İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 

41 


Gəminin körpüyə yan aldığını, yükünün boşaldığını, yenə də açıq dənizə çıxdığını Tosu 

görmədi.  Çox  oyaq  qalmışdı,  sonra  da  şirin  yatmışdı.  Onun  indi  də  qapılarda  gəzib  nahara 

çağıran  səs  oyatmışdı.  Bu  səs  hər  qapıda  bir  dəfə,  Tosunun  qapısında  isə  iki  dəfə  eşidilmişdi. 

Həm də o birilərində borc kimi, Tosunun kayutu qabağında qayğı təki səslənmişdi... Tosu çay-

çörək yemiş, bosmanın «qulluğuna» getmişdi. Bosman da ona dünənki işin yarımçığını bu gün 

görüb  qurtarmağı  tapşırmışdı.  İsgənə,  qaşov  yenə  işə  düşmüşdü.  Ordan-burdan  tuluqlamış  əli 

qaşovu,  isgənəni  yaxşı  tutmurdu.  Çömbəltmə  durmaqdan  qılçaları  keyiyirdi,  üyüşürdü,  ayağa 

duranda  gözlərinə  qaranlıq  çökürdü.  Göyün  üzünü  bulud  almışdı.  Sular  qırmalanmışdı,  gəmi 

qayçı kəsən təki  yara-yara, qatlayıb  yanlara aşıra-aşıra irəlilədikcə, külək əsmədiyi, dalğa, ləpə 

görünmədiyi halda, sular şapalaq-şapalaq göyə qalxır, qovurğa kimi yumurlanır, dənizə çilənirdi. 

Gəmi  birdən  yavaşıdı,  xeyli  sonra  heç  getdiyi  də  bilinmədi.  Amma  burulğana  düşmüş  kimi 

yavaş-yavaş  fırlanmağa  başladı.  Uzun  bir  siqnal  verildi.  Gəminin  hər  yerini  zənglərin  səsi 

bürüdü. Sonra göyərtələrdəki radiolara da kapitanın qorxunc səsi düşdü. – Şturman budkasında 

yanğın!  Kapitan  bu  xəbəri  dönə-dönə,  özü  də  tez-tez  təkrar  etdi.  Kayutlarda  dincələnlər  də 

köynəklərini  geyinə-geyinə  eşiyə  çıxdılar.  Qaçaqaç  başlandı.  Gəmi  zanq-zanq  zanqıldayırdı. 

Hoppananların,  yüyürənlərin  addımları  gəmini  nağara  kimi  çalırdı.  Kimi  vedrələrə  qum  yığıb 

trapla  yuxarı dırmaşır, kimi təkətək kimi  yığılmış  yanğın şlanqlarının bir ucunu boruya keçirib 

kranı açır, şlanqın bir ucunu götürüb şturman budkasına sarı götürülürdü. Aləm qarışmışdı, heç 

kim  danışmırdı,  hərə  bir  iş  görürdü,  elə  bil  əvvəlcədən  öz  aralarında  kimin  nə  edəcəyini 

tapşırmışdılar,  müəyyənləşdirmişdilər.  Tosu  uçunurdu,  dişi  dişinə  dəyirdi.  Dizləri  üstəcə 

qalmışdı.  Bilirdi  ki,  anbarlar  yanacaq  qazı  ilə  doludur,  bircə  çınqıya  bənddir,  bomba  kimi 

partlayacaq, onların bir sağ tikəsi də tapılmayacaq. Gör harda başlanan ömrü harda qurtaracaq!.. 

Oxumağa gəldi, gör taleyinin dalğası onu hara atdı, harda qərq etdi!.. Kənddən onu qaçaq salan, 

o  zaman  dözülməz  görünən  günlər,  aylar  necə  gözəlmiş,  necə  şirinmiş,  çünki  həmin  iztirablar 

Tosunu öldürmürdü, onun əlini dünyadan üzmürdü, o, kin içində də olsa, yaşayırdı. O günlərin 

sabahı  vardı,  axşamı  vardı,  bəs  bu  günün  nəyi  var?  Ölüm-itimimi?  Son səsin,  son  nəfəsin  heç 

kimin qulağına çatmamağımı, heç olmasa bir adamın yadında-yaddaşında yaşamamağımı? İndi 

onun  «ana!»  harayını  kim  eşidəcək?  Tosu  gözlərini  yumdu,  öz  ölümünə,  öz  məhvinə  baxmaq, 

özünün  son  köçünü  görmək  istəmədi.  Vaxt  keçdi.  Gülüş  eşitdi,  zarafat  eşitdi,  qulaqlarına 

inanmadı,  gözlərini  açdı.  Demə,  kapitan  məşq  keçirirmiş,  gəmi  heyətinin  təhlükəyə  hazırlığını 

yoxlayırmış. Tosu qan-tərə batdı. Çisək yağış başladı. Bu narın damcılar onun başına, saçlarına, 

boynuna qondu. Tosuya elə gəldi ki, başına yağan damcılar deyil, maya dimdik quş balalarıdır, 

yem bilib, dən bilib onun tər damcılarını dənləyirlər. – Yağışda özünü islatma, – deyə Ələmdar 

yuxarıdan aşağı, keçid körpüsünün üstündən onu səslədi.– Belə havada icazəlisən. Ancaq birinci 

şturmanın  yanına  get.  Tosu  hirsləndi,  altdan  yuxarı  ona  gözlərini  ağarda-ağarda  baxdı:  əmr 

verənə bax ha!.. Ələmdar da Tosunun başında ağalıq eləyir. İş yiyəsi qalıb o yanda, bu darğalığa 

başlayıb  «Şturmanın  yanında  nə  işim  var?!  Deməzmi  nəyə  gəlmisən?  Deyim  ki,  Ələmdar 

göndərdi? Mənim ağlıma necə baxar? Fikirləşməzmi ki, bu uşaq hələ böyüyü, kiçiyi tanımır, kim 

hara buyursa gedir, hamını ixtiyar sahibi hesab eləyir; Ələmdar kimisinin biri tapşırsa, get filan 

işi  filan  cür  yerinə  yetir,  xeyrinə-ziyanına  baxmaz,  əməl  eləyər...»  Tosu  qaşıyanı  acıqca 

göyərtəyə daha bərk sıxdı, bir ağız rəngi sivrim kimi qazıdı. Qaşıyan ikinci dəfə yana sürüşdü, 

rəngsiz  yerdə  xırçıldadı.  Bu  xırçıltı  Tosunun  ətini  ürpəşdirdi,  onun  təri  soyumuş  bədəninin 

tükləri  biz-biz  oldu.  –  Tosu!..  Tosu  başının  üstə,  körpüdə  bosmanı  gördü.  O,  heç  nə  demədi, 

əlinin  də,  başının  da  işarəsilə  «şələ-küləni  yığışdır»  söylədi.  Sonra  isə  xeyli  gedib  dayandı:  – 

Yanıma  gəl...  Yox,  get  öz  kayutuna,  mən  gələrəm.  Bosman  yaşlı  bir  kişi  idi.  Onu  gəmidə  heç 

kim öz adı ilə çağırmırdı. Deyirdilər arvadı hər yarımaylıqda gəmiyə gəlir, bosman cədvələ qol 

çəkir, o da pulu kassadan sayıb götürür, ərinə lap azca pul verir. Bosman da ona bir az kolbasa, 

bir az duzlu xiyar, yarım şüşə də araq alır, onu da evinə gedəndə içib gedir. Öz pulunu özü almır 

ki,  birdən bədxərclik eləyər. Bir sürü qızı  var, arvadı  da heç  yerdə işləmir. Bir bağçanın  uşağı 

qədər qız saxlayır, necə işləsin?! Bosman ayda ikicə dəfə kef eləyir. Bosman davada olanda onun 

«uşaq  bağçası»nı  həmin  bu  gəmi  heyəti  saxlamışdı.  Cavanşir  onda  da  kapitan  idi.  «Uşaq 



 

42 


bağçası»na köməyi o düzüb-qoşmuşdu. Gəmi hər Bakıya gələndə hər dənizçi öz payından bir az 

artırırdı, paylar bir yerə yığılırdı, bosmanın evinə aparılırdı. O vaxt bosmanın uşaqları çox körpə 

idi.  Hərdən  Cavanşir  özü  də  baş  çəkirdi.  Bir  dəfə  arvadı  bu  qədər  yaxşılığın  əvəzində  heç 

bilməyib Cavanşirə nə desin, necə dil-ağız eləsin. Söz tapmayıb, Cavanşirin ayaqlarına  yıxılıb, 

deyib, qoy ayaqlarından öpüm, sən olmasaydın, balalarım acından qırılardı. Yekəliyinə baxma, 

Cavanşirdə  elə  ürək  hardadır!..  Canını  çölə  güclə  sürüyüb  çıxarıb,  o  ki  var,  ağlayıb...  Bosman 

harda  bir  solğun,  üzgün,  bədbin  qız  uşağı  görəndə  ürəyi  qana  dönürdü,  elə  bil  öz  balasını 

görürdü. Deyirdi ki,  qız uşağı ayrı bəladır  – böyüməyi  dərd, ərə köçməyi  dərd, ər evində necə 

dolanmağı da hamısından böyük dərd. Oğula nə var, oğulun başına dönüm, çatısını aç, at üstünə, 

qoy hara gedir getsin, səninkidir, qara-qura götürmür. Amma qız... qız ki damğalandı, bir nəslin-

kökün  başı  qalxmır.  Bilmirəm  bu  necə  sirri  ilahdır  ki,  qızı  oğuldan  çox  qoruyuruq,  gözümüz 

onların  üstündən  çəkilmir.  Deyəsən,  elə  əsil  namus  qızdır,  qız  namusudur  ona  görə...  Xeyli 

kəndir gətirmişdi, qıyıq gətirmişdi, yumru, iki qara daş gətirmişdi. Kəndirin bir ucunu qıyıqdan 

keçirmişdi. Daşın başına corab hörə-hörə Tosunu öyrədirdi: – Bunu hər bir dənizçi bilməlidir, – 

deyirdi.  –  Bu  kəndirin  ucuna  bağlanır.  Kəndirin  o  biri  ucu  da  trosa  bağlanır.  Kəndir  dəstələnib 

atılanda bu yumaq onu çəkib aparır, körpü matrosları kəndirdən tez tutur, trosu tez çəkir, gəmini 

tez  bəndə  salırlar.  Görəcəksən,  elə  havalar  olur  ki,  gəmini  körpüyə  çox  yaxın  vermək  olmur, 

dalğa dirəklərə çırpır, belə olanda ya körpü dağılır, ya gəmi zədələnir, ya da qığılcım səpələnir. 

Qığılcım da ki, yanacaq daşıyan gəmilərin düşmənidir. Elə havalarda gəmi körpüyə öz sürəti ilə 

yox,  troslarla  yan  alır.  Troslarla  yanalmada  bax  bu  balaca  yumağın  xeyri  hər  şeydən  əzəldir. 

Bosman  danışa-danışa,  hər  ərişi,  arğacı  Tosuya  göstərə-göstərə  yumağı  toxuyub  qurtardı.  Qaz 

yumurtasına oxşayırdı, amma ağır idi.  

– Birini də sən toxu, sonra gəlib baxacam. Məsləhətçi kapitan səndən imtahan götürəndə, 

onda insaf əli olmasa, bunu da soruşacaq. Bosman çıxan kimi kayuta Ələmdar gəldi, elə bil onun 

getməyini gözləyirmiş.  

–  Ə,  at  o  yana!  Böyüklüyə  çalış.  Sən  böyüyəndən  sonra  kiçiklərin  belə  işlərini 

görməyəcəksən. Dur get şturmanın yanına. Deynən, – özü də ədəblə, qanacaqla, – mənə sükanda 

durmağı başa salın. Belə yox, öz aramızdır deyə mən bir az dik danışdım. De ki, yoldaş şturman, 

icazə versəniz növbətçi matrosun böyründəcə dayanıb onun əlinə tamaşa edərdim. Hə, bax belə... 

Səsini  də  bacardıqca  endir.  «Yanıq  Kərəmi»  üstə  oxumasan,  qardaş,  «Ovşarı»,  «Cəngi» 

meydanına  qalxa  bilməzsən.  Tosu  başını  bircə  dəfə  qaldırıb  onun  üzünə  baxmışdı.  Sanki 

Ələmdar bir deyildi,  iki idi, biri zorba tayı  idi, bu zorba  Ələmdara hər adamın gücü çatmazdı, 

Tosu  həmin  zorbanı  gözlərinə  götürmüşdü,  onu  gözlərində  əzib-əzişdirirdi,  hələ  başı 

açılmamışdı,  ona  görə  də  ikinci  Ələmdarın  üstünə  düşə  bilməmişdi.  Altdan  yuxarı  soyuq  bir 

kinlə boylandı. Ələmdar o kini azaltmaq istədi: – Ə qardaş, mən sənə pislik eləməmişəm ki, elə 

baxırsan. Yəni deyirəm, səndən iki-üç bayram böyüyəm, iki-üç bayramlıq da çox bilirəm. Dünya 

– irəli çıxanlarındır. İrəli çıxmaq üçün də gərək yuxarıdakıların hörmətini qazanasan. Yuxarıdakı 

sənə yaxşı deməsə, aşağıdakının yüzü boğazını yırtsın, nə xeyri!.. Həm də kapitan görürəm, səni 

tez  böyütmək  istəyir,  havayı  deməyiblər  ki,  «qançəkər».  Sən  də  gərək  o  kişinin  dilini  gödək 

eləməyəsən,  yalandan-gerçəkdən  başı  daşa,  daşı  da  başa  vurasan.  Tosu  qalxdı.  Ələmdara  elə 

gəldi  ki,  qarşısında  dayanan  oğlan  həmin  cansız-çəlimsiz  Tosu  deyil,  yekə  bir  nərdir,  özü  də 

onun gözləri qabağında yekəldikcə yekəlir, eni-enə, uzunu da uzuna gedir, Tosu bu böyüməklə 

tez  şişəcək,  bütün  kayutu  tutacaq,  Ələmdarı  da  divara  sıxacaq,  onu  divara  palçıq  kimi 

yapışdıracaq.  Çıxdı.  Dəhlizdən  səsi  gəldi:  –  Xeyrinə  deyirsən,  şər  anlayır.  Bu  ağılla  ay  adam 

oldun ha... * * * Ərkinazın üzü gülmürdü, könlü açılmırdı. Avazımışdı. Çörək paylayandan sonra 

bir  tərəfə  çəkilib  oturur,  qollarını  sinəsində  düyünləyib  harasa  «gedirdi»,  dindirməsələr 

«qayıtmağı»  uzun  çəkirdi.  Atası  davanın  əvvəllərində  həlak  olmuşdu.  Anası  gözəgəlimli  idi. 

Ehtiyac, kasadlıq onu nə qədər sıxsa da, gözəlliyi itməmişdi, əksinə, bu aclıqda-yalavaclıqda bir 

az  da  qəşəngləşmişdi.  Əri  davaya  gedəndən  sonra  yaşı  ona  bir  az  da  boy-buxun  vermişdi, 

yaraşığını  artırmışdı.  İşə  gedəndə  bir  dəfə  keçdiyi  küçədən  bir  də  getmirdi.  Arvadlar  da  onun 

tamaşasına dayanırdı. Kişilər deyirdilər ki, Vaqifin mina gərdənlərindəndi, Kür qırağından gəlib. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə