Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   18   19   20   21   22   23   24   25   ...   111

 
52
- Səhərdən görməmişəm… 
- Onu tap, de ki, camaatı  yığıb aparsın dəyirmanı qayırmağa. Özüm də bu 
saat ora gedirəm. Atı çək bayıra. 
Mehtər «baş üstə» deyib həyətdən çıxdı. 
…Baxış bəy atlı dəyirmandan qayıdırdı. O, kəndin girəcəyində Camala rast 
gəldi. Camal ona salam verib ötmək istəyəndə, bəy onu saxladı. 
- Ə, bizim darğa sənə deməmişdi ki, dəyirmana gedib orda işləyən adamlara 
kömək eləyəsən? 
- Demişdi. Amma başın üçün, bəy, macal eləyə bilmədim. Ayağım yalındır, 
özümə çarıx tikirdim. 
- Çarıx sənin gözünə girsin. Bu axır vaxtlarda, çox dikbaşlıq eləyirsən?.. 
Yaxşı, sənə tapşırmışdım ki, həyətindəki o sal daşı gətirəsən bizə, qoyduracağam 
quyunun ağzına. Nə oldu? 
- Ağa, bağışla, bu gün gətirərəm. 
Baxış bəy gümüş dəstəli qamçını çəkməsinin boğazından çıxartdı. 
- Buna bax, arıq cücəyə bax!.. Ə, güzgüdə üzünə bir baxmısanmı? 
- Kəndlinin evində güzgü nə qayırır, ağa. Necə bəyəm, üzüm nə təhərdir? 
- Dəyyusun üzü nə təhər olar?!. Qırış-qırış! Kosa dəyyus, ilana ağu verənə 
oxşayırsan!.. 
Camal demək istədi ki, «sənin üzün mənimkindən də kifirdir» lakin, bəyi 
çox qəzəbləndirməmək üçün fikrini dəyişdi: 
- Neyləyim bəy, Allah hərəni bir cür yaradıb, kərəminə  şükür, məni də 
belə… 
Baxış bəy Camalın baş-gözünü şallağa doladı. 
- Sən Allaha şükür eləyirsən, amma mənim tapşırığımı yadından çıxardırsan. 
Bilmirsən ki, Allah sizin ixtiyaratınızı mənə verib?.. Bilmirsən ki, Allah sizin üçün 
bu qamçını da yaradıb!.. 
- Ağa, niyə döyürsən, daşdır, gətirərəm də… 
- Sən mənim sözümü qulaq ardına vurursan! Qanacaqsız, eşşək kəndli! 
- Ağa, döyürsən, döyürsən, bəs niyə söyürsən? – Camal başını tutdu. – Vay 
başım! Vay başım!.. 
- Keçəl köpək oğlu! Səni qardaşın Nəcəfin gününə salacağam!.. 
Qamçının ucu Camalın gözünə  dəydi. Camal qışqıra-qışqıra sağ gözünü 
tutdu. Sonra bəyin əlindən yaxasını qurtarmaq üçün qaçmaq istədi. Lakin bəy onu 
atdöşü elədi… 
Bəyin Camalı döydüyünü görən kəndlilər tökülüb gəldilər. Ağa bəy də səs-
küyə öz otağından çıxıb gəldi. 
Camalın arvadı başını yola-yola yalvardı, yaylığını bəyin ayaqlarının altına 
atdı. Bəy arvadın yalvarışına fikir vermədi, onu da nalayiq sözlərlə söydü. 
- Bu vəhşilikdir, adamı niyə döyürsən! – deyə Ağa bəy qardaşını danladı. 
Baxış bəy onun sözünü də eşitmədi. 
Kəndlilər Camalı Baxış  bəyin  əlindən bir təhər aldılar. Qoluna girib evinə 
apardılar. Üz-gözü qana batmış Camalı yorğan-döşəyə saldılar. 
Kəndlilər ürəklərində bəyə min lənət oxuyaraq, mat-mat Camala baxırdılar. 
O sızıldayır, arvadı Tükəzban da, başına-gözünə vura-vura şivən qoparırdı. 


 
53
 
Altıncı fəsil 
 
Səhər tezdəndi. 
Xocahan kəndinin altında, yolun kənarında salınmış beş-altı dükandan və 
zibilli meydançadan ibarət həftə bazarında böyük canlanma vardı. Yaxın və uzaq 
kəndlərdən bugünkü bazara çox adam gəlmişdi. Demək olar ki, bazar əmtəə 
cəhətdən zəngin deyildi. Xüsusilə insan həyatına lazım olan ən vacib şeylər: qənd, 
çay, parça, ayaqqabı heç kəsin  əlində  və heç bir dükanda görünmürdü. Alınıb 
satılan yalnız kənddə hasil olan şeylər və heyvanat qismi idi. Bazarda sənaye 
mallarının görünməməsi  şəhərlə  kəndin  əlaqəsinin olmaması ilə izah olunurdu. 
Lakin, buna baxmayaraq, alver gedirdi. Kimi inək, kimi at, kimi öküz, kimi qoyun
kimi palaz satırdı. Yəhər, palan, köhnə şalvar, çuxa, daraq, saqqız, iynə, sap, iydə, 
ərik, tut qurusu satanlar da vardı. 
Bazarda hər şeydən baha yağ, pendir və taxıl idi. 
O adamın, bu adamın yanında dayanıb pul istəyən, o dükanın, bu dükanın 
qabağında boynunu büküb yalvaran, «Allah payı» istəyən dilənçilər, avaralar 
nəzəri daha çox cəlb edirdi. Bu kirli-pasaxlı, cır-cındalı, ayaqyalın, yarı  çılpaq 
adamların – kişilərin, arvadların, uşaqların  əksəriyyəti Zəngəzur qaçqınları idi. 
Satmağa şeyləri, almağa pulları olmayan bu dilənçilər, bu bədbəxt insanlar, bəlkə, 
bazar günlərində əllərinə bir şey keçsin deyə, ora gəlmişdilər. 
Bazarın hər tərəfindən gələn müxtəlif səslər, tərifli sözlər, danışıqlar bir-
birinə qarışmışdı: 
- Ay şalvar alan! Şalvar, nə şalvar!.. İngilis malından, yun parçadan… İkicə 
dəfə geyilib, heç yuyulmayıb, rəngi də solmayıb, geyən bəy balasına oxşar. Kasıb, 
hardasan?.. Şalvar alan, ay şalvar… 
- İnək alan bura gəlsin! Buynuzları qoşa, məmələri şiş, özü də cins inəkdir. 
Çox gümrahdır, heç bir eybi yoxdur, ehtiyacdan satıram. Ay inək alan, südlü inək, 
kök inək… Alan xeyir görər, canıma dua elər. İnək alan, ay inək alan!.. 
- Ay eşşək alan, ay eşşək alan! Yanında bir yaşar qoduğu da var. İkisini bir 
yerdə satıram. Ucuz verəcəyəm! Vallah, eşşək deyil, qatırdır: yeddi pud yük çat, 
özün də min, quş kimi aparsın, nə yorulsun, nə yolda qalsın. Ay müştəri, hardasan? 
Eşşəyə gəl, eşşəyə! Üstündə bir çul da verirəm. 
-  Ətli iydə… Tut qurusu… Öz bağımın barıdır.  İydə cana faydadır, tutum 
şirindir baldan… Ay alan, hardasan?.. Satmışam qalıb azı, gəl yanıma, tamarzı! Al, 
ağzın dada gəlsin… 
- Palan satıram, ay müştəri! Yanımdan ötmə, almamış getmə! Möhkəm 
palandır. Nə  qədər işlətsən,  əlli il qalandır. Yəhərdən rahat palan… At palanıdır. 
Eşşəyə də qoymaq olar. Palan… Ay palan alan! 
- Saqqız alan, ha saqqız alan! Müştərisi varsa gəlsin! İran saqqızıdır. Təmiz 
saqqızdır, təmli saqqızdır. Qurtarır, azdır. Ağızda şabalıd kimi şaqqıldayır, al çeynə 
ağzın dada gəlsin… Dişinin dibini bərkitsin, keçəli də sağaldır. Al, başına sal! İran 
saqqızı… Beləsini tapa bilməzsən… Ay saqqız alan!.. 
Bazara qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə