|
Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələriXIX əsrin sonu və XX əsrin əvvəllərində dünya təsərrüfat sisteminin inkişafının əsas istiqamətləri
|
səhifə | 23/24 | tarix | 07.06.2022 | ölçüsü | 421 Kb. | | #88966 |
| movzu1XIX əsrin sonu və XX əsrin əvvəllərində dünya təsərrüfat sisteminin inkişafının əsas istiqamətləri. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunur. Sənayenin müxtəlif sahələrində elmin nailiyyətlərinin istehsala tətbiqi nəticəsində böyük texniki irəliləyişlər baş vermişdi. Bu dövr üçün metallurgiya sahəsində poladəritmənin yeni üsulunun tapılması, kimya sənayesində sulfat turşusu və soda istehsalı, sənaye və iqtisadiyyatda yeni, güclü mexanizmlərin – daxili yanma mühərriki, buxar turbini və dizel istehsalı kimi böyük texniki kəşflər səciyyəvidir.
İstehsalın və nəqliyyatın elektrikləşdirilməsinə başlanmışdı. Elektrik enerjisinin alınması, ötürülməsi və qəbul edilməsi mexanizmi yaradılmışdı. Sənaye və nəqliyyatda elektrik enerjisindən istifadə imkanları artmışdı. 1879-cu ildə Almaniyada elektrik dəmir yolu nəqliyyat vasitəsi olan tramvay ixtira edilmiş, 1876-cı ildə Rusiyada və 1880-ci ildə isə ABŞ-da gözərmə lampaları, 1886-cı ildə metal alınmasında elektroliz üsulu, 1877-ci ildə elektrik poladəritmə sobası, 1887-ci ildə metalın elektriklə qaynağı, 1884-cü ildə İngiltərədə fırlanma sürəti qat-qat çox olan reaktiv buxar turbini ixtira olunmuşdu. Elektrik istehsalında təkmilləşdirilmiş hidravlik mühərriklərdən–su turbinlərindən istifadəyə başlanıldı. 1898-ci ildə ABŞ-da Niaqara şəlaləsi üzərində tikilmiş hidroelektrostansiya ilk cərəyan verdi.
Bu dövrdə çox mühüm yanacaq kimi neftin iqtisadi əhəmiyyəti artmışdı. Neft hasilatının sürəti ildən-ilə çoxalmağa başlamışdı. 1870-ci ildə bütün dünyada cəmi 0,8 milyon ton çıxarılmışdısa, artıq 1890-cı ildə bu rəqəm 20 milyon tona çatmışdı. Bu dövrdə kimya texnologiyası da sürətlə inkişaf edirdi. Belçikada plastmas istehsalına başlanılmışdı. 1913-cü ildə Almanyada kömürdən durulaşdırılmış (maye) yanacaq alındı, 1915-ci ildə isə metil-kauçuk istehsalına başlanıldı, sintetik yolla boya, dərman, ətriyyat və digər üzvi birləşmələr alındı. Qeyri-üzvü kimya məhsulları istehsalında əsas xammal növü olan sulfat turşusu və sodanın kəşfi böyük əhəmiyyətə malik idi.
Metallurgiya və poladəritmə sahələrində də böyük dəyişikliklər baş vermişdir. Çuqundan polad alınmasının yeni üsulu istehsala tətbiq edilmiş, elektroliz üsulu ilə alüminium əldə olunmuş, elektriklə polad əridilməsinə başlanmış və gələcəkdə aviasiya üçün material olacaq düraliminium kəşf edilmişdi. XIX əsrin I yarısında ixtira və təkmilləşmə onlarla idisə, XIX əsrin sonu-XX əsrin əvvəllərində bu rəqəm minlərlə hesablanırdı. ABŞ-da maşınqayırmanın yeni sahəsi olan avtomobil istehsalı yaradıldı. Q.Fordun zavodunda ilk avtomobil 1892-ci ildə buraxılmışdı, cəmi 8 il sonra-1900-cü ildə burada 4 min avtomobil istehsal edilmişdi. Qara metallurgiya sahəsində polad istehsalı artırdı.
Sənaye istehsalının və dünya ticarətinin yüksək sürətlə artması nəqliyyat və rabitənin inkişafına təkan verirdi. 1860-cı ildən 1900-cu ilədək dünya dəmir yolu şəbəkəsi 4 dəfəyədək artmışdı. ABŞ, Almaniya və Rusiyada dəmir yolları daha surətlə çəkilirdi. Dəniz nəqliyyatında yelkənli gəmilər buxar gəmiləri ilə əvəz olunmuşdu.Yeni texnika və texnologiyanın tətbiqi nəticəsində sənayedə məhsuldar qüvvələrin inkişafının yeni səviyyəsi iqtisadiyyatda struktur dəyişikliyinə gətirib çıxartmışdı. Yüngül sənaye ilə müqayisədə ağır sənaye aparıcı sənayeyə çevrilmişdi.
XX əsrdə I və II dünya müharibəsi kimi iki qlobal hadisə kapitalizmin inkişafına böyük təsir göstərmişdir. I dünya müharibəsindən sonra əksər ölkələrdə milli valyutaların mövqeyi və bankların hegemonluğu güclənmiş və ölkələr arasında ticarət maneələri artmış, Asiya və Afrika xalqları müstəmləkə zülmündən qurtulmaq üçün uğurla azadlıq mübarizəsinə başlamışlar. 1929-1933-cü illər dünya iqtisadi böhranı əksər ölkələrdə dövlətin iqtisadi sahəyə qarışması siyasətinə son qoymuşdur. II dünya müharibəsindən sonra ölkədə iqtisadiyyata əsaslı vəsait qoyuluşları görünməmiş dərəcədə artmış, ETT güclənmiş, Avropa iqtisadi və siyasi baxımdan dirçəlmiş və Yaponiya dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. ABŞ və Qərbi Avropa ölkələrində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesi güclənmiş, gəlirlərin yenidən bölüşdürülməsi mexanizmi tətbiq edilmiş və böhrana qarşı məqsədyönlü siyasət həyata keçirilmişdir. Nəticədə kapitalist təsərrüfat mexanizmi rəqabətə qabil, sosial yönümlü və tənzimlənən bir sistemə çevrilmişdir.
Dostları ilə paylaş: |
|
|