Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

­  20 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Zərərçəkmişin  sağlamlığına  ehtiyatsızlıqdan  az  ağır  zərər  vurulması  ilə  bağlı əməl  üçün  CM‐nin

263.1‐ci maddəsində ən çoxu 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yəni bu maddə ilə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aiddir.

Deməli CM‐nin 73‐cü maddəsinə görə CM‐nin 263.1‐ci maddəsi ilə nəzərdə tutulan yol‐nəqliyyat

hadisəsi törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı aradan qaldırdıqda cinayət

məsuliyyətindən azad edilməklə haqqındakı cinayət işinin icraatına xitam verilə bilər. CM‐nin 73‐cü

maddəsinin  mahiyyətindən  görünür  ki,  zərərçəkmişlə  barışqıla əlaqədar  işin  icraatına  xitam

verilməsi nəinki işə məhkəmədə baxılma mərhələsində, həm də işin ibtidai araşdırma mərhələsində

də həyata keçirilə bilər.

Araşdırmalar  göstərir  ki,  həm  ibtidai  araşdırma  orqanları,  həm  də  məhkəmələr  yol‐nəqliyyat

hadisələrinin araşdırılması ilə bağlı icraat zamanı əsaslar olduqda qanunun həmin normalarını tətbiq

etməkdən  yayınırlar.  Həm  də  bu  zaman  nəinki  öz  qərarlarını  əsaslandırmırlar,  hətta  müraciəti

müzakirə etməkdən imtina edirlər. Belə hərəkətləri isə qanun pozuntusundan başqa cür adlandırmaq

mümkün deyil.

Yazının hazırlanması zamanı bir neçə hakimdən yol‐nəqliyyat hadisələri ilə bağlı işlərə baxılarkan

zərərçəkmişlə  barışıq əldə  edilməsi  hallarında  nə  üçün  CM‐nin  73‐cü  maddəsinin  tətbiq

edilməməsinin səbəbini soruşduqda, onlar belə prosessual sənəd qəbul edilməsini yuxarı instansiya

məhkəmələrinin təqdir etməyəcəkləri, yəni xətm qərarını ləğv edəcəkləri ilə izah etdilər. Qəribədir,

görəsən qanunun tələblərinə uyğun qəbul edilən qərar hansı əsasla yuxarı instansiya məhkəmələri

tərəfindən ləğv oluna bilər?

Ehtiyatsızlıqdan  baş  verə  biləcək  hadisələrdən  heç  kəs  sığortalanmamışdır.  Hər  kəs,  hətta

professional  sürücülər  də  konkret  situasiyalarda  zərərçəkmişə  xəsarət  yetirilməsi  ilə  bağlı  yol‐

nəqliyyat hadisəsi törədə bilər. Təsəvvür edək ki, cavan bir elmi işçi, yaxud tələbə avtomobili idarə

edərkən cüzi ehtiyatsızlıq səbəbindən zərərçəkmişin az ağır xəsarət alması, məsələn ayağının baş

barmağının sınması ilə nəticələnən əməl törətmişdir. Bundan sonra o, zərərçəkmişi xəstəxanaya

aparmış, ona sağalması ilə bağlı maddi kömək göstərmiş, nəhayət onunla barışıq əldə etmişdir. Belə

hallarda nə üçün ilk dəfə böyük ictimai təhlükə törədən şəxs CM‐nin 73‐cü maddəsi tətbiq olunmaqla

cinayət məsuliyyətindən azad olunmamalıdır? Nəzərə almaq lazımdır ki, işə xitam veriləcəyi təqdirdə

belə hadisə törətmiş tələbə əslində yalnız azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.

Ona islah işləri cəzası təyin edilə bilməz, çünki CM‐nin 49‐cu maddəsinə görə islah işləri cəzası yalnız

işləyən şəxslərə tətbiq olunur. Tələbənin cərimə edilməsi də əslində mümkün deyil, ona görə ki,

CM‐nin 263.1‐ci hissəsində nə az, nə çox 5000 manatdan 7000 manatadək cərimə cəzası nəzərdə

tutulur. (Müqayisə üçün qeyd edək ki, şəxs ehtiyatsızlıqdan zərərçəkmişə az ağır dərəcəli xəsarəti

nəqliyyat  vasitəsi  ilə  deyil,  başqa  alət  ilə  yetirmiş  olsaydı CM‐nin  131.1‐ci  maddəsi  ilə  ona  təyin

olunan cərimənin məbləği 300 manatdan yuxarı ola bilməzdi). Deməli ən optimal variant tələbəyə

azadlıqdan məhrumetmə etmə cəzası verilməsidir. Bu isə təsadüfən cüzi xətaya yol vermiş şəxsin

ümüd və arzularının puç olmasına gətirib çıxara bilər.

Belə hadisələr üstündə vətəndaşlara azadlıqdan məhrumetmə cəzası verilməsində dövlət maraqlı

deyildir. İstintaq‐məhkəmə orqanlarının qanunun tələblərini düzgün tətbiq etməmələri səbəbindən

məhkumluq  "qazanan"  şəxs  həyatda  irəliləmək,  öz  yerini  tapmaq  imkanından  məhrum  olur.

Nəzərdən qaçırmaq olmaz ki, məhkumun cəzaçəkmə müəssisəsində saxlanılması da dövlətin heç də

az olmayan xərcləri hesabına başa gəlir.

Ona görə də hesab edirik ki, həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr bu kateqoriyadan

olan işlər üzrə qanunu əsaslar olduqda CM‐nin 73‐cü maddəsi ilə müəyyən olunan normaları tətbiq

etməkdən çəkinməməlidirlər.

Haqqında söhbət açdığımız əməllə bağlı qüvvədə olan qanun normalarında və istintaq‐məhkəmə

təcrübəsində  anlaşılmazlıqlar  olduğunu  qeyd  etdikdən  sonra  hesab  edirik  ki,  yazının  başlığında

qoyulan  suala  cavab  vermək  vaxtı  çatmışdır.  Doğurdan  da  ehtiyatsızlıqdan  zərərçəkmişin

sağlamlığına az ağır zərər vurulması cinayət məsuliyyətinə səbəb olmalıdırmı?

Yazı müəllifinin fikrincə belə əməllərə görə cinayət məsuliyyəti müəyyən etməyə ehtiyac yoxdur.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­  21 ­

Sözsüz bu fikirlə razılaşmayanlar da az deyildir. Onlar öz etirazlarının arqumenti kimi insanların

sağlamlığına  zərər  dəyməsi  ilə  nəticələnən  hadisələrin,  xüsusilə  də  yol‐nəqliyyat  hadisələrinin

çoxluğunu əsas  gətirməklə  bu  əməllərin  dekriminallaşdırılmasının əhali  tərəfindən  birmənalı

qarşılanmamasında israr edə bilərlər.

Gözlənilən etirazlarla bağlı öz mövqeyimizi əsaslandırmaq məqsədilə əvvəlcə tarixə ekskurs etmək

istəyirik. Respublikamızın 1960‐cı il Cinayət Məcəlləsində döymə, üsulundan asılı olmayaraq böhtan

və təhqir üstündə də cinayət məsuliyyəti nəzərdə tutulurdu. 2000‐ci ildə qəbul edilmiş yeni Cinayət

Məcəlləsi ilə kütləvi informasiya vasitələrində yayılma ilə əlaqədar olmayan böhtan və təhqir kimi

əməllər dekriminallaşdırıldı. Azərbaycan Respublikasının 2012‐ci il 29 iyul tarixli Qanunu ilə isə

döymə, yəni CM‐nin 132‐ci maddəsi ilə nəzərdə tutulan əməl də dekriminallaşdırılaraq bu hərəkətlər

inzibati xətalar sırasına aid edildi. Cinayət qanunvericiliyindəki bu dəyişikliklər cəmiyyət tərəfindən

təbii qarşılandı, yəni cəmiyyət içərisində hər hansı silkələnməyə gətirib çıxarmadı. (Hərçənd bizim

fikirimizcə kütləvi  informasiya  vasitələrində  yayılma  ilə  bağlı  olmayan  təhqir  və  böhtanla  bağlı

əməllər üstündə inzibati məsuliyyət müəyyən edilməsi məntiqi və məqsədə müvafiq olardı. Çünki

hazırda həmin əməlləri törədən vətəndaşlar qüvvədə olan nə cinayət, nə də inzibati qanunvericiliklə

heç bir halda məsuliyyətə cəlb edilə bilməzlər).

Təhqir, böhtan və döymə kimi əməllər təqsirkar tərəfindən qəsdən törədildiyi halda, ehtiyatsızlıqdan

zərərçəkmişə az ağır zərər vurma kimi əməllər adından göründüyü kimi ehtiyatsızlıqdan, yəni hadisə

törədənin iradəsindən asılı olmayaraq, bir çox hallarda açıq‐aşkar təsadüf nəticəsində baş verir.

Deməli əslində mahiyyət etibarilə ehtiyatsızlıqdan zərərçəkmişə az ağır dərəcəli xəsarət yetirilməsi,

ictimai təhlükəlilik dərəcəsinə görə qəsdən törədilən təhqir, böhtan və döymə kimi əməllərdən ağır

hesab  edilə  bilməz.  Axırıncı əməllər  üçün  cinayət  məsuliyyətinin  aradan  qaldırılması  cəmiyyət

tərəfindən təbii qarşılanıbsa, ümüd etmək olar ki, ehtiyatsızlıqdan az ağır xəsarət yetirməyə görə

əməllərin dekriminallaşdırılması da problem yaratmayacaq.

Digər  tərəfdən  biz  bilirik  ki,  başqa  postsovet  ölkələrində  olduğu  kimi,  Respublikamızın  Cinayət

Məcəlləsi qəbul edilərkən RF Cinayət Məcəlləsindən baza kimi istifadə edilmişdir. Ehtiyatsızlıqdan

törədilən  və  sağlamlığa  az ağır  zərər  vurma  ilə  nəticələnən  əməllər  üçün  cinayət  məsuliyyəti

müəyyən  edən  normalar  Rusiya  qanunvericiliyində  də  olmuş  və  yəqin  ki,  başqa  ölkələrin

qanunvericiliyinə də elə oradan keçmişdir. Lakin Rusiya Federasiyasının 2003‐cü il 8 dekabr tarixli

Qanunu ilə Məcəlləyə dəyişikliklər edilərkən ehtiyatsızlıq üzündən sağlamlığa az ağır zərər vurmaqla

əlaqədar bütün normalar cinayət qanunvericiliyindən xaric edilmişdir. Hazırda qüvvədə olan RF

Cinayət  Məcəlləsinin  heç  bir  maddəsində  ehtiyatsızlıqdan  törədilən  əməllərin  zərərçəkmişin

sağlamlığına  az  ağır  zərər  vurmaya  səbəb  olması  üçün  məsuliyyət  nəzərdə  tutulmur.  Bu,  yol‐

nəqliyyat  hadisələri  ilə  əlaqədar  əməllərə  də  aiddir.  Yəni  RF  CM‐də  yol  hərəkəti  və  nəqliyyat

vasitələrinin  istismarı  qaydalarının  pozulmasının  zərərçəkmişin  sağlamlığına  az  ağır  zərər

dəyməsinə səbəb olması cinayət məsuliyyəti yaratmır.

Mənbə kimi götürülən RF Cinayət Məcəlləsindən fərqli olaraq AR Cinayət Məcələsində bu məsələ

ilə  bağlı  normalar  nəinki  qanunvericilikdən  çıxarılmamış, əksinə  son  illərdə  qanuna  edilən

dəyişikliklərlə bu xarakterli əməllərlə cəzalar daha da ağırlaşdırılmışdır. Bu yazı başlandıqdan sonra

məlum oldu ki, ehtiyatsızlıqdan zərəçəkmişin sağlamlığına az ağır zərər dəyməsi hallarında cinayət

məsuliyyətinin  sərtləşdirilməsi  istiqamətində  20  oktyabr  2015‐ci  ildə  daha  bir  Qanun  qəbul

edilmişdir. Doğrudur,  postsovet  ölkələrinin  bir  çoxunda  sağlamlığa  az  ağır  zərər  dəyməsi  ilə

nəticələnən yol‐nəqliyyat hadisələrinə görə cinayət məsuliyyəti indi də mövcuddur. Lakin, həmin

ölkələrin  heç  birində  belə  əməllər  üçün  bizim  CM‐də  olduğu  qədər  sərt  cəzalar  müəyyən

edilməməmişdir.  Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  yol‐nəqliyyat  hadisələri  ilə  bağlı əlavə  cəza

qismində  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum  etmə  cəzasının  mütləq  tətbiq

edilməli  olmasına  həmin  ölkələrin  Cinayət  Məcəllələrinin  heç  birində  təsadüf  edilmədi.  Yeri

gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  AR  CM‐nin  yol‐nəqliyyat  hadisələrindən  bəhs  edən on  dörd

maddəsində 2 ildən 5 ilədək müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum

edilməsi qismində əlavə cəza nəzərdə tutulur və bunların hamısı da imperativ xarakter daşıyır.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə