21 may «mexmeri inqilab»ın teqdimat merasimi idi



Yüklə 70,5 Kb.
tarix01.07.2018
ölçüsü70,5 Kb.
#52797
növüYazı


M ü x a l i f l i k

(pamflet)



Akif ƏLİ,

Fəlsəfə doktoru,

yazıçı-publisist.

-----------------------
And olsun Yaradana!

Bizim məmləkətin müxalifəti həqiqətən maraqlıdır.

Yəni məhlə uşaqları demişkən, onların hər işi, hər sözü - gop da olsa maraqlıdır; avamlar inana bilər...

Və çox da əlvan obrazlar qalereyası var bu zümrə içində. Xüsusən yeni zəmanənin köhnə fəalları. Çox maraqlı açıqlamalar verir onlar... Məsələn, bir də görürsən bir dəstə başıpozuq səfil-sərgərdan gəzintilərini “son dərəcə qətiyyətli” addımlar, mövqelərində “israrlı olmaq” amalı, başbilənlərlə kütlələrin “sıx təması” şəklində qələmə verdilər. Halbuki ara qarışanda başbilən kapitan birinci qaçıb gizlənmiş olur, ya da Leninsayağı - yalnız “inqilab qurtarandan sonra” gəlib alovlu nitq irad edir.

Bütün bu cəsuranə nitqlərin alt qatında uzağagedən belə bir mesaj yatır ki, yəni ay ağalar, baxın ha, gördüyümüz iş verdiyiniz pula dəydi, etiraz piketi alındı, çox çək-çevir eləməyin, növbəti qrantımızı göndərin...

Halbuki 25 ildir heç vaxt heç nə alınmır. Sadəcə bunlar aldıqlarını silmək üçün: ”Rəis, alındı!” -deyirlər.

Təvazökarcasına özlərini “ana müxalifət lideri”, yaxud “aparıcı partiya başqanı”, ya “öncül kapitan” və s. adlandıran əlli partiyanın hər qrantoyed başçısı öz qrupunun vağzaldan-bulvaracan yürüməsinə “möhtəşəm aksiya” deyir. Hətta müəyyən bir tədbir öncəsi meriyanın “priyomnusuna” gedib növbətçi məmura ərizə təqdim etmələrini “hakimiyyətlə gərgin danışıqlar” kimi qələmə verir. Onsuz da bütün günü küçələrdə, tində-bucaqda vaxt öldürüb gün keçirən iki cüt bir tək bekarın vağzaldan bulvaradək yürüməsini, tum çırtlaya-çırtlaya üç saat fasiləsiz o tərəf-bu tərəfə gəzinməsini də barışmaz başqan “möhtəşəm yürüş aksiyası” adlandırır. Halbuki “Torqovı”da üç dəqiqənin içində üç min adam o tərəf-bu tərəfə gedir və heç kim də bunu “aksiya" adlandırmır... Sərgərdan “yürüşün” sonunda da kirələnmişlərdən beşini polis qovur, beşi könüllü qaçıb gizlənir, beşi də yorulub bulvarda skamyada əyləşir ki, bə biz indi rayona nə üzlə qayıdaq?! Axı demişdik gedirik devirməyə... Beləcə hər dəfə beş-on nəfərin “demokratiya uğrunda xalq hərəkatı” məyusluqla başa çatır.

And olsun Yaradana ki, çox maraqlı müxaliflərdir! Hər işi, hər sözü - gop da olsa maraqlıdır...

Hətta o məyusluğun səhəri başbilən başqan mətbuat konfransı keçirib qəzetələrə yayır ki, bəs sən demə şəhərin küçələrində gur izdiham “siyasi iradə və qətiyyətli prinsipiallıq” nümayiş etdirib, insan seli mövcud iqtidarın siyasətinə mərd-mərdanə “etiraz” ortaya qoyub, axın-axın kütlə hər biri bir molotov kokteyli qədər təsirli olan çox “önəmli və strateji mahiyyətli” şüarlar səsləndirib və s. Guya müxalifətin bu dəfəki əzəmətli aksiyanı gerçəkləşdirməsi çox böyük şücaət olub, çox uğurlu keçib, qələbəyə lap az qalıb, azca qalıb, filan-beşməkan... Yəni xaricdəkilər “qulp” qoyub deməsin ki: “Səkkiz min pul vermişik, oynamaqlarına bax!..”

“Aksiyalar” öncəsi “yaxşı” hallardan biri də Avropa tərəfdən bir etiraz küləyinin gəlməsi olur. Çünki Aİ-dən bunlara züy tutub hakimiyyəti “vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə” çağırması önəmli politoloji nailiyyət sayılır. Yurdda və dışda hər şeyin zəncirbənd kimi bir-birinə bağlı olduğu görüntüsünü yaradır. Qeyrətli kapitan adətən belə maraqlı faktları daha ləzzətlə şişirdə bilir.

Bəli, bunlarda Ovçu Pirimin nağılları kimi maraqlı mifoloji süjetlər çox-çoxdur.

Məsələn, heç kim bilmir ki, ölkədə özəlləşmə prosesi başlayanda bunlar da xəlvəti “Demokratiya” obyektini özəlləşdiriblər. Ona görə kim demokratiyadan danışırsa, dərhal üstünə cumurlar ki, yum ağzını, ə, səsini kəs! Sən niyə demokratiyadan danışırsan? Demokratiya bizimdir, toxunma ona!..

Amma bunların demokratiyası ilə anarxiyası çil toyuğun yumurtası kimi tərs düşüb. Özünə “demokrat” deyənlər hər fürsət düşəndə demokratikcəsinə asfaltı söküb bir-birlərinə atır... Tarzansayağı hayqırıb sinələrinə şappıldadır... Makakasayağı camaatın maşınının üstündə atılıb-düşür... Kinq-Konqsayağı sərnişinləri çəkib avtobuslardan yerə salır... Kenqurusayağı tullanıb polisə təpik atır, daşa basır... Adam topasının üstünə maşın sürür... Və bütün bunlar olur əsil demokratiya göstəricisi!

Амма elə ki polisin Qanun çomağı yerdən bir metr yuxarı qalxır – dərhal pərən-pərən olub bağırtı qoparırlar ki, ay haray, qoymayın, dünya demokratiyasına qəsd oldu!

Halbuki o nümunəvi Avropada, Amerikada, Avstraliyada dövlətin asayişi necə dişlə-dırnaqla, silahla, zopayla, hətta atla qoruduğunu hamımız yüz dəfə görmüşük. Küçələrdə silahlı, qandallı, dubinkalı polislər dəstə-dəstə o baş-bu başa gəzinir, tüfəngli karabinerlər, avtomatlı qvardiyaçılar, tapançalı komissarlar aləmdə məşhurdur... Yəni hər ölkədə xuliqana, dələduza, pozucuya, cinayətkara, fitnəkara, araqarışdırana layiqli cavablar verilir. Demokratiyalıq burda bir şey yoxdur. Çalış qanunu pozma...

İndi Gülümsərov kimi demokratiya ilə anarxiyanı calaq edib “limpart” yaratmaq eksperimenti bizəmi qalıb?!

Və nəhayət, yekun olaraq, gəlin əyri oturub düz danışaq:

...Ağızdolusu “İnsan hüquqlarının qorunmasından”, “Vətəndaş haqqlarına hörmətdən”, “Demokratik cəmiyyətdə zorakılığın yolverilməzliyindən” və s. danışıb ədalı-ədalı bəyanatlar verən o dost dediyiniz əcnəbi elçilərdən, yardım alıdğınız beynəlxalq qurumlardan, dəstək gördüyünüz “dünya kiv-lərindən” bir dəfə soruşa bilməzsinizmi ki, bəs, ay həzərat, bizim bir milyon qaçqın-köçkün insanımızın hüquqları hüquq deyilmi?!.. Bizim ölkəyə bu qədər ittihamlar yağdıranda, bircə dəfə də dönüb təcavüzkara deyə bilməzsinizmi, “ay it poşol”?!.. Gənc müstəqil dövlətimizin əleyhinə sağa-sola səpələdiyiniz yüz bəyanatın birini də etnik təmizləmə aparıb bütün millətləri öz içindən qovan şovinist işğalçıya göndərə bilməzsinizmi ki, ara, “demokrat olduğunuzu” siz də sübut edin!.. Bircə dəfə vətən, xalq, dövlət təəssübü çəkib o qrant verən dəstəkçilərinizdən soruşa bilməzsinizmi ki, ay ağalar, məgər dünyada mövcud olan bütün beynəlxalq qanunlar, beynəlmiləl dəyərlər, ümumi qaydalar, hüquqi sənədlər, dürlü konvensiyalar, parlaq aktlar, paktlar, minlərlə icra olunmayan qərarlar, dərkənarlar – hamısı təkcə elə bizim dinc, sakit, əmin-aman, qurulu, gözəl məmləkətimizi dağıtmaq üçündürmü?!

Bax, müxalifçi başbilənlər bu həqiqətləri dilə gətirə bilsəydilər, daha çox milli təəssübkeş olardılar. Və tərəfdarları onlara daha çox inanardı. Və iqtidarla münasibətləri daha səmərəli konstruktiv əsaslar üzərinə qurulardı. Və özlərini Vətənə, Xalqa, Dövlətə daha xeyirli duruma gətirib rəhmət qazanardılar...

Axı ta binadan müxaliflik etdikləri Dahi Şəxsiyyət də həmişə müdrikcəsinə deyərdi: “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.”

Həqiqətən Vətənə, Dövlətə, Millətə müxalifliyin adı başqadır...

Yaradana and olsun!


____________________

17.06.2016




Yüklə 70,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə