23
iddialarını tarixi dəlillərlə əsaslandırmağa çalışırlar. Lakin bu çox zəif motivdir. Görünür, Nümayəndə heyətinin
özü də tələblərinin yerinə yetiriləcəyinə inanmır. Əlbəttə, burada başqa bir motiv də var. Həmin motiv Qafqaz
Konfederasiyası yaradılmasının qeyri-mümkünlüyüdür. Farslar deyirlər ki, belə olduqda biz onlarla
birləşməliyik. Onlar bunu çox istəyirlər. Xüsusilə də özləri bizdəki kimi, ziyalıların olmadığını etiraf edirlər.
Eləcə də Estoniya, Latviya, Belorusiya və Ukrayna nümayəndələri ilə münasibətlər qurmuşuq.
Polşa Nümayəndə heyətinin başçısı cənab Dımovski bizi səhər yeməyinə dəvət etmişdi. Səhər
yeməyində Polşa Nazirlər Şurasının sədri cənab Paderevski də iştirak edirdi. Onunla da qarşılıqlı görüşlərimiz
oldu.
İyunun 18-də Fransa Xarici İşlər Nazirliyi Şərq şöbəsinin işçisi cənab Qu ilə görüşdük.
Nümayəndə heyətimizin İngiltərə və İtaliyanın baş nazirləri ilə görüşü hələ baş tutmayıb. Çünki bütün
iyun ayı ərzində Beşlər Soveti Almaniya ilə sülh müqaviləsi məsələləri ilə məşğul olub.
X
Nümayəndə heyətinin iqtisadi addımlarına (məlumatın VIII paraqrafı) qayıdaraq bizim Ticarət və
Sənaye Nazirliyinin bu və ya dikər malların alınması üçün müxtəlif adamlara son dərəcə asanlıqla, hətta mən
deyərdim, məsələnin fərqinə varmamaq səviyyəsində bir yüngülbeyinliklə icazə verməsinə diqqəti cəlb etmək
istərdim. Bu məsələlərlə əlaqədar ən azı Nümayəndə heyətinə xəbər vermək lazım idi.
Məsələn, indi cənab Tahirov haqqında danışırlar. O, bura hansı səlahiyyətlə gəlir? Heç bir xəbərimiz
yoxdur. O özü Konstantinopoldan yazmışdı ki, hökumətimizin ticarət məsələləri ilə əlaqədar Romaya gedir.
Eyni bir məsələ ilə əlaqədar müxtəlif tərəflərdən addımlar atılması çox böyük narahatçılıq doğurur, çünki bu
anlaşılmazlıq yaradır, lüzumsuz və artıq hərəkətlərin meydana çıxmasına səbəb olur.
XI
Bizim Konstantinopoldakı təmsilçiliyimizlə bağlı bu yaxınlarda Səfvət bəy Məlikovdan məktub
almışam. Bildirir ki, Siz onun sorğularına cavab vermirsiniz. Əgər Səfvət bəyə ehtiyac yoxdursa, bu barədə
onun özünə məlumat vermək lazımdır. Əgər həmin yerə başqa şəxsin təyin olunması nəzərdə tutulubsa, onu
dərhal göndərmək lazımdır. Mən Konstantinopoldan çıxarkən Səfvət bəyi təmsilçiliyə müvəqqəti təyin
etmişdim və ona yalnız üç aylıq vəsait vermişdim. İyulun 22-də həmin vaxt başa çatır. O, maddi cəhətdən çox
böyük ehtiyac içində olduğunu yazır, ən başlıcası isə Bakıdan-Sizdən hər hansı bir xəbər alacağına ümid
bəsləmir. Məsələnin aydınlaşdırılması hər cəhətdən faydalı olardı. Bu işlə məşğul olmağınızı xahiş edirəm.
Eyni zamanda imkanınız daxilində Nümayəndə heyəti üzvlərinin öz ailələri ilə əlaqə saxlaması
məsələsinə daha artıq qayğı və diqqətlə yanaşmağınızı xahiş edirəm.
Bizə nadir hallarda rəsmi sənədlər göndərilən zaman belə, güman ki, Nümayəndə heyəti üzvlərinin
ailələrinə bu barədə xəbər verilmir. Bu səbəbdən hətta gecikmiş məktubları da heyət üzvlərinin hamısı ala
bilmir. Bu isə öz növbəsində haqlı narazılıq və giley-güzar doğurur.
Güman edirəm ki, rəsmi xarakterli məktub və sənədlərin göndərilmə tarixi barəsində ailələrə xəbər
vermək o qədər də çətin iş deyildir. Bu halda əlaqə saxlamaq baxımından çıxılmaz vəziyyətdə qalan və
yaxınlarından heç bir xəbər tuta bilməyən ailələrin gətirdikləri məktubları da rəsmi poçta əlavə etmək olardı.
Yeddi nömrəli məlumatda şərh etdiyim beş maddədən ibarət xahişlərin hamısı yenə də öz qüvvəsini
saxlayır.
1. İngilis komandanlığı, yaxud hər hansı bir Müttəfiq ölkə komandanlığı vasitəsilə 75 (yetmiş beş) min
funt sterlinqdən az olmayan məbləğin dərhal göndərilməsi zərurəti.
2. Lazımi məlumatlarla təmin edilmiş kuryerin təxirəsalınmaz surətdə yola salınması.
3. Mühüm aktların və müqavilələrin (tranzit və s. haqqında) surətlərinin, habelə qəzetlərin göndərilməsi.
4. Gediş-gəliş üçün icazə və pasport vizalarının alınması.
5. Bakıdan və Parisdən Konstantinopolla əlaqə yaradılması.
6. Tiflisdəki Konfransın qətnamə və protokollarının bizə göndərilməsi.
7. Lazım olan malların siyahısı, qiymətlər, ümumən həm ölkəmizin, həm də qonşularımızın iqtisadi
vəziyyəti haqqında təfərrüatlı məlumatın göndərilməsi.
24
V
№ 9
22-25 sentyabr 1919-cu il
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR ŞURASININ
CƏNAB SƏDRİNƏ
Cənab Sədr, Sizə çatdırmağı özümə şərəf bilirəm ki, cənab Berlin vasitəsilə bu il sentyabrın 14-də
Qafqaz, xüsusən də Azərbaycanın daxili və xarici həyatı ilə bağlı məlumatları özündə əks etdirən, Xarici İşlər
Nazirliyinin blankında yazılmış 21 avqust tarixli 2896 saylı məktubu almışıq.
Verilən məlumatların mühüm qisminin artıq müxtəlif qaynaqlardan bizə bəlli olmasına baxmayaraq, bu
Nümayəndə heyətinin ölkədə baş verən hadisələrlə bağlı öz hökumətindən aldığı ilk, təfərrüatlı bilgidir; ən
başlıcası isə göndərdiyi məlumatlara aldığı ilk cavabdır. Lakin çox təəssüf ki, haqqında söhbət gedən sənədlər
və qəzetlər əlavə edilməmişdir. Cənab Sübhanverdixanov onları cənab Atamalıbəyovun şəxsən gətirəcəyini
yazır.
Sənədlər və qəzetlər əlimizdə olsaydı onlar haqqında məlumat verilən bir sıra faktların təsdiqi kimi
burada yaymaq imkanı əldə edərdik. Həm də məlumat Xarici İşlər Nazirliyinin blankında yazılmasına
baxmayaraq, təəssüf ki, möhürlənməyib və imzalanmayıb. Yalnız sondakı qeydin altında Sübhanverdixanovun
imzası vardır. Bu baxımdan göndərilən bütün sənədlərin, məlumatların həqiqətən də dövlət sənədlərinə və
vəsiqələrinə çevrilmələri üçün, onların lazımi şəkildə tərtib edilmələri arzu olunan, hətta mən deyərdim ki,
zəruridir.
Göndərilən məlumatların məzmunu üzərində dayanaraq qeyd etməliyəm ki,1. Müttəfiqlər. 2. Könüllü
Ordu. 3. Qonşularımız-ermənilər tərəfindən indiyə qədər bizə bəslənilən və bəslənməkdə olan münasibət burada
gördüyümüz və şahidi olduğumuz münasibətlə üst-üstə düşür.
Müttəfiqlər bizim müstəqilliyimizlə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, hər şeydən göründüyü
kimi, heç bunu etmək belə istəmirlər. Doğrudur, onların nümayəndələri ilə görüşlər və söhbətlər zamanı ayrı-
ayrılıqda hər biri bu məsələyə xeyirxahlıqla yanaşdığını nümayiş etdirir, müstəqilliyimizə nail olmaq yolunda
atdığımız addımları təqdir edir və rəğbətlərini bildirirlər. Eyni sözləri, həm də daha artıq dərəcədə mətbuat
nümayəndələrindən, deputatlardan, iqtisadi və digər təşkilatlardan eşitməli oluruq. Lakin problemimizin uğurlu
həlli istiqamətində ən kiçik irəliləyiş baxımından belə vəziyyət iyunda və iyulda (№ 7-8) Sizə göndərdiyim
məlumatlarda təsvir olunan şəkildə qalmaqda davam edir.
Daha dəqiq desəm, leytmotiv yenə əvvəlkidir - yəni ümumrusiya məsələsi həll edilənə qədər. Biz bu
sözləri çox adamlardan, həm də çox tez-tez eşitməli oluruq. Heç şübhə yoxdur ki, cavablarda Müttəfiqlərin
fikirləri, arzuları, planları, qarşılarına qoyduqları tapşırıqlar və s. öz əksini tapıb. Onların bir qismi (İtaliya,
Fransa) həqiqətən də vahid Rusiyanın bərpa edilməsini istəyirlər digər bir qismi isə (İngiltərə, Amerika) özlərini
sanki bunu istəyirmiş kimi qələmə verirlər. Omskda öz hökumətini quran Kolçakın Rusiyanın Ali hakimiyyəti
kimi tanınması haqqında beş dövlət başçısının iyunun 30-da imzaladıqları və artıq Sizə də məlum olan sənəddən
sonra bizim mövqeyimiz daha da zəifləyib, məsələnin həlli isə xeyli geriyə atılıb. Səkkiz nömrəli məlumatda da
Sizə yazdığım kimi, Nümayəndə heyətimiz əvvəlcə ayrılıqda, sonra isə keçmiş Rusiya ərazisində formalaşmış
dikər yeni dövlətlərin Nümayəndə heyətləri ilə birlikdə Kolçakın tanınmasına öz etirazını bildirmişdir. (Həmin
məlumata əlavə edilmiş nota surətləri artıq Sizə göndərilmişdir).
Nə Konfrans, nə də Müttəfiq nümayəndələrindən heç biri bizim bu etirazlarımıza cavab verdi. Həm də
bütün bunlarla eyni vaxtda Kolçak hökumətinin və Könüllü Ordunun bütün formalarla və bütün vasitələrlə
güclü müdafiəsi davam etdirilirdi. Bolşeviklər üzərində növbəti "qələbələr" qazanıldıqca, Müttəfiqlər arasında
Rusiyanın bərpasına bəslənən inamlar da artırdı. Həm də qarşıya qoyulan məqsədə çatmaq yolunda kiçik
xalqların azadlıq və istiqlaliyyətinin qurban verilməsinə heç bir diqqət yetirilmirdi. Həmin xalqların hüquq və
mənafelərini qorumağı isə, güman edirəm ki, böyük dövlətlər öz öhdələrinə götürüblər. Müttəfiqlərin Dağlı
Respublikasının süqutuna necə laqeydliklə yanaşdıqlarını göstərmək kifayətdir. Bu süqut bizim ürəyimizi dərin
kədər hissi ilə doldurdu, eyni zamanda öz gələcəyimiz barəsində həyəcanlı fikirlərə yol açdı. Mən bu məsələ ilə
əlaqədar ingilis Nümayəndə heyətinin başçısı ser Malletin yanında olanda və ona Könüllü Ordunun
Müttəfiqlərdən aldığı silahla bolşeviklərə qarşı mübarizə aparmaq əvəzinə həmin silahı bizə dinc yerli əhaliyə
qarşı çevirdiyini söyləyəndə, Şimali Qafqaz respublikasının ərazisini işğal edəndən sonra Könüllü Ordunun
bizim üzərimizə hücuma keçəcəyini bildirəndə, o cavabında dedi ki, Denikin Müttəfiqlər tərəfindən
müəyyənləşdirilmiş xətti keçə bilməz. Odur ki, bizim və Gürcüstanın təhlükəsizliyinə təminat verilir. Dağlı
Respublikasının darmadağın edilməsinə gəldikdə isə o, gülümsündü və mənə Şərqin, xüsusən də Qafqazın
bilicisi kimi ingilis Nümayəndə heyətinin tərkibinə daxil edilmiş professor Simpsonla görüşməyi təklif etdi.