Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Altıncı fəsil: Elmdə öncüllük üçün qısa yollardan istifadə



Yüklə 2,2 Mb.
səhifə24/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Altıncı fəsil: Elmdə öncüllük üçün qısa yollardan istifadə


Dünyada elmi inkişaf prosesi

Elmi inkişaf prosesi sürətə doğru bir prosesdir. Sanki bir nəfər piyada yol gedir, amma başqa bir nəfər velosiped əldə edir və bu velosipedlə yolu daha tez qət edir. Velosipeddən sonra tez avtomobilə çatır. Avtomobilə minəndə sürəti bir neçə dəfə artır və nəhayət, təyyarənin dayandığı yerə çatır. Təyyarəyə çatanda sürəti yüz qat artır. Amma piyada hələ velosipedə çatmayıb. Məsafə belədir. Bizimlə xarici ölkələr arasındakı məsafə bu şəkildə get-gedə çoxalır. İndi biz nə etməliyik? Məsafəni necə qət etməliyik? Biz kəsə yol tapmalı, ölkənin bütün istedadlarından istifadə etməliyik. Bu ölkədə düşmənlər və müstəmləkə siyasətləri qarşısında hərəkət və mübarizədə səmimilik oturuşmalıdır və bu, inqilab olmadan mümkün deyildi.779


Qısa yollarla elmi gerilikləri düzəltmək

Biz elmə yeni bir zirvə əlavə etmək üçün mütləq Qərb elminin keçdiyi mərhələləri keçməməliyik. Elm elə ağaclardandır ki, aşağıdan yuxarıya qədər hər yerdə yarpaq açması və yeni budaq çıxarması mümkündür. Əgər insan bəşəri elmlərdə yenilik etmək istəsə, mütləq bütün bu mərhələləri keçməsi və sonda bir şey əlavə etməsi vacib deyil. Xeyr, yolun ortasında da nələrsə əlavə etmək olar. Bu gün qərblilərin müəyyən və bəlli dəlillərə əsasən, dünya elmlərində İslam ölkələrindən və müsəlman cəmiyyətlərindən öndə olmalarına şübhə yoxdur. Amma şübhə də yoxdur ki, biz parlaq istedadlara malikik və yaradıcılıq ruhu insan qarşısında həmişə kəsə yol açır. Deməli, kəsə yollar axtarın, yeni şeylər kəşf edin, böyük işlər görün və bacardığınız qədər elmin dairəsini genişləndirin. Bu iş lazımdır. Həmçinin yeni dərmanlar kəşf etməyiniz lazımdır. Müalicə üçün yeni yollar tapın və yeni tibbi alətlər ixtira edin. Sizdən gözlənilən budur.780


Yenilik üçün kəsə yollar

Bacardığınız qədər yenilik və yaradıcılıqla məşğul olun, kəsə yollar seçin. Siz bacarırsınız və bacardığınıza inanmalısınız; necə ki, bacardınız. Bir gün bu inkişafa nə düşmən inanardı, nə də dostların çoxu. Mömin kadrlar göstərdilər ki, mümkündür və bacardılar. Bundan da irəliyə gedə bilərsiniz.781


Kəsə yol - bir elmi hərəkət

Düzdür, biz elmi baxımdan geridəyik. Bu bəllidir. Bu, 10-20 ilin söhbəti də deyil. Biz bu hərəkətdə bəlkə də sözün həqiqi mənasında yüz il geri qalmışıq. Əlbəttə, biz yüz il fərqlə başlamadıq, proses sürətli olduğundan məsafə daim çoxalmışdır. Kəsə yol isə mütləq vardır. Yəni bu gün elmin daxil olduğu böyük sahə və elmi baxış sayəsində yaranış aləmində peyda olan yeni məsələlər göstərir ki, bu böyük dünyada hər şey, o cümlədən kəsə yollar tapmaq mümkündür. Kəsə yolun özü bir elmi hərəkətdir. Yəni biz bilməliyik ki, dünyanın bugünkü elmi səviyyəsinə çatmaq istəyiriksə, bütün bu mərhələləri keçməyimiz vacib deyil. Biz kəsə yollar tapa bilərik.782


Elmin inkişafı üçün kəsə yollar

Elm və elmlə məşğul olan mərkəzlər barədə fikrimiz budur ki, kəsə yollar tapılmalıdır. Əks təqdirdə, bu yolu qət etmək həmişə geri qalmaq deməkdir.783


Elmi geriliyi düzəltməyin yeganə yolu

Mən dəfələrlə öz mütəfəkkirlərimizə demişəm ki, sizin dediyiniz bu məsələ - yəni Qərbin bizdən çox öndə olması bir həqiqətdir. Biz əgər Qərbin arxasınca, onun hərəkət etdiyi yolla gedib bugünkü nöqtəyə çatmaq istəsək, ömürlər və əsrlər çəkəcək və bacarmayacağıq. Bizim kəsə yollara ehtiyacımız var. Kəsə yol varmı? Mütləq var. Hanı? Mən bilmirəm, gedin tapın.

Mövcud kəşflərin hamısı kəsə yollardır. Baxın, bir zaman buxar enerjisi ilə hərəkət yox idi, digər enerjilərdən istifadə edirdilər. Amma bir nəfər buxar enerjisini kəşf etdi. Yəni təbiətdə buxar enerjisi əvvəldən vardı, amma sonradan birisi onu kəşf etdi. Bu bir kəsə yol deməkdir.

Kəsə yolları kəşf edin. Sizin müşahidə etdiyiniz və bu gün həqiqətən dünyanın bütün işlərinin, yaxud onun böyük bir hissəsinin asılı olduğu elektrik enerjisi həmişə təbiətdə mövcud olmuşdur, sonradan yaranmamışdır. Bir nəfər gedib bu qısa yolu tapmış və ondan keçmişdir.784


Çoxlu təbiət sirlərinin məchul qalması

Çox gözəl, hələ çoxlu qısa yollar mövcuddur. Böyük alimlər açıq söyləyirlər ki, biz hələ təbiət aləminin, o cümlədən insan vücudunun sirlərinin çoxuna vaqif olmamışıq, hələ çox şeyi kəşf etməmişik. Kim kəşf edə bilər? Düşünə bilən, alim olan və günün elmlərindən istifadə edən şəxs. Belə adam yeni yollar kəşf edə bilər. Siz də belə olun. Nə üçün özünüzü belələrindən kiçik bilməlisiniz?!785


Müasir dünya elmində önə keçməyin mümkünlüyü

Onların inkişaf sürəti çoxdur. Mən bir dəfə misal çəkdim ki, siz velosipedlə gedirdiniz, o özünü motosikletə çatdırdı, irəliyə düşdü və sonra özünü təyyarəyə çatdırdı. İndi məsafə çoxalıb. Amma siz hələ də velosipedin pedalını vurub irəliləyirsiniz. Belə olmaz. Özünüzü təyyarəyə çatıdrmalısınız. Bundan başqa çarə yoxdur. Qısa yol tapmalısınız və bu da yalnız elmlə mümkündür. Heç kəs iddia edə bilməz ki, elm yalnız qərblilərin əldə etdikləridir və onun qapısı bağlanıb. Xeyr, heç kəs iddia edə bilməz ki, elmdə bir addım yüksəklik mütləq indiyədək elmi olanlara məxsusdur. Əlbəttə, bu yüksəyə addım atmaq onlara daha asandır, lakin təkcə onlara məxsus deyil, elmi iş görməklə, çalışmaqla hamıya mümkündür. Bunun şərtləri var.786


İnkişaf etmiş ölkələrlə məsafəni azaltmaq üçün kəsə yollar

Soruşdunuz ki, bizimlə inkişaf etmiş ölkələr arasındakı məsafə bitəcək, yoxsa yox? Mənim fikrim budur ki, bəli, tamamilə bitəcək. Ola bilsin biz onların getdiyi yollarla gedib məsafəni bitirə bilməyək. Lakin dünyada istədiyin qədər kəsə yol mövcuddur. Biz Allahın yaratdığı bu təbiəti yaxşı tanımamışıq. Minlərlə yol vardır. Bir yol indiki sənaye sivilizasiyasının getdiyi, hər bir addımdan sonra növbəti addıma səbəb olan yoldur. Biz nə üçün dünyada yeni bir bacanın açılmasına, yeni kəşfin edilməsinə ümidsiz olmalıyıq?! Bir zaman elektrik enerjisi kəşf olunmamışdı. Yəni dünyada mövcud idi, amma onu tanımırdılar. Birdən tanıdılar və əldə edildi. Bir zaman buxar enerjisini tanımırdılar. Ondan öncə odu tanımırdılar. Amma sonra tanıdılar. Nə üçün biz bu dünyada məchul bir şeyi öyrənməyə məyus olmalıyıq?! Necə ki, hər gün məchul şeylər tanınmaqdadır. Biz bu sahədə işləməli və bizi sürətli elmi inkişafa tam hazır edən yola çatmalıyıq. Çarəsi də təkcə budur ki, gənclər, xüsusən də elm, təhsil və tədqiqatla məşğul olan gənclər çətin işlərdən qaçmasınlar.787


Dövrün imamının duası ilə kəsə yolları və kəşf olunmamış qanunları tapmaq

Mən həmişə demişəm, yenə də təkrar edirəm: Siz dalanları açın və qısa yollarla hərəkətinizi davam etdirin. Kəsə yollar vardır. Dünyanın əksər böyük kəşfləri kəsə yolların kəşfi olmuşdur. Dünyada elektronika və kompüter bir kəsə yolun kəşfi idi. Belə yolları tapın. Dünyada kəşf olunmayan və bilinməyən milyonlarla sirr, hələ bəşərin əlinə keçməyən milyonlarla təbiət qanunu vardır. Onları tora salın. İstedadlı və bacarıqlı insanların güclü qolları üçün hazır olan bu ovları siz tutun. Siz müntəzəm şəkildə çalışın, mümkün olacaq.

Əlbəttə, bu söz yalnız müdafiə sənayesində işləyən sizlərə ünvanlanmır. Bu söz ölkənin bütün qüvvələrinə aiddir. Biz bütün sahələrdə belə hərəkət etməliyik. Allah-Taala kömək edəcək, inşallah dövrün imamının duası sizin işinizə yardım edəcək və ölkə inkişaf edəcək. İnşallah imamın və şəhidlərin pak ruhları sizin işlərinizə görə sevinəcəklər.788
Elmi məsafələri qət etməyin mümkünlüyü

Mənim əziz universitet mənsublarına demək istədiyim söz oxşar görüşlərdə dəfələrlə dediyimdir. Yenə də təkrar etmək istəyirəm ki, biz elmi baxımdan dünyadan geriyik. Bu məsafəni keçmək üçün bir yol yoxdur?! Mənim qəti fikrim budur ki, biz qısa yollardan istifadə edib, ilk baxışda heç zaman mümkün görünməyən bu məsafəni keçə bilərik; çünki böyük məsafə ilə irəlidə hərəkət edən və günbəgün sürətini artıran şəxs dayanmadan uzaqlaşır. Mənim ciddi fikrim budur ki, bu məsafəni keçmək, ölkəmizdə və bizə bənzər ölkələrdə olan elmi nöqsanları və mövcud uçurumları düzəltmək olar.789


Elmi tabelik və geriliklərin günbəgün artan məsafəsi

Biz indi bu tarixi geriliyi bir yolla düzəltmək istəyirik. Nə etməliyik? Əgər adi baxışla baxsaq, görərik ki, məsafə çoxdur. Təsadüfən, onların nəqliyyat vasitəsi də sizinkindən daha sürətlidir. Buna görə də məsafə günbəgün çoxalır. Biz buna məhkumuq. Bu doğrudurmu?! Onların getdiyi yolu biz də davam etdiririk və düşünürük ki, davam etdirməliyik; deyirik hər halda, onlar bu yolla getmişlər, biz də gərək gedək. Bu, gedilmiş yoldur, lakin onlarla bizim məsafəmiz çoxdur. Mən bir dəfə belə məclislərin birində universitetdən gəlmiş dostlara dedim ki, biz gedirdik, o, velosiped tapdı və bizimlə məsafəsini çoxaltdı. Sonra avtomobil tapdı və ondan istifadə etdi. Amma mən velosipedə indi çatmışam. Beləliklə, məsafə daha da artdı. O indi daha sürətli vasitələr əldə etmişdir. İndi mən oturub onun hərəkət tozuna tamaşa etməliyəm, yaxud bu inkişafın həsrəti ilə qəmlənməli və yanmalıyam?! Biz nə etməliyik?790


Elmi geriliyin əlacı

Mənim 2-3 ildir universitetlərdə təkrar etdiyim Elm istehsalı hərəkatı bunun üçündür. Elm istehsalı - gedilməmiş yollarla getməkdir. Əlbəttə, bu o demək deyil ki, biz digərlərinin getdiyi yolu getməyək və digərlərinin təcrübələrinə etinasız yanaşaq. Əslində mənası budur ki, fikirləşək. Bu möhtəşəm dünyada və böyük təbiətdə bugünkü mütərəqqi elmin əldə etmədiyi çoxlu bilgilər var. Təbiətin hələ elmə məlum olmayan məsələləri olduqca çoxdur və böyük ehtimalla, bəşərin bu günə qədər əldə etdiklərindən qat-qat artıqdır. Diqqət etməli, düşünməli və məchul məqamların kəşfinə çalışmalıyıq. Burada deyildiyi kimi, istedadları işə salmalıyıq. Mən bilirəm ki, iranlı beyninin və düşüncəsinin belə istedadı var. Qısa yollar tapmalıyıq, elmdə bidət və yenilikdən qorxmamalıyıq. Bu hərəkət bizim universitetlərimizdə, elmi-tədqiqat müəssisələrimizdə kütləvi şəkildə müqəddəs iş və ibadət hesab olunmalıdır. Elmin bütün sahələri belə şəkil almalıdır. Bizim düşünmək və elmi yeniliklərə nail olmaq cürətimiz olmalıdır.

Əlbəttə, bu sözün qarşısında tam ümidsizliklə demək olar ki, digərlərinin görmədiyi hansı işi görək, hansı yolla gedək?! Amma mən düşünürəm ki, gedilməyən yolları getməyin mümkünlüyünü düşünmək, ona ümid bağlamaq olar. Bu gün dünyanın və bəşəriyyətin tanıdıqlarının çoxu bir zaman məchul idi, lakin kimlərsə cürətlə bu məchulları kəşf etdilər. Hansı səbəbə görə biz başqa bir məchulu kəşf edə bilmərik?! Bu gün hər bir yeni kəşf ən üstün elmlərdən və ən inkişaf etmiş texnologiyalardan asılı deyil.791
Avropadan önə keçmək üçün kəsə yolların kəşfi

Biz nə üçün bacarmadığımızı düşünməliyik?! Bəli, bizi inkişaf etməyə qoymadılar. Həqiqət budur ki, biz dünya elmindən 200 il geri qalmışıq. Amma elmin sərhədlərinə çatmaq o demək deyil ki, avropalıların iki yüz ilə getdikləri yolu biz də iki yüz ilə gedək, sonra onların bu gün çatdıqları yerə çataq. Yox, belə deyil, biz kəsə yollar tapmalıyıq. Biz elmi avropalıların əlindən almalıyıq. Biz öyrənməyə utanmırıq. İslam deyir ki, dünyada bir neçə qrup var. Onların biri bilmədiklərini öyrənmək fikrində olanlar, öyrənməyə utanmayanlardır. Biz bu gün bəşər beyninin, ağlının və istedadının nəticəsi olan elmləri öyrənirik. Bilmədiklərimizi böyük məmnuniyyətlə öyrənirik, müəllimlərimizə hörmət də edirik; bizə elm öyrədənlərə hörmətsizlik etmirik. Amma ayrısından elm öyrənmək şagirdin həmişə şagird qalması mənasında başa düşülməməlidir. Biz bu gün şagirdik, sabah onların müəllimi olacağıq. Necə ki, onlar bir gün bizim şagirdimiz idilər, amma indi müəllimimiz olmuşlar.792


Geriliyi düzəltməyə çalışmaq

Bu bir həqiqətdir ki, bizi on illərlə geridə saxlayıblar və bu on illər elmi çiçəklənmə və inkişaf dövrünə təsadüf edir. Bizi özümüz istəmədən və iradəsiz olaraq on illərlə - Qacarlar dövrünün sonlarından Pəhləvi dövrünün sonuna qədər geridə saxlayıblar. Bu reallıqdır. Biz bu gün tər töküb çalışmalı və bu məsafəni mümkün qədər azaltmaq üçün var gücümüzü işlətməliyik. Mənim təcrübəyə və bu sahələrdə nəzər sahibi olan ekspertlərin elmi baxışlarına əsaslanan fikrim budur ki, bacararıq. Bu, imkansız bir şey deyil. İlahi qaydalarda və yaranış qanunlarında kəsə yollar çoxdur. Hünər budur ki, kimsə onu tapsın. Deməli, bacarırıq, lakin çalışmaq lazımdır.793


Elmin sərhədlərini keçməyin yolu

Elmin sərhədlərini keçmək ölkəmizdə hələ də ciddiyə alınmır. Biz istəyirik ki, alimlərimiz kəsə yollar tapsınlar. Təbiət aləmində mövcud olan və bəşərin biri o birindən sonra kəşf etməli olduğu tükənməz yolların kəşf olunmayanlarını tapmaq lazımdır. Biz kəşf olunmayan yolları kəşf etmək istəyirik. Biz hansısa texnikanı, fərz edin, nüvə işi üçün digərlərinin bizdən illər öncə tapdığı, istehsal və istifadə etdiyi sentrifuqu özümüz düzəldə bilmişiksə, bu, təbii ki, böyük işdir. Biz bunu digərlərinin köməyi olmadan görə bilmişik və onun yeni nəsillərini istehsal edirik. Bunda şübhə yoxdur, amma bu, görülməmiş iş deyil. Bu, digərlərinin gördüyü iş və getdiyi yoldur. Biz də əlli il, yüz il bundan sonraya qədər məhrum qalmalı idik. Bu texnologiya və bu elm bizim kimi ölkələrə verilməyəcəkdi. Bizim gənclərimiz, alimlərmiz, tədqiqatçılarımız öz səylərini toplaya bildilər. Bu, dəyərli işdir. Amma mən deyirəm ki, elm və texnologiya sahəsində bəşər beyninin əldə etmədiyi işi görməyə çalışın. Bu zaman biz elmin ön xəttini qırıb bir addım irəliyə getmiş olacağıq. O zaman bunu iddia edə bilərik və bu mümkündür. Əlbəttə, yeni addımlar atmaq həm də digərlərinin vasitəsi ilə keçilmiş yolları qət etməkdən asılıdır. Buna şübhə yoxdur. Amma heç zaman beyni qısa yollar tapmaq üçün axtarışdan məhrum və bu işi ona qadağan etməməliyik. Ölkədə bizə bu lazımdır.794


Kəsə yollar və onların müqəddimələri

Özünüzü alim edin. Ölkənizi və xalqınızı elm sarıdan inkişaf etdirin. Bizim bu sahədə geriliyimiz var. Elm və tədqiqatın bu ölkədə prioritet olmasını zamanında anlamayan və ölkəni geridə saxlayan şəxslərə Allah lənət eləsin! Sonra da bu ölkədə uca iradələr görünmədi ki, geriliyi düzəldə bilsinlər. İnqilab isə vərəqi tamamilə çevirdi və yolu dəyişdi. Biz bu geriliyi düzəldə bilərik. Əlbəttə, əgər eynilə digərlərinin getdiyi xətti izləsək, qiyamətə qədər onlardan geridə qalacağıq. Lakin kəsə yollar vardır.

İlahi xilqətin bir-birinin içində olan qəribə yolları vardır. Onları kəşf etmək lazımdır. Bu elmi inkişafların hamısı kəsə yolların kəşfidir. O qədər kəsə yol var ki, siz onları tapıb kəşf etsəniz, birdən-birə özünüzü yarışın ön xəttində görəcəksiniz. Əlbəttə, elmin müqəddimələrini bilmədən kəsə yolu tapmaq imkansızdır. Elmi hazırlıqlara yiyələnmək və xalqı alim etmək lazımdır. Lakin tədqiqat işi ciddi sayılmalıdır. Deməli, elmi hərəkat və elmi sıçrayış mühüm məsələdir.795



Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə