Daş dövrünün yaşayış məskənləri



Yüklə 32,75 Kb.
səhifə4/6
tarix28.01.2022
ölçüsü32,75 Kb.
#83205
1   2   3   4   5   6
Mədəniyyət tarixi -1 (1)

4. Şirvanşahlar sarayı

Ölkəmizin tarixi ərazisində yaranmış dövlətlərin biri də təxminən min il yaşamış Şirvanşahlar dövlətidir. Məlum olduğu kimi, dövlət sinifli cəmiyyətdə əsas siyasi hakimiyyət alətidir. Dövlət yaranarkən onun funksiyaları da müəyyənləşir. Orta əsrlərdə dövlətin idarəçilik forması mütləq monarxiya olmuşdur.Demək, XV əsr. Bu əsrdə Azərbaycanda yaranmış üç dövlət. Tariximizlə əlaqədar XV əsrin əhatə etdiyi dövr Azərbaycanda üç feodal dövlətin – Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətlərinin fəaliyyətdə olmaları ilə səciyyələnir. Mövzu ilə əlaqədar bir sıra ölkə tədqiqatçıları tərəfindən fikir və mülahizələr söylənilmiş, həmçinin məqalələr yazılmışdırsa da, bunun hələ kifayət olmadığı zənnindəyəm. Əlamətdardır ki, göstərilən dövrdə Azərbaycanın ümumi vəziyyətinə müxtəsər nəzər salsaq, görürük ki, ölkədə o zaman iki böyük dövlət (biri digərni əvəz etməklə) Qaraqoyunlu və Ağqoyunlu dövlətləri yaranmış və süquta uğramış, Şirvanşahlar dövləti isə əvvəlki əsrlərdə olduğu kimi öz müstəqilliyini (müəyyən vassal asılılığı olsa belə) qoruyub saxlamağa cəhd etmiş və buna nail olmuşdur. Şirvanşahlar dövlətinin ərazi və əhali cəhətdən əvvəlki iki dövlətdən kiçik olmasına baxmayaraq bu kiçik dövlət öz müdrik padşahlarının ağıllı və uzaqgörən siyasəti sayəsində varlıq və yoxluq təhlükəsindən “sağ-salamat” çıxmağı bacardı və hələ yarım əsrədək də müxtəlif təzyiqlərə sinə gərdi. Şirvan artıq 9 əsrdən çox idi ki, şirvanşahlar tərəfindən idarə olunur və özünəxas müstəqil siyasət yeridirdi. Dərbənd şirvanşahlarının uğurla həyata keçirdikləri daxili və xarici siyasət nəticəsində Şirvanda qonşu Azərbaycan dövlətlərindən fərqli olaraq sülalə daxili mübarizələr yox idi.

Şirvanşahlar sarayı kompleksinin tərkibində olan binaların memarlıq obrazının bədii ifadəliyində baştağlar önəmli rol oynayır. Şah türbəsi (1435-ci il) və Divanxananın (XV əsr) baştağları, eləcə də Ulu Rəcəb (Şərq) qapısı (1585) Şirvan bölgəsində həcm-məkan kompozisiyası ümumi prinsiplərə dayanan özəl baştağ tipinin formalaşdığını göstərir. Düzbucaqlı çərçivəyə alınmış bu baştağların dərin tağçaları yuxarıda sivri və dilimli yarımgünbəzlə qapalıdır. Türbə və Divanxananın baştağlarının timpanları daşda böyük ustalıqla işlənmiş incə bitkisəl ornamentlərlə örtülmüşdür. Ulu Rəcəb qapısının üst bölümü biraz sadə işlənmişdir.Hər üç baştağın timpanında iki medalyon simmetrik yerləşdirilmişdir. Türbədəki medalyonlar damla şəklində – badamvarı biçimdə olduğu halda Divanxanada səkkizbucaqlı, Ulu Rəcəb qapısında isə dairəvi biçimlidir. Səkkizbucaqlı medalyonlar həndəsi, dairəvi medalyonlar mərkəz simmetriyalı bitkisəl ornamentlərlə doldurulmuşdur. Türbə timpanındakı medalyonlarda, onlardan fərqli olaraq epiqrafik ornamentlər yerləşdirilmişdir.

Şah türbəsinin baştağının memarlıq bəzəyində epiqrafika – inşaat kitabələri önəmli yer tutur. Giriş qapısının çərçivəsinin sivri ucu içində kufi xətti ilə altı «Əli» yazılmış altıbucaqlıya çevrilir. Onun yuxarısında iki sətirli iri düzbucaqlı kitabədə «… bu işıqlı türbəni öz anası və oğlu üçün tikməyi» hicri 839-cu – miladi 1435-ci ildə Şirvanşah I Xəlilullahın əmr etdiyi bildirilir. Nəsx elementli süls xətti ilə yazılmış bu kitabənin çox təntənəli ritmi var. Baştağ kompozisiyasını yuxarıda tamamlayan dini mətnli kitabə daha iri ölçülü və daha təntənəlidir. Biçiminə və işlənmə tərzinə görə kitabədən daha çox zərgərlik əsərinə – şəbəkəli iri sırğaya bənzəyən iki medalyon bu böyük kitabədən asılmış kimi görünür. Badamvarı biçimi olan bu kitabələrin hər ikisinin mətni eynidir. Ancaq onlardan güneydəki çox az zədəyə uğradığı və yaxşı qaldığı halda, quzeydəki çox ciddi aşınıb pozulmuşdur. O biri kitabələrlə müqayisədə ölçü kiçikliyinə baxmayaraq medalyonlar türbə baştağının ən gözəçarpan ayrıntılarındandır. Bu qoşa medalyon böyük ölçü uyarlığı olan baştağın simmetrik quruluşunu da daha qabarıq gözə çarpdırır. Medalyonlar XIX yüzildən başlayaraq mütəxəssislərin diqqətini çəkməkdədir. Hələ özünün 1835-1836-cı illərin yol qeydlərində rus P.Zablotski bu kitabə – naxışı xatırlamış, ancaq yanlış olaraq onun kufi xəttində yazıldığını bildirmişdir. Halbuki Şirvanşahlar sarayı kompleksində yalnız Divanxana baştağının yan yelənlərində kufi xətli yazısı olan altıbucaqlı iki medalyon qoyulmuşdur. Həmin yüzildə Moskva Lazarev İnstitutunun professoru – şərqşünas M.Attaya badamvarı medalyonla tanış olmuşdur. Şah türbəsinin ölçü cizgilərini 1893-cü ildə nəşr etdirmiş memarlıq akademiki

A.M.Pavlinov türbənin baştağından bəhs edərkən yazmışdır: «Tağçanın yanlarında da bütünlüklə oxuna bilinməyən yazılı iki medalyon var ki, Attaya onlarda yalnız «Əli» sözünü ayırd edə bilmişdir».Şah türbəsi haqqındakı bir yazıda memar adının kitabədə aşkar edilməsinin daha absurd şərhinə tuş gəlmişəm. Həmin yazı müəllifinin sayaqlamasına görə, guya bir memar qadın baştağın naxışlarını yerində öyrənərkən külək saçlarını dağıtmış və o, güzgüyə baxaraq saçlarını sahmana salmaq istəyəndə «gizli yazıların» əksini güzgüdə görərək memarın adını kəşf etmişdir. Yanlış oxunuş hətta L.Bretanitski kimi böyük araşdırıcını da çaşdırmışdır. Onun aşağıdakı fikrində bu aydın görünür:

«Bakıda XV əsrdə tikilmiş saray ansamblı binalarının heç birində memarların adı saxlanılmamışdır. Yalnız türbənin inşaatçısının adı baştağın timpanındakı kitabədə qalmışdır ki, onu da səylə medalyonların ornamental yazı hörməsində maskalamışdır».




Yüklə 32,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə