Mülki hüququn predmeti və prinsipi



Yüklə 29,92 Kb.
tarix05.10.2017
ölçüsü29,92 Kb.
#3296

Mülki hüququn predmeti və prinsipi
Hüquq elmində və təcrübədə maddi və prosessual hüquq normaları fərqləndirilir. Maddi hüquq normaları ictimai münasibətlərin məzmunu ilə əlaqədar məsələləri nizama salır və onların iştirakçılarının subyektiv hüquq və vəzifələrinin həddini müəyyən edir.

Mülki proses üzrə tanınmış alim D. M. Çeçot mülki prosessual hüquqa belə tərif verir: “ Mülki prosessual hüquq hüququn müstəqil sahəsi olaraq ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində ictimai münasibətləri nizama salır.

Prosessual hüquq normaları isə səlahiyyətli dövlət orqanlarının maddi hüquq normalarının və ictimai münasibətlərin subyektlərinin hüquq və qanuni mənafelərinin həyata keçirilməsi və mühafizəsi ilə əlaqədar olan fəaliyyət qaydasını tənzim edir.

Maddi hüquq normaları hüquq “nəyi ” tənzimləyir sualına cavab verirsə, prosessual hüquq normaları “ necə ” tənzimləyir sualına cavab verir. Prosessual hüquq normalarının bir növü də prosedura normalarıdır.

Ümumi hüquq nəzəriyyəsindən məlumdur ki, hüququn sahələrə və institutlara ayrılması üçün iki başlıca meyar vardır: hüquqi nizamasalmanın predmeti və metodu. Məhz bu iki meyar hüquq sisteminin sahələrə bölünməsi üçün əsasdır. “ Hüquq sahəsinin predmeti ” dedikdə, onun nizamladığı ictimai münasibətlərin dairəsi başa düşülür. “ Hüquqi tənzimetmənin metodu ” dedikdə, həmin hüquq sahəsinin tənzim etdiyi ictimai münasibətlərə təsir üsulları başa düşülür. Məhz hüquqi tənzimetmə predmetinə və metoduna görə hüquq sahələri bir – birindən fərqləndirilir.

Hər bir hüquq sahəsi isə yalnız özünəməxsus müəyyən qrup ictimai münasibətləri tənzimləyir. Məsələn, mülki hüquq “ əmlak və şəxsi qeyri - əmlak münasibətlərini ”, ailə hüququ “ nikah münasibətlərini, ailə üzvləri arasındakı münasibətləri və digər münasibətləri ” , əmək hüququ isə “ əmək münasibətlərini və əməklə əlaqədar digər münasibətləri ” nizama salır. Bu hüquq sahələrinin biri də mülki prosessual hüquqdur. Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilən zaman məhkəmə ilə prosesin digər iştirakçıları arasında yaranan, prosessual hərəkətləri və mülki prosessual hüquq münasibətlərini nizamlayan hüquq normalarının sistemidir. Mülki prosessual hüquq hüququn müstəqil sahəsi olduğundan, müstəqil predmetə və hüquqi nizama salma metoduna malikdir.

Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb.

Hər bir hüquq sahəsinin spesifik nizamasalma metodu vardır. Hüququm ictimai münasibətlərə təsir üsullarında fərqin əsasını hüquq münasibətləri iştirakçılarının qarşılıqlı münasibətlərinin xarakteri təşkil edir. Bəzi hüquq sahələrində hakimiyyət məcburiyyət metodu, digərlərində tərəflərin bərabərliyi metodu, üçüncülərdə isə qadağan metodu üstünlük təşkil edir. Hüquq sahələri ictimai münasibətlərin xarakterindən asılı olaraq, bu kimi hüquqi təsir metodlarından istifadə edirlər.

Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar:

Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür.

Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir.

İmperativ və dispozitiv şərtlərin uzlaşması ilk növbədə mülki – prosessual hüquq münasibətləri subyektlərinin, yəni bir tərəfdən bütün mülki prosessual hüquq münasibətlərinin mütləq iştirakçısı olan məhkəmənin, o biri tərəfdən – digər subyektlərin xarakterini əks etdirir. Hüquqi nizamasalma metodunun imperativliyi bütün mülki prosessual münasibətlərdə məhkəmənin – dövlətin ədalət mühakiməsini həyata keçirən və hakimiyyət səlahiyyətinə malik orqanın iştirakı səbəbindən onların hakimiyyət və tabelilik münasibətləri olmalarını şərtləndirir. Məhkəmə qanunun tələblərini dəqiq yerinə yetirməli və mülki prosesin bütün digər iştirakçılarından da bunu tələb etməməlidir. Hakimiyyət orqanı kimi yalnız məhkəmə prosessual qanunvericiliyin təsbit etdiyi məcburiyyət tədbirlərini tətbiq etmək hüququna malikdir. Dispozitivlik isə mülki prosessual hüququn təsirinin digər cəhətini özündə əks etdirir: verilmiş hüquqların və müəyyən olunan vəzifələrin azad, lakin yalnız qanun çərçivəsində reallaşdırılması; bütün subyektlərə bərabər hüquq və vəzifələrin verilməsi və həmçinin onlara zəmanətin verilməsi.

“ Sistem ” sözü yunan sözü olub birləşmə, hissələrdən düzəlmə deməkdir. Hüquqa tətbiq olunduqda sistem anlayışı hüququn daxili vəhdətdə olan ayrı – ayrı hissələrinin vahid bir tam halında birləşməsini ifadə edir. Mülki prosessual hüququn sistemi mülki prosessual hüquq münasibətlərinin xarakteri ilə şərtlənən daxili strukturdur ki, bu da mülki prosessual hüquq normalarının vəhdətində və uyğunluğunda, eyni zamanda onların müəyyən sahə və institutlara ayrılmasında özünü əks etdirir.

Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar:



  • ümumi hissə;

  • xüsusi hissə.

Mülki prosessual hüququn ümumi hissəsi özündə elə normaları əks etdirir ki, bu normaların mülki prosessual hüququn xüsusi hissəsinin bütün və ya bir çox institutları üçün hüquqi əhəmiyyəti vardır.

Mülki prosessual hüququn xüsusi hissəsində nəzərdə tutulmuş normalar prosesin müvafiq mərhələsini və mülki mühakimə icraatının növlərinə dair münasibətləri tənzimləyir. Hüququn prinsipləri ictimai həyatın obyektiv qanunauyğunluqlarını hüquqi cəhətdən təsbit edən əsas başlanğıc normalardır. Onlar özlərində hüququn daha xarakterik cəhətlərini ehtiva edir, onun hüquqi təbiətini müəyyən edir. Başqa sözlə desək, hüququn prinsipləri – universallığı, ümumi əhəmiyyəti, ali imperativliyi ilə fərqlənən, hüquqi tənzimləmənin məzmununu müəyyənləşdirən və hüquqla tənzimlənən münasibət iştirakçılarının davranış və fəaliyyətinin hüquqauyğunluğunun kriteriyası kimi çıxış edən ümumməcburi, ilkin normativ - hüquqi qaydalardır.

Prinsip latın sözü olub, əsas, başlanğıc, rəhbər ideya mənasında işlədilir. Mülki prosessual hüququn prinsipləri dedikdə, onun mahiyyətini, yəni onun rəhbər ideya – siyasi əsasını ifadə edən, prosesin quruluşunu müəyyənləşdirən və prosesin və prosesin məqsədinə çatmaq yollarını araşdıran prosessual hüquq normalarında əks olunan müddəalar başa düşülür.

Mülki prosessual hüququn prinsiplərini müxtəlif əsaslara görə təsnifləşdirmək olar. Hüquqi nizamasalma obyektinə və təsir dairəsinə görə mülki prosessual hüququn prinsiplərini 4 qrupa bölmək olar:



I qrup prinsiplər: - ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi; - hakimlərin müstəqilliyi; - hüquqi işlərin təkbaşına və kollegial baxılması; - məhkəmə baxışının aşkarlığı; - mühakimə icraatının dövlət dilində aparılması. Bu qrupa daxil olan prinsiplər təşkilati – funksional və ümumhüquqi xarakter daşıyır.

II qrup prinsiplər: - məhkəmə həqiqəti; - qanunçuluq; - əsaslandırıcılıq. Bu prinsiplər isə funksional və sahələrarası prinsiplərin yaranmasını şərtləndirir.

III qrup prinsiplər: - şifahilik; - bilavasitəlik; - fasiləsizlik; - prosessual qənaət. Bu qrupa daxil olan funksional sahəlararası prinsiplər mülki mühakimə icraatının xarici xüsusiyyətlərini ifadə edir.

IV qrup prinsiplər: - dispozitivlik; - çəkişmə; - tərəflərin prosessual bərabərliyi prinsipi. Bu qrup prinsiplər mülki prosessual hüququn funksional sahəvi prinsiplərini yaradır.

Ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi konstitusion prinsipdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125 – ci maddəsinin I bəndində müəyyən edilmişdir ki, “ Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər ”. Həmin hüquqi qayda həmçinin Azərbaycan Respublikasının MPM – nin 6 – cı maddəsində nəzərdə tutulmuşdur. Orada göstərilmişdir ki, “ mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir ”.

Azərbaycan Respublikası Konstitusiyasının 127 – ci maddəsinin I bəndində deyilir ki, hakimlər müstəqildir və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara tabedirlər və səlahiyyəti müddətində dəyişilməzdirlər. Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə həll edirlər.

Hakimlərin toxunulmazlığı o deməkdir ki, hakimlərin və onların yaxın qohumlarının həyatı, sağlamlığı və əmlakı xüsusi qaydada dövlət müdafiəsi ilə təmin olunur. Məhkəmə və hüquq – mühafizə orqanları işçilərinin dövlət müdafiəsi ilə təmin edilməsi xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq bu şəxslərin və ya onların yaxın qohumlarının həyat və sağlamlığının, mənzilinin, əmlakının qorunması məqsədi ilə səlahiyyətli dövlət orqanları tərəfindən təhlükəsizlik tədbirlərinin tətbiq edilməsindən və həyata keçirilməsindən ibarətdir.

Mülki işlərə təkbaşına və kollegial baxılması prinsipinin mahiyyəti ondan ibarətdir ki, mülki işlər üzrə ədalət mühakiməsi həm təkbaşına, həm də kollegial şəkildə aparıla bilər.

Ədalət mühakiməsinin aşkarlığı prinsipi konstitusion prinsipdir. Bu prinsip barədə MPM- nin 10 – cu maddəsində norma təsbit edilmişdir. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır.

Məhkəmə baxışının aşkarlığı dedikdə, məhkəmə iclaslarına prosesdə iştirak etmək istəyənlərin azad surətdə daxil olma imkanları, o cümlədən proses haqqında yazılı qeydlər etmək, məhkəmə iclas zalında bütün baş verənləri izləmək hüquqları başa düşülür.

Azərbaycan Respublikası Konstitusiyasının 127 – ci maddəsinin X bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

Məhkəmə həqiqəti prinsipi mülki prosessual hüququn elə rəhbər müddəalarını əks etdirir ki, bu müddəalar konkret mülki işlərin və digər hüquqi işlərin mülki prosessual normalara əsasən aparılmasını və iş üzrə mühüm əhəmiyyət kəsb edən halların hər tərəfli araşdırılmasını təmin edir.

Qanunçuluq prinsipi ümumi xarakter daşıyır. Onun məzmunu bütün subyektlər tərəfindən hüquq normaları göstərişlərinin dəqiq və tam həyata keçirilməsi tələblərində ifadə edilir.

Mülki mühakimə icraatının əsaslandırıcılıq prinsipinin mahiyyəti ondan ibarətdir ki, hər bir prosessual davranış ( məhkəməyə ərizə ilə, vəsatətlə, şikayətlə, təqdimatla müraciət etmək; məhkəmə aktlarının çıxarılması, qətnamə və qərardad) əsaslandırılmalıdır.

Məhkəmə baxışının ümumi şərtlərindən biri olan məhkəmə baxışının şifahiliyi məhkəməyə çağırılmış bütün şəxslərin öz ifadələrini şifahi verməsini, araşdırılmalı olan materialların və sənədlərin şifahi açıqlanmasını nəzərdə tutur.

Bilavasitəlik prinsipinin mahiyyəti ondan ibarətdir ki, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və III şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, videoyazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

Fasiləsizlik prinsipi məhkəmənin diqqətini işə cəlb edir, onun işin bütün hallarını nəzərə almasını, hüquq münasibətlərinin düzgün qiymətləndirilməsini, qanuni və əsaslandırılmış məhkəmə aktı çıxarılmasını təmin edir.



Hüquq ədəbiyyatında prosessual münasibətlərin və hərəkətlərin məntiqə uyğun olaraq ardıcıllığını ifadə etmək üçün “ prosessual qayda ” və “ prosessual forma ” terminlərindən istifadə edilir. Mülki prosessual forma dedikdə, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi qaydasını, həmçinin hüquqların və qanuni maraqların müdafiəsi məqsədi ilə mülki prosesin hər bir iştirakçısının fəaliyyətini qanunla, yəni Mülki Prosessual Məcəllə ilə müəyyən olunmuş qaydada nizama salan sistem başa düşülür. Hüququn prinsipləri ictimai həyatın obyektiv qanunauyğunluqlarını hüquqi cəhətdən təsbit edən əsas başlanğıc normalardır. Onlar özlərində hüququn daha xarakterik cəhətlərini ehtiva edir, onun hüquqi təbiətini müəyyən edir





Yüklə 29,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə