Daş dövrünün yaşayış məskənləri


-ci əsrin əvvələrində mətbuat



Yüklə 32,75 Kb.
səhifə3/6
tarix28.01.2022
ölçüsü32,75 Kb.
#83205
1   2   3   4   5   6
Mədəniyyət tarixi -1 (1)

3. 20-ci əsrin əvvələrində mətbuat

XX əsr Azərbaycan mətbuatı tarixində mühüm mərhələni təşkil edir. 1898-ci ildə Qafqazda nəşr olunan 41 adda dövri nəşrdən 5-i, yəni 12 faizi Bakının payına düşürdü ki, bu da Zaqafqaziyada rus dilində nəşr olunan qəzet və jurnalların (cəmisi 28 idi) 20 faizini təşkil edirdi.

Əgər gürcü və erməni dillərində 13 mətbuat orqanı çıxırdısa, Azərbaycan dilində, milli ziyalıların bu istiqamətdə çalışmalarına baxmayaraq, heç bir mətbuat orqanı yox idi. Beş il ərzində (1899-1903) dövri mətbuata Bakıda cəmisi üç ad əlavə olunmuşdu. 1903-cü ildə Tiflisdə Qafqazda Azərbaycan dilində yeganə qəzet - "Şərqi-Rus" çıxmağa başladı.

1905-1907-ci illər inqilabı mətbuatın inkişafı sahəsində çarizmi müəyyən güzəştlərə getməyə məcbur etdi. Həmin illərdə Bakıda Azərbaycan dilində 11 yeni mətbuat orqanı meydana çıxdı. "Molla Nəsrəddin" dərgisi ilə birlikdə onların ümumi sayı 12-yə çatmışdı. Bürokratik maneələrə, 1917-ci ilin fevralına qədər davam etmiş təqiblərə baxmayaraq, Azərbaycanda 227 dövri mətbuat orqanı nəşr edilmişdi. Onlardan 30 faizi (66 adda) milli mətbuat orqanları, 50 faizi (119 adda) rusdilli qəzet və jurnallar idi. Onların əksəriyyəti Bakıda, beşi Gəncədə, ikisi isə Şuşada nəşr edilirdi. Bakıda başqa dillərdə bir sıra qəzet və jurnallar çıxırdı (gürcü, erməni, polyak. alman və s.)

1917-ci ilin fevralına qədər çıxan qəzet və jurnalların 60 faizi 1905-1907-ci illərin payına düşür və həmin illərdə işıq üzü görməyə başlamış mətbuat orqanlarının bir çoxu sonrakı illərdə də çıxmışdı. Bu da ictimai-siyasi həyatın oyanışı, mətbuata artan maraqla bağlı idi. Milli mətbuatın inkişafı Azərbaycan publisistika məktəbinin sonrakı yüksəlişini şərtləndirən amil oldu, bu isə Azərbaycan mədəniyyəti tarixində olduqca böyük əhəmiyyətə malik idi. Bu məktəb Azərbaycan ziyalılarının çox hissəsini - alimləri, yazıçıları, şairləri, tənqidçiləri, müəllimləri və b. öz ətrafına toplamışdı. Publisistika ictimai-siyasi, fəlsəfi və ədəbi fikrin formalaşmasında, Azərbaycan xalqının milli şüurunun tərbiyəsi yolunda mühüm işlər görmüşdü. Bir çox ziyalıların elmi və ədəbi yaradıcılığı qəzet və jurnallar vasitəsilə ictimaiyyətin malı olur, onlar milli mədəniyyət xadimlərinin yeni nəslinin yetiş məsində böyük rol oynayırdı.

Azərbaycan jurnalistikasının banisi H.Zərdabinin "Əkinçi" qəzeti ilə başladığı estafet sonralar uğurla davam etdirildi. Publisistika H.Zərdabinin vəfatına qədərki (1907-ci il) çoxcəhətli fəaliyyətinin mühüm istiqaməti olmuşdu.

Vaxtilə "Əkinçi" və "Ziya" qəzetləri ilə əməkdaşlıq etmiş N.Vəzirov, A.Adıgözəlov (Gorani), Mirzə Həsən Əlqədəri, Mir Möhsün Nəvvab, Mirzə Rzaxan Daneş və S.M.Qənizadənin ədəbi və publisist fəaliyyəti milli mətbuatla bağlı idi.

XX əsrin əvvəllərində jurnalistika öz başlanğıcını 1903-cü ildən 1905-ci ilin yanvarına qədər Tiflisdə nəşr olunan "Şərqi-Rus" qəzetindən götürür. Qəzet Rusiyanın türkdilli xalqları tərəfindən və həmçinin Cənubi Azərbaycanda oxunurdu. Orta Asiyada, Kazanda, Krımda, Yaxın Şərqin bəzi ölkələrində onun müxbirləri var idi.

"Şərqi-Rus" qəzetilə jurnalistlərin, publisistlərin və ədəbiyyatşünasların yeni nəslinin formalaş ması başlandı. M.A.Şahtaxtinski, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Ağayev, F.Köçərli, A.Səhhət, Ə.Nəzmi (Məmmədzadə), M.S.Ordubadi, Ö.F.Nemanzadə, Ə.Q.Nəcəfov (Qəmküsar), M.Ə.Rəsulzadə, Ə.Məmmədzadə (Sədr), R.Əfəndiyev, H.Cavid (Rəsizadə), M.M. A xundov, M.L.İs mayılov (Şirvanski), M.C.Yusifzadə ana dilində nəşr olunurdular.

Milli mətbuatın inkişafında 1905-ci il iyunun 7-dən 1906-cı il sentyabrın 3-nə kimi Bakı şəhərində nəşr edilən "Həyat" qəzeti mühüm rol oynamışdı. Bu qəzet nəşr olunduğu zaman Qafqazın müsəlman əhalisi içərisində birinci, Krımda çap olunan "Tərcüman"dan sonra ikinci mətbuat orqanı olmuşdu. "Həyat‖ın fəaliyyətində iştirak etmək üçün Qafqazdan, Krımdan, Kazandan, Ufadan mətbuat işçiləri dəvət olunurdu. Qəzet xalqın intellektual ziyalıla rını mətbuat vasitəsilə birləşdirməyə çalışırdı.

1905-1907-ci illərdə "Füyuzat" jurnalı və "İrşad" qəzetinin çapdan çıxması əhəmiyyətli hadisə oldu. Bu orqanlar A zərbaycan ədəbiyyatında qüdrətli istiqamət olan romantizmi formalaşdırdı və onun görkəmli nümayəndələrinin yetkinləş məsində mühüm rol oynadı. O dövrün ən mühüm hadisələrindən biri də Tiflisdə satirik "Molla Nəsrəddin" jurnalının 1906-cı il aprelin 1-dən nəşrə başlaması oldu. Jurnal Azərbaycanda, Rusiyanın türkdilli xalqları arasında, həmçinin Yaxın Şərqdə satirik mətbuatın əsasını qoydu, həmçinin demokratik fikrin inkişafında mühüm rol oynadı. "Molla Nəsrəddin‖in Rusiyada çoxlu oxucusu olduğu kimi, müsəlman Şərqində də geniş yayılmışdı, onun hətta Avropada, Amerikada da abunəçiləri var idi. Molla nəsrəddinçilər ədəbi-publisist məktəbinin təşəkkül tapması bu jurnalla bağlı idi.

Mətbuat orqanlarında publisistlərin sıraları xeyli genişləndi. Onlardan Ə.Hüseynzadə, N.Nərimanov, S.Nərimanov, Ə.Haqverdiyev, S.S. A xundov, Ü.Hacıbəyov, H.Vəzirov, M.Hadi, A.Şaiq, Ə.Müznib, S.M.Əskərov, Əli Rza (Şamçızadə), S.Mümtaz kimi şairlər, yazıçı və publisistləri göstərmək olar. "Həyat"ın səhifələrində H.Zərdabinin, Ə.Hüseynzadənin, N.Nərimanovun publisistikası, "İrşad"da isə Ə.Ağayev və Ü.Hacıbəyovun dərin məzmunlu, kəsərli yazıları xüsusilə seçilirdi.

Həmin illər Azərbaycanda sosial-demokrat istiqamətli mətbuat orqanlarının meydana çıxması ilə də əlamətdar idi. Sosial-demokrat təşkilatı "Hümmət"in 1904-cü ilin oktyabrından 1905-ci ilin fevralına qədər çıxmış "Hümmət" qəzetində M.Q.Mövsümov (Seyid Musəvi), M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev ədəbi və publisist fəaliyyətə başladılar. 1905-1907-ci illərdə nəşr olunmuş "Təkamül", "Dəvət-Qoç‖, "Yoldaş" qəzetləri ilə M.Əzizbəyov, T.Şahbazi (Simurq), C.Məmmədzadə (ƏlDağıstani), "Bakı həyatı" ilə (1912) D.Bünyadzadə, Ə.Q.Rəsulzadə, H.Sultanov əməkdaşlıq edirdilər. Onların bir çoxu qeyri-partiyalı mətbuatın səhifələrində də çıxış edirdi.

1907-1918-ci illərdə nəşr olunan əsas və aparıcı mətbuat orqanları "Tazə həyat", "Tərəqqi", "İttifaq", "Həqiqət", "İqbal", "Yeni İqbal" və başqa qəzetlər idi. Müsavat partiyasının orqanı "Açıq söz" (1915-1918-ci illər) qəzetinin mətbuat tariximizdə xüsusi yeri var. B.Abbaszadə, D.Ağamirzadə, M.Əliyev, Əhməd Cavad, N.Bəsir, C.Bünyadzadə, Ə.Vahid, C.Cabbarlı, İ.Məlikov, H.Mirzəcamalov, O.Orucov, B.A.Talıblı, Q.Səmədov, S.Hüseyn, M.M.Seyidzadə, Y.V.Çəmənzəminli, İ.Qabulov, A.İbrahimov, S.Mənsur, Ə.Fəhmi (Cəfərzadə) bu dövrün görkəmli ədəbiyyatçı və publisistləri kimi ad qazanmışdılar. "Molla Nəsrəddin"in ardınca onun təsiri altında "Arı", "Bəhlul", "Tuti", "Zənbur", "Məzəli", "Babayi-Əmir" (1907-1917-ci illər) satirik jurnalları nəşrə başladı. Uşaqlar və onların valideynləri üçün "Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907), "Məktəb" (1911-1917) jurnalları işıq üzü gördü. Bu mətbuat orqanları ilə yeni əsrin başlanğıcında ədəbi-publisist məktəbin bir çox nümayəndələri əməkdaşlıq etmişdi.

XX əsrin əvvəllərində Azərbaycan qadınları da jurnalistika fəaliyyətinə başladılar. Mətbuatda çıxış edən ilk azərbaycanlı qız Nabat Nərimanova olmuş, onun birinci məqaləsi 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmişdi. İlk Azərbaycan qadın jurnalisti Şəfiqə Əfəndizadə bu məcmuədə (1906-1908-ci illər) fəal iştirak etmişdi. 1911-1918-ci illərdə o, "Məktəb" jurnalında və "Açıq söz" qəzetində bir çox publisist məqalə və hekayələr nəşr etdirmişdi. Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində 1911-1912-ci illərdə ana dilində Bakıda nəşr olunan ilk qadın qəzeti "İşıq"ın mühüm rolu oldu. Onun işində Xədicə Əlibəyova, Sürəyya və Həcər Ananovlar, Asya Axundzadə, Sona Axundova, Şövqiyyə Gövhər Şeyxzadə, Maral Nəbizadə, Nabat Nərimanzadə, Xavər Tahirova iştirak edirdilər. 1914-1916-cı illərdə Səltənət Axundzadə onun səhifələrində məqalələrini çap etdirmişdi.

Azərbaycan ziyalılarının səyi ilə Rusiyanın başqa şəhərlərində ana dilində qəzetlərin çıxması da təqdirə layiq hesab edilməlidir. Məsələn, Həştərxanda çıxan "Bürhani-Tərəqqi", "Hakimiyyət", "Mizan", "Haqq" qəzetlərində 1906-1911-ci illərdə N.Nərimanov, Ə.Qəmküsar, M.L.İsmayılov-Şirvanski, R.K.Nəcəfov, M.Hadi, AAbdulla, Ə.Cövdət, C.Abdulcabbarov, H.Axundzadə, M.S.Axundov, C.Cabbarov, A.İsmayılov, Q.Mahmudov (Naxçıvani), M.Mərcani, X.Musa, S.Saleh və başqaları çıxış etmişdilər.

Azərbaycan yazıçı və publisistləri Zaqafqaziya və Mərkəzi Rusiya mətbuat orqanlarında rus dilində də çıxış edirdilər. Bu, bütün leqal imkanlardan istifadə edərək, öz demokratik ideyalarını, maarifçi dünyagörüşlərini təbliğ etmək, ictimaiyyəti milli ədəbiyyatla tanış etmək üçün yaranan imkanı əldən verməmək arzusundan irəli gəlirdi.

Bu istiqamətdə Qafqazda ən kütləvi və təsirli mətbuat orqanı olan "Kaspi" qəzetinin böyük rolu var idi. O, Azərbaycanda ictimai fikrin inkişafına əhəmiyyətli təsir göstərir, onun formalaşması prosesində milli ziyalıların iştirakına şərait yaradırdı.




Yüklə 32,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə