Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   27   28   29   30   31   32   33   34   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Altıncı fəsil.
Cinayət axtarış bölməsinin dəhlizində bir neçə insanın səsi yüksəlməyə 
başladı. Səsdən narahat olan polkovnik-leytenant Asif Məmmədzadə qaşqabaqlı 
halda kabinetindən çıxdı: 
--Nə var? Niyə qışqırışırsız? 
--Biz iki saatdır ki, burada gözləyirik - hirsli halda Vəfa xanım dilləndi - 
Suallarımıza cavab verən də yoxdur. Yoldaşım nədən ölüb? 
--Bir az da səbir edin öyrənəcəksiniz. Sakitliyə riayət edin. Əks halda məndən 
inciməyin.
Sözlərini tamamlayıb yenidən kabinetinə girdi. Daha əlavə səs kəsilmişdi. 
Polkovnik-leytenant masasının arxasına keçər keçməz qapı döyülərək açıldı: 
--Olar? - qapıdan cavan, hündür, eynəkli mülki formalı şəxs içəri 
boylandı. 
--Gəl, Hikmət! 


 --Asif müəllim, sizin zənginizdən sonra axşamı gözləyə bilmədim. Deyin 
görək məni nədən ötrü çağırmısız? – soruşan Mayor Hikmət Paşazadə iki həftə 
olardı ki, ezamiyyətdə idi. Odur ki, bura çağırılmasının səbəbini heç də adi 
hesab etmirdi. 
--Hikmət, səni bura ona görə çağırmışam ki, dünən baş vermiş bir cinayət 
hadisəsi ilə bağlı məlumatın olsun. Bu gündən ezamiyyətin başa çatmış sayılır. 
Sən burda çox lazım olacaqsan. 
--Oldu! Siz necə deyirsiniz elə də olsun! 
--Mayor Eyvazov gəlsin birlikdə mərhumun yaxınlarının ifadələrini 
alacağıq. 
--Asif müəllim, icazənizlə Qədir gələnə kimi mən bu işlə yaxından tanış 
olum. 
--Əlbəttə. Al işi incələ. Bu da ekspertlərin rəyi. Oxu sualların olsa 
verərsən. 
--Oldu. Yoldaş Məmmədzadə. 
Məmmədzadə Hikməti ezamiyyətdən vaxtından əvvəl çağırmaqla axtarış 
qrupunu genişləndirmək istəyirdi. Onun təcrübəsinə hər zaman arxayın idi. Hələ 
keçənlərdə baş vermiş bir cinayət işini elə məhz Paşazadə özü açmışdı. Qatili də 
iki günə tapmışdı. Bunun üçün heç rəisindən kömək filan da istəməmişdi. 
Hikmətin qeyri -adi bacarığı var idi. O sanki qarşısındakı insanın içini oxumağı 
bacarırdı. Hikmətin dediyinə görə hər bir insanın gözləri və ən əsası əllərinin 
qurluşu sahibinin daxilindən xəbər verir. Elmdə bunun adı “Xiromantiya” 
adlanır. Bir qabiliyyəti da güclü yaddaşa malik olması idi. Hikmət bir dəfə 
gördüyü istənilən əşyanı, istənilən insanı qəti unutmazdı. Harda görsə 
xatırlayardı. Bunun üçün də Məmmədzadə ezamiyyətdə olan bir neçə işçi 
arasından yalnız Hikməti çağırtdırmışdı. Ona özü qədər inanırdı. 
Bir neçə dəqiqədən sonra kabinetə Mayor Eyvazov daxil oldu. Öz 
həmkarı və yaxın dostu olan Hikməti gördükdə sevincini və təəccübünü gizlədə 
bilmədi. 
-- Salam.–Məmmədzadəyə salam verib, üzünü dostuna tutdu-Hikmət? Sən 
nə zaman gəldin? 
--Demək olar ki, yarım saat olar. Bir başa bura gəlmişəm. Necəsən? 


--Yaxşıyam. Çox sağ ol! De görək nə əcəb səndən? Axı bildiyimə görə 
ezamiyyətin hələ iki həftəyə ancaq bitəcəkdi?! 
--Düzdür. Lakin... 
--Onu mən çağırmışam. - Məmmədzadə Hikmətin sözünü yarım qoyub 
dedi.
Kabinetə bir neçə dəqiqəlik sükut çökdü. Hikmət cinayət işi ilə tanış olub 
qovluğu qarşısına qoydu. Sanki nə isə düşünürdü. Bu zaman Məmmədzadə: 
--Paşazadə, fikrin nədir çinayət barədə? 
--Bilirsiniz, Asif müəllim əvvəlcə şəkillərə baxdım. Görünüş tamamilə 
intihara bənzəyir. Lakin dəqiq desəm mən əminəm ki, bu qətldir. 
--Nəyə əsaslanaraq dedin? –Hikmətin fikirləri ilə daha yaxından tanış 
olmaq istəyən polkovnik-leytenant soruşdu. 
--Qələm! 
--Qələm? - Sualında daha çox təəccüb hiss olunan Məmmədzadə soruşdu. 
--Bəli! Bu qələm niyə sağdadır? Silah isə solda? Yəni Vahid özünü 
öldürdüyü ərəfədə sağ əli ilə qələm tutub? Sol əli ilə silah?! Bəs onda niyə yazılı 
vərəq mərhumun qarşısında deyil? Demək ki, qatil o vərəqi Vahid bəyə 
imzaladaraq götürüb. 
--Maraqlı fərziyyələrin var. Mənim də diqqətimi ağ vərəq cəlb etmişdi. 
Axı çoxdan bəri istifadə olunmayan masada boş ağ vərəq və qələm nəyə lazım 
idi? Beləliklə ekspertlərin vərəq üzərində apardıqları araşdırmalara görə məlum 
oldu ki, vərəq üç ədəd imiş. Yəni üst hissədə olan vərəqdə yazı yazılıb və 
kiminsə tərəfindən götürülüb. Bunun əsasında ikinci və alt hissədəki vərəq 
üzərinə qələmlə yazılmış bəzi hərflərin izi keçib. 
--Maraqlıdır. Mən hələ ekspertlərin rəyi ilə tanış olmamışdım. 
--Elə isə oxuyun. Bu barədə hər ikinizin fikirləri mənim üçün maraqlıdır. 
Onu da qeyd edim ki, ekspertlər qələmin də üzərində mərhumun əl izlərinə rast 
gəliblər. Yəni Vahid bəy o qələmlə dəqiq nəsə yazıb imza atıb. Lakin mərhumun 
silah olan əlində cüzi də olsa barıt izinə rast gəlinməyib. Heç tətiyin üzərində də 
Vahid bəyin barmaq izi olmayıb. Silahdan atəş açarkən tətiyi barmaqla da olsa 
bərk basmaq lazımdır. Yalnız bu zaman barmaq izi tətik üzərinə düşəcək. Belə 
nəticəyə gəlmək olar ki, Vahid Zaman həqiqətən qətlə yetirilib. Çünki heç kəs 
tətiyi çəkmədən atəş aça bilməz. Üstəlik də “46” ölçülü ayaqqabı izi. 


--Düzdür. Sizinlə tamamilə razıyam. Mən inanıram ki, bu ayaqqabı ölçüsü 
hər kəsdə rast gəlinmir. Odur ki, qatil bununla aşkarlana bilər –başını aşağı salıb 
bir an düşündükdən sonra - Əgər istəsəniz ifadə almaq üçün dəhlizdəki 
şəxslərdən dəvət edə bilərsiniz. Mən də arada sualım olarsa verərəm. 
--Yaxşı fikirdir – əlini masanın üzərindəki xüsusi düyməyə basaraq - 
Dəhlizdəkiləri 
ardıcıl 
olaraq 
ifadə 
verməyə 
çağırın. 
Leytenant 
Nəsirovu ifadələri yazmaq üçün kabinetimə göndərin! 
İki saniyəlik sükutu qapının döyüntüsü pozdu. 
--Gəlmək olar? - Üzünə tökülmüş saçını əli ilə qulağının arxasına çəkən 
Qönçə soruşdu. 
--Buyurun keçin. Əyləşin! –mayor Eyvazov əli ilə masanın kənarında 
qoyulmuş stulu göstərdi. Qönçəni başdan ayağa süzərək – Xahiş edirəm 
özünüzü təqdim edin. 
--Qönçə Vahid qızı Ömərova. 1981-ci il təvəllüdlüyəm. Musiqi 
məktəbində müəllimə işləyirəm. Piano dərsi verirəm. 
--İşinizi çox sevirsiz? - gözlənilmədən polkovnik-leytenant sual verdi. 
--Əlbəttə. Musiqini də çox sevirəm. Onu öyrətməyi də. 
--Biz də işimizi sevirik. Lakin siçan pişik oynamağı qəti xoşlamırıq. Odur 
ki, verilən suallarımızı dəqiq və doğru cavablandırın. Sizin də ürəyiniz artıq 
düşüncələrdən, fikirlərdən rahat olar, bizim də işimiz öz yolunda gedər – 
Məmmədzadə dedi. 
--Mən sizi başa düşürəm. Lakin hələ də anlaya bilmirəm ki, atam nədən 
ölüb? 
--Qönçə xanım, - Qədir stulda öz yerini rahatlayaraq səsləndi - ağır da 
olsa bunu bilməyə haqqınız vardır. İş burasındadır ki, atanızı öldürüblər. 
--Necə? Atamı öldürüblər? - titrəyə-titrəyə ayağa qalxan Qönçə bərəlmiş 
gözlərini ətrafındakılara zillədərək tutqun səslə soruşdu. 
--Bəli! Allah rəhmət eləsin! Özünüzü ələ alın ki, bizə istintaqın 
gedişində köməklik edəsiniz. Qatili tezliklə tapmaq lazımdır. – Məmmədzadə 
dilləndi. 
--Axı niyə öldürüblər atamı? Kim edə bilərdi bunu? - hələ də təəccüb və 
narahatlıq içində olan Qönçə ağlaya-ağlaya soruşdu. 


--Baxın bu suala sizin də köməkliyinizlə cavab tapa bilərik. Deyin görək 
atanızı sonuncu dəfə harada və nə vaxt görmüşdüz?– Polkovnik-leytenant əsas 
mətləbə keçdi. 
--Mən bir həftə idi ki, onunla görüşmürdüm. Adətən o fabrikə gedəndə yol 
üstü mənə də baş çəkərdi. İndi isə bunu da edə bilməyəcək-sözünü bitirməyə 
macal tapmamış hönkür-hönkür ağlamağa başladı. 
--Xahiş edirəm xanım, özünüzü ələ alın. Acınızı yaxşı başa düşürük. 
Lakin biz də sizə kömək etmək üçün burdayıq. Bizə atanızın qatilini tapmaq 
önəmlidir. Atanız torpaq altında yatarkən qatil ayağını ayağı üstünə aşırıb kefini 
çəkməyini istəmirsizsə bizim bütün suallarımıza cavab verin! 
--Yox, elə şey istəmərəm. Nə lazım olsa soruşun. 
--Onda mümkünsə yenidən başlayaq. Verilən bütün suallara bacardığınız 
qədər dəqiq cavab verməlisiniz. – Qədir dedi. 
--Siz suallarınızı verin. Mən də bacardıqca dəqiq cavab verəcəm. 
--Deyin görək bir həftə əvvəl atanızla nə barədə danışırdınız? 
--Atam hər dəfə olduğu kimi iş yerimə gəlmişdi. Soruşdum ki, necəsən? 
Dedi lap əlayam. Bircə nəvəm də olsa məndən xoşbəxti ola bilməz. Mən də 
güldüm. O gün yaman gülmüşdük. Demək olar çox gülmüşdük. Atamın kefi 
yaxşı idi. Bunun səbəbini bilmək istəyəndə dedi sənə sürprizim var. Odur ki, 
hələlik deyə bilmərəm. Bilirsiniz, - üzünü Məmmədzadəyə tutan Qönçə titrək 
səslə dilləndi - sabah mənim ad günümdür. O də mənə ad günümə sürpriz 
edəcəkdi. 
--Deməli siz o sürprizdən bixəbərsiniz? 
--Bilirsinizmi, mənə elə gəlir ki, atam mənə doğum günü hədiyyəsi olaraq 
dediyi sürprizi maşındır. Bir daha deyirəm ki, bu mənim təxminimə görədir. 
Başqa düşünə bildiyim heç nə yoxdur. Çünki o bilirdi ki, mən bir ildir maşın 
almaq istəyirəm. 
--Demək təxmininizə görə maşın sizə deyilən doğum günü sürprizidir?! 
Yaxşın atanızla özgə nədən danışdız? 
--Özgə deyəndə ki, işimdən. Şagirdlərimdən. 
--Konkret olaraq nədən? 


--Dedim bir şagirdim var. Rüstəm. O gün Motsartın simfoniyasını pianoda 
ifa edərək şagirdlərimə başa salırdım. Rüstəm isə mənə qəti qulaq asmırdı. Elə 
hey pəncərəyə boylanırdı. Buna görə ona cəza verəcəkdim. Lakin ürək etmədim. 
Yanıma çağırıb sual verdim. Soruşdum: Rüstəm, Amadey Motsart kimdir? 
Rüstəm gözünü yerə zilləyib durmuşdu. Sualımı yenə verdim. Cavabında isə - 
Nədənsə bu an Qönçə gülümsədi – Dedi ki, Müəllimə məgər Amadey Motsart 
məni tanıyır ki, mən də onu tanıyım?! Bircə görəydiniz atama bunu danışanda 
necə qəşş edib güldü. Səsi kabinetimə yayılmışdı. Beləcə danışdıq getdi. 
--Belə çıxır ki, sizinlə son görüşü heç də vacib hadisə ilə yadda qalmayıb. 
--Əlbəttə. Nə ola bilərdi axı? 
--Qönçə xanım, bəs siz avqustun 4-ü gecə 10-11 arası nə işlə məşğul 
idiniz? 
--Bu nə deməkdir? Siz məndən şübhələnirsiniz? 
--Bilirsinizmi, bu cinayətdir. Və biz Vahid Zamanı tanıyan tanımayan hər 
kəsdən şübhələnirik. Xətrinizə dəysə də bunu bilmək haqqımızdır. Dəqiq deyin 
harada və kiminlə idiz? 
--Evimizdə. Bir az televizora baxdım. Sonra salat hazırladım. Bir qab da 
ondan yedim. Təxmini desəm 11 də artıq yerimə uzanmışdım. Lakin səhərə kimi 
gördüyüm qorxunc yuxular məni rahat yatmağa qoymadı. Hətta düşündüm ki, 
bəlkə işə getməyib rahat yatam. Lakin o da alınmadı. Demək olar günortaya 
kimi yerimin içində o başa bu başa fırlanmışam. Haradan bilərdim ki, o gecə 
atamı öldürüblər. – Gözləri yenidən doldu. 
--Qönçə xanım özünüzü ələ alın. Biz əlimizdən gələni edəcəyik ki, qatili 
tezliklə tapaq. Bəs yoldaşınız Səyavuş harda idi? – Hikmət təmkinlə soruşdu. 
--O gecə onun işdə gecə növbəsi var idi. 
--O nə işləyir? 
--Səyavuş Broylerin birində nəzarətçisidir. Atam özü bu işi ona tanışlıqla 
düzəldib. Əslinə qalsa Səyavuş əziyyət çəkmək istəyir. Yəni hər gün yorğun 
gəlmək istəyir. Amma atam onun nəzarətçi kimi daha çox qabağa gedəcəyinə 
inanırdı.
--Səyavuş o gecə həmin fabrikdə olub? 
--Hə. O gecə onun öz qrafikinə görə gecə növbəsi idi. 


--Niyə öz qrafikinə görə? 
--Bilirsinizmi, Səyavuş özünü adi işçilərdən qəti fərqləndirmir. Odur ki, 
tərtib etdiyi gecə növbətçisi siyahısına öz adını da əlavə edib. Ayda bir ya iki 
dəfə gecə orada olur. Özü də bir yerdə duran deyil. Yuxusu gəlməsin deyə 
gecəni səhərə kimi yaşıllaşdırma işi ilə məşğul olur. 
--Gecə növbəsində o tək olur? 
--Bəzən hə. Bəzən də yox. 
--Bunu necə anlayaq? 
--Yəni ki, bir dəfə tək olur. Bir dəfə də işçilərdən kimsə ilə. 
--Qönçə xanım, yoldaşınızın ayaqqabı ölçüsü neçədir? 
--Başa düşmürəm bunun nə dəxili var atamın ölümünə?! – Qönçə 
təəccüblə soruşdu. 
--Qönçə xanım, artıq sizə dedik ki, bu cinayət işidir. Və biz kim olur olsun 
hər birinizdən şübhələnirik. Odur ki, səbrimizlə oynamayın. Sizə nə sual 
verilirsə cavablandırın. – Məmmədzadə əsəbi halda dedi. 
--Səyavuşun ayaqqabı ölçüsü 46-dır. 
--46? – qəfildən Eyvazov yerindən soruşdu. 
--Bəli. 
--Atanızla yoldaşınızın münasibəti necə idi? 
--Atam biz hələ uşaq ikən Səyavuşu bağımıza işə götürmüşdü. Onu oğlu 
kimi sevirdi. Səyavuş da atama öz atası kimi baxırdı. Atam Səyavuşu da, onun 
qardaşını da oxudub. Biz hər zaman mehriban olmuşuq. 
--Demək istəyirsiniz ki, Səyavuş atanızı heç bir səbəbə görə öldürə 
bilməz? – kinayə dolu baxışlarla qarşısında əyləşən xanımı süzən Hikmət 
soruşdu. 
--Bəli. Səyavuş kimsəni öldürməz. Atamı öz atası kimi sevib. Onun çörəyi 
ilə böyüyüb. Onun yeganə qızı ilə ailə qurub. Onun tanışlığı ilə ən gözəl gəlirli 
işdə işləyir. Sizcə hansı insan öz çörək verənini öldürər? 


--Qönçə xanım, insan çiy süd əmib. Bu həyatdır. Hər şey olur. Amma biz 
demirik ki, Səyavuş atanızı öldürüb. Bu sadəcə bir fərziyədir. –Məmmədzadə 
mülayim səslə dedi. 
--Bəs sizcə atamı kim öldürə bilər? 
--Biz də bu sualı sizə veririk. Mümkünsə dərindən düşünün və bu qətldə 
kimdən şübhələndiyinizi deyin - Məmmədzadə stulunu daha da yaxınlaşdıraraq 
soruşdu. 
--Əslinə qalsa şübhələndiyim kimsə yoxdur. Çünki atamın iş həyatı ilə 
bağlı çox şeydən xəbərsizəm. Lakin...- bir qədər susub gözləri qarşısında baş 
vermiş hadisəni yadına saldı. – Lakin son görüşlərdən birində fikirli olduğunu 
hiss etmişdim. Soruşdum ki, nə olub? Dedi ki, işlə bağlı bəzi problemlər var 
onlarla məşğuldur. 
--Sizcə bu nə problem ola bilərdi? – Paşazadə soruşdu. 
--Düzünü desəm maraqlanmadım. O da bir söz demədi. 
--Atanızın heç düşməni var idi? 
--Nə deyim vallah. Ola bilərdi. Axı iş adamı idi. Kimsə də ayağını dartan 
tapılardı. Lakin elə birini dəqiq deyə bilmərəm. Olsa-olsa Faiq bəyi misal 
göstərərdim. O zamanlar ailə qurmamışdım. Hər fürsət düşdükcə bizə gələrdi. 
Öz oğlunu tərifləyərdi. Mən isə onun kimilərindən xoşlanmıram. Acığım tuturdu 
Faiq bəyin danışığına. Hər dəfə danışanda daha çox acığım tuturdu. İyrənc bir 
insandır. Atam da ondan xoşlanmırdı. Lakin atam məndən fərqli olaraq 
xoşlamadığı birinə qarşı kobud hərəkət etməzdi. Əksinə dostundan tanışından 
fərq qoymazdı. 
--Faiq bəy atanızın işlə bağlı tanışıdır? 
--Hə. Deyilənə görə atam ondan tikinti materialları istehsal edən fabrikini 
alıb. O da o vaxtdan atamın tanışı olub. İş bağlılıqları mən bilən qalmamışdı. 
Atam fabrikin tək sahibdi. Amma yenə də gəlib gedərdi bizə. Məni də bezdirərdi 
ki, oğlum Fuad belədir elədir. Nəhayət atamın icazəsi ilə tezliklə Səyavuşla 
evləndik. O da toydan sonra bir dəfə də olsun nə atamın evinə, nə də bizə 
gəlmədi. Atamdan onu görüb görmədiyini soruşanda atam hər zaman gülərək 
deyərdi ki, heç gözümə görünmür. 
--Sizincə o atanızın düşməni ola bilərdi? 


--Məncə hə. Əvvəla fabriki ürəksiz satmışdı. Borcu var imiş banklardan 
birinə. Bir neçə ay sonra geri almaq istəyəndə də atam satmamışdı. 
Sonra məni oğlu üçün bəyənmişdi atam verməmişdi. Ona görə. Əslinə 
qalsa mənim tanıdığım və bildiyim atamdan narazı tək insan yalnız 
Faiq bəydir. Başqa kimsə gəlmir ağlıma. Bircə onu bilirəm ki, o hər 
kimdirsə öyrənsəm bu iki əllərimlə boğub öldürəcəm –deyən Qönçə, 
hər iki əllərini irəliyə uzadıb yumruqlarını birləşdirərək ağladı. 
--Qönçə xanım özünüzü ələ alın. İndi qanun var, ədalət var. Qatil mütləq 
tapılacaq. Buna arxayın olun. – yarı əsəbi halda qarşısında əyləşmiş 
gözü yaşlı Qönçəyə baxan mayor Eyvazov dilləndi. 
--Ananızla atanız necə dolanırdılar? 
--Normal. Hər kəs kimi. Necə məyər? 
--Biz hər şeyi bilməliyik. 
--Atamla anam sevib evləniblər. Hər zaman onları mehriban görmüşəm. 
Atam anamın bütün arzularını çin edib. Nə arzulayıbsa mütləq yerinə 
yetirib. Məsələn moda evini atam anam üçün tikdirib. Bu onun anama 
son Qadınlar bayramı hədiyyəsi idi.
--Qönçə xanım, siz ifadənizi imzalayıb gedin. Hələ ki, lazım olan sualları 
verdik. Ehtiyac olsa bir daha ifadə verməli olacaqsız. Hələ ki, yaxın 
vaxt ərzində şəhərdən kənara çıxmayın. İndi isə gedə bilərsiz. - 
Məmmədzadə əli ilə kabinetin qapısını göstərdi. 
Qönçə Eyvazovun ona doğru uzatdığı ifadəsinə yüngülcə göz gəzdirib 
imzaladı. Kabinetdən çıxmazdan əvvəl yenidən geri dönüb polkovnik-
leytenanta: 
--Sizdən çox xahiş edirəm. Tapın atamın qatilini. Ona azadlıq haramdır. 
--Arxayın olun! Əlimizdən gələni əsirgəməyəcəyik. Qatil mütləq həbs 
olunacaq.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə