ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   62   63   64   65   66   67   68   69   70

  Bir xeyli onunla söhbət etdim və sonra ona viski vermək istədim.  
  Lakin o, içkidən imtina edib dedi: 
  -  Mən iyirmi il İranda konsul olmuşam. Köklü Şərq mədəniyyətinin dağılıb 
getməməsini, bu günkü müasir şərqlilərin bizim sivilizasiyanı təqlid etmələrini və öz 
əcdadlarının ənənələrinə hörmət etməmələrini görmək həqiqətən insana çox əzab verir. 
Lakin, bəlkə də onlar haqlıdırlar. Çünki həyat tərzi hər kəsin öz şəxsi işidir. Amma nə 
olursa olsun etiraf etməliyəm ki, sizin ölkəniz, məsələn, Mərkəzi Amerika respublikaları 
qədər müstəqil olmaq üçün yetişmişdir. Mənim fikrimcə, bizim hökumətimiz 
Azərbaycanın dövlət müstəqilliyini tezliklə tanıyacaqdır. 
  Salonun o biri başında Ninonun zadəgan valideynlərinin və İlyas bəyin əhatəsində xarici 
işlər naziri Əsədulla dayanmışdı. Mən tələsik onların yanlarına getdim. Əsədulla tez 
soruşdu: 
  -  O, qoca sənə nə deyirdi? 
  -  O dedi ki, mən səfehəm, amma İngiltərənin bizim müstəqilliyimizi tezliklə tanıyacağını 
söylədi. 
  Mirzə Əsədulla rahat bir nəfəs aldı. 
  -  Siz heç səfeh deyilsiniz, Əli xan. 
  -  Təşəkkür edirəm, cənab nazir, mənə elə gəlirdi ki, doğrudan da səfehəm. 
  O, əlimi sıxaraq getməyə hazırlaşırdı. Qapıda Ninonun əlini öpərkən, Nino əsrarəngiz 
bir şəkildə gülümsəyərək ona nə isə pıçıldayırdı. Mirzə Əsədulla da onun dediklərini başı 
ilə təsdiq edirdi... 
  Qonaqlar gecə yarısı dağılışdılar. Böyük salona tütün və alkoqol qoxusu çökmüşdü. Hər 
ikimiz yorğun, lakin məmnun halda pilləkənlərlə yuxarı qalxıb, yataq otağına keçdik. 
Birdən qəribə bir dəcəllik hissi bürüdü bizi. Nino ayağındakı ayaqqabılarını bir küncə 
vızıldatdı, sonra çarpayının üstünə hoppanıb yellənməyə başladı. O, alt dodaqlarını 
salladıb, burnunu qırışdırdı. Bu anda o, balaca meymuna bənzəyirdi. Nino ordlarını 
şişirtdi, sonra hər iki şəhadət barmaqlarını ordlarına vurdu. Onun dodaqlarının arasından 
səs çıxdı. 
  -  De görüm, məni yeni ölkənin xilaskarı rolunda necə görürsən? – deyə Nino bərkdən 
səslənərək çarpayının üstündə hoppanıb düşdü. Sonra güzgünün qabağına qaçdı, özünü 
heyran baxışlarla süzüb dedi: 
  -  Nino xanım Şirvanşir – Azərbaycanın Janna d`Arkı. Minbaşı arvadlarını ovsunlayır və 
həyatında heç xədimağası görməmiş kimi davranır. 
  O, gülür və əl çalırdı. Ninonun əynində açıq rəngli yaxası dekolte axşam paltarı var idi. 
Onun incə qulaqlarından uzun sırğalar asılmışdı. Mirvari boyunbağısı lampa işığında 
işıldayırdı. Onun qolları qız qollarıtək incə və gözəl idi. Qara saçları da çiyinlərinə 
tökülürdü. Güzgünün qabağında dayanmış Ninonun mənim üçün yeni olan bu gözəlliyi 
valehedici idi. 
  Mən bir-iki addım atıb ona yaxınlaşdım və avropalı prinsesin xoşbəxtlikdən parlayan 
gözlərinə baxdım. Sonra onu qucaqladım və mənə elə gəldi ki, onu ömrümdə ilk dəfə idi 
ki, bağrıma basırdım. Onun  yumşaq və ətirli dərisi var idi, dodaqları arasından görünən 
dişləri isə ağ mirvari dənələri kimi parlayırdı. Biz ilk dəfə olaraq çarpayının üzərində 
oturduq. Avropalı bir qadını qollarımın arasına aldım. Nino tez gözlərini qırpdı. Onun 
 
135


uzun və zərif kirpikləri yanağıma dəyirdi. Onun gözlərində nəvaziş dolu bir baxış var idi. 
Mən onları heç bir zaman hiss etməmişdim. 
  Ninonun çənəsini ovucumun içinə alıb başını qaldırdım. Yumşaq yumru sifətinə, nəmli 
susamış dodaqlarına və yarı bağlı gürcü kipriklərinin ardındakı xülyalı gözlərinə baxdım. 
Ninonun boynunun ardını sığalladım. Onun sifəti coşqunluq və şövqlə dolu idi. Birdən 
onun gecə paltarı da, avropasayağı çarpayısı da gözlərimin önündən silindi. Mən onun 
Dağıstandakı aulda gil döşəmənin üzərinə sərilmiş ensiz kilimin üstündəki döşəkdə 
uzanmasını gözlərimin qabağına gətirdim. Mən onun çiyinlərini qucaqlamışdım və birdən 
ayılıb gördüm ki, ikimiz də paltarda, məğrur Avropa çarpayısının ayaqları altında, açıq 
rəngli Kirman xalçasının üstündə uzanmışıq. Yumşaq xalçanın üzərində kürəyi üstə yatan 
Ninonun üzünə baxdım. Onun nəfəs almasını, sonra da yaşlı ingilisi, cavan zabitləri və 
respublikamızın aqibətini tamamən unutmuşdum. 
  Bir az sonra biz kürəyi üstə, yan-yana uzanıb başımızın üstündəki böyük güzgüyə 
baxırdıq. “Paltarım korlandı” deyə Nino birdən dilləndi, onun səsindən xoşbəxtlik 
yağırdı. Sonra xalçanın üstündə oturduq. Nino başını dizimə qoyub yüksək səslə dedi: 
“İndi biz mayorun arvadı görsəydi nə deyərdi. Deyərdi ki, məyər Əli xan bilmir ki, 
çarpayı nə üçündür?” 
  Nəhayət o, ayağa durdu və kiçicik ayağı ilə dizimə bir təpik ilişdirdi: 
  -  Cənab attaşe həzrətləri, lütf edib, diplomatiya dünyasının ümumi qayda-qanunlarına 
riayət edərək, soyunub nikah yatağındakı yerini tuta bilərmi? 
  Yuxulu vəziyyətdə deyinə-deyinə ayağa qalxdım, paltarımı soyunub qırağa atdım və 
yorğanın altına girib Ninonun yanında uzandım. Beləcə biz yuxuya getdik. 
  Günlər, həftələr keçdi. Qonaqlar gəlir, viski içərək evimizdən heyranlıqla danışırdılar. 
Ninonun gürcü qonaqpərvərliyi tükənmək bilmirdi. 
  O cavan zabitlərlə rəqs edir, yaşlı minbaşılarla podaqra xəstəliyindən danışırdı. Nino 
ingilis xanımlarına kraliça Tamarının dövrünə aid hekayələr danışır və onlarda elə 
təəssürat yaradırdı ki, guya bu kraliça Azərbaycana da hökmranlıq etmişdi. Mən isə 
nazirlikdə, böyük bir kabinetdə tək otururdum, diplomatik notaların layihələrini cızır, 
xarici ölkələrdəki təmsilçilərimizin məlumatlarını oxuyurdum və boş vaxtlarımda 
pəncərədən dənizi seyr edirdim. 
  Nino sevinc və şadlıq içində idi, elə bil onun heç bir qayğısı yox idi. O, Xarici İşlər Naziri 
Mirzə Əsədulla ilə dost olmağa başlamışdı. Mirzə Əsədulla bizi ziyarət etdiyi zaman Nino 
ona qayğı göstərir, ona Avropa cəmiyyətində necə davranmaq lazım olduğu barədə ağıllı 
məsləhətlər verirdi. Bəzən də onları evimizin bir guşəsində, əsrarəngiz şəkildə pıçıldaşan 
görürdüm. 
  Bir gün Ninoya “Mirzə Əsədulladan nə istəryirsən?” - deyə soruşanda Nino 
gülümsəyərəêkizah etdi ki, Xarici İşlər Nazirliyində protokol şöbəsinin ilk qadın müdiri 
olmaq arzusundayam. 
  Masamın üstü məktublar, məlumatlar və bəyanatlarla dolu idi. Yeni dövlətin işləri tam 
sürətlə gedirdi. Üzərində bizim yeni gerbimizin rəsmi olan məktubları açmaq adama zövq 
verirdi. 
  Bir gün kuryer mənə qəzetləri gətirəndə günortaya az qalmışdı.  Hökumət qəzetini 
açdım və qəzetin üçüncü səhifəsində adımın böyük yağlı hərflərlə yazıldığını gördüm. 
 
136


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə