MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə20/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   16   17   18   19   20   21   22   23   ...   106

_____________Milli Kitabxana______________

Ayaqlara pis sarışıb sarmaşıq,

Pasport ilə, deyir, getsən sözüm yox,

Pasport deyir: Adım vardı, özüm yox.

Hardan gəlim, rəsmilikdə dəvət yox,

Olsa da, mən qocalmışam, qüvvət yox,

Uşaqlıyam, ayrılmağa qüdrət yox,

İndilikdə olduq ürək qonağı,

Ürək olsun qonağının yatağı.

"Köşki balabanlar Araza baxar,

Araz suyu hənuz gözlərdən axar",

El nisgili pis yandırar, pis yaxar.

Qəm var ikən qardaş deyib qaynardıq,

"Yoldaş, məni qurd apardı" oynardıq.

Araz deyər: Ulduz kimi axaram,

Gözaltıyla sağa-sola baxaram,

Qəhərlənib ildırımtək çaxaram,

Kəsməliyəm iki qardaş arasın,

Ağladıram, bağlamadan yarasın.

Neyçün bizdən rəsmi dəvət etmisiz?

Qonşuluqda artıq gəlib getmisiz?

Yadımıztək dadumza yetmisiz?

Sizin əliz bizdən artıq açıqdı,

Mənim ağzım açılmaqdan uçuqdu.

İndi bizim dövlətlər də yanlaşır,

Getbegetdə çətinlər asanlaşır,

Sülhün yeli əsməyə səhmanlaşır,

Biz də xoruz vəzifəsin banlıyaq,

Son görüşmək səhmini səhmanlıyaq.

Bax Xəzərə, hənuz qəmi dərin gör,

Qış çıxmayıb, ruzigarı sərin gör,

İlk baharın ancaq sözün şirin gör,




_____________Milli Kitabxana______________

Ümidplov bişsə gözəl bir şeydir,

Ümid ki var, demək, yeməkdən yeydir.

Bir vaxt olur bu sözlər də sovuşi,

Bəşər hamı qardaş kimi qovuşi,

Onda biz də qalxızarıq çovuşi,

Ziyarətə gəllik sizin ellərə,

İndilikdə qoy yalvaraq yellərə.

Savalana salamını yetirdim,

Ondan sənə ilham alıb gətirdim,

Bir neçəsin yolda salıb itirdim,

Ağır hümmət, qan qiyməti, sədaqət,

Qalsın hələ, yoxdur dilimdə taqət.

Üfüqlərə röya rəngin yaxıram,

Eynalıdan, Ərk üstündən baxıram,

Timsaluvi dağlar üstə taxıram,

Sən də hünər atın minib çaparsan,

Dumanlı dağlarda məni taparsan.

Harda çatdın göy çeşmənin başına,

Bulaq otu vəsmə çəkmiş qaşına,

Əylən yerə, bir dirsəklən daşına,

Duman keçsin, göz yaşını sonda gör,

Qardaşının səfasını onda gör.

Çox "Bakıdan fanar gəlir" oxurduq,

Son "Oduma yanar gəlir", oxurduq,

Gör "Başıma nələr gelir", oxurduq,

İndi duydum onda gəlirmiş fanar,

Son gələcəymiş oduma bir yanar.

Eşq əhlisən, yaxşı məni qanarsan,

Çox kipləmə, od tutub odlanarsan,

Gözlər yağış yağdırmasa, yanarsan,

Mənim qaynar çeşmə kimi gözüm var,

Odur məndə hər cür oda dözüm var.



_____________Milli Kitabxana______________

Böylə ki, sən alqışlayırsan məni,

Gedənlərə nisgil edim qoy səni.

Dur! Ey gülün xəzan olan xərməni,

Gör bizim də dərdimizi qanan var,

Bizlərə də bir ürəkdən yanan var.

Yaxınlarım qoydu məni qıraqda,

Yananlarım qaldı məndən uzaqda,

El yaylaqda, özüm qaldım qışlaqda.

İtirdilər xidmətimin əməyin,

Qədrin bilin el-arxanın, köməyin.

"Təməddünün" gözü görüm kor olsun,

Ağzmdakı şirin şərbət şor olsun,

Bal da yesə zəhər olsun, çor olsun,

Ağzımızın dadın qapıb apardı,

Ürəkləri çəkib kökdən qopardı,

Gah ərəbi, gah əcəmi kişləsin,

Hey bu onu, hey o bunu dişləsin,

Ərbabların karxanası işləsin.

İndi dəxi millətlər də ayılıb,

Ağızların dişləri də sayılıb.

Biz millətlər çox qanqallar biçmişik,

Acı-acı içkiləri içmişik,

Amma dəxi bürküləri keçmişik,

İndi nisbət üfüq açıq işıqdır,

Mənimsə də qiblə səmtim açıqdır.

Getbegetdə artıq dünya ayılır,

Gizlin qalmır, səs-sədalar yayılır,

Sayılmayan kimsələr də sayılır,

Məni, səni az-çox təhvil alan var,

Sənin kimi məni yada salan var.

"Təməddünün" qanunları qoxuyub,

Dəxi hamı onun əlin oxuyub,

Sərhədləri tor atantək toxuyub,




_____________Milli Kitabxana______________

Salıb xalqı kor quş kimi qəfəsə,

Sinələrdə yer qalmayıb nəfesə.

Heydərbaba üz Bakıya çöndərir,

Hey gül görür, dərib sizə göndərir,

Sözlərini hey əndərir, döndərir,

Sənlə Süleyman Rüstəmi yad edir,

Bu şivəylə Şəhriyarı şad edir.



Azər ayı, 1346

MƏMMƏD RAHİMİN

İKİNCİ MƏKTUBUNA CAVAB

İgidlər yurdu Qafqazım, sənə məndən salam olsun,

Sənin eşqindən İranda, hənuz səbri talan vardır.

Anam Təbriz mənə gəhvarədə söylərdi: Yavrum, bil!

Sənin qalmış o tayda, xallı-telli bir xalan vardır.

Bu dünyadə oğul, eşq əhlinə küfr əhli düşmandır,

Bir Allah can verərsə, min də bizdən can alan vardır.

Onu bizdən ayırdı ruzigarın sazü nasazı,

Onunçun sızlaram, hər yerdə görsəm saz çalan vardır.

Araz düşman əlində bir qılıc tək ortanı kəsdi,

Onun övladı varsa, bil səni yada salan vardır.

Məni başdan çıxarmaqçın, yaramazlar da söylərdi:

Sözə çox etibar etmə ki, düz vardır, yalan vardır.

Boy atdım, axtarıb tapdım, nə hasil getməgə, gördüm.

Aramızda yolu bağlı, qaranlıq bir dalan vardır.

Bizi küfr əhli istərsə, yükün çatmaq üçün istər,

Bizə bunlardan artıq qalsa, bir yırtıq palan vardır.

O gün ki, Rahimin məktubi gəldi çatdı, baxdım ki,

Anam qanilə qəlbi çırpmanlardan qalan vardır.

Daha Heydərbabanın nərəsin qaytarmadan, gördüm

O tayda sinələrdə sanki minlər Savalan vardır.

Ürək qanilə mən də yazdım: ay nazlı anam Qafqaz,

Sənin də Şəhriyarın tək bu tayda bir balan vardır.



_____________Milli Kitabxana______________

EL BÜLBÜLÜ

Şair Əbülfəzl Hüseyniyə

El bülbülü, sən mənim öz balamsan,

Yaman gündə hasarımsan, qalamsan,

Bir Allaha sən də mən tək qulamsan,

Ondan sonra heç bir kəsdən azın yox,

Naz balasan, bir kəsə də nazın yox.

Kənd uşağı, cumalaşdıq, çoxuduq,

Təndir aşın içmiş idik, toxuduq,

Sözlərivi kəlmə-kəlmə oxuduq,

Qəm sazının yenə simin bağladıq,

Bir oxuduq, bir çaldıq, bir ağladıq.

Nisgüli sözlərin məni otdadı,

Ağrın alım, mənim bağrım çatdadı,

Arzum bu dağ-daşı qatıb-qatdadı,

Gəldim sənin başun qoydum diz üstə,

Naz balamı öpdüm, qoydum göz üstə.

Gedənlərdən dedik, yandıq, yaxıldıq,

Dedik: Necə durmuşuduq, yıxıldıq!

Sıxıntılar çəkdik, yaman sıxıldıq.

Dedik, amma xanlar qəmi yekəydi,

Səndən sarı ürəklər bir tikəydi.

Nənəqız əmiqızı dedi: Can bala!

Anan səni görmədi, heyvan bala!

Həsrət qaldı sənə Əmirxan bala!

Demə, sənin başsağlığın unutduq,

Əmirxana biz təzədən yas tutduq!

Heç darıxma, sən mənzilə çatıbsan,

Maşın alıb, at-qatırı satıbsan,

Qarğıları, qər-qəmişi atıbsan.

Bülbül olub qonubsan güllər üstə,

Güllər kimi dayan sünbüllər üstə.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə