İyun 2016 “Azərxalça”ya rəhbər təyin olunub



Yüklə 346,58 Kb.
səhifə3/6
tarix15.03.2018
ölçüsü346,58 Kb.
#31497
1   2   3   4   5   6

Bildirilib ki, ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunları üçün “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirləri gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsinə yönəlib. Bu ilin ötən dövründə Bakı, Sumqayıt, Gəncə şəhərlərində yerləşən 6 ali təhsil müəssisəsində belə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

emek - yarmarka 1

Azərbaycan nefti 50 dollardan aşağı düşüb

16.06.2016

neftDünya birjalarında neft ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar azalaraq 45,95 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar düşərək 47,98 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli 0,16 dollar ucuzlaşaraq 49,52 dollara satılır.

İyunun 14-də “AzəriLayt” markalı neftin bir barreli 50,69 dollara idi. Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb. İyunun 9-da Azərbaycan neftinin qiyməti 2016-cı ildə ilk dəfə 52 dolları ötmüşdü.

5 ayda ölkə iqtisadiyyatı 4,2 faiz kiçilib

16.06.2016

udm 12016-cı ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 21 milyard 512,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz az ümumi daxili məhsul istehsal (ÜDM). Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi iyunun 16-da belə hesabat yayıb.

5 aylıq makroiqtisadi göstəricilərə əsasən ÜDM-in kiçilməsinin əsas səbəbi tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalmasıdır.

Əlavə dəyərin 39,8 faizi sənayedə, 12,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olub.

Bu il Azərbaycanın ümumi daxili məhsulu son 20 ildə ilk dəfədir əvvəlki illə müqayisədə azalaraq mənfi işarə göstərir. 2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1% artmışdı. 2014-cü ildə ÜDM-də 2,8%, 2013-cü ildə 5,8% artım olmuşdu. 2012-ci ildə 2,2%, 2011-ci ildə 0,1% artım qeydə alınmışdı.

İlham Əliyevin prezidentliyinin ilk ili olan 2003-də ÜDM-in artımı 11,2% təşkil edib. 2004-cü ildə 10,2%, 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25%, 2008-ci ildə 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə 5% artım olub.

Son 20 ilin əvvəlki illərində ümumi daxili məhsulun həcmi belə artıb:

1996-cı il – 1,3%

1997-ci il – 5,8%

1998-ci il – 10%

1999-cü il – 7,4%

2000-ci il – 11,1%

2001-ci il – 9,9%

2002-ci il – 10,6%.

Ekspert: “Top yenə də dollar meydançasındadır”

16.06.2016

vuqar bayramovİqtisadçı ekspert Vüqar Bayramov manat-dollar məzənnəsi ilə bağlı vəziyyəti şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert milli valyutanın günlər dollara nisbətən dəyər itirməsinə belə izah verib: “Son illər biznesin, eləcə də bankların xarici borc öhdəlikləri xeyli artıb. Dövlət büdcəsi haqqında qanuna əsasən, bu il büdcədən 1,775 milyard manat, yəni 1 milyard 150 milyon dollar vəsait dövlət borcu və öhdəlikləri üçün ayrılacaq. Kommersiya banklarının cəlb etdiyi vəsaitlərin strukturunda xarici öhdəliklərin payının az olmadığını nəzərə aldıqda dollara son həftələr artan tələbin səbəblərini izah etmək çətin deyil.

Digər tərəfdən idxalın həcmi artır. İkinci devalvasiyadan sonra idxalda müşahidə edilən durğunluq tədricən aradan qalxır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin birinci rübündə Azərbaycanda xarici ticarət dövriyyəsi 3,607 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 1,781 milyard dollarını və ya 49,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 1,826 milyard dollarını (50,6 faizini) isə idxal məhsulları təşkil edib, idxalın ixracı üstələməsi ilə 45,3 milyon dollar mənfi saldo yaranıb. İdxal ixracdan çoxdur, bu da dollara tələbin artması deməkdir”.

Ekspertin təhlilinə görə, Mərkəzi Bankın dövriyyəyə daxil etdiyi milli valyutanın həcmindəki artımlar da dollara tələb formalaşdırır: “Banklar həmin vəsaitlərin bir qismini dollara çevirərək xarici valyuta öhdəliklərini yerinə yetirməyə çalışır. Mayın sonundan başlayaraq əhalinin də həm psixoloji, həm də iqtisadi baxımdan dollara tələbi yüksəlib. Banklardakı əmanətlərin 81 faizinin xarici valyutada olması ölkədə dollarlaşma səviyyənin yüksək olduğunu göstərir. Bu isə nəticədə vətəndaşların da artan dollar tələbi deməkdir.

Manatın məzənnəsinin növbəti dövrdə necə dəyişməsi isə birbaşa Mərkəzi Bankın davranışlarından asılı olsa da, yaxın gələcəkdə ciddi möhkəmlənəcəyi inandırıcı deyil. Hələlik Mərkəzi Bankın siyasəti daha çox məzənnə dəhlizini qorumağa istiqamətlənib. Aydındır ki, məzənnə marjı və valyuta ehtiyatları ilə bazara təsir edən baş bankın dollara olan tələbə təsir imkanları elə çox deyil. Bu isə ondan xəbər verir ki, mövcud məzənnə siyasəti dəyişdirilməsə belə, dollara tələbin artmasının davam etməsi manatın yumşalmasına səbəb olacaq. Deməli, top yenə də dollar meydançasındadır”.

Kənd təsərrüfatının ümumi məhsulu 5,8 faiz artıb

16.06.2016



kend teserrufati1
Dövlət Statistika Komitəsi bildirir ki, iyunun 1-nə kimi 359,6 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb, 23,2 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 35,4 min hektar sahədə qarğıdalı (ondan 34,4 min hektarı dən üçün), 60,8 min hektar sahədə kartof, 71,2 min hektar sahədə tərəvəz, 25,1 min hektar sahədə bostan bitkiləri, 50,9 min hektar sahədə pambıq, 6,8 min hektar sahədə şəkər çuğunduru, 7,5 min hektar sahədə dən üçün günəbaxan, 2,1 min hektar sahədə tütün, 72,1 min hektar sahədə çoxillik otlar, 2,2 min hektar sahədə birillik otlar, 165 hektar sahədə yemlik kökümeyvəlilər və 2,1 min hektar sahədə sair bitkilər əkilib.

İyunun 1-nə kimi tarlalardan 78 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 66,4 min ton çox dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) yığılıb. 55,6 min ton (1,1 min ton az) kartof, 100,6 min ton (13,8 min ton çox) tərəvəz, 11,3 min ton (1,6 min ton çox) meyvə və giləmeyvə, 404,3 ton (152,5 ton çox) yaşıl çay yarpağının yığıldığı qeyd olunur.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 2,7 faiz artaraq 183,6 min ton, süd istehsalı 3,5 faiz artaraq 813,8 min ton, yumurta istehsalı 5,4 faiz artaraq 694,6 milyon ədəd, yun istehsalı isə 1,7 faiz artaraq 13,1 min ton olub.

Ötən ilin ilk beş ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 24 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,3 faiz artıb.

Yanvar-may aylarına aid makroiqtisadi göstəricilər

16.06.2016



dsk-yeni 1
2016-cı ilin yanvar-may aylarına aid makroiqtisadi göstəricilər açıqlanıb. Transparency.az xəbər verir ki, hesabatı Dövlət Statistika Komitəsi iyunun 16-da yayıb.

Hesabata əsasən, 2016-cı ilin yanvar-may aylarında dövlət büdcəsinə 5 milyard 453,9 milyon manat vəsait gəlib, büdcədən 5 milyard 316,1 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 137,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizi səviyyəsində olub.

2016-cı ilin may ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18 milyard 758,7 milyon manat təşkil edib. Kredit portfeli 2015-ci il may ayının 1-i ilə müqayisədə 8,9 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,4 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il may ayının 1-nə 7 milyard 685 milyon manat olub.

2016-cı ilin yanvar-aprel aylarında əhalinin sayı 33,6 min nəfər və ya cari ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq 2016-cı il may ayının 1-nə 9 milyon 739,2 min nəfərə çatıb.

Yanvar-may aylarında iqtisadiyyata nə qədər sərmayə qoyulub?

16.06.2016

sermayeBu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatına 5 milyard 388,8 milyon manat məbləğində vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, istifadə olunan vəsaitin 4 milyard 591,1 milyon manatı və ya 85,2 faizi məhsul istehsalı obyektlərinin, 601,5 milyon manatı (11,2 faizi) xidmət sahələri üzrə obyektlərin, 196,2 milyon manatı (3,6 faizi) isə ümumi sahəsi 554,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitlərin 1 milyard 933,7 milyon manatını və ya 35,9 faizini daxili vəsaitlər təşkil edib.

Hərracda 50 milyon dollar satıldı

16.06.2016



ardnf 1İyunun 16-da təşkil olunan hərracda Dövlət Neft Fondu 24 banka 50 milyon ABŞ dolları satıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı valyutanın həcmi 2 milyard 157,4 milyon dollar olub.

Mərkəzi Bankdan isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları alınıb. Manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 842,8 milyon dollar sərf edilib.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda 100 ABŞ dolları 151 manat 50 qəpiyə satılır.

İnsan Hüquqları Günü ilə bağlı dinləmələr keçirilib

16.06.2016



eli hesenov 1İyunun 16-da Milli Məclisin insan hüquqları komitəsi “18 İyun — Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” mövzusunda dinləmələr təşkil edib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dinləmələrdə “İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda çıxış edib. O deyib ki, Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından başlayaraq beynəlxalq sənədlərdəki insan hüquqları prinsipləri nəzərə alınmaqla qanunlar qəbul edilib: “Bu sahədə əsas qanunumuz konstitusiyadır. Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı, sosial, mədəni və digər hüquqlar, söz, fikir azadlıqları təsbit olunub.

1998-ci il iyunun 18-də insan hüquqlarının müdafiəsinə dair dövlət proqramının qəbul edilməsi də mühüm addım idi. Proqramda Ombudsman İnstitutunun yaradılması və digər məsələlər əksini tapıb. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla həmin gün Azərbaycanda İnsan Hüquqları Günü kimi elan edilib.

2006-cı və 2011-ci illərdə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2020-ci ilə qədər dövrü əhatə edən inkişaf konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb”.

AZƏRTAC-ın məlumatına görə, prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda çoxlu partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir: “Hər il dövlət büdcəsindən partiyaların maliyyələşməsinə 2,5 milyon manat vəsait ayrılır. Avropa Şurasının Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib”.

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Əli Həsənov qeyd edib ki, ölkədəki QHT-lərin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtisaslaşıb: “2008-ci ildə fəaliyyətə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir. Gənclər Fondu gənclər təşkilatlarının, gənclərin layihələrinə yardım göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə vəsait ayırır. Keçən ildən icra orqanları yanında ictimai şuralar yaradılmasına başlanıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur”.

Diqqətə çatdırılıb ki, konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub: “1999-cu ilin dekabrında “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa İnsan Hüquqları Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə yeddi gün sonra nəşrə başlamaq olar”.

Əli Həsənov vurğulayıb ki, prezident İlham Əliyev ölkədə KİV-lərin inkişafına və onların problemlərinin həllinə xüsusi diqqət yetirir: “Azərbaycanda azad plüralist media fəaliyyət göstərir. KİV-in sayına görə Azərbaycan qabaqcıl ölkələrdən biridir. Azərbaycanda 5 mindən artıq KİV fəaliyyət göstərir”.

Prezidentin köməkçisi Azərbaycanda internet azadlığından da danışıb. O deyib ki, ölkədə internet resursları da sürətlə inkişaf edir, əhalinin 75 faizindən çoxu internetdən istifadə edir.

Seçicilərə dair yeni statistika

16.06.2016



msk_1_2Mərkəzi Seçki Komissiyası seçicilərə dair statistika açıqlayıb. Transparency.az-ın məlumatına əsasən, hesabatda 2009-cu ildə ölkədə 4 milyon 769 min 149 nəfər seçicinin qeydiyyatda olduğu bildirilir. 2010-cu ildə seçicilərin sayı 60 min 739 nəfər artaraq 4 milyon 829 min 888 nəfərə çatıb. 2011-ci ildə ölkədə 4 milyon 873 min 642 nəfər (43 min 754 artım), 2012-ci ildə 4 milyon 922 min 600 nəfər (48 min 958 artım), 2013-cü ildə 4 milyon 986 min 296 nəfər (63 min 696 artım), 2014-cü ildə 5 milyon 54 min 455 nəfər (68 min 159 artım), 2015-ci ildə 5 milyon 93 min 28 nəfər seçici olub (38 min 834 artım).

Bu il seçicilərin sayı 33 min 822 nəfər (0,66%) artaraq 5 milyon 127 min 111 nəfərə yüksəlib. Hesabata görə, 5 milyon 127 min 111 seçicinin 48,35%-i kişilər, 51,65%-i qadınlardır. 125 dairənin 5415 məntəqəsində 2 milyon 479 min 208 kişi, 2 milyon 647 min 903 qadın seçici qeydə alınıb.

Yaş qrupları üzrə bölgü belədir:

18 yaş — 30 min 246 nəfər (0,59%)

19-29 yaş — 1 milyon 219 min 254 nəfər (23,78%)

30-39 yaş — 1 milyon 94 min 221 nəfər (21,34%)

40-49 yaş — 923 min 834 nəfər (18,02%)

50-59 yaş — 1 milyon 18 min 314 nəfər (19,86%)

60-69 yaş — 519 min 221 nəfər (10,13%)

70-79 yaş — 211 min 198 nəfər (4,12%)

80-89 yaş — 101 min 701 nəfər (1,98%)

90-99 yaş — 8 min 584 nəfər (0,17%)

Seçicilərin 538 nəfərinin (0,01%) yaşı 100 və yuxarıdır.

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının üzvü seçilib

16.06.2016

bmt
Azərbaycan Respublikası BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib. Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, iyunun 14-ü BMT Baş Assambleyasında keçirilmiş seçkidə Azərbaycan 184 üzv dövlətdən 176-nın səsini əldə edib. Ölkə 2017-ci ilin yanvarın 1-dən 2019-cu il dekabrın 31-ədək ECOSOC-un üzvü olacaq.

ECOSOC BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir. Qurumun 54 üzvü var. Şura üzvləri BMT-nin Baş Assambleyasında regional qruplar üzrə üç il müddətinə gizli səsvermə ilə müəyyənləşir. Hər il 18 yeni üzv seçilir. Seçilmək üçün üzv dövlətlərin ən azı üçdə ikisinin, 129 dövlətin səsi tələb olunur.

Layiqli əmək proqramının əsas istiqamətləri təqdim olunub

16.06.2016



konfrans
Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün layiqli əmək üzrə ölkə proqramı” hazırlanıb. Proqramda əksini tapan prioritetlərin, onların layiqli əmək üzrə beynəlxalq normalara uyğunluğunun, habelə proqramın icrası yönündə görüləcək işlərin müzakirə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və BƏT-in nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

Rəsmi məlumata görə, iyunun 16-da keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, son 2 ildə yanacaq resurslarının qiymətlərinin enməsi iqtisadiyyatı xeyli dərəcədə bu resursların ixracına bağlı olan ölkələrin əksər hissəsində milli valyutaların ucuzlaşması, əhalinin gəlirlərinin müəyyən qədər dəyər itirməsinə gətirib çıxarıb: “Problemin kompleks şəkildə və əsasən iqtisadiyyata investisiyaların, özü də artıq dövlət investisiyalarının deyil, özəl investisiyaların yatırılması üçün əlverişli şəraitin formalaşdırılması yolu ilə həlli yüksək maaşlı yeni iş yerlərinin yaradılmasını, əhalinin gəlirlərinin artırılmasını təmin edə bilər. Bunu əsas tutan prezident İlham Əliyev bir tərəfdən institusional islahatları həyata keçirərək yeni postenerji dövrü üçün xarakterik olan idarəetmə sistemi yaradır, digər tərəfdən investisiyalar üçün böyük imkanlar açan təşviqlər və əlverişli şərait rejimini ortaya qoyur, biznesə maneçilik yaradan elementləri ləğv edir. Üçüncü tərəfdən isə büdcə sferasında çalışanların əmək haqlarını və sosial ödəmələri ehtiyatla artıraraq yeni idarəetmə modelinə keçid dövrünün yaşada biləcəyi çətinlikləri kompensasiya edir”.

Səlim Müslümov arta biləcək işsizlik hallarına görə ailələrin gəlirlərinin azalmasının nisbətən kompensasiya edilməsinin, həmin azalmanın qısamüddətli olmasının bu proseslərin ən vacib elementi olduğunu, bunun üçün lazım gəldikdə dövlətin daha çox yerli xammala əsaslanmaqla icra olunan infrastruktur layihələrinin reallaşdırılmasına da gedəcəyini bildirib: “Bütün bunlar Azərbaycan hökumətinin ölkədə sürətlə artan insan resurslarının iqtisadiyyata cəlb olunması və məşğulluğunun təmin edilməsi məsələlərini prioritet kimi diqqətdə saxladığını bir daha təsdiqləyir”.

Nazir qeyd edib ki, bu istiqamətdə əsas yol kimi özəl sektorun həvəsləndirilməsi və kadr potensialının yüksəldilməsi seçilib: “Son aylar ərzində Azərbaycan prezidentinin imzaladığı fərman və sərəncamlar da bunu əyani şəkildə təsdiq edir. Dünya Bankının son açıqlamaları Azərbaycanda səmərəli dövlət idarəçiliyi və sosial problemlərin həllinin uğurlu modelinin mövcudluğunu göstərir. Alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla 1000 ABŞ dolları dəyərində ÜDM istehsalı üçün enerji sərfi göstəricisi və gəlirlərin bölüşdürülməsini xarakterizə edən Cini əmsalının 33 faizlik səviyyəsi bu deyilənlərin əyani sübutudur”.

Səlim Müslümov bildirib ki, Azərbaycan hökuməti ilə BƏT arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün birgə fəaliyyət istiqamətlərini müəyyən edən layiqli əmək üzrə ölkə proqramının imzalanması ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşması yönündə növbəti addım olacaq: “Layiqli əmək hər hansı ayrı-seçkilik istisna olmaqla insanın azad, bərabər, təhlükəsiz və ləyaqətinə hörmət şəraitində əmək hüququnun təminatı deməkdir. Bütövlükdə layiqli əmək konsepsiyası işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi 4 komponentə əsaslanır. Onun indikatorlarını isə layiqli əməyə nail olmaq üçün mövcud beynəlxalq və milli standartlar təşkil edir. Azərbaycanda bu prinsiplərə tam cavab verən vətəndaş hüquqları ölkənin konstitusiyasında, BƏT-in ratifikasiya edilmiş 57 konvensiyasında, əmək və sosial müdafiə üzrə milli qanunvericilikdə bəyan olunub”.

Layiqli əməyin ölkənin sosial-iqtisadi siyasətinin əsas istiqamətini təşkil etdiyini bildirən Səlim Müslümov nəzərə çatdırıb ki, məşğulluğun inkişafına, layiqli əmək konsepsiyasının reallaşmasına yönələn balanslaşdırılmış iqtisadi siyasət konkret nəticələrlə ifadə olunmuş milli prioritetdir: “Milli səviyyədə biz layiqli əməyi ümumi inkişaf kontekstində makroiqtisadi və əmək bazarında siyasətlərin qarşılıqlı əlaqəsi əsasında məşğulluq problemlərinin həlli kimi görürük. Başqa sözlə, layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, əməyin ödənilməsi sistemində islahatların aparılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işsiz vətəndaşlar üçün səmərəli peşə hazırlığı və əlavə təhsil bazasının formalaşdırılması, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta sisteminin tətbiqi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq”.

Laçın Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olundu

16.06.2016



aqil nezerli 2İyunun 16-da prezident İlham Əliyevin sərəncamı ilə Aqil Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı postu martın 3-dən, Akif Səlimov bu vəzifədən azad olunandan vakant idi. Aqil Nəzərli həmin gündən icra başçısının səlahiyyətlərini icra edirdi.

Aqil Ağaxan oğlu Nəzərli 1976-cı ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini hüquqşünaslıq, Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirib. 1999-cu ildən Laçın Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədridir.

Təltif sərəncamları

17.06.2016



serencam 1
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edən sərəncamlar imzalayıb. Abuzərov Rafiq Mahmud oğlu, Adnayev Sabir Adnayeviç, Ağayev Gündüz Xeyrəddin oğlu, Balakişiyeva Fəxrəndə Kamil qızı, Əliyeva İradə Tofiq qızı, Əliyeva Nigar Ramiz qızı, Hacıyev Tahir İbad oğlu, Hüseynova Edilya Cümşüd qızı, Qarayeva Nailə Ələkbər qızı, Məmmədov Əhəd Süleyman oğlu, Məmmədov Nizami Həsən oğlu, Rəcəbov Fərhad Məzahir oğlu əməkdar həkim; Əzizova Svetlana Qəşəmovna, İsmayılov Fuad Nadir oğlu əməkdar müəllim; Eldarova Kəmalə Seyidqulu qızı, Əliyeva Fazilə Məhəmməd qızı, Hüseynova Könül Kamil qızı, Seyidova Sevda Mirəli qızı əməkdar tibb işçisi fəxri adları alıblar.

Sabir Qaçay oğlu Həbibov “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilib, Babayev Fariz Kamil oğlu, Cəfərli Əhəd Məmməd oğlu, Hüseynova Zərifə Əzizağa qızı, İsmayılova Südabə Nəbi qızı, Məcidova Nigar Zahid qızı, Mustafayeva Zəkiyyə Müslüm qızı, Rəhimov İbrahim İslam oğluna isə “Tərəqqi” medalı verilib.

Təltiflər tibb elminin, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlər, səhiyyə sahəsində səmərəli fəaliyyətlə əsaslandırılıb.

Dolların üzü yuxarı

17.06.2016

dollar 1Mərkəzi Bank iyunun 17-də ABŞ dollarını bahalaşdırıb. 1 dolların rəsmi kursu 1,515 manatdan 1,5180 manata yüksəlib. Avro və Rusiya rublunda isə əks proses baş verib. Transparency.az bildirir ki, 1 avronun rəsmi məzənnəsi 1,7082 manatdan 1,7074 manata, 1 rublun kursu 0,0232 manatdan 0,0231 manata düşüb.


Yüklə 346,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə