Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Yeddinci fəsil: Yerli elmi istehsal, tərcüməçilikdən və Qərbə tabe olmaqdan çəkinmək



Yüklə 2,2 Mb.
səhifə25/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

Yeddinci fəsil: Yerli elmi istehsal, tərcüməçilikdən və Qərbə tabe olmaqdan çəkinmək


Digərlərinin elmi məhsulundan istifadənin şərti

Buyurdunuz ki, biz digərlərinin tədqiqat və araşdırma məhsullarından istifadə etməliyik. Bu, çox düzgün sözdür. Fərz edin bir avropalı tarixçi və tədqiqatçı coğrafiyada və yaxud tarixdə bir söz yazmışdır. Biz ondan istifadə edir və onu gətiririk. Bunun heç bir eybi yoxdur. Amma çalışmaq lazımdır ki, onun kənarında bizim sözümüz də deyilsin.

İndi kitablarda, yazı və tədqiqatlarda – istər fiqh və üsulda, istər fəlsəfə və tarixdə - İslam təlimlərindən ibarət böyük xəzinəmiz var. Özümüzü çox kiçik sanmamalıyıq. Digərləri bu işə təzə başlayıblar. Biz bunları İslam təlimləri arasında təqdim edə bilərik.796
Digərlərinin ixtisasından istifadə etmək, istehsal isə özümüzdən!

Biz digər ölkə və xalqların elm və təcrübəsindən istifadə etməyə qarşı çıxmırıq. Bizim sözümüz budur ki, ölkəni qurmalı olan şəxs özümüzünküdür. Əcnəbi sizin evinizə ürək yandırmaz. Siz öz eviniz üçün ürək yandırmalısınız. İradəli iranlılar, gənclər, alimlər, mütəxəssislər, peşəkar beyinlər, dəyərli insanlar, adi xalq, işçi qol və pəncələr ölkəni qurmağa çalışmalıdırlar.

Sözsüz ki, digərlərinin təcrübə, elm və ixtisasından istifadə etmək lazımdır. Biz öyrənmək yolunu bağlamırıq. Dünyanın şərqində və qərbində harada elm və təcrübə varsa, gedib öyrənərik. Bu, İslamdan, İslamın tapşırığıdır və ona qarşı heç bir müxaliflik yoxdur. Lakin məsuliyyət sizin üzərinizə düşür. Bizim sözümüz budur.797
Qərbin elm və texnologiyasından yanlış istifadə tərzi

Elm və sənaye karvanından geri qalmış ölkələrdə iki təfəkkür tərzi vardır: bir təfəkkür tərzi səhv və xalqın bədbəxlik amilidir, bir təfəkkür tərzi isə düzgündür. Səhv təfəkkür tərzi Amerika əlaltılarının bu ölkədəki hakimiyyəti dövründə xalqımıza hakim idi. O budur ki, elm, sənaye, texnologiya və texniki işlər xaricilərin, avropalıların və qərblilərin vasitəsi ilə hazırlanmalı, məhsul formasında ixtiyarımıza qoyulmalı, biz də pul və neft verib onların məhsulundan istifadə etməliyik. Bu bir təfəkkür tərzi idi. Təəssüf ki, müstəmləkəyə çevrilmiş bəzi ölkələrdə indi də bu təfəkkür tərzi mövcuddur. Deyirlər ki, biz pul veririk, qərblilər bizim üçün düzəldib buraya gətirir və quraşdırırlar. Bəzən axmaqcasına güman edirlər ki, bu, bir növ ərbablıqdır. Yəni biz pulluyuq və onlar gəlib bizim üçün düzəldirlər.

Buna görə, siz ölkənin sənaye xəritəsinə baxsanız, görəcəksiniz ki, qərblilər, amerikalılar və bəzi avropalılar bu xəritəni xüsusi tərzdə tərtib etmişdilər. Belə ki, bu məmləkətdən getsələr və ya buranın darvazaları onların üzünə bağlansa, iranlıların özləri sənayenin inkişaf və idarəsinə aciz qalsınlar. Yəni bir ölkənin sənaye şəbəkəsində qəsdən gözəgörünməz halqalar yaratmışdılar. Məqsədləri bu idi ki, bu xalq heç zaman öz ayağı üstə dura və qamətini düzəldə bilməsin; istəyirdilər ki, həmişə onlara möhtac qalsın.

Bu təfəkkür tərzi universitetlərə də təsir edir. Universitet elmləri də həmin düşüncə əsasında formalaşır, mühəndisimiz də yaradıcı, qurucu olmur. Onlar o zaman bu işi gördülər, nəticələri uzun müddət ölkəmizə ziyan vurdu və bəlkə hələ uzun müddət vuracaq.798


Qərbin elm və texnologiyasından düzgün istifadə tərzi

Biri isə düzgün fikir tərzidir. O budur ki, bizdə olmayan elmi, texnikanı və sənayeni əcnəbidən öyrənə bilərik, amma o işi özümüz idarə edəcək, sənayeni özümüz seçəcək, ölkə üçün lazım olanı özümüz yaradacağıq. İnsan elmi hər kəsdən öyrənməlidir, amma onun muzduru olmaq üçün yox. Qərblilər İran xalqı və digər müsəlman xalqlar üçün bunu istəyirdilər.

Biz elmi öyrənməliyik ki, özümüz ölkəni quraq. Bizim xalqımızda istedad və yaradıclıq ruhu böyükdür. Biz bir neçə əsr öncəyə qədər dünyada elmin bayraqdarı olmuş xalqıq. Bizim istedad və elmi potensial sarıdan çatışmazlığımız yoxdur; nə üçün elm və sənaye karvanından geri qalmalıyıq və ən kiçik şeyləri də bizim üçün onlar düzəltməlidirlər?!

Bu gün vəziyyət çox dəyişmişdir. İran xalqı inqilab sayəsində elm, sənaye, istedada güvənmək və sənaye həyatını özü tərəfindən idarə etmək baxımından inqilabdan öncə ilə müqayisəediləsi deyil. İstər sənaye sahəsində, istər tibdə, istər digər elmlərdə çoxlu gənclər, kişi və qadınlar yüksək rütbələrə nail olmuş və dəyərli işlər görmüşlər. Bir xalq bilməlidir ki, öz ehtiyaclarını yalnız onun özü anlayıb aradan qaldıra bilər. Biz demirik ki, digərlərinin elmindən, sənaye və elm nailiyyətlərindən istifadə olunmasın. Xeyr, istifadə olunmalıdır, amma özümüz də çalışmalıyıq.799


Ölkənin elmi inkişafının yolları

Bu gün ölkədə elmin səviyyəsini qaldırmaq üçün bütün mümkün və düzgün işlərlə məşğul olmalıyıq. Mən demirəm ki, elmli şəxslərin yanına getmək olmaz. Şübhəsiz, bu gün alimlərdən öyrənmək lazımdır. Bu bir İslam təlimidir: "Elm Çində olsa belə, gedib öyrənin".800 Bu gün dünyanın şərqində və qərbində elmin zirvələri mövcuddur. Biz sözsüz ki, layiqli bir öyrənci kimi gedib onlardan elm öyrənməliyik; necə ki, layiqli bir insan təhqir və minnətsiz elm öyrənir. Lakin mənim qəlbimdə olan və həmişə barəsində düşündüyüm budur ki, elm daxildən baş qaldırmalıdır. Əgər biz istedadlı bir xalq kimi özümüzü elmi cəhətdən yüksəldib daxili istedadlarımızla məşğul olmağa qərar versək, onlara baxsaq, özümüzü bir qədər zəhmətə salsaq, o elmi, elmsevərlik, tədqiqatçılıq xislətini özümüzdə dirçəltsək, düşünürəm ki, onun-bunun qapısına getməyə ehtiyac qalmayacaq.801


Elm və düşüncədə Qərbə tabeliyin bəlası

Mən müxtəlif elmlərdə tabelik və elmi mütləqçiliyə təslim olmaq məsələsinə toxundum. Düşünürəm ki, bütün elm mərkəzlərində Qərbdən amiranə şəkildə idxal edilən mədəniyyətə qarşı ümumi özünəinam yaratmalısınız. Biz mədəni hücum məsələsini ortaya atanda bəziləri çox incidilər, dedilər ki, nə üçün mədəni hücum deyirsiniz. Halbuki mədəni hücum cəbhənin ortasında mübariz istəməkdir. Bəziləri onu kənarda tapmağa çalışdılar. Bu mədəni-ideoloji hücum təkcə zahiri fenomenlərə xas deyil. Dünyada bir mədəni toplum neftə, veto hüququna, kimyəvi və bioloji silahlara, atom bombasına və siyasi qüdrətinə arxalanaraq, istədiyi bütün inam və əqidələri başqa ölkə və xalqlara sırıyır.

Odur ki, bir ölkə bəzən tərcümə təfəkkürünə məruz qalır, düşünəndə də tərcümə ilə düşünür və başqalarının düşüncəsinin məhsulunu alır; əlbəttə, orijinal məhsulları yox, qüvvədən düşmüş, təhrif olunmuş və sıradan çıxmış məhsulları. Onlar belə məhsulları başqa xalqlara lazım bilir, təbliğat yolu ilə onlara yeridir və yeni fikir adı ilə qarşılarına qoyurlar. Bu, bir xalq üçün hər bir müsibətdən böyük və ağırdır.802
Yerli elm istehsalı məqsədi ilə Qərb elmini öyrənmək

Əgər bu gün kimlərsə elm və texnologiya öyrənmək bəhanəsi ilə Qərbdən asılılıq şüarı versələr, bu, irticaçı bir şüardır, gerilikdir. Bir gücdən asılı olmaq bir xalq üçün iftixar deyil. Amma elmi öyrənmək lazımdır. Təhsil məqsədilə ölkədən xaricə hicrət edən tələbələrə həmişəki tövsiyəm budur ki, özünüz üçün bacardığınız qədər elmi ehtiyat toplayın və başqalarından öyrənin. İnsan lazım olduqda şagirdlik etməli və öyrənməlidir. Lakin mühüm məsələ budur ki, bir xalq və gənc nəsil bilsin ki, həmişə şagird qalmamalı, elm istehsalı üçün başqalarına əl açmamalı, özü istehsal etməlidir. Bu imkanlardan sözügedən məqsəd üçün istifadə edin.803


Qərbin qəti elmi məsələlərinə şübhə ilə yanaşmaq

Bizim müəllim və tələbələrimizin mütəfəkkir beyinləri Qərbdən gələn və bəzilərinin nəzərində Allah vəhyi hesab olunan, azacıq şübhə edilməsi mümkün olmayan hüquqi, ictimai və siyasi məfhumları müxtəlif elmlərin böyük tədqiqat mərkəzlərində çək-çevir etməli, onların qarşısında sual qoymalıdırlar. Bu mütləqçiliyi sındırmaq və yeni yollar tapmaq lazımdır; həm onlar istifadə etsinlər, həm də bəşəriyyətə təklif olunsun. Bu gün ölkəmizin buna ehtiyacı var. Bu gün ölkəmizin universitetdən belə bir gözləntisi var. Universitet gərək universal və dərin bir Proqramlaşdırma hərəkatını ölkənin və xalqın ixtiyarında qoysun, iş və əmək sahibləri özümüzdən olan elmi yeniliklərlə İslam dəyərlərinə və din təfəkkürünə söykənən ədalətli və inkişaf etmiş bir cəmiyyətin bünovrəsini möhkəmləndirsinlər. Bu gün ölkəmiz universitetdən məhz bunu gözləyir.804


Elmin ixracı dövrünə qayıtmaq

Bir ölkənin ən böyük problemi budur ki, öz sivilizasiyasını və kimliyini unutsun. Biz bu gün öz sivilizasiyamızı qurmaq barədə düşünməli və bunun mümkün olduğuna inanmalıyıq. Keçmişdə iranlının bacarıqsız və qərblilərin bacarıqlı olmasını o qədər şişirdiblər ki, bu gün kimsə "biz elə edək ki, qərblilər bizim elmimizə möhtac olsunlar" - deyəndə qəlblərdə bir inamsızlıq yaranır: Məgər belə bir şey mümkündür?!

Bəli, mən deyirəm ki, mümkündür. Siz çalışın əlli ildən sonra belə olsun. Düzdür, bu məsələlər qısa müddətdə baş vermir. Amma siz bu gün düzgün yola qədəm qoysanız, heç eybi yoxdur ki, əlli ildən sonra bu gün birtərəfli olan və bir tərəfdən digər tərəfə gedən elm magistralının istiqaməti ya iki tərəfli olsun, ya birtərəfli olub bu tərəfdən o tərəfə getsin. Bunun nə eybi var?! Məgər bir zaman belə deyildi?! Bir zaman qərblilər elmi Şərqdən və bizdən öyrəndilər. Bu gün dünyada geniş yayılmış bir çox elmlərin əsasını iranlılar qoymuşlar. Riyaziyyatın, fizikanın, tibbin, astronomiyanın və digər çoxlu elmlərin əsasını iranlılar qoyublar. Ümumiyyətlə, Avropa renessansı İslam ölkələrində baş verən tərcümələr əsasında həyata keçdi. Biz İranın bir zaman elmin istehsalçısı olacağını gözləyə bilərik.

Bu gün bizim işimiz ancaq budur ki, elmi və texnoloji nailiyyətləri onlardan öyrənək və burada yamsılayaq. Bu, bir xalqın iradə göstərməli olduğu iş deyil. Sözsüz ki, bu işlər görülməlidir və başqa çarə yoxdur. İnsanda bir şey olmayanda olandan alır; düzəltməyi bilmədikdə biləndən öyrənir. Buna şübhə yoxdur. Amma yeni yolu, yeni düşüncəni və dalan açmağı qarşımıza məqsəd qoymalıyıq.805


Sırf tərcümə elminin nöqsanı

Sırf tərcümə elmi yaxşı deyil, bir vasitə ola bilər. Tərcümə elmi və mədəniyyəti, tərcümə sistemləri və üsulları düzgün deyil. Bu mövzular müəllimlərin iclasında da deyildi. Mən deyirəm ki, biz istedadlı bir xalq kimi elm yaratmalıyıq və bunu bacarırıq. Elm yaradan şəxslər nə istedad, nə də tarixi elmi nailiyyətlər baxımından bizdən irəlidə olublar. Buna görə, bizim xalqımız bacarar. Bu, universitetlərdən ümumi bir istəkdir, inşallah hamı buna diqqət yetirsin.

Biz tələbələrin hər birindən elm istehsalı gözləmirik. Ümumiyyətlə, bu məsələ bu şəkildə fərdi məsələ deyil, bəlkə də hamının elm istehsalına gücü çatmır. Bu, ümumi bir tələb kimi ortaya qoyulmalı və universitetdə ənənəyə çevrilməlidir ki, biz həmişə başqalarının əldə etdiklərini öyrənmək fikrində olmayaq. Onların vasitəsilə əldə edilən nailiyyətləri artırmaq üçün də ciddi çalışmalıyıq.806
Humanitar elmlərdə Qərb formullarına tabe olmağın nöqsanı

Elm istehsalı təkcə fundamental, təcrübi və sair elmlərə aid deyil, bütün elmlərə, həmçinin humanitar elmlərə aiddir. Biz gözlənildiyinin əksinə olaraq, xüsusən humanitar elmlərdə lazımınca hərəkət etməmişik. Bu elmin iqtisadi, sosioloji, psixoloji, yaxud politoloji sahələrinə aid müxtəlif məfhumları Qərbdə olan elm mərkəzlərindən ilahi vəhy formasında alıb, dəyişməz formullar kimi beyinlərmizə yerləşdirmişik; onların əsasında işləmək və proqramlarımızı tənzim etmək istəyirik. Bəzən bu formullar uyğun gəlmir, işimizi ləngidir. Bizsə özümüzü qınayırıq ki, onları düzgün işlətməmişik. Halbuki üslub yanlışdır. Bizim humanitar elmlərdə tədqiqata və yeniliyə ehtiyacımız var. Hüquq, iqtisadiyyat, politologiya və humanitar elmlərin digər köklü sahələrini formalaşdıran və istehsal edən əsas maddə və məfhumlar, bizim dərin və zəngin İslam maarifimizdə sözün həqiqi mənasında mövcuddur. Ondan istifadə etmək lazımdır. Əlbəttə, bu sahədə hövzə, İslama mömin və etiqadlı müəllimlər araşdırma və tədqiqatla rol ifa edə bilərlər. Bura elə yerlərdəndir ki, biz elm istehsalına çatmalıyıq.807


Tərcümə və təhsil mərhələsindən yeniliyə və elm istehsalına doğru

İkinci məsələ budur ki, bəzi dostların işarə vurduğu kimi, mən bir neçə ildir ölkənin elmi arenasında Proqramlaşdırma hərəkatı məsələsini irəli sürmüşəm. Bu nə deməkdir? Yəni biz öyrənməklə qane olmamalıyıq. Bizim tədqiqat və təhsilimizin məqsədi elmin istehsalı olmalıdır; yəni bəşərin indiki elmi yeniliklərinin başlandığı yerə çatmaq. İstedad baxımından dünyada elmi istehsal edən, genişləndirən, inkişaf etdirən və elm əsasında mürəkkəb texnologiyalar yaradan şəxslərə nisbətən bizim çatışmazlığımız yoxdur. Əlbəttə, elm istehsalının mənası bu deyil ki, biz tərcüməni və öyrənməyi inkar edək. Xeyr, o da lazımdır. Mən demək istəyirəm ki, tərcümə və təhsildə dayanmamalıyıq.808


Tərcümə elmi və düşüncəsi qarşısında qorxmağın eybi

Mən bir neçə ildir təkrarlayıram ki, təcrübə və tərcümə sahəsində, tərcümə elmində, hətta tərcümə fikrində, tərcümə ideyasında, məktəbində, ideologiyasında, iqtisadiyyatında və siyasətində həmişəlik qalmamalıyıq. Bu şüar ondan ötrüdür ki, insanın öz ağlından, düşüncəsindən, təhlilindən istifadə etməməsi, gözünü yumması və ona sırınan təbliğatdan qorxub bir sözü qəbul etməsi eyibdir.809


Tərcümə ilə kifayətlənməmək və elm istehsalının zəruriliyi

Biz elm və maarifin genişləndirilməsini düşünürük və bu yolda çoxlu inkişaf etmişik. Biz düşünürük ki, İslam dünyası malik olduğu mədəni və elmi keçmişi və dərin kökü ilə elmdə çox iri addımlar ata bilər. İslam dünyasını qəsdən elmdən uzaq saxlayıblar. Biz öz gənclərimizə və alimlərimizə tövsiyə etdik ki, elmi istehsal etsinlər. Düzdür, elmi elmli olanlardan öyrənmək lazımdır, amma həmin həddə dayanmaq olmaz. Biz düşünürük ki, elmin tərcüməsi ilə kifayətləməməli və onu istehsal etməliyik. Bizim gənclərimiz bu işə başlamış və bir çox sahələrdə çox böyük uğurlar əldə etmişlər. Biz bu işi davam etdirəcəyik.810


Elm istehsalı və yaradıcılıq üçün çalışmaq

Tərcümə etmək bizə yaraşmaz. Biz tərcüməyə qarşı çıxmırıq. Tərcümə digərlərinin elmlərinə bacadır və çox yaxşı bir şeydir. Amma əsas iş istehsal və yaradıcılıq olmalıdır, borc almaq, digərlərinin düzəltdiklərini gətirmək yox. Biz hətta öz meyl, zövq, etiqad və ya siyasətlərimizə uyğun olaraq tərcümədə tənqidi işlər görsək də, yenə də öz istehsalımız olmayacaq. Bizim müəllif və sahibləri digərlərindən ibarət olan elmlərdə də belə bir iddiamız var. Biz bu gün universitetlərimizə deyirik ki, təkcə mədəniyyətimizə və keçmişimizə aid elmlərin deyil, əsasını, istehsalını digərlərindən aldığımız elmlərin də sərhədlərini yarın.811


Elmin sıradan çıxdıqdan, köhnəldikdən sonra öyrədilməsi

Bu elmlərin çoxunun qapıları bizim kimi ölkələrin üzünə bağlıdır. Elmin köçürülməsinə yalnız köhnəldikdən, işləndikdən və təravətini itirdikdən sonra icazə verirlər. Əlbəttə, bütün sahələrdə belədir. Humanitar elmlərdə də belədir. Mən ölkənin iqtisadiyyat və müxtəlif idarəçilikləri sahəsində işləyən dostlar buraya gələndə dedim ki, bəziləri bu gün artıq qüvvədən düşmüş məsələlərlə məşğul olurlar. İndi daha üstün nəzəriyyələr meydana çıxmış, icra olunmuşdur, onların sözünə vurğun olanlar buradakıların bəziləri isə indi ortaya qoyurlar. Bəziləri deyirlər ki, Allah-Taala qarşısında bəndəliyiniz olmasın, amma özləri Qərbə, Avropaya, Amerikaya bəndəlik edirlər.812


Yeni elmlərdə Qərbin qüvvədən düşmüş nəzəriyyələrini yamsılamaq

Əlbəttə, fəsad və pozğunluq da mədəni-ideoloji hücumun şaxələrindəndir. Lakin daha böyük hücum odur ki, onlar uzun illər iranlı beyninə və inamına yeridiblər ki, sən bacarmırsan, sən Qərbin və Avropanın arxasınca getməlisən. Bizi özümüzə inanmağa qoymurlar. Əgər siz bu gün humanitar elmlərdə, təbiət elmlərində, fizikada, riyaziyyatda və ya başqa bir elmdə bir nəzəriyyə yürütsəniz və bu nəzəriyyə dünyanın məşhur nəzəriyyələrinə zidd olsa, bəziləri ona qarşı çıxıb deyəcəklər ki, sizin iqtisadiyyatda filan sözünüz filan nəzəriyyənin ziddinədir; sizin psixologiyadakı sözünüz filan şəxsin nəzəriyyəsinə müxalifdir. Yəni möminlərin Qurana və ilahi vəhyə inandığı kimi, bunlar da hansısa bir avropalı alimin nəzəriyyəsinə etiqad bəsləyirlər. Maraqlıdır ki, bəzən bu nəzəriyyələr köhnəlib sıradan çıxır, yerinə təzə nəzəriyyələr gəlir, amma bunlar 50 il qabaqkı nəzəriyyələri müqəddəs mətn və bir din kimi qoruyub saxlayırlar. On illərdir Popperin siyasi və ictimai nəzəriyyələri köhnəlib sıradan çıxıb, Avropada onun əleyhinə onlarla kitab yazılıb. Amma son zamanlar bəziləri peyda olub fəlsəfi dərk iddiası ilə onun nəzəriyyələrini yaymağa başlayıblar. Uzun illərdir dünyanın iqtisadi mərkəzlərinə hakim olan nəzəriyyələr sıradan çıxmış və yeni sözlər meydana çıxmışdır. Amma indi də bəziləri iqtisadi layihə həyata keçirmək istəyəndə köhnəlmiş nəzəriyyələrə baxırlar. Bunların iki eybi var: biri budur ki, təqlid edirlər, ikincisi budur ki, yeni dəyişikliklərdən xəbərləri yoxdur. Vaxtilə onlar üçün tədris olunan mətni müqəddəs kitab kimi beyinlərinə yeridiblər və indi bizim cavanlarımıza ötürürlər. Bizim ölkəmiz fəlsəfənin beşiyidir, amma onlar fəlsəfəni düşünmək üşün başqalarına müraciət erdirlər.813


Tabeçilik və təqlidçilik yerinə yeni elmlərin tənqidi

Dünyada araşdırmağa, şərhə və tənqidə qabiliyyətli çoxlu nəzəriyyələr var; istər fəlsəfədə, istər yeni humanitar elmlərdə, məsələn, sosiologiyada və digər elmlərdə. Lakin müstəmləkə və asılılıq mədəniyyətinin uzun hökmranlığı dövründə bizi alışdırıblar ki, Qərbdən gələn hər bir söz bütün sahələrdə qəti və etibarlı olsun və onu sənəd kimi qəbul edək. Onlar tarixdə, təbii, humanitar elmlərdə və bizdə qədim kökləri olan fiqh və hüquqda danışır, biz onlara istinad edirik. Və bu, vərdiş halını alıb. Bu gün dünyadan gələn sözlərin tənqidi, şərhi və tədqiqi üçün geniş bir qapı açılmalıdır. Tənqid rədd etmək demək deyil; ola bilsin biz çoxlu sözləri qəbul edər, bəyənər və onlardan istifadə edərik. Biz istifadə yolunu üzümə bağlamırıq. Lakin istifadə etmək bir məsələdir, gözübağlı təslim olmaq və yamsılamaq başqa məsələ. Biz öz cəmiyyətimiz üçün bunu istəməməli və bəyənməməliyik.814


Yerli elm istehsalı üçün sərmayə qoymaq

Cəmiyyətdə elm uca tutulduqda, insanların daxili istedadı çağladıqda elm yerliləşir. Elm üçün sərmayə qoyuluşu bu məqsədlə olmalıdır. Başqalarının öz elmi nailiyyətlərini, formul və nəzəriyyələrini öyrətmələri, öyrənənlərin də dərinliyə varmadan öyrənmələri heç bir ölkənin inkişafına kömək etməz; nə bizim, nə də başqa ölkənin.815


Ölkədə elmi iş üfüqü

Biz elmi harada görsək, öyrənəcəyik. Biz başqalarının şagirdi olmaqdan utanmırıq, amma həmişə şagird qalmağı eyib bilirik. Şagirdlik edib elmi öyrənir, amma ona əlavələr edirik. Ölkəmizdə elmi işin məqsədi və üfüqü budur.816


Elm və inkişaf məsələsində üç fikir tərzi

Bəziləri inkişafı, tərəqqini, elm inkişafını, rəqabəti, azadfikirliliyi və bu kimi məsələləri sevirlər, amma yolunu Qərb nümunələrini mütləq şəkildə yamsılamaqda axtarırlar. Belə düşünürlər ki, bizdən qabaq gedənlərin yolu ilə getməlidirlər. Bu yolu gedənlər kimlərdir? Hələlik bugünkü dünyada olan azlıq, yəni Qərb ölkələri - Avropa, Amerika Birləşmiş Ştatları və digər inkişaf etmiş ölkələr. Mən sonra qayıdıb bu hissəni daha artıq izah edəcəyəm.

Bəziləri də özünü özündə axtaran şəxslərdir. Bunlar düşünürlər ki, İran xalqında və bir ayıq gəncin əlində olan düşüncə, məlumat və proqramlar içərisində o örnəyə çatmaq üçün kifayət qədər yol vardır. Bunlar az deyillər. Mən belələri ilə çox rastlaşmış və tanış olmuşam. Amalçılıq sahəsində qeyd etdiyim çeşidli və müxtəlif baxışlar mövcuddur.

İlk iki qrupdan keçirik. Çıxış yolunu Qərbi mütləq şəkildə yamsılamaqda görən üçüncü qrupun fikri diqqətəlayiqdir. Siz gənclər bu sahədə doğrudan da düşünməli və işləməlisiniz. Mən bir cümlədə sizə deyim ki, Qərb təcrübəsi uğursuz bir təcrübədir.817


Elm istehsalı məqsədi ilə digərlərindən öyrənmək

Mən bir dəfə başqa bir tələbə toplantısında dedim ki, elmi qərblilərdən, avropalılardan öyrənməyi eyib bilmirik, amma həmişə şagird qalmağı eyib bilirik. Şagirdlik edirik ki, öz istedadlarımızı yetişdirək və daxildən yaradaq. Biz bir hovuz kimi olmaq istəmirik ki, bizə su töksünlər, istədikləri vaxt da suyu çəksinlər, yaxud suyun əldə edilməsinə icazə verməsinlər, yaxud bu hovuza hər bir çirkli suyu töksünlər. Biz çağlar bulaq kimi olmaq istəyirik: özümüz çağlayaq, istedadlarımız işə salaq. Mən hər bir sahədə bu istedadların işlədilməsini mümkün bilirəm. Xalq təkcə atom enerjisinin inkişafı haqda məlumatlıdır və bu sahədə nə baş verdiyini bilir. Başqa bir nümunəsi xaricilərin heyrətinə səbəb olan kök hüceyrələr məsələsidir. Digər nümunələr də çoxdur.818


Ölkənin inkişafı üçün elmi və yerli nüsxələrdən istifadə

Elmi üsullardan istifadə vacib işdir. Əlbəttə, elmi əksəriyyəti qüvvədən düşdükdən sonra idxal edilən nüsxələrlə səhv salmaq olmaz; istər iqtisadiyyatda, istər mədəni, istər digər sahələrdə. Bəziləri qərblilərin sıradan çıxmış nüsxələrini özümüzə çıxış yolu hesab etməyimizi sevirlər. Xeyr, inkişaf etmiş üsullar, yeni metodlar, iranlı dərkinə və ehtiyacına güvənmək, elmdən istifadə, ölkənin daxili ehtiyac və tələblərinə diqqət bizə düzgün yolu göstərə və bizi inkişaf etdirə bilər. Biz elmi hərəkətimizə ciddi yanaşmalı, elm, sənaye və texnologiyanın birləşdirilməsi üçün işləməliyik. İmkanların ədalətli bölgü üsullarını tapmağa çalışmalı və bu barədə fikirləşməliyik. Ən yaxşı, ən asan və ən praktik üsulları seçib ciddi şəkildə işə girişməliyik.819


Süzgəcdən keçirməklə Qərbin humanitar elmlərindən istifadə

Şübhə yoxdur ki, humanitar elmlərin bir çoxunun burada, yəni bizim öz mədəniyyətimizdə möhkəm kökləri vardır. Bəzi humanitar elmlər də Qərbin istehsal etdiyidir, yəni bir elm kimi mövcud olmamışdır. Lakin elm dünyasında inkişaf etmiş qərblilər bunları da vücuda gətirmişlər; misal üçün, psixologiya və digər elmlər. Çox gözəl, biz həm özümüzdə olanları bir yerə yığmaqda, yazmaqda, nizama salmaqda bir elmi təfəkkürə və təcrübəyə ehtiyaclıyıq, həm də onların bu elmdə topladığı bilgi və əsaslar üçün bir elmi baxışa. Lakin bizim qəbul etdiyimiz çərçivədən xaricdəki bir toplumun elmi əsaslarını götürmək onun nəticələrini qəbul etmək demək deyil. Sanki siz bir zavodu idxal edirsiniz; onlar bu zavodda pis bir şey düzəldirdilər, siz isə yaxşı şey düzəldin, heç eybi yoxdur. Əgər o elmlər qarşısında məğlub olmaq, özünü itirmək, onlara vurulmaq olmasa, biz Qərbin humanitar elmləri ilə İslamın humanitar elmləri arasında uyğunlaşdırmanı qəbul edirik. Bunun eybi yoxdur. Görün sizin inanclarınız, dərin və zəngin irsiniz humanitar elmlər barədə sizə nə deyir.820


Yerli humanitar elmlərin istehsalı

Bu gün qərblilər humanitar elmlərdə qadağan olunmuş zona yaratmışlar; iqtisadiyyatdan, siyasətdən, politologiyadan, sosiologiyadan və psixologiyadan tutmuş tarixə, ədəbiyyata, incəsənətə, hətta fəlsəfəyə və din fəlsəfəsinə qədər bütün sahələrdə. Bir qrup iradəsiz adam da özlərini itirib bunların ağzına baxırlar ki, görsünlər nə deyirlər. Onlar nə desə, bunlar üçün Quran sözü olur. Bu, səhv və pisdir. Misal üçün, dünyanın bir nöqtəsində elmi inkişafa malik bir neçə düşüncə bir nəticəyə gəlmişdir. Bunun mənası o deyil ki, onlar nə düşünmüşlərsə, düzgündür. Siz öz əsaslarınıza baxın. Tarixin, fəlsəfənin, din fəlsəfəsinin, incəsənət və ədəbiyyatın, hətta başqalarının elm şəklinə saldığı digər humanitar sahələrin elmi məsələləri də bizim öz mədəniyyətimizdə, elmi, mədəni və dini irsimizdə mövcuddur. Belə bir müstəqil bina qurmalıyıq.821


Humanitar elmlərdə Qərb nəzəriyyələrini yamsılamağın zərəri

Qeyd etdiyim kimi, elə müəllimlər var ki, Qərbin humanitar elmlərdə düşüncə məhsullarını bütə çevirmişlər. Deyirlər ki, Allah qarşısında səcdə etməyin, amma bu bütlər qarşısında asanlıqla səcdə edirlər. Gənc tələbəni ona tapşırsan, düşüncə sistemini öz bütünə uyğun şəklə salar. Bunun dəyəri yoxdur və düzgün də deyil. Mən belə şəxslərə əsla güvənmirəm. Bu müəllim nə qədər alim olsa da, faydalı deyil, zərərlidir.

Bu gün xoşbəxtlikdən, bizdə mömin, gənc və imanlı alimlər var. Onlar humanitar elmlərdə sözün həqiqi mənasında geniş elmi islahat apara bilərlər. Onlardan istifadə olunmalıdır. Ehtiyatlı olun ki, sözügedən bütpərəstliyə düçar olmayasınız. Fəlsəfədə, iqtisadiyyatda, ictimai əlaqələrdə və siyasətdə bir qərbli mütəfəkkirin ağzından çıxmış bir sözü qəti dəlil bilənlər var; bəzən o söz Qərbin özündə qüvvədən düşür. Belə nümunələr çoxdur. Bir məsələni 40-50 il bundan əvvəl Qərbdə bir ictimai, yaxud siyasi filosof deyib, ondan sonra ona qarşı on tənqidi məqalə yazmışlar. Bu cənab isə 50 il qabaqkı sözü indi görüb yeni nəzəriyyə kimi ölkəyə gətirir və bəh-bəhlə tələbəyə, şagirdə, öz çevrəsinə verir. Belə nümunələr də var.

Qərbin həmin iqtisadi nəzəriyyələri əsasında Dünya Bankı və Beynəlxalq Valyuta Mərkəzləri xalq və dövlətlərə nə qədər proqramlar verdilər və qərblilərin özləri tərəfindən onların əleyhinə nə qədər tənqidi məqalələr yazıldı! Yenə də bizdə elə şəxslər var ki, həmin tövsiyələri eynilə təkrar edir və yazırlar. Bu, səhvdir. Elmi tədqiqat təkcə öyrənmək və təqlid etmək deyil. Tədqiqat təqlidin əksinədir. Bu sizin işinizdir.822


Elmi tərcüməçiliyin məzəmmət olunması

Təqlidçilik, təqlidin yayılması və inkişaf etməsi inkişaf deyil. İqtisadiyyatı asılı, elmi təqlidçi etmək, universitetdə tərcüməçilik, yəni sərhədlərin o tərəfinin, Qərb və Avropa ölkələrinin dediklərini tərcümə etmək, kim danışsa, elmə zidd danışdığını demək inkişaf deyil. Biz bunu inkişaf bimirik. Tərcüməni rədd etmirik. Mən bunu universitet toplantılarında dəfələrlə demişəm. Xeyr, tərcümə və digərlərindən öyrənmək yaxşıdır, amma tərcümə edirik ki, özümüz yarada bilək; ayrılarının sözünü anlayaq ki, beynimizə yenisi gəlsin, nəinki həmişə digərlərinin köhnə sözü üzərində qalaq. Hansısa qərbli yazıçı, filosof və ya filosofnüma 50-60 il bundan öncə ictimai məsələlər barədə bir söz deyib, indi bir cənab universitetdə ağzını qürurla açıb onu yeni söz kimi tələbəyə söyləyir. Bu, inkişaf deyil, geriləmədir. Milli dili məhv etmək, dini-milli kimliyi qüvvədən salmaq, model düzəltmək əvəzinə modelbazlıq etmək inkişaf deyil. Biz asılılığı və qərbləşməyi inkişaf bilmirik.823


Dünyanın elmi təcrübələrindən istifadə və yerli formulların istehsalı

Proqramlaşdırma, elm və tədqiqat mərkəzlərində çalışanlar iqtisadiyyat, siyasət, beynəlxalq siyasət və ölkənin digər həyati məsələləri üzərində işləməli və düşünməlidirlər, Qərb düsturlarını, Qərbin, Dünya Bankının, yaxud Beynəlxalq Valyuta Fondunun iqtisadi formullarını ölkədə tətbiq etməyi düşünməməlidirlər. Xeyr, o nəzəriyyələr bizim üçün faydalı deyil. Əlbəttə, elmlərindən istifadə edərik, bizim təəssübkeşliyimiz yoxdur. Harada elmi inkişaf və təcrübə olsa, istifadə edərik, materiallardan istifadə edərik, amma planı öz düşüncəmizə və ehtiyacımıza uyğun tərzdə hazırlamalıyıq.824


Elmin geniş və qeyri-inhisari əhatəsi

Elmin geniş dairəsi var, inhisarda ola bilməz. Biz fərz edə bilmərik ki, bir qrup ölkə, yaxud xalqların alimləri elmi istehsal etməlidirlər, elm üçün yeni sərhədlər təyin etməlidirlər, bir qədər özləri istifadə etməli, artığını da digərlərinə verməlidirlər. Belə olmaz. Bu nisbətin, belə iş formasının mənası bəzi ölkələrin həmişə geridə qalması, ölkələr arasında zalım əlaqənin - birinci, ikinci, üçüncü dünya söhbətlərinin, şimal-cənub söhbətlərinin davam etməsidir.

Bütün insanların tədqiqat və alimlik bacarığı var. Əlbəttə, istedadlar müxtəlifdir, lakin elə bir ölkə yoxdur ki, orada insanların elmin geniş dairəsində potensial olaraq özləri üçün bir yer tutmaq və rol ifa etmək bacarığı olmasın.825
Humanitar elmlərə diqqət və onların Qurandakı zərif işarələrini axtarmaq

Son olaraq bir məqama da toxunmaq istəyirəm. O da budur ki, mən dəfələrlə humanitar elmlərdən ötrü universitet mənsublarından gileylənmişəm. Bizim humanitar elmlərimiz Quran və İslamla ziddiyyət təşkil edən əsaslar üzərində qurulmuşdur. Qərbin humanitar elmləri başqa dünyagörüşə, yaranış barədə başqa bir dərkə və çox zaman materialist baxışa əsaslanır. Bu baxış yanlışdır, bu əsas səhvdir. Biz humanitar elmləri tərcümə edib heç bir İslam tədqiqatına icazə vermədən universitetlərimizə gətirir və müxtəlif sahələrdə öyrədirik. Halbuki humanitar elmlərin kökünü və əsasını Quranda axtarmaq lazımdır.

Quran tədqiqatlarının mühüm sahələrindən biri budur. Müxtəlif sahələrdə Quranın incə məqamlarına diqqət yetirmək, humanitar elmlərin əsaslarını Qurani-kərimdə axtarmaq və tapmaq lazımdır. Bu çox əsaslı və mühüm bir işdir. Əgər baş tutsa, o zaman humanitar elmlərin mütəfəkkir, araşdırmaçı və mütəxəssisləri bu təməl və əsas üzərində böyük elmi işlər görə bilərlər. Sözsüz ki, o zaman digərlərinin, qərblilərin və humanitar elmlərdə inkişaf etmiş şəxslərin inkişaflarından da istifadə edə bilərlər, lakin əsas Quran olmalıdır.826
Elmi hərəkətdə müstəqiliyyə diqqət

İşlərin biri budur. Bəzi şəxslər Qərb bazarlarının fərz edin, rəssamlıq tablosuna ehtiyacını öyrənir, sonra buraya gəlir, maliyyə yardımı alır və bizim rəssamımızı o ehtiyacı təmin etməyə sövq edirlər. Bu məsələ eynilə film sahəsində, bizim elmi işlərimizdə, ISI-də çap olunan məqalələrdə, sizin tədqiqat mərkəzində işlədiyiniz tədqiqat mövzusunda da belədir. Bu gün təəssüf ki, geniş yayılmış Avropa sözü ilə desək, sponsorlar müxtəlif sahələrə maliyyə köməkləri, maddi yardım və ianələr ayırır və istədikləri istiqamətdə iş gördürürlər. Buna diqqət yetirin. Ölkənin elmi müstəqilliyinə lazım olanlardan biri budur: elm, incəsənət hərəkəti və təbii ki, həm də siyasi hərəkət müstəqilliyi. Bəzi siyasi hərəkətlər də belədir.827




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə