Hamlet isaxanli icbari TƏHSİL İdeyasi: tarix və bu gün, səbəb və nəticə



Yüklə 9,41 Kb.
tarix08.12.2017
ölçüsü9,41 Kb.
#14658

HAMLET İSAXANLI

İCBARİ TƏHSİL İDEYASI: tarix və bu gün, səbəb və nəticə

06.04.2012 20:09

Hər uşağın məktəbə getdiyi, təhsil aldığı çağdaş dünyamızda “uşaq heç oxumaya bilər, məktəbə getməyə bilər” kimi düşünən insan yoxdur (əlbəttə ki, mən mədəni dünyadan çox uzaqda qalan, ağır vəziyyətdə olan bəzi ölkələri nəzərdə tutmuram). Lakin bu heç də həmişə belə olmayıb. Bəşər tarixinə nəzər salsaq, bütün uşaqların təhsil alması, dövlətin bunu təmin etməsi fenomeni çox yeni hadisədir deyə bilərik.

Təhsil yazının kəşfi ilə başlayıb.

Yazıdan əvvəl uşaqlara müəyyən bacarıq öyrədilir, vərdişlər aşılanırdı. Yazı meydana çıxan kimi xüsusi, çox vacib, dövlət əhəmiyyətli işə çevrildi. Uşaqlara və gənclərə oxuyub əzbərləməyi, sonra yazı yazmağı və saymağı, hesabı öyrətmək lazım gəldi. Artıq beş min il əvvəl şumerlərdə məktəb vardı. Yazılı mədəniyyət olan hər yerdə məktəbin və təhsilin vacibliyi haqqında söz açılsa da, nə qədim Mesopotamiya və Misirdə, nə Çin və Hindistanda, nə Yunan və Roma dünyasında dövlətin himayəsində olan təhsil şəbəkəsi demək olar ki, mövcud deyildi.

Xristianlıq və İslamda uyğun olaraq kilsə və məscid ilk təhsil ocaqları rolunu oynadı. Sonra məktəblər kilsə və məscidin kənarına çıxdı. Yalnız dövlət tərəfindən təşkil və təmin oluna bilən ödənişsiz icbari təhsil azı beşminillik tarixi olan özəl təhsillə müqayisədə nisbətən yeni işdir.

1867-1880-ci illər arasında Fransada, 1870-1880-ci illər arası Böyük Britaniyada, 1852-1917-ci illər arasında ABŞ-da icbari ibtidai təhsil siyasəti həyata keçirildi. 1868-ci il Meici dövrünün başlaması ilə Yaponiya icbari təhsil siyasətinə girişdi, 1886-cı ildə 4 illik icbari təhsilə başlanıldı. Əlbəttə ki, icbari təhsili tam həyata keçirmək elə də tezliklə mümkün olmadı. . 1837-ci ildə Prussiyada uşaqların 80 faizi ibtidai təhsil alırdı, tam icbari təhsil ancaq 1871-ci ildə təmin olundu. ABŞ 1930-cu illərə qədər icbari təhsili tam həyata keçirə bilməmişdi.

Rusiyada Birinci dünya savaşından əvvəl aparılan müzakirələr müsbət nəticə vermədi, icbari ibtidai təhsildə və ümumiyyətlə, təhsilin bütün pillələrində ciddi addımlar Sovet İttifaqı dövründə atılacaqdı. Azərbaycanda icbari ibtidai təhsil 1934/35-ci ildə başa çatdı. 7 illik icbari təhsil isə yalnız 1950-ci illərin əvvəlində mümkün oldu.

“Dövlətin icbari təhsil sistemi qurmaqda marağı nədir, məgər bunu vətəndaşların öz üzərinə buraxa bilməzdimi?” sualı ilk baxışdan sadəlövh və ya çox sadə görünə bilər. Vətəndaşı savadlı olan, dünyanı daha yaxşı başa düşən dövlətin güclü olacağı ideyasından qaynaqlanmırmı dövlətin icbari təhsil siyasəti? Lakin icbari təhsilin vətəndaşlara nəzarət etmək, dövlət ideologiyası yaratmağa xidmət etmək məqsədi güddüyü fikri də mövcuddur. Hamının hərbi xidmətə çağırılması və icbari təhsil eyni məqsədə qulluq edir. Təhsilin zəif, hərbi ənənənin güclü olduğu dövlətlərdə hərbi xidmət həm də təhsil və tərbiyə funksiyası daşımışdır. İcbari təhsilin (dövlətin təşkil etdiyi təhsilin) hamını bərabərləşdirməsi onun daha bir “totalitar” xüsusiyyəti olaraq qeyd edilir. Belə məktəbdə istedad və qabiliyyəti fərqli olanlar, o cümlədən çox istedadlılar üçün xüsusi şərait yaratmaq mümkün olmur. Bunu özəl məktəb edə bilir.

Qədim yunanlarda Afina demokratik, Sparta mərkəzi-hərbi dövlət sistemi ilə fərqlənirdi. Afinada sərbəst təhsil, Spartada icbari və hərbi xarakterli təlim-təhsil vardı, oğlanları ailədən alıb tərbiyə edir, oxudur, dövlət ideologiyası sayılan hərbə və sərt həyata hazırlayırdılar. Platon öz “Respublika” və “Qanunlar” əsərlərində xüsusi mülkiyyətin olmadığı, dövlətin nəzarətində olan təlim-tərbiyə sisteminin hökm etdiyi ideal dövlət modeli qurmuşdu.

İcbari təhsilin daxil edilməsi nəticəsində uşaq əməyindən istifadə kəskin surətdə azaldı, inkişaf etmiş ölkələrdə isə demək olar ki, yox oldu.



Hal-hazırda icbari təhsilin mövcud olduğu ölkələrdə bu cür təhsilin uzunluğu (müddəti) 4 ildən 13 ilə qədərdir, sonuncu az sayda ölkəyə xasdır: ABŞ, Belçika və Niderland.

http://www.bakupost.az/kosheyazilari/20120407080928628.html
Yüklə 9,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə