6
Əlimərdan bəy Topçubaşov başçılıq edirdi. Liberallar mövcud quruluşa qarşı
mötədil mövqe tutmuşdular. Mövcud qayda-qanundan kənara çıxmırdılar. 1917-ci
ildən sonra rus liberallarının Azərbaycan xalqına qarşı qərəzkar mövqeyinə etiraz
əlaməti kimi onlarla əlaqələrini kəsmiş və müsavatçılara qoşulmuşdular.
İnqilabçılar əsasən gənclərdən ibarət idi. Onlar Azərbaycan xalqının
azadlığı uğrunda dönmədən mübarizə aparırdılar. Azərbaycan inqilabçıları və
yaxud Mirzə Bala Məmmədzadənin təbirilə desək, Azərbaycan istiqlalçıları öncə
rus istiqlalçıları ilə birgə çıxış edirdilər. Sonra onların arasında parçalanma baş
verdi. M. Ə. Rəsulzadə başda olmaqla bir çox vətənpərvər onlardan ayrıldı. Rus
inqilabçılarından onları fərqləndirən əsas cəhət bu idi ki, onlar milliliyi, milli
istiqlalı ön plana çəkirdilər. Rus inqilabçıları isə milliliyə əhəmiyyət verməyib
sinfiliyi, sinfi mübarizəni özlərinə başlıca məqsəd sayırdılar.
Yuxarıda gördüyümüz kimi, sosial tərəqqi probleminə Azərbaycanda ayrı-
ayrı partiyalar və təşkilatlar müxtəlif cür yanaşırdılar. Bizim fikrimizcə, sosial
tərəqqi problemindən danışarkən daha çox konkretliyə istinad etmək lazımdır.
Başqa sözlə desək, sosial tərəqqidən mücərrəd şəkildə danışmaq düzgün olmazdı.
Sosial tərəqqi ayrı-ayrı xalqların həyatındakı müsbət dəyişikliklərin şüurdakı
əksidir. Xalqı isə tarixən iki qrupa ayırmaq olar: məhkum və hakim. İstiqlaliyyət
əldə edib sərbəst yaşamaq hüququ qazanmış xalqlarda sosial tərəqqi prosesi də
azad və demokratik ruhda gedir. Məhkum xalqlarda isə ictimai hadisələrin təbii
axarı pozulur. Yəni hakim xalq məhkum xalqın iradəsini zorlayıb öz mənafeyinə
uyğunlaşdırır və nəticədə məhkum xalqın inkişafı süni yolla yubadılır.
Bizə elə gəlir ki, Azərbaycan xalqı göstərilən dövrdə məhkum xalqlar
sırasına daxil idi və çarizmin amansız müstəmləkəçilik zülmünə məruz qalır, milli
hüquqları daim tapdalanırdı. Belə bir şəraitdə xalqımızda milli mənlik şüurunu
oyadıb onu öz milli hüquqları uğrunda fəal mübarizəyə cəlb etmək daha vacib bir
vəzifə kimi qarşıda dururdu. Öz millətini azad və müstəqil görmək istəyən
Azərbaycan ziyalıları məhz belə hərəkət edir və bu yolda qarşılarına çıxan hər çür
müstəmləkəçilik maneələrini qətiyyətlə dəf etməyə çalışırdılar.
İndiyə qədər sosial tərəqqiyə həsr olunmuş kitab, kitabça və məqalələrdə
daha çox bolşeviklərin mövqeyində duran xadimlərin fikirləri işıqlandırılmış və
yerli-yersiz təriflənmişdir. Sosial tərəqqiyə milli mənafedən yanaşmış bir çox
Azərbaycan ziyalısının bu gün ilə həmahəng səsləşən qiymətli fikirləri isə yasaq
edilmiş, imkan düşdükcə onlara ―millətçi‖ damğası vurulmaqla yabançı baxışlar
kimi xalqdan gizlədilmişdir. Yaxud ən yaxşı halda bu fikirlər yalnız xalqa zidd
―əksinqilabi‖ mövqeləri ―sübuta‖ yetirmək üçün iqtibas kimi verilib. 70 il ərzində
təşəkkül tapmış belə qeyri-normal vəziyyətin aradan qaldırılması üçün kiçicik də
olsa səy göstərmək naminə biz indiyədək qadağaya məruz qalmış müəlliflərin
fikirlərinə daha çox müraciət etməyi düzgün saymışıq. Sosial tərəqqi hər şeydən
əvvəl millətlərin azad və xoşbəxt yaşamasıdır. Hər bir millət inamla bu məqsədə
doğru getməlidir.
7
I F Ə S İ L
SOSİAL AZADLIQ PROBLEMİ
Yuxarıda deyildiyi kimi, bəzi Azərbaycan ziyalıları ilk növbədə azlıqda
qalan xalqları əsarətdə saxlayan mövcud siyasi quruluşu devirmək deyil, onu bir
qədər mülayimləşdirmək tələbi ilə çıxış edirdilər, çünki çarizm ictimai inkişafın
qarşısını alır, demokratik hərəkatı boğur, millətlər arasına təfriqə salırdı. Çarizm
azadfikirli adamları xüsusi amansızlıqla təqib edirdi. Rusiyada tərəqqi ancaq
müstəbid rejimin məhvi, onun demokratik siyasi quruluşla əvəz edilməsi yolu ilə
mümkün idi. Bütün xalqların başlıca düşməni mövcud siyasi quruluş, çar
hakimiyyəti idi.
Təbii ki, Azərbaycanda birinci dünya müharibəsi illərində sosial azadlıq
problemi haqqında başqa cür düşünənlər də vardı. Onlar bu problemə müxtəlif
səmtlərdən yanaşırdılar. Azərbaycan xalqının düşdüyü çıxılmaz siyasi vəziyyətlə
əlaqədar olaraq sosial tərəqqi problemi, onların fikrincə, yuxarıda deyildiyi kimi,
milli tərəqqi problemi ilə qovuşub vəhdət təşkil edirdi.
Bir çox Azərbaycan ziyalıları çarizmin mətbuat sahəsindəki
güzəştlərindən faydalanaraq millətin tərəqqisinə kömək edən amillərdən birinin
sosial azadlıq olduğunu bildirirdilər. ―Azadlıq‖ kəlməsi mütləqiyyət quruluşunun
düşməni olduğuna görə çar məmurları ondan yenə də oddan qorxan kimi
qorxurdular. Bu barədə ―Müsabiqə‖ məqaləsində (―Dirilik‖ məcmuəsi, 1915, №
12) yazılmışdı: ―Halbuki, 9 – 10 il bundan irəliyə qədər hürriyyətin mənən nə
olduğunu yanə dursun, bir kağız üstündə yazılmış kəlməsini də görən yox idi‖.
İndisə ―Dirilik‖ məcmuəsi cəsarətə gəlib hətta aşağıdakı misraları dərc edə
bilərdi:
―Dağılması bizə ol məbədin səadətdir,
Təkəllüm olmaz içində kəlami-hürriyyət.
Xərab olub da dağılsın binadən, allahım!
O kişvər ki, yox onda nizami-hürriyyət‖.
(“Dirilik” məcmuəsi, 1915, № 12).
Lakin bu azadlıqlar əvvəla aldadıcı idi, çünki səhifələrində milli istiqlal və
milli tərəqqi ilə bağlı kəskin, dolğun məqalələr dərc edən ―Dirilik‖ məcmuəsi on
altıncı sayından sonra cərimələnmiş və sonra onun səhifələrindən milli qayəli
məqalələr tamamilə yoxa çıxmışdır. Əgər on altıncı sayadək M. Ə. Rəsulzadə
mütəmadi olaraq ―Dirilik‖ məcmuəsində çap olunurdusa, on altıncı nömrədən
sonra bu məcmuənin səhifələrində M. Ə. Rəsulzadənin imzasına rast gəlmirik. Bu
baxımdan 1915-ci ildə ―Açıq söz‖ qəzetinin yeddinci sayındakı bir məlumat
diqqəti cəlb edir: ―Qafqaz əsgəri dairəsinin baş rəisi Bakıda nəşr olunan iki həftəlik