ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   62   63   64   65   66   67   68   69   70

  *   *   * 
 
  Bu vaxtlar mən atla çölə tez-tez gedirdim. Orada yumşaq qumun üzərinə uzanıb 
saatlarla günəşin qərbdə batmasını izləyirdim. Türk qoşunları yanımdan keçib gedirdilər. 
Türk zabitlərinin sifətini qəm və həyəcan bürümüşdü. Yeni dövlətimizin səs-küyü dünya 
müharibəsinin uzaqlarda atılan top səslərini batırmışdı. Lakin çox-çox uzaqlarda türklərlə 
müttəfiq olan bolqarların qoşunları düşmənin hücumları qarşısında geri çəkilməyə 
başlamışdılar. 
  Türklər: “Cəbhə yarılmışdır” deyirdilər. Onu yenidən bərpa etmək qeyri-mümkündür. 
Onlar artıq şampan şərabı içmirdilər. 
  Cəbhədən hərdən bir xəbər gəlirdi. Xəbər gələndə də ildırım kimi təsir göstərirdi. Çox 
uzaqlarda Mondros adlanan bir limanda beli bükülmüş bir adam İngiltərənin 
“Aqamemnon” adlı hərbi gəmisinə çıxmışdı. Bu beli bükülmüş adam Osmanlı 
imperatorluğunun donanma naziri olan Hüseyn Rauf  bəy idi. O, atəşin dayandırılmasına 
dair müqavilə bağlamaq barədə xəlifədən vəkalət almışdı. Rauf bəy masanın üzərinə 
əyildi və bir kağız parçasına imzasını qoydu. Bu an şəhərimizin hakimi olan Ənvər 
paşanın gözləri yaşla doldu. 
  Turan imperiyasının marşı bir daha Bakının küçələrində eşidildi. Amma bu dəfə bu marş 
elə bil matəm marşı kimi səslənirdi. 
  Ənvər paşa ən şahanə uniformalarını və ağ əlcəklərini geyib atının yəhərində dik 
oturaraq, hərbi hissələrin qabağından keçirdi. Türk zabit və əsgərlərinin sifətlərində heç 
bir ifadə yox idi. Osmanlı bayrağı büküldü, təbillər vuruldu və Ənvər paşa ağ əlcəkli əlini 
qaldıraraq  əsgərlərini salamladı. Hərbi hissələr şəhərdən çıxırdılar və onlar İstanbul 
məscidlərinin, Bosfor boğazındakı gözəl sarayların, xəlifə olan arıq kişinin və onun 
əynindəki Peyğəmbər cübbəsinin xəyali mənzərəsini yaddaşımızda qoyub gedirdilər. 
  Bir neçə gün sonra sahildə dayanmışdım. Bu anda Nargin adasının arxasından ingilis 
işğal qoşunlarını gətirən ilk gəmilər görünməyə başladı. İngilis qoşunlarının komandanı 
olan generalın mavi gözləri,  nazik bığları, enli və güclü əlləri var idi. Yeni Zelandiyalılar, 
kanadalılar və Avstriyalılar şəhərimizə axışırdılar. İndi şəhərimizin hər yerində bizim 
ölkəmizin bayraqları yanında ingilis bayraqları da dalğalanırdı. 
  Bir gün baş nazir Fətəli xan Xoyski telefon edib, xahiş etdi ki, onun nazirliyinə gəlim. 
Ertəsi gün onun yanına getdim. Otağına girdiyim zaman o, odlu baxışlarını mənə zillədi: 
  -  Əli xan, nə üçün siz indiyə qədər dövlət vəzifəsində deyilsiniz? 
  -  Mən özüm də bunu bilmirəm. 
  Onun masasının üstündəki xəritəyə baxıb, vicdan əzabı çəkə-çəkə dedim. 
  -  Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam. 
  Əmrinizə hazıram. 
  -  Eşitmişəm ki, sizdə xarici dilləri öyrənmək istedadı vardır. İngilis dilini neçə vaxta 
öyrənə bilərsiniz? 
  Mən bir az çaşqınlıqla güldüm. 
  -  Fətəli xan, mənim ingilis dilini öyrənməmə lüzum yoxdur, çünki ingilis dilini bilirəm. 
  Fətəli xan iri başını kreslonun arxasına söykəyib heç bir şey demədi. Sonra birdən 
soruşdu: 
  -  Nino necədir? 
 
131


  Baş nazirin mənim arvadımın necə olmasını soruşması məni təəccübləndirdi. 
  -  Çox sağ olun, əlahəzrət, arvadım yaxşıdır. 
  -  O da ingilis dilini bilirmi? 
  -  Bəli, bilir. 
  O, enli bığlarını tumarlayaraq yenə də susdu. 
  Mən sakit tərzdə dedim: 
  -  Fətəli xan, nə istədiyinizi bilirəm. Mənim evim bir-iki həftəyə hazır olacaq. Ninonun 
şifonerində çoxlu axşam geyimləri vardır. İkimiz də ingiliscə bilirik və nəhayət evimizdə 
içiləcək şampan şərablarının pulunu da özüm ödəyərəm. 
  Baş nazir bığlarının altından gülümsədi və onun gözləri yaşardı:  
  -  Bağışlayın məni, Əli xan. Mən sizi təhqir etmək istəmirdim. Bizim sizin kimi adamlara 
böyük ehtiyacımız var. Xanımı avropalı olan, soylu bir ailədən çıxan, ingilicə bilən və evi 
də ziyafətlərə uyğun ola biləcək adamlar ölkəmizdə çox deyil. Məsələn mənim ingilis 
dilini öyrənməyə heç vaxt pulum və vaxtım olmayıb, hələ qala ki, evim, yaxud avropalı 
bir arvadım olsun. 
  O, yorğun görünürdü. Qələmi götürüb dedi: 
  -  Bu gündən etibarən siz, Xarici İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin attaşesi təyin 
olunursunuz. Xarici İşlər naziri Əsədullanın yanına gedin. O, sizə vəzifəniz haqqında 
izahat verəcək. Və... xahiş edirəm inciməyin... eviniz beş günə hazır olacaqmı? Bu sualla 
sizə müraciət etdiyim üçün həqiqətən utanıram. 
  -  Oldu, əlahəzrət! - deyə mən qəti cavab verdim. Mənə elə gəldi ki,  köhnə, güvəndiyim 
bir dostuma xəyanət edərək, onu tərk edirəm. 
  Oradan çıxandan sonra evə getdim. Ninonun əlləri boya içindəydi. O, yağlı boyalı bir 
tablonu divardan asmaq üçün nərdivana çıxıb divara mıx vururdu. Əgər Ninoya 
desəydim ki, bu mıxı vurmaqla vətənə xidmət edirsən, o, şübhəsiz ki, çox təəccüblənərdi. 
Ona görə də bunu ona demədim. Sadəcə onun çirkli barmaqlarını öpdüm və xarici 
şərabları soyutmaq üçün bir soyuducu alınmasına izin verdim. 
   
   
  XXVIII 
   
  -  Sizin xalanız varmı? 
  -  Yox, mənim xalam yoxdur, amma qulluqçum sağ ayağını sındırıb. Gəzməkdən 
xoşunuz gəlirmi? Bəli gəzməkdən xoşum gəlir, amma mən axşamlar yalnız meyvə 
yeməyə üstünlük verirəm. 
  İngilis dili dərsliyinin tapşırıqları çox axmaq səslənirdi. Nino kitabı örtdü. 
  -  Mənə elə gəlir ki, müharibədən qalib çıxmaq üçün ingilis dilini kifayət qədər bilirik. 
Amma, de görüm, heç ömründə viski içmisənmi? 
  Dəhşətlə çığırdım. 
  -  Nino, sən bu dərsliyin lap müəllifi kimi danışırsan. 
  -  Bağışla, Əli xan, vətənimizə xidmət etmək arzumuzu yanlış başa düşdüyüm üçün belə 
bir axmaq söz danışdım. De görüm, bu axşam bizə kimlər gələcək? 
  Ninonun səsində süni bir etinasızlıq hiss olunurdu. 
 
132


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə