İyun 2016 “Azərxalça”ya rəhbər təyin olunub


Konstitusiya Məhkəməsi kompensasiya işi ilə bağlı qərar çıxarıb



Yüklə 346,58 Kb.
səhifə2/6
tarix15.03.2018
ölçüsü346,58 Kb.
#31497
1   2   3   4   5   6
    Bu səhifədəki naviqasiya:
  • Qərar

Konstitusiya Məhkəməsi kompensasiya işi ilə bağlı qərar çıxarıb


14.06.2016

km1

Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il və 26 dekabr 2014-cü il qərarlarının ana qanuna uyğunluğunu yoxlayıb. Söhbət “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” və “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” qərarlardan gedir.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Konstitusiya Məhkəməsinə sorğuda göstərib ki, Nazirlər Kabinetinin qərarlarında digər hərbi qulluqçulardan fərqli olaraq hərbi tribunallarda (hərbi məhkəmələrdə) xidmət etmiş, xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların (hakimlərin, dəftərxana rəislərinin, mühafizə rəislərinin, təsərrüfat hissəsi rəislərinin və s.) vəziyyətinə aydınlıq gətirilməyib, onların məzuniyyətdə olmadıqları təqvim illərinə (1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək) görə qanunla müəyyən edilmiş kompensasiyanı hansı dövlət orqanının verməli olduğu müəyyən edilməyib.

Ombudsmanın fikrincə, yaranmış bu qeyri-müəyyənlik oxşar vəziyyətdə olub kompensasiya ala bilən şəxslərlə müqayisədə hərbi tribunallarda (hərbi məhkəmələrdə) xidmət etmiş hərbi qulluqçuların məzuniyyətdə olmadıqları təqvim illərinə görə qanunla müəyyən edilmiş kompensasiyanı ala bilməməsi ayrı-seçkiliyi ifadə edərək konstitusiyada təsbit olunmuş bərabərlik, istirahət, sosial təminat və s. hüquqların pozulmasına səbəb olur.

Transparency.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin Plenumu sorğuya baxaraq müəyyən edib ki, 30 noyabr 2001-ci ilədək qüvvədə olmuş “Hərbi tribunallar haqqında” qanuna əsasən, hərbi tribunallar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstəriblər, qanunverici hərbi tribunalların hakimliyinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlüyünə, hətta hərbi tribunalın xalq iclasçılığına namizədlərə əsas tələb kimi onların həqiqi hərbi xidmətdə olmalarını müəyyən edib: “Hərbi tribunallar haqqında” qanunun 21-ci maddəsində hərbi tribunalların strukturu, ştatları və komplektləşdirilməsi barədə müddəalar nəzərdə tutulmuşdu. Həmin maddəyə əsasən, hərbi tribunalların aparatının strukturunu və ştatlarını Ədliyyə Nazirliyi Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyası aparatının strukturunu və ştatlarını Ali Məhkəmənin Rəyasət Heyəti Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edirdi. Hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Müdafiə Nazirliyinin vəsaiti hesabına həyata keçirilirdi”.

Konstitusiya Məhkəməsi qanunvericiliyin normalarının təhlilindən belə nəticəyə gəlir ki, Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il və 26 dekabr 2014-cü il qərarlarında nəzərdə tutulmuş “hərbi qulluqçu” müddəası hərbi tribunalların hakimlərini, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərini və onların aparatlarında xidmət etmiş hərbi qulluqçuları da ehtiva edir: “Belə olan halda Nazirlər Kabinetinin mübahisələndirilən qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmir”.

Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il və 26 dekabr 2014-cü il qərarlarının konstitusiyanın 37-ci maddəsi (İstirahət hüququ) ilə ziddiyyət təşkil etmədiyi qənaətinə gələn Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara 1994-cü il fevralın 1-dən “Hərbi tribunallar haqqında” qanun qüvvədə olduğu dövrədək istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının müəyyən edilməsi məqsədəmüvafiq olardı.

Qərar

Orduda xidməti müşavirə: bütün qoşun növlərinin tətbiqi ilə təlimlərə hazırlıq gedir

14.06.2016



mn 1
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, nazirliyin baş idarə və idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə geniş tərkibdə xidməti müşavirə keçirilib. İyunun 14-də yayılan rəsmi məlumata görə, müşavirədə qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanması, döyüş və qarşılıqlı uzlaşmanı təmin edən müxtəlif səviyyəli, o cümlədən hərbi texnikanın və bütün qoşun növlərinin tətbiqi ilə operativ-taktiki təlimlərin keçirilməsinə hazırlıq və qarşıda duran digər tapşırıqlar müzakirə olunub.

İki il əvvəl 114 dollar, bir il əvvəl 65 dollar, indi 50 dollar

14.06.2016

neft 1İyunun 14-ü dünya birjalarında neftin qiyməti düşüb. AZƏRTAC xəbər verir ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar azalaraq 47,4 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar aşağı düşərək 48,97 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli 0,28 dollar ucuzlaşaraq, 50,69 dollara təklif edilir.

Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb. İyunun 9-da Azərbaycan neftinin qiyməti 2016-cı ildə ilk dəfə 52 dolları ötmüşdü.

Transparency.az bildirir ki, 2015-ci ilin eyni dövründə “AzəriLayt” markalı neftin bir barreli 65,49 dollara, 2014-cü ildə 114,04 dollara satılıb.

İşçi nə qədərdir, orta əməkhaqqı nə qədər?

14.06.2016



emekchi 1Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501,6 min nəfər olub, onların 891 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610,6 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,6 faizi təhsil, 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,4 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2016-cı ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 487,5 manat olub.

“Elm haqqında” qanun qəbul olundu

14.06.2016

mm - bina 1
İyunun 14-ü Milli Məclisin növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. 7 fəsil, 40 maddədən ibarət olan sənədə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanuna əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabət qabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.

Təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də sənəddə əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər.

AZƏRTAC-ın məlumatına görə, doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsini dövlət təmin edəcək, habelə gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm yaradılacaq.

İnvestisiyaların təşviqi mövzusunda konfrans keçirilib

14.06.2016

konfrans
İyunun 14-ü Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin, dövlət orqanlarının və ticarət palatalarının 200-ə yaxın nümayəndəsi iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında ölkədə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, dövlət başçısının sənayeləşmə siyasəti çərçivəsində görülən işləri diqqətə çatdırıb. Qeyd edilib ki, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edir: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, investisiya təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştləri, qeyri-neft ixrac təşviqinin ödənilməsi və əlavə dəstək mexanizmlərinin yaradılması sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir.

Görülən işlərin nəticəsidir ki, 2015-ci il və bu ilin ötən dövrü ərzində 470-dən artıq sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanıb. Keçən il qeyri-neft sənayesi 10 faiz, 2016-cı ilin ötən dövründə isə 3 faiz artıb. Ümumilikdə son 10 ildə qeyri-neft sənayesində 2,3 dəfə artım qeydə alınıb”.

“Dövlət başçısının müvafiq fərmanları ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və bu parklarda rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılıb” deyən nazir bildirib ki, Neftçala Sənaye Məhəlləsində hazırda son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək: “Sahibkarlar Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq. Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlərin sənaye parkına 1,1 milyard dollardan çox investisiyanın yatırılması, 2200 iş yerinin yaradılması gözlənir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində də tədbirlər həyata keçirilir. İlkin hesablamalara əsasən, buraya 100 milyon dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur. Gəncədə sənaye parkının yaradılması da diqqət mərkəzindədir”.

Nazir dövlət başçısının Masallı Sənaye Məhəlləsinin yaradılması ilə bağlı iyunun 13-də imzaladığı sərəncamı da diqqətə çatdırıb.

Konfransda investisiya təşviqi sənədinin alınması üçün nazirliyə müraciət etmiş sahibkarlara həmin sənədlərin veriləcəyi, təqdim olunan 15 layihənin icrası nəticəsində yerli istehsala 160 milyon manatdan çox investisiya yatırılacağı, 1400-ə yaxın yeni iş yerinin yaradılacağı diqqətə çatdırılıb. Qeyd edilib ki, investisiya təşviqi sənədi alan sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur.

Konfransda Şahin Mustafayev bir qrup şirkət nümayəndəsinə investisiya təşviqi sənədlərini, eləcə də Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti “Aqrokimya Azərbaycan” MMC-yə qeydiyyat şəhadətnaməsini təqdim edib.

Magistr və doktorantlara hərbi xidmətə çağırışdan möhlət hüququ verildi

14.06.2016

herbi xidmet 1İyunun 14-də Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edib. Yeniliyə əsasən, hərbi xidmətə çağırışdan möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunur. Həmçinin xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ verilir.

İndiyədək ancaq bakalavriat pilləsində təhsil alanların hərbi xidmətə çağırışdan möhlət hüququ vardı.

Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunu açıqladı

14.06.2016



maliyye nazirliyi
Maliyyə Nazirliyi xarici dövlət borcu barədə məlumat açıqlayıb. Qeyd olunur ki, 1 aprel 2016-cı ilə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 448,7 milyon ABŞ dolları (11 milyard 486,6 milyon manat) həcmindədir. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 21 faizdir.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcunun 82,3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, 17,7%-i beynəlxalq maliyyə bazarlarından qiymətli kağızlar vasitəsilə cəlb olunub.

Vəzifəli şəxslərə yeni cərimə gəlir

14.06.2016

mm - iclas 1
Milli Məclisin 14 iyun iclasında bir sıra qanunlarda dəyişikliklər müzakirə olunub. Yeniliklər “Vətəndaşların müraciətləri haqqında” qanunun tətbiqi ilə əlaqədardır.

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar yüz manat, hüquqi şəxslər isə iki yüz manat məbləğində cərimə ediləcəklər. Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əməllərdə cinayət təqibinin əlaməti olduqda həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

“Hərbi qulluqçuların statusu haqqında” qanunda edilən dəyişikliyə əsasən isə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində yox, 15 iş günü ərzində baxılacaq.

“Prokurorluq haqqında” qanunda edilən dəyişiklikdə qeyd olunur ki, prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri haqqında” qanunun 6-cı maddəsi ilə müəyyənləşdirilən tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır. Qanunda edilən əlavəyə görə isə baş prokuror müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq icra hakimiyyəti orqanına məlumat verəcək.

Dövlət borcu son 5 ildə nə qədər artıb?

14.06.2016

1 aprel 2016-cı ilə Azərbaycanın xarici dövlət borcu 7 milyard 448,7 milyon ABŞ dolları (11 milyard 486,6 milyon manat) həcmində olub. Maliyyə Nazirliyi xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbətinin 21 faizə çatdığını bəyan edib.

Transparency.az son 5 ildə xarici dövlət borcunun necə artdığına nəzər salıb.

1 yanvar 2011-ci ilə borcun həcmi 3 milyard 857,3 ABŞ dolları olub. Maliyyə Nazirliyi borcun ÜDM-ə nisbətini 7,42 faiz göstərib.

Rəsmi hesabata əsasən, 1 yanvar 2012-ci ilə xarici dövlət borcu 4 milyard 816,7 milyon ABŞ dollarına (3 milyard 788,3 milyon manat) yüksəlib, onun ÜDM-ə nisbəti 7,6 faiz təşkil edib.

1 yanvar 2013-cü ilə xarici dövlət borcu 5 milyard 708,4 milyon ABŞ dollarına (4 milyard 481,1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,3 faizə qalxıb.

Maliyyə Nazirliyinin 1 yanvar 2014-cü ilə olan hesabatına görə, xarici dövlət borcu 4 milyard 753,2 milyon manat olub, onun ÜDM-ə nisbəti 8,2 faizə enib.

1 yanvar 2015-ci ilə xarici dövlət borcu 6 milyard 478,2 milyon ABŞ dolları (5 milyard 81,5 milyon manat) olub. Xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 8,6 faiz göstərilib.

1 iyul 2015-ci ilə xarici dövlət borcu 6 milyard 621,2 milyon ABŞ dollarına (6 milyard 941 milyon manat), onun ÜDM-ə olan nisbəti 12,2 faizə qalxıb.

1 oktyabr 2015-ci ilə xarici dövlət borcu 6 milyard 730,9 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti 12,4% həcmində qərarlaşıb.

1 yanvar 2016-cı ilə olan rəsmi hesabata görə, Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 894,3 milyon ABŞ dollarına, onun ümumi daxili məhsula nisbəti 19,8 faizə yüksəlib.

Avropaya üz tutan hər 23 qaçqından biri ölür

14.06.2016



qachqin 1Son 20 il ərzində bütün dünyada dəniz və ya quru yolla təhlükəsiz ərazilərə keçməyə cəhd edərkən 60 mindən çox mühacir həlak olub və ya itkin düşüb. Bu məlumat Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məruzəsində yer alıb.

AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, “Ölüm səyahəti: həlak olmuş və ya itkin düşmüş mühacirlərin müəyyən olunması və izlənməsi” adlı məruzə 1996-cı ildən indiyədək miqrasiya ilə bağlı vəziyyəti qiymətləndirir. Təşkilatın məlumatına əsasən, 2015-ci ildə təhlükəsiz ərazilərə keçməyə cəhd göstərən 5,4 min mühacir həlak olub və ya itkin düşüb. Bu il isə Avropaya üz tutan hər 23 qaçqından biri həyatını itirir. Ölümlə nəticələnən faciələrin 80 faizi mühacirlər Aralıq dənizindən keçərkən baş verir.

UEFA Rusiyaya cəza kəsdi

14.06.2016



rus azarkesh 1
İyunun 14-də UEFA Rusiya milli komandasını Avropa futbol çempionatından şərti uzaqlaşdırmaq qərarı çıxarıb. Eyni zamanda Rusiya Futbol İttifaqı 150 min avro cərimələnib.

Novator.az xəbər verir ki, Rusiya Futbol İttifaqının prezidenti, idman naziri Vitali Mutko jurnalistlərə açıqlamasında cəzanın ağır, cərimənin yüksək məbləğdə olduğunu vurğulayıb, amma apellyasiya şikayəti verilməyəcəyini deyib. O, baş verən hadisələrdə komandanın günahkar olmadığını və cəzanın yerinə düşmədiyini bildirib.

Avropa futbol çempionatı Fransada 24 komandanın iştirakı ilə keçirilir. Çempionatın ilk mərhələsində mübarizə 6 qrupda gedir. Rusiya milli komandası B qrupunda İngiltərə, Uels və Slovakiya komandaları ilə mübarizə aparır. İyunun 11-də Rusiya yığması İngiltərə ilə üz-üzə gəlib. Marseldə keçirilən oyun 1:1 hesabı ilə bitib. Oyundan əvvəl Marsel küçələrində rus və ingilis azarkeşlər arasında kütləvi dava düşüb. Oyundan sonra isə 30-a yaxın rus azarkeş stadionda ingilis azarkeşlərin sektoruna hücum çəkib. UEFA buna görə kütləvi iğtişaş, irqçi davranış və pirotexnikadan istifadə motivləri ilə iş açıb.

İyunun 14-də UEFA-nın qəbul etdiyi qərara görə, rusiyalı azarkeşlər stadionda bir daha dava salacağı təqdirdə bu ölkənin milli komandası turnirdən qovulacaq.

Rusiyada yaşayış minimumu müəyyənləşdi

14.06.2016



rubl 1İyunun 14-də Rusiya hökuməti 2016-cı ilin birinci rübü üçün yaşayış minimumu təyin edib. Novator.az-ın məlumatına görə, yaşayış minimumu adambaşına 9776 rubl (225 manata yaxın) müəyyən olunub.

Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 10524 rubl (242 manat), pensiyaçılar üçün 8025 rubl (184 manatdan bir qədər çox), uşaqlar üçün 9677 rubldur (223 manata yaxın).

Ötən ilin son rübündə Rusiyada yaşayış minimumu adambaşına 9452 rubl (217 manatdan bir qədər çox) olub.

Azərbaycanda 2016-cı ildə yaşayış minimumunun məbləği belə təsdiqlənib: ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Amnistiyanın ilk günü 350 nəfər azadlığa çıxıb

16.06.2016

Milli Məclisin 28 May – Respublika Günü münasibətilə verdiyi amnistiyanın icrasına başlanıb. Mayın 20-də qəbul olunmuş amnistiya qərarıiyunun 15-də qüvvəyə minib. 10 min nəfəri əhatə edən qərarla 3 min 500-ə yaxın şəxs həbs cəzasından azad ediləcək. Qərarın ümumi icra müddəti dörd aydır.

AZƏRTAC xəbər verir ki, iyunun 15-də amnistiyanın icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmətin rəhbərliyinin, ədliyyə naziri yanında fəaliyyət göstərən ictimai komitənin, Ombudsman Aparatı, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildiriblər ki, amnistiya aktının şamil olunduğu məhbuslardan 350-si (216-sı Bakıda, 134-ü ölkənin digər yerlərində) gün ərzində azadlığa buraxılıb. Onların 9-u qadındır.

amnistiya 1

Xarici valyutalar bahalaşıb

16.06.2016

merkezi bank
İyunun 16-da Azərbaycan manatı əksər xarici valyuta qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,512 manatdan 1,515 manata, 1 avronun məzənnəsini 1,707 manatdan 1,7082 manata qaldırıb.

Transparency.az-ın məlumatına görə, Rusiya rublu da bahalaşıb. 1 rubl 0,0232 manatadır. İyunun 14-də rəsmi kurs 0,023 manat olub.

Mərkəzi Bank 1 gürcü larisini 0,7086 manata, 1 ingilis funt sterlinqini 2,1479 manata, 1 türk lirəsini 0,5182 manata təklif edir.

Bu arada ABŞ-ın Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) 14-15 iyun toplantısının nəticələri bəlli olub. APA-Economics-in məlumatına əsasən, Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,25-0,5 faiz səviyyəsində saxlayıb. Rəsmi açıqlamada qeyd olunub ki, uçot dərəcəsi tədricən artırıla bilər, bu, iqtisadi perspektivə bağlıdır. FES-in növbəti iclası iyulun 26-27-də keçiriləcək.

Ötən il dekabrın 16-da FES maksimal uçot dərəcəsini 0,25 faizdən 0,5 faizə qaldırıb. Bununla da ABŞ Mərkəzi Bankının digər bankları kreditlə təmin etməsi şərti 2006-cı ildən sonra ilk dəfə dəyişmişdi. Uçot dərəcəsinin yüksəlməsi digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqi artırmışdı.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub.

“Karyerada ilk addım”: 267 iş yeri təqdim olunub

16.06.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Odlar Yurdu Universitetində keçirib. Tədbirdə tələbə və məzunlara mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda ixtisaslarına olan tələbat barədə ətraflı məlumat verilib. İşəgötürənlərlə ilkin əlaqələr quran tələbə və məzunlar öz ixtisas, bilik və bacarıqları, şəxsi keyfiyyətləri barədə məlumatlarını (CV) təqdim ediblər.

Rəsmi məlumata görə, 8-i dövlət, 48-i özəl sektora aid ümumilikdə 56 müəssisə 267 boş (vakant) iş yerini tədbir iştirakçılarına təqdim edib. Vakant iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslər əlavə təhsil kurslarına cəlb olunub. Bakı Əmək Birjasının da təmsil olunduğu tədbirdə müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb.


Yüklə 346,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə