Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


I Fəsil İQTİSADİYYAT VƏ CƏMİYYƏTDƏ ONUN ROLU



Yüklə 6,62 Mb.
səhifə3/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   40

I Fəsil

İQTİSADİYYAT VƏ CƏMİYYƏTDƏ ONUN ROLU.



1. İqtisadiyyat anlayışı. Onun müxtəlif mənalarda və səviyyələrdə səciyyələndirilməsi. İqtisadiyyatın başlıca funksiyası.

2. Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər.

3. İnsan iqtisadiyyat aləmində. İqtisadi nəzəriyyədə insan modeli.

4. İstehsal, bölgü, mübadilə və istehlakın qarşılıqlı əlaqəsi.

5.Tələbatlar və resurslar. İstehsalın imkanları. İqtisadi seçim. Müasir istehsalın quruluşu.
§1. İqtisadiyyat anlayışı. Onun müxtəlif mənalarda və səviyyələrdə səciyyələndirilməsi. İqtisadiyyatın başlıca funksiyası.
Bir elm və tədris fənni kimi iqtisadiyyat müxtəlif adlar altında bütün dünya xalqları tərəfindən öyrənilir. İqtisadiyyatın nə üçün öyrənildiyini başa düşmək üçün ilk növbədə «iqtisadiyyat»ın özünün mənasını bilmək lazımdır.

«İqtisadiyyat» («ekonomika») –yunanca «oykos» (ev, təsərrüfat), «nomos» (təlim-qanun) sözlərindən əmələ gəlmiş hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. «Oykonomiya» məfhumu ilə yanaşı bir neçə yüz il ərzində «politeya» məfhumu da işlədilmişdir ki, mənası ictimai quruluş deməkdir. Geniş mənada bu sözlərdə təsərrüfat və iqtisadiyyatın ictimai quruluşu, ictimai təşkili və onu idarə edən qanunlar ifadə olunmuşdur. Yəni iqtisadiyyat elə təşkil və idarə olunmalıdır ki, təsərrüfat gəlirli, cəmiyyət və dövlət isə varlı olsun. Belə bir məqsədə çatmaq üçün insanlar lap qədimlərdən iqtisadiyyatın elmi əsasları və nəzəriyyəsini yaratmağa, iqtisadiyyatı öyrənən elmlərin inkişafına nail olmuşlar.

«İqtisadiyyat» terminini ilk dəfə böük yunan mütəfəkkiri Aristotel elmi ədəbiyata gətirmişdir. Yunan filosofu Ksenofont «Ekonomiks» əsərini əvvəl yazsa da, Aristotel özünün «Politika» əsərində iqtisadiyyatın vəzifəsini və hansı sahələri əhatə etməsini aydın şərh etmişdir. O, iqtisadiyyatı ev təsərrüfatını idarə etmək haqqında elm kimi səciyyələndirmişdir. Ev təsərrüfatı dedikdə isə quldarların latifundiya təsərrüfatları, malikanələri nəzərdə tutulurdu. Bu təsərrüfatlarda qullar quldarların ailələri üçün natural məhsullar istehsal edirdilər. Aristotel bu məhsulları insanlara lazım olan təbii sərvət adlandırır.

İki min ildən artıq bir dövr ərzində «iqtisadiyyat» öz adını saxlamışdır.

Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birincisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisi; ikincisi, cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsi; üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür. Lakin elmin xüsusi sahəsi olmaqla iqtisadiyyat bir çox iqtisad elmlərini özündə birləşdirir. Və cəmiyyətin iqtisadi həyatını nəzəri və praktiki cəhətdən hərtərəfli öyrənir.

İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir:

I. yuxarıda şərh etdiyimiz və bundan sonra şərh edəcəyimiz ümumi məsələləri;

II. «mikroiqtisadiyyat»ı, yəni iqtisadiyyat ev təsərrüfatı, firma və bazar səviyyəsində öyrənilir;

III. «makroiqtisadiyyat»ı, yəni bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini öyrənir; burada «mezoiqtisadiyyat» deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, sahələrarası iqtisadi münasibətləri öyrənir;

IY.Meqoiqtisadiyyat, yəni bütövlükdə götürülən dünya iqtisadiyyatı öyrənilir.

Y.Keçid iqtisadiyyatı, yəni bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemləri öyrənilir.

İqtisadiyyat- həyat nemətlərinin (yaşayış vasitələrinin) yaradılması və istifadəsi yolu ilə insanların və cəmiyyətin zəruri tələbatlarının ödənilməsini təmin edən təsərrüfat sistemidir.


Geniş mənada iqtisadiyyatın məzmunu və tərkib hissələri aşağıdakı sxemdə verilmişdir.

İqtisadiyyatın məzmunu və tərkib hissələri

İqtisadiyyat təsərrüfatın səmərəliliyi haqqında elmdir


İnsanların və cəmiyyətin yaşayış qabiliyyətinin və həyat fəaliyyətinin təmin edilməsi - iqtisadiyyatdır

İqtisadiyyat –məşğulluq, iqtisadi seçim və istehsal imkanları haqqında elmdir

Əmək və iş qüvvəsi iqtisadiyyatın insan resurslarıdır

İstehsal vasitələri-iqtisadiyyatın kapital resurslarıdır


Pul və qiymət iqtisadiyyatdır




İqtisadiyyat nədir?




İqtisadiyyat təkrar istehsal prosesidir

Torpaq, onun təki,faydalı qazıntılar, meşə, flora, fauna – iqtisadiyyatın təbii resurslarıdır


İqtisadiyyat- insanların yaşayış vasitələrinin mənbəyidir






İqtisadiyyat- axtarış və seşim fəaliyyətin seçim üsuludur.


İnfrastruktura-istehsalın və istehlakın normal fəaliyyətini təmin edən iqtisadi obyektlərdir


İqtisadiyyat-intellektual dəyərdir


İnsan iqtisadiyyatın ayrılmaz tərkib hissəsidir.









1. İqtisadiyyat- ev təsərrüfatını idarə etmək qabiliyyətidir.

2. İqtisadiyyat- tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məcmuudur, cəmiyyətin iqtisadi bazisidir.

3. İqtisadiyyat- ölkə ərazisində ictimai istehsal, bölgü və mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır.

4. İqtisadiyyat- mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə prob lemlərini, istehsal sahələrinin idarə edilməsinin qannauyğunluqlarını öyrənən elmi-nəzəri sistemdir

İnsanların başlıca fəaliyyət sahəsi olan iqtisadiyyatın başlıca funksiyası məhdud resurslar şəraitində cəmiyyətin artmaqda olan tələbatlarını ödəyən nemətlər yaratmaqdır. Bu cür nemətlər yaratmadan insanın özünün mövcudluğu qeyri mümkündür.

§2. Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər.
Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Cürbə-cür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və ağacların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaradılan iqtisadi nemətlər.

Mövcud ədəbiyyatda nemətlər aşağıdakı kimi təsnifləşdirilir:

  1. Maddi və qeyri-maddi nemətlər.

  2. İqtisadi və qeyri-iqtisadi nemətlər.

  3. İstehlak və istehsal nemətləri.

  4. Xüsusi və ictimai nemətlər.

Maddi nemətlər təbiətin verdiyi və insanın əməyi ilə yaradılmış bütün faydalı şeylərdir və onlar maddi məzmuna malikdir.İnsanların maddi tələbatları bu nemətlərlə ödənilir.

Qeyri-maddi nemətlər – insanların mənəvi qabiliyyətlrəinin formalaşmasına xidmət edən nemətlərdir (təhsil, səhiyyə, elm, incəsənət və s.).

İstehlak nemətləri – insanların istehlak tələbatlarını ödəyən son məhsullar və xidmətlərdir.

İstehsal nemətləri – bilavasitə istehsal prosesində iştirak edən və ona xidmət edən vasitələrdir (binalar, maşınlar, qurğular, mühəndis biliyi və s.).

Xüsusi nemətlər–haqqı ödənilməklə ondan istifadə edənlərə məxsus olur (nəqliyyatdan istifadə və s.).

İctimai nemətlər – ölkə vətəndaşlarının hamısının istifadə etdiyi nemətlərdir (milli müdafiə, ictimai qaydalara əməl olunması, sabitlik və s.).

İnsanların məhsuldar fəaliyyəti ilə yaradılan iqtisadi nemətlər bilavasitə tələbatların ödənilməsi baxımından məhduddur. Pol Samuelson az təsadüf edilən və məhdud miqdarda təklif olunan əmtəə və xidmətləri iqtisadi nemət hesab edir.

Tələbatlarla müqayisədə nemətlərin məhdudluğu insanların davranışına təsir edir, onların davranışını müəyyən edir.

Nemətlərin iqtisadi və ya qeyri-iqtisadi nemət olması onların çoxluğu və azlığı ilə izah edilir. K.Mengerə görə (Avstriya məktəbi) dağ çayının suyu bol olduğuna görə o iqtisadi nemət deyil, çünki o tələbatdan çoxdur. Tələbatı ödəmək üçün su azdırsa, bu iqtisadi nemətdir.

Ümumiyyətlə, nemətə dair müxtəlif baxışlar vardır (Bu haqda BDU-nun nəşri olan 2002-ci il İqtisadi nəzəriyyə dərsliyinin 131-133-cü səhifələrini oxumaq məsləhətdır).
§3. İnsan iqtisadiyyat aləmində. İqtisadi nəzəriyyədə insan modeli.
Belə bir sual ortaya çıxır ki, iqtisad elmi nöqteyi-nəzərindən insan kimdir? Və onun həyat fəaliyytinin hansı tərəfləri iqtisadi nəzəriyyə tərəfindən öyrənilir?

Müasir iqtisadçılar belə hesab edirlər ki, iqtisadi nəzəriyyə insanların iqtisadi davranışlarını öyrənir.

İnsan – ictimai varlıqdır və əməyin sayəsində formalaşmışdır. O, ailədə və cəmiyyətdə, bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, bir-biri üçün işləyir və birgə səyin nəticəsində tələbatlarını ödəyə bilirlər.

Ancaq cəmiyyətin milli gəlirinin istehsalında bütün insanlar eyni vaxtda, eyni yaşda bərabər səviyyədə iştirak etmirlər. Lakin bir il ərzində yaradılmış ictimai məhsuldan hamı pay alır, istehsalda iştirak etməyənlər istehlakçı olur. Bunun səbəbi insanların yaş qruplarında işləmək qabiliyyətlərində fərqin olmasıdır.

Sosioloqlar müəyyən etmişlər ki, uşaq 16 yaşına qədər ailə və cəmiyyət hesabına yaşayır. Qanunla, uşaqların əməyindən istifadə etmək qadağan olunur. Bu yaşda uşaqlar ancaq istehlakçıdırlar. Təxminən 20 yaşından etibarən (həyatının ikinci dövrü) insan tələbatını qismən öz əməyilə ödəməyə başlayır. Bu yaşdan etibarən insanın tələbatı artmağa başlayır və insanlar artan tələbatlarını ödəməyə can atırlar. Bu da işçilərin ixtisaslarını artırmağa, işin keyfiyyətini yaxşılaşdırmağa və daha çox istehsal etməyə (çox qazanmağa) stimul yaradır.

Üçüncü dövrdə 30-45 yaşında insan məhsuldarlığın və istehlakın ən yüksək həddinə çatır. İşçilərin əməyilə yaradılmış gəlirin miqdarı onların şəxsi mənimsədiklərindən 3-4 dəfə çox olur.

Dördüncü dövr işləyən pensiyaçıların həyat fəaliyyətini əhatə edir. Onların istehlak etdikləri maddi nemətlərin miqdarı azalır və onlar yeni yaradılmış məhsulun az bir hissəsini istehsal edirlər.

Bundan sonrakı dövr işi tamamilə dayandırmaqla başa çatır pensiyaçı tamamilə ailənin cəmiyyətin hesabına yaşayır.1

Əmək fəaliyyəti dövründə insan istehlak etdiyindən daha çox nemət yaradır. Əgər işlək qabiliyyəti olanlar istehlak etdiyindən artıq (çox) nemət yaratmasa, insan cəmiyyəti yaşaya bilməz.

Beləliklə, deyə bilərik ki, ayrı-ayrı işçilərin, onların ailələrinin və cəmiyyətin həyat şəraitini yaxşılaşdırmağın həlledici şərti işləmək qabiliyyəti olan əhalinin daha çox və yüksək keyfiyyətli məhsul istehsalına nail olmasıdır. Məhz bunun sayəsində hər bir işçi cəmiyyətdən daha çox maddi nemət və xidmət əldə edib öz tələbatını ödəyə bilər.

Buradan da bütün insanların onların həyatının, yaşayışının əsasını təmin edən iqtisadiyyata marağı meydana gəlir.

Bu o deməkdir ki, ixtisasından, peşəsindən, işlədiyi sahədən asılı olmayaraq hamı iqtisadiyyatı bilməli, onu öyrənməklə lazımi bilik əldə etməlidir, iqtisadi təfəkkürünü formalaşdırmalıdır.

Ölkəmizin bazar iqtisadiyyatına keçdiyi indiki şəraitdə iqtisadi biliklərə yiyələnmək daha çox lazımdır. Bu mürəkkəb iqtisadi sistem olan bazar iqtisadiyyatı şəraitində yaşaya bilmək, mövcud olmaq üçün lazımdır.

İnsanın həyatı bioloji, sosial, maddi və mənəvi amillərin qarşılıqlı təsiri, çulğalaşması sayəsində mümkün olur. Onun fəaliyyətinin müxtəlif tərəfləri müxtəlif elmlər tərəfindən öyrənilir. İqtisadi nəzəriyyə isə insanın iqtisadi həyatını, onun iqtisadi maraq və mənafelərini, onların reallaşdırılması mexanizmini və davranışlarını öyrənir.

İnsan fəaliyyətinin ən mühüm sahəsi ictimai istehsal sferasıdır. Bu sfera çərçivəsində insan, resursların məhdud (az) olduğu bir şəraitdə, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə məşğul olur və öz maraqlarını reallaşdırır. İnsan nəinki istehsalçıdır, o, həm də istehlakçıdır. O, həm istehsal edir, məhsul yaradır, həm də texnikanı hərəkətə gətirir, texnika və texnologiyadan istifadə qaydalarını müəyyən edir.

İnsan nə üçün işləyir? Cavab hamıya aydındır. Ən qədim dövrlərdən başlayaraq, insan yaşayış vasitələri əldə etmək üçün çalışır, əmək sərf edir. Bu zaman fiziki əməkdən daha çox istifadə olunur. Daha çox məhsul əldə etmək üçün və fiziki əməyini yüngülləşdirmək üçün insanlar daha çox çalışır, yeni alətlər düzəldir. Proses bu qayda ilə davam edir və bu gün də baş verir. Nəticədə əllə qazma alətini xış, xışı kotan, kotanı isə traktor, ekskovator və s. əvəz edir. İnsan mürəkkəb maşın və mexanizmlər düzəldib əmək prosesində onlardan istifadə edir.

Resursların məhdud olduğu şəraitdə heç nə havayı başa gəlmir. Buna görə də bazar iqtisadiyyatı nəzəriyyəçiləri əməyə xərc kimi baxırlar, onu pul formasında hesaba alırlar. İnsanı əmək fəaliyyəti ilə məşğul olmağa vadar edən, onu hərəkətə gətirən qüvvə və stimulların müəyyən edilməsi iqtisad elminin ən mühüm problemlərindən biridir. İnsan cəmiyyətinin tarixi ərzində insanı əmək fəaliyyətinə təhrik edən iki əsas üsul məlumdur:

1) qeyri-iqtisadi məcburiyyət; 2) iqtisadi məcburiyyət.

Birinci halda insan işləməyə məcbur edilir, işləməsə döyülür, öldürülür və s. Bu üsulu quldar, mülkədar, feodal, diktator və s. tətbiq edir.

İkinci halda insan maddi cəhətdən maraqlandırılır, yaşamaq üçün işləməyə məcbur olur. İnsan öz yaşayışını təmin etmək naminə, kənar məcburiyyət olmadan işləməyə can atır.

Bunlara əsasən deyə bilərik ki, insanın əmək fəaliyyəti ilə məşğul olmasına təhrik edən səbəblər (amillər) müxtəlif istehsal üsulları şəraitində eyni deyildir. Və onun xarakteri istehsal resursları (vasitələri) və istehsalın nəticələrinin mənimsənilməsi formasından, yəni mülkiyyət hüququnun hakim formasından asılıdır.

İnsanlar çox müxtəlif olduğundan onların əməyə münasibəti, əməyə təhrik edən səbəblər də cürbə-cürdür. Bunu əsas götürərək alimlər insan modelini yaratmağa çalışmışlar.

İnsan modeli – müxtəlif sosial-iqtisadi sistemdə fəaliyyət göstərən insan və onu fəaliyyətə gətirən amillər haqqında təsəvvür yaratmaqdır.

İnsan modeli – fərdi səciyyələndirən əsas parametrləri, yəni insanın iqtisadi fəallığına təkan verən amilləri, onun məqsədini və insanın öz məqsədinə çatması üçün dərketmə imkanlarını özündə ixtira edir.

İqtisad elmi insanların iqtisadi davranışlarını aydınlaşdırmağa çalışır. Yəni onların maddi və mənəvi nemətlərin yaradılması, bölgüsü və istifadəsi zamanı fərdi və ictimai hərəkətlərini öyrənir.

İnsan modelini nəzəri təhlil üçün ilkin şərt kimi götürən nəzəriyyəçi alimlər təklif, tələb, rəqabət, mənfəət, istehlakçı davranışı haqqında özlərinin çoxsaylı nəzəriyyələrini yaradırlar.

İqtisad ədəbiyyatında insanın «modelləşdirilməsi»nin 4 istiqaməti xüsusi olaraq qeyd edilir.

Birinci istiqamət - ingilis klassik məktəbinə, marjinalistlərə və neoklassiklərə məxsusdur. Bu istiqamətdə hazırlanmış «iqtisadi insan» modelində ön plana fərdin eqoist marağı, pul əldə etmək marağı çəkilir, deməli, iqtisadiyyatla məşğul olan insan daha çox pul, gəliri əldə etmək məqsədilə fəaliyyət göstərir ( ğu model XVIII əsrdə irəli sürülmüşdür). Bu modeldə «iqtisadi adam» azad rəqabət şəraitində fəaliyyət göstərir və onun fəaliyyəti kənar qüvvələr tərəfindən məhdudlaşdırılmır (dövlət tərəfindən). Bu şəraitdə fəaliyyət göstərən insan imkanların və resursların məhdud olduğu şəraitdə az məsrəflə daha çox nəticə əldə etməyə çalışır.

İkinci istiqamət - keynsçi məktəbə, institutsionistlərə və tarixi məktəbə aiddir. Bu modeldə insanı iqtisadi fəaliyyətlə məşğul olmağa stimul yaradan yalnız maddi nemət, pul əldə etmək marağı deyildir. Ənənələrə, adətlərə əməl etmək, nüfuzunu gözləmək, həyatdan ləzzət almaq və s. kimi psixoloji amillər də rol oynayır. Bu modeldə tarazlıq yaratmaq üçün dövlətin prosesdə iştirakı vacib sayılır.

Üçüncü istiqamət – «iqtisadi insan modeli»nin prinsipcə yeni bir növü olub müasir reallıqları özündə əks etdirir. Bu modeldə hərəkətverici amil kimi yalnız maddi tərəf deyil insanın mənəvi tələbatları mühüm əhəmiyyət kəsb edir (əmək prosesinin özündən razı qalmaq, onun sosial əhəmiyyəti, mürəkkəbliyi və s.). yeni model çoxmüxtəlifliyi və tələbatın dinamik olması ilə fərqlənir. Burada başlıca tələbat özünü ifadə etməkdə azadlığın olmasından, başqa adamlarla sərbəst əlaqə yaradılmasından, mənəvi cəhətdən özünümüəyyənlikdən, mədəniyyət növünü seçməkdə azad olmasından, ictimai-siyasi görüşündə azad olmasından ibarətdir. Belə bir istəyi olan insan demokratik və plüralizmin hökm sürdüyü bir cəmiyyətdə yaşamağı arzu edir.

Dördüncüsü - «inzibati insanı» modelidir. Müasir iqtisadçılar, sosioloqlar sovet adamını inzibati-amirlik təsərrüfat sistemi üçün xarakterik olduğunu göstərirlər. Sovet adamı qeyri-bazar ruhlu idi. Məqsədi ikili idi. Həm öz tələbatını və həm də cəmiyyətin plan üzrə qarşıya qoyduğu vəzifələri yerinə yetirmək. Plan tapşırıqlarına əməl etmək əsas borc hesab olunardı. Bu sistemdə də insan öz xərclərini azaltmaqla xeyirini maksimuma çatdırmağa can atır. Bu isə rasional iqtisadi davranış deməkdir.

Resursların məhdud olduğu dünyada insan istənilən təsərrüfat sistemində öz xərclərini azaltmağa maksimum xeyir götürməyə can atır.1
§ 4. İstehsal, bölgü, mübadilə və istehlak.
Təbiətlə və bir-birilə daim əlaqədə olan insan müntəzəm olaraq istehlak etməlidir. Bunun üçün isə o, fasiləsiz olaraq lazım olan nemətləri istehsal etməlidir. Bunun üçün insanın fəaliyyəti ilə yaradılmış və təbiətdən götürülmüş sərvət hərəkətə gətirilir. Sərvətin hərəkəti istehsal-bölgü-mübadilə-istehlak mərhələlərindən keçir və sonuncuda başa çatır. Hərəkətin çıxış mərhələsi istehsaldır – bu faydalı məhsulların yaradılması prosesidir. Təbiətlə münasibətə girən insan təbiət maddələrini və güclərini birləşdirərək özünə lazım olan nemətlər (məhsullar) hazırlayır. Məsələn, ağacdan mebel, filizdən çuğun və s. düzəldir.

İstehsal bütövlükdə iqtisadiyyat üçün həlledici mərhələdir. Əvvəlcə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin.

İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar. Çox istehsal edən ölkə varlı və güclü olur. Bunu müəyyən etmək üçün ÜDM ölkə əhalisinin sayına bölürlər. Məsələn, Azərbaycanda adam başına ümumi daxili məhsul 1995-ci ildə 282,1 manat (319,3 dollar), 2000-ci ildə 595,1 manat (665,1 dollar), 2006-cı ildə isə 2156,4 manat (2413,7 dollar) olmuşdur.

Bölgü – yaradılmış sərvətin cəmiyyət üzvləri arasında bölünməsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alacağı payın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növbədə yaradılmış məhsulun bölünməli olan hissəsinin həcmindən asılıdır. Bəzən belə də olur ki, əldə olan məhsul norma üzrə bölünür (müharibə vaxtı, təbii fəlakətlər olduqda və s.), məqsəd çətin şəraitdə əhalini ərzaqla təmin etməkdir.

Mübadilə - bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, buğdanı verib əvəzində parça alır.

İstehlak – bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması prosesidir. İstehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. İstehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilməlidir.

Göründüyü kimi istehsal-bölgü-mübadilə-istehlak xətti üzrə insanlar arasında təsərrüfat əlaqələri yaranır və bu əlaqələr əsasən bazar vasitəsilə baş verir ki, bunu sonra geniş öyrənəcəyik. Bu cür əlaqələr həm ayrıca götürülmüş firmalar səviyyəsində, həm də bütün cəmiyyət miqyasında yaranır.

Ancaq cəmiyyət miqyasında istehsal-bölgü-mübadilə-istehlak prosesləri çox mürəkkəb olsa da qarşılıqlı əlaqədə, asılılıqda baş verir və vahid tam bir proses kimi mövcud olur. Bu tamlıqda o ictimai istehsal kimi mövcud olub fəaliyyət göstərir. İstehsal-bölgü-mübadilə-istehlak vahid tamın nisbi müstəqil hissələridir. Lakin onlar arasında əlaqə, asılılıq o qədər güclüdür ki, onları ayırmaq çətin olur. Məsələn, istehsal elə istehlak deməkdir. Belə ki, istehsal zamanı pambığı əyirib ip istehsal edirlər. Bu zaman pambıq istehlak olunur, nəticə isə yeni məhsuldur. Nəticəsi yeni məhsul olan istehlak məhsuldar istehlakdır.

Bilavasitə insanların tələbatını ödəmək üçün məhsulların istehlakı şəxsi istehlak adlanır. Bu istehlakın nəticəsində insanın iş qüvvəsi təkrar istehsal olunur.

İstehsal bölgü ilə də sıx bağlıdır. Belə ki, istehsal etmək üçün ilk növbədə işçilər və əmək alətləri təsərrüfat sahələri arasında, müxtəlif məhsul növləri istehsalı üzrə bölünməlidir. Müasir inkişaf etmiş ölkələrdə sənayenin 500-dən artıq sahəsi, yarımsahələri vardır və bütün istehsal vasitələri və işçilər onların arasında bölünmüşdür. Belə bir bölgünün nəticəsində xalq təsərrüfatı sahələri istehsal amilləri ilə təmin olunurlar. Bu bölgü istehsala aid bölgüdür və bunsuz məhsulun istehsalı baş verməz.

İstehsal mübadilə ilə də sıx bağlıdır. Çünki, istehsal insanların fəaliyyət və bacarıqlarının mübadiləsi prosesidir. Belə ki, əmək bölgüsünün nəticəsində hər bir işçi konkret sahənin məhsulunun istehsalı üzrə ixtisaslaşır. Onların fəaliyyətləri və bacarıqları da müxtəlif olur. Buna görə də onlar öz bacarıqlarını, qabiliyyətlərini və istehsal etdikləri məhsullarını mübadilə edirlər.

Buna əyani misal olaraq kombayn istehsalını göstərmək olar. Kombaynı istehsal etmək üçün zavodun bütün konstruktorları, mühəndisləri, texnoloqları, müxtəlif peşədən olan işçilər, habelə sahibkarlar və idarəedici heyət öz işlərinin nəticəsi üzrə, bilik və bacarıqları sahəsində mübadilə edirlər, məsləhətləşirlər. Nəticədə son məhsul kimi kombayn hazır olur.

Beləliklə, məhsulun istehsalı ilə başlayıb istehlak ilə başa çatan ictimai istehsal prosesi fasiləsiz təkrar istehsal prosesidir və prosesdə məhsulun istehsalı getdikcə artır. Nə üçün? İndi bu suala cavab vermək lazımdır.
§5. Tələbatlar və resurslar. İstehsalın imkanları. İqtisadi seçim.

Müasir istehsalın quruluşu.
Tələbat – insanın, sosial qrupun və cəmiyyətin həyat-fəaliyyətini qoruyub saxlamaq üçün lazımlı və ödənilməsi zəruri olan ehtiyacdır. Tələbatlar insanı fəallaşdıran daxili qüvvədir, hərəkətverici stimuldur. İnsanın tələbatları çox müxtəlifdir, cürbə-cürdür. Tələbatların daşıyıcıları olan subyektlər: fərdlər, qruplar, kollektivlər və cəmiyyətdir. Buna uyğun olaraq tələbatları fərdi tələbat, qrupun tələbatı, kollektiv tələbat və cəmiyyətin tələbatına ayırmaq olar.

Obyektinə görə (onların istiqamətləndiyi əşya, şey) tələbatlar maddi tələbatlar, mənəvi tələbatlar, etik (əxlaqa aid olan) və estetik (incəsənətə aid) tələbatlara ayrılır.

Fəaliyyət sferasına görə tələbatlar əməyə olan tələbata, ünsiyyət (münasibət) saxlamaq tələbatına, istirahətə, qabiliyyəti bərpa etməyə olan tələbata və iqtisadi tələbata ayırmaq olar.

Bizim üçün başlıca olanı iqtisadi tələbatdır. İqtisadi tələbat insanın ehtiyacının o hissəsidir ki, onun ödənilməsi üçün maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı lazımdır. İstehsalla insanın ödənilməmiş ehtiyacları arasında möhkəm bir əlaqə vardır. İstehsal bir neçə istiqamətdə insanların tələbatına təsir göstərir.

Birincisi, istehsal konkret bir nemət yaradır və insanın müəyyən ehtiyacının reallaşmasına səbəb olur. Bu isə özlüyündə yeni ehtiyaclar doğurur. Belə hesab edək ki, fərd bir maşın alıb. Bundan sonra onun yeni və çoxlu ehtiyacları meydana çıxır. O, maşını sığortalamalı, ona qaraj tikməli, yanacaq almalı, ehtiyat hissələri tapmalıdır.

İkincisi, istehsalın texniki yeniləşməsi sayəsində yeni şeylər meydana gəlir, həyat şəraiti dəyişir və keyfiyyətcə yeni tələbatlar meydana gəlir. Məsələn, yeni maşınlar, mobil telefonlar, videomaqnitofonlar və s. satışa çıxarılır və adamlarda onları almaq istəyi yaranır.

Üçüncüsü, istehsal nəinki istehlak etmək üçün məhsul verir, həm də onun istehlak üsuluna təsir göstərir. Məsələn, ibtidai insan əti çiy halda, əli ilə yeyirdi. Müasir insan isə onu bişmiş halda, çəngəl-bıçaqdan istifadə etməklə yeyir və s.

Deməli, istehsal istehlakı və istehlak üsulunu yaradır. Öz növbəsində, iqtisadi tələbatlar istehsala güclü təsir göstərir. Bu təsir iki xətlə baş verir.

Birincisi, tələbat yaradıcı fəaliyy1ətin daxili hərəkətverici qüvvəsi və istiqamətvericisidir.

İkincisi, insanların tələbləri kəmiyyət və keyfiyyət baxımından tez dəyişəndir. İnsanların tələbatları yeni məhsulların meydana gəlməsinə təkan verir. Tələbat bəzən istehsalı qabaqlayır və istehsalı yeni məqsədlərə cavab verməyə təhrik edir.

Görkəmli alman filosofu Q.Hegelin (1770-1831) yazdığına görə «Tarixə yaxından nəzər saldıqda insanların hərəkətini onların tələbatından, hərisliyindən, mənafeyindən irəli gəldiyini görərik...» (əs. T.8. 1935, s.20).

İstehsalla tələbatın daxili qarşılıqlı əlaqəsi tələbatın artması qanunundan nəşət edir.

Tələbatların artması qanunu.

Cəmiyyətin iqtisadi tərəqqisi ilə onun tələbatları da artır. Tələbatların artması obyektiv bir zərurətdir və qanun statusuna malikdir. Bu qanun istehsalın və mədəniyyətin inkişafı ilə insanın tələbatlarının artması və təkmilləşməsinin zərurət olduğunu ifadə edir.

Cəmiyyətin tarixi inkişafı gedişində onun tələbatları kəmiyyətcə artır və keyfiyyətcə dəyişir. Tələbatların bir çoxu yox olur, yeniləri meydana gəlir və onların tərkibi də dəyişir. Buna uyğun olaraq ictimai sərvətin strukturu da dəyişir.

Əgər istehsal və tələbatların qarşılıqlı əlaqəsinə dair ümumiləşdirmə aparsaq deyə bilərik ki, tələbatların artması sonsuzdur. Bu cür artım isə yalnız əmək bölgüsünün dərinləşməsi, istehsalın inkişafı və keyfiyyətcə təkmilləşməsi sayəsində mümkün ola bilər. Bunlardan biri digərindən asılıdır.

Ancaq tələbatların artması qanununun fəaliyyəti üçün bütün zamanlarda və bütün ölkələrdə şərait eyni olmur. Hətta elə ölkələr var ki, istehsalın artımı əhalinin artımından geri qalır, tələbatlar ödənilmir. Bu qanun inkişaf etmiş ölkələrdə daha səmərəli fəaliyyət göstərir. Buna görə də deyə bilərik ki, tələbatın artması mütləq iqtisadi qanun deyildir. O meyl kimi fəaliyyət göstərir və sosial-iqtisadi inkişafın ümumi istiqamətini müəyyən edir. Bu meyl o zaman özünü göstərir ki, ÜDM-in həcmində hər nəfərin payı artır, şəxsi gəlir çoxalır və əhalinin istehlak tələbatı daha dolğun ödənilir.

Resurslar. Tələbatları ödəmək üçün istehsalı genişləndirmək lazımdır. Bundan ötrü isə istehsal üçün tələb olunan resurslar lazımi qədər olmalıdır. Lakin hər bir konkret zamanda istehsal üçün lazım olan resurslar məhduddur, yəni tələb olunandan azdır.

İstehsal resursları – istehsalın baş verməsi və inkişafı üçün zəruri olan istehsal amillərinin məcmusudur.

Mövcud ədəbiyyatda resurslar aşağıdakı kimi təsnifləşdirilir:

A) maddi resurslar;

B) insan resursları;

C) maliyyə resursları.

Maddi resurslara torpaq, xammal, material və kapital (maşın, avadanlıq, istehsal binaları və s.) daxildir.

İnsan resurslarına əmək və sahibkarlıq qabiliyyəti aiddir.

Maliyyə resursları dedikdə istehsala başlamaq üçün lazım olan pul vəsaiti başa düşülür.

Təbii sərvətlərin getdikcə tükənməsi və potensial ehtiyatların azlığı istehsalın imkanlarını məhdudlaşdırır. Belə şəraitdə istehsalın effektivliyinin artırılması vəzifəsi ortaya çıxır. Yəni resurslardan daha səmərəli istifadə etməklə tələbatların daha dolğun ödənilməsinə nail olmaq. Bu əsas vəzifələrdən biridir.

İqtisadçılar mövcud və gələcək tələbatların ödənilməsi imkanlarını öyrənməyə çalışırlar. Bunun üçün istehsalın imkanları hesablanır. İstehsal imkanları dedikdə resurslardan tam istifadə olunduğu şəraitdə məhsul buraxılışının ən yüksək həcminə nail olmaq başa düşülür, yəni nə qədər mümkündürsə bir o qədər istehsal etmək. Ancaq istehsalın imkanları tələbatların bütün növlərini ödəməyə kifayət etmir. Buradan da yeni bir iqtisadi vəzifə meydana çıxır. Bu da alternativ seçim etməkdən ibarətdir. Deməli, ödənilmək imkanı olmayan tələbatı başqa məhsullarla ödəmək lazım gəlir. Bunun üçün də istehsal amillərindən daha əlverişlisini və çox olanı seçmək lazım gəlir.

Hər hansı bir məhsulun istehsalı üçün bütün resurslardan tam istifadə edilərsə, onda digər məhsuların istehsalına resurslar çatmaya bilər.

Alternativ variant odur ki, bir növ məhsulun istehsalına yönəldilən vəsaiti azaltmaqla onun hesabına digər növ məhsulu istehsal etmək mümkün olsun. Bu zaman nə istehsal etmək və nə qədər istehsal etməyi seçmək lazım gəlır. Ancaq resurslar elə bölünməlidir ki, məhsulun bütün növlərindən istehsal etmək mümkün olsun. Əks halda çatışmayan məhsula olan tələbat ödənilməz. İnsanlar ən qədim dövrlərdən başlayaraq tələbatlarını ödəmək üçün istehsalı daim inkişaf etdirmiş və mövcud resurslardan istifadə etməyin üsul və vasitələrini təkmilləşdirmişlər.

Tarixi inkişaf prosesində istehsal bir neçə ardıcıl mərhələdən keçmişdir:

  1. Aqrar inqilab baş vermiş (10 min il əvvəl), əkinçilik və maldarlıq inkişaf etməyə başlamışdır. Qədim əkinçilik – heyvandarlıq mədəniyyəti b.e.ə. VIII-VII minilliklərə aid edilir. Bu sənayeləşməyə qədərki dövr adlanır. Bu dövrün əsas cəhətləri aşağıdakılardır:

    • iqtisadiyyatın ilkin sferası – kənd təsərrüfatı üstünlük təşkil edir;

    • əhalinin əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğul olur;

    • əl əməyi üstünlük təşkil edir;

    • istehsalda əmək bölgüsü çox zəifdir və istehsalın natural təşkili forması əsrlər boyu qalmaqda davam edir;

- əhalinin tələbatları çox bəsitdir; istehsal durğun vəziyyətdədir.

  1. Sənaye çevrilişi mərhələsi. XVIII əsrin 60-cı illərində İngiltərədə olmuş sənaye çevrilişi, XIX əsrin 50-60-cı illərində Qərbi Avropada və ABŞ-da başa çatır. Bu istehsalın maşınlı sənaye mərhələsi idi. Onun xüsusiyyətləri:

    • bu iqtisadiyyatın ikinci sferasıdır – maşınlı sənaye istehsalı;

    • istehsalın kənd təsərrüfatı, tikinti və nəqliyyat kimi sahələri maşın texnikası əsasında yenidən təşkil olunur;

    • əhalinin əsas hissəsi sənayedə çalışır;

    • cəmiyyətdə ictimai əmək bölgüsü dərinləşir, çoxsaylı yeni-yeni sahələr yaranır; istehsalın təşkilinin (Ə-P) bazar forması kimi mürəkkəb sistemi yaranır;

    • sürətli urbanizasiya prosesi gedir, şəhər əhalisi sürətlə artır;

    • istehsal güclərinin artması və çoxşaxəli olması geniş miqyasda maddi və mədəni tələbatların ödənilməsini mümkün edir.

bu mərhələdə əhali sürətlə artır.

  1. İstehsalın postindustrial inkişaf mərhələsi. Onun əsas əlamətləri:

    • üçüncü sfera – xidmət sferası daha da inkişaf edir. İnkişaf etmiş ölkələrdə əhalinin əksəriyyəti xidmət sahəsində çalışır;

    • elm bilavasitə məhsuldar qüvvəyə çevrilir. Onun sayəsində təbiətdə olmayan məhsullar yaradılır;

    • bütün sahələrdə (istehsalda və məişətdə) informasiya və hesablayıcı texnikadan geniş istifadə olunur və bu da avtomatlaşdırmanı mümkün edir;

    • müəssisələrdə elmi işçilərin rolu artır, yüksək ixtisaslı kadrlar çalışır;

    • istehsal bütün vətəndaşların ən xırda tələbatlarını belə ödəməyə qadirdir və daha yüksək ehtiyaclarını ödəməyə imkanlıdır.

Hazırda istehsalın daha yüksək inkişaf mərhələsinə ABŞ. Kanada, Yaponiya, Qərbi Avropa və digər ölkələr nail olmuşlar.

Müasir istehsalın quruluşu.

Dünya ölkələrinin iqtisadi inkişaf səviyyələri qeyri-bərabərdir. Bir qrup ölkələr istehsalın birinci pilləsində ilişib qalıblar, başqaları əsasən ikinci mərhələdədir, ancaq Qərbin az bir qrup ölkəsi postindustrial təsərrüfata malikdir. Liderlərdən geri qalan bir çox ölkələr onların arxasınca gəlir. Müasir inkişaf səviyyəsində istehsalın özünəməxsus quruluşu formalaşmışdır. Bu struktur XX əsrin sonlarında formalaşmışdır və onun xarakterik xüsusiyyətləri bunlardır:

Birincisi, postindustrial istehsalın quruluşu qərarlaşmış və perspektivdə tələbatları ödəməyə qadirdir;

İkincisi, bütün inkişaf etmiş ölkələrdə istehsal qarşılıqlı əlaqədə olan iki istehsal tipindən ibarətdir: maddi istehsal və qeyri-maddi istehsal;

Üçüncüsü, xüsusi istehsala xas olan xidmət sferası genişlənir və spesifik nemət olan xidməti yaradır. Məsələn, nəqliyyat xidməti və s.

Xidmətlər iki növə ayrılır: maddi xidmətlərə (yük daşıyan nəqliyyat, istehsala rabitə xidməti, ticarət, mənzil-məişət xidməti və s); qeyri-maddi xidmətlərə (təhsil, səhiyyə, elmi xidmət, incəsənət, kreditləşdirmə, sığortalama, sosial xidmətlər və s.).

Maddi nemət istehsalı

Maddi istehsal

Maddi xidmət istehsalı
Qeyri-maddi xidmət istehsalı

Qeyri-maddi istehsal

Qeyri-maddi nemət istehsalı
Cəmiyyətin sərvətinin artması və onun tələbatlarının ödənilməsi dərəcəsi istehsal fəaliyyətinin hər iki növündən asılıdır.

İqtisadi inkişafın nəticəsi olaraq iki meyl özünü göstərir.

Birincisi, maddi istehsal inkişaf etdikcə mənəvi mədəniyyətin inkişafı üçün ilkin şərtlər (şərait) yaranır. Maddi istehsalda çalışanların sayı azalır və əksinə, qeyri-maddi istehsalda çalışanların sayı artır və bu sahə genişlənir.

İkincisi, ictimai istehsalın hər iki növü arasında qarşılıqlı əlaqə genişlənir. Qeyri-maddi nemətlərin istehsalı (yeni elmi kəşflər, texniki yeniliklər, təhsil, mədəniyyət) maddi istehsalın inkişafına güclü təsir göstərir.

Nəticə – müasir iqtisadiyyat cəmiyyəti maddi və qeyri-maddi nemətlər və xidmətlərlə təmin edən təsərrüfat sahələrinin məcmusudur. O, ictimai əmək bölgüsü sayəsində ayrı-ayrı sahələrə, yarımsahələrə və ilkin özəklərə bölünmüşdür, ancaq qarşılıqlı əlaqədə vahid tam şəklində fəaliyyət göstərirlər.

II Fəsil

İQTİSADİ NƏZƏRİYYƏNİN PREDMETİ

VƏ METODU
1. İqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsinə müxtəlif yanaşma (baxışlar).

2. İqtisadi münasibətlər sistemi.

3. İqtisadi kateqoriyalar və iqtisadi qanunlar.

4. Məhdud resurslar şəraitində istehsal, bölgü, mübadilə və istehlak sferasında insanların davranışı. Subyektiv-psixoloji qanunlar.

5. İqtisadi nəzəriyyənin funksiyaları.

6. İqtisadi nəzəriyyənin inkişafının əsas mərhələləri.

7. İqtisadi nəzəriyyənin tədqiqat və şərh metodları.
§1. İqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsinə

müxtəlif yanaşma (baxışlar).
İqtisadi nəzəriyyənin cəmiyyətin həyatında rolunu başa düşmək üçün ilk növbədə onun tədqiqat obyektini və predmetini müəyyən etmək lazımdır.

Hər bir elmin müstəqil mövcudluğunun ilkin şərti həmin elmin öyrəndiyi sahə, onun konkret predmetinin müəyyən edilməsidir.

İqtisadiyyata və onun nəzəri cəhətdən öyrənilməsinə yanaşma üsulları, qarşıya qoyulan məqsədlər eyni olmadığından iqtisadi nəzəriyyənin predmetinin də müəyyən edilməsinə yanaşılmasında da fərqlər vardır. Elə buna görədir ki, onun predmetinin müəyyən edilməsində vahid fikir formalaşmamışdır. Bunun əsas səbəbi nədir? Bu iqtisadiyyatın müxtəlif maraqları olan insanların, sosial qrupların, siniflərin fəaliyyət dairəsi olması ilə bağlıdır. Burada maraqlar üst-üstə düşmür və buna görə də iqtisadiyyatın öyrənilməsinə müxtəlif maraqların daşıyıcıları cürbəcür yanaşır və onun predmetini müəyyən edirlər. İqtisadiyyat elə bir sahədir ki, orada mənafelər toqquşur. İqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsindəki çətinlik və fikir ayrılığı da mənafelərdəki müxtəliflikdən irəli gəlir. Son illərdə müxtəlif ölkələrdə nəşr edilmiş dərsliklər deyilən fikri bir daha təsdiqləyir. Prof.Y.Borisovun fikrincə iqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsindəki fikir ayrılığı iqtisadiyyatın özünün mürəkkəbliyi ilə bağlıdır və onun müxtəlif tərəflərini ayırıb öyrənmək olar.

İqtisadi nəzəriyyəyə aid əsərlərin məzmununda olan fərqə baxmayaraq onların hamısını «dövləti necə varlı etmək», «artan tələbatları necə ödəmək» kimi ideyalar birləşdirir. Bütün müəlliflər inanırlar ki, tacir, sələmçi, fermer və sənayeçinin sərvəti artarsa onda bütün millət varlı olar, insanlar yaxşı yaşayar. Buna görə də iqtisad elmi meydana gəldiyi vaxtdan etibarən sərvət və onun artırılması yollarını müəyyən etməyi özünün predmeti etmişdir.

Klassik siyasi iqtisad nümayəndələri A.Smit, D.Rikardo, Fiziokratiya məktəbi «Xalqlar sərvətinin» həqiqi mənbəyini istehsalda axtarırlar. Klassik məktəbin nümayəndələri istehsalın inkişafının «təbii» qanunlarını aşkara çıxarmağı iqtisad elminin başlıca vəzifəsi hesab etmişlər. Onların nəzəri müddəaları əməli əhəmiyyət kəsb etmişdir (D.Rikardo).

Marksist siyasi iqtisad da maddi nemətlərin istehsalı sferasını (geniş mənada) tədqiqat obyekti olaraq seçmişdir. Marksist təlimə görə iqtisadi nəzəriyyənin (siyasi iqtisadın) predmeti maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanlar arasında yaranan ictimai istehsal münasibətləri və onları idarə edən qanunlardır.

Kembric universitetinin professoru A.Marşall XIX əsrin sonlarında «Siyasi iqtisad» elminin adına dəyişərək «Ekonomiks» - İqtisadiyyat elmi adlandırdı və onun predmetini özündən əvvəlkilərdən fərqli olaraq müəyyən etdi. Marşalla görə iqtisadiyyat elmi (ekonomiks) məhdud resurslar aləmində (şəraitində) nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların davranışını öyrənir. Neoklassik təlimə görə iqtisadi nəzəriyyənin predmeti «xalis iqtisadiyyat»dır – yəni, özünün ictimai təşkili formasından asılı olmayaraq, xüsusi mülkiyyətçilərin təsərrüfat fəaliyyətidir.

Tusi, Prof.Çepurin M.N. və prof.Kiselyovanın «İqtisadi nəzəriyyə kursu» dərsliyində deyilir: «İqtisadi nəzəriyyə insanların iqtisadi davranışlarını öyrənir, yəni onların maddi və qeyri-maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə bağlı olan hərəkətlərini, iqtisadi davranışlarının qanunauyğunluqlarını öyrənir». Müasir iqtisad ədəbiyyatında (dərsltklərdə) iqtisadi nəzəriyyənin predmeti tələbatların ödənilməsi, məqsədlərin çoxluğu və onların ödənilməsi üçün lazım olan nemətlərin azlığı (məhdud olması) ilə əlaqələndirilir. Buradan da məhdud resurslardan səmərəli istifadə edilməsi, yəni az məsrəflə arzu olunan yüksək nəticəyə nail olmağın yollarının tədqiq edilməsi və göstərilməsi iqtisadi nəzəriyyənin başlıca vəzifəsi hesab edilir. İngilis iqtisadçısı Laynel Robinson iqtisad elminin predmetini aşağıdakı kimi müəyyən edir: «Məhdud resurslara sərəncam verməyin zəruri olduğu vaxt insan davranışının aldığı formalar, məhz iqtisad elminin vahid predmetini təşkil edir… İqtisad elmi – insan davranışlarını məqsədlər və resursların çatışmazlığı nisbəti baxımından öyrənir». (Sitat prof.Çepurina M.N. və prof.Kiselovanın «İtisadi nəzəriyyə kursu»ndan götürülmüşdür, s.38).

P.Samuelson «Ekonomiks» dərsliyində iqtisadi nəzəriyyəyə 5 cür tərif verir:

  1. İqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələrilə əlaqəli olan fəaliyyət növləri haqqında elmdir.

  2. İqtisadi nəzəriyyə nadir və məhdud məhsuldar resurslardan müxtəlif əmtəələrin istehsalı və istehlakı məqsədilə onların cəmiyyət üzvləri arasında bölüşdürülməsi və insanlar tərəfindən istifadə olunması haqqında elmdir.

  3. İqtisadi nəzəriyyə insanların gündəlik işgüzar həyat fəaliyyəti, onların vasitələr əldə etmək və həmin vasitələrlə yaşamaq və istifadə etmək haqqında elmdir.

  4. İqtisadi nəzəriyyə bəşəriyyətin istehlak və istehsal sahəsində öz vəzifələrinin öhdəsindən necə gəlmək haqqında elmdir.

  5. İqtisadi nəzəriyyə sərvət haqqında elmdir.

Bu təriflərdə qoyulmuş məsələlər müasir dərsliklərdə verilmiş təriflərə lakonik şəkildə daxil edilmişdir. (İqtisadi nəzəriyyə, 2002. s.37).

Diqqətlə baxdıqda aydın olur ki, bütün müəlliflər insanın iqtisadi davranışından, davranışın formalarından insan davranışının qanunauyğunluqlarından söhbət açdıqda əslində təsərrüfatçı subyektlərin iqtisadi münasibətlərindən, bu münasibətlərin formalarından bu münasibətləri idarə edən qanunlardan danışırlar. Başqa cür ola bilməz, axı iqtisadi nəzəriyyə humanitar elmdir, insanların iqtisadi həyatı, iqtisadi mənafeyi iqtisadi fəaliyyəti ilə bağlı olan problemləri öyrənir.

İqtisadiyyat bir elm kimi hələ formalaşdığı orta əsrlərdə Şərqin görkəmli alimləri də iqtisadi münasibətlərin öyrənilməsini cəmiyyətin həyatı, onun inkişafı prosesinin dərk edilməsi üçün əhəmiyyətli olduğu fikrini söyləmişlər. Görkəmli Azərbaycan alimi N.Tusi (1201-1274), ərəb mütəfəkkiri İbn Xəldun (1332-1406) insanların iqtisadi sahədəki fəaliyyətlərini cəmiyyətin mövcudluğu və inkişafının əsası hesab etmişlər. N.Tusi iqtisadiyyatı öyrənən elmi «İctimaiyyat» adlandırır və göstərir ki, «Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir. Hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, rəftar və davranışında səhvlərə yol verməsin» (Əxlaqi-Nasir, səh.210). «N.Tusinin iqtisad elminə verdiyi bu tərifdəki «İnsanın rəftar və davranışı» kimi anlayışlar iqtisad elminin predmetinin müəyyən edilməsinə müasir yanaşma baxımından çox yaxındır.

Yuxarıda deyilənlərə əsasən, iqtisadi nəzəriyyənin predmetini bu cür müəyyən etmək olar:

İqtisadi nəzəriyyə – məhdud resurslar şəraitində həyat nemətlərinin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iqtisadi davranış formaları, iqtisadi münasibətləri və onları idarə edən qanunlar haqqında elmdir.

İqtisadi nəzəriyyənin tədqiq etdiyi sahəni və predmetini aşağıdakı sxemdə verilmiş ardıcıllıqla öyrənmək tövsiyyə olunur.


İqtisadi nəzəriyyənin predmetinin öyrənilmə

ardıcıllığı




1.Tədqiqat sahəsi - iqtisadi həyat yaxud təsərrüfat fəaliyyətinin həyata

keçirdiyi mühit;




2. Tədqiqat obyekti - iqtisadi hadisələr və proseslər;




3.Tədqiqatın subyekti - i nsan, insan qrupları, dövlət, yeni idarə etmə

strukturları




4.Tədqiqatın predmeti - «İqtisadi insan»ın, insan qruplarının, dövlətin mövcud iqtisadi mühitlə əlaqədar iqtisadi davranışları, iqtitsadi münasibətlər

sistemi və onları idarə edən qanunlardır.




5. İqtisadi nəzəriyyənin başlıca vəzifəsi sadəcə iqtisadi hadisələri təsvir etmək deyil, onların qarşılıqlı əlaqə və qarşılıqlı şərtlənməsini göstərmək, başqa sözlə, iqtisadi hadisələr, proseslər və qanunlar sistemini aydınlaşdırmaqdır.

Bununla da iqtisadi nəzəriyyə konkret iqtisadi elmlərindən fərqlənir.



Sxem 2. İqtisadi nəzəriyyənin predmetinin öyrənilməsi ardıcıllığı




Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə