Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə150/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   143   144   145   146   147   148   149   150   151

Amma Coys tez-tez söyləyirdi ki, özünün yeganə arzusunu heç vaxt həyata keçirə bilmir. Guya, sakitcə 
oturmaq və oxumaq istəyir. 
Terri bir vaxtlar onu "Qurucu" adlandırmışdı. Düzdü, o vaxt Martin incimişdi, amma indi telefon səsini 
eşidən kimi özü də deyinirdi: 
– Aman Tanrı! Yenə də "Qurucu"… Yəqin ki, hansısa yüksək əxlaqlı bir toyuğun başını qatmaq üçün məni 
çay içməyə çağırır… 
O, bütün bu qonaqlıqların işinə mane olduğunu izah etməyə çalışdıqda, Coys onun sözünü kəsir və cavab 
verirdi: 
– Yəni sən belə zəif və qərarsızsan?! Belə balaca adamsan ki, sənin üçün diqqətini toplamağın yeganə 
yolu adamlardan qaçmaqdır? Yoxsa böyük işləri idarə etməyi və eyni zamanda, oyun oynamaq üçün 
onlardan qopmağı bacaran böyük adamlardan qorxursan? 
Uzun müddət hirslənə bilmirdi, xüsusilə də "böyük" təyinatına… Martin əsəbiləşəndə, kobudluq etməyə 
başlayanda, Coys o dəqiqə grand dame-ya çevrilirdi. Belə olduqda isə Martin özünü söz qaytarmış lakey 
kimi hiss edir və daha sərt kobudluq edirdi. 
Coysun qarşısında onu qorxu basırdı. Xəyallarında Leoranın yanına qaçır, onunla birlikdə qorxmuş balaca 
uşaqlar kimi bir-birinə təskinlik verir, Coysun əlindən xəlvəti yerlərdə gizlənirdi. 
Amma Coys çox vaxt ərinə yaxşı yoldaş olurdu. Martin üçün gözlənilməz yeni əyləncələr axtarıb tapırdı. 
Oğlanları Con isə onların hər ikisini bir-birinə yaxınlaşdırır və qəribə bir iftixar hissi yaradırdı. Martin 
balaca Conu müşahidə edərək uzun müddət otura bilərdi. O, oğlunun güclü olduğuna sevinirdi. 
Dekabrda, Coys "taxt-tacın varisini" iki həftəlik cənuba aparanda, Martin bir neçə günlük Terrinin yanına 
qaçdı –"Sığırçın yuva"sına. 
Terrini uzun aylardan sonra yorğun və qaşqabaqlı – tam tənhalıq içində tapdı. Terri öz daxması ilə yanaşı 
laboratoriya üçün komacıq və at üçün primitiv bir tövlə də düzəltmişdi. Atlardan isə zərdab hazırlamaq 
üçün qan götürürdü. Terri bu dəfə keçmişdə olduğu kimi, öz işinin detalları haqqında böyük şövq ilə 
danışmadı, yalnız axşam, daxmada çəlləklərdən və yırtılmış sığın dərisindən düzəldilmiş kreslolara 
yayxanaraq ocaq qarşısında papiros çəkdikləri vaxt, Martin onu dostyana bir söhbətə cəlb edə bildi.  
Ev işlərinə və zərdablara Terri çox vaxt sərf etməli olurdu. Çünki başqa qazanc yeri yox idi və yalnız 
zərdabın satışı ilə öz xərclərini ödəyə bilirdi. Terri sakitcə "Əgər sən mənimlə olsaydın, nəyəsə nail ola 
bilərdim", – dedi. Bununla belə, onun törəmə kinələrlə bağlı tədqiqatı dayanmadan irəliləyirmiş. O, 
"Mak-Qerk"dən getdiyi üçün təəssüflənmirdi. Meymunlarla işləməyin mümkün olmadığı da meydana 
çıxmışdı. Axı həddindən artıq baha idilər, bundan başqa, Vermont qışını da çətin keçirirdilər. Amma Terri 
təcrübə üçün siçanları uyğunlaşdıra bilmişdi: onları pnevmaniyaya yoluxdururdu və … 


– Danışmağın nə mənası var, Cılız? Sənin üçün maraqsızdır, belə olmasaydı, çoxdan burada olardın, 
mənimlə birlikdə işləyərdin. Sən mənimlə Coys arasında öz seçimini etdin. Çox yaxşı. Təbii ki, bizim hər 
ikimizi saxlaya bilməzdin.  
– Bağışlayın ki, bura soxulub sizə mane olmuşam, cənab Uiket, – Martin dişlərini qıcadı və qapını çırparaq 
daxmadan çıxdı. Qara bata-bata, qaranlıqda kötüklərə ilişə-ilişə son saatda yaşadığı əzabı tam mənası ilə 
dərk edirdi – bu, fəlakət saatı idi… 
"İndi mən Terrini də itirdim… Onsuz da onun həyasızlığına dözməyəcəkdim! Mən hamını itirdim, Coys isə 
heç vaxt sözün əsl mənasında mənim olmayıb. İndi tamamilə təkəm. Bundan sonra çətin ki işləyə biləm. 
Mən bitmiş adamam! Daha mənə heç vaxt yenidən işə girişməyə imkan verməyəcəklər!" 
Və birdən-birə o başa düşdü ki, təslim olmayacaq. 
Səndələyə-səndələyə geri qaçdı və daxmanın astanasından qışqırdı: 
– Yox, qoca deyingən, biz bir-birimizdən bərk yapışmalı olacağıq!  
Terri də elə onun kimi həyəcanlı idi: hər ikisi göz yaşlarını güclə saxlayırdılar və kobud şəkildə bir-birinin 
çiynini şappıldadır, bir-birinə təsəlli verirdilər: 
– Əcəb iki axmaq tapılıb: yorulublarsa, deməli, küsüşmək lazımdır?! 
– Mən mütləq qayıdacağam, səninlə işləyəcəyəm, – Martin and içirdi, – institutdan yarım illik məzuniyyət 
götürəcəyəm, Coys isə haradasa yaxınlıqda, mehmanxanada yaşayar. Ya da qoy özü nəsə fikirləşsin! Eh! 
Əsl işə qayıtmaq!.. İşə!... İndi isə de görüm: mən gəlib çıxanda, necə düşünürsən, biz səninlə nə ilə 
məşğul olacağıq… 
Onlar dan yeri sökülənə kimi söhbət etdilər… 
 
 
XXXX FƏSİL 
 

 
Doktor Riplton Holaberd xanımı ilə birlikdə Coys və Martini nahara dəvət etdilər – onlardan başqa heç 
kim yox idi. Holaberd bu axşam, heç zaman olmadığı kimi, nəzakətli idi. O, Coysun mirvarilərinə valeh 
olmuşdu. Məclis başlandı və göyərçinlər süfrəyə veriləndə Holaberd dostyana bir təbəssümlə Martinə 
müraciət etdi: 


– İndi Coysdan və sizdən diqqətlə qulaq asmağınızı xahiş edəcəyəm. Böyük hadisələr baş verir, Martin, 
sizi bu hadisələrdə özünüzə yaraşan səviyyədə iştirak etməyə çağırıram. Yox, sizi mən yox, elm çağırır. 
Ümid edirəm ki, söhbətimizin məxfi olduğunu xatırlatmaq artıqdır. Xəbəriniz varmı ki, doktor Tabz və 
onun Mədəni Təsir Liqası möcüzələr yaradır, polkovnik Minningen isə son vaxtlar görünməmiş bir 
səxavət nümayiş etdirir. 
Liqada işləri tələsmədən və elə bir ciddiyyətlə qurublar ki, işə bu cür yanaşmanı siz, bir də bizim sevimli 
qoca Qotlib çox bəyənirsiniz. Budur, artıq dörd ildir ki, onlarla plan işlənib hazırlanır. Gördükləri işdən 
xəbərim var. Doktor Tabz və Liqa Şurası kollec rektorları, redaktorlar, qadın klublarının sədrləri, fəhlə 
hərəkatının əxlaqı pozulmamış və sağlam düşüncəli liderləri, səmərələşdiricilər, qabaqcıl reklamçılar, 
keşişlər, bir sözlə, ictimai fikri öz arxasınca aparmağı bacaran bütün digər xadimlərlə bir sıra maraqlı 
iclaslar keçiriblər.  
Onlar intellektual maraqların, metodların, materialların, vasitələrin, ən başlıcası isə məqsədlərin təsnifatı 
ilə bağlı ətraflı kartotekalar hazırlayıblar: məqsədlər, ideallar, hər bir nəslə görə məsuliyyət daşıyan 
mənəvi istiqamətləndirmələr… Həqiqətən də möhtəşəmdir! Bir fikirləşin! Məsələn, musiqiçi, ya da 
mühəndis öz kartoçkasına baxa və dəqiqliklə müəyyən edə bilər ki, yaşına görə yetərincə irəliləyibmi, 
yoxsa yox. İrəliləməyibsə, o  zaman əngəl nədə olub və prosesi hansı yolla gücləndirmək olar. Belə bir 
bazanın mövcudluğu ilə Liqa öz fəaliyyətini başlamağa və əqli əməklə məşğul olan bütün insanları öz 
sıralarına daxil olmağa çağıra bilər. 
Mak-Qerk institutu mütləq bu əməkdaşlığa qoşulmalıdır, mən bunu ictimai fikrin ən böyük nailiyyəti 
hesab edirəm. Nəhayət, biz Amerikanın mənəvi tərəqqisində olan bütün köhnə hərcmərcliyin aradan 
qalxmasına və amerikan ideallarına müvafiq olmasına bir addım da yaxınlaşacağıq: sadəcə, bu prosesi 
kassa aparatlarının  istehsalı kimi əlverişli və ultramüasir etmək lazımdır. Mənim əlimdə bir sıra əsaslarım 
var güman edim ki, Ross Mak-Qerki və Minningeni yaxınlaşdırmağa nail olacağam. Nə qədər ki 
Minningenin meşə sənayesi müəssisələri ilə Mak-Qerk arasında olan müharibə dayanıb, bu işi 
tezləşdirmək lazımdır. Bu yaxınlaşma baş verərsə, o zaman böyük ehtimalla mən də institutla 
vidalaşacağam. Yəni Mədəni Təsir Liqasına rəhbərlik etmək üçün Tabza kömək edəcəyəm. O zaman Mak-
Qerk institutuna bizimlə əl-ələ verib işləyə biləcək və elmi bu Monastırdan Bəşəriyyətə Xidmət Yoluna 
çıxarmağı bacaran yeni direktor lazım olacaq. 
Söhbət zamanı Martinə Liqa ilə bağlı hər şey aydın olmuşdu, yalnız bir şeydən başqa: Liqa nə etməyə 
hazırlaşır? 
O, bu barədə fikirləşərkən, Holaberd sözünə davam edirdi: 
– Martin, mən bilirəm ki, siz hər zaman məsələlərə praktik yanaşan insanlara istehza etmisiniz. Məncə, 
bunun səbəbi sizin Uiketin təsirinə həddindən artıq qapılmağınızla bağlıdır. İndi, Uiket çıxıb getdiyinə və 
siz də həyatı daha yaxşı öyrəndiyinizə görə, artıq Coysun və mənim əhatəmdə olursunuz. Bu səbəbdən 
də sizin fəaliyyət çərçivənizi genişləndirmək istəyirəm.  Əlbəttə ki, ağır laboratoriya işindən əl çəkməmək 
şərtilə! Mənim vitse-direktor təyin etmək səlahiyyətim var və cəsarətlə söyləyə bilərəm ki, o, mənim 
davamçım olacaq. Bu post Şolteysi həddindən artıq cəlb edir. Yio və doktor Smit də onu tutmağa can 
atırlar, amma heç birinin simasında bizim mühitin adamını görmürəm, ona görə də bu postu sizə təklif 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə