MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə15/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   11   12   13   14   15   16   17   18   ...   106

_____________Milli Kitabxana______________

Heydərbaba, səndə dəfinələr var,

Dağlar vədiəsi xəzinələr var,

Amma sənə bənzər də sinələr var,

Bu sinələr dağlar ilə danışır,

Dağlar kimi göylər ilə qonuşur.

Gör hardan mən sənə saldım nəfəsi,

Dedim qaytar sal aləmə bu səsi,

Sən də yaxşı simurq etdin məgəsi,

Sanki qanad verdin yelə, nəsimə,

Hər tərəfdən səs verdilər səsimə.

Heydərbaba, səni vətən bilmişdim,

Vətən deyib, baş götürüb gəlmişdim,

Səni görüb göz yaşımı silmişdim,

Halbuki, lap qəmli qürbət səndəymiş,

Qara zindan, acı şərbət səndəymiş.

Kim qaldı ki, bizə buğun burmadı,

Altdan-altdan bizə kələk qurmadı,

Bir mərd oğul bizə havar durmadı,

Şeytanları qucaqlayıb gəzdiz siz,

İnsanları ayaqlayıb, əzdiz siz.

Divar ucaldı, gün bizə düşmədi,

Zindan qaraldı, göz-gözü seşmədi,

Gündüz gözü mənim lampam keşmədi,

Sel də basdı, əmmiz dolub göl oldu,

Çox yazığın evi çönüb çöl oldu.

Əvvəl başı məndən istiqbal etdiz,

Sondan çönüb işimdə ixlal etdiz,

Öz zənnizcə ustadı iğfal etdiz,

Eybi yoxdur, keçər gedər ömürdür,

Qış da çıxar, üzüqara kömürdür.

Mənim yolum məhəbbət caddəsiydi,




_____________Milli Kitabxana______________

Son sözlərim haqqın iradəsiydi,

Məhəbbətin risalət vədəsiydi,

Yoxsa məndə bir kəs ilə qərəz yox,

Siyasət adlı məndə bir mərəz yox.

Haqq nə deyir? Küfrə qarşı getməyiz,

Nurdan çıxıb zühnət içrə itməyiz,

Fırıldağa fırfıratək bitməyiz,

Gördüz də ki, olmadı küfrün dibi,

Pul da versə, almağa tikmiş cibi.

Şeytan bizim qəlbimizi çöndərib,

Allah deyən yoldan bizi döndərib,

İlanlı çeşməyə bizi göndərib,

Minnət qoyur ki, arxınız nəhr olub,

Biz görürük sular bizə zəhr olub.

Heydərbaba, gileylikdən nə çıxar?

Zülmün evin səbrli təhəmmül yıxar,

Dərviş olan səbrin əlin bərk sıxar,

Gəl qayıdaq, çıxaq Ağa düzünə,

Keçək yenə məhəbbətin sözünə.

Deynə uşaq bir-birilə saz olsun,

Bəlkə bu qış bir də çönüb yaz olsun,

Çay, çəmənlər ördək olsun, qaz olsun,

Biz də baxıb fərəhlənib bir uçaq,

Sınıq-salxaq qanadları bir açaq.

Bu baxçadan alçaları dərərdik,

Qış adına çıxıb damda sərərdik,

Hey də çıxıb yalandan çöndərərdik,

Qış zumarın yayda yeyib doyardıq,

Bir külli də minnət xalqa qoyardıq.

Evlər qalır, ev sahibi yox özü,

Ocaqların ancaq işıldar közü,

Gedənlərin az-çox qalıbdır sözü,

Bizdən də bir söz qalacaq, ay aman!

Kimlər bizdən söz salacaq, ay aman!



_____________Milli Kitabxana______________

Bizdən sonra kürsülərin tovunda,

Kəndin nağıllarında, söz-sovunda,

Qan nənənin çaxmağında, qovunda,

Heydərbaba özün qatar sözlərə,

İçki kimi xumar verər gözlərə.

Aşıq deyər: Bir nazlı yar var imiş,

Eşqindən odlanıb yanar var imiş,

Bir sazlı, sözlü Şəhriyar var imiş,

Odlar sönüb, onun odu sönməyib,

Fələk çönüb, onun çarxı çönməyib.

Heydərbaba, alçaqların köşk olsun,

Bizdən sonra qalanlara eşq olsun,

Keçmişlərin gələnlərə məşq olsun,

Övladımız məzhəbini danmasın,

Hər içiboş sözlərə aldanmasın!




_____________Milli Kitabxana______________

BEHCƏTABAD XATİRƏSİ

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım, gör nə döşürməkdədi darı.

Bir quş: "Ayığam!"- söyləyərək, gahdan inildər,

Gahdan onu da, yel deyə laylay, huş aparı.

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,

Məndən aşağı kimsə yox, ondan da yuxarı.

Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh,

Bağrım yarılır, sübhüm, açılma, səni tarı!

Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!..

O çıxmasa da ulduzumun yoxdu çıxan.

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,

Qaş böylə ağardıqca, daha baş da ağarı.

Eşqin ki qərarında vəfa olmayacaqmış,

Bilməm ki təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi, soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

Rişxəndilə qırcandı səhər, söylədi durma,

Can qorxusu var eşqin, uduzdun bu qumarı,

Oldum qaragün ayrılalı o sarı teldən,

Bunca qara günlərdi edən rəngimi sarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya baxar, bəllidi, çayların axarı.

Əzbəs məni yapraq kimi hicranla saraldıb,

Baxsan üzünə, sanki qızılgüldi qızarı.

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

Eşqi var idi Şəhriyarın güllü-çiçəkli,

Əfsus ki,qəza vurdu, xəzan oldu baharı.



_____________Milli Kitabxana______________

QARANLIQ GECƏLƏR

Aman Allah, yənə şeytan gəlib iman apara,

Qoruyun, qoymuyun imanuzu şeytan apara.

Mənim insanlığımın gör nə hasan yavadır,

Ki günüz quli-biyaban gəlir insan apara.

Çörək almış əlinə, ac necə taqət gətisin?

Elə bil yaz gecəsi qız gəlib oğlan apara.

Qanlı dırnaqlarılan ingilis əl qatdı bizə,

Baxısan ras da Arazdan keçir İran apara.

Qəm aşıb-daşdı daha, xəlqilə şuxluq eləməz,

Sel gərək el dağıda, ev yıxa, eyvan apara.

Xərməni saqqıza verdik, nə yaman çərçidi bu?

Hey gəlir kəndə, bizə dərd verə, dərman apara.

Bu qaranlıq gecələrdə qapımız pis döyülür,

Nə bilim, bəlkə əcəldir, dayanıb can apara.

Anama söyləyin: oğlu yıxılıb səngərdə,

“Tellərin bas yarama, qoyma məni qan apara”.

Aradan bir də bizi bölsələr ərbablarımız,

Qorxuram qoymıyalar Təbrizi Tehran apara.

Qara tufan ki, dəxi xəlqə şuluxluq eləməz,

Sel gərək el dağıda, ev yıxa, eyvan apara.

Səliqəli oğru vilayətdə çoxalmış olsa,

Şəhriyardan da gərək bir dolu divan apara.

BAYATILAR

Xəzan gəldi, gül apardı,

Bir şeyda bülbül apardı,

Yanmışdım mən, kül olmuşdum,

Yel də gəldi kül apardı.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə