Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Üçüncü fəsil 
Dilarə qızının nələr yaşadığını yaxşı bilirdi. Özü də Sevincin arzusunda 
olmuşdu illərlə. Buna baxmayaraq o beş il ərzində Allaha həmişə şükr edib ki, 
"Allahım nə yaxşı ki, Musa kimi bir insanı qarşıma çıxartmısan."
Bəli, Dilarə yoldaşını çox sevirdi. Onun ölməyinə baxmayaraq, namusu ilə 
qızını böyütmüşdü. Qardaşı Cavidin köməyi ilə acılı günləri geridə qoymuşdu. 
Amma o yağışlı gecə Sevincin suyu süzülə-süzülə qapıdan girməsi heç gözünün 
önündən getmirdi.
- Görəsən balama nə olub? Axı niyə susur?
Sevinc artıq 2 gün idi ki, ata evinə gəlmişdi. Vahidin evindən çıxanda üstündə 
sadəcə yol pulu vardı. O pul isə rayona kimi gəlməyə yetərli idi. Rayondan 


kəndə kimi isə Sevinc piyada gəlmişdi. Yağış güclü yağırdı. Lakin Sevincin 
gözlərindəki yaşı yuyub apara bilmirdi. Bütün yolu ağlamışdı.
"Vahid, axı mənə niyə yalan dedin? Axı məni niyə qovdun?", Bu cür fikirlər 
Sevinci tərk etmirdi... 
Anasının 2 gündür bitib-tükənməyən suallarına cavab vermirdi. Daha doğrusu 
cavab vermək belə ona ağır idi. Lakin daha susmayacaqdı. Axı bir tək anası 
vardı. Onu incidə bilməzdi.
-Sevinc, qızım, nə olub axı? Niyə dinmirsən? 
-Heç nə olmayıb ana, səninçün darıxmışdım. 
-Bəs niyə Vahid səni gətirmədi? Niyə o gecə piyada gəlirdin? 
-Vahid telefonda danışanda dedim anam üçün darıxmışam. Dedi get gör 
ananı. Yolda marşrut xarab oldu. Başqasının maşınına da minmədim.
Bəli, Sevinc ilk dəfə idi ki, anasına yalan deyirdi. Amma bu Dilarənin 
gözündən yayına bilməzdi. Axı qızını çox yaxşı tanıyırdı. Hər suala cavab 
verərkən gözlərini yayındırması, yanağının qızarması, əllərinin titrəməsi çox 
şeydən xəbər verirdi. Sevincin yayındırdığı gözlərə baxaraq "Axı niyə? Niyə 
yalan deyir mənə?" bu suallar onun beynində fırlanmağa başladı. Birdən qərara 
gəldi: 
- Sevinc sən ki, mənə düzünü demirsən, onda gedirəm Arifəgildən sizə zəng 
etməyə. Qoy, qaynanan mənə desin görüm nə olub. 
- Dayan! Ana, getmə.
Sevinc həyəcanlandı. Amma anasına neçə gün yalan deyəcəkdi ki?
-Gəl hər şeyi danışım. Amma bir də zəng etmə o evə. Xahiş edirəm.
Sevinc anasının əllərindən tutub divanda əyləşdi. O ana kimi yaşadıqlarının 
hamsını danışdı. Vahidin Rusiyada evli olmağından. Hətta iki qızından, 
qaynanasının sözlərindən və nəhayət Vahidin zəngində dediyi son sözlərinə kimi 
hər şeyi danışdı. 
-Aman Allah! Qızım, sən nə danışırsan belə? Gör, yazıq balam nələr çəkib. 
İlahi sənə şükrlər olsun. Sən ki, balamı sağ-salamat o evdən xilas edib mənə 
çatdırmısan. Sənə şükürlər olsun.
-Ana, nə danışırsan? Yaşadıqlarımdan sonra hələ üstəlik şükr edirsən? 


-Əlbəttə, qızım. Allaha hər anımız üçün şükr etməliyik. Sənin yaşadıqların, 
acıların hamısı qismətdir. Düşün ki, bundan da pis ola bilərdi. Bax onda Allaha 
hər gün şükr edərsən ki, nə yaxşı ki, zamanında sənin gözlərini açdı. Bəlkə, sən 
onunla heç xoşbəxt olmayacaqdın da... Axı bu iki ildə səni xoşbəxt edə 
bilməyib. Sənsə hey arzusunda olduğun övladı gözləmisən. Şükr elə, qızım, şükr 
elə. Hər şey üçün şükr elə. 
-Ana, iki il arzuladım dua etdim. Övlad istədim. Mənə onu vermədi. Əksinə 
ailəmdən etdi. Vahidin evli olduğunu öyrəndiyim an həyatım söndü. Onun mənə 
"Get atan evinə bir də qayıtma. Onsuz da uşaq da olmur. Get yaşa həyatını. Unut 
bizi. Yığışdır nəyin var get. Gələndə səni gözüm görməsin."- sözündən sonra isə 
içimdəki inamım etibarım, sevgim öldü. Başa düşürsən?
Bu vaxt darvaza açıldı: 
- Dilarə, xala! Evdəsən? Tərlanın şalvarını tikmisənsə, ver aparım geyinsin. 
İşə gecikir. 
Bəli, bu Arifə idi. Tərlanın anasının gözünə girməyi bacarmışdı. Artıq o, 
əsgər gəlib Sevincin ərə getdiyini öyrənəndə aylarla qəlbində yas saxladı. 
Sevinci çox sevirdi. Tezliklə bir işə düzəlib başını qatdı. Anası da hər gün baş-
beynini doldururdu ki, "Arifə çox yaxşı qızdı. Mənə sən olmayanda hər gün baş 
çəkirdi. Gəl ona elçi düşüm. Evlənin də. Gözümün önündə böyüyüb. Anasını da, 
atasını da tanıyıram. " Tərlan isə hər zaman qəti etiraz edərdi. Amma bir qış 
günü anası pilləkənlər sürüşkən olduğu üçün yıxıldı. Ayağı bərk əzildi. Müalicə 
etdilər. Amma həkim Tərlana tapşırdı ki, ona kömək lazmdır. Qəti ağır iş 
görməsin. Pilləkənləri bir müddət çıxıb düşməsin. Elə o gündən sonra Arifə gün 
boyu onlarda olurdu. Bir axşamdan axşama yatmağa evlərinə gedirdi. Anasına 
Tərlanı sevdiyini və onun anasına da daim kömək etmək istədiyini demişdi. 
Tərlan da məcburiyyətdən anasına kömək olsun deyə Arifə ilə evləndi. Həm də 
Sevinc artıq ona aid deyildi. Bunu həm də mənəvi dərk edə bilsəydi... 
- Sevinc? Sən hara, bura hara? 
Arifə darvaza önündə dayanmaq əvəzinə yuxarı başa keçmişdi. Sevinci 
divanda anası ilə əl-ələ tutub oturduğunu görəndə təəccüb etdi. 
- Ay qız, deyəsən yolunu azmısan, hə? İki ildi getmisən, heç demirsən, bu 
Arifəyə bir sağol deyim. 
- Sənə sağol düşmür. 


Sevinc hirsindən ayağa qalxdı. Mat qalan Arifənin gözlərinin içinə baxa-baxa 
dedi: 
-Sən və sənin əmin qızı olmasaydız, mən indi bədbəxt olmazdım. Getdin, 
şəklimi gizlin göndərdin. Əmin qizi oğlan tapdı iki daş arasında. Heç 
soruşmadın ki, bu oğlan evlidir, ya yox?
-Necə məgər? Vahid evli idi ki? 
-Hə! İki ekiz qızı da var. Özü də Rusiyada evi -eşiyi, işi- gücü. Ona ata-
anasına, bacısına qulluqçu lazım imiş. Sən də məni göstərdin. Bunun üçün sağol 
istəyirsənsə, onda eşit- Çox sağol!
-Sevinc, vallah bilməmişəm. İnan mənim heç nədən xəbərim yoxdu.
-İnanmıram Arifə. Daha kimsəyə inanmıram. Nə üçün gəlmişdinsə götür, get 
bir də bu qapıdan içəri girmə. 
-Tər-tər-tərlanın şalvarı üçün gəlmişdim.
Arifə dili topuq vura-vura sözünü deyə bildi. Dilarə şalvarı gətirib verdi. 
Amma heç Arifənin üzünə də baxmadı. Arifə rəngi ağarmış vəziyyətdə qapıdan 
çıxdı. 
"Yəni bu bizim Sevinc idi?" qəlbində təəccüb edirdi. "Gör, sakit təbiətli, 
kimsəyə acı söz deməyən, canla- başla köməyə qaçan, hər işdə uğur qazanan, 
hamının sevimlisi olan Sevinc necə də dəyişilib."
-Qızım sən kinli olma. Unut getsin. Arifə də pislik etmək istəməyib sənə. 
Əminəm ki, bilsəydi, heç zaman göz görə-görə səni oda atmazdı. Xəbərin yoxdu 
axı sənin Tərlan əsgər gələndə anası yıxıldı. Ayağı sındı. O da məcbur qaldı 
Arifə ilə evləndi ki, anasına kömək olsun. Yaman yaxşı uşaqdı Tərlan. Allah ona 
da övlad versin.
-Onun da uşağı yoxdu?
-Hə qızım. Həkimdən yoxlanıblar keçən ay. Arifə məcbur apardı onu. Getdilər 
şəhərə analiz verdilər. Cavab çıxdı ki, Tərlan sonsuzdur. Amma Arifənin uşağı 
ola bilər. İndi Arifə də bir cür bədbəxtdir də. Tək sən deyilsən ki? Ona görə sən 
Allahına şükr elə. Nə qədər ki, mən varam, səni ac qoymaram. Sən də istəsən, 
mənə kömək olarsan. Yaxşı dərziliyi də öyrətmişəm vaxtında. Başımızı aşağı 
salıb dolanarıq balam. 


-Can, Ana. Nə yaxşı ki, sən varsan. Allahım , sənə şükrlər olsun. Elə hər şey 
üçün min şükr!
Bəli, Sevinc artıq şürk edirdi. Bir neçə gün keçdi. Dayısı Cavid də Sevincin 
geri dönməsindən xəbər tutdu. Elə bütün kənd də. Dayısı qəzəbləndi. Amma 
səbəbi biləndə bir söz demədi. Anası kimi normal qarşılayan çox oldu. Kimsə 
kimsənin qəlbində deyil və nələr yaşadıqlarını bilə bilməz.
Arifə də hər gün Tərlana göz qoymağa başladı. Hiss edirdi ki, Tərlan hələ də 
Sevinci sevir. İllər keçməsinə baxmayaraq Sevinci bir dəfə uzaqdan görəndə 
tanımışdı. Yaxınlaşmağa belə çəkinmişdi. Axı heç subay vaxtı Allahın salamını 
verməyə utanırdı. İndi necə yaxınlaşsın? Nə desin. Onun həyatının belə 
qurulmasına üzülürdü. Əlində olsaydı hər şey edərdi ki, təki yenidən Sevincin 
yanağında həmişəki təbəssümü görsün. Lakin mümkün deyildi. Daha hər şey 
fərqli idi. O ərindən ayrılmış gəlin. Tərlan isə evli bir kişi idi. Sevincin adına 
ləkə gəlməsin deyə hər gün işdən sonra çayxanaya gedərdi. Gün ərzində olan 
bitən orda kəndin kişiləri tərəfindən müzakirə edilirdi deyə, düşünürdü ki, birdən 
kimsə onun haqda nəsə danışar. Lazım olsa ağzının payını verər. Amma Sevinc 
heç yerə çıxmırdı. Kimsə onu görmürdü. Cəmi iki dəfə anası ilə tikilmiş paltarı 
sahibinə verməyə gedəndə görmüşdü onu uzaqdan. Ondan sonra çıxmamışdı heç 
yerə. Heç gedəsi yeri də yox idi axı.
Vahidin evini tərk etdiyi gündən artıq iki həftə keçirdi. Sevinc səhər yuxudan 
oyanar-oyanmaz başı hərləndi. Dilarə türkə-çarələr ilə ona kömək oldu. Amma 
hardansa gələn yumurta qoxusu onun ürəyini bulandırdı. Özünü güclə çölə atdı. 
Mədəsi qaynıyırdı. Dilarə nə baş verdiyini anlamırdı. Birdən qonşuluğundakı 
həkim Cəmilə xanım yadına düşdü. Elə Sevinci o vəziyyətdəcə qoyub həkim 
arxasınca gedə bilməzdi. Ağlına gəldi ki, küçədən keçən bir tanış olsa, etibarlı 
biri ona tapşırsın həkimi çağırmağı. Belə də etdi. Qaçdı darvazanı açdı. Küçədən 
Tərlan keçirdi. Nə etsin qızının halı pis idi. Məcbur qaldı. Həm də Tərlandan 
etibarlı kim ola bilərdi ki.
-Tərlan, oğul! Sevincin halı pisləşib. Sən Allah get Cəmilə xanımı bizə gətir.
- Sevincə nə olub, Dilarə xala? 
- Bilmirəm bala, suala tutma. Get Cəmilə xanımı tez gətir. 


Tərlan işə getmək üçün çıxmışdı evdən. Amma Sevincin sağlamlığı ona 
işindən də vacib idi. Odur ki, gözünü belə qırpmadan Cəmilə həkimin evinə 
getdi.
-Ana, götür burdan yumurtanı. İyrənirəm.
-Qızım, hər səhər yumurta yeyən sən deyilsən? Niyə iyrənirsən? 
-Başım partlayır. Uzanmağa gedirəm. 
-Uzan qızım, uzan! Cəmilə xanım da indi gələcək. Tərlanı gördüm küçədə. 
Dedim. Getdi gətirməyə. 
-Nahaq yerə. Mən artıq yaxşıyam. Tərlan da işindən oldu indi. 
-Hanı xəstəmiz?
Şirin dil Cəmilə həkim tənginəfəs girdi içəri. Tərlan da onunla bərabər. Amma 
bir an içində Sevincin solmuş bənizini görüb ürkdü. Daha qəlbi dözmədi. Tez 
ordan uzaqlaşdı. 
- Sevinc! Qızım, nə oldu sənə? 
- Bilmirəm, Cəmilə xanım! Oyanan kimi başım hərlənirdi. Sonra ürəyim 
bulandı.
- Aha. Bəs quzu bala, de görək ürəyini nə bulandırdı? 
- Hm, Cəmilə xanım bu hər səhər yumurta yeyən adam bu gün deyir 
yumurtadan ürəyim bulanır. İyrənirəm.
- Aha. Demək belə. İndi Dilarə, canım, icazənlə mən Sevinci müayinə edim.
- Sən Allah doktor, ciddi şeyi yoxdu ki? 
- Canım Dilarəm, dedim axı, müayinə edim bəlli olacaq. 
Cəmilə həkim 20 il əvvəl elə burda- bu evdə Sevincin dunyaya gəlməsinə 
səbəbkar olmuşdu. Elə Musaya da qızının doğulduğunu xəbər verən o idi. İllər 
keçməsinə baxmayaraq həmişəki kimi şirin dili ilə hər kəsə "qızım, quzum" 
deyərdi. 
Bir neçə dəqiqə keçdi və artıq Cəmilə xanım yatağın kənarından durub stulda 
əyləşdi.


- Cəmilə xanım, sizcə mənə nə olub? 
- Ax quzu bala, sənə verdiyim suallara cavabın və hal-hazırkı vəziyyətin 
yalnız və yalnız bir şeyi izah edir. 
- Ay həkim, axı nəyi???
- Ay Dilarə, səni də, elə qızım səni də təbrik edirəm. Sevinc hamilədir. 
O an hər kəsin səsi bir-birinə qarışdı. Sevinc bilmirdi sevinsin, ya ağlasın. 
Dilarə gah həkimə sağol deyir, gah Allaha şükr edirdi. Gah da Sevinci 
qucaqlayıb öpürdü.
Tərlanın fikri Sevincdə qaldığından işə zəng edib gec gələcəyini dedi. Evə 
girib biraz uzandı. Arifə nə baş verdiyini soruşanda hər şeyi olduğu kimi dedi. 
-Birdən kömək lazım olar deyə gözləyirəm. Ayıbdır kişi xeylağı yoxdur 
evlərində, mənə ehtiyac olar birdən. 
-Məgər Sevincə nə ola bilər ki? 
Arifə ən çox da marağından getdi Sevincgilə. Guya canı yandı eşidəndə 
Tərlandan. Darvazaya yaxınlaşanda sevinc dolu səs-küyü eşidib lap çox 
maraqlandı. 
- Ay Dilarə xala, Sevinc necədi? 
- Gəl Arifə, Gəl. 
- Çox sağolun ey, Tərlan dedi. Mən də gəldim görüm nolub? 
- Gəl, qızım! Sən ki, yad deyilsən. Keç Sevincin yanına.
Arifə yataqada uzanmış Sevincin yanına keçib salam verdi. Sonra bir küncdə 
ondan küsübmüş kimi oturdu. Dilarə xanım da Cəmilə xanımı şirinliklə yola 
salıb evə girdi. 
- Ay, qızım, belə Allah səni də yada salsın. Sənə də qismət eləsin. 
- Çox sağolun Dilarə xala, Amma nəyi ? 
- Mənim nəvəm olacaq ey! Həkim indicə dedi. 
Paxıllıqdan içi alışıb yanan Arifə bir yandan da sevindi ki, "hamilədirsə Vahid 
gəlib onu aparar. Tərlanın da fikri yenə mənə qayıdar". 


- Çox sevindim, Sevinc. Çox. Allah başacan versin.
- Hələ sabah Sevinci rayona aparacam. Qoy öz həkimi olsun. Daim nəzarət 
eləsin. 
- Ay Dilarə xala, bəs Vahidə zəng etməyəcəksiz? 
- Vahidə? Görüm elə başı batsın onun. İki qızına yiyə çıxmayan gəlib mənim 
nəvəmə yiyə çıxacaq? 
- Yox axı, atasıdır. Bilməyə haqqı var. Sevinc düz demirəm? 
- Mən Vahidə deyəcəm, ana. Qoy bilsin. 
- Yaxşı bala. Həyat sənindir. Qarışmaram. Get zəng elə. 
Dilarə əslində qızının qərarını dəstəkləmirdi. Amma məcbur idi. Əgər Sevinc 
xoşbəxtliyini Vahidlə görürdüsə, razı olmaq borcu idi. 
- Ana, gedirəm Arifəgildən zəng etməyə. 
- Get qızım. Allah köməyin olsun. Zəng elə tez gəl. 
Arifə Sevincin qoluna girdi və sanki ona dəstək olacaqmış kimi, "rəfiqəlik" 
etmək istədi. 
- Sevinc, bu kişilər belədir də. Etibar yoxdu onlara. Amma sən gəl Vahidi 
bağışla. Balanız da olacaq. Peşiman olacaq eşitsə. Səni də gəlib evinizə 
aparacaq. 
- Mən sadəcə ona bir balası olacağını deyəcəm. Daha heç nə! 
Artıq telefonun dəstəyi əlində idi. Nömrə də yığılmışdı. Tərlan yatdığını desə 
də, əslində Sevincin səsini eşidib qapıdan qulaq asmağa başlamışdı. Arifə də 
guya onu telefonda rahat danışsın deyə tək qoymuşdu. Halbuki, o da digər 
qapıdan qulaq asırdı.
- Alo, kimdir? 
- Salam, Vahid evdədi? 
- Yox, evdə yoxdu. Kimdi soruşan? 
- Sevincdi. 


- Salam Sevinc, Əsmərdi. Niyə getmisən ora? 
- Vahidin evli olduğunu bildim. O da gizlətmədi. Vahid özü dedi get atan 
evinə. 
- Ay qız, qardaşım elədir də. İki ildə tanımadın onu sən? Son sözünü birinci 
deyir həmişə. Dur qayıt evinə gəl. Sabah da Vahid gələcək. Barışarsız. 
- Yox, Əsmər, Vahidə deyərsən ki, hamiləyəm balamız olacaq. 
-A-a-a! Nə yaxşı. Səni şad xəbər olasan. Nə vaxt bildin? 
- Elə bugün həkim dedi.
- Sən narahat olma. Sabah gəlsin onun qulağını çəkəcəm. Sevinci incitmək 
nədir biləcək.
Birdən Sevinc dəstəyin o biri ucunda qaynanasının kobud səsini eşitdi: "Ay 
qız kimlə danışırsan? Gəl, çay süz mənə." Sevinc özündən aslı olmadan dəstəyi 
qoymaq istədi. Məcbur sözünü kəsə etdi. 
-Yaxşı sağol Əsmər! Sadəcə Vahid bilsin, bəsimdir. 
Tərlan qulaqlarına inana bilmirdi. İçində olan son ümid də ölmüşdü artıq. 
Amma yenə də sevindi. Çox sevindi. Axı Sevinc iki ildir övlad arzusunda idi. 
Nəhayət arzusu gerçək olacaqdı.
- Arifə çox sağol! Mən gedim evə. 
- Danışdın? - guya heç nə eşitməmiş kimi davrandı. 
- Hə, baldızım idi. Dedi sabah gələcək deyəcəm.
- Gördün ki, səni o evdə hələ də, istəyən var.
- Sağol Arifə... 
O gün Sevinc üçün qeyri-adi başladı. İki il sonra məhz bu gün ana olacağını 
öyrəndi. Bu xəbəri Vahidin evində olanda alsaydı başqa cür sevinərdi. Amma 
indi başqa şərtlər altında idi. Görən Vahid məni aparmağa gəlsə, unuda 
bilərəmmi yaşadıqlarımı? Axı onun iki balası var, bir də Nadejdası. Bəs, mən 
onu bağışlaya bilərəmmi? Onun son sözlərini... Hələ anasının dediklərini? 
....Yox! Əsla bağışlamaram! 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə