7-2. İDEYA VƏ MADDİ TƏCƏSSÜM
«Fəlsəfənin əsas məsələsi»nə yeni baxış
İdeyanın, yoxsa materiyanın ilkinliyi məsələsi həqiqətən metafizik bir problemdir. Bu problemin dialektik həlli isə iki kənar qütbün qarşılaşdırılmasından deyil, bu qütblər arasında nə kimi bir real spektrin olduğunu müəyyənləşdirməkdən ibarətdir. Belə ki, real hadisələr, təzahürlər heç də xalis ideya və ya xalis materiya şəklində olmurlar. Tam amorf, struktursuz, qaydasız, ahəngsiz bir materiyanın harada isə mövcudluğu haqqında yalnız fərziyyə yürütmək olar. Beləcə də heç bir formada maddiləşməmiş, heç bir maddi təzahürü olmayan, heç bir hadisədə üzə çıxmayan xalis ideya da, nə isə əlçatmaz bir qütbdür. Bu qütb fəlsəfədə «mütləq ideya», «xalis ideya», «xalis zəka», dində isə Allah kimi başa düşülür. Lakin heç bir konkret təzahürü olmadığından, təbii ki, idrak üçün həmişə əlçatmaz olaraq qalır. «Xalis materiya» anlayışından bəhs edilməsə də, buna müəyyən yaxınlaşmalar həmişə olmuşdur. Kantın «ilkin dumanlıq» ideyası, «mütləq efir» və s.
Bizə elə gəlir ki, fəlsəfənin əsas məsələsinin öz düzgün izahını tapa bilməməsi məhz ikinci qütbün, «mütləq materiya» anlamının kifayət qədər formalaşmamasıdır. Bunun əvəzində materiya adı altında çox vaxt onun konkret növləri sayılan maddə, sahə, neytrino halı nəzərdən keçirilir. Konkret təzahürü olan, insana duyğuları ilə bəlli olan, toxunulan, qavranılan, məkan və zaman müəyyənliyi hər şey maddi dünya və ya materiyaya nümunə kimi göstərilir.
Lakin əslində necədir? Əslində bütün maddi təzahürlər, hadisələr, şeylər – hamısı ideya ilə materiyanın bu və ya digər nisbətdə sintezindən ibarətdir. Bütün hadisələr, proseslər, strukturu, ahəngi, qanunauyğunluğu olan hər şey hansı isə ideyanın və ya ideyalar sisteminin maddi təzahürləridir.
«İkinci təbiət»də, bilavasitə insan əməli fəaliyyətinin nəticəsi olaraq meydana çıxan cisimlər, qurğular, təchizatlar, heç şübhəsiz, insan ideyalarının maddi təcəssümündən ibarətdir. Lakin təbiətdə insandan asılı olmadan mövcud olan hadisə və proseslər də müəyyən qanunauyğunluqlar üzrə həyata keçməklə, müəyyən struktura malik olmaqla analoji olaraq hansı isə ideyanın maddi təcəssümləridir.
Hansı ideyanın – bu başqa məsələdir.
Hər bir insan, bir tərəfdən öz həyatını özü qurur, digər tərəfdən özündən asılı olmayan hadisələr burulğanında naməlum hərəkətlərə qatılır.
İnsan – mühit münasibətlərində subyekt və obyektin yeri müntəzəm surətdə dəyişir. Gah insan özünün hansı isə ideyasına, hansı isə planına uyğun olan hərəkətlər edir və mühitin də müvafiq cür dəyişməsinə səbəb olur. Gah da mühit hansı isə ideyaya və ya plana uyğun surətdə dəyişilir və insana da təsir edir. İkinci halda söhbət mühiti idarə edən və ondan yüksəkdə duran bir ideyadan gedir. Mühitin daxilindəki insanlar mühitdən və əslində onun əsasında duran ideyadan asılı olur. Bu ideya hansı isə dini əqidə, milli ideologiya, dövlətin strateji inkişaf konsepsiyası, Konstitusiyası, qanunları ola bilər. Avtoritar rejimdə bu ideya dövlət başçısının və ya müəyyən bir şəhərin, rayonun, idarənin başçısının iradəsi ola bilər.
Elə anlar da vardır ki, nə insan mühit daxilində müəyyən bir ideya ilə fəaliyyət göstərir, nə də mühit hansı isə fövqəlideyanın təsiri altında olur. Yəni insanın da hərəkəti məqsədsiz, plansız, xaotik ola bilər. Mühit də hansı isə ideyaya, qanuna, hüquq normalarına, adət-ənənəyə əsaslanmadıqda bir xaos, bir burulğan kimi ola bilər.
Təbiət özü böyük bir mühitdir. Lakin təbiətin öz qanunları var və burada hər şey müəyyən qayda əsasında həyata keçir. Yəni təbiətin arxasında fövqəlideya dayanır.
Bəs «ikinci təbiətin», cəmiyyətin əsasında nə kimi bir ideya dayanır? Axı, insan üçün mühit tək təbiətdən ibarət olmayıb, üstəgəl «ikinci təbiət», cəmiyyət (ictimai münasibətlər) və sosial-mənəvi mühit olmaqla daha mürəkkəb bir sistemdir. Burada həm təbiəti, həm də cəmiyyəti yönəldən fövqəlideyadan başqa, çoxlu sayda kiçikli-böyüklü insan ideyaları mövcuddur ki, onlar da mühitin ideya xəritəsini daha al-əlvan edir.
Dünyanın xəritəsində müxtəlif dövlətlər vardır və onların hər birinin öz ideoloji sistemi, Konstitusiyası, qanunlar toplusu, adət-ənənələri vardır. Onların hər birində müəyyən nizamnamə əsasnamə və iş planları əsasında fəaliyyət göstərən müəssisələr və təşkilatlar vardır. Hər bir müəssisə və təşkilatda çalışan insanların öz mikromühitləri vardır və hər bir mikromühit daxilində, ailə daxilində hər bir insanın öz şəxsi həyatı və ideyaları vardır.
Dünyanın bütövlükdə nə kimi bir ideyaya əsaslanması və nə kimi bir iradənin maddi təzahürü olması haqqında mülahizə yürütmədən, hər bir insan və onun konkret mühiti arasında əlaqənin daha hansı iradi aktlardan asılı olduğunu aydınlaşdırmağa çalışaq.
İlk sual doğuran budur ki, insan öz şəxsi ideyası və iradəsindən asılı olmadan müəyyən mühit daxilində yaşayarkən, yəni özünü sadəcə mühitin dalğalarına atarkən, mühitin iradəsinə tabe olarkən, «palaza bürünüb elnən sürünərkən» həqiqətənmi xaosda yaşayır, yoxsa başqa bir qaydanı, ideyanı özü də bilmədən qəbul edir?
Fəlsəfənin əsas məsələsi olaraq ideya (mənəvi) ilə maddi arasında münasibət götürülür. Bu, əlbəttə, düzgündür. Lakin təəssüf ki, fəlsəfə kitablarının çoxunda, xüsusən dərsliklərdə bu münasibətin dinamikası, daxili strukturu açılmır. Halbuki ideyanın da, maddi dünyanın da müxtəlif miqyas səviyyələri vardır. Belə ki, insan ideyasına qarşı dayanan hər bir maddi təzahürün özü daha böyük maddi sistemə daxil olmaqla, həmin maddi sistemin əsasında dayanan daha böyük ideya ilə təmasa girmiş olur. Nəticədə biz maddi təzahürlə vasitələnən müxtəlif miqyaslı, müxtəlif struktur səviyyələrdəki ideyalar arasında, digər tərəfdən müəyyən ideya ilə vasitələnən müxtəlif miqyaslı maddi sistemlər arasında əlaqənin şahidi oluruq.
İdeal və maddi varlıq arasındakı münasibət heç də yalnız tarixi planda, ilkinlik məsələsi kimi və ya birinin o birisində inikası, dünyanın dərk olunanlığı məsələsi kimi ortaya çıxmır. İdeal və maddinin münasibəti həmişə hər yerdə vəhdətdə olan əksliklərin münasibəti kimidir.
Düzdür, marksizm fəlsəfəsi ideyanı obyektiv gerçəklikdən tamamilə ayıraraq onu nə isə ancaq ikinci dərəcəli, törəmə bir hadisə kimi, inikas kimi və s. izah etməyə çalışmışdır. Marksizmə görə, yeganə real varlıq ancaq maddi gerçəkliyin özündən ibarətdir.
Belə olduqda, elm ilə fəlsəfə az qala eyniləşdirilmiş olur və ya fəlsəfə ancaq inikas problemi kimi, maddi gerçəkliyin dərk olunması prosesinin izahı kimi üzə çıxır. Lakin marksizm fəlsəfəsi və digər materialist təlimlər fəlsəfənin predmetinə maddi dünyanın, obyektiv gerçəkliyin daxilindəki münasibətləri də aid edirdilər. Məsələn, təkcə və ümumi, mahiyyət və hadisə əkslikləri maddi gerçəkliyin daxili tərəfləri kimi qəbul edilir. Yəni hadisələr kimi mahiyyətlər də maddi dünyaya aiddir. Təkcələr kimi ümumilər də maddi dünyada obyektiv surətdə mövcuddurlar. Hətta həqiqət də obyektivdir və onun məzmunu ideya dünyasına yox, maddi dünyaya aiddir...
Beləliklə, ictimai həyatdakı bir sıra problemlər marksizm fəlsəfəsində maddi gerçəkliyin daxili problemləri kimi, həm də onu dərk edən insanın şüurundan asılı olmadan, idrak prosesindən asılı olmadan obyektiv surətdə mövcud olan münasibətlər kimi təqdim olunurdu.
Ardıcıl idealist fəlsəfi sistemlərdə, məsələn, Hegel fəlsəfəsində isə maddi dünyanın özü də, təbiət də ideyanın təzahürü kimi götürülür, mahiyyətlə yanaşı hadisə də ideyanın bir məqamı kimi çıxış edirdi.
Əslində isə fəlsəfənin predmeti nə xalis ideya, nə də xalis maddi dünya (materiya) olmayıb, ideya ilə hadisə arasındakı münasibətlərdir.
İnsanın fəaliyyət dünyası həmişə ideyaya söykənir. Hər kəs ya özünün, ya da başqalarının fikrini, ideyasını həyata keçirərkən əməlinin nəticəsinin məqsədə, ideyaya adekvatlığını yoxlaya-yoxlaya addımlar atır. Yəni böyük ideya parçalanır, pillələnir və ona çatmaq yolunda atılmalı olan addımların əsasında duran kiçik ideyalar, kiçik məqsədlər ortaya çıxır. Bəzən də tərsinə olur. Adamların çoxu kiçik məqsədlərə nail olmaq üçün fəaliyyət göstərirlər. Və bu məqsədlərin toplusundan, cəmindən böyük məqsəd, böyük nəticə hasil olacağını güman edirlər. Lakin toplanma baş vermir. Daha doğrusu, yaxşı halda cəm ən böyük ünsürə bərabər olur. Pis halda ya kiçik ünsürə bərabər olur, ya da daha kiçik olur.
Daha doğrusu, ənənəvi riyazi toplanma ancaq ideya üçün mümkündür. Ancaq ideyanın parçalanmasından alınan kiçik ideyalar üzrə fəaliyyətlər təzədən toplanaraq ilkin böyük ideyanın maddi reallaşması kimi ortaya çıxır.
Əgər ideyadan onun maddi təcəssümünə doğru gedən prosesləri, onların daxili strukturunu bu strukturda həm maddi, həm də ideal komponentlərin mövcudluğunu nəzərə almasaq, ideyanın maddiləşməsi prosesini sadə bir akt, struktursuz çevrilmə, inikas (daha doğrusu, əks inikas) kimi nəzərdən keçirə bilərik. Lakin əslində burada tam diskret keçid mümkün deyil. Bu çevrilmənin həmişə pillələri olur, strukturu olur. Burada ideal və maddi komponentlərin getdikcə daha kiçik (məkan və zamanca, ...) aktlar, məqamlar miqyasında əvəzlənməsinin şahidi oluruq. Və bu strukturlaşma, pillələşmə, iyerarxiya hansı məqamdasa diskretlikdən kəsilməzliyə keçir və elə qeyri-müəyyənlik zolağına daxil oluruq ki, burada daha maddi və idealın konturlarını seçmək mümkün olmur.
Qeyd: Fikrin özünün rasional ifadəsi mümkün olmayan, konturları aşkar olmayan qeyri-müəyyənlik sahəsi, zolağı (amorf, struktursuz, formasız sahə) olduğu kimi, habelə hadisələr dünyasının, maddi gerçəkliyin forması, ölçüsü, sərhədləri dəqiq müəyyən olmayan zolağın amorf hissəsi olduğu kimi, fəaliyyətin də belə qeyri-müəyyən zolağı vardır ki, burada maddi və ideal komponentlərin nisbət və münasibətini, zaman ardıcıllığını, səbəbiyyət əlaqəsini ayırd etmək mümkün olmur. (Xəta intervalının böyüklüyü buna yol vermir). Bu zolağı şərti olaraq kəsilməz sahə, qeyri-müəyyənlik zonası, xaotik vəhdət zonası, amorf zona və s. adlandırmaq olar. Bu zonaya rasional idrak, səlis məntiq tətbiq oluna bilməz.
Ənənəvi fikrə görə belə güman olunur ki, təbiətdə cisimlər və hadisələr arasındakı münasibətlər bu cisimlərin öz «ideyaları» və öz «iradələri» ilə həyata keçmir. Prosesdə iştirak edən tərəflərdən asılı olmadan hansı isə bir obyektiv qanunauyğunluq, kənardan verilmiş bir qayda, üçüncü tərəfin mütləqləşmiş iradəsi həyata keçir.
Lakin təbiətdə bir hadisə başqa bir hadisə üçün səbəb rolunu oynayır ki, bu da onu müəyyən mənada subyekt kimi götürməyə imkan verir. Əslində səbəb kənar bir iradənin təsiri, kənar bir ideyanın maddi təcəssümündə bir məqamdır.
Təbiətdə baş verən hadisələrin insan tərəfindən yönəldilməsi, eksperimentlər qoyulması, məqsədyönlü fəaliyyətlər insanın iştirakı olmadan həyata keçən təbiət proseslərinin modelini qurmaq baxımından da maraqlıdır. Nyutonun III qanununa görə təsir qüvvəsi modulca əks təsir qüvvəsinə bərabərdir. Bunu nümayiş etdirmək üçün biz müəyyən bir cismə hərəkət verir və onun başqa cisimlə toqquşmasına səbəb oluruq. Bir cisim başqa bir cisimlə toqquşur. Obyektiv bir proses gedir. Lakin əslində birinci cisim insanın iradəsi ilə hərəkətə gəlir və ikinci cismin əks təsir pozisiyası da əslində yenə birinci cismi hərəkətə gətirən insanın ideyasında nəzərdə tutulmuşdur. Reaktiv təyyarələrin, raketlərin uçuşu burada yandırılan yanacağın (qaz məhsulları və s.) çıxışına reaksiya kimi baş verir. Yəni, burada insanın məqsədi yanacağın yandırılması yox, əsas korpusun reaksiyası və uçuşudur. Bu fikir ki, uçuşun səbəbi obyektivdir və insanın iradəsindən yox, yanma prosesindən doğur, bu, bəsit yanaşmadır. Çünki yanmanın məhz həmin formada həyata keçirilməsi insan tərəfindən qabaqcadan ölçülüb-biçilmişdir. İnsanla bağlı fəaliyyətdə prosesin məqsədəuyğun – şüurlu surətdə həyata keçdiyi danılmazdır.
İnsan faktoru olmadıqda, təbiətdə proseslərin məqsədəuyğunluğu, «şüurluluğu» faktları, daxili nizam və ahəng necə izah olunur?
İnsanın tərəf kimi iştirak etdiyi proseslərdə ideya bir komponent olaraq zəncirin bir halqasına çevrilir. Fiziki təsir fiziki əks-təsir doğurur. Lakin insanın əks-təsiri psixika və idrak qatları ilə vasitələnir. Bir adam başqasına sillə vurursa, başqasının da təbii ki, ilk ağlına gələn sillə ilə cavab vermək olur. Lakin insan bəzən buna cavab vermir. Və guya proses əks-təsirsiz ötüşür. Halbuki, illər keçir, sillə vuran adama, hətta onun ailəsinə qarşı hansı isə qərəzli bir addım atılır ki, bunun motivini tapmaq müstəntiq üçün çətin olur, çox vaxt təsadüf kimi qələmə verilir. Yalnız neçə il öncə baş vermiş həmin hadisə mümkün səbəb versiyalarından biri kimi təhqiqat materiallarına daxil edildikdən sonra müstəntiq izə düşə bilir...
İnsanla, subyektiv aləmlə, şüurla bağlı «asanlıqla» izah edilən bu «gecikmiş əks-təsir», «vasitələnmiş», daha mürəkkəb struktura bir komponent kimi daxil olmuş əks-təsir əslində mexanikadakından fərqli olaraq yeni bir mahiyyət kəsb edir.
Sadə təbiət hadisələrində, xüsusən mexaniki proseslərdə «əks-təsir» zaman və məkan müəyyənliyinə malik olduğu halda, mürəkkəb proseslərdə bu müəyyənlik itir və potensial haldan, imkandan gerçəkliyə çevrilmək və özünü reallıqla büruzə vermək üçün fürsət gözləyir. Yaxud özünü qeyri-aşkar şəkildə, sistemin başqa kompanentləri ilə toplanaraq büruzə verdiyi üçün burada «təsir əks təsirə bərabərdir» düsturu işləmir.
Əslində söhbət yalnız təsir və əks təsir münasibətlərindən getmir. Deyilənlər bütövlükdə səbəb-nəticə əlaqələrinə aiddir. Başqa sözlə desək, iki hadisə arasında fiksə edilə bilən səbəb-nəticə münasibəti olduqca sadələşdirilmiş, ancaq idealizasiya halında təsəvvür edilə bilən münasibətlərdir. Gerçəklikdə hər şey qat-qat mürəkkəbdir. Və müxtəlif səbəbiyyət zəncirləri heç də bir-birinə paralel qalmayaraq, tez-tez kəsişirlər. Kəsişmə məqamları adi şüur səviyyəsində təsadüf kimi dəyərləndirilir.
Mürəkkəb struktura malik sistemlərdə tamın yoxsa hissənin, böyük ideyanın yoxsa onun maddi təcəssümü prosesində istifadə olunan kiçik ideyaların reallaşma proseduralarına baxılmasından asılı olaraq səbəb-nəticə əlaqələrinin də iyerarxik strukturunu qurmaq mümkündür.
Subyekt və obyekt, səbəb və nəticə bölgüləri əslində ideya və maddi təcəssüm arasında münasibətin müxtəlif rakurslarda və müxtəlif kateqoriyalarla izahına xidmət edir.
Zaman və məkan müəyyənliyi ancaq elementlərə, struktursuz obyektlərə aiddir. Mürəkkəb strukturlarda isə ideya ilə maddilik arasındakı «çevrilmələr» aktiv halla potensial hal arasındakı qarşılıqlı keçidlər zaman-məkan müəyyənliyini aradan qaldırır.
Zaman və məkan ideyanın reallaşmasının parametrləri kimi
«Eyni zamanda eyni məkanda müxtəlif cisimlər ola bilməz» – məntiqi hər şeydən əvvəl cismi cisim edən, bütöv bir hadisə kimi qavramağa səbəb olan amildir.
Bütövlük anlayışı. Hadisənin konturları. Zamanca (başlanğıcdan sona qədər) və məkanca (bir mühitin yeni mühitə keçdiyi sərhədlər daxilində) müəyyənlik. Sürəklilik. İdeyalar arasındakı sərhəd. Hər bir mühit, hər bir hadisə müəyyən bir ideyanın, ahəngin, mahiyyətin reallaşması, təzahürü kimi.
Zaman və məkan çərçivəsində hadisənin mürəkkəb struktura malik olması... Eyni bir hadisənin (eynimi?) müxtəlif miqyaslarda, müxtəlif struktur səviyyələrində nəzərdən keçirilməsi. Eyni bir çiçək estetik bir hadisə kimi, botanika hadisəsi kimi (yəni bitkilərin, çiçəklərin hansı növünə aiddir, neçə ləçəyi var və s.), hüceyrələr sistemi kimi və ya molekulyar və atomar səviyyələrdə, elementar zərrəciklər fizikası prizmasından və s. – hamısında söhbət eyni bir çiçəkdən gedir. Lakin ola bilsin ki, bütövlükdə çiçəyin əhatə etdiyi məkanda yox, onun hissəsi olan daha kiçik məkanlar miqyasında... Yəni məkan özü strukturlaşır, onun iyerarxiyası üzə çıxır. Yəni hadisə daxilində hadisələrdən söhbət gedir... Bir çiçək bir dünya imiş... Tükənməzlik.
Hadisənin mürəkkəb quruluşuna misal: Bir rəngin alınması üçün müxtəlif rənglərin sintezindən istifadə edilir. Mətbəədə rəng bölgüsü deyilən əməliyyat aparılır. Müəyyən bir fiqurun rəsmi kağıza köçürülərkən əvvəlcə onun bir rəng tərkibi, sonra ikinci, üçüncü və nəhayət, dördüncü rəng tərkibi eyni bir məkanda üst-üstə vurulur. Bu dörd mənzərənin qovuşmasından fiqurun rəngli şəkli hasil olur. Düzdür, müxtəlif rənglər müxtəlif zaman ardıcıllığı ilə kağıza köçürülür. Lakin şəkil hasil olduqdan sonra onun tərkibində hansı isə rəngin ilkinliyini müəyyənləşdirməyə ehtiyac qalmır. Çünki yekun hadisənin öz ahəngi, bütövlük xisləti vardır. (Əlbəttə, əgər rənglərin kağıza köçürülmə ardıcıllığından asılı olaraq şəkil dəyişsə idi, onda yaranma mərhələsində daxili hadisələrin zaman ardıcıllığı əhəmiyyətli olardı. Lakin əgər toplananların yerini dəyişməklə cəm dəyişmirsə, yekun hadisənin əmələ gəlmə təfərrüatı heç kimi maraqlandırmır).
Real həyatda toplanma müxtəlif hadisələrin (və ya onların elementlərinin) eyni məkan və zaman intervalına daxil edilməsi kimi.
Bir var, nə vaxtsa eyni məkana gətirilmiş, əlaqələndirilmiş və vahid yekun hadisədə birləşmiş hadisələr toplusu, bir də var yekun hadisənin əmələ gəlmə prosesinin özü.
Sual olunur ki, ideya hansına aiddir?
Hadisənin əsasında bir mahiyyət, bir ideya dayanır. Artıq hazır hadisələrə baxdıqda adama elə gəlir ki, o elə həmişə belə olmuşdur. Lakin hər bir hadisə nə vaxtsa yaranmışdır və yaranma mərhələsindən stabil dayanıqlı mərhələyə keçmişdir.
Zamanca dayanıqlı olmaq. İnsanların həyatına və ya daha doğrusu, müşahidə müddətinə nəzərən hadisənin stabillik dərəcəsi. Biz bəzən yaranma və yox olma proseslərini müşahidə edirik. Bəzən də aralıq bir mərhələni, bizə stabil görünən bir mərhələni, nisbi mənada invariant sayılan bir vəziyyəti müşahidə edirik.
Böyük filosoflar çox vaxt maddi dünyanı özlüyündə hazır bir şey kimi götürərək onun insan tərəfindən dərk olunması xüsusiyyətlərinə diqqət yetirirlər. Hər bir cisim, hadisə bir obyektiv reallıq, «özündə şey» kimi əvvəlcədən mövcud olmaqla bizimlə əlaqəyə girdiyi vaxtdan idrakın obyektinə çevrilir. Kanta görə biz şeyi deyil, təcrübəni öyrənmiş oluruq. Təcrübə insanın şeylə təmasından aldığı duyğulardır və sair və sair.
Lakin şeylər bir proses kimi götürüldükdə onların əmələ gəlməsi, daxili strukturu, müxtəlif zaman kəsiklərindəki vəziyyəti, müxtəlif məkan kəsiklərindəki vəziyyəti, əlaqələrin yaranması, səbəbiyyət və sair, bütün bunların sistemi kimi nəzərdən keçirildikdə bütöv şeylə təmasın təsirlərindən, təcrübədən fərqli olaraq başqa bir idraki mexanizm ortaya çıxır. Necə ki, ideyadan başlanıb onun həyata keçirilməsi yolları ilə yekun hadisəyə, nəticəyə, hazır şeyə doğru getmək mümkündür, eləcə də hazır şeylərdən geriyə, onun əsasında dayanan ideyaya və ya ideyalar kompleksinə qayıtmaq mümkün olmalıdır. Birinci yol insanın dünyanı dəyişdirməsi, ikinci yol dəyişdirilmiş dünyanın dərk olunmasıdır. Lakin hər iki halda sükunət mümkün olmadığından biz proseslər və ya prosesin hansısa məqamı ilə rastlaşırıq.
Əsas məsələ odur ki, insan ilə obyektin əlaqəsi bu proseslərin hansı mərhələsində başlanır. Çünki proseslər təkcə baxılan insanın, indi hadisələrə qatılan subyektin ideyası və iradəsi ilə bağlı deyildir. Maddi dünya böyük, mütləq bir ideyanın daimi fəaliyyəti ilə yanaşı, çoxlu kiçik ideyaların, insan fəaliyyətlərinin reallaşması və digər tərəfdən də dərk olunması proseslərinin kompleksidir. Fiksasiya olunmuş subyekt hansısa konkret zamanda və ya məkanda bu mürəkkəb hadisələr kompleksinə əlavə olunur, qatılır və bununla bu böyük prosesdə nə isə kiçik bir kənaraçıxma, xəta yaranır. Lakin bu xəta həmin subyekt tərəfindən əsl dünya kimi qəbul olunur.
Maraqlıdır ki, xaosda «təsadüflər nəticəsində» qaydalı proseslərin ortaya çıxması halları müasir elmin ən aktiv sahələrinin əsasında dayanır.
Yuxarıda biz materiyanın paylanmasından danışdıq. Yəni, söhbət zərrəciklərin, cisimlərin (materiyanın) boşluqda, boş fəzada yerləşməsindən deyil, materiyanın müxtəlif formalarda müxtəlif sıxlıq dərəcələrində paylanmasından gedir.
Eləcə də dünyanın zaman xəritəsini çəkmək olar. Harada proseslərin daha böyük, harada daha kiçik sürətlə getməsinin «coğrafi mənzərəsini» müəyyənləşdirmək olar.
Zaman və məkan haqqında indiyə qədərki təxmini təsəvvürlərdən çıxış edərək fərz eləyək ki, müəyyən lokal məkanda, müəyyən sonlu zaman intervalında obyektlər çoxluğu mövcuddur. Zamanın hər bir anında obyektlər müəyyən bir vəziyyətdə olacaqlar. Sistem sükunətdə deyilsə, deməli zaman keçdikcə çoxluğun kompanentləri özləri və ya onlar arasında münasibət dəyişəcəkdir. Sadəlik üçün fərz edək ki, obyektlərin öz daxilində dəyişiklik getmir. Onda zamanın keçidi ancaq obyektlərin qarşılıqlı yerləşməsinə görə, daha doğrusu buradakı dəyişilməyə görə müşahidə olunacaqdır. Əgər bu dəyişilmə tsiklik (dövrü) səciyyə daşıyırsa, müəyyən vəziyyətlərdən sonra yenidən ilkin vəziyyətə qayıdış olacaqdır. Yəni elə bil ki, zaman keçməmişdir. Lakin dəyişilmə müəyyən qanunauyğunluq üzrə baş verirsə və müxtəlif anlar arasında funksional asılılıq varsa (səbəbiyyət prinsipi) və ilkin vəziyyətə periodik qayıtma yoxdursa, deməli biz bir ideyanın maddi təcəssüm prosesi ilə üzləşirik. Lakin heç bir qanunauyğunluq yoxdursa və ilkin vəziyyətə qayıdış müddəti də qeyri-müəyyəndirsə, daha doğrusu təsadüfidirsə, deməli heç bir ideyanın açılışından, maddi təcəssümündən söhbət gedə bilməz. Bu halda zamanın keçib-keçmədiyini müəyyənləşdirmək də mümkün olmaz.
Beləliklə zaman, əslində, ideyanın maddi təcəssümü prosesinin bir göstəricisidir.
Lakin məkan genişləndikcə və baxılan lokal məkana qonşu olan, onunla təmasda olan digər məkanlardakı qanunauyğun proseslər amorf mühit üçün də zamanın keçməsi kimi görüntü yarada bilər… Lokal məkanda, daha böyük məkanda, bütün planetdə, Günəş sistemində, qalaktikada və s. gedən hər hansı bir proses başqa lokal məkanlardakı proseslər üçün şərt ola bilərmi?
İdeya, şüur və yaradıcılıq
İnsanı sadəcə öz öhdəsinə buraxmaq, insanı onun düşdüyü mühitdəki axınlarla (hər bir axın kənar bir ideya və ya psevdoideyanın reallaşma prosesidir) təkbətək qoymaq olmaz. Çünki belə mübarizədə ancaq çox böyük zəka və iradə sahibləri qalib gələ bilər. Əksəriyyət üçün böyük ideyaların təsir dairəsindən çıxmaq və cari proseslərin və meyllərin cazibəsindən qurtula bilmək üçün daimi bir köməyə, istiqamətləndirilməyə, yaddaşın, mənəvi öhdəliklərin və inamın müntəzəm iştirakının təmin edilməsinə böyük ehtiyac var...
İnsanın hər dəfə özündən asılı olmadan qatıldığı cari hadisələrdən, onların hissi-mənəvi axarından ayrılaraq özünə qayıtmasına, ali məqsədə, ilkin böyük ideyaya, ilahi başlanğıca qayıtmasına bir təkan lazımdır.
İnsanı seçim qarşısında tək-tənha buraxmaq olmaz. Onu uzun müddət nəfsin (daxili şeytanın) və ya nəfsanə ictimai mühitin (xarici şeytanın) ixtiyarında qoymaq olmaz. İnsan hətta məcburiyyət üzündən, ictimai zəruri bir akt kimi cari hadisələrə qatılırsa, o, tamamilə həmin mühitdə itib-batmamalı, bir ayağı ilə böyük dünyada dayanmalıdır...
İnsan hətta haqq-ədalət yolunu bilsə də, haqqı nahaqdan seçmək iqtidarında olsa da, papağını qarşısına qoyaraq haqq-hesab aparmaq üçün macal tapmaya da bilər, axın onu qarşısına qatıb apara bilər.
Bir dəfə haqqı dərk etmək azdır. Çünki insan əslində müxtəlif mənəvi-psixoloji səviyyələrdə, qatlarda olarkən onun müqavimət gücü və iradəsi də müxtəlif olur. İnsanın daxil olduğu hadisələrin, proseslərin cazibə qüvvəsi də müxtəlif olur. (Əslində söhbət həmin hadisələrin əsasında dayanan ideyanın və ya ictimai-nəfsani duyğunun gücündən və cazibəsindən gedir).
İnsana onun nə vaxtsa təmasda olduğu, şüurlu surətdə icrasına qatıldığı ali məqsədlə, böyük ideya ilə yanaşı həmişə fərqli istiqamətlərdə də təsirlər vardır və onların mühiti daha yaxın olduqda təsirləri də daha güclü olur (İdeya zəif olsa da, mühitin yaxınlığı həlledici rol oynaya bilər.)
Müəyyən istiqamətdəki təsirin səmərəsi o zaman çox olar ki, davamlı olsun, müntəzəm olsun və vaxtaşırı olaraq cari situasiyalardakı təsirlərə müqavimət göstərmək üçün insanı böyük ideyaya qaytarmaq təşəbbüsü göstərilsin. Fasilələrin müddəti fərqli ideya və əhvalın yönəmini (fokusunu) dəyişməsi üçün tələb olunan vaxtdan çox olmamalıdır.
Məsələn, namaz qılmaq insanın cari həyatda qatıldığı hadisələrin yaratdığı hissi təsirlərdən xilas olmaq üçün, onların böyük ideya meyarı ilə dəyərləndirilməsi, ali hisslər süzgəcindən keçirilməsi üçün bir təkan, bir köməkdir.
İnsanlar heç də hamısı öz ideyalarının maddi təcəssümü ilə məşğul olmurlar. Əksəriyyət kənar bir ideyanın, ictimailəşmiş və ya başqasına məxsus olan, başqası tərəfindən diqtə olunan bir ideyanın maddi təcəssüm zəncirində bir halqa kimi çıxış edirlər. Bu modeli sadə şəkildə ideyanın bilavasitə çoxlu sayda insanlara ötürülməsi və ya bir iyerarxiya halında, ideyanın parçalanaraq hissə-hissə çatdırılması şəklində təsəvvür edə bilərik. Məsələn, zabit bütün alay üzrə əmr verir və hamı eyni bir əmri icra edir. Burada hətta çoxpilləlilik olsa belə, yenə eyni ideyanın paylanmasından söhbət gedir. Tutaq ki, general zabitlərə, zabitlər də hərəsi öz tabeçiliyində olan əsgərlərə eyni bir əmri çatdırır. Burada sadə, bölünməmiş ideyanın vasitələrlə çatdırılmasından söhbət gedir. Digər halda isə qərargah üzvləri hansı isə hərbi əməliyyatın sxemini hazırlayırlar. Və bu sxemdə hər bir briqadanın ayrı-ayrı tapşırıqları, funksiyaları nəzərdə tutulur. Hər briqada daxilində də ayrı-ayrı alaylar üçün müəyyən funksiyalar nəzərdə tutulur. Burada mürəkkəb ideyanın parçalanması və icraçılara çatana qədər bir neçə dəfə sadələşməsi prosesi baş verir. Bir neçə varianta baxaq. Ola bilər, əməliyyatın sxemi o dərəcədə təfərrüatlı hazırlansın ki, hətta hər bir alay komandanının batalyonlar arasında aparacağı funksiya bölgüsü və hər batalyon komandirinin əsgərlərə verəcəyi tapşırıqlar – hamısı irəlicədən nəzərdə tutulmuş olsun. Ola da bilər ki, əsas əməliyyat sxemində ancaq briqadaların üzərinə qoyulan vəzifələr nəzərdə tutulsun və hər bir briqada komandiri özü qarşısında duran vəzifəni həyata keçirmək üçün müstəqil plan-sxem hazırlasın. Və burada da ancaq alayların vəzifələri müəyyənləşdirilir, hər alay komandiri də öz növbəsində qarşısında duran vəzifənin həyata keçirilməsi üçün əməliyyat planı hazırlasın və s.
İctimai həyatın bütün sahələrində biz ideyalar və onların maddi təcəssümündə müxtəlif nisbətlərin şahidi oluruq. Məsələn, dövlət quruculuğu sahəsində avtoritar və demokratik hakimiyyətlərin fərqləri bu cür yanaşma kontekstində çox aydın görünür.
Təbiətdə səbəbiyyət zəncirinin müxtəlif halqalarından hər biri əslində başqa bir zəncirlə kəsişmədən mövcud ola bilmədiyi üçün biz dünyadakı qanunauyğunluqları idealizasiya halında dərk etməyə çalışırıq.
Bəli, insanların əksəriyyəti ideya müəllifi yox, icraçılardır. Lakin hər bir insan böyük miqyaslı ictimai proseslərdə icraçı olsa da, özünəməxsus bir miqyasda ideya müəllifi kimi çıxış edir. Öz ailəsi ilə bağlı, öz şəxsi həyatı ilə bağlı planlar cızır və onların həyata keçirilməsində bəzən üçüncü tərəflərin iştirakından istifadə edir. «Sən saydığını say, gör fələk nə sayır». Sən hansı isə kiçik miqyaslı bir ideyanı həyata keçirərkən, özünün də xəbərin olmadan başqa bir ideyanın icraçısı kimi çıxış edə bilərsən.
… Lakin hadisələr hələ çiy olan ideya sistemində, öz yerini tapmamış, yetişməmiş, kamilləşməmiş, bütövləşməmiş hər hansı bir fikrin, ideyaçılığın tezcə maddiləşdirilməsi, tətbiqi kimi ortaya çıxarsa, biz əslində ideyalı fəaliyyətin yox, ideyasız, mahiyyətsiz fəaliyyətin, hadisəçiliyin, xaosun daha bir nümunəsinin şahidi oluruq. Biz hadisələr dünyasından, təsadüflər dünyasından danışarkən tam maddi, mütləq maddi, özündə heç bir ideyanı saxlamayan, fikirdən düşüncədən azad bir proses nəzərdə tutmuruq. Maddi və idealın sintezi, qatışığı ilə hər yerdə, həmişə üzləşirik. (İkinci təbiət, incəsənət, maddi istehsal və sair). Hətta insan əli dəyməmiş təbii meşə, dağ, şəlalə və s. də sadəcə insanla ünsiyyətdən xüsusi mənalar kəsb edərək yenə də maddi ilə mənəvinin sintezinə çevrilə bilərlər.
Ağıllı insanlar təbiətdə gedən prosesləri də, obyektiv ictimai prosesləri də öz ideyalarının reallaşmasında istifadə edə bilirlər. Əsas məsələ obyektiv proseslərin istiqamətlərini, tendensiyalarını düzgün müəyyənləşdirə bilmək, zərurətlərdən çıxış edərək təsadüflər yaratmaqdır.
Ideya iki vəziyyətdə olur: aktiv və passiv vəziyyətdə.
Insan üçün ideyanın yaranması prosesi insan şüuru ilə bağlıdır. Insanın subyekt olduğu, formalaşdırdığı ideya başqalarına ötürülmək üçün sözlərlə ifadə olunur və ya yazılı şəkildə çatdırılır. Bu, ideyanın simvolik maddiləşməsidir. (zira o maddiləşməsə insan şüurunun hüdudlarını keçərək müstəqil amil kimi çıxış edə bilməz, başqalarının malı ola bilməz). Ideyanın həm də praktik maddiləşməsi, başqa sözlə maddi təcəssümü də mümkündür.
Mükəmməl və yarımçıq ideyalar. Elmi mətn. Elmi nəzəriyyə. Konsepsiya. Nisbi kamillik.
Əlbəttə, bütöv ideyanın maddi təcəssümü də bütöv olur. Lakin ideyanı hələ yetişməmiş, yarımçıq halda reallaşdırmaq (ya simvolik, ya praktik müstəvidə) cəhdləri də mümkündür. Burada iradənin hansı məqamda prosesə qoşulmasından çox şey asılıdır.
Iradə ideya ilə maddi təcəssüm arasında körpüdür.
Maddiləşmə mərhələsindəki ideya, əslində passiv ideyadır. Ideyanın özünün yetişməsi mərhələsi – onun həyatıdır! Ideyanın öz məxsusi həyatı. Hələ canlı olan ideya!
«Fəaliyyət» və «yaradıcılıq» anlayışlarına bu kontekstdə nəzər salaq. Bəziləri belə başa düşür ki, müəyyən məhsul hasilatı ilə bitən maddi fəaliyyət, hər hansı yeni bir şeyin yaradılması – yaradıcılığa nümunə sayıla bilər. Maşın, makina icad edənlər, heykəl yapanlar və s. güya öz maddi fəaliyyətləri ilə, yaradıcı iş ilə məşğul imişlər. Halbuki, yaradıcılıq ancaq fikirdə gedən prosesdir. Məlum bir ideyanın onuncu dəfə, yüzüncü dəfə maddi təcəssümü yaradıcılıq hesab oluna bilməz. Fikirdə yaranmış hansısa bir model sözə, biliyə çevrilərək kopiyalana, çoxaldıla bilər və yüzlərlə adam həmin fikri modelin maddi təcəssümü ilə məşğul ola bilər. Yaradıcılıqla ancaq bir adam məşğul olduğu halda, yəni ilkin ideya bir şəxsin zehninin məhsulu olduğu halda, onun maddi təcəssümü ilə çoxlu sayda insan məşğul ola bilər.
Bəzən bir cismin, bir qurğunun kopiyalanmasından, tiraolanmasından söhbət gedir. Amma əslində, çoxaldılan cisim deyil, onun ideyasıdır. Yəni ideya varsa, onun çoxsaylı şəkildə maddi təcəssümü üçün ancaq çoxlu material lazımdır. Lakin ideya yox hazır cisim (qurğu) varsa, onu yenidən ideyaya çevirmədən tiraolamaq mümkün deyil. Maddənin ancaq görüntüsünü başqa maddəyə köçürmək onun təkrarını, analoqunu almaq sayılmaz.
Ümumiyyətlə, eyniylə təkrar mümkün də deyil. Ən azı, material həmin material olmayacaq.
Müəyyən formalı stolu palıddan da, şamdan da, plastmasdan da və s. düzəltmək olar. Onu müxtəlif rənglərə də boyamaq olar. Hər şey ideyanın nədən ibarət olmasından asılıdır. Stol bizə funksiyasına görəmi, rənginə yoxsa materialına görəmi önəmlidir?
Ideyanın özündə, fikri modeldə (və ya onun simvolik maddi təcəssümü olan layihədə, sxemdə) maddiləşə biləcək bütün məqamlar, təbii ki, öz əksini tapmır. «Boşluqlar» maddi təcəssüm zamanı şəraitdən asılı olaraq doldurulur.
Ideya – ümumidir, maddi təcəssüm – təkcədir. Hər bir konkret maddi təcəssümdə, hər bir konkret hadisədə ideyanın həkk olunduğu, reallaşdığı bir fon, bir maddi mühit vardır. O həmişə sonsuz və qeyri-müəyyəndir («materiya tükənməzdir!»). Ideya isə sonludur! Ideya insanın amorf mühitdən, sonsuzluqdan ayırıb, seçib üzə çıxardığı, işıqlandırdığı ayrıca bir əlaqədir, strukturdur.
Ideya mahiyyətdir. Mahiyyət ideyadır. Ümumi də mahiyyətdir və ideyadır.
Təkcə isə hadisədir. Maddi olan hər şey hadisədir.
Fəlsəfədə bizə zaman və məkan müəyyənliyindən məhrum olan, hər hansı bir konkret təzahürdən, ölçüdən, kəmiyyətdən, formadan və s. və s. məhrum olan abstrakt bir maddilik timsalı – materiya adlanan bir şey yox, canlı, hərəkətdə olan, konkret ölçüsü, rəngi, temperaturu, bir sözlə, xassələri olan hadisələr, təkcələr, nəticələr, təsadüflər və onların hər an ideya ilə, ümumi ilə, mahiyyətlə əlaqəsi, nisbəti, dialektikası maraqlıdır.
Zərurət də ümumidir, mahiyyətdir. Başqa sözlə, ümumi, mahiyyət, zərurərt və hətta, ola bilsin ki, səbəb və forma – hamısı ideyaya aid olan bir şeydir. Təkcə, hadisə, təsadüf, habelə nəticə və məzmun isə maddiliyi ifadə edir.
Hər bir anlayış ümuminin bir ifadəsidir.
Insanı insan edən onun ümumilərin münasibəti dünyasında yaşamasıdır. Daha doğrusu, insan təkcələr dünyasında da yaşayır. Lakin fikrində, hafizəsində çox nadir hallarda təkcələri olduğu kimi, konkretliyi ilə yadda saxlamağa çalışır. Təkcələrin, hadisələrin yadda saxlanması şəxsi həyat müstəvisində xatirələr şəklində, sənətdə isə rəsm, musiqi, şer vasitəsilə həyata keçir. Daha doğrusu, sənət bəlkə də ümumilərin təkcələr vasitəsilə ifadəsidir.
Biz burada bir tərəfdən «xalis ideya» ilə insan şüurunda formalaşan, rasionallaşan ideyanın (fikri ideya) fərqini, digər tərəfdən fikri ideya ilə maddi reallıqda təcəssüm olunmuş ideyanın fərqini nəzərə almalıyıq. Xalis ideya insan şüuru üçün əlçatmazdır. O, elə bir limit, elə bir üfüq, elə bir ideal haldır ki, insan şüuru ona ardıcıl surətdə yaxınlaşa bilər, müxtəlif səmtlərdən yan ala bilər və fikirdə bu «xalis ideyanın» müxtəlif maketlərini, modellərini, obrazlarını yarada bilər. Lakin bu yaxınlaşmaların nəticəsi heç vaxt tam mükəmməl olmadığından sonraki axtarışlar üçün yer qaldığı məlum olub. Fikrin «son həddi» əlçatmazdır. Digər tərəfdən, bu natamam ideyaların maddi təcəssümü daha çox natamam olur. Maddi reallıq bir ideyadan formalaşmır. Istənilən cisim və ya hadisə çoxlu sayda (sonsuz sayda?) aşkar və qeyri-aşkar ideyaların maddi təcəssümü kimi mövcuddur. Həm də qeyri-aşkar ideyalar daha çoxdur. Insan maddi müstəvidə nəyi isə düzəldərkən, özünün rasionallaşdırdığı hansı isə aşkar ideyanı təcəssüm etdirmək istərkən istifadə etdiyi «materiallarda» çoxlu sayda qeyri-aşkar ideyaların təcəssüm olunduğunun bəzən fərqinə varmır.
Xalis ideyanın təbiətdəki maddi təcəssümləri də, əslində ideyalar kompleksinin maddi mövcudluğu kimi mümkün olur. Ancaq bir ideyanı təcəssüm etdirən maddi reallıq mümkün deyil. Bu olsa olsa, bir ideyalizasiyadır. Maddi aləmin, buradakı proseslərin ideyalizasiyası əslində bir ideyanın ideyalar sistemindən qoparılaraq ayrılıqda nəzərdən keçirilməsidir. Öz maddi təcəssümünü tapmış ideyanın yenidən ideya halına qaytarılmasıdır. Ideyanın müstəqil, fərdi mövcudluğu ancaq ideya müstəvisində mümkündür. Maddi reallıqda öz əksini tapmış ideyalar fəlsəfədə çox vaxt «ümumi» kateqoriyası ilə ifadə olunurlar. Hər bir «təkcə» əslində sonsuz sayda ümumilərin konsentrasiyasından, eyni bir məkanda, eyni bir maddi bazisdə toplanmasından ibarətdir. Təkcələr ona görə təkrarolunmazdır ki, onların hər biri sonsuz sayda müxtəlif ümumilərin müxtəlif nisbətlərdə və müxtəlif münasibətlərdə məxsusi toplumudur. Hər bir təkcə müəyyən bir kontekstdə ifadə etdiyi, təcəssüm etdirdiyi ideyalardan (ümumilərdən) biri və ya bir neçəsi ilə «meydana çıxır».
Feyerbax deyir: «Elm ümumilər arasındakı əlaqədir». Ümumi isə, tükənməz maddi fondan, sonsuzluqdan abstraksiya olunmuş, ayrılmış müəyyən bir cəhət, əlamət, xassə və s.dir. Beləliklə, elm cisimlər, hadisələr (təkcələr) arasındakı münasibəti ifadə etmir. Çünki heç bir cisim, heç bir hadisə vahid bir ideyanın təcəssümü deyildir. Elm, əslində, ideyalar arasında münasibəti «öyrənir». Başqa sözlə, ideyaların özünün də bir sistemi vardır. Kiçik ideyalar böyük ideyaların strukturuna daxil olur. (Buradakı «struktur» anlayışını cisimlərin strukturu ilə müqayisə et!).
Elm dünyası ideyalar dünyasıdır. Daha doğrusu, mütləq ideya ilə nizmalanan ideyalar dünyasına ardıcıl yaxınlaşmadır. Məhdud zaman intervalında (insan ömrü) ayrıca bir insanın ideya axtarışları ilə müqayisədə bütövlükdə bəşəriyyətin daha böyük zaman ərzində ideya axtarışları daha mükəmməl ideya sistemlərinin, elmi nəzəriyyələrin və nəhayət bütövlükdə elmin bir sistem kimi formalaşmasına doğru yönəlmişdir. Lakin elm həmişə yarımçıqdır. Onun strukturunda işıqlı sahələrlə yanaşı, çoxlu qaranlıq sahələr hələ də qalmaqdadır.
Ideyanın formalaşması bir cür prosesdir, onun maddi təcəssüm üsullarının tapılması başqa tipli bir prosesdir. Heç də hamı öz fikrini ifadə edə bilmir. Fikrin sözə çeviriliməsi üçün ideyanın anlayışlar və sözlər qəlibinə salınması (və ya tərsinə) lazımdır. Lakin hətta, sözlərlə ifadə olnmuş ideya praktik müstəvidə maddi təcəssümünü tapa bilməyə bilər. Bəzən söz yox sxem, qrafik, layihə ideyanın maddi təcəssümünə gedən yolda daha optimal keçid rolunu oynaya bilər.
Incəsənətdə məntiqi müstəvidə dərk olunmamış ideyalar (təəssuratlar, hiss, həyacanlar) təbii ki, sözlə deyil, rənglə, səslə (təsviri sənət, musiqi və s.) ifadə olunur. Lakin bəzən yaranmış təəssuratları ifadə etmək mümkün olmur və ya bu proses çox ağrılı keçir. Bunun üçün müvafiq texnologiyanın mənimsənilməsi, müvafiq vərdişlər lazımdır.
Şüur və materiya
«Ideya» və «şüur» anlayışlarının fərqli cəhətlərinin nəzərə alınması çox vacibdir.
Əksər tədqiqatçıların qəbul etdiyi kimi, şüur heç də bütün cisimlərə və hətta canlılara aid olmayıb, ancaq insanlar üçün səciyyəvi olan bir imkandır. Düzdür, şüuru bütün canlılara aid edən fəlsəfi cərayan da («hilozoizm») vardır. Lakin filosofların böyük əksəriyyəti bu mövqeyi bölüşmür. Cansız əşyaların şüura malik olması isə daha çox ağlabatmazdır. Ona görə də, «insana məxsus olma» şərti çox vaxt şüurun tərifinə də salınır. Inkas təliminin tərəfdarları şüura obyektiv gerçəkliyin insan beynindəki inkası kimi tərif verirlər. Şüur inkasın formalarından biri, ali inkas forması hesab olunur.
Şüur hadisəsindən insandan kənarda, nə isə müstəqil bir tərəf kimi bəhs edilmir. Bu mənada, şüurun bütövlükdə materiya ilə qarşılaşdırılması, onun tərəf-müqabil kimi götürülməsi əslində müxtəlif tərtibli və müxtəlif mərtəbələrdəki anlayışların qeyri-adekvat müqayisəsidir.
Şüur əslində ideya ilə materiya arasında bir körpüdür.
Məlum olur ki, maddi reallığın ən mürəkkəb və ali foması olan insan organizmi (əlbəttə, xüsusilə beynin və sinir sisteminin rolu qeyd edilməklə) «ideyanı tutmaq» qabiliyyətinə malikdir.
Maddi reallığın yüksək inkişaf səviyyəsi, ali forması olmaq nə deməkdir? Əslində, söhbət daha mükəmməl bir ideyanın maddi təcəssümündən getmirmi? Yəni elə bir mükəmməl ideyadan ki, onun maddi təcəssümü (insan organizmi) digər maddi təcəssümləri (əslində, onların əsasında duran ideyaları) «mənimsəmək» və onları öz incə strukturuna daxil etmək, müəyyən ideyalar şəbəkəsini ehtiva etmək imkanına malikdir. Burada önəmli olan odur ki, insan ancaq hansı isə mükəmməl ideyanın maddi təcəssümü kimi çıxış etmir, həm də müəyyən ideyalar şəbəkəsinin bilavasitə (yaxud ən qısa vasitələnmə ilə) mövcudluğunu, həyatını (yaxud ikinci həyatını) təmin edir. Bu mənada insanın iki varlığından – onun cismani və mənəvi varlığından söhbət getməsi tamamilə yerinə düşür. Əgər hər hansı bir insan ideyalar aləminə qədəm qoya bilirsə, həmin məqamda onun maddi aləmlə şüur əlaqəsi kəsilmiş olur. Başqa sözlə, insanların bir qismi iki dünyada yaşamaq – gah maddi dünyada, gah da ideyalar dünyasında bulunmaq əzmindədirlər. Böyük əksəriyyət ancaq maddi dünya ilə şüur təmasında olur. Ideyalar dünyası onlar üçün əlçatmazdır.
Şüur insanın digər maddi varlıqlarla münasibətdə, təmasda həmin maddi varlıqlarda təcəssüm olunmuş bu və ya digər ideyaları «tutmaq» qabiliyyəti kimi də özünü göstərir. Lakin insan ideyaları heç də ancaq təmasda olduğu cisim və hadisələrdən almır. Bunun bir yolu başqa insanların simvolikalarla ötürdüyü ideyaların mənimsənilməsi digər yolu isə fəhm, intuisiya vəhydir. «Yaradıcı insanlar» ən çox vəhylə işləyir, öz ideya dünyalarındakı münasibətləri simvolikalara köçürürlər. Deməli, iki müxtəlif proses gedir: cisim və hadisələrdə təcəssüm olunmuş ideyaların ayrılaraq, «tutularaq» (sxvatitğ) insanın ideyalar şəbəkəsinə daxil edilməsi, digər tərəfdən ideyalar dünyasından götürülmüş, çıxarılmış hansı isə xalis, bütöv ideyanın simvolika ilə başqalarına ötürülməsi və ya maddi təcəssümü.
Burada Kantın özündə şey və aprior bilik haqqındakı təlimini yada salmamaq mümkün deyil. Özündə şeylə təmasda insan həqiqətən də materialistlərin dediyi kimi bu şeyi tam inikas etdirmir. Tam inikas heç olmazsa, ona görə mümkün deyil ki, hər bir maddi obyekt, cisim, hadisə sonsuzdur, tükənməzdir və özündə bir yox, çoxlu sayda, qeyri-müəyyən sayda ümumilər saxlayır. Bir ideyanın deyil, çoxlu sayda ideyaların təcəssümü kimi mövcuddur. (O başqa məsələ ki, bu cisimdə, hadisədə hansı ideyalar kamil şəkildə, hansılar yarımçıq, hansılar isə qeyri-müəyyən, anlaşılmaz şəkildə təcəssüm olunmuşdur).
«Ideya» anlayışı isə bilavasitə insan beyni ilə əlaqələndirilmir və «materiya» ilə tərəf-müqabil olmağa, ona əks qütb təşkil etməyə daha çox səlahiyyətlidir.
«Ideya» anlayışından bir çox hallarda insandan asılı olmayan müstəqil bir varlıq forması kimi bəhs olunur. «Mütləq ideya»dan, «ideyanın kütlələrə yiyələnməsi»ndən, «ideyalar aləmi»ndən və s. bəhs olunur.
«Ideyanın maddi təcəssümü» heç də maddənin ideyalaşması, yaxud şüura malik olması mənasında başa düşülmür.
Şüur mürəkkəb bir prosesdir. Şüur fəaliyyətinin də nəticəsində ideyalar formalaşır. Beləliklə, şüur maddə ilə ideya arasında mövqe tutmaqla insanın ideya əldə etmək, ideya hazırlamaq fəaliyyətinə daha çox uyğun gəlir. Yəni, qütb təşkil edən materiya və ideya olduğu halda, şüur ideyanın formalaşmasına xidmət edən bir prosesdir. Insan başqasının formalaşdırdığı və sözlə, yaxud yazılı şəkildə ifadə etdiyi ideyaları da şüur vasitəsilə qəbul edir. Ideya mənimsənilmiş olur.
Şüur başqasına ötürülə bilməz, lakin ideya həm ötürülə bilir, həm də öz maddi təcəssümünü tapa bilir. Beləliklə, ideya müstəqil bir substansiyadır və obyektiv idealistlər «varlıq» dedikdə məhz ideyanı nəzərdə tuturlar.
Biz formaya malik olan maddi gerçəkliyi, cisim və hadisələri bir materiya nümunəsi olmaqdan daha öncə, bir ideya təzahürü kimi izah etdik. Ideyanın maddi dünyadakı varlığı, ideyanın cismani həyatı.
Istənilən halda, varlıq ideyadan ibarətdir.
Xalis ideyaya əks qütb təşkil etməli olan xalis materiya, mütləq maddi reallıq, hər hansı hadisə və prosses üçün, cisim və əşya üçün, bir sözlə, strukturu və təyinatı olan maddi varlıqlar üçün ilkin material rolunu oynaya biləcək səlt, ifrat amorf, bir sözlə, struktursuz maddi varlıq axtarışları elmdə həmişə olmuşdur.
Elektromaqnit təlimində efir, termodinamikada flagiston, Kant və Laplas hipotezində dumanlıqlar və s. bütün fəzanı dolduran kəsilməz maddi mühit haqqında təsəvvürlər elmdə heç vaxt axıradək bəraət qazana bilməmişdir. Makro strukturu, forması olmayan və istənilən boşluğu doldura bilən maye və qazların da molekullardan təşkil olunması və bununla mikro struktura malik olması, hətta atomların və elementar zərrəciklərin əslində bir o qədər də “elementar” olmadıqlarının aşkara çıxması bütün maddi aləmin diskretliyi və strukturluluğu fikrinə gətirib çıxardır.
Bütün hadisələrin və cisimlərin hissələrinə ayrılması və böyük qurumların hansısa kiçik qurumlardan təşkil olunması adətən müəyyən qanunauyğunluqlar əsasında olur. Ilk baxışda maddi obyekt, xalis materiya təsiri bağışlayan şeylərin əslində müəyyən struktur əsasında təşkil olunduğu aşkara çıxır. Zahirən bütöv və yekcins cisimlərin əslində müəyyən qayda ilə “doldurulduğu” aşkara çıxır. Və həmişə boş hissə dolu hissədən böyük olur. Dolu hissənin özünün də içərisində boşluqlar olduğu aşkara çıxır. Klassik mexanika dövründə hər şey korpuskul və boş məkanın müxtəlif kombinasiyaları kimi təsəvvür olunurdu. Yəni, cisimlər zərrəciklərin, korpuskulların boş məkanda müəyyən formada, müəyyən konfigurasiya üzrə birləşmiş, əlaqələnmiş struktur kimi təsəvvür olunurdu. Yenə də “boşluq” və “maddə”nin kombinasiyaları, lakin bu “boşluq” nə olan şeydir, “maddə” nə olan şeydir?
Hər halda cisim və hadisələrin materiyanın əsası hesab olunan müəyyən ilkin zərrəciklərlə boşluqların müxtəlif kombinasiyalarından təşkil olunması və hər şeyin məhz bu kombinasiyalardan, strukturdan, formadan asılı olması klassik fizikada şübhə doğurmurdu.
Hər şey bir tərəfdən “boşluq” və “maddə”nin necə başa düşülməsindən, digər tərəfdən strukturdan, formadan asılı olur. Bəs struktursuz, müəyyən qayda ilə düzülməyən, təsadüfi düzümlü obyektlər varmı? Xaos varmı?
Əslində ilkin material axtarışı xeyli dərəcədə «xaos» axtarışı ilə üst-üstə düşür.
Digər tərəfdən, cisimləri və ya hadisələri formalaşdıran maddə paylanmasında sıxlığın dəyişilməsidir. Eyni strukturun təkrarlanması, eyni sıxlığın təkrarlanması, eyni rəngin davam etməsi hələ müəyyən bir mühitin bitmədiyindən xəbər verir. Gerçəklikdəki müxtəliflik, rəngarənglik bu təkrarlanmadakı fasilələrdən, sıxlığın dəyişilməsindən, bir nisbətin, bir qaydanın başqasıyla əvəzlənməsindən irəli gəlir. Ancaq xaosda eyniyyətdən danışmaq məcburiyyəti ortaya çıxır.
(Istilik effektindən, entropiyanın artmasından, termodinamikanın qanunlarından danışarkən sistemin daxili nizamı, burada hər hansı bir qanunauyğunluğun olması istisna olunur. Hər hansı nizam, hər hansı qayda ideyanın maddi təcəssümündən xəbər verir. Ideyanın iştirakı entropiyanın azalmasına, yoxluğu və ya azlığı isə entropiyanın artmasına səbəb olur. Ideyanın tam yoxluğu entropiyanın mütləq yüksək qiymətinə ekvivalent olmalıdır) .
Ideya struktur kimi, qayda kimi, qanunauyğunluq kimi təzahür edir, yaxud başqa sözlə desək, öz maddi təcəssümünü materiyanın formasında tapır. (Aristotelin formalar haqqında təlimi də bu konsepsiyaya uyğun gəlir).
Forma və məzmun qarşıqoymasını ideya və materiya qarşıqoyması ilə eyniləşdirmək olmaz. Belə ki, forma əslində yalnız makro strukturu, makro funksiyaları, yekun ideyanı ifadə edir. Məzmun isə cismin, hadisənin çoxqatlı strukturunda bütün alt qatlardakı strukturları və bu qatlardakı ideya-maddə münasibətlərini, onların məcmusunu ifadə edir. Bu baxımdan forma ideya-məzmun iyerarxiyasında ən yüksək qatın ifadəsi kimi çıxış edir ki, bu yüksək qat da həmişə ideya qatı olur. (Təyinatı, funksiyaları bilinməyən makro strukturunda nizam, qayda nəzərə çarpmayan cisimlər insan meyarı baxımından formaca dəyərsiz hesab oluna bilərlər. Lakin belə cisimlər forma alarkən dəyərə malik ola bilərsə … Üst qatda formanın –ideyanın aktiv şəkildə yoxluğu, məzmunun hər hansı ideya ilə birləşərək dəyər yaratmaq imkanını istisna etmir. Məsələn, qızıl külçəsi formasına görə olmasa da məzmununa görə həmişə qiymətlidir. Çünki forma almaq imkanını potensial şəkildə özündə saxlayır).
Ən aşağı qatın isə maddə – mütləq materiya qatı olması zənn edilir. Lakin bu, çoxpilləli quruluşda ən alt qatın dəqiq müəyyən edilməsi, başqa sözlə ideyasız materiya qatının aşkar edilməsi elmə hələ müəssər olmamışdır.
Hər bir cismin, hadisənin çoxpilləli strukturunda bir-birini əvəz edən, tamamlayan ideya və maddə qatlarının iki kənar qütbü; ən üst və ən alt qatları axtarıldığı kimi, bütövlükdə gerçəkliyin(?) də iki kənar qütbü kimi mütləq ideya və mütləq materiya anlamları ortaya çıxır.
(Lakin bir qütb fəzada fırlanıb o biri qütblə birləşə bilər).
Bu halda əksliklərin vəhdət məqamı necə başa düşülməlidir? (Burada məsələyə həm də panteizm kontekstindən baxmaq olar. Panteizmin ən ifrat, ən xalis təzahürü).
A.Şopenhauerin Kantı Hegeldən qorumaq təşəbbüsü
və ya «özündə şey» ideyasına yeni baxış
Hadisə heç də xalis maddiliyi, materiyanı ifadə etməyib ideya ilə materiyanın kəsişməsindən yaranıb. Xalis materiya isə diqqətlə yanaşıldıqda hissi idrakdan həmişə kənarda qalan, insan təcrübəsi üçün əlçatmaz olan «özündə şey»ə daha çox adekvatdır.
Materiya strukturlaşarkən, forma alarkən hadisəyə çevrilir.
«Özündə şey»in, «bizim üçün şey»in çevrilməsi, əslində, onun ideya ilə təması sayəsində mümkün olur.
Insan şüuru da materiyanı yox, məhz ideyanı «tutur», qavrayır, mənimsəyir.
Strukturlaşmamış, formaya düşməmiş materiyanın, «özündə şey»in nəinki hər hansı bir xassəsindən, kəmiyyət və keyfiyyətindən danışmaq mümkün deyil, onun heç zaman və məkan müəyyənliyi də yoxdur.
Artur Şopenhauer «Dünya bir iradə və təsəvvür(?) kimi» əsərində Kantın ən böyük xidməti olaraq hadisə ilə «özündə şey»in fərqləndirilməsini vurğulayarkən, bunu da xüsusi qeyd edir ki, «bizimlə «şey» arasında bir intellekt vardır deyə, şey özlüyündə mövcud olduğu kimi dərk oluna bilmir».1
A.Şopenhauer Kantın təlimini Con Lokk təlimi ilə müqayisə edərək yazır ki, «şeylərin «ikinci tərtib» xassələri – səs, iy, rəng, bərklik, yumşaqlıq, hamarlıq və s. hissi təəssuratlara əsaslandığından obyektiv cismə, özündə şeyə məxsus ola bilməz. Şeyin özünə o, ancaq «ilkin» xassələri… – sürəklilik, forma, sıxlıq, kəmiyyət və hərəkətliliyi aid edirdi. Lakin Kant göstərdi ki, Lokkun şeyin ilkin xassələri saydığı cəhətlər də, əslində, özündə şeyə deyil, onun bizim idrakı qabiliyyətimizdəki təzahürünə məxsusdur»2. A.Şopenhauerə görə, Lokk «ikinci xassələri» hiss orqanları tərəfindən daxil edildiyi üçün şeylərdən fərqləndirməklə kifayətlənir. Kant isə «ilkin xassələri» də «şey»ə aid etməyərək, insan beyninin funksiyası kimi izah edir (Daha doğrusu, Kantın Şopenhauer versiyası, şərhi belədir). Şopenhauer Kantın idrakın aposterior elementləri ilə yanaşı, aprior elementlərini də nəzərə almasını məhz «özündə şey» konsepsiyasının bu cür ardıcıl davamı ilə izah etməyə çalışır3.
«Özündə şey» məhz materiya kimi, material kimi, struktursuz, formasız məzmun kimi, digər tərəfdən yanaşdıqda, həm də məhz atom kimi başa düşüldükdə, hələ ideya ilə təmasda olmamış, hər hansı bir ideyanın təsirinə məruz qalmamış «ilkin varlıq», maddi başlanğıc kimi başa düşüldükdə – Kantın bu təlimi də, yeni bir mahiyyət kəsb edir.
Bir tərəfdən bütün kainatı dolduran «dumanlıq», efir kimi kəsilməz, tükənməz və sonsuz bir varlıq, digər tərəfdən atom (fizikadakı «atom»dan fərqi olaraq həqiqi bölünməz element) kimi, apeyron kimi… ən kiçik zərrə, əslində, sonsuz kiçik varlıq!
Bir tərəfdə sonsuzluq və kəsilməzlik, digər tərəfdə sonsuz kiçiklik və diskretlik. Və bu iki kənar halın eyni mahiyyətdə, eyni məvhumda birləşməsi!
Bu cür yaxnlaşma halında, «şey» nəinki formaca, həm də kəmiyyətcə qeyri-müəyyəndir.
Marksizm nə ideyanı, nə də materiyanı bir qütb kimi, kənar hal kimi qəbul etmir (anlamır). Kant fəlsəfəsi isə, Şopenhauerin tamamilə düzgün müşahidəsinə görə, ideal və real olanın tam əksliyindən, əks qütblər olmasından çıxış edir. Bu doğrudur; abstraksiya halında qütblərin müəyyənləşdirilməsi çox vacibdir. Lakin «gerçəklikdə», təcrübədə qütblər deyil, onların bu və ya digər nisbətdə qatışığı üzə çıxır. Daha doğrusu, insan şüuru ancaq ideyanı (formanı, strukturu, kəmiyyəti və s.) ayırd edə bilir. Ideya kompanenti olmayan «materiya» isə idrak üçün əlçatmazdır, sadəcə bir abstraksiyadır.
Marksizm hadisələri, əşyaları materiya ilə eyniləşdirir (təzahüri mahiyyətlə, məzmunla?… və s.).
Hegel isə bu iki kənar halı, qütbləri eyniyyətdə götürür. Mütləq ruh və mütləq maddiyyatın eyniyyəti. Şopenhaueri əsəbləşdirən də budur.1
Şopenhauerə görə, Kant göstərir ki, dünyanın başlanğıcı və sonunu bizdən kənarda yox, bizim özümüzdə axtarmaq lazımdır2.
Dostları ilə paylaş: |