Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Beşinci fəsil: Təhsil və lazımi hazırlıqlar



Yüklə 2,2 Mb.
səhifə23/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Beşinci fəsil: Təhsil və lazımi hazırlıqlar


Tədqiqat - təhsilin dayağı

Tədqiqatsız təhsil özündən su çıxmayan bir quyuya su doldurmaq, tədqiqat isə quyunun, yaxud bulağın çağlaması kimidir. Tədqiqat ruhu dirçəlməlidir. Biz bacarırıq. Allaha şükür olsun ki, bizim dəyərli tədqiqatçı və mütəfəkkirlərimiz az deyillər və işləyə bilərlər; bütün sahələrdə də işləyirlər. Tədqiqat təhsilimizin dayağı olmalıdır, onun özündə də rol oynamalıdır. İnşallah müvəffəq olasınız.738


Mədəniyyətin elmə və inkişafa istiqamətləndirilməsi

Baxın, mədəniyyət bütün mərhələlərdə əsas amildir. Növbə bizim bu gün olmadığımız bir dövrə - yəni quruculuq və milli ehtiyatları yenidən yetişdirmək dövrünə çatdıqda bir xalqın işinə yarayan amil mədəniyyətdir. Əgər bir ölkədə, yaxud ölkənin bir hissəsində iş və yaradıcılıq mədəniyyəti olmasa və insanlar yaradıcılıqla məşğul olmasalar, siz min yaxşı müdir gətirsəniz də, nə iş görə bilərlər?! Elm, elmi bacarıq və maddi resurslar sonrakı mərhələdədir. Bu dövrdə bir xalqı xilas edən amil mədəniyyətdir.

Hər halda, ABŞ xalqı bəzi mədəni xislətlərinə, coğrafi və tarixi xüsusiyyətlərinə görə elmi zirvəyə çata, elm, sərvət və bu kimi məsələlər baxımından inkişaf edə bilmişdir. Lakin o ölkəyə düzgün, yaxşı və kamil bir əxlaq hakim olmadığından, elm və sərvətləri indiyədək tənəzzülə xidmət etmişdir. Bundan sonra da qüdrət sarayının dağılması üçün işlənəcək. Əlamətləri indidən görünür.739
Elm və mədəniyyətdə keyfiyyətin inkişafı və istehsal

Əhəmiyyəti az olmayan və hətta uzunmüddətli baxış cəhətindən çox olan ikinci hissə mədəniyyətin keyfiyyətinin artırılması və inkişaf etdirilməsidir; yəni mədəniyyətin istehsalı, qəlblərdə, ruhlarda və istehsallarda mədəniyyət bulağının aşıb-daşması. Bu çox mühümdür. Biz xalqı kitab oxumağa həvəsləndirməliyik, amma bundan da vacibi odur ki, xalqın yazıçılıq istedadını tapaq, kitab istehsal edək, istedadları işlədək; qələmlər kağız üstə gəzsin, düşüncələr işləsin, xalq üçün qursun və istehsal etsin. Bu, mühüm məsələdir.740


Elmə həvəssizlik hissini uzaqlaşdırmaq

Təəssüf ki, bizim yuxarı siniflərimizdə və universitetlərimizdə təhsil alan gənclərimizdə elmi məsələlərdə bir səhlənkarlıq, laqeydlik, qeyri-ciddilik, hövsələsizlik və elmə diqqətsizlik müşahidə olunur. Halbuki istedadlar yüksəkdir. Bu barədə aparılan tədqiqatların nəticəsi budur ki, iranlı gənc universitetdə tədqiqat layihəsi götürür, istedadını göstərir, lakin lazımi müntəzəmlik, davamlılıq və ciddilik nümayiş etdirmir. Əslində inkişaf etməkdə olan yeni nəsillərimizə etinasızlıq, halsızlıq və zehni tənbəllik haləti hakimdir. Bu, ölkə üçün çox təhlükəlidir. Bu, uşaqlıqda təlim və tərbiyə ilə təmin olunmalı, orta məktəblərdə öyrədilməlidir.

Diqqət yetirirsinizsə, çox zaman dərsin çoxluğundan gileylənirlər. Halbuki məndə olan məlumata görə, dünyanın inkişaf etmiş universitet və liseylərinin dərs həcmi bizdəkindən çoxdur. Yəni bu müddət ərzində daha çox kitab oxumalı və daha çox öyrənməlidirlər. Biz əslində, necə deyərlər, zehni tənbəllik dövrünü keçiririk. Və bu, çox təhlükəlidir.741
Elmi yeniliyə lazım olan iki amil

İslam maarifində ictihad adlanan elmi yenilikçilik üçün iki şey lazımdır: elmi güc və elmi cəsarət. Əlbəttə, elmi güc çox mühümdür. Güclü istedad, lazımi məlumat və öyrənmək üçün ciddi səy elmi gücün əldə edilməsi üçün çox lazımlı amillərdir. Amma bunlar kifayət deyil. Yetərincə elmi gücü olan, amma məlumatlar yığınının heç bir praktik xeyri olmayan, elm karvanını irəli aparmayan, bir milləti elmi baxımdan yüksəltməyən insanlar çoxdur. Buna əsasən, elmi cəsarət də lazımdır.742


Bütün elmlərdə yenilik

Elmdən söhbət etdikdə, ola bilsin birinci növbədə sənaye və texnologiya məsələlərinə aid elmlər yada düşsün. Amma mən bunu ümumi şəkildə deyirəm. Humanitar, ictimai, siyasi və iqtisadi elmlərin, cəmiyyəti və olkəni idarə etmək üçün nəzəri cəhətdən lazım olan müxtəlif məsələlərin də elmi yeniliyə, yəni ictihada ehtiyacı var.743


Geniş yayılmış elmi mətnlərin tənqidi

Bizim elm mərkəzlərimizdə müşahidə olunan və məncə böyük eyiblərdən sayılan məsələlərdən biri budur ki, on illərdir xarici mətnləri təkrarlayır, oxuyur, əzbərləyirik, amma sual və tənqid irəli sürmürük. Elmi mətnləri oxumaq və elmi hər hansı bir şəxsdən öyrənmək lazımdır. Amma elmi tərəqqi üçün güclü, uca, cəsarətli və işgüzar ruhlara ehtiyac var. Belə olsa, inkişaf edəcək. Dünyanın elmi inqilabları belə yaranmışdır.744


Yenilik üçün elmi cəsarət

Əgər elmi baxımdan inkişaf etmək istəyirsinizsə, yenilik cəsarətiniz olmalıdır. Müəllim və tələbə verilmiş elmi təriflərin mütləqçilik və toxunulmazlıq zəncirindən xilas olmalıdır.

Bu, səhv anlaşılmasın, mən heç kimə elmi anarxizmi və mənasız danışmağı tövsiyə etmirəm. Hər hansı sahədə elmsiz şəxslər özlərindən yenilik etmək istəsələr, cəfəngiyata üz tutmalı olacaqlar. Biz bəzi humanitar və dini elmlərdə bunu görməkdəyik. Məlumatsız şəxslər yetərli savada malik olmadan meydana atılır, danışır və yenilik yaratdıqlarını xəyal edirlər. Bu əslində, yenilik deyil, cəfəngiyatdır.745
Universitetlərdə yenilik ab-havası yaratmaq

Öyrənmək lazımdır, lakin yalnız digərlərinin elmi nailiyyətlərinin istehlakçısı olmaq lazım deyil. Elmi sözün həqiqi mənasında istehsal etmək lazımdır. Bu iş üçün də metod və qaydalar lazımdır. Mühüm odur ki, elmi yenilik ruhu universitetdə dirçəlsin və canlı qalsın. Mən xoşbəxtlikdən, tələbələrdə bu şövqü hiss etmişdim, müəllimlərdə də onu görürəm. Bunlar əl-ələ verib ölkənin elmi səviyyəsini yüksəltməlidir. Elm imanın hidayəti ilə, düzgün duyğularla, aydın və ayıq məlumatlarla birgə olsa, böyük möcüzələr edəcək. Ölkəmiz bu möcüzələri gözləyə bilər.746


Orta məktəblərdə əzbərçilik yerinə dərk etmək və düşünmək

Orta təhsilə ciddi diqqət yetirilməli, onda təkcə kəmiyyət işi nəzərə alınmamalıdır. Düzdür, məişətə diqqət çox lazım və zəruri, yaxud evlə təmin etmək çox yaxşıdır. Lakin təlim və tərbiyə sistemi, onun siyasətləri, özümüzün milyonlarla yeniyetmə və uşaq izdihamımızla nə etmək istədiyimizi bilmək - təhsil illərinin və pillələrinin rolu, misal üçün, çox mühüm olan altı-səkkizinci siniflər pilləsi burada əhəmiyyət kəsb edir - tam diqqət mərkəzində olmalıdır. Biz nə etməliyik ki, şagirdimiz əvvəldən əzbərləmək əvəzinə, düşünməyə və fikirləşməyə alışsın. Uzun və bəzən çətin kitablar oxumaq yerinə - belə kitablar yadında qalmır və universitetdə ümumiyyətlə, işə yaramır - nə edək ki, onda düzgün dərk yarada bilək və o, gələcəyi üçün lazım və əhəmiyyətli olanı anlasın. Düzdür, bu iş çətindir, amma şahanə bir işdir. Biz bu işi görə bilsək, gənclərin təhsil gələcəyinə dair problemlərimizin mühüm bir hissəsini həll etmiş olacağıq.747


Universitetlərdə elmin daxildən istehsalı

Sonrakı məsələ budur ki, bizim universitetlərimizdə tədqiqat sahəsinə aid məsələlər üzərində ciddi təkid göstərilməlidir. Texnoloji elmi idxal etmək olar; necə ki, indi bu işi görürük, bir sənaye məhsulunun texnoloji elmini idxal edirik. Lakin bu ona bənzəyir ki, biz bir quyuya əlimizlə su tökür və sonra onu çıxarırıq. Uzunmüddətli plan kimi bu işin faydası yoxdur. Elm daxildən qalxmalıdır; özü də ölkənin ehtiyacına uyğun şəkildə. Ölkəyə elm istehsalı hissi hakim olmalı, universitetlərdə bu işə ciddi yanaşılmalıdır. Tədqiqat büdcəsinin artırılması bu işlərdən biridir. Bu işi kim görməlidir? Mənim fikrimcə, onun iki əsas amilindən biri sizsiniz. Siz tədqiqat büdcəsini həqiqətən, artırmalısınız.748


Universitetə hazırlıq

Bu gün şagirdin ibadət kimi yanaşmalı olduğu ən mühüm işi dərs və təhsildir. Öz düşüncənizi, biliyinizi, elmi gücünüzü artırın. Siz 9-11-ci siniflərdə idmançı gənc kimisiniz. Sizin öyrəndikləriniz zehninizin idmanı, gücləndirilməsi və sınanması kimidir. Bunlar sizi universitetdə yaxşı elmi yollara və inşallah yüksək rütbələrə və böyük işlərə sövq edəcək.749


Həqiqi təlimə lazım olan məsələlər

Tədris çox zərif və dəqiq işdir. Tədris yalnız bu deyil ki, biz bir sıra məlumat toplusunu şagirdə verək və oxumasını deyək, ilin sonunda da imtahan alaq. Bu, həqiqi tədris deyil. Tədris zehni, beyni fəallaşdırmalı və birinci növbədə şagirdin qəlbində biliyə həvəs yaratmalıdır. Həvəsləri olmayan bir fəndə oxuyanların məlumatları nə qədər artsa da, o fənnə həvəs və rəğbət bəsləyən şəxs kimi ola bilməzlər. Bütün fənlər belədir. Şagirdin qəlbində istər məlumatların özünə, istər elmin xüsusi fənlərinə qarşı həvəs və rəğbət yaranmalı, daxilində bu düşüncə və beyin fəaliyyəti, bu həvəs, həmçinin müəllimin şagird üçün çəkdiyi zəhmət onu həqiqi bir alimə çevirməlidir.750


Təhsil sistemində yaradıcılıq və elm istehsalı hissi yaratmaq

Biz ölkənin müəllimlərinə və ali təhsil məmurlarına həmişə tövsiyə edirik ki, gənclərimizi elm istehsalı və yaradıcılıq hissi ilə yetişdirsinlər və bunu bacararlar. Biz gərək "bacarırıq" şüarını heç zaman unutmayaq. Bir dəfə imam gənclərə və xalqa müraciətlə dedi ki, siz bacarırsınız. Bu, çox mühüm şüardır. Uzun illər ölkəmizdə birbaşa və dolayısı ilə təbliğat aparıb xalqımıza və gənclərimizə bacarmadıqlarını təlqin eləyiblər. Sanki elmi inkişaf sarıdan ölkəmizin və xalqımızın qisməti bacarıqsızlıq, Qərb dünyasının, yaxud Avropanın taleyi isə inkişafdır. Bu çox səhv və təhlükəli bir təsəvvürdür. Xeyr, siz elm zirvələrini fəth etməyi bacarırsınız. Elmin əyri-üyrü yolları ilə gedin, elmi dalanları açın.751


Elm hərəkatının aşiqanə işdən asılı olması

Mən iki-üç il öncə universitetlərin birində keçirilən bir tələbə məclisində dedim ki, bu gün bizim Proqramlaşdırma hərəkatına ehtiyacımız var. Bu məqsədlə bir hərəkat və ümumi səy lazımdır. Bu ümumi səy yalnız müdirlərə məxsus deyil. Siz fikirləşməyin ki, müdirlər bunu etmirlər, bəs necə olacaq. Hamısı müdiriyyətə aid deyil. Sizin istək və iradəniz - siz əziz uşaqlardan biri dedi ki, eşq; bəli, eşq – aşiqanə işləmək, eşqlə elm və tədqiqat ardınca getmək və istəmək – bunun rolu böyükdür. Dünyanın böyük elmi nailiyyətləri həmişə rifahla yanaşı olmamışdır. Düzdür, elm özü ilə rifah, siyasi ağalıq və hərbi üstünlük də gətirir, iqtisadi və siyasi sahələrdə nüfuza səbəb olur, milli valyutanı gücləndirir, ölkə iqtisadiyyatını rövnəqləndirir. Bunların hamısı elmin bəhrəsidir. Lakin elmi nailiyyətin özü zəruri olaraq rifah və rahatlıq şəraitində yaranmır.752


Azadlığa və əxlaqa riayət etmək və Proqramlaşdırma hərəkatı

Azadlığa, əxlaqa və məntiqə bir yerdə və bir-birinin kənarında riayət olunması cəmiyyətdə elmi yaradıcılıq və uğurlu dini təfəkkür prosesinin başlanğıcı, bütün universitet və hövzə elmlərində elmi və dini proqram istehsalı hərəkatının açarının vurulması deməkdir. Şübhəsiz, azadlıqsevərlik, düşünmək və azadlıqdan istifadə qaydasına riayət etməklə düşüncəni bəyan etmək üçün imkan tələbi bir İslam tələbidir. Düşüncə, qələm və söz azadlığı şüarçılıq yox, İslam inqilabının əsas məqsədlərindəndir.753


Elm və düşüncənin rövnəqlənməsi üçün elmi üsullar

Sağlam tənqid şəraiti, söz azadlığı, İslam dövlətinin himayəsi, alim və nəzər sahiblərinin bələdçiliyi ilə azad müzakirə olmadan elmi və dini düşüncənin istehsalı, nəticədə sivilizasiya və ideal cəmiyyət qurmaq işi imkansız, yaxud olduqca çətin olacaq. Mədəni xəstəliklərin və nalayiq işlərin əlacı və mədəni xaosun idarəsi üçün də ən yaxşı yol söz azadlığının qanun çərçivəsində və nəzəriyyə istehsalının İslam çərçivəsində dəstəklənməsi və oturuşmasıdır. Belə nəzərə çarpır ki, sizin təklif etdiyiniz hər üç üsul - yəni nəzəriyyə kürsüləri, sual və şübhələrə cavab kürsüləri, bir də tənqid və mübahisə kürsüləri yaratmaq praktik və məntiqi üsullardır; yaxşı olar ki, dəstəklənsin və idarə olunsun. Belə ki, elm şəraiti mümkün qədər genişlənsin, elm və din oğrularının, hiyləgərlərinin əl-qolu bağlansın.754


Bütün elmlərdə diskussiya və nəzəriyyələrin tənqidi

Bu ideya - istər elmi münsiflər heyətlərinin iştirakı ilə keçirilən mühakiməyə qabiliyyətli metodik mübahisələr, istər nəzəriyyə yürüdənlər üçün imkan yaratmaq və sonra onların ideyalarının hövzə və universitetin elmi arenası qarşısında mütəxəssislər tərəfindən tənqidi yalnız bəzi dini düşüncələr, yaxud humanitar və sosial elmlər çərçivəsində qalmasın, bütün elmlərdə, nəzəri və praktik fənlərdə, hətta fundamental və tətbiqi elmlərdə də kəşf, ixtira və nəzəriyyə sahiblərinə dəstək istiqamətində belə bir şərait yaradılsın. Əlbəttə, bu nəzəriyyə və diskussiyaların elmilik səviyyəsinin enməməsi, püxtələşməsi və müzakirələrin səviyyəsinin aşağı, avam və reklam həddində olmaması üçün yollar düşünmək, qaydalar yazmaq lazımdır.755


Elm və mədəniyyətin inkişafı üçün azadfikirliliyin zəruriliyi

Əgər həqiqətən mədəniyyətin, düşüncənin, elmin həqiqi inkişafı sahəsində işləmək istəyiriksə, Allahın verdiyi nemətlərdən və birinci növbədə azadfikirlilikdən istifadə etməyə ehtiyacımız var. Bizim cəmiyyətimizdə azadfikirlilik məzlum bir şüardır. Azadfikirlilik deyən kimi bəziləri elə bilirlər ki, bütün prinsipial təməllər uçurulacaq; onlar da həmin təməlləri sevdiklərinə görə qorxurlar. Başqa bir qrup da düşünür ki, azadfikirliliklə bu təməllər sındırılmalıdır. Hər iki qrup mədəniyyət və inkişaf üçün vacib şərt olan azadfikirliliyə zülm edir. Bizim azadfikirliliyə ehtiyacımız var.756


Elmin istehsalı üçün hörmətli və cəsarətli şərait

Biz sağlam, hörmətli və cəsarətli mübahisə və müzakirədən irəli gələn bu təcrübələri çoxaltmalıyıq ki, onlardan elmi bəhrə götürək. Bu məsələ eynilə universitetdə də mövcuddur. Dəfələrlə demişəm ki, universitet görüşlərində bu qədər təkid etdiyim Proqramlaşdırma hərəkatının mənası budur. Biz elm mədəniyyətini istehsal etməli və əsaslı işləməliyik. Hökumət düşüncələrin sağlam toqquşmasına açıq dəstək verməlidir.757


Ölkəni dünya elminin zirvəsinə çevirmək imkanı

Mən Tehranda elm və tədqiqatla məşğul olan bir qrup tələbə gəncə dedim: Siz elə edin ki, gələn əlli ildə İran dünya elminin zirvəsi olsun, elm istehsalında, təbiətin kəşfində digərlərinə möhtac olmasın. Bu gələcək bəzilərinə çox inanılmaz və absurd görünə bilər, amma mümkün və iradə ilə çalışsaq, qətidir. Allaha bədgüman olmaq lazım deyil. Allah-Taala buyurmuşdur: "Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik".758 Dünya istəyənə də kömək edərik, axirət istəyənə də kömək edərik. Bu, ilahi qanundur.759


Proqramlaşdırma hərəkatının daxili fəaliyyətdən asılı olması

Proqramlaşdırma hərəkatı hövzə və universitetin özündə baş verməlidir. Əlbəttə, biz hövzədəki dostlarla və bu işə marağı olan şəxslərlə də söhbət etmiş və xəbər göndərmişik. Onlar da deyiblər ki, biz işlə maraqlanacağıq. Mən hövzə və universiteti vadar etməyə çalışırdım ki, bu iş onların daxilindən çağlasın və özləri işə başlasınlar. Bu iş bundan asılıdır. Əgər işə biz başlasaq, ümumiyyətlə, istədiyimiz kimi olmayacaq. Əlbəttə, mənim şübhəm yoxdur ki, hökumət, məmurlar və bizim özümüz birbaşa himayə etməliyik və edirik. Lakin bu iş hövzədə formalaşmalıdır.

Universitet mənsubları da daim hazırlıqlarını elan etmişlər; bəlkə də on, yaxud on beş universitetdən və tədqiqat mərkəzindən mənə məktub gəlib. Bundan əlavə, insanlar ayrı-ayrı, yaxud ümumi şəkildə məktub yazıb bu işə müsbət münasibət bildiriblər. Bu işə başlamaq lazımdır.760
Universitetdə elm və tədqiqat işinə ciddi yanaşmaq

Əlbəttə, Elm istehsalı hərəkatı elmin inkişafı olmadan mümkün deyil. Elm inkişaf etmədən bu çeşidli dünyada rəqabət aparmaq, irəliləmək olmaz. Elmi inkişaf vacib şərtdir. Bu, universitetlərin, tələbələrin və müəllimlərin vəzifəsini çox ağırlaşdırır.

Siz universitetdə elm və tədqiqat məsələsinə ciddi yanaşmalısınız. Mən sevinirəm ki, əziz bir tələbə öz söhbətində tədqiqat büdcəsinə toxundu, az olduğunu dedi, onu tələbələrin istəyi və tələbi kimi ortaya qoydu. Müəllimlərin iclasında da bunu bildirdilər. Gəncin tədqiqat, elmi iş və inkişaf fikrində olması çox yaxşıdır. Elmi inkişaf olmadan ölkəni inkişaf etdirmək olmaz. Bu gün bəşəriyyətin düşmənləri də elmdən istifadə edirlər. Biz uca ideallar, həqiqi dəyərlər, insani fəzilətlər və onların yayılması üçün elmdən istifadə etməliyik.761
Elm və tədqiqata istiqamət vermək üçün dünya hadisələrinə baxmaq

Universitetdə Bəsicin bir gözü universitetə baxır, bir gözü dünyaya. Universitetə baxmaq - yəni elm, tədqiqat, iş, dərs, universitet münasibətləri, əxlaq, siyasi məqsədlər və sair işlər üçündür. Dünyaya baxış isə bunun üçündür ki, görsün bu qədər söz, söhbət, elm, siyasət və fəaliyyət olan bu toplum, yəni universitet dünyanın harasında yerləşir, onun rolu nə ola bilər, onun üçün hansı mövqe seçilmişdir. Tarixin, dünyanın və siyasətin harasında yerləşdiyini bilməyincə özünün universitet daxilindəki rolunu da düzgün anlaya bilməz. Fərz edin, biz bu gün deyirik elm istehsalı. Əgər elmi işlə məşğul olan bir tədqiqat mərkəzi bu gün elmin hansı mərhələdə olduğunu və bizim elm karvanının harasında yerləşdiyimizi bilməsə, heç şübhəsiz, dövrümüzdə ehtiyac olmayan bir elmi işlə məşğul olacaq. Bu, bir misal idi. Bütün məsələlərdə belədir.762


Orta məktəblərdə elm istehsalı hissinə diqqət

Əgər şagirdin elm və düşüncə istehsalı ilə məşğul olmasını istəyiriksə, bu, dərs vəsaitində görünməlidir. Mən bir neçə ildir daim universitetlərə tövsiyə edirəm ki, elm istehsal edin, onlar da çalışırlar. Amma bu iş elmə inamla və insan zehninin elm istehsalı üçün məhsuldarlığı ilə birgə olmasa, yarımçıq qalacaq. Siz bu işi ibtidai və orta məktəblərdə öz təlimləriniz vasitəsi ilə görə bilərsiniz. Bunlar əməldə görünməlidir. Buna əsasən, Dərs Vəsaitləri Komitəsi olaraq müraciət etdiyiniz müəlliflərdə, seçdiyiniz kitab və mövzularda bunları nəzərə alın.763


Tədqiqatçılara dəstəyin zəruriliyi

Yaxşısı və hətta vacibi budur ki, daxili məhsulu bacardığımız qədər artıraq. Sözsüz ki, bu iş zəhmətli işdir, çalışmaq tələb edir və qeyd olunan kimi tədqiqat mənbələri də lazımdır. Bu gün xoşbəxtlikdən, tədqiqat mənbələri çətin deyil. Bu gün kompüter, internet və dünyanın elm mərkəzləri ilə əlaqə vasitəsi ilə mənbələr asanlıqla işləmək istəyən tədqiqatçıların ixtiyarına buraxılır. Sözsüz ki, maddi dəstəklər də olmalıdır. Buna şübhə yoxdur.

Mənim fikrimcə, maddi dəstəklərdən üstünü rütbə və titul dəstəyidir; yəni bu ad mötəbər bilinsin. Ümumi mədəni işlərin başında duran şəxslərin bizim fikrimizcə, rəsmi titulu olmalıdır; məsələn, akademiyanın rəsmi titulu, ensiklopediya yazanların ümumi və milli titulu olmalıdır. Necə ki, dünyada belədir: filankəs akademiya üzvüdür. Bu, həmişəlik bir addır. Hətta məsələn, deyirlər ki, filankəsin atası Fransa Elmlər Akademiyasının üzvü olmuşdur; yəni bu, ailəvi imic sayılır. Bu həqiqətən, bir dəyərdir. Bu sahədə çalışanlar bunu bir dəyər kimi tanıtdırsınlar.764
Gənclərin müxtəlif elmi və texnoloji inkişafının şərtləri

Bəziləri bütün elmi məsələləri mütləq özgələrdən öyrənməyə vərdiş etmişlər; hansısa alim belə demişdir, filankəs elə demişdir. Biz dəfələrlə demişik ki, elm dünyada nə qədər olsa, onu öyrənərik. Amma siz elə edin ki, çox uzaq olmayan gələcəkdə dünyada elmi anlayışları sizdən söyləsinlər: filan iranlı alim belə demişdir, filan iranlı alim elə demişdir; humanitar, dəqiq, tətbiqi elmlərdə və müxtəlif texnologiyalarda sizin sözünüzü danışsınlar. Siz istehsal edə bilərsiniz, bizim gənclərimiz istehsal edə bilərlər. Şərti işləmək, dərs oxumaq, düzgün xətdə hərəkət etmək, ciddilik və ümidi qorumaqdır.765


Elm istehsalının əhəmiyyəti və milli medianın rolu

Qeyd etdim ki, elm çox mühüm məsələdir. Bu gün insan ölkənin inkişafı üçün müxtəlif yollara baxdıqda hamısının elmdə bitdiyini görür. On illər ərzində ölkəni elmi inkişafdan saxlayan şəxslərə Allah lənət eləsin! Elmi inkişaf olduqda özü ilə texnologiya inkişafını da gətirir. Texnologiya inkişafı da ölkəni rövnəqləndirir və cəmiyyətdə həvəs oyadır. Əgər elm olmasa, heç bir şey olmaz; texnologiya olsa da, mövcud montaj sənayeləri kimi burovuz, yalançı və digərlərindən borc alınmış texnologiya olacaq. Elmi cücərtmək lazımdır. Mənim fikrimcə, media müxtəlif sahələrdə - istər texniki, istər humanitar, istər digər sahələrdə elm, düşüncə, nəzəriyyə və fikir istehsalı hərəkatında rol oynaya bilər. Siz elm, düşüncə və nəzəriyyə istehsalını proqramlı şəkildə izləyə, məntiqli və faydalı bəhslərlə məşğul ola, yenilik kürsülərini televiziyaya çıxara və yaxşı yenilikçi elmi simaları tanıtdıra bilərsiniz. Mənim fikrimcə, siz elm məsələsində əsla bitərəf deyilsiniz. Bu sizin mühüm vəzifələrinizdəndir.766


Yenilik - inkişafın əsası

Mən elmlə məşğul olan bütün gənclərə və bütün şəxslərə təkidlə tövsiyə edirəm ki, elm, tədqiqat, elmdə yenilik, özlərinin daxili və həqiqi yaradıcılıq hissini oyatmaq işini tərk etməsinlər. Fəaliyyət, yaradıcılıq və yenilik insanın və insan həyatının inkişafının əsasıdır. Böyük güclərin muzdurları keçmişdə ölkəmizdə və bu gün bu regionun bir çox asılı ölkələrində təqlidçiliyi fəaliyyət və yaradıcılığın yerinə qoymağa səy göstərmişlər və göstərirlər. Dövlət adamları, ölkə məmurları, yüksək rütbəli müdirlər və müxtəlif təbəqələr hər hansı bir sahədə ciddi işlə məşğul olsalar, yaradıcılıq, yenilik və elm işlətsələr, Allahın rəhmətinə şamil olarlar.767


Elm istehsalı üçün təcrübə və təfəkkürə ehtiyac

Azadfikirlilik, elm istehsalı və bu kimi məsələlər gəncin amallarıdır. Bu amallara çatmaq üçün elmə, nizam-intizamlı və düzgün siyasi fəaliyyətə, təcrübə və bilik toplamağa ehtiyac var.768


Elm istehsalının və düşüncə işlərinin təsviri

Bəsic – səhnəyə çıxmaq və meydana atılmaq deməkdir. Hansı meydana? Həyati və əsaslı əngəllər meydanına. Həyatın əsaslı sahələri və problemləri nədir? Təkcə hücuma məruz qaldıqda sərhədlərini müdafiə etməkdir?! Əlbəttə ki, yox. Bu, sözügedən yerlərin yalnız biridir. Bir xalqın milli və siyasi kimliyi də hücuma məruz qaldıqda meydana atılmaq zamanıdır, mədəniyyəti, etiqadı və köklü inamları aşağılananda, təhqir ediləndə də, seçilmiş nəsli elm karvanından geri qaldığını və buna əlac qılmalı olduğunu düşünəndə də, ölkədə gözəl və ədalətli həyat təməllərinin bərpa və bərqərar olunması üçün fəaliyyətə ehtiyac duyulanda da, dünyanın fikir və mədəniyyət cəbhələri xalqları istismar etmək üçün postmodern üsullarla onları öz keçmişlərindən, mədəniyyətlərindən, köklərindən ayırıb asanlıqla əllərinə keçirmək istədikləri zaman da...

Bu sahələr fikir, bilik və elm istehsalı sahələri, elmi geriliyi düzəltmək üçün müxtəlif zəhmətlər sahəsidir. Bir nəfər gəlib bir fikri, bir şübhəni, bir düşüncə təklifini ortaya qoyur. Əgər düzgün seçmək istəsək, gərək onu tanıyıb anlaya, təhlil edə, yanlış nöqtə və hissələrini kənara çəkə bilək; düzgün hissəsi olsa, götürək, özümüzdəki düzgün hissələrlə qarışdıraq və məhsulumuzu təqdim edək; düzgün cəhəti olmadıqda isə hamısını zibilxanaya tökək.

Hər bir böyük arzuya və uca məqsədə çatmaq üçün yol vardır. Tələbə, alim və sayıq gənc bu yolu tapmalıdır. Proqramlaşdırma hərəkatı, azadfikirlilik və müxtəlif ictimai mövzular da bu qəbildəndir.769


Elmi yenilik sahəsində Bəsic hissləri və xüsusiyyətləri

Bəsic üzvü olan bir siyasətçi, bir hərbçi, bir tələbə, bir ruhani, bir əkinçi, bir fəhlə, bir tədqiqatçı, bir alim, bir müəllim və hər hansı təbəqədən olan Bəsic üzvü özünün imkan və bacarıqlarını xalqın böyük məqsədləri yolunda səhnəyə çıxaran, özünü ortaq, vəzifəli bilən, kənara çəkilib digərlərinin işləməsini, özünün isə baxmasını arzulamayan şəxsdir, faydalı olanda faydasından bəhrələnib, bir tərəfində bir qüsur görən kimi irad bildirməyə və etiraz etməyə başlayan yox. Cəmiyyətdə belə insan da var. Bəsic üzvü belə olmayandır. O, hərbi işlərə ehtiyac duyulduqda qabaqcıldır; gənc və qoca, uzaq və yaxın da tanımır. Siyasi fəaliyyət zamanı fəal və aktivdir. Beynəlxalq işlərdə - müxtəlif beynəlxalq sahələrdə, siyasi, mədəni, idman sahələrində iştirak etmək lazım olduqda xalqının və ölkəsinin başını ucaldır, bu ruhiyyə ilə, bu hisslə iştirak edir. Elm, tədqiqat, elmi yeniliklərin problemlərinə dözmək yerində öz canından və beynindən maya qoyur. Pul xərcləmək lazım olduqda, pulu varsa, xərcləyir. Bəsic üzvü budur.770


Beynəlxalq qaydalarda təlim və tərbiyənin rolu

Elmə əsaslanan iqtisadiyyat, siyasət, elmli cəmiyyət bügünkü dünyanın şüarlarındandır. Biz dünya karvanından geri qalmaq istəmiriksə - o ki qala təyinedici və aparıcı rol ifa etmək istəyək - təlim və tərbiyə işlərinə köklü və əsaslı bir nəzər salmaqdan başqa çarəmiz yoxdur. Məktəblər ölkəmizin gələcəyindən ötrü istədiyimiz uca bina üçün əsas təməl, memar və bənnaların sözü ilə desək, əsas fundamentdir.771


Elm istehsalı üçün milli özünəinam

Biz məsələn, təcrübi elmlərdə milli özünəinamın nümunələrini görmüşük; nüvə texnologiyasında, kök hüceyrələrin istehsalında, müxtəlif sahələrdə görülən, zamanından öncə açıqlamaq istəmədiyim və bəşər elminin inkişafına müsbət təsir göstərən digər yaxşı işlərdə. Əlbəttə, bunlar yalnız bir hissəsidir. Milli özünəinam yalnız bu işlərlə məhdud olmur ki, biz bənd, stansiya tikə, xarici yardım olmadan böyük işlər görə və nəhəng layihələr icra edə bilirik. Əslində siyasətdə, fəlsəfədə, xalq yaradıcılıqlarında və əxlaqi dəyərlərdə də özünəinam olmalıdır.772


Universitetdən öncədən sonraya qədər elmin inkişaf və istehsal prosesinin təmini

Universitet özündən əvvəldən və sonradan ayrı bir ada deyil. Bir ölkənin elmi inkişafına sözün həqiqi mənasında nail olmaq üçün bu prosesi təmin etməliyik; yəni ibtidai məktəbdən başlamış universitetin yüksək pillələrindən sonraya qədər. Universitetin yüksək pillələrindən sonra tədqiqat mərkəzləri, tədqiqat inkişafları, ölkədə sənaye və texnologiyanın inkişafı ilə əlaqədar və ölkənin müxtəlif sahələrində texnoloji sıçrayışlar yaratmaq var. Bunlar universitetin yüksək pillələrindən sonraya aiddir. İş isə ibtidai məktəbdən başlanmalıdır.

Bu iş təkcə Ali Təhsil və Səhiyyə nazirliklərinin işi deyil. Bu iş hökumətin, Mədəni İnqilab Ali Şurasının, qərar verən və siyasət təyin edən mərkəzlərin işidir. Bu sahədə mənim Təlim və Tərbiyə Nazirliyinə xüsusi sözüm var. Onların da bu sahədə problemləri var, ehtiyacları təmin olunmalıdır, amma müştərək baxışla. Təlim və tərbiyə, ali təhsil, tibbi təhsil və hətta digər bəzi sahələr bu işdə əməkdaşlıq etməlidirlər ki, bu prosesi təsvir edə bilsinlər.

Biz öz uşağımızı əvvəldən istehsalçı, qurucu və yaradıcı beyin üçün hazırlamalıyıq, bizi yetişdirdikləri kimi yox: oturub gözləyək ki, xaricdən bizə bir şey versinlər və biz də öz bacarığımız həddində ondan istifadə edək. Bu böyük miqdarda ilkin elm və beyin tərbiyələrinə - ibtidai məktəbə, orta məktəbə və bu kimi mərkəzlərə aiddir. Onların elm və dərs proqramları çox mühümdür.773


Ziddiyyətli və saxta inkişaf nüsxələri

Əvvəla, özümüzə bu sualı verməliyik ki, inkişaf nədir. Əgər bu sualı verməsək, deməli, inkişaf fikrində səmimi deyilik. Əvvəl bunu özümüzdən soruşmalı və cavabın ardınca hərəkət etməliyik.

"İnkişaf nədir?" sualının cavabında dünyada müxtəlif sözlər deyilir. Hər növ söz var. Saxta, ziddiyyətli tövsiyələr, qəribə və bəzən xəyanətkar tövsiyələr ölkənin modernləşdirilməsinin əvvəllərində bizim canımıza salınan bir bəla idi.774
İnkişaf nüsxəsi barədə real nəzəri bəhslər

İnkişafın düzgün mexanizmini tapmaq üçün bizə nə lazımdır? Nəzəri iş. Bu sizin üzərinizə düşən işlərdəndir. Bir ölkənin inkişafı nədir? Əlbəttə, məqsədim bu deyil ki, zehni və açıq mövzularda yıxılıb qalaq, özümüzü belə mövzularda gecikdirək, reallığa diqqət yetirməyək. Yox, bunları istəmirik. Bu, səhvdir.775


Quran tədqiqatı

Quran sahəsində çalışan şəxs qəlbini əsl Quran həqiqəti ilə üzləşməyə hazır etməlidir; yəni qəlb pak olmalıdır. Əgər qəlb pak olmasa, Quran dilindən haqqı və həqiqəti qəbul etməyə hazır olmasa, qeyri-islami və qeyri-ilahi əsaslara könül versə, Quranla üzləşəndə ondan bəhrələnə bilməz. Quran buyurur ki, o, çoxlarını azdırır və çoxlarını hidayət edir.776 Quranla azmaq nə üçündür? Quranla hidayəti başa düşürük, bəs azmaq nə üçündür? Bu ona görədir ki: “Qəlblərində mərəz olanlara gəldikdə isə, onların murdarlığı üstünə bir murdarlıq da gətirər”777. Qəlblərində xəstəlik olan şəxslər Quran oxuduqda qəlblərinin çirkinliyi artar; Quran ayəsi, yaxud Quran surəsi onların çirkinliyini artırar.

Bu çirkinlik nədir? Bu xəstəlik hansı xəstəlikdir? Bu xəstəlik əxlaqi xəstəliklərdir. Həsədə, bədxahlığa, tamahkarlığa, dünyagirliyə düçar olanda, ehtiraslar, kreslo həvəsləri bizə hakim olanda, haqqı tapdamaq, görməzdən gəlmək və gizlətmək hissi ruhumuza və qəlbimizə üstün gələndə Qurandan bəhrələnmir və onun bizə verməli olduğunun ziddini alırıq.

...Quran tədqiqatlarında əsaslı elmi işlərə diqqət yetirmək də çox vacibdir. Belə deyil ki, kim ərəb dilini bilsə, Quranın bütün mətləblərini anlayıb dərk edə və bir Quran tədqiqatçısı ola bilər. Xeyr, əvvəla Quranın özü ilə ünsiyyət qurmaq lazımdır. Yəni Quran tədqiqatçısı bütün Quranla ünsiyyətdə olmalıdır. Quranın tilavəti, ikinci, üçüncü dəfə oxunması, Quranda şəxsi təfəkkürlər bizə lazım olan mövzu barədə nəticə əldə etməyimizə kömək edir. Deməli, Quranla ünsiyyətin özü vacibdir.

Sonra da Qurandan bəhrələnmənin necəliyi məsələsi gəlir. Bizim din alimlərimizin, fəqihlərimizin ayə və hədislərdən istifadə metodu təcrübədən çıxmış, bişmiş, yetişmiş və tam sınanmış bir elmi metoddur. Bunları öyrənmək lazımdır. Demək istəmirəm ki, kim Quran mövzusunda tədqiqat aparmaq istəsə, gedib illərlə hövzə dərsi oxumalıdır; məqsədim bu deyil. Lakin Quran tədqiqatı üçün bəzi elmlərə yiyələnmək, Quran dərkinin əsaslarını öyrənmək, o cümlədən dillə, dilin dəqiq məqamları və fiqh metodikasının bəzi əsasları ilə tanış olmaq lazımdır. Bunları bilmək və həmçinin Quran ayələri barədə deyilən hədislərdən də istifadə etmək lazımdır. Bunların hamısı Quran tədqiqatlarında mühüm rol oynayır.778


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə