ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   60   61   62   63   64   65   66   67   ...   70

  -  Mənim isə burada qalmağım məsləhətdir, Ata. 
  Atam “Bəli” deyərək ciddi bir şəkildə başını tərpətdi. 
  -  Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı sevir. Lakin mən  yeni bayrağımızı 
sevmədim. Şəhərin səs-küyü və şəhərdəki Allahsızlıq havası da xoşuma gəlmədi. 
  O sakitcə başını aşağı saldı və bu anda qardaşı Əsəd-əs-Səltənəyə bənzədi. 
  -  Mən artıq yaşlıyam, Əli xan. Bütün bu yeniliklərə, dözümüm yoxdur. Sən isə gəncsən 
və cəsursan, sənin burada qalmağın lazımdır. Azərbaycan ölkəsinin sənə ehtiyacı var. 
   
  *   *   * 
  Alaqaranlıqda şəhərimizin küçələrində gəzişirdim. Sərt baxışlı türk patrulları tinlərdə 
keşik çəkirdilər. Mən türk zabitləri ilə söhbət etdim. Onlar mənə İstanbulun 
məscidlərindən, Tatlı-Sudakı yay gecələrindən söhbət etdilər. Köhnə qubernator binasının 
üzərində yeni Azərbaycan dövlətinin bayrağı dalğalanırdı. Parlament də məktəb 
binasında yerləşirdi. Köhnə şəhər elə bir yeni bir həyata qədəm qoymuşdu. Vəkil Fətəli 
xan baş nazir təyin olunmuşdu. O, qanunlar çıxardır, göstərişlər və əmrlər verirdi. 
Şəhərdən rusları təmizləmək istəyən Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədulla xarici işlər 
naziri təyin olunmuşdu. O, kənar ölkələrlə müqavilələr bağlayırdı. İndiyə qədər adət 
etmədiyim dövlət müstəqilliyi hissi məni də bürümüşdü. Mən yeni dövlət gerbini, yeni 
uniformaları və yeni qanunları sevməyə başladım. Həyatımda ilk dəfə idi ki, mən özümü 
öz vətənimin sahibi hiss edirdim. Ruslar utancaq halda yanımdan keçir keçmiş 
müəllimlərim də məni hörmətlə salamlayırdılar. 
  Şəhər klubunda milli musiqi çalınır və xalq mahnıları oxunurdu. Yeni klub qaydalarına 
görə, kluba gələn hər kəs papağını çıxartmadan orada otura bilərdi. İlyas bəylə mən 
cəbhədən qayıdan və ya cəbhəyə getməkdə olan türk zabitlərini təbrik edirdik. Türk 
zabitləri bizə Bağdad mühasirəsindən və Sina çölündəki hərbi yürüşlərdən söhbət 
edirdilər. Onlar Liviya çöllərinə, Qalisiyanın palçıqlı yollarına və Ermənistan dağlarının 
qarlı təpələrinə bələd idilər. Müsəlmanlığın qadağan etdiyi qanuna məhəl qoymadan türk 
zabitləri şampan şərabı içir, Ənvər paşadan və damarlarında türk qanı axan bütün 
insanları bir bayraq altında birləşdirəcək Turan imperatorluğundan danışırdılar. Mən 
onların söhbətlərinə böyük heyrət və həvəslə qulaq asırdım, çünki bütün bu valehedici 
mənzərə gözəl və unudulmaz bir yuxu qədər cazibədar idi. Böyük rəsmi keçid günü hərbi 
orkestrlər musiqi sədaları altında şəhərin küçələrindən keçirdilər. Sinəsi orden və 
medallarla dolu olan Ənvər Paşa at belində oturub hərbi hissənin əsgərləri qarşısında 
çıxış edib yeni bayrağımızı salamladı. Qürur və razılıq hissi bizi bürümüşdü. Biz 
sünnilərlə şiələr arasındakı bütün fərqləri unudub Ənvər Paşanın zərif əllərini öpməyə və 
Osmanlı xəlifəsi yolunda ölməyə hazır idik. Yalnız Seyid Mustafa qarışıqlıqdan uzaq bir 
küncə çəkilmişdi. Onun simasında qəzəb və nifrət hissləri oxunurdu. O, Ənvər Paşanın 
sinəsini bəzəyən ulduzlar və ayparalar arasında xaçlı bolqar medalını da görmüşdü. 
Yabançı bir dinin simvolunu bir müsəlmanın sinəsində görmək Seyid Mustafanı çox 
qəzəbləndirmişdi. 
  Hərbi keçiddən sonra İlyas bəy, Seyid Mustafa və mən bulvarda oturmuşduq. 
Ağaclardan payız xəzəli tökülürdü. Dostlarım yeni dövlətin əsas qanunları haqqında 
mübahisə edirdilər. Gəncə yaxınlığındakı hərbi döyüşlərdən, gənc türk zabitləri ilə etdiyi 
danışıqlardan və özünün müharibə təcrübələrindən İlyas bəy belə qərara gəlmişdi ki, 
 
129


vətənimizi rusların yeni işğalından qorumaq üçün ölkəmizdə təcili olaraq avropasayağı 
islahatlar keçirilməlidir. 
  İlyas bəy dedi: 
  -  Mən deyirəm ki, ölkədə qalalar tiksək, yollar salsaq və reformalar aparsaq da, yenə 
müsəlman olaraq qala bilərik. 
  Seyid qaşqabağını tökdü, onun gözlərindən yorğunluq tökülürdü. 
  O, soyuqqanlıqla dedi: 
  -  Bir addım da irəli get, İlyas bəy. De ki, adam şərab içsə də, donuz əti yesə də, yenə 
yaxşı müsəlman olaraq qala bilər. Çünki avropalılar çoxdan kəşf ediblər ki, şərab insanın 
sağlamlığı üçün xeyirlidir, donuz əti də qidalıdır. Əlbəttə, insan bütün bu saydıqlarını 
edib yenə də bir müsəlman olaraq qala bilir, amma cənnətin qapısında duran baş məlaikə 
buna inanmaq istəməyəcək. 
  İlyas bəy güldü: 
  -  Təlim ilə donuz əti yemək arasında böyük fərq var, elə deyilmi?– dedi. 
  -  Lakin donuz əti yeməklə şərab içmək arasında fərq yoxdur. Türk zabitləri açıq-aydın 
şərab içirlər, onların uniformalarında da xaçlı nişanlar var. 
  Dostlarımın mübahisəsini dinləyirdim. Birdən Seyid deyə müraciətlə soruşdum. 
  -  Çarpayıda yatmaqla və yemək yeyərkən çəngəl bıçaq işlətməklə, yenə də müsəlman 
olaraq qalmaq olarmı? 
  Seyid nəvazişlə güldü: 
  -  Sən həmişə yaxşı bir müsəlman olaraq qalacaqsan. Mən səni Tehranda Məhərrəm 
günündə görmüşəm. 
  Mən cavab vermədim. İlyas bəy hərbi papağını düzəltdi: 
  -  Sən evini müasir mebellərlə və açıq rəngli divar kağızları ilə bəzəyib Avropasayağı 
şəklə salmaq istəyirsən, doğrudurmu? 
  -  Bəli, İlyas bəy, doğrudur. 
  O, qətiyyətlə dedi: 
  -  Bu çox gözəl qərardır. Bakı artıq ölkəmizin paytaxtıdır. Ölkəmizə əcnəbi səfirlər 
gələcək. Onları qəbul etmək üçün evlərə və diplomatların xanımları ilə söhbət edə bilən 
xanımlara ehtiyacımız vardır. Əli xan,  sənin arzuladığımız formada belə bir arvadın var 
və tezliklə sənə münasib evin də hazır olacaqdır. Sən xarici işlər nazirliyində işləməlisən. 
  Mən güldüm. 
  -  İlyas bəy, sən mənim arvadım və özümlə elə danışırsan ki, elə bil biz beynəlxalq 
anlaşma meydanında yarışa hazırlanmış atlarıq. Yoxsa, elə fikirləşirsən ki, mən öz evimi 
bizim beynəlxalq mənafelərimiz naminə yenidən düzəltdirmişəm? 
  -  Əslində belə olmalıdır – deyə İlyas bəy fikrini qəti şəkildə ifadə etdi. Onun həqiqətən 
yerdən göyə qədər haqlı olduğunu hiss etdim. Həqiqətən hər kəs Azərbaycanın yoxsul və 
qızmar günəşdən yanmış torpaqlarında qurmaq istədiyimiz bu yeni dövlətə xidmət 
etməlidir. 
  Mən evə getdim. Nino yerə parket döşənməsinə, divarlara yağlı boya çəkilməsinə və 
rəsm tablolarının divardan asılmasına heç bir etiraz etmədiyimi görüb ürəkdən güldü və 
onun gözləri bir vaxt İsa bulağındakı meşə zolağında keçirdiyimiz gecə olduğu kimi 
parıldadı. 
   
 
130


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə