45
* * *
Göyün üzü bozarmışdı. Ulduzlar həmişəki kimi çağırışmırdı. Elə bil üşümüşdülər,
seyrəlmişdilər. Ayparada da əvvəlki tox sarılıq yox idi, indi sanki o da tufana düşmüşdü. Dəniz
qulun, madyan kişnərtiləri ilə dolmuşdu. Bəzən elə bil dağ enir, dağ qalxır, dağ-dağa dəyib
dağılırdı. Gəmi uçunurdu. Dalğalar yan vuranda əyilirdi. Dəniz dağları burnunu zoxmalayanda,
yumruqlayanda üzünə soyuq su atılan qızdırmalılar təki səksənirdi, bir an dayanırdı, qorxusunu,
vahiməsini ağnaqdan qalxan bir camış çırpıntısı, silkintisi ilə atır, irəli cumurdu. Keçid
körpüsünə çox adam yığışmışdı. – Kim çıxmalıdır? – deyə Cavanşir soruşdu. Nə şturmanlar, nə
mexaniklər, nə də elektriklər dindi. Siqnal işığının lampası yanmışdı. Onu təzəsi ilə əvəz etmək
üçün kimsə dor ağacının başına dırmaşmalı idi. Əslində belə işlərə elektrik mexaniki, bir də
elektriklər baxırdı. Onlar da susur, tərpənmirdilər. Başı göyün bir qatına çatan, gəmi o yan – bu
yana əyildikcə ucu tərəzi şaxı təki oynayan dor ağacının kəlləsinə dırmaşmaq, orada dayanmaq
asan idimi? Əlbəttə, ora çıxan özünü dor ağacına kəmərlə sarıyacaqdı, lakin bu yırğalanmada
kimin ürəyi üstündə durardı, kimin ağlı-başı işləyərdi, kimdə hal-hey qalardı? Bəlkə təkcə lampa
xərəb olmamışdı, keçirici də yanmışdı. Bəlkə bu, iki-üç dəqiqəlik yox, daha çox vaxt tələb edən
bir iş, bir əziyyət idi. Kapitan bağırdı: – Adlarını da dənizçi qoyublar!.. Mənim dənizçilərimə
bax! Cavanşirin təkidi hər işi nizamda görmək istəyən, bu günün işini sabaha qoymayan kapitan
tələbi deyildi. Belə bir gecədə siqnal işığı mütləq yanmalıydı! Qarşıdan gələn gəmilər onu
uzaqdan tanımalı, gəmi qəzasından qorunmaq üçün istiqaməti dəyişməli idi. Bəlkə üzləşdikləri
gəminin də siqnal işığı yanmayacaq? Onda onlar kəllə-kəlləyə gəlməzdilərmi? Yaxın məsafədə
istiqaməti dəyişmək asandırmı? Birdən Ələmdar irəli çıxdı:
– Yoldaş kapitan, – dedi, – icazə verin... Sözünün dalını «yelə verdi». Qorxdu ki, kapitan
ona da acıqlansın: «Sən bacaran iş deyil!» Lakin kapitanın fərəhli səsi ona bir az da qüvvət verdi:
– Dırmaş, bala!.. Amma kəmərin dilini-dişini, qarmağın tutumunu yoxlamayınca əlini dor
ağacından üzmə!.. – Kapitan yan-yörəsində boyun-boyuna verənlərə acıqlandı: – Niyə
durmusunuz!.. Projektoru da mən yandırım?! Projektorun sarı, lülə işığı dor ağacında dilimləndi.
Hər dilimi qayaya dəymiş bir ox kimi yana sərpdi, yana süzdü. Qaranlığın bolluğunda dor
ağacının bircə ağ çiliyi işıqlandı. Ələmdar bu ağ çilikdə qurbağaya oxşayırdı. Sanki yerlə, göylə
əlaqəsi yox idi, elə-belə havada qalmışdı. Ələmdarın əlləri hərdən işıqdan çıxırdı, elə bil o
qaranlıqdan yapışıb yuxarı dartınırdı, qaranlıq bir qulp idi, işıq da astana. Hamı göyərtəyə
çıxmışdı. İri sırsıraya oxşayan dor ağacının başında qərar tutmuş Ələmdara baxırdı. Dor ağacının
başı işıqdan mancanaq kimi çıxır, işığa mancanaq təki qayıdır, yenə də sağa, sola yırğalanırdı,
sanki Ələmdarı atmaq istəyirdi.
– Sən çox baxma, – deyə bosman məhəccərdən yapışıb nehrə kimi yırğalanan Tosuya
pıçıldadı.
– Get kayuta, uzan. Tosunun ürəyi ağzına gəlirdi, başı gicəllənirdi. Amma indiki halı
keçən səfərkindən xeyli yaxşı idi. Yatmaqdan, uzanmaqdan təngə gəlmişdi. Kayutda onu tər
basırdı, ürəyi qısılırdı, eşikdə isə külək, küləyin qanadında gələn su zərrələri onun sinəsinə,
boyun-boğazına, üz-gözünə qonur, canının hövlünü, qızdırmasını alır, onu xeyli sərinlədirdi.
Həm də Tosunu bir qəriblik hissi almışdı, yazıqlaşmışdı, elə bil qürbətə düşmüşdü. Axı Ərkinaz
şəhərdə, anasının yanında qalmışdı. Gəmidən bir nəfəs getmişdi. Bu səsin bir dolu dünya
olduğunu Tosu indi duymuşdu. Bu nəfəsin bir gülən həyat, bir şən bəxtiyarlıq olduğunu Tosu
indi anlamışdı. Ona elə gəlirdi ki, bu qaranlıq heç də gecənin, dünyanın zülməti deyil, bircə bu
gəminin dövrəsini alan qəribə bir həsrətdir, özü də Tosunun həsrətidir. Bu həsrəti külək də qova
bilmir, dalğalar da poza bilmir, əksinə, tərsləşir bu həsrət, qatılaşır bu intizar, külək çağırışıdır,
dalğalar harayıdır, zülmət ismətidir, həyasıdır, Ərkinazın anasının göz qapaqlarıdır; palataya
Cavanşir girib, Tosu girib, Ərkinaz girib. Ərkinaz lap qabaqda dayanıb. Ana onlara bircə dəfə
baxıb, gözlərini yumub. Burun pərələri, dodaqları səyriyir, çənəsi qırışır, qara daraq kirpikləri
arasından yaş qaynayır. Adyalın üstünə düşən sümük biləklərinin, quru əllərinin damarları
gömgöydür. Əlləri yumruqlanır, sanki hər ovcunda bir taleyini sıxır, biri keçmişdir, biri bu günü,
bu sabahı, ikisini də məhv etmək istəyir. – Ülfət bacı... Cavanşirin səsində matəm havası vardı.
46
Bu səs Ərkinazı anasının üstünə atdı. Ülfətin qolları qalxdı, havada çırpındı, biri qızının
boynuna, digəri kürəyinə qondu.
– Ana!.. Ana!.. Ərkinazın bu harayı güclə eşidildi, sanki bala məhəbbətini ac ana həsrəti
ürəyinə çəkmişdi, yenə də doymamışdı. Ananın dümağ ağarmış saçlarından dalğalar keçirdi,
balanın lay-lay olub o yan-bu yana axmış qara telləri ləpələnirdi. Qonşu palatada bir uşaq
ağlayırdı, kiriyir, bir də ağlayırdı. İçini çəkə-çəkə ağlayırdı, hıçqıra-hıçqıra kiriyirdi. Onu
ovunduran bir ana səsi də gəlirdi. Deyəsən, o ana da xəstə idi, ana həsrətinin, bala kürlüyünün
gözünə torpaq atmaq üçün uşağı xəstəxanaya gətirmişdilər. Onları bir-birindən necə
ayıracaqdılar? Ana dözəcəkdi, cınqırını çıxarmayacaqdı, bala daha çox ağlamayacaqdımı?
Aynanın qabağındakı çinarın şiv budaqları yırğalandı, yarpaqları çırpındı. Sanki ayların, illərin
yarpaqlarda, budaqlarda dolaşıb qalan kədəri sevincdən bəxtiyarlıqdan qaçırdı. Qapı açıldı,
nəfəslik şaqqıltı ilə qapandı, elə bil oranı örtən bir otaq dolusu sevinc idi, vüsal idi, göylərə
çəkilmək istəmirdi, küləklərlə getmək istəmirdi, hələ kövrək idi, hələ körpə idi. Hələ qərib idi,
hələ istiyə, soyuğa dözə bilməzdi, qışda donardı, yayda əriyib itərdi. Həkim qaş-gözü ilə əl-qolu
ilə Cavanşirə də, Tosuya da dedi ki, siz getsəniz yaxşıdır. Qoy doyunca ağlasınlar. Belə göz
yaşları ürəkdəki nisgili yuyur, qubarı silir. Tosuya elə gəldi ki, hər şey azadlığı sevir, ağlamaq
da!.. Adam utananda doyunca ağlaya bilmir, kimdənsə çəkinəndə doyunca sevinə bilmir,
sevincin şirinliyi həyatda boğulur. Cavanşir həkimi him-cimlə eşiyə çağırdı. Pıçıldadı: – Ərkinaz
qalsın... Həkim də xısın-xısın dedi: – Əlbəttə, qardaş, qalsa yaxşıdır; indi Ülfətin ondan yaxşı
dərmanı hardadı... Cavanşir cibindən xeyli pul çıxarıb həkimə verdi: – Ərkinaz birdən ehtiyatsız
gəlmiş olar... Tosu köksünü ötürdü. Nəfəsi sinəsində də çovğun kimi uladı. Cavanşir onun
ürəyini çalan ağrını duydu: niyə mənim də pulum yoxdur? Axı Ərkinazla biz tay-tuş kimiyik!
Axı belə ərki mən eləməliydim!..
– Tosunun puludur. Bayaq yolda, gələndə vermək istəyirdi. Dedim, qızın xətrinə dəyər,
alıb saxlamışdım. İndi fikirləşdim ki, Tosu yaxşı iş görürmüş. Ərkinaz məktub alandan bəri ayrı
halda idi, xərclik götürmək yadına düşməzdi. Tosu Cavanşirin boynuna sarılmaq, onu bircə dəfə
öpüb qaçmaq, gözlərinə yığılan yaşları xəstəxananın həyətinə səpə-səpə yüyürmək, toxtayanda
dayanıb kapitanı gözləmək istədi, guya köşkdən təzə qəzet almağa tələsmişdi. Köşk isə bağlı
idi... Ələmdar dor ağacının başında qartala oxşayırdı. Elə bil bu qartal o sahildən bu sahilə
uçmaq istəmişdi, yolu qaranlığa düşmüşdü, yorulmuşdu, işıqlı bircə istinadgah, bircə zirvə
tapmışdı, indi dincini alırdı, sabahın açılmasını gözləyirdi, dan yeri söküləndə yenə də səmalara
yüksələcəkdi, buludların arasında gözdən itəcəkdi, bir də görünəcəkdi, bu dəfə görünəndə də
şehli qanadları sübh şəfəqindən rəng alıb alovlanacaqdı... Siqnal işığı yandı. Ələmdarı göyə
qaldıran həmin lülə işıq onu aşağı, keçid körpüsünə endirdi. İri bir dalğa baş göyərtəyə atıldı, dor
ağacının oradan ucalan gövdəsinə sarmaşdı, gövdəni uda-uda qalxdı, ağ kəlağay yelənini keçid
körpüsünə atdı. Çağladı, sanki köpəşiyən süd idi, daşacaqdı, ocağın kösövləri çəkilən kimi yatdı.
O biri dalğa gəminin arxasına elə çırpıldı ki, sıçrantıları baş göyərtədən dörd arşın yuxarıda
dayanmış Tosunun üst-başına düşdü. Sənə soyuq dəyər, – deyə bosman Tosunun qolundan tutdu,
onu kayuta apardı. – Dəniz tutan adamı soyuq tez alır. İstinin ziyanı yoxdur, adama nə xəta
gəlsə, soyuqdan gələr... Uzan, uzan... Tosu özündən böyüyün yanında heç vaxt uzanmamışdı.
Ayaqlarını uzatsa da, kürəyini çarpayının başına dayadı. – Ələmdar bir yağlı təşəkkür alacaq, iki
nəfərə də töhmət, ya da axırıncı xəbərdarlıq verəcəklər. – Mexaniklə, elektrikə?
– Tosu xəbər aldı.
– Yox, – bosman ağız-burnunu əyə-əyə cavab verdi, – bir matrosla bir matoristə.
– Nəyə görə?
– Ələmdar çuğullayıb.
– Düz deməyib?
– Adam hər düzü xəbər verərmi?! Yazıqlar dünən genə növbədən çıxanda, gecə saat on
ikidə, yaman acıblarmış, mətbəxdən bir balıq konservi götürüblər. Sabah aşpaza deyəcəklərmiş.
Ələmdar onlardan qabağa düşüb. Bala, bəzi adamlar bir «sağ ol»dan ötrü yamanlıq eləyirlər.
Bosman başını bulaya-bulaya getdi. Tosu yastığı iki qatlayıb başının altına qoydu. Fikirləşdi ki,