb demişdi: – Bilin, bir kərə, 
Məqsədim deyildir qonaq öldürmək, 
Onlara qıymayın, sonunu görək! 
Bundan xəbərsizdi Yəqub övladı, 
Ərşə yüksəltdilər ahü-fəryadı: 
 – Səni and veririk haqqın özünə, 
  Yəqubun qan sızan ağlar gözünə! 
 
245 
  İbrahim Xəlilin gülüstanına, 
İshaqın sinədən qopan ahına! 
Qəriblər halına yansın ürəyin, 
Öldürmə ki, allah olsun köməyin! 
Onların ahından yandı fələklər, 
Ağlayıb yalvardı göydə mələklər. 
Keçdi həqq onların günahlarından, 
Bir mələk də gəlib allah yanından, 
Yusifə yetirdi xaliqdən peyğam;
1
 
Ey Yusif, onlardan alma intiqam! 
Vermə yazıqlara bunca əziyyət, 
Yetər çəkdikləri işgəncə, zillət! 
Kənandan neçə yol min müsibətlə, 
Gətirib qaytardın geri zillətlə. 
Biz keçdik onların hər günahından, 
Rəhmə gəl, sən də ver, onlara aman! 
Bu idi allahın əmri, nə etmək? 
Olmazdı bu əmrin əksinə getmək! 
 
                                                           
1
 Пейьам – сифариш. 


 
246 
YUSİF  QARDAŞLARININ  GÜNAHINI ƏFV EDİR, 
ONLARA  MƏRHƏMƏT  GÖSTƏRİR  VƏ ATASININ 
VÜSALINA  ÇATIR 
 
Allahın vəhyini Yusif eşitcək, 
Camalı açıldı, təzə qönçə tək. 
Buyurdu, hüzura gəlsin qardaşlar, 
Onlara məhəbbət eylədi izhar. 
Dil açıb, şam kimi alışdı başdan, 
Sorğu-sual etdi hər bir qardaşdan. 
Açdı könülləri hər bir sualı, 
Soruşdu: – Necədir Yəqubun halı? 
Görüncə danışır şah xoş dil ilə, 
Gəldi tuti kimi qardaşlar dilə. 
Dedilər: –Yusifdən ayrı düşəli, 
Bükülüb qaməti, titrəyir əli. 
Yusifdir diləyi, Yusifdir sözü, 
Nərgis tək qəmində kor olmuş gözü. 
Qırx il bu qəm ilə sinə dağlamış, 
Yaz buludu kimi daim ağlamış. 
İndi də itirib İbn-Yəmini, 
Salmış ürəyinə onun qəmini. 
Gözü yolda qalıb, ürəyi naşad, 
Rəhm elə Yəquba, onu qıl azad! 
Eşitcək bu sözü qardaşlarından, 
Yusifdə nə taqət qaldı, nə tavan. 
Səbir piyaləsi dolaraq daşdı, 
Ağladı, ürəyi oda tutaşdı. 
Günəş tək üzündən niqabı aldı, 
Ay kimi buluddan çıxıb ucaldı. 
Dedi: – Ey qardaşlar, bu cah, bu calal
Mənimdir Misirdə bu dövlət, bu mal! 
Quyuya salınmış o Yusif mənəm! 
Satılıb alınmış o Yusif mənəm! 
 
247 
Qardaşlar başladı qan ağlamağa, 
Düşdü göz yaşı tək hamı torpağa. 
Taxtından enərək Yusif bu zaman, 
Onlarla danışdı şirin, mehriban. 
Məhəbbətlə qucdu onları bir-bir, 
Sanki, heç birində yox idi təqsir. 
İnsanlıq üzündən hörmət göstərdi, 
Məhəbbət, ehtiram, izzət göstərdi. 
Verdi hər birinə şahanə xələt, 
Yarandı arada bir səmimiyyət. 
Bir yerdə oturub söhbət edərək, 
Qovuşdu qardaşlar südlə şəkər tək! 
Babalar demişkən, düşünsən bir az, 
Təmiz ürəklərdə kinə yer olmaz! 
Qardaşlar söylədi Yusifə bir gün, 
Sənsən böyük şahı bu yer üzünün! 
Sən bizi əfv etdin ağır günahdan, 
Özün əfvimizi istə allahdan! 
Bilirik, etmişik böyük cinayət, 
Daima çəkirik xiffət, xəcalət, 
Allahın eşqinə keç bu günahdan, 
İstə əfvimizi böyük allahdan! 
Dedi: – Nə sıxılın, nə də ağlayın, 
Allahın əfvinə ümid bağlayın! 
Bir daha dil açıb danışdı onlar, 
Atadan, Kənandan söhbət saldılar. 
Yusif cavabında dedi: – Məncə, siz 
Bir daha Kənana səfər ediniz! 
Qocaya bu sirri veriniz xəbər 
Ki, hər şeydən agah olsun peyğəmbər! 
Gətirin Kənandan Misrə atamı, 
Qoy gəlsin onunla qohumlar hamı! 
Səfər tədarükü görülsün deyə, 
Yusif hazırladı bir çox hədiyyə! 


 
248 
Taxtın arxasına keçərək bir an, 
Çıxartdı əynindən köynəyi sultan. 
Silindi könlündən möhnəti, dərdi, 
Köynəyi Yəquba töhfə göndərdi. 
Xoş bir saat seçib yükləndi karvan, 
Misirdən Kənana oldular rəvan. 
Əzizlər bir mənzil yol getmişdilər, 
Səbaya qeybdən yetişdi xəbər. 
Yusif köynəyinin ətrini alsın, 
Kənan mühitinə o ətri salsın. 
Məhəbbət elçisi nəsimi-səba, 
Çatdırdı bu ətri o gün Yəquba. 
Köynəyin ətrini duyub Kənanda, 
Elə bil, Yusifi tapdı bir anda. 
Oğul həsrətində olsa da qəmgin
Duyduğu ətirdən tapırdı təskin. 
Xoşbəxtlik üzündən elə bu zaman, 
Gəlib oğlanları çatdılar yoldan. 
Müjdə gətirdilər Yusifdən ona, 
Yəqubun möhnəti yetişdi sona. 
Bir qızıl gül kimi köynəyi o dəm, 
Qardaşlar ataya verdilər bahəm. 
Qoca o köynəyi üzünə sürtdü, 
Bağrına basaraq gözünə sürtdü. 
Köynəkdən Yusifin ətri saçıldı, 
Qocanın nərgis tək gözü açıldı. 
Elə bil, yenidən cahana gəldi, 
Cavan sərv kimi qəddi düzəldi. 
Dedilər: – Yusifdə qalmamış qərar, 
Sizi görmək üçün çəkir intizar. 
İstəyir şad olub, deyib güləsiz, 
Elliklə yığışıb Misrə gələsiz! 
Olub ötənləri cavanlar bir-bir
Yəquba nəql edib qıldılar təsvir. 
 
249 
Qoca əmr verdi qohum-qardaşa, 
Səfər tədarükü yetincə başa. 
Böyük cəlal ilə Yəqub peyğəmbər, 
Etdi Misrə tərəf Kənandan səfər. 
Karvan son mənzilə yetişən zaman, 
Yusif Misr elinə verdi bir fərman: 
Bəzənsin şəhərdə qapı, darvaza, 
Bütün şəhər əhli çıxsın pişvaza! 
Camaat axışıb gəldi hər yerdən, 
Əyanlar, əşraflar çıxdı şəhərdən. 
Yusifin ardınca ellər yürüdü, 
Çölü başdan-başa ləşkər bürüdü. 
Qırx min tamaşaçı düzüldü yola, 
Misrin gözəlləri çatdı qol-qola. 
Şahlar da çıxdılar şəhərdən kənar, 
Yusifin yanınca bir çox tacidar, 
Piyada gedirdi yüz ehtiramla
Qulağı sırqalı bir çox qulamla. 
Çavuşlar səslənib, «Yol verin!» – deyir, 
Yəqub pişvazına ellər yeriyir. 
Yusif atasına çatdığı zaman, 
Düşdü ədəb ilə ərəbi atdan. 
Sanki günəş göydən aşağı düşdü, 
Yusif hörmət üçün torpağa düşdü. 
Ata da dözməyib əydi başını, 
Çilədi torpağa o göz yaşını. 
Ata öz oğlunu bağrına basdı, 
Oğul qollarını boynundan asdı. 
Qucub bir-birini şirin can kimi, 
Bir budaqda qoşa nardan kimi. 
Sevincdən atanın göz yaşı axdı, 
Ağladı, oğul da ataya baxdı. 
Nə xoşdur dünyada, ah, vüsal dəmi, 
Bir dəm unutdurar yüzillik qəmi! 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə