Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə1/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
  1   2   3   4   5   6   7   8   9   ...   12
Yaş psixologiyası


MÖVZU 1. YAŞ PSİXOLOGİYASININ MÖVZUSU VƏ VƏZİFƏLƏRİ

PLAN:


  1. yaş psixologiyasının mövzusu

  2. yaş psixologiyasının vəzifələri

  3. yaş psixologiyasının digər elmlərlə əlaqəsi

1. Yaş psixologiyası müasir psixologiyanın əsas sahələrindən biridir. İnkişaf və yaş psixologiyasının mövzusunu (predmetini) insan psixikasının inkişaf dinamikası, şəxsiyyətin psixi prosesləri və psixi xassələrin ontogeneziinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi təşkil edir.

Yaş psixologiyasının mövzusunu təşkil edən məsələlərdən biri insanın psixi inkişafının hərəkətverici qüvvələri, şəraiti və qanunauyğunluqları təşkil edir.

Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında inkişafa təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətlərdən ibarətdir. Bu ziddiyyət bütün yaş dövrləri üçün xarakterikdir.

Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tutulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir.

Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə isə onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.

İnkişaf və yaş psixologiyası insanın psixi inkişafının dinamikasını, qanunauyğunluqlarının, mexanizmini, hərəkətverici qüvvələrini, şəraitini, formalaşmaqda olan şəxsiyyətin xüsusiyyətlərini, onun bilikləri mənimsəmə imkanlarını öyrənir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra uşaq və gənclərin tərbiyəsi ön plana çəkilmiş, onlarda dövlətçilik hisslərini gücləndir- mək, düzgün həyat mövqeyini müəyyənləşdirmək, yüksək mədəniyyətə, dünyagörüşə malik şəxsiyyət formalaşdırmaq, müstəqil və yaradıcı düşünən sağlam gənclər yetişdirmək pedaqoji kollektivin ümdə vəzifəsinə çevrilmişdir.

Bu vəzifələrin həyata keçirilməsi üçün hər bir müəllim müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişaf qanunauyğunluqlarını, yaş və fərdi xüsusiyyətləri, onda təzahür edən psixi dəyişmələri, fəaliyyətin psixoloji strukturunu, onun mexanizm və motivləri haqqında zəruri biliyə malik olmalıdır. Qeyd olunan bu kimi məsələlər inkişaf və yaş psixologiyasının mövzusunu təşkil edir.

Yaş və fərdi xüsusiyyətlərlə, bilik və bacarıqlarla əlaqədar olaraq bir cəhətə fikir verək: Bəzən elə olur ki, müəllim yuxarı siniflərdə təlim-tərbiyə işini yaxşı təşkil etdiyi halda aşağı siniflərdə buna nail ola bilmir. Belə ki, ibtidai sinif müəllimi kiçik yaşlı məktəblilərin yaş və fərdi xüsusiyyətlərini yaxşı bildiyi üçün onlarla təlim işini keyfiyyətli təşkil edir, amma böyük məktəb şagirdlərlə müvəffəqiyyətlə işləyə bilmir.

Deməli, yaş və fərdi xüsusiyyətləri, uşağın hansı fəaliyyət sahəsinə çox meyl göstərdiyini, idrak imkanlarının xüsusiyyətlərini, fizioloji və psixoloji inkişafında baş verən dəyişiklikləri və s. bilməyən müəllim onun fəaliyyətini idarə etməkdə, tənzimləməkdə çətinlik çəkəcəkdir. Rus pedaqoqu və psixoloqu K.D.Uşinskinin dediyi kimi, insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır.

Uşağın inkişaf prosesinin səmərəli idarə olunması həmin inkişafın şərt və qanunauyğunluqları barədə biliklər olmadan mümkün deyildir. Bu baxımdan şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalı, inkişaf və yaş psixologiyasının nailiyyətləri pedaqoji işə tətbiq edilməlidir.

Dünyaya gələn uşaq fərd kimi insan nəslinə, onun növünə mənsub olub, psixoloji baxımdan biri digərinə oxşamır, fərdi xüsusiyyətləri ilə, o cümlədən yaşı, cinsi, səsi, mimikası, davranışı, hərəkəti ilə bir-birindən psixoloji mahiyyətinə görə fərqlənir, seçilir. Bir şəxsiyyət kimi uşaq münasibətlər sisteminə daxil olur, ictimai-tarixi təcrübəni, biliklər sistemini mənimsəyib sosial keyfiyyətlər kəsb edir. Nəticədə cəmiyyətin fəal üzvü kimi fəaliyyət göstərir.

Beləliklə, uşaq dünyaya fərd kimi gəlir və təlim-tərbiyə sayəsində ictimai münasibətlərdə davamlı psixoloji sistemə-şəxsiyyətə çevrilir. Psixoloji xüsusiy- yətlərin sosiallaşaraq sabitləşməsi, sistemləşməsi şəxsiyyətin başlıca göstəricisidir.

İnkişaf və yaş psixologiyası inkişaf edən şəxsiyyətin psixi keyfiyyətlə- rindən, psixi proseslərinin ontogenezisindən-insan psixikasının inkişaf dinamika- sından bəhs edən psixoloji elm sahəsidir. İnkişaf və yaş psixologiyası inkişafda olan şəxsiyyətin inkişaf və yaş dinamikasını, psixi proses və xassələrin ontoge- nezini, uşaq, yeniyetmə və gənclərin, habelə yaşlı adamların yaş və fərdi xüsusiyyətlərini öyrənir.

İnkişaf və yaş psixologiyası uşağın fərd və şəxsiyyət kimi inkişaf mərhələlərini bir-biri ilə vəhdətdə olan ontogenetik və həyat yolu vasitələrində nəzərdən keçirilir. Uşağın ontogenetik inkişafı (fərdi inkişafı) bir-birini ardıcıl surətdə əvəz edən ana bətnində böyüməsindən (antonetal), uşaqlıq və gənclik mərhələlərində inkişafından (postental) ibarətdir.


2. İnkişaf və yaş psixologiyasının qarşısında duran vəzifələr çoxcəhətlidir. İnkişaf və yaş psixologyasının qarşısında duran əsas vəzifə şəxsiyyətin inkişaf problemlərini, ayrı-ayrı yaş dövrlərində onun xüsusiyyətlərini, psixi inkişafın dina- mikasını, ümumi qanunauyğunluqları öyrənməkdən ibarətdir.

Şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri, mexanizmi, şərait və amillərinin, təlim-tərbiyə prosesində psixi inkişafın yaş xüsusiyyətlərini nəzərə almağın səmərəli yollarının öyrənilməsi inkişaf və yaş psixologiyasının qarşısında duran mühüm vəzifələrdən hesab edilir.

İnkişaf və yaş psixologiyasının əsas vəzifəsi şəxsiyyətin inkişaf problemlərini, müxtəlif yaşmərhələlərində onun psixi xüsusiyyətlərini və psixi inkişafın bir mərhələsindən digərinə keçidin qanunauyğunluqlarını öyrənməkdən ibarətdir. O, təlim-tərbiyənin təsiri altında inkişaf edən insanın ayrı-ayrı yaş dövrlərində psixi proses və xassələrinin dinamikasını, habelə şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri və s. məsələləri tədqiq edir.

Deməli, uşağın tam inkişafı bir yaş dövründən digərinə keçidin xüsusiy- yətlərini, hər bir dövrdə psixi inkişafın məzmunu bütöv şəkildə kompleks halda öyrənmək, kollektivin uşaq şəxsiyyətinə, yeniyetmə və gənclərə göstərdiyi təsirin psixoloji xüsusiyyətlərinin, gənclik və yaşlılıq dövrlərinin psixologiyasının və s. kimi məsələlərin yaş aspektində tədqiqi inkişaf və yaş psixologiyasının qarşısında duran əsas vəzifələrdəndir.


3. İnkişaf və yaş psixologiyasının bir sıra elmlərlə sıx əlaqəsi vardır. İnkişaf və yaş psixologiyasının ümumi psixologiya ilə əlaqəsi xüsusilə böyükdür. Belə ki, inkişaf və yaş psixologiyası ümumi psixologiya sahəsində əldə edilmiş qanunauy- ğunluqlara istinad edir, digər tərəfdən, inkişaf və yaş psixologiyası sahəsində aparılan tədqiqatlar ümumi psixoloji qanunauyğunluqları zənginləşdirir.

İnkişaf və yaş psixologiyasının pedaqoji psixologiya ilə də sıx əlaqəsi vardır. Belə ki, hər iki elmin tədqiqat obyekti inkişaf və yaş psixologiyası yaş dinamikası planında, pedaqoji psixologiya isə şəxsiyyətin inkişafında təlim-tərbiyənin oynadığı rol baxımından tədqiq edir.




Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə