7
göstəricisinə həmişə üz tutmuşuq. Etiraf etdiyimiz kimi Q. A. Stratanovski tərcüməsinin F. Q. Mişşenko tərcüməsinə
nisbətən dil, üslub ağırlığını mətnin əslinə daha çox uyğunluğu kimi başa düşdüyümüzə görə onun fikri ifadə üsulunu
dəyişməyə səlahiyyətimiz çatmamışdır.
Herodot "Tarix"ində dünya xalqlarının hər birində qədim hərbi və mülki titullar bir yana qalsın, qohum olan
etnoslarda belə bu titulların əslini müəyyənləşdirmək imkanımız olmadı. "Tarix"in rus və türk dilinə tərcümələrində
"basilid" və "tiran" titulundan başqa heç bir titul saxlanmamışdır Mişşenko və Stratanovski bütün ölkələr və xalqlar
üçün "çar" titulunu seçmiş. P. Kuturman isə bəzən "kral" titulu da işlətmişdir. Daranın zamanəmizə qədər gəlib çıxmış
yazılarında "şah", "şahənşah" titulu qaldığı halda P. Kuturman bunu "kral", rus tərcüməçiləri "çar" titulu ilə əvəz
etmişlər. Biz Əbu Reyhan Biruninin verdiyi şərq mülkü titullarının müxtəlifliyini nəzərə alıb konkret "çar" titulu
əvəzinə qeyri-konkret və hər ölkəyə, xalqa tətbiq oluna bilən "hökmdar" titulunu işlətməyi daha məqbul saymışıq.
Bununla belə, yerinə görə "şah", "şahənşah", "xaqan", hərbi titullardan "sərkərdə", "qoşun başçısı" titullarını da
işlətmişik. Rus tərcümələrindəki "oblast", "rayon" sözləri inzibati bölgü mənası vermədiyinə görə bunları bəzən "sahə",
əksərən "bölgə", "ərazi" sözləri ilə əvəz etmişik, "çarlıq" əvəzinə "səltənət" sözü işlətmişik.
Filologiya elmləri doktoru, professor Pənah Xəlilov.
BİRİNCİ KİTAB
KLİO
Halikarnaslı Herodot (sorğu-sualla) bu məlumatı toplayıb yazıya aldı ki, ötən olaylar zaman keçdikcə unudulmasın,
istər ellinlərin, istərsə barbarların
böyük və heyrətamiz işləri, xüsusən onların bir-biri ilə müharibə etmələrinin səbəbləri
xəbər-ətərsiz qalmasın.
1. Farsların bilgili adamlarının dediklərinə görə ellinlərlə barbarlar arasındakı ədavətə finikiyalılar bais olmuşlar.
Onlar Qırmızı dəniz adlanan yerdən Bizim dənizimizə6 gəlib, indi də yaşadıqları ölkədə yerləşmişlər. Finikiyalılar
burada məskunlaşan kimi uzaq dəniz səfərinə çıxmışlar. Aldıqları Misir və Assuriya mallarını bir çox ölkələrə
daşıyaraq, Arğosa da gəlib çıxmışlar. İndi Ellada adlanan Arğos o vaxtlar ölkənin ən mühüm şəhəriymiş. Finikiyalılar
dediyimiz bu Arğosa çatan kimi öz mallarını satmağa başlamışlar. Onların gəlişinin beşinci, ya altıncı günü, bütün
mallar satılıb qurtarmaqdaykən dəniz qırağına xeyli qadın gəlir. Hökmdar qızı da onların arasındaymış. Onun adı İnax
qızı İo idi; ellinlər də onu elə bu cür adlandırırlar. Qadınlar gəminin göyərtəsinə çıxıb daha artıq xoşladıqları mallardan
alırmışlar. Bu vaxt finikiyalılar bir-birinə işarə verib qadınların üstünə atılmışlar. Qadınların çoxu qaçıb qurtula bilsə
də, İo bir neçə qadınla birlikdə ələ keçmişdir. Finikiyalılar onları gəmiyə dartıb tələsik Misirə doğru üzmüşlər.
2. Farslar danışırlar ki, beləliklə, İo gedib Misirə düşmüşdür. Ellinlər isə bunu başqa cür söyləyirlər. Bu olay
düşmənçiliyin ilk səbəbi olmuşdur. Farslar belə də danışırlar ki, (adlarını çəkə bilmədikləri) bəzi ellinlər sonralar
Finikiyanın Tir şəhərinə gəlib ora hökmdarının qızı Avropanı qaçırmışlar. Əslində, bunlar yəqin ki, kritlilər olmuşlar.
Onlar bununla finikiyalılardan yalnız əvəz çıxmışlar. Sonra ellinlər barbarlara bir dəfə də sataşmışlar. Onlar hərbi
gəmidə Kolxidadakı Eya deyilən yerə və Fasis çayı mənsəbinə gəlib çıxmışlar. Ellinlər buraya nə məqsədlə
gəliblərmişsə, onların hamısını yerinə yetirəndən sonra hökmdar qızı Medeyanı qaçırmışlar. Onda kolxların hökmdarı
Elladaya qasid göndərib qızı qaçırıldığı üçün cərimə tələb etmiş və qızın özünün də qaytarılmasını istəmişdir. Amma
ellinlər ona belə cavab vermişlər: özləri İonun qaçırılması üçün cərimə almadıqları kimi, Kolxida hökmdarına da heç nə
verməyəcəklər.
3. Ellinlər danışırlar ki, bunun ardınca sonrakı nəsildən Priamın oğlu Aleksandr qız qaçırtma əhvalatını eşidib, özü
də bu yolla Elladadan arvad ələ keçirmək istəyibmiş. O, heç bir cəza almayacağına möhkəm inanırmış, çünki o vaxt
ellinlər də belə hərəkət üçün heç bir ödənc verməmişdilər. Aleksandr Yelenanı bu cür qaçırandan sonra ellinlər onu geri
qaytarmaq və qadın qaçırılması üstündə cərimə tələb etmək məqsədilə qasid göndərmək qərarına gəliblərmiş. Troyalılar
isə cavabında onları Medeyanı qaçırdıqları üçün töhmətləndirmiş və demişlər ki, ellinlər özləri nə qaçırdıqları
Medeyanı geri qaytarmışlar, nə də cərimə vermişlər, amma indi özgələrindən cərimə istəyirlər.
4. O vaxta qədər qadın qaçırılması təkəm-seyrək olurmuş. Son vaxtlarda isə belə işlər üçün ağır təqsir, şübhəsiz,
ellinlərin üstünə düşürdü, belə ki, barbarlar Avropaya hücum etməmişdən əvvəl ellinlər Asiyaya yürüşə getmişdilər.
Doğrudur, qadın qaçırılması ədalətsiz işdir, amma farsların fikrincə belə işlərə görə intiqam almaq ağılsızlıqdır.
Qaçırılmış qadınların qayğısını çəkməyən adam, hər halda, müdrik adamdır. Aydındır ki, qadınlar özləri istəməsəydilər
onları qaçırmazdılar. Farsların dediklərinə görə asiyalılar qadın qaçırılmasına heç məhəl qoymurlar, ellinlər isə, əksinə,
qadından ötəri Lakedemondan böyük ordu toplamışlar, sonra da üzüb Asiyaya keçmiş və Priamın dövlətini tar-mar
etmişlər. O vaxtdan etibarən farslar ellinləri həmişə özlərinə düşmən bilmişlər. Axı, farslar Asiyanı və orada yaşayan
barbar tayfaları özlərininki saymışlar. Avropa və Ellada isə onlar üçün yad ölkə olmuşdur.
5. Farslar belə danışırlar və İlionun dağıdılmasını da onların ellinlərlə düşmənçiliyinin nəticəsi sayırlar. Finikiyalılar
isə İonun qaçırılmasını farslardan fərqli olaraq başqa cür danışırlar. Onların sözünə görə, İonu Misirə heç də zorla
aparmamışlar, belə ki, o, hələ Arğosda ikən gəmi sahibi ilə sevdaya başlamışdır. Özünün boylu olduğunu hiss edəndə
valideynlərinin qarşısına çıxmaqdan utanıb, rüsvayçılığını gizlətmək üçün könüllü olaraq finikiyalılara qoşulub
getmişdir. Farslar və finikiyalılar belə danışırlar. Mənə qalanda, hadisənin məhz bu və ya başqa cür olduğunu təsdiq
etməyi boynuma götürmürəm. Mən hadisənin içinə yetdiyim üçün, əvvəlcə ellinlərə qarşı düşmənçilik hərəkətinin
əsasını qoyan adamın adını çəkmək istəyirəm.7 Sonra da hekayətimin davamı boyu, yeri gəldikcə, insan yaşayan kiçik
və böyük şəhərləri təsvir edəcəyəm. Axı, vaxtilə böyük olan bir çox şəhərlər indi kiçiliblər, mənim zəmanəmdə qüdrətli