Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   17   18   19   20   21   22   23   24   ...   111

 
49
Yerinin içində oturmuş Yusif dedi: 
- Ya əmimdəndir, ya Şahmərdan qağamdan. Bizim onlardan başqa kimimiz 
var? Ata, dayımdan da ola bilər ha!.. 
Növrəstə dilləndi: 
- Kimdən olur olsun, barı ürək açan kağız olsun… 
Çox çəkmədi ki, Camal qayıtdı. 
- Doğrudan məndə huş-baş qalmayıb, - deyə Nəbiyə ağzı bağlı, əzilmiş bir 
zərf Verdi. 
- Nəbi dayı, canın üçün ağzını açıb oxumamışam. 
Nəbi zərfi ehmalca aça-aça: 
- Oxuyanda nə olar, - dedi, - səndən gizlin mənim sözüm yoxdur. 
Qonşuluqda sənin özündən, külfətindən çox razıyam. Bu töylə bucağını bizə 
verməsəydin, küçələrdə qalardıq… 
- Malım yox, qoyunum yox, ay Nəbi dayı, boş töylə indi nəyimə lazımdır… 
Amma vaxtında, üç qardaş bir yerdə olanda, özümüzə görə qoyunumuz da vardı, 
qaramalımız da, at-eşşəyimiz də. Kefimiz dınqırı vururdu. Hər yay sizin yerlərə, 
Dəstəyirdin başının üstündəki Qanqanlı  və Soyuqbulaq yaylaqlarına köçürdük. 
Böyük qardaşım Nəcəfi dəyyusun biri öldürdü, sənə demişəm, bilirsən. Ortancıl 
qardaşım Rəhimlə ayrıldıq. Mal-dövləti, ev şeylərini, ta iynəyə, sapa kimi böldük. 
Zəmanə elə  gətirdi ki, hər  şey, onun da, mənim də  əlimdən çıxdı. Allah onun 
ömrünü gödək elədi, tez öldü. İndi ancaq gündəlik çörəyimi qazana bilirəm. 
Əlimdə bir balaca imkan olsaydı, səni Minkənd istisuyuna aparardım. Mən o suda 
çimmişəm. Loğman kimi hər dərdi sağaldır. 
- Bizim öz yerimizdə, Urud kəndində  də qotur suyu vardı. Neyləyim, 
əlimizdən çıxdı. – Nəbi zərfin içindən çıxartdığı kağızın o yanına, bu yanına baxdı. 
– İndi bunu kim oxusun. 
- Ver bəri görüm, bəlkə, höccələyə-höccələyə oxuya bildim. – Camal kağızı 
ondan aldı. – Axı, mən, molla Fərəcdən üç il dərs almışam. – Camal kağızı çırağın 
işığına tutdu, başını kağızın üstünə  əyib, kəlmə-kəlmə, hıqqına-hıqqına oxumağa 
başladı: 
«Nuriçeşmim qardaş!» 
Nəbi yerindən sevinclə dilləndi: 
- Comərddəndir! Can Comərd, can qardaş! – Nəbi o saat dolan gözlərini 
əlinin dalı ilə sildi.  
- Əşi, sənə nə oldu? Uşaq kimi niyə ağlayırsan? Qoy hələ oxuyum, görək nə 
yazıb. 
- Ürəyim kövrəldi, ay Camal! Məni qınama, Allah bizi diyarbadiyar salanın 
gözünü həmişə yaşlı qoysun. Qürbətçilik yaman dərddir. Oxu, oxu!.. 
Camal oxudu: 
«…Əvvəla, bu tərəfin  əhvalını  xəbər alsan, sağ  və salamat varıq. Saniyən, 
sizin də sağ  və salamat olmağınızı Allahdan arzu edirik. Salisən, qardaş, mən, 
Şahmərdan və Qiyas sağ-salamat gəlib Bakıya çatdıq. Nigaran olmayın, ancaq 
bizim nigarançılığımız sizdəndir. Qardaş, bir orda olanda, sən naxoş idin, indi 
necəsən? 


 
50
Biz də burda neft mədənində  işləyirik, bu yaxınlarda sənə pul 
göndərəcəyəm. 
Biz, Sabunçuda köhnə bir fəhlə dostumun evində oluruq. Bəlkə, qismət elə 
düşdü ki, bu yaxınlarda görüşə bildik… Bu kağızı sənə tanış bir adamla göndərdim 
ki, salamatlığımızı  biləsən. Ürəyini sıxma, qardaş, qayıdıb gələcəyik. 
Burda təzə söz-söhbət çoxdur, amma yaza bilmirəm. Sən orda səbrli ol. Hər 
gecənin bir səhəri var. Növrəstə və Yusif də ürəklərini sıxmasınlar. 
Daha nə yazım,  Şahmərdanın, Qiyasın sizə salam-duası var. Məndən 
qonşulara, birinci növbədə, Camala və külfətinə salam-dua de. 
Hamınızı öpüb, bağrıma basıram. Qardaşın: Comərd Almurad oğlu, 20 aprel 
1919-cu il». 
Camal kağızı Nəbiyə verdi. 
- Hə, demək belə… Uşaqların işə girməyi yaxşı oldu… - Nəbi köksünü 
ötürdü. Kağızı üç qat büküb yastığın altına qoydu. – Üzü qara zamanə bizi ayrı 
saldı. Neyləyək, canları sağ olsun… 
Ortalığa sükut çökdü. Bir neçə dəqiqə heç kim danışmadı. 
Çırağın nefti qurtarmaqda olduğundan, işığı azalmağa başladı. 
Camal ayağa qalxıb: 
- Gecəniz xeyrə qalsın! – deyə getdi. 
Yusif qapını bağladı. Ata və iki bala yerlərində uzandılar.  
Gözü ilə  səfalət və  fəlakət görən, lakin onların səbəbini hələ lazımi qədər 
dərk etməyən Yusif, dərhal yuxuya getdi. 
Nəbi, ailəsinə sabah hardan çörək tapacağını düşünür, yerində qurcalanırdı. 
Səsini içinə çəkmiş, lakin gözlərini yummamış Növrəstə, ərinin və əmisinin 
dərdini ürəyinə doldurmuşdu… 
 
Axşamdan sərxoş yatmış Baxış  bəy, gecənin bir yarısında oyandı. Yerinin 
içində ağzını geniş açıb, əsnədi. Qollarını ipək yorğanın altından çıxarıb, bir qədər 
yuxarı qaldırdı. Bütün bədəni ilə  gərnəşdi. «Araq çıxardanın lap zatına lənət. 
Başım dəyirman daşı kimi fırlanır, ağzım öd kimidir», deyə öz-özünə mırıldandı. 
Əri ilə yanaşı, lakin ayrı çarpayıda yatmış Şölə xanım da oyanmışdı. Baxış 
bəyin danışığına bir qədər qulaq asdıqdan sonra, özünü onun yanına verdi. Əlini 
əvvəlcə Baxış bəyin alnına, sonra tüklü sinəsinə qoydu, mehriban-mehriban: 
-  İstiliyin var, Baxış, - dedi. – Axı, bu zəhrimarı niyə çox içirsən? Canına 
yazığın gəlmirmi? 
- Yaxşı, yaxşı, məni danlamağa gəlməmisən? 
Ərinin sözünə  əhəmiyyət verməyən  Şölə xanım, ona yaxınlıq və  nəvaziş 
göstərmək istədi. 
- Baxış, deyirsən qatıq gətirim iç, sərinlə, başın ayılsın… 
- Sən olasan atan Cəfər bəyin ərvahı, məndən əl çək, qoy yatım, dur get! – 
deyə Baxış bəy arvadını dirsəyi ilə itələdi. O, bu hərəkətinin qadın üçün nə qədər 
böyük təhqir olduğunu düşünmədi. 
Şölə xanım kor-peşman öz çarpayısına çəkildi. Ancaq, nə  qədər elədisə, 
yuxuya gedə bilmədi. Fikrə qərq oldu. 


 
51
Nəhayət, ürəyində: «Kişilərin hamısı belədirsə, hamısına lənət!» - deyə 
yorğanı başına çəkdi. 
…Baxış  bəy səhər, gün yağlananda, o biri evdən gələn  şıqqıltı, tıqqıltıya 
oyandı. Özündən başqa otaqda heç kəsi görmədi.  Şölə xanım tezdən durub 
getmişdi. 
Baxış  bəy geyinmək istədi, lakin oyandığına peşman olubmuş kimi, başını 
yenə balışa qoyub, uzandı. Gözünü pəncərəyə zilləyib: 
- Kaş oyanmayaydım, - dedi. – Eh, qəribə aləmdə idim! – Gördüyü yuxunu 
başqasına nağıl edirmiş kimi, dodaqları yavaşcadan tərpəndi: - Gördüm ki, yazdır, 
mən də öz bağıma gəzməyə  çıxmışam… Gömgöy ot dizə kimi qalxıb, ağaclar 
çiçəkləyib, quşlar oxuyur, çiçəklərin ətri adamı bihuş eləyir. Birdən qulağım çaldı 
ki, məni çağırırlar… Dayandım, o tərəfə, bu tərəfə baxdım, heç kimi görmədim. 
Elə bildim ki, məni qara basır. «Bura gəl, yanıma gəl!» deyə kimsə yenə dilləndi. 
Məni bu dəfə vahimə basdı. Dedim, lənət sənə şeytan. Günün günorta çağı, 
cin-şəyətin nə qayırır? Tez bağdan çıxmaq istədim. Bu dəfə səs lap yaxınlığımdan, 
elə bil qulağımın dibindən gəldi: «Məni görmürsən? Ha… ha… ha…». 
Ağacların bir-bir yan-yörəsinə baxmağa başladım, birdən böyük bir çinarın 
dalında onu gördüm… «Can, Növrəstə!» deyib, onu qucaqladım… O üzündən bu 
üzündən öpdüm… Lap özümdən çıxmışdım. Növrəstənin  əlindən tutub bir çuxur 
yerə  çəkdim… Gülə-gülə dedi: «Özünü öldürmə, bəy. Bu gündən mən səninəm. 
Ancaq, bu işi gərək nə atam bilsin, nə ərim, nə də Şölə xanım…». 
Dedim, arxayın ol… Ancaq, tez otur yerə… Bədənim uçunur… Kaş 
ermənilər sizi beş il bundan qabaq qaçqın salaydılar, a dağlar maralı… Gördüm, 
nədənsə, ehtiyat eləyir. Dedim qorxma, görən olmaz. Otur, tez ol, sənə canım 
qurban!.. 
Yuxunun həqiqət olmamasından pərt olmuş Baxış bəy geyinib eyvana çıxdı. 
Şölə xanım əl-üz yuyana su tökdü. Gedib evdən sabın və məhrəba gətirdi. 
Baxış  bəyin gözünə arvadı bikef göründü. Ağzını açıb nə isə soruşmaq 
istəyirdi ki, mehtər Həsən gəlib dedi: 
- Ağa, səhər-səhər bəd xəbər vermək yaxşı deyil, amma, gərək deyəm. 
Dəyirmanı bu gecə sel basıb… 
- Sən elə həmişə bayquş kimi ulayırsan! Xeyir söyləməzin biri! – Baxış bəy 
əl-üzünü silib, məhrəbanı hirslə arvadının üstünə atdı. Şölə xanım bir söz demədən, 
sabını da götürüb getdi. 
- Ağa, mən öz yanımdan pis xəbər gətirmirəm ki… 
- Sel nədir? Dünən ki, hava yaxşı idi? – deyə bəy qışqırdı. – Yəni divarlarını 
tamam uçurub, daşını aparıb? 
Mehtər bir-iki addım irəli gəlib dedi: 
- Sel dağlardan gəlir. Vallah, Bərgüşad çayı daş  dəymiş ayı kimi, nər-nər 
nərildəyir.  Ətrafa mövc verib, qabağına keçəni aparır. Çoxlu ağac-uğac, taxta-
maxta gətirir. Görünür ki, sel yuxarı  kəndlərə çox ziyan vurub. Əgər çayın suyu 
bir-iki saata yatmasa, qorxuram bağları-zəmiləri, çəltik ləklərini lap zay eləsin. 
Camaat bu il ac qalsın. 
- Camaat cəhənnəmə ac qalsın. Məni dəyirmanın fikri götürdü. Təzədən 
gərək usta gətirdəm. Bəs o heyvan darğa hardadır? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə