TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

ON İKİNCİ FƏSİL
Fəthi-meyxanə üçün oxuyalım fatihələr
Ola kim, üzümüzə açıla bir bağlı qapu.
Nəşriyyatdan çıxıb yavaş-yavaş küçələrlə addımlamağa başladı. Evlərinə getmək
istəmirdi. Öz-özünə acı-acı güldü: “evimizə...” Məgər onun evi vardır? Onun
“evim” dediyi yer – Manafın sabiq mənziliydi.
Çalışırdı ki, bu barədə fikirləşməsin. Ayrı şeylər barədə düşünməyə cəhd etdi və
birdən duydu ki, yamanca acıb. Təhminənin mətbəxini xatırladı, düşündü ki, evə
getsə Təhminə nahar qızdırıb qabağına qoyacaq. Zaur da dinməz-söyləməz
yeyəcək, heç birisi bir kəlmə də danışmayacaq, çünki ikisi də biləcək ki,
danışacaqları hər bir söhbət gec-tez dava-dalaşla nəticələnəcək və həm də ki, bu
dava-dalaş, yəqin ki, axırıncı savaşları olacaq... Yaxud dalaşmasalar, elə-belə
danışsalar, bir-birini anlamağa, başa düşməyə çalışsalar, vəziyyətlərini, hallarını,
hisslərini, fikirlərini bir-birlərinə sakit və təmkinlə izah etsələr belə, bunun da
yeganə nəticəsi ayrılıq olacaq, hər ikisi mütləq bu qərara gələcəkdi –
ayrılmalıyıq...
Trolleybusa minmədi, yolunu bulvardan saldı. Bulvar adamsız idi. Havalar pis
keçmirdi, ağaclar tamam çılpaq olmasaydı, adama elə gəlirdi ki, payız təzəcə
girib. Amma payızın son ayı, qışın əvvəli olması yalnız ağacların yalın
budaqlarından deyil, həm də havanın çox tez qaralmasından məlum olurdu.
Adamlar iradələrindən çıxanda hələ işıq idi, amma evlərinə yollanarkən haradasa
– trolleybusun, avtobusun içində – qaranlıq onları haqlayırdı. Bu keçid, xüsusilə


metro sərnişinləri üçün kəskin idi. İşıq keçiddən yerin altına enir, öz
dayanacaqlarında yer üzünə qalxanda isə qatı qaranlığa qərq olmuş şəhərə
çıxırdılar...
Zaur bulvarla addımlayırdı. Sahil xiyabanına səpələnmiş şüşə kababxanaların,
çayxanaların, qutabxanaların məhrəm və mülayim çıraqları ətrafa işıq çiləyirdi.
Bu şüşə yeməkxanalarda – akvarium içindəymişlər kimi – təkdənbir adamlar
oturmuşdu, elə bil işığın, istinin başına yığışmışdılar, y-avaş-yavaş söhbət
edirdilər. Heç buradan çıxmaqları gəlmirdi. Ocaq başı kimi cəlbedici idi bu
məclislər. Bəzən insan yad şəhərin otellərində belə isti nəfəsə, ünsiyyətə, təmasa
ehtiyac duyur – həm insanların içindəsən, səni də heç kəs tanımır, amma hər
halda, haradasa lap yaxında həyanların var – başqa insanlar – söhbət etmək,
sorğu-suala tutulmaq, cavab vermək məcburiyyəti də yoxdur, eyni zamanda ilıq
hənirtiləri çatır sənə...
Kababxananın borusundan tüstü çıxırdı, ləzzətli iylər gəlirdi, Zaur da yolundan
burulub kababxanaya tərəf addımladı.
Adam az idi. Dörd nəfər dəm kişi bir-biriylə qızğın mübahisəyə girmişdi, bir-
birinə isbat eləmək istəyirdilər ki, doğrudur, Əhmədov əclafın biriydi, amma
Ağayev ondan da betərdir.
Başqa bir masanın dalında iki nəfər gənc oğlan, küçədəki dördüncü stolun
ardında isə cavan oğlanla qız əy-ləşmişdilər.
Zaur arxası qapıya oturdu. Piştaxtanın arxasındakı bufetçi radiocihazı
qurdalayırdı, nəhayət, konsert verən İran stansiyasını tapdı... İki başqa xidmətçi
mətbəx qapısının ağzında mırt vururdu. Zaur xeyli oturdu, nəhayət,
xidmətçilərdən biri tələsmədən yanaşdı. Zaur kabab və iki yüz qram araq sifariş
verdi. Bir azdan sonra xidmətçi göyərti, pendir, bir şüşə “Badamlı”, üstündə xaş-
xaş səpilmiş çörək və kiçik armudu qrafində araq gətirdi.
Zaur arağı qalın, çapma stəkana süzdü, bir qurtuma başına çəkdi... Ac qarnına
içdiyi araq dərhal təsirini göstərdi, Zaurun beyni yüngülcə dumanlandı və kiçik
kababxananın, gur işıqlı elektrik qızdırıcısıyla yaxşıca isidilmiş bu şüşə otağın
məhrəmliyi, şüşələrin arxasındakı gecəyə, qaranlığa qərq olmuş bulvarın, ağır,
qatı, zülmət dənizin yaxınlığı – hamısı birlikdə Zaurun ürəyini riqqətə gətirdi:
elə bil ki, burada əyləşən adamlar da, xidmətçilər də, kök bufetçi də ona əziz və
doğma oldular. Piştaxtanın ardındakı divara zillədi gözlərini – divara
“Oqonyok”dan kəsilmiş rəngli reproduksiyalar, Zeynəb Xanlarovanın və


Müslüm Maqomayevin portretləri, Stalinin generalissimus formasında, habelə
anası və oğluyla birlikdə şəkilləri, “Neftçi” futbolçularının fotoları vurulmuşdu...
Bir neçə kinoaktrisanın şəkilləri də vardı divarda, adlarını bilməsə də sifətləri
gəlirdi Zaura. Zaur cəhd eləyib onları hansı filmlərdə gördüyünü də yada sala
bilərdi. Lenanı, Moskvada kino evində olduğu Lenanı tanıdı, dərhal da Moskva
sərgüzəştləri yadına düşdü. Muxtarı xatırladı və elə bu vaxt qulağının dibində
tanış bir səsdən diksindi:
— Ay sizi xoş gördük.
Başını qaldırdı və masanın yanında dayanmış gülümsünən adamı gördü –
Muxtar Məhərrəmov idi... Qəribə təsadüf idi. Sanki Muxtar Zaurun fikirlərindən
canlanıb çıxmış, hansı cinin əmriyləsə peyda olmuşdu elə bil... Zaur ayağa
qalxdı, əl verib görüşdülər.
— Buyurun, əyləşin, — dedi. Muxtar dərhal stul çəkib oturdu.
— Elə indicə sizə zəng vurmaq istəyirdim, — dedi.
— Bizə, yəni Təhminəyə, — deyə dəqiqləşdirdi Zaur.
Muxtar yüngülcə gülümsündü.
— Yox, məhz sizə, — dedi, — Təhminəylə telefonla danışdım, dedi ki, hələ
işdən qayıtmamısınız, indilərdə gələrsiniz...
Zaur “Necə də arxayındır Təhminə, – deyə düşündü, – necə də arxayındır ki,
mütləq indilərdə gələcəm”.
— Siz də, demə, burada — kababxanada kefdəsiniz — Muxtar araq qrafininə
işarə elədi.
Zaur gülümsündü, araqdan öz stəkanına və ikinci təmiz çapma stəkana Muxtar
üçün süzdü.
Muxtar:
— Zəhmət çəkməyin, — dedi. — Mən bu saat deyərəm gətirərlər. Arif! — deyə
xidmətçini çağırdı.
Xidmətçi dərhal gəldi. Kök bufetçi də Muxtarın səsini eşidib piştaxtanın
arxasından başını yellədi, hal-əhval tutdu.


Arif:
— Muxtar müəllim xoş gəlib, — dedi. — Çoxdandı görünmürsüz?
Muxtar:
— İş çoxdur, — dedi. — Bəs Nadir hanı?
— Nadir indi gələr. Biz burdayıq da, nə qulluğunuz var, buyurun.
— Yaxşı, bir iç-qovurma düzəlt bizimçün, iki şiş də qabırğalı ağ ətdən kabab
çək.
— Baş üstə! Nə içəcəksiz?
— Yox, verilişim var, içməyəcəm mən... Yaxşı, day keçib, iki yüz araq gətir.
Zaur müəllimlə birtəhər həzm-rabedən keçirərik...
Xidmətçi getdi. Muxtar:
— Nadir buranın böyüyüdür, — dedi. — Qəribə oğlandır.
Zaur:
— Məni niyə axtarırdınız ki? — deyə soruşdu.
Muxtar cavab verə bilmədi, Zaurun başının üstündən indicə açılmış qapı tərəfə
baxırdı. Sonra ayağa durdu.
— Hə, — dedi, — adını çək, qulağını bur, Nadir müəllim özü də təşrif buyurdu.
Zaur da çevrildi və qapıdakı potaboy, yekəqarın, qırmızıyanaq kişini gördü.
Nadir Muxtarı görüb dişlərini ağardırdı, daha doğrusu, dişlərini ağarda bilməzdi,
çünki bütün dişləri qızıldan idi... Tələsik onlara tərəf gəldi.
— Ay Muxtar müəllim xoş gəlib bizim tərəflərə... Çoxdandı görünmürsən, a
kişi?
Muxtar:
— Tanış ol, — dedi. — Zaur mənim dostumdur.
Nadir razılıqla başını tərpətdi, Muxtarın dostu olması Zauru onun gözlərində elə
bil bir neçə mərtəbə ucaltmışdı.


— Nə var, nə yox, ay Muxtar müəllim?.. Baxırıq, izləyirik işivizi... həm
sevinirik, həm həsəd aparırıq.
Muxtar:
— Nəyə sevinirsən nə nəyə həsəd çəkirsən ki? — deyə xəbər aldı.
— Hə, bunları bu saatca bircə-bircə sənə deyəcəyəm. — Nadir yoğun boynunu
çevirmədən barmaqlarıyla çiyninin üstündən çırtma çaldı və xidmətçi Arif dərhal
onlara yanaşdı. Muxtarın sifariş verdiyi iç-qovurmanı, arağı da gətirmişdi...
Nadir gözucu tavaya baxıb Arifdən soruşdu:
— O ətdəndir?
Arif:
— Eyib sözdür ki, Nadir qədəş, — dedi. — Biz bəyəm adamımızı tanımırıq?
Muxtar müəllimə hamımızın hörməti var. — Nadirin məmnun-məmnun dodağı
qaçdı, amma sonra qrafindəki arağı görüb qaşlarını çatdı.
— Bu nədir bəs? — dedi.
Muxtar üzrxahlıq edirmiş kimi:
— İşim var, Nadir, getməliyəm, — dedi.
Nadir:
— Yox, canımçün, ürəyimə toxunarsan, — dedi və sonra Arifə müraciətlə,
— уберите эту мензурку, — deyə əlavə etdi. — O dünənki ekstralardan hələlik
bir şüşə gətir, birini də qoy xolodelnikə... Orda xolodelnikdə pivə var e, bilirsən
hansından deyirəm də, ondan da hələlik üç-dörd şüşə gətir bura, sonrasına
baxarıq.
Arif tapşırığı yerinə yetirməyə getdi və Nadir təmkinlə kababxanadakı adamlara
göz gəzdirdi.
— Belə-belə işlər, Muxtar müəllim, — dedi.
Arif beş şüşə çex pivəsi gətirəndə Muxtar:
— Bax bu olmadı, da, — dedi. — Köhnə dostları yaddan çıxarırsan.
Nadir:


— Canımçün, Nadirin ölmüşünə dünən axşam almışıq on yeşik, elə bu gün sənə
zəng vurmaq istəyirdim, — özün öz ayaqlarınla gəlib çıxdın. Bir qutusunu
məxsusi səninçün ayırmışam, bilirəm axı çex pivəsinin bazısan mənim kimi,
istəyirsən bax elə indi götür apar.
— Yox, indi işə gedirəm, amma sabah səhər gəlib aparacam.
— Əşi, nə zəhmət çəkirsən, özüm göndərərəm evinə.
Arif qırmızı “Ekstra” etiketli araq şüşəsini açdı, təzə gətirdiyi üç nazik qədəhə
süzdü və getdi.
Nadir:
— Hə, Muxtar müəllim, soruşursan ki, niyə sevinirəm, niyə həsəd çəkirəm, hə?
— dedi.
Muxtar artıq unutmuşdu bu söhbəti, amma Nadir təmkinlə öz fikrini şərh
eləməyə başladı:
— Ona görə sevinirik ki, Muxtar müəllim, siz bizin fəxrimizsiz, başımızın
ucalığısız... Siz — sənət adamları — bizim yolumuzda çalışırsız, bizim
zövqümüzə qida verirsiz, odur ki, bizim də borcumuzdur ki, sizə hər cür hörmət
eləyək neçin ki, siz bizim fəxrimizsiniz... O ki qaldı həsəd çəkmək məsələsinə,
hə, burda məsələ bir az başqa cürdür. Məsələ ondadır ki, axı biz də baxırıq bu
televizora da. Evdə üç dənəsi varımdır mənim — uşaqlarmı köpək uşaqları elə
ancaq Moskvaya baxmaq istəyirlər, məni bəyənmirlər, — rusca, deyirlər səhv
danışırsan, papa, ələ salıb dolayırlar məni, it uşağı, hə, sözüm onda deyil, bir söz,
almışam onlarçün televizor ki, baxın nə qədər keyfinizdir Moskvaya: caza-maza
qulaq asın, amma mənimki Bakıdır — bizim o komediya artistlərimiz var e,
vallah, onları dünyanın heç bir Raykininə-zada dəyişmərəm... Arvad da ki,
bədbəxtin qızı bütün günü mətbəxdə əlləşir, odur ki, yazıqdır da, televizorun bir
dənəsini də alıb qoymuşam onunçün mətbəxə, qoy soğan soya-soya baxsın
özüyçün, kef çəksin, mən ölüm, necə sözdür, hə? Ha, ha, ha! Burda işdə də
televizorum var, mətbəxin dalında, orda bir balaca xudmani otağım
var, — nədənsə, Muxtara göz vurdu, — ay səni, Muxtar müəllim, yaman arif
adamsan, tükü-tükdən seçirsən, hə televizorun birini də qoymuşam ora, hərdən
baxıram özümçün bala-bala... Hə, sözümün canı odur ki, hərdən baxıram
televizora, görürəm adə, nə işdir belə, elə ki yazdılar verilişin rejissoru Muxtar
Məhərrəmov — mütləq bir təzə mamlı-matan canan çıxasıdır ekrana. Deyirəm,


dinmə, Muxtar müəllimin təzə şikarıdır bu... indi diktordur, aktrisadır, oxuyanlar
— hər halda həmişə bir təzəsini, svejisini, belə necə deyərlər, tavada təzə
qızardılmışını çıxarır Muxtar müəllim... İndi özün de, həsəd çəkməyəsən,
neyləyəsən, biz deyir, dəridən-qabıqdan çıxırıq ki, bir belə canalan afətlə tanış
olaq, amma Muxtar müəllim elə gününü bu cür dilbərlərin içində keçirir. Mən
ölüm, necə sözdür? Əşi, vur bura görək, ay Muxtar müəllim, halal xoşun olsun,
dünya deyir, beş gündür, bacarana can qurban... vur bura...
Muxtar Nadirin əlinə bir balaca toxundu. Nadir:
— Odur ki, deyirəm, qaldıraq bu badələri sənin sağlığına, Muxtar müəllim.
Ömrüvün axırınacan elə-belə kefdə-damaqda yaşayasan. Biz də sənin kölgəndə
dolanaq... Amma yoldaşlıqda bu yaxşı şey deyil ha, hərdən-birdən dostlarızun da
könlünü şad elə də. Nə olardı o gözəllərdən biriylə bizləri də tanış eləyəydin.
Muxtar zarafatyana bir ərklə, amma eyni zamanda kifayət qədər sərt tərzdə:
— Çiy söz danışırsan, Nadir, — dedi. — Məni görünür kimnənsə dəyişik
salmısan.
Nadir dərhal sözünü dəyişdi:
— Yaxşı, yaxşı, incimə, zarafatım var səninlə, ərkim çatır, nə olar? Dediyim
odur ki, bax mən çex pivəsi alan kimi o saatca səni salıram yada. İndi dünya
dağılmaz ki, sən də bir dəfə o iş yoldaşlarını — elə içində o gözəl qızlar qarışıq
— götürüb gələsən bu Nadir qardaşıva qonaq, səninçün bir süfrə açım, bir məclis
düzəldim ki, dadı damağınızdan getməsin. Dalıynan sənin nə işin var?! Yaxşı,
yaxşı, day bu barədə bir kəlmə kəsməyəcəyəm, vurduq bunu sənin sağlığına.
İçəndən sonra Nadir fikirləşdi ki, Zaur söhbətləri ayrı cür başa düşər, odur ki,
izahat verməyə başladı:
— Siz yəqin bilmirsiz, — dedi, — biz Muxtar müəllimlə çoxdanın curuyuq.
Sonra ürəyinizə ayrı şey-zad gələr e... Guya ki, mən özümçün canan-zad tapa
bilmərəm, kasadlıq çəkirəm bu cəhətdən? Ay-hay, canımçün, bilmirəm
arvadların əlindən hara qaçım gizlənim. Qarğa-quzğun kimi tökülürlər üstümə
hər tərəfdən. — Nadir bu sözləri deyəndə Zaura baxırdı, birdən Allah eləməmiş,
bu qaraqabaq oğlan elə düşünər ki, Nadir — hərifdir, qadın tamarzısıdır, kiminsə
köməyinə möhtacdır.
Muxtar:


— Nadir, bilirsən nə var, — dedi, — səninlə mənim sinnimiz elədir ki, gərək
imkan tapdıqca qadınlardan gen gəzək.
Nadir Muxtarın sözünü eşitməyibmiş kimi söhbətini davam elədi:
— Bu günlərdə bura iki oğlanla bir qız gəlmişdi. Gördüm ki, bizimkilər deyil,
özgə şəhərdəndirlər. Oğlanlar da lap elə maygülüdürlər — biri belə başı daz,
eynəkli, o biri də balaca, cürübbəz — üfürsən yıxılar. Amma qız, Allaha and
olsun, bir dünya gözəlidir ki, iki göz istəyir tamaşasına. Ucaboy, fiqurası əmiri,
üzü ağappaq, elə uzun qıçları vardı, allaha and olsun elə bir çiynindən başlayır
lap. Nə isə, göz qoydum bunlara... Arif bunlara qulluq eləyir, mən də görürəm ki,
yox, aşnam, qızın gözləri elə o yan-bu yandadır, belə-belə şeylərdə saç
ağartmışam axı... Görürəm ki, bu gədələrin heç biri tay deyil ona, yəqin ikisinin
də ürəyi gedir bu qız üçün, amma qız bunlara heç məhəl də qoymur. Görürəm,
puldan da belə xeyli kasaddırlar. Üç pors kabab sifariş veriblər, bircə şüşə də
çaxır. Arif apelsin təklif eləyib bunlara, uzun-uzadı haqq hesab eləyiblər, axırda
da deyiblər, yox lazım deyil. Barmağımı dişlədim, əsl məqamdır, dedim...
Noyabr ayıdır, bəli, göndərdim bunları stoluna əntiqə parnik xiyarları,
pomidorları, təsəvvür eləyirsən, noyabrın axırında təzə pomidor, xiyar... Yanında
da bir şüşə əntiqə konyak...Əvvəl istədim iki şüşə göndərəm ki, gədələr vurub
bədənə lap dəm olsunlar, sonra fikirləşdim ki, belə nərmə-naziklər üçün elə bir
şüşə də bəs eləyər xosumvay olmaqlarına... Bəli, axırda da iri bir dəstə qırmızı
qərənfil göndərdim, dedim ki, kababxananın böyüyüdür sizi belə qonaq eləyən
— bizim elin adətidir bu. Gördüm bəli, gözləri par-par parıldadı üçünün də, əsas
da ki, qızın... Birdən ağlıma gəldi ki, köpəyin qızı özü içib dəm olar, əməlli-başlı
qanmaz ki, məsələ nə yerdədir. Mənim də xüsusi fransız likörüm var. Muxtar,
müəllim, sən ki bilirsən də nədir o, qadın bir qədəh dilinə vuran kimi özü kişinin
üstünə atılır, ha, ha, ha, ay xatakar... Bəli, bu likördən göndərdim, dedim deyin
ki, bəs qadın yalnız bu likördən içsin, çünki bu da bizim el adətimizdir... Bəli,
Arif gəlir ki, bəs, nadir qardaş, qız səni görmək istəyir, soruşur ki, hardadır bəs
bu səxavətli, gözəl insan. Mənəm ha gözəl! Ay səni, evinəcən... Yox, deyirəm,
keçəl suya gedən deyil, hələ tezdir, aşna, mənim sir-sifətimi görərsən, yediyin-
içdiyin burnundan tökülər, mənim də mayam batar. Hələlik gərək sən bir az da
bu likördən içib dəmlənəsən, onda bütün dünya gözündə huri-qılman görünəcək.
Köpək oğlunun fransızları bu işlərin allahıdırlar da... Bir söz, oturmuşam bir
qıraqda kirimişcə, elə göz qoyuram bunlara, gördüm oğlanlar day lap lülüş
oldular. Arifə deyirəm, öyrən gör, harda qalırlar, de ki, müdirimiz sizə qonaq
gəlmək istəyir, şəhərimizin suvenirlərini gətirmək istəyir... Bəli, Arif öyrənib


bilir ki, Pribaltikadan gəliblər, “Bakı” qostinsasında qalırlar. Təbii ki, oğlanlar
ayrı nömrədə, qız da başqa qadınla bir nömrədə. Bunu mən hər ehtimala qarşı
öyrənmişdim, amma hər şey daha asan başa gəldi... Oğlanlar lülüş olub qaldılar.
Otuzdurdum onları maşınıma — bilirsən də “Volqa”mı burda, mətbəxin dalında
saxlayıram həmişə — gətirdim qostinsaya, qıznan bir yerdə belə ədəblə,
nəzakətlə apardım oğlanları nömrələrinə, uzandırdım çarpayılarına. Hamısı da
belə kulturnu ha... İndi deyirəm qıza, qız da tamam ayıqdır, amma likördən
əməlli-başlı hallanıb, bəli, nəzakətli, ədəb-ərkanla deyirəm qıza: heyif, deyirəm,
sizin oğlanlarınız belə zəif çıxdılar, amma siz, maşallah, tamam ayıqsınız... İndi
axşam şəhərə çıxmağınız yaxşı olmaz. Nömrədə qalıb darıxacaqsınız, bəlkə mən
maşınla gəzdirim, sizə şəhərimizi göstərim?! Qız sevinclə: çox sağ olun, əlbəttə,
çox razı olaram sizdən, deyir. Day burda mənim sir-sifətimin bir əhəmiyyəti
yoxdur. Əsas iş ondadır ki, mənim maşınım var, özüm də çox belə nəzakətlə,
kulturnu rəftar eləyirəm. Özgə bir arvadla nömrədə neyləyəcək yazıq, bağrı
çatlayar ki. Bəli, hər şey yağ kimi getdi. Əvvəl apardım Kirov parkına, şəhəri
seyr elədi, sonra belə ehmalca maşını şəhərin kənarına sürdüm, arada başını
söhbətə qarışdırdım, “bir az o yanda mənim bağımdır, Buzovnada”, dedim.
Zaur: “Murtuzovgilinki kimi” – deyə düşündü. – Axı onların da bağı
Buzovnadadır”.
— Bəli, gəldik çıxdıq bağa... Day nə deyim...
Zaur fikir verdi ki, bundan qabaqkı bütün təfsilatları yerli-yataqlı danışan Nadir
sonluğu nə isə tələsik tamamladı. Səbəb nə idi? Nadirin utancaqlığı, abır-
həyasımı, yaxud başqa bir şey? Bəlkə də bütün bu tədbirlə qurulmuş tələlərə,
konyaklara, noyabrda stolun üstünə düzülmüş parnik pomidorlarına, xiyarlarına,
qərənfillərə və fransız likörünə baxmayaraq, əhvalat heç də Nadir arzu etdiyi
nəticəylə bitməmişdi?! Çox güman ki, Nadirin söhbətinin axırının itməsi də elə
bu səbəbdən idi.
Nadir qədəhlərə araq süzdü, içdilər. Muxtar saatına baxdı. Nadir isə başqa bir
qadına aid yeni bir əhvalat danışmağa başladı. Danışdı ki, bir qadından yaman
kəsirdim, onunla tanış olmaq üçün dəridən-qabıqdan çıxırdım. Nəhayət, ümumi
tanışımız tapıldı və ilk tanışlıq xətrinə qadına hədiyyə olaraq krimplen parça
göndərmək istədim. Bir dostum məni sklada aparıb üç cür krimplen göstərdi –
boz, yaşıl və göy rəngli... Əvvəl istədim üçünü də alıb göndərim, ha bəyənsə,
seçsin, sonra qorxdum birdən zalımın qızı üçünü də bəyənər, yox, dedim, baha
düşər, xarab eləyər səni, əvvəlcədən belə öyrətsəm, — sonra necə çıxaram bunun


altından? Özüm göy rəngini seçdim, göndərdim, ismarış elətdirdim ki, bəli,
axşam ona qonaq gəlmək istəyirəm. Tək yaşayır, “Monolit”dən bir tin yuxarı...
Adresini çoxdan bilirdim, axşam bir yaxşı bağlama düzəltdirdim: – dörd-beş
sveji tabaka, içkisi-filan yanında, apelsin, bir dəstə gül – hər şey öz qaydasında...
Hə, bir də təzə pomidorla xiyar... Özü də noyabr ayı idi.
Zaur diqqət elədi ki, Nadirin bütün məhəbbət sərgüzəştləri noyabr ayında
cərəyan edir və ilin bu vaxtlarında ortaya pomidor, xiyar çıxartmasıyla xüsusi
fəxr edir... Kiməsə yamanca oxşayırdı Nadir, amma kimə, Zaur nə qədər etsə də
yadına sala bilmədi.
Nadirin danışdığı bu əhvalat da əvvəlki əhvalat kimi birdən-birə, gözlənilməz-
tələsikliklə qurtardı və Nadir artıq təzə bir əhvalata başladı. Xüsusi kayut
götürərək bir aşnasıyla gəmidə Krasnovodska getməsindən danışırdı indi də.
Həmin bu aşnası üç dəfə eyni bir üzüyü aldırmışdı Nadirə. Bir dəfə bahalı üzüyü
Nadirə göstərib, “bu üzüyü gətiriblər mənimçün, bilmirəm götürüm-
götürməyim” – demişdi. Nadir: “xoşun gəlirsə, əlbəttə, götür” – demişdi, pulunu
çıxarıb vermişdi və ilk dəfə ayrıca kayutda Krasnovodska getmişdilər... Yarım
ildən sonra (qadın elə bilib ki, Nadirin yadından çıxıb) aşnası ikinci dəfə həmin
üzüyü Nadirə göstərib, eyni sözləri təkrar etmişdi: “bilmirəm götürüm-
götürməyim”. Nadir dəm imiş, ya da doğrudan da unudubmuş, odur ki, bu səfər
də fərqinə varmadan “əlbəttə, götür” – deyib, pul çıxarıb verib və onlar ikinci
dəfə Krasnovodska gediblər... Ancaq üç ay sonra yenə də Nadirin dəm vaxtında
arvad üçüncü dəfə həmin üzüyü göstərib həmin sözləri deyəndə qan vurub
Nadirin təpəsinə: “Yaxşı, al, ləçər, – deyib, – istəyirsən sənin on barmağının
onuna da bu cür üzük alıb taxım, amma day mənə paçka basmaq niyə?.. Mən
bəyəm hərif-zadam səninçün ki, üçüncü dəfədir həmin üzüyü aldırırsan mənə?”
— Əşi, qadınların işi uzundur, — deyə Nadir sözünü yekunlaşdırdı,
— danışmaqla qurtarar bəyəm?
Zaur nə qədər cəhd edirdisə də, bu adamın kimə bənzədiyini təyin edə bilmirdi.
Danışıq tərziylə bənzəmirdi, sifəti bənzəmirdi, amma nə iləsə, nəyiyləsə kimisə
yaman xatırladırdı... Dayan, dayan... Elə bil nə isə Zaurun beynində durulub
aydınlaşmağa başladı, amma Nadir dərhal onu fikirlərindən ayırdı. Zaura
müraciətlə:
— Gəlin bunu da içək sizin sağlığınıza, — dedi. — Bağışlayın, siz nə sənət
sahibisiniz?


Zaur:
— Nəşriyyatda işləyirəm, — dedi.
Nadir:
— Yaşa, — dedi, — nəşriyyat işçiləri bizim hamımızın fəxrimizdir, başımızın
ucalığıdır... Siz bizə mənəvi qida verirsiniz, bizim də borcumuzdur ki, sizə nə
cür ki, lazımdır, o cürünə hörmət göstərək... Nəşriyyatda kitab buraxırsız da, ya
bəlkə səhvim var? Ay sağ ol. Kitab biliyin anasıdır. Kitabsız indi bir addım
atmaq olmaz... Mənim atam rəhmətlik, — Allah ölənlərivizə rəhmət
eləsin, — yaman istəyirdi ki, mən də oxuyub alim olum, nə bilim, kitab yazan
olum. Elə əmim də görən kimi başlayır, danlamağa ki, bircə sənsən bizim nəslin
adını batıran. Axı doğrudan da, bizim nəsildə hamı oxumuşdur, bircə mənəm
belə fərsiz çıxan. Neyləyim, vaxtında ağlım olmayıb, oxuyub başımı bir yana
çıxarda bilməmişəm, indi də birtəhər çaq-çuruq eləyirəm də. Bütün qohum-
əqrəbam hamısı oxumuşdular, amma bilmirəm, nə məsələdir ki, bu oxumuşlar
həftə səkkiz mən doqquz gəlirlər yanıma ki, bəs gərək borc verəsən bizə, puldan
korluq çəkirik. — Nadir qəhqəhə çəkib güldü. — Ay Muxtar müəllim, zarafatdır
da, dilxoşluqdur da, bala-bala edirik özümüzçün. Amma əmim, doğrudan da,
böyük adamdır. Kişi əməlli-başlı alimdir e... Hə, yeri gəlmişkən, elə o da
nəşriyyatda işləyir, bəlkə elə tanımamış olmazsınız?! Dadaş.
Zaur: “Əlbəttə, Dadaş, – deyə düşündü, – nə cür olub ki, indiyə qədər tapa
bilməmişəm bu adamın kimə bənzədiyini? Bu gödək əllər, bu toppuş qısa
barmaqlar – bunlar ki, Dadaşınkıyla eynidir”.
Zaur sual yox, təsdiqlə:
— Cabbarov Dadaş, — dedi.
— Tanıyırsız?
Zaur:
— Bir yerdə işləyirik, — dedi və düşündü ki, vəssalam, hər şey gəlib nöqtəsində
dayanıb. Bütün iplər bir-biriylə bağlanıb düyünləndi. İndi Nadir bir neçə əhvalat
da danışacaq və məlum olacaq ki, Təhminəylə də yaxından tanışdır.
Nadir:
— Təsadüfə bax e, — dedi. — Yox, bu məsələnin üstündən belə yüngülvarı


keçmək olmaz. Bu məsələni gərək biz əməlli-başlı qeyd edək. Adə,
Arif! — deyə çağırdı, — o arağı bəri gətir görüm.
Amma Muxtar:
— Yox, yox, — dedi, — mən daha içən deyiləm. Getməliyəm. Tələsirəm. Qalsın
başqa səfərə. Amma özünüz bilin, bəlkə Zaurla ikiniz içmək istəyirsiniz. Hər
halda, mən gedirəm.
Zaur:
— Yox, — dedi, — mən də tələsirəm.
Nadir:
— Yox, siz mənim ürəyimi qırırsız, qoy bir boşqabları təzələsin, bir-iki şiş kabab
gətirsin, bir balaca araq, dünya dağılmaz, iş qaçmır ki... — amma Muxtar onu
dinləmədən yavaşca durdu, “bağışlayın, bir dəqiqə” — deyə harasa çıxdı və bir
qədərdən sonra qayıtdı.
— Zaur, gedirsən? — dedi.
Zaur:
— Bəli, gedirəm — dedi, ayağa durdu. Nadirə müraciətlə: — Neçə
verəcəyik? — deyə xəbər aldı.
Muxtar:
— Çatıb, — dedi.
— Necə? — Nadir yerindən sıçradı. — Adə, Arif, adə, qırışmal, utanmırsan
Muxtar müəllimdən pul alırsan?
Arif boynunu büküb:
— Neyləyim, an Nadir qədəş, — dedi. — Muxtar müəllim dedi ki, almasan, bir
də bura ayaq basan deyiləm.
Nadir:
— Muxtar müəllim, yaman sataşırsan a, — dedi. — Mən sifariş verirəm, xərci
sən niyə çəkirsən? Mən sizi qonaq eləmək istəyirdim.
Muxtar:


— Biz xanım deyilik ki, bizi qonaq edəsən, — deyə gülümsündü. — Həm də,
— Zaura göz vurdu, — mən Zaurun üsuluyla hərəkət elədim. Bir dəfə Moskvada
bax bu sayaq o məni qonaq elədi, mən də borclu qalmaq istəmədim. Nadir, sağ
ol, deməli, pivəni gözləyirəm.
Nadir:
— Mütləq, — dedi, amma hiss olunurdu ki, möhkəm pərtdir. Axı nə Muxtara, nə
də əmisi Dadaşın iş yoldaşı Zaura səxavətini, əliaçıqlığını lazımınca nümayiş
etdirə bilməmişdi.
... Zaurla Muxtar bulvarın adamsız xiyabanlarında addımlayırdılar. Sükutu
Muxtar pozdu:
— Siz yəqin təəccüblənirsiz... Mənim bu sayaq — Nadiri deyirəm — bu sayaq
adamlarla tanışlığıma təəccüblənirsiz. Məsələ ondadır ki, məni hər cür, hər növ
insanlar maraqlandırır — yaxşısı da, pisi də, axmağı da, ağıllısı da, təmizi də,
əyyaşı da... Azarımdır cürbəcür adamlarla görüşmək, təmasda olmaq, sözlərini
eşitmək, anlamağa çalışmaq onların düşüncə və həyat tərzini.
Zaur:
— Nə üçün axı? — deyə soruşdu.
Muxtar:
— Nə bilim, — dedi və təkrar etdi, — nə bilim... Amma illər keçdikcə mən
özümü də, başqalarını da daha pis anlayıram. Heç başa düşə bilmirəm insanları
da, özümü də. Bircə onu bilirəm ki, bu dünyada sual çoxdur, cavab az...
Bulvardan çıxdılar...
Muxtar:
— Taksini hardan tapaq indi? — dedi. — Burada bütün taksilər Bayıl tərəfə
gedir.
Zaur:
— Yaxşı, axı demədiz, mənə niyə zəng vurmuşduz.
Muxtar:
— Hə, deyirəm axı nə isə sözüm qaldı sizə... Məsələ ondadır ki... Aaa,


taksi! — deyə çağırdı. — Taksi! Saxla görüm!
Maşın düz onların qabağında dayandı.
Muxtar:
— Bağışlayın, sən Allah, — dedi və maşına əyləşdi, — yaman tələsirəm,
gecikmişəm daha doğrusu, sabah axşam sizə zəng vuraram, danışarıq. Yaxşı?
Maşın hərəkətə gəldi. Zaur hiss edirdi ki, içkinin Ağır dumanı beynini get-gedə
daha çox bürüyür. Ağır-ağır evə tərəf addımladı. Təhminənin evinə tərəf...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə