2
BBK 9(s)42
T-77
Buraxılışına məsul Ramiz MEHDİYEV
Tərtib edəni və rus dilindən çevirəni
Vilayət QULİYEV
Elmi redaktoru Əli HƏSƏNOV
Əlimərdanbəy Topçubaşov
T 77
"
Paris məktubları
"
, Bakı, Azərnəşr, 1998, 120 səh.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə Parisə, Versal
sülh konfransına göndərilmiş Azərbaycan Nümayəndə heyətinin sədri Əlimərdanbəy Topçubaşovun
hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk
dəfə çap olunur.
Kitab tarixçilər, politoloqlar, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
0503020907-9
M-651(07)-98
BBK 9(s)42
© Azərnəşr, 1998
3
AVROPAYA PƏNCƏRƏ
AÇANLAR
Azərbaycan Cümhuriyyətinin Nümayəndə
heyəti Paris sülh konfransında
Müsəlman Şərqinin ilk respublikasının - Azərbaycan Cümhuriyyətinin taleyi təkcə onun öz xalqının
deyil, həm də dünyanın
böyük dövlətlərinin, dünya siyasətçilərinin istək və iradəsindən asılı idi. Bir əsrlik rus
istilasından sonra Azərbaycan xalqı məhrumiyyətlər və şəhid qanları bahasına öz müstəqilliyinə qovuşmuşdu.
Lakin bu müstəqilliyin tanınmamağı ölkəni və onun xalqını yenidən, bu dəfə bolşevik libasında peyda olmuş rus
imperializminin müstəmləkəsinə çevirmək təhlükəsini meydana çıxarırdı.
Azərbaycan Cümhuriyyətinin qurucuları ilk gündən həmin təhlükəni hiss edir və buna görə də hər vasitə
ilə qarşılaşdıqları problemləri dünya dövlətlərinin və ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdılar. Rusiya,
Osmanlı və Avstriya-macarıstan imperiyalarının dağıldığı, müstəqil dövlətlərin meydana çıxdığı, dünyanın
siyasi xəritəsinin yenidən cızıldığı 1918-ci ildə bu xüsusilə vacib və əhəmiyyətli idi. Avropaya Azərbaycandan
orta əsrlərdə də elçilər və nümayəndələr getmişdilər. Lakin onlar bir qayda olaraq öz padşahlarının,
hökmdarlarının iradəsini Avropa monarxlarına çatdırmaq üçün yola çıxırdılar. Azərbaycan Parlamentinin qərarı
ilə Parisə göndərilən Nümayəndə heyəti isə ilk dəfə olaraq xalqın iradəsini, onun müstəqillik əzmini ifadə etmək
üçün gedirdi.
Şair Məhəmməd Hadinin kədər və təəssüf dolu "Qoymuş miləl imzasını övraqi-həyatə, Yox millətimin
xətti bu imzalar içində" - deməsindən cəmisi bir neçə il keçirdi. Və bu bir neçə ilin içərisində sürətlə dəyişən,
inkişaf edən, tarixi fürsətdən yararlanaraq öz milli dövlətini quran Azərbaycan xalqı "tarixin və həyatın
səhifələrində" öz imzasını atmaq üçün Avropanın mərkəzinə - Parisə öz nümayəndələrini göndərirdi.
Nümayəndə heyətinin ölkələr keçərək Parisdən Bakıya-Cümhuriyyət rəhbərliyinə gələn məlumatları on
illiklər boyu qapalı arxivlərdə saxlanmış, yalnız xalqdan deyil, hətta mütəxəssislərdən də gizlədilmişdi. Lakin
"Elə bir gizlin yoxdur ki, axırda aşkar olmasın". (Bibliya)
Azərbaycan Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi və diplomat Ə. M.
Topçubaşovun başçılığı ilə Parisə göndərilən Nümayəndə heyətinin fəaliyyəti ilə bağlı tarixi materiallar ilk dəfə
bu kitabda, həm də ana dilimizə çevrilərək oxuculara təqdim olunur. Həmin materiallarla tanışlıqdan əvvəl
Nümayəndə heyəti ilə bağlı bəzi həqiqətləri bildirmək yerinə düşərdi.
Nümayəndə heyətinin tərkibi
Nümayəndə heyətinin tərkibinə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri daxil idilər. Onlar
özlərinin həyat yolu, mübarizə və inancları ilə Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını,
azadlıq və istiqlal yolunda çalışdıqlarını sübut etmişdilər.
Sədr Əlimərdanbəy Topçubaşov (1865-1934) Tiflisdə zadəgan ailəsində doğulmuş, Peterburq
universitetinin hüquq fakültəsini bitirmişdi. 1897-ci ildə "Kaspi" qəzetinin redaktoru kimi ictimai-siyasi
fəaliyyət meydanına atılmış, demokratik ruhlu ziyalı kimi mənsub olduğu xalqı təmsil etmiş, onun hüquqlarını
qorumuşdu. 1905-ci il Rusiya inqilabından sonra Ə. M. Topçubaşov yalnız azərbaycanlıların deyil, bütün
Rusiya türklərinin və müsəlmanlarının lideri kimi tanınmışdı. O, Rusiya müsəlmanlarının 1905 - 1907-ci illərdə
keçirilən 1—IV qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, qurultayın qərarı ilə
yaradılan Ümumrusiya müsəlman partiyasının - "İttifaq-müslim»in Məramnamə və Nizamnaməsini yazmış,
onun MK üzvü seçilmişdi.
1906-cı ildə I Dövlət Dumasına Bakı quberniyasından deputat seçilən Ə. M. Topçubaşov burada
Dumanın Müsəlman fraksiyasını yaratmış və onun fəaliyyətinə rəhbərlik etmişdi. Dumanın çar tərəfindən
qovulmasına etiraz bildirən məşhur Vıborq bəyannaməsini imzalayanlar içərisində o da var idi. 1917-ci ilin
mayında Rusiya müsəlmanlarının Moskva qurultayına rəhbərlik edən siyasi liderlərdən biri də Ə. M,
Topçubaşov idi. Həmin dövrdə o, eyni zamanda Transqafqazın müsəlman ictimai-siyasi təşkilatlarının
koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin fəaliyyətinə də rəhbərlik edirdi. 1918-ci il iyunun 17-də Fətəli
xan Xoyskinin rəhbərliyi ilə təşkil olunan ikinci hökumət kabinəsində Ə. M. Topçubaşov portfelsiz nazir
vəzifəsi almış, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli Naziri kimi
Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan
Azərbaycan Parlamenti onu qiyabi surətdə öz sədri seçmiş, dekabrın 28-də isə Versal sülh konfransına
göndərilən Azərbaycan nümayəndə heyətinə rəhbər təyin etmişdi.