27
görə də yeni respublikalardan yalnız bolşeviklərə qarşı fəal mübarizə aparanı, yaxud bu işə ümumən fəal şəkildə
yardım göstərəni rəğbət görə bilər. İndi Estoniya belə bir əlverişli vəziyyətdədir. Bu respublikanın təmsilçiləri
bir müddət yuxarıda adını çəkdiyim həmin Pişonun etimadını qazanmışdılar və nazir onlara başa salmışdı ki,
buna görə (bolşeviklərə qarşı çıxmaq nəzərdə tutulur - tərc.) Estoniya Respublikası müstəqilliyinin tanınacağına
ümid bəsləyə bilər. Yeri gəlmişkən, cənab Pişon deyəsən, yalnız adamları nəyəsə ümidləndirməkdə səxavətlidir.
Məsələn, hələ biz bura gələnə qədər o, N. S. Çxeidzeyə bildirmişdi ki, Gürcüstanın məsələsi çox aydın və
sadədir. Lakin onun Gürcüstana və bizə münasibətini əks etdirən fikirlərini oxuyun (əlavə № 2). Müttəfiq
Dövlətlərin (Alliees) xatırlatdığım ümumi planı onların əsas nümayəndələrinin hələlik bizimlə birbaşa
ünsiyyətdən çəkinmələrinin başlıca səbəbidir. Bu cür görüşlər keçirmək barəsində fikirlərimi ayrıca məktublarla
cənab Pişona, Klemonsoya, Balfura və başqalarına çatdırmışam. Digər şəxslər də eyni məsələ ilə bağlı bir neçə
dəfə onlara müraciət ediblər. Hətta Balfurdan (katibi vasitəsilə) məktub almışam ki, o həddindən artıq məşğul
olduğuna görə hələlik məni qəbul edə bilmir və buna görə də üzrxahlığını bildirir. Yenə də həmin Balfur hər
dəfə Nümayəndə heyətindən aldığı məktublara, Sülh Konfransına müraciətlərimizin surətlərinə, habelə
Konfransa təqdim etdiyimiz Memorandum mətnlərinin nüsxələrinə görə öz yazılı minnətdarlığını yetirir. Sülh
Konfransının baş katibliyi də eyni ilə bu cür hərəkət edir. Bir sözlə, onlar hamısı nəyi isə gözləyirlər və hələlik
müstəqillikləri tanınmayan kiçik xalqların təmsilçilərinin burada olmalarına dözürlər.
Biz də dözürük və gözləyirik. Görünür, keçmiş Rusiya ərazisində yaranmış yeni respublikaların Sülh
Nümayəndə heyətlərinin hamısının bizimlə eyni vəziyyətdə olması müəyyən təskinlik əhali-ruhiyyəsi yaradır.
Belə bir vəziyyətdə çıxış yolu, kömək və yardım aramaq olduqca təbiidir. Lakin harada və kimin timsalında?
Bizim xalqın müstəqil mövcudluq hüququ şübhəsizdir! Biz bu barədə mümkün olan hər yerdə danışırıq və
yazırıq. Lakin tək bizim söylədiklərimiz azdır. Çünki görürük ki, bizdən daha çox tanınan, daha mütəşəkkil
olan, hətta müstəqil mövcudluq təcrübəsinə malik xalqlar da özlərinə yalnız müttəfiqlər deyil, himayədarlar,
protektoratlar, mandat sahibləri axtarırlar və həmin mövqedən çıxış edərək bu və ya digər güclü dövlətə doğru
istiqamət götürürlər.
Bu istiqamət məsələsi növbəti vacib və həyati əhəmiyyətli bir məsələ kimi həmişə qüvvə və zəruriliyini
saxlamışdır. Bizim Nümayəndə heyətimiz hələ Konstantinopolda olarkən həmin mövzunu dönə-dönə müzakirə
etmişdir. Eyni məsələ ilə burada da ardıcıl məşğul oluruq.
Kimə doğru istiqamət götürməli?
Bir neçə iclas boyu davam edən müzakirələrdə İngiltərəyə və gələcək Rusiyaya doğru ehtimalı istiqamət
məsələsini araşdırdıq. Yol verilə biləcək mənhus səhvin nə kimi saysız-hesabsız fəlakətlərə meydan açacağını
nəzərə alaraq Nümayəndə heyəti belə qənaətə gəldi ki, biz Millətlər Cəmiyyətinə müraciət etməliyik və artıq o
özü mandat alacaq ölkəni müəyyənləşdirməlidir. həm də bu zaman biz məsələnin müzakirəsini özümüzün və
gürcü Nümayəndə heyətinin birgə məclisinə çıxarmaq təklifini zəruri saydıq. Gürcülər bu qərarımızla razı
olduqlarını bildirdilər.
Lakin müəyyən vaxt keçdikdən sonra Məmməd Həsən Hacınskinin təklifi ilə Nümayəndə heyəti
yenidən eyni məsələnin üzərinə qayıtdı. Bu dəfə artıq müəyyən təkliflə İngiltərəyə müraciət etmək və ondan
məlum dövr ərzində Azərbaycanın idarəçiliyi mandatını öz üzərinə götürməsini xahiş etmək təklifi irəli
sürülürdü. həm də təklifi irəli sürərkən Hacınski dərhal Londona getmək, orada birmənalı şəkildə bu qərarımızı
ingilis hökumətinə çatdırmaq, İngiltərənin razılığı alındıqdan sonra isə Millətlər Cəmiyyətinə müraciət etmək
ideyası ilə çıxış etdi. Belə olan təqdirdə Cəmiyyətin də öz növbəsində mandatı İngiltərəyə verəcəyi təbii sayılır.
Bu təklifi prinsipial şəkildə qəbul etməklə bərabər Nümayəndə heyəti həmin məsələ ilə bağlı əvvəlcə buradakı
ingilis təmsilçiləri ilə danışıqlar aparmağı zəruri saydı. Yalnız bundan sonra Nümayəndə heyətinin üzvlərindən
bir nəfər Londona ezam edilə bilər və əgər zərurət yaransa, daha sonra bizim təmsilçimiz (çox güman ki, "sədr"
nəzərdə tutulur - tərç.) ora gedəcəkdir.
Bu qətnamə gürcü Nümayəndə heyəti ilə keçirdiyimiz birgə iclasda nəzərdən keçirildi. Mandatla
əlaqədar İngiltərəyə müraciətdən imtina edən gürcü nümayəndələri bu ölkə ilə daha sıx əlaqə saxlamaq və onun
təmsilçiləri ilə daha tez-tez görüşmək məsələsində bizimlə həmfikir olduqlarını bildirdilər. Nümayəndələrin
Londona göndərilməsinin hələ vaxtı çatmamış məsələ olduğu qənaətinə gəlindi. İngilis nümayəndə heyətinin
tərkibində baş verən dəyişikliklər, habelə cənab Balfurun və ser Malletin hələlik burada olmamaqları bizi
ingilislərə müəyyən dərəcədə yaxınlaşmaq imkanından məhrum edir. Yeri gəlmişkən, Lloyd Çorc kabinetinin
ehtimal olunan süqutu yeni sürprizlər doğura bilər.
Bu günlərdə Gürcüstan nümayəndə heyətinin üzvü Qvardcaladze Londondan qayıdacaq. Onun gətirdiyi
məlumatlara əsaslanaraq İngiltərə paytaxtına getmək zərurətini bir daha müzakirə edəcəyik.
İngilislərin ölkəmizə necə münasibət bəslədikləri, onların təklif olunan mandatı götürüb-
götürməyəcəkləri məsələsi hələlik bizim üçün qaranlıq qalsa da, özlərinin gələcək Rusiyanın adından danışmaq
və hərəkət etmək səlahiyyətinə malik olduqlarının, düşünənlərinin baxış və münasibətləri bizdə heç bir şübhə
doğurmur.
İndiyə qədər onlar özbaşına yaranmış "Rus məclisin"də "birləşmişdilər". Bu "Məclis"in tərkibi keçmiş
nazirlərdən və səfirlərdən ibarətdir. Lakin Müttəfiq Dövlətlər Kolçakı tanıdıqdan sonra burada "Rus