Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə151/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   143   144   145   146   147   148   149   150   151

edirəm! Sizə vəd edə bilərəm ki, bir ildən, ya da iki ildən sonra, Mak-Qerk İnstitutunun direktoru 
olacaqsınız. 
Xolaberd mərhəmət göstərən kral kimi mütəəssir idi. Missis Holaberd isə tarixi hadisənin iştirakçısına 
layiq bir şəkildə nəfəsini içinə çəkmişdi, Coys isə onun ərinə göstərilmiş hörmətdən həyəcanlanmışdı. 
Martin dili dolaşa-dolaşa dedi: 
– Əslində… Mən fikirləşərəm… Nəsə, bilirsiniz, gözlənilməz… 
Axşamın sonuna kimi Holaberd Tabzla və Martinlə idarə edəcəkləri, əlaqələndirəcəkləri, nizama 
salacaqları və mənəvi fəaliyyətlərin bütün formalarını insanların xeyrinə  yönləndirəcəkləri eranı böyük 
bir məftunluq hissi ilə təsəvvür etdi. Bu şalvarlar üçün forma kəşfindən başlayıb poeziya ilə bitirdi… 
Martinin susqunluğu onu çaşdırırdı. Vidalaşarkən təkrarən bir də və qəti şəkildə söylədi: 
– Hər şeyi necə lazımdırsa Coysla müzakirə edin və sabah mənə öz qərarınızı söyləyərsiniz. Yeri 
gəlmişkən, deyəsən, biz Perls Robinslə vidalaşmalı olacağıq. Doğrudur, bacarıqlı işçidir, amma özünü 
əvəzolunmaz hesab edir… bu, hər halda, mənasız məsələdir… sözgəlişi dedim. Oooo, sizə inanıram, 
mənim əziz Martinim! Siz son bir il ərzində əməlli-başlı böyümüsünüz, ciddiləşmisiniz və öz 
dünyagörüşünüzü çox genişləndirmisiniz. 
Limuzində – hərəkət edən pərdələnmiş otaqda, xrustal fənərin işığı altında Coys gül kimi açılmışdı və 
Martinə baxırdı. 
– Hə, gözəl deyilmi, Mart? Mən nəyə görəsə əminəm ki, Riplton bu işi yoluna qoya biləcək. Bir fikirləş! 
Sən direktor, bütün institutun rəhbəri olacaqsan, halbuki bir neçə il əvvəl orada piyada idin. Bu işdə mən 
də sənə kömək etmişəm – azacıq, düzdür? 
Martin birdən-birə limuzinin qızılı basmanaxışlı, göy məxmərinə nifrət etdi – bu qızıl mücrüyə gizlədilmiş 
siqaretə, bütün bu yumşaq və havasız həbsxanaya… O, buradan uzaqda olmağı arzuladı, heç olmasa, 
görünməyən sürücünün – öz mühitinin adamının yanında – soyuq qışla üz-üzə! Özünə elə bir görkəm 
verdi ki, guya, məsələ haqqında ciddi fikirləşir, əslində isə sadəcə qorxur və qanlı döyüşə başlamaq 
məqamını yubadırdı. 
– Sən, doğrudan da, məni direktor görmək istəyirsən? 
– Əlbəttə! Bütün bu… Oooo, sən başa düşürsən ki, mən yüksəliş və şöhrət haqqında deyil, xeyirxahlıq 
etmək imkanı haqqında düşünürəm?! 
– Sən istəyərdin ki, mən məktub diktə edim, müsahibə verim, linoleum alınması ilə bağlı sərəncam 
imzalayım, məşhur idiotlarla səhər yeməyi yeyim, məsləhətlərlə insanların başını qatım… Özü də onlar 
haqqında heç bir şey bilmədən.  
– Oh, öz təkəbbürünü bir kənara qoy! Kim isə bu işi görməlidir, ya yox?! Axı bu sənin işinin kiçik bir 
hissəsi olacaq. Bir fikirləş, sən hansısa bir istedadlı gəncin elm aləminə yolunu açmaq imkanı 
qazanacaqsan.  


– Və özümün yolumu bağlamış olacağam! 
– Niyə? Öz şöbənə rəhbərlik etmək yenə də sənin üzərinə düşəcək. Hətta belədirsə… Sən dəhşətli 
dərəcədə inadkarsan! Bütün bu işlərə sənin təxəyyülün yetmir. Fikirləşirsən ki, əqli fəaliyyətin balaca bir 
sahəsində işləməyə başlamısansa, daha dünyada başqa heç nə mövcud deyil. Yadındadır, səni necə 
inandırmağa çalışırdım ki, həftədə bir dəfə öz üfunətli laboratoriyandan çıxsan və böyük intellektini  qolf 
oyununa sərf etsən, bundan elm heç nə itirməyəcək! Təxəyyülün çatmır! Sən həyatda öz 
sabunbişirənlərindən və banklarından başqa heç nə görmədikləri üçün həmişə söydüyün o 
kommersantlara oxşayırsan.   
– Sən, doğrudan da, istəyirsən ki, mən öz işimdən imtina edim? 
O, aydın görürdü ki, bütün cavablarına baxmayaraq, Coys heç vaxt Martinin istəklərini anlaya bilmir, indi 
də direktorluğun Qotlibi öldürdüyü ilə bağlı dediyi sözləri başa düşməyəcəkdi. 
Martin susurdu, Coys isə evə yaxınlaşarkən yalnız bu sözləri dedi: 
– Sən bilirsən, mən pul haqqında danışmağı xoşlamıram, amma məndən asılılığın sənin qürurun üçün 
necə təhqiredici olduğu haqqında özün tez-tez söz salırdın. İndi də bilirsən ki, direktor olduğun vaxt 
maaşın o qədər artacaq ki, sən… Bağışla məni! 
Coys onu qabaqlayaraq öz sarayında gözdən itdi, demək olar ki, liftlə sürüşüb aradan çıxdı. 
Martin donquldaya-donquldaya, yavaş-yavaş pilləkənlərlə qalxırdı: 
– Hə, cənab, ilk dəfə bu evin xərclərindən öz payınızı ödəmək imkanınız yaranıb. Aydındır! Siz öz 
arvadınızın pulunu məmnuniyyətlə qəbul edirsiniz, amma heç nə ilə əvəzini vermək istəmirsiniz. Nədir, 
sizdə buna "elmə sadiqlik" deyirlər? Belə! Mən elə bu dəqiqə qərar verməliyəm… 
Amma verəcəyi qərar üzərində, demək olar ki, baş sındırmadı: qərarını asanlıqla qəbul etdi. Coysun 
otağına yollandı. Onun taxtın kənarında fikir içərisində necə bədbəxt görkəmlə əyləşdiyini görəndə 
heyrətə gəldi, amma cəsarətlə sözə başladı: 
– Mən buna getməyəcəyəm, hətta institutla vidalaşmalı olsam belə, getməyəcəyəm. Holaberd isə məni 
işdən qovduğu üçün xəcalət çəkməyəcək.  Əmrlərin imzalanması kimi təntənəli bir mənasızlıqda dəfn 
olunmağıma imkan vermərəm və… 
– Mart! Dayan! Məgər sən istəmirsən ki sənin oğlun səninlə fəxr eləsin? 
– Hm… belə… yox, istəmirəm, o balaqanda  məni kraxmallanmış döşlükdə görəndə mənimlə fəxr 
etməlidirsə… 
– Xahiş edirəm, kobudluq eləmə. 
– Nə üçün etməyim? Məsələ belədirsə, son vaxtlar mən kobudluq etməkdən özümü yetərincə çox 
məhrum etmişəm. Elə indi birbaşa Terrinin yanına, "Sığırçın yuvasına" getsəm və işləsəm daha yaxşı 
olar… 


– Mən heyfslənirəm ki, sənə sübut edə bilmirəm… Ah, alimə görə sənin görmə qabiliyyətin həddindən 
artıq pisdir – başdan-ayağa "kor nöqtə". Bilsəydin ki, bu hərəkətin acizlikdən və boşluqdan xəbər verir… 
Yalqızlıq! Sadəlik! Köhnə dəlillər! Yorulmuş əllaməçiliyin mənasız və ruhsuz fantaziyası…  Sənin kimilər 
dünyanı fəth etmək üçün güc topaladıqlarını təsəvvür edərək hansısa bir koloniyaya çəkilirlər, halbuki, 
əslində, həyatdan qaçırlar. 
– Düz deyil. Terri kənddə ona görə məskən salıb ki, orada həyat ucuzdur. Biz… Vəsait ona imkan  
versəydi, yəqin ki, burada laboratoriya yaradardı – şəhərdə, qarsonlarla və bütün imkanlarla birlikdə… 
Mak-Qerkdə olduğu kimi, amma, lənət şeytana, direktor Holaberdsiz və direktor Erousmitsiz! 
– Əvəzində tərbiyəsiz, kobud,  dəhşətli dərəcədə eqoist direktor Terri Uiketli! 
– Tfu, lənət şeytana! İcazə  ver sənə deyim ki… 
– Martin, irəli sürdüyün əsassız dəlillərinin gücləndirilməsi üçün hər  sözünün əvvəlinə mütləq şeytan 
sözünü əlavə etməlisən də? Sənin səviyyəli elmi lüğətində başqa ifadə tapılmır? 
– Mənim lüğətim, hər halda, "mən Terri ilə məskunlaşmaq fikrindəyəm" ifadəsi üçün yetərlidir. 
– Qulaq as, Mart. Sən tənha bir yerə çəkilmək arzusunu, flanel köynək geyinməyi, özünün əcaibliyin və 
qüsursuz təmizliyinlə lovğalanmağı qəhrəmanlığın ən yüksək zirvəsi hesab edirsən. Amma bir fikirləş, hər 
kəs belə düşünsəydi, nə olardı? Hər bir ata ruhən özünü pis hiss etdiyi zaman uşaqlarını atıb çıxıb 
getsəydi, nə olardı? Dünyada nə baş verərdi? Biz kasıb olsaydıq, sən də məni atsaydın və mən Conu 
yedirtmək üçün paltar yumalı olsaydım, nə olardı?  
– Sənin üçün pis olmazdı, amma vay olardı o pal-paltarın halına! Yox! Məni bağışla. Bu çox duzsuz 
zarafatdır. Amma… düşünürəm ki, məhz bu düşüncə tərzi əsrlərdən bəri insanlara həzm, törəyib artma 
və itaət maşını olmaqdan başqa heç nə verməyib. Verdiyin sualın cavabı isə belədir: çox az adamlar 
könüllü surətdə yalnız öz təmizliyini qoruyub saxlamaq üçün – sən bunu tamamilə düzgün adlandırdın – 
yumşaq yatağı daxmaya dəyişərdi. Biz Terri ilə pionerlərik… Amma bu mübahisə əbədi olaraq davam edə 
bilər! Sübut etmək olar ki, mən qəhrəmanam, axmağam, fərariyəm – nə istəyirsən deyə bilərsən, amma 
fakt fakt olaraq qalır, mən birdən-birə dərk etdim ki, getməliyəm. İşim üçün mənə azadlıq lazımdır, bu 
saatdan etibarən sızıldamağı bir kənara tullayıram və arzuladığım azadlığa qovuşmağı daha 
məqsədəuyğun sayıram. Sən mənə qarşı səxavətli idin. Minnətdaram. Amma onu da bil ki, heç vaxt 
sözün əsl mənasında mənim olmamısan. Əlvida! 
– Çox yaxşı! Gecən xeyirə qalsın. 
Martin səhər açılana qədər, iki çamadan, ən pis paltarının saxlandığı sakvoyajı topladı və Coysa nəvaziş 
dolu məktub buraxdı – bu, həyatı boyu yazdığı ən qəddar məktub idi. Oğlunu öpdü və "Böyüyən kimi 
mənim yanıma gəl, balaca" – pıçıldayıb, ucuz bir mehmanxanaya köçdü. O, laxlayan dəmir çarpayının 
üstündə uzananda yaşadığı sevgilərə heyifi gəldi. Günortaya qədər isə instituta getdi, istefa haqqında 
ərizə yazdı, şəxsən özünə məxsus olan hansısa alətləri, qeydləri, kitab və materialları götürdü, Coysun 
zənginə telefona gəlməkdən imtina etdi və Vermont qatarına güclə çatdı.  


Öz qırmızı plüş kreslosunda qıvrılıb yatanda (son vaxtlar yalnız ipək üz çəkilmiş salon-vaqonlarda gedirdi), 
Martin daha dəvət edildiyi qonaqlıqlarda mənəvi əzab çəkmək lazım gəlməyəcəyini fikirləşərək sevinclə 
gülümsəyirdi. 
 "Sığırçın yuvası"na xizəklə gəldi. Terri üstünə yonqar səpələnmiş qarın üsündə odun yarırdı.  
– Salam Terri, bundan sonra sənin yanında yaşayacağam. 
– Çox yaxşı, Cılız. Daxmada çoxlu qab-qacaq yığılıb – yumaq lazımdır. 
 

 
O, zəifləmişdi. Soyuq daxmada geyinmək və buz kimi suda yuyunmaq əsl işgəncəydi, yumşaq qarın üstü 
ilə üç saat gəzişmək isə evə əldən düşmüş halda qayıtmaq demək idi. Amma nahar etmək üçün 
təcrübənin ən əhəmiyyətli anından ayrılmadan, sutkada iyirmi dörd saat xoşbəxtcəsinə işləmək və Terri 
ilə mübahisəyə qapılmaq imkanı – bu, ilahiyyat kimi müəmmalı, sərxoş adamın hiddəti kimi qudurğan bir 
hiss idi. Yəni bu cür həyat tərzi Martinə kömək edirdi və yavaş-yavaş əzələlərinin bərkidiyini hiss edirdi. 
Əvvəlcə fikirləşirdi ki, heç olmasa, bir məsələdə Coysa güzəştə getsin – onlar üçün daha yaxşı 
laboratoriya və daha mədəni sığınacaq tikdirməsinə icazə versin.  
– Heç olmasa, bir qulluqçu ilə, ya da ən yaxşısı ikisi ilə… bir də sadə, amma yaxşı vanna otağı ilə… 
Coys ona məktub yazırdı: "Sən çox kobud idin və barışmaq üçün hər cür cəhd – o indi mümkündürsə, 
əslində buna mən həddindən artıq şübhə edirəm – sən tərəfdən gəlməlidir". 
O, meşənin qış görünüşünün təsviri ilə dolu cavab məktubu yazdı, amma "barışma" sözünü xatırlatmadı. 
 

 
Martin və Terri bundan sonra törəmə kinələrin dəqiq hərəkət mexanizmini öyrənməyi qarşılarına 
məqsəd qoymuşdular. Özü də bunu Terrinin meymunların əvəzinə uyğunlaşdırdığı siçanların üzərində 
edirdilər. Siçanlar isə kiçik ölçülü olduqlarına görə təcrübə zamanı vəziyyət qəlizləşirdi. Martin özü ilə 
dovşanlarda plevropnevmoniya  törədicisi olan Bacilli lepiseptici ştammı gətirmişdi və onların əsas işi bu 
ştammın əleyhinə ilk  əldə etdikləri tərkibin pnevmakokklarda olduğu  kimi yararlı olub-olmadığını 
öyrənmək idi. Yoxladıqdan sonra söyə-söyə əmin oldular ki, yox. Söyə-söyə və böyük səbirlə onlar 
yenidən effektiv çıxa biləcək tərkibin çox çətin axtarışlarına başladılar. 


Martin və Terri yaşamaq üçün pulu zərdab hazırlamaq və satmaqla qazanırdılar.  Doğrudur, bunu elə də 
böyük həvəslə etmirdilər. Zərdabları isə elə həkimlərə satırdılar ki, onların dürüstlüyünə arxayın idilər. O 
ki qaldı çoxlu müştəriləri olan aptekçilərə, qapıya kimi gələn bu adamları qəti surətdə rədd edirdilər.  
Amma yenə də zərdab satışı gözlənilməz dərəcədə böyük gəlir gətirirdi. O qədər çox gəlir ki, ağıllı 
adamlar onları həddindən artıq hiyləgər hesab edə bilər, bu işlə könülsüz məşğul olduqları ilə bağlı 
səmimiyyətlərinə  inanmazdılar. 
Martin "Klifə xəyanət" adlandırdığı şeyə görə, Coys və Conu atdığına görə narahatlıq keçirirdi. Xüsusilə 
yuxuya gedə bilməyəndə bu haqda daha çox düşünürdü. Adətən səhər tezdən saat üçə yaxın hər ikisi – 
Coys və sədaqətli Klifin xəyalı "Sığırçın yuvası"na qonaq gəlirdi, saat altıda isə səhər yeməyi üçün vetçina 
qızarda-qızarda Martin onları yaddan çıxarırdı. 
Xolaberdin təbəssümündən və sürətli nəticə istəməsindən canını qurtaran Barbar Terrinin çox yaxşı və 
adamayovuşan yoldaş olduğu məlum oldu. Yuxarıdakı taxtda yatsın, yoxsa aşağıdakında – onun üçün 
fərqi yox idi. Terri odunların yarılmasında, azuqənin əldə edilməsində işin əsas ağırlığını öz üzərinə 
götürürdü və şən zarafatlar edə-edə həm onun, həm də özünün paltarlarını yuyurdu. 
Gələcəyi görmə qabiliyyəti ilə Terri hesablayırdı ki, illərlə birlikdə yaşadıqdan sonra bir gün mütləq 
dalaşacaqlar. Hələlik isə hər şey qaydasında idi, Martinlə birlikdə öz laboratoriyalarını genişləndirməyin 
layihəsini cızırdılar. Orada səkkiz nəfər tədqiqatçı işləyə bilərdi, amma daha bundan artıq yox. Bu 
tədqiqatçılar özləri kimi azad quş olmalı idilər, hər biri zərdab hazırlanması işində iştirak edərək 
düşərgəyə çəkilən xərclərə öz payını verməli, qalan vaxtlarda isə müstəqil halda öz işlərini aparmalı idilər. 
Qoy bu, atomun qurulması işi olsun, yaxud doktor Uiketin, ya da doktor Erousmitin nəticələrinin 
təkzibinə xidmət edəcək tədqiqat olsun, fərqi yoxdur. İki qiyamçı – hansısa formaseptiv firmanın əlinə 
düşmüş kimyaçı və universitet professoru – payızda onların yanına gəlməyə hazırlaşırdı. 
– Monastıra miskin qayıdış – Terri mızıldanırdı – yalnız o fərq var ki, biz kimin üçünsə məsələ həllinə 
çalışmırıq, yalnız öz axmaq qafalarımız üçün işləyirik. Yadında saxla! Bu yer məbədə çevrliəndə və əcaib 
adamlar bura dəstə-dəstə axışmağa başlayanda,  biz aradan çıxmalı olacağıq. Meşənin dərinliklərinə 
doğru hərəkət edərik, ya da, bu iş üçün həddindən artıq qoca olarıqsa, birtəhər özümüzü hansısa 
professorun yanına məsələn, Doson Hanzikerin yanına dürtüşdürərik. Hətta bu, cənab doktor Holaberdə 
də ola bilər. 
Martin işdə ilk dəfə olaraq Terri Uiketi nəzərə çarpacaq dərəcədə qabaqlamağa başlamışdı. 
Riyaziyyat və fiziki kimyada o indi Terri qədər güclü idi. Açıqlığa və dəbdəbəli bəzək-düzəklərə eyni 
dərəcədə laqeyd yanaşır, eyni dərəcədə də fanatikcəsinə çalışqan olurdu. Yeni cihazların ixtira 
edilməsindəki zirəkliyi ən azından Terridən geri qalmırdı və təxəyyülünün çevikliyinə görə onu yetərincə 
qabaqlayırdı.  Sadəcə, Terridən fərqli olaraq, dözümü az idi, coşqunluğu isə çox. Beynindəki fərziyyələr 
ətrafa qığılcımlar kimi səpələnirdi. O qədər inanmasa da, öz azadlığını dərk etməyə başlayırdı. Martin 
hələ faqın gerçək təbiətini müəyyən edəcəkdi və daha sonra (daha güclü, qətiyyətli və əlbəttə ki, daha 
insanpərvər olduğu vaxtlarda) qarşıda kimyəvi üsulla müalicə və immunologiya sahəsində saysız-hesabsız 
tədqiqatlar aparacaqdı. Bu cür qeyri-adi sərgüzəştlər hələ bir çox onilliklərə yetə bilərdi. 


Ona elə gəlirdi ki, həyatında ilk dəfə baharı görür və sözün əsl mənasında hiss edir. Səhərlər göldə 
çimməyə öyrəşmişdi, amma ilk dəfə suya girəndə dözülməz soyuq bütün bədənini yandırmışdı. Səhər 
yeməyindən əvvəl onlar balıq ovlayır, şam yeməyini palıd ağaclarının kölgəsində edir, birdəfəyə iyirmi mil 
piyada gedirdilər. Hər şeylə maraqlanan dələlər və zığ-zığ quşları ilə qonşuluqda yaşayırdılar. Bütün 
gecəni işləyir, yuxulu gölün üzərindən qalxan aydın şəfəqi qarşılamaq üçün sübh tezdən təmiz havaya 
çıxırdılar. 
Martin günəşin bu tərəfindən o tərəfini görə bildiyini hiss edirdi, bütün köksü ilə nəfəs alır və yarım səslə 
daima nəsə mızıldanırdı.  
Və bir dəfə, yeni, buynuzlu çərçivədən – demək olar ki, əsl qoca eynəyindən uzaqlara baxarkən,  meşə 
yolu ilə böyük bir avtomobilin gəldiyini gördü. Dayandıqda avtomobildən yüngül mahud kostyumda 
gülərüz Coys düşdü. 
Martin laboratoriyanın arxa qapısından qaçmağa hazır idi. Bununla belə, istəməsə də qarşılamaq üçün 
komadan çıxdı. 
– Bura həqiqətən də gözəldir! – dedi və nəvazişlə Martini öpdü – Gəl, gölün yanında gəzişək. 
Sakit bir guşədə, tozağacıların gövdələrinin arasında, suyun zərif dalğalarının yaxınlığında Martin 
həyəcanla Coysun çiyinlərini qucaqladı. Coys deyirdi: 
– Əzizim, sənə elə ehtiyacım vardı ki! Minlərlə məsələdə haqsız olsan da, bir məsələdə haqlı idin: sən 
maneəsiz işləməlisən, hər cür axmaq adamlar sənin rahatlığını pozmamalıdırlar. Kostyumum xoşuna 
gəlir? Düzdür, vəhşi təbiətə uyğun gəlir? Sən bilirsən, burada qalmaq üçün gəlmişəm! Bu yaxınlıqda ev 
tikdirərəm, ola bilsin düz burada, gölün arxasında. Hə… O böyük yaylada ev çox gözəl ola bilər… Əlbəttə, 
bu torpağı ala bilərəmsə – yəqin ki, o yer hansısa murdar, xəsis bir fermerə məxsusdur. Ah, yəni sən, 
doğrudanmı, görmürsən, böyük eyvanları və qırmızı dam örtüyü olan geniş, alçaq ev… 
– Bir də qonaqlarla? Gələcəklər? 
– Hə, mənə elə gəlir ki, hə. Aradabir. Nədir ki? 
Ümidsiz halda yalvarmağa başladı: 
– Coys, mən səni sevirəm. Mən elə buradaca dəhşətli dərəcədə səni öpmək istəyirəm. Amma istəmirəm 
ki, camaatı bura gətirəsən… Yəqin ki, gölə iyrənc, səsli-küylü motorlu qayıq da saldıracaqsan? Sən bizim 
laboratoriyamızdan oyuncaq düzəldəcəksən. Karvansara həyət. Yeni bir sensasiya! Terri ağlını itirəcək. 
Sən çox gözəlsən, Coys! Amma oyunlar üçün sənə yoldaş lazımdır, mənə isə iş. Mənə elə gəlir ki, sənə 
burada məskən salmaq olmaz. Yox!  
– Bizim oğlumuz sənin ata qayğını hiss etmədən böyüməlidir?   
– Oooo… Mən ölsəydim, onun qayğısına necə qalacaqdım? Qəşəng uşaqdır. Ümid edirəm ki varlı adam 
olmayacaq! Ola bilsin, on ildən sonra  bura, mənim yanıma gələcək.  


– Və belə bir həyat yaşayacaq? 
– Əlbəttə… Mən dilənçi halına düşməyəcəyəmsə. Düşərəmsə, əlbəttə ki,  belə yaxşı yaşamayacağıq. 
Amma indi biz, demək olar ki, hər gün ət yeyirik.  
– Belə. Sənin Terri Uiketin ev qulluqçusu ilə evlənərsə, ya da hansısa bir kök kənd arvadını alarsa, onda 
necə olacaq? Mənə danışdıqlarından belə nəticə çıxarıram ki, o məhz bu cür qızlara meyil göstərir…  
– Hə… onda biz onu birlikdə əzişdirəcəyik. 
– Martin, sənə elə gəlmir ki, bir qədər dəlisən? 
– Oooo, tamamilə doğrudur! Və bu məni elə sevindirir ki! Bununla belə, sən… qulaq as, Coys! Biz dəliyik, 
amma ağıldankəm deyilik! Dünən bir "məxfi təbib" gəlmişdi, elə bilirdi ki, burada təşkilatımız var… Terri 
onu iyirmi mil uzağa apardı və sonra çox güman ki, gölə tulladı. Yox. Boş şeydir. Mənə fikirləşməyə imkan 
ver görüm – o, çənəsini qaşıdı – biz, ola bilsin ki, dəli də deyilik. Biz fermerik. 
– Martin! Bilirsənmi, fanatikə çevrilməyini və səni fanatik hesab etməsinlər deyə, hər vasitə ilə işin 
içindən çıxmağa çalışmağını müşahidə etmək çox əyləncəlidir. Sən sağlam düşüncədən əl çəkmisən. 
Mənsə yox. Mənim inamıma görə gündəlik vanna qəbul etmək lazımdır! Əlvida! 
– Qulaq as… Allah haqqı… Coys getdi, ağıllı və qalib görkəmlə. 
Sürücü kötüklər və cığırlar arasında manevr edərkən Coys avtomobildən boylanırdı və onlar göz yaşları 
içərisində bir-birinə baxdılar. Hələ heç vaxt Martin və Coys bir-birinə zillədikləri susqun baxışlarda olduğu 
qədər – bu baxışlar onlara hər zarafatı, hər nəvazişi, birlikdə keçirdikləri hər sakit axşamı xatırladırdı – bu 
dərəcədə səmimi olmamışdılar. Amma maşın dayanmadan irəli gedirdi və Martin xatırladı ki, təcrübəsi 
yarıda qalıb… 
 

 
Gözəl may axşamı Konqresin üzvü Almus Pikkerbo Amerika Birləşmiş Ştatlarının prezidentinin yanında 
nahar edirdi. 
– Kampaniya nə vaxt başa çatacaq, doktor, – prezident soruşdu, – ümid edirəm ki, biz sizi kabinetin üzvü 
kimi görəcəyik – ölkədə ilk Səhiyyə və Yevgenika  naziri kimi! 
Elə həmin axşam Riplton Holaberd Mədəni Təsir Liqası adlandırılan görkəmli mütəfəkkirlərin 
yığıncağında nitq söyləyirdi. Səhnədə Məmur Şənliklərinin adamları arasında Mak-Qerk İnstitutunun yeni 
direktoru doktor Aaron Şolteys, Dyuer Klinikasının rəhbəri Anqus Dyuer və Fort-Dirborn Tibb Kolleciniin 
cərrahiyyə professoru oturmuşdular. 
Xolaberdin tarixi nitqi elmi dəyərləndirən minlərlə acgöz dinləyicilər üçün efirə verilirdi.  


Bu axşam Uitsilvaniyadan olan Bert Tozer şimali Dakotada növbəti ibadətdə iştirak edirdi. Küçədə giriş 
qapısının qarşısında öz yeni "byuikini" qoymuş və keşişin başqasının fəlakətinə ciddi bir məmnunluqla 
necə sevindiyini dinləyirdi.  
– Dindarlar, onlar elə dünya övladlarıdırlar, mükafat alacaqlar və sevinc  içərisində yaşayacaqlar – 
qüvvətlilər allahı deyir, kafirlər isə… Vaalın övladları isə öz saatlarında edam olunacaqlar və məhv olmaq 
üçün yuxarıdan qaranlığa atılacaqlar. 
Bu axşam Maks Qotlib səsli-küylü şəhərdən hündürdə yerləşən balaca qaranlıq otaqda tərpənməz və 
təkcə oturmuşdu. Yalnız onun gözlərində həyat  titrəyirdi. 
Bu axşam isti sahil küləyi palmalarla əhatəyə alınmış alçaq sıra dağlarda tənbəl-tənbəl əsirdi – məhz bu 
yerdə Qustav Sandeliusun cənazəsi küllə qarışmışdı, məhz burada bağdakı balaca oyuq Leoranın qəbrinə 
işarə edirdi. 
Bu axşam, Latom Ayrlendlə qeyri-adi dərəcədə şən keçən nahardan sonra Coys iltifatla dedi: 
– Hə, mən onunla boşanaramsa, ola bilsin ki, sizə ərə gedəm. Mən bilirəm! O, heç vaxt başa düşməyəcək 
ki, yer üzündəki insanlar içərisində yalnız özünü haqlı bilmək böyük eqoistlikdir?! 
Bu axşam Martin Erousmit və Terri Uiket yöndəmsiz bir qayıqda uzanmışdılar – çox yöndəmsiz və 
sahildən uzaqlaşan bir qayıqda. 
– Mən hiss edirəm ki, indi sözün əsl mənasında işləməyə başlayıram, – Martin deyirdi, – bizim yeni 
törəmə kinə ilə olan foksumuz  alına bilər. Bu iş üstündə iki-üç il əlləşərik, bəlkə, bundan sonra düzəlməli 
bir nəticəyə gəlib çıxaq… amma… çox ehtimal ki yenə də uğursuzluğa düçar olacağıq… 
 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə