15
oyun oynamaqdan utanmamışlar: Peoniya evində boyu 4 dirsəkdən üç barmaq əskik olan Fiya adlı, ümumən, çox gözəl
bir qadın yaşayırmış. Bax, bu qadını tam təchiz olunmuş vəziyyətdə arabaya qoyaraq, əxlaqlı görünməsi üçün necə
görkəm almalı olacağını göstərərək şəhərə aparırlar. Ona görə də əvvəlcədən carçılar göndərirlər ki, onlar şəhərə
gələndə aldıqları əmrə görə şəhərlilərə belə sözlərlə müraciət etsinlər: "Afinalılar! Afinanın özünün bütün insanlardan
uca tutduğu və sürgündən öz akropoluna qaytardığı Pisistratı rəğbətlə qarşılayın!" Carçılar küçələrdən keçərək belə
qışqırırlar və bütün evlərə (məhəllələrə) səs yayılır ki, Afina Pisistratı sürgündən qaytarır. Şəhərdə hamı inanır ki, bu
qadın həqiqi ilahədir; əslində isə fani olan məxluqa dua oxuyur və Pisistratı qəbul edirlər.
61. Bu yolla yenidən hakimiyyət başına gələn Pisistrat şərtləşdiyi kimi, Meqaklın qızını alır. Lakin onun böyük
uşaqları olduğuna və Meqaklın mənsub olduğu Alkmeonidlər nəsli isə lənətə məruz qalmış nəsl hesab edildiyinə görə
Pisistrat gənc arvadından uşağı olmasını istəmir və buna görə də qeyri-təbii yolla əlaqəyə girir. Arvadı əvvəllər bu
vəziyyəti gizlədir, amma sonra (ya suallara cavab verəndəmi, ya da şəxsi təşəbbüsü iləmi, nədənsə) anasına, o da öz
ərinə danışır. Meqakl da onu belə rüsvay etdiyinə görə Pisistrata bərk qəzəblənir, hirsli-hirsli özünün (əvvəlki)
tərəfdarları ilə yenidən birləşir. Pisistrat da onun əleyhinə qəsd təşkil olunduğunu öyrənib şəhərdən, ümumən,
Attikadan uzaqlaşır və Eritriyaya gəlib öz oğulları ilə məsləhətləşir. Ali hakimiyyəti yenidən ələ keçirməyə təşəbbüs
göstərmək lazım gəlməsi haqqında Hippinin fikri üstünlük qazanır. Onda onlar (Pisistrat və oğulları) müəyyən cəhətdən
onlara borclu olan şəhərlərdən sədəqələr toplamağa başlayırlar. Bir çox şəhər Pisistrata böyük məbləğdə pul təqdim
edir, lakin fivalılar pul hədiyyələrinə görə o biri şəhərləri ötüb keçirlər. Bir sözlə, bundan bir qədər sonra onların
Afinaya qayıtması üçün hər şey hazır edilir. Doğrudan da, Peloponnesdən Arğos muzdlu qoşunu, Naksosdan da
(Pisistratın) Liqdamid adlı ən çılğın tərəfdarı könüllü olaraq pul və adamlarla gəlir.
62. Pisistrat və tərəfdarları Eritriyadan beləcə hərəkət edərək, sürgünün on birinci ilində yenidən Attikaya gəlirlər.
Orada tutduqları ilk yer Marafon olur. (Marafondakı) duracaq zamanı nəinki Afina şəhərinin (özündəki) tərəfdarları
onlarla birləşirlər, hətta indiki azadlığa nisbətən tiranlığı bəyənən demlərdən də adamlar axışıb gəlir. (Tiran və onun
tərəfdarları) öz qüvvələrini belə toplayırlar. Afinalılar isə Pisistrata nəinki vəsait toplandığı vaxtlar, hətta Marafon
tutulandan sonra da məhəl qoymurlar. Pisistratın Marafondan Afinaya hərəkət etdiyini eşidəndən sonra şəhərlilər onun
əleyhinə hərəkətə gəlirlər. Şəhərin bütün yığma qoşunu geri qayıdan sürgün olunmuşların əleyhinə çıxır. Pisistrat öz
adamları ilə Marafondan çıxaraq Afinaya hücuma keçəndə hər iki qoşun Afinanın Pallena ibadətgahı yanında üz-üzə
gəlir və orada bir-birinin qarşısındakı qərargahda yerləşir. Burada Akarnaniyadan kahin Amfilit Pisistratın qarşısına
gəlir və allahın vəhyi ilə ona altı təqti ölçüsündə şerlə gələcəyi xəbər verən aşağıdakı sözləri bəyan edir:
Ağ atılmış və geniş bir alana yayılmışdır,
Mahtablı bir gecədə orkinoslar dənizdən sıçrayaraq gələcəklər.21
63. İlhamlı kahin gələcəkdən belə xəbər bəyan edir. Pisistrat da bəyanın mənasını başa düşərək rəmmalı qəbul
etdiyini bildirib öz ordusunu düşmən üstünə aparır. Afina şəhərliləri isə elə bu vaxt səhər yeməyi yeyirmişlər və bundan
sonra da bir qismi sümük atmaq (aşıq) oyunu ilə məşğul imiş, bir qismi də yatırmış. Bu vaxt Pisistrat öz ordusu ilə
birlikdə afinalılara hücuma keçib, onları qaçırdır. Düşmən qaçmağa başlayanda Pisistrat elə bic üsula əl atır ki,
qaçanların yenidən birləşməsinə mane olsun və düşmən ordusunu pərən-pərən salsın. O, öz oğullarına əmr edir ki,
atlarını qabağa çapsınlar. Pisistratın oğulları qaçanlara çataraq, atalarının adından onlara heç nədən qorxmamağı və
evlərinə dağılışmağı təklif edir.
64. Afinalılar elə belə də edirlər. Pisistrat bu yolla Afinanı üçüncü dəfə ələ keçirir. O, muzdla tutulmuş güclü
dəstələr, eləcə də, Afinanın özündən və Strimon çayı bölgələrindən yığdığı pul vergisi vasitəsi ilə hakimiyyətini
möhkəmləndirir. Sonra o, dərhal qaçmayıb müqavimət göstərən afinalıların oğlanlarını girov götürüb onları Naksosa
köçürür. (Pisistrat Naksosu işğal edib Liqdamidin ixtiyarına vermişdi). Bundan başqa o, rəmmalın buyuruğu ilə Delos
adasını "təmizləmişdi". Pisistrat bunu da belə həyata keçirmişdir: O, əmr etmişdir ki, ibadətgah bölgəsində göz işləyən
yerlərdə dəfn olunmuş bütün meyitləri qazıb çıxartsınlar və buradan Delosun başqa tərəfinə aparsınlar. Pisistrat
Afinada tiran olur: afinalılara gəldikdə, onların bəziləri (onun düşmənləri) döyüşdə həlak olurlar, qalanları da
Alkmeonidlərlə birlikdə doğma torpaqlardan sürgünə getmək məcburiyyətində qalırlar.
65. O vaxt Afinanın vəziyyəti belə olmuşdur. Bunun əksinə, Krezin öyrəndiyinə görə lakedemonlular böyük
müsibətlərdən yaxa qurtarmışlar və indi artıq tegeyalılara qalib gəlmişlər. Axı, Sparta hökmdarları Leonti və Hegesikl
dövründə lakedemonlular bütün başqa müharibələrdə qalib gəlmiş təkcə tegeyalılarla müharibədə məğlub olmuşdular.
Bütün ellinlər içərisində əvvəllər, demək olar ki, hətta ən sarsaq qanunlar lakeremonlularda olmuşdur, belə ki, onlar nə
bir-biri ilə, nə də yad ölkələrin dövlətləri ilə əlaqə saxlamırdılar. Onlar özlərinin indiki gözəl dövlət quruculuğunu bax
bu cür qazanmışlar: tanınmış spartalı Likurq rəmmala sorğu vermək üçün Delfə gəlir. O, ibadətgaha daxil olan kimi
Pifiya ona dərhal bunu bəyan edir.
Mənim zəngin tapınağıma gələn Likurq
Zevsin və Olimpdə oturan bütün tanrılar sevgilisi,
Sənə insanmı, yoxsa tanrısal varlıqmı, deyim, bilməyirəm,
Ümidim qüvvətli Likurq, sən tanrılığını isbat edəcəksən.22
Bəzilərinin dediyinə görə, Pifiya Likurqa bu bəyandan başqa, hətta Spartada mövcud olan bütün dövlət
quruculuğunu da bəyan edibmiş. Amma, lakedemonluların özlərinin təsdiq etdiklərinə görə Likurq (dövlət quruluşuna
dair) bu yeniliyi Spartaya Kritdən gətirmişdir. O, özünün qardaşı oğlu, Sparta hökmdarı Leobotun qəyyumu olmuşdur.