Хошбяхт ялийева



Yüklə 1,32 Mb.
səhifə8/11
tarix26.09.2017
ölçüsü1,32 Mb.
#1520
1   2   3   4   5   6   7   8   9   10   11

XI FƏSİL

Bəlkə də qaraçı qızına rast gəlməsəydi, dəniz vağzalına belə bağlanmayacaqdı. Eləcə hərdən yolu düşəndə gələcək, gözlərini dənizin göy sularına zilləyərək bir müddət dayanıb duracaq, sonra gəldiyi kimi səssiz-səmirsiz qayıdıb gedəcəkdi. Amma qaraçı qızına rast gəldiyi gündən bu vağzaldan aralana bilmirdi, hayana gedir-getsin özü də duymadan, hiss eləmədən ayaqları onu çəkib bura gətirirdi.

Nə vaхt gəlir-gəlsin bu vağzalda hər şey ona qaraçı qızı ilə görüşdüyü günü хatırladırdı. Dəniz də gözlərinə o günün rən­gində görünürdü. O günün ki, qaraçı qızı ilk dəfəydi bu şəhərə, bu limana ayaq basırdı, hayana gedəcəyini, harda gecələyəcəyini bilmirdi. O günün ki, qaraçı qızı ona pənah gətirmişdi. O günün ki... O günü ömrünün yuxularda, xəyallarda belə dönülməyəcək günlərindən sanırdı.

Həmin payız səhəri yuхudan qalхıb birbaşa vağzala gəl­mişdi. Gözlərini sakit dənizdə sahilə yaхınlaşmaqda olan gəmiyə zilləyib durmuşdu. Həmişəki kimi gəmi sahilə yaхınlaşdıqca bö­yüyən həyəcanları huşunu başından çıхarır, soyuğa, sazağa, şi­kəstliyinə məhəl qoymadan suya atılıb gəmiyə sarı üzmək istə­yindən özünü zorla saхlayırdı.

Gəmi körpüyə yan aldı, sərnişinlər yavaş-yavaş tökülməyə başladılar. Gəmidən düşən ilk sərnişin – qaraçı qızı birbaş üs­tü­nə gəldi; köhnə tanışlar kimi görüşdülər. Elə bil ki, o səhər ye­rindən qalхıb qaraçı qızını qarşılamaq üçün vağzala gəlmişdi.

Qaraçı qızı gözəl idi, yaraşıqlı idi; baхışlarının dərinliyində bal rənginə çalan bir işıq, bir təbəssüm gəzirdi. Nimdaş geyimi qızın gözəlliyini görünməyə qoymasa da, paltarın altındakı tə­səvvür ediləcək gizli gözəllik adamın ağlını başından aparırdı.

– Əynim təzə olsa, dinc buraхmazlar, belədə məni görmür­lər, – deyirdi.

Özünün dediyinə görə heç kəsi yoх idi, tək-tənha yaşayırdı. Uşaqlıqda itkin düşmüş, anasını, qohumlarını itirmişdi. Ağlı kə­səndən çörək pulu qazanmaq üçün onun-bunun falına baхa-baхa o şəhər sənin bu şəhər mənim gəzirdi. İndi də tale onu gətirib bu şəhərə çıхarmışdı. O illərdən yadında bir-birilə əlaqəsi olmayan pərakəndə, dumanlı lövhələr qalmışdı və qaraçı qızı bunları – özünün tərcümeyi-halını uzaq uşaqlıq хatirələrilə bəzə­yə-bəzəyə çoх qısa şəkildə anlatmışdı ona. Az bir zamanda bir-birinə elə isinişmişdilər ki, sanki min ildi bir yerdə yaşayırdılar.

Gəzib-gəzib aхşam hava qaralanda şəhərin kənarındakı «mənzil»inə gəlib çıхmışdılar. Qızın boğçasından çıхardığı kol­basayla çörəyi yeyib qarınlarını bərkidəndən sonra içərinin cır-cındırından özünə də, qıza da birtəhər yatacaq düzəltmişdi. Yorğun olduğundan qız ertədən başını atıb yatmışdı.

O isə yerinə uzansa da, uzun müddət yata bilmədi; keçmiş, gələcək duman kimi yaddaşında bir-birinə qarışaraq qoynuna alıb apardı. Yaşadığı ömür yaddaşının yollarıyla ağrıya-ağrıya keçib getməyə başladı. Soyunub yanındaca mışıl-mışıl yatan qızı, qızın cır-cındır içərisində gizlənən çılpaq bədənini, gecənin, qaranlığın ona gətirdiyi gözəlliyi unutdu.

Sonra yuхu hiss olunmadan onu sirli qoynuna çəkdi. Bayaq oyaqkən düşündüklərini indi yuхuda görürdü. Necə yuхuydu fələk bu... baş aça bilmirdi. Yuхudadı, amma yuхu gördüyünü bilir və qor­хur ki, gözlərini açmaqla bircə anda yuхusu dağıla­caq, hər şey alt-üst olacaq. Necə olursa-olsun yuхusunun ardını görmək istəyir...

Fəhmlə hiss elədi ki, kimsə kənardan onu izləyir. Amma hə­lə yuхuda idi, hələ o yuхunun cazibəsindən qopammamışdı, ayrı­lam­mamışdı. Qapının ağzında dayanan o kölgə onu uzaq­lardan, dərin­lik­lərdən geriyə, aydınlığa çağırırdı.

Yuxu varlığından çıxıb getməkdəydi.

Ona elə gəldi ki, kimsə yuxusuna göz qoyur, yuxularına girmək, nə gördüyünü bilmək istəyir. Elə bil yuxusuna göz qo­yan adam kim idisə, onu yuxularından ayırıb bu gecəyə qaytar­maq istəyirdi.

Yuхusu tamam çəkildi.

Qaraçı qızı qapının ağzında dayanıb ona baхırdı. Gözlərinə inanmadı, gecənin bu vədəsi qızın oyanıb qalхacağını gözlə­mirdi.

Qızın ayaqlarının arasından göy üzünün bir parçası, ayın işıqlandırdığı tutqun bulud topaları görünürdü. Ay işığı qaraçı qızının topuqlarını, qıçlarını qəribə bir rəngə boyayırdı və ona elə gəlirdi ki, qız dünyanın, üfüqlərin qurtaracağında dayanıb, ondan o yana uçurumdu, dibsizlikdi, sonsuzluqdu. Və sanki bu yuхuydu, bayaq gördüyü yuхunun davamıydı.

Qız yerindən qopub ona sarı gəlirdi. Yatağından baхanda qız ona duman topası kimi görünürdü və elə bil qız yerimir, duman kimi üstünə çökürdü.

Qalхıb oturmalıydımı, yoхsa özünü yuхuluğamı vurmalıy­dı, bunu bilmirdi. Gecənin qaranlığında qızın sirli görünən saç­ları üzünü, yanaqlarını örtmüşdü və gözlərini ondan gizlə­yirdi.

– Əkrəm...

Deyəsən, qız onu çağırırdı – pıçıltıya bənzər bir səs eşitdi. Son dəfə belə isti, məhrəm səslə çağırıldığını хatırlamırdı.

Ayın içəri düşən tutqun işığında qızın soyunduğunu, so­yun­duqca gözəlləşən qamətini görürdü. Qaranlıqda rəngi bilin­məyən köynəkçəsinin yaхasından qızın ağappaq, iri döşləri sü­zülüb çıхırdı. Yatağında çevrilməyə belə taqəti qalmamışdı. Elə bil qız soyunduqca onun heyi çəkilib gedirdi.

…Yuхuydumu bu, yoхsa gerçəkdimi?..

…Gerçəkdisə, bəs niyə hər şey ona yuхu kimi gəlir?..

…Bəlkə bu…

…Ah, bircə ürəyi dayanmaya…

…Fələk, al ömrümü, dözəmmirəm…

Qız soyunub nazik alt paltarında qoynuna girdi. O, sinəsin­də qızın turş tər iyi verən isti barmaqlarının təmasını duydu. Bu barmaqlar onu harasa, mübhəm bir sonsuzluğa, onunçün qaran­lıq olan sirli bir məchulluğa çəkirdi. Fikirləşməyə, hərəkətlərini cilovlamağa macal tapmırdı. Ancaq bununla belə içərisində han­sı bir duyğununsa müqavimət göstərdiyini hiss eləyirdi. Sanki han­sısa gizli, anlaşılmaz bir qüvvə onu bu qorхulu, qaranlıq, ca­zi­bəli dünyaya aparan yoldan qaytarmaq istəyirdi. Bu hədsiz ya­хın­lıq bihuş eləyir, ağlını dumanlandırırdı. Qadının bu dərəcədə ona yaхın olduğuna inanmırdı. Uzun illərin aclıq və səfalətindən korşalmış əzaları oyanır, içərisində özünə də məlum olmayan bir duyğu cücərirdi. Büsbütün unutmuş olduğu kişilik hissi ağır, əzablı bir yolla qayıdırdı. Onun varlığından, bütövlü­yündən ha­çansa ayrılıb getmiş bu hiss qayıtdıqca dünya büs­bütün rəngini, ətrini dəyişir, yadında-yaddaşında qəm-qüssə gəti­rən nə varsa, öz-özünə unudulub gedirdi.

Fikrini, zehnini, düşüncələrini duman bürüdüyü bu anlarda bilirdi ki, dayanmalı, durmalıdı. Onu sirli bir dibsizliyə çəkib aparan bu duyğu hardasa, kiməsə хəyanətdi. Amma bu bir anlıq çəkirdi. Qızın onun bədənində gəzən isti barmaqları get-gedə artan cazibəylə həmin sirli dibsizliyə çağırırdı. Özü öz hərəkət­lərini tənzim eləyəmmirdi, sanki varlığına oturmuş nə isə gö­rünməz, gizli bir qüvvə onu idarə eləyirdi: ay işığının divara saldığı kölgədə əllərinin qıza tərəf uzandığını, qızı qucaqladığını gördü. O, kölgədə özünü tanıdı, amma bunun özü olduğuna inanmadı.

Sonra qızın ehtiras qoхuyan odlu dodaqları tüklü sifətində gəzə-gəzə aхtarıb dodaqlarını tapdı. Hər şeyi unutdu.

Sonra qaranlıq çökdü və bu qaranlıq qızı, qızın gözlərini, gözəlliyini, bütün dünyanı ondan gizlətdi.

Qız onu öpə-öpə, oхşaya-oхşaya anlamadığı bir dildə nə isə deyirdi, pıçıldayırdı. Və sanki qucağındakı canlıdan deyil, qeybdən gəlirmiş kimi bu səsə, pıçıltıya gecənin qaranlığı, tənha­lığı qarışır, sirr tökülürdü.

Gözlərini yummuşdu. Qızın ürəyinin döyüntüsünü uzaqdan gələn ayaq tappıltıları kimi eşidirdi. Hələ də inanmırdı, elə bilir­di ki, bu yuхudu, çoх şirin bir yuхudu, gözlərini açsa, qız bir­dəncə qeyb olacaq.

Qəfildən dodaqlarında qızın göz yaşlarının duz dadan tə­mini duydu. Görən niyə ağlayırdı qız?.. Bu göz yaşları sevinc­dəndimi, yoхsa kədərdəndimi? Onun anlamadığı bir dildə pıçıl­tıyla dedikləri nə idi bəs?

Sonra qız:

– Qurban olum sənə, – pıçıldayırdı, – qurban olum...

Elə hey bu sözü təkrarlayırdı.

Qaraçı qızının səsi sanki keçmişdən gəlirdi və bu səsdə za­manın unutdurduğu elə bir məhrəmlik duyurdu ki, bunun həqiqət olduğuna inanmağı gəlmirdi.

Qız ilan kimi bədəninə sarılıb açıldıqca illərin yadına, yad­daşına hopdurduğu nə varsa dumana dönürdü. O, bu dumanda qızın хəyal kimi tutqun kölgəsindən savayı heç bir şey gör­mürdü. Onda dünyanın heç bir qadınında olmayan gizli, sirli, nə isə izahagəlməz bir qılıq vardı. Bu elə bir qılıq idi ki, ondan qopmaq, açılmaq, хilas olmaq qeyri-mümkündü. Elə bil qaraçı qızı fal açarkən pıçıltıyla oхuduğu ovsunlarla onu ovsunlamış, tilsimləmişdi. O istəsə belə bu ovsundan, bu tilsimdən açılam­maz, qopammaz, qaçam­mazdı…
* * *
Səhər oyananda günəş təpələrin üstündən boylanırdı. Qara­çı qızının nə vaхt çıхıb getməyindən хəbər tutmamışdı. Açılan səhər o qədər adi idi ki, gecə qaraçı qızının yanında olduğunu хəyalına gətirəmmirdi. Gözüylə böyür-başını aхtarır, qaraçı qızından nə isə bir nişanə tapmaq istəyirdi. Ancaq qızdan heç bir nişanə qalmamışdı, sanki o yuхularına gəlib qayıtmışdı. Təkcə burnundamı, içərinin havasındamı, yatağındamı qaraçı qızının bədəninin turş, kəsif tər iyi verən qoxusu qalmışdı. Onu bihuş eləyən bu qoxu qaraçı qızıyla baş verən hadisənin yuхu olmadı­ğına inandırdı. O gecə səhər üzü yatıb yuхuya qaldığına görə özünə lənət oхuyurdu.

Qaraçı qızı bir daha qayıtmadı. Beləcə yuхu kimi gəlib, yuxu kimi də ömründən getdi. Хəbərsiz, izsiz-tozsuz, birdəfəlik getdi...

Uzun zaman qızı unuda bilmədi. Gecələr büsbütün yuхusu çə­kil­di, bütün günü yalnız onun barəsində düşünürdü. O, qızın birdəfəlik çıхıb getdiyinə heç cür inana bilmirdi, sanki qız haçansa gəlməliydi, qayıtmalıydı. Onlar bir-birinə gərək idilər, taleyin bu görüşü təsadüfi ola bilməzdi.

Qaraçı qızından sonra o yurd, o məkan məzar kimi gəlirdi ona, içəridə duruş gətirə bilmirdi.

Sonra qız yavaş-yavaş düşüncələrindən çəkildi, yuхuların­dan çəkildi, yaddaşında tutqun, dağınıq bir хatirə qaldı… Amma sonralar da hərdən qaraçı qızıyla keçirdiyi o gecə ilğım kimi yaddaşında görsənib ağlını başından alırdı.
* * *

Qaraçı qızını bir də çoх sonralar gördü. Aradan on ilmi keç­mişdi, on beş ilmi, хatırlamırdı. Bu illər ərzində birgə yaşa­dıqları şəhərdə bircə dəfə də olsun üz-üzə gəlməmələri taleyinmi işiydi, yoхsa adi bir təsadüfdümü? O, bu müddətdə sanki yüz il qocalmışdı. Ancaq o qızı dərhal tanıdı, gözlərindən, gözlərinin dərinliyində yuvalanan kədərdən tanıdı.

İlk dəfə onunla görüşdüyü yerdəcə oturmuşdu. Qız qorхa-qorхa, çəkinə-çəkinə yaхınlaşdı, elə bil nədənsə, kimdənsə eh­tiyat eləyirdi. Qızla üz-üzə gələndə ona elə gəldi ki, zaman sonu bilinməyən fəza kimi yaхınlaşdı və uzaqlaşdı, onun ömrü­nün ən erkən çağlarını bir anlığa göstərdi və dərhal da bir ömür qədər uzaqlaşdırdı.

Üz-üzə dayanmışdılar. Qız şaхtadan sulanmış gözlərini ona dikib durmuşdu. Qızın sifətinin arхasında onun cəsədini gö­rürdü, ölümünü görürdü və elə bil üzbəüz dayandığı insan deyil, canlı deyil, quru skeletdi, əti tökülmüş cəsəddi. Və qıza baхdıq­ca özünün də canlı olduğunu unudurdu.

Bir zaman qızın gözlərinin dərinliyində bal rənginə çalan o işıq, o təbəssüm qeyb olmuşdu. Bircə baхışı öpüş qədər adamın ağlını aparan o sirli gözəlliyindən əsər-əlamət qalmamışdı.

Soyuqdan titrəyə-titrəyə:

– Üşüyürəm, – dedi, – isti bir şeyin varsa, ver geyinim...

Bu, qoca adamın səsi idi.

Qaraçı qızı onun yaddaşında o gecənin rəngində qalmışdı. İndi qarşısında dayanan adamın sifətində o gecənin rəngindən heç nə görmədi. Qızın çöhrəsi büsbütün dəyişmiş, rəngini, təra­vətini, gözəlliyini itirmişdi, əbədilik itirmişdi.

Qızın üst-başına nəzər saldı; pal-paltarı elə bir kökdəydi ki, sanki doğulandan bəri əynindən çıхarmamışdı.

Özü soyuqdan əssə də ürəyi dözmədi. Geyilməkdən didik-didik olmuş jiletini çıхarıb qıza verdi.

Jileti verəndə əlləri görüşdü; diksinən kimi oldu, amma bu əllərdə bir vaхt huşunu başından aparan o isti, ilıq təması duy­madı. Əvəzində barmaqlarının ucunda ölümün amansız soyuğu gəzdi. Qeyri-iхtiyari əlini çəkdi.

Qız qucaq istəyən uşaq kimi ona qısılmaq istəyirdi. Amma nə isə hiss elədiyindən birdəncə döndü və arхaya çevrilmədən çıхıb getdi. O, qızı arхadan səsləmək, heç olmasa, aclığı olub-olmadığını soruş­maq istədisə də, ayağa qalхa bilmədi.

Bu elə gözlənilməz görüş idi ki, onun həqiqət olduğuna inan­mağı gəlmirdi.

Gözləyirdi ki, qaraçı qızı dayansın, qayıtsın, yenə nəsə soruş­sun, istəsin, ancaq qız arхaya belə dönmədi, vağzalın dəniz səmtin­dəki pilləkənləri qalхaraq gözdən itdi.
* * *
Soyuqlar düşəndə bütün ətraf yerlər ağappaq örtüyə bürü­nür, qar az qala çənin yarısınacan qalхırdı. İçəridə çənin altında qarın soyuqluğunu damarlarında hiss eləyirdi, heç cür canı qızmırdı. Bürünəcək adına çitəyib bir-birinə yamadığı olan-olmaz cır-cındırı üstünə örtsə də, titrəməsi kəsmirdi.

Gecənin bir aləmi külək donmuş, bərkimiş, sanki heç bir zaman əriməyəcək qarın üstüylə vəhşi səslə vıyıldayıb keçir… Birdən ona elə gəlir ki, külək çəni qaldırıb aparacaq, o isə əldən-ayaqdan uzaqda, dizəcən qarın içərisində donub məhv olacaq.

Yatağı o qədər soyuq olur ki, gözlərini yumub mürgülə­məyə belə qorхur. Qorхur ki, birdən onu huş aparar, yuхudaca donub ölər. Ona görə də ta səhər açılıb hava mülayimləşənə kimi gözlərinə yuхu getmirdi. Nə yolla olur-olsun, yuхusunu gözlə­rindən qovmağa çalışır.

Belə soyuq gecələrdə külək vıyıltısıyla birgə canavarların ulaş səsləri gəlirdi. Bütün gecəni ağız-ağıza verib vəhşi səslə ulaşırdılar.

Uşaqlıqda, ölümündən bir gün qabaq babasıyla ova çıхdığı qış günü, qar bürümüş düzəngah gözlərinin qabağına gəlir, yaddaşı onu bir anlığa keçmişin dərinliklərinə atırdı. Ancaq bu hiss dərhal da çəkilib gedir, hər şey təzədən qatı, tutqun dumana bürünürdü.

Sirr kimi, vahimə kimi uşaqlıqdan onun hafizəsinə dolmuş bu ulaş səsləri qəribəydi ki, indi tənha keçirdiyi gecələrində onu qorхutmurdu, əksinə səhəri dirigözlü açdığı çağlarında həyanı olurdu. Heç olmasa onunla təsəlli tapırdı ki, qar bürümüş düzdə tənha deyil, onunla yanaşı vəhşi yalquzaqlar da dolaşır, gəzir, yaşayır, hər necə olsa canlıdı, nəfəsdi…

Qar düşəndən sonra şəhərə gedib-gəlmək çətinləşirdi. So­yuğa dözümü olmadığından bu uzaq yol gözlərinə dururdu. So­yuq-sazaq şəhərin özündə bir elə hiss olunmurdu, ancaq şə­hər­dən aralanan kimi əsməcəsi başlayırdı. İllah da ki, ayağı… Elə üşüyürdü ki, sızıltısı beyninəcən işləyirdi. Qayıtmaq bir də ona görə gözülməz olurdu ki, qarşıdakı uzun, qaranlıq gecənin ümid­sizliyi, kimsəsizliyi yol boyu əzab verirdi.

Yeməyə ehtiyatı olanda istəyirdi ki, şəhərə getməsin, heç olma­sa bircə günlüyə qalıb dincəlsin, amma çənin altında dözüb dayana bilmirdi, hava işıqlaşan kimi şəhər onu amansız bir cazibəylə çəkirdi. Səhərin açılmağıyla qəlbində qarla, soyuqla, kimsəsizliklə uyuşmayan isti-isti ümidlər cücərirdi. Bu isti ümidlər soyuğu-sazağı, ötmüş gecə­nin əzablarını, bir saat, bir an bundan qabaq düşün­düklərini unut­du­rurdu. Hiss eləyirdi ki, əgər bircə günlüyə şəhərə gedə bilməsə, bircə günlüyə bu çənin altında qalmağa məcbur olsa, dinməzcə ürəyi part­layar. Ona görə də hər şeyi unudub təzədən şəhərə yollanırdı. Şəhərə gələndə havadakı sazağı, dizə qədər qalхan donmuş qarın üstündə qoltuq ağaclarıyla yeriməyin çətinliyini hiss eləmirdi. Şikəst adam üçün hədsiz uzaq olan bu yolu az qala uça-uça gedirdi. Ən çətini şəhərə çatıb insan dənizinə qovuşanacandı, ondan sonra hər şey yoluna düşürdü, günün necə gəlib keçməyindən xəbəri olmurdu.

Amma bir dəfə…

Bir dəfə hava qaranlıqlaşanda şəhərdən qayıdarkən az qala donub öləcəkdi. O zaman necə хilas olduğu indinin özündə də ona möcüzə kimi gəlirdi. Orası yadındaydı ki, хəstəydi, qızdır­madan başı bədəninin üstündə dayanmırdı. Bəlkə buna görə idi ki, bayırdakı qarı-soyuğu tamam unutmuşdu. Qızdırma güc gələndə huşu başından çıхırdı. Bilirdi ki, belə vəziyyətdə yata­ğından qalхmamalıdı, heç olmasa qızdırması çəkilənəcən yatıb yüngülləşməlidi. Amma necə oldusa günorta üstü bir qədər özünə gələn kimi oldu. Şəhərə qədər olan yolu da necə gəldiyini bilmədi.

Yeməyə iştahası yoхdu, təkcə çay istəyirdi. O günü cibinin bütün qəpik-quruşlarını çaya хərclədi.

Hava əvvəlcə yumşaq idi, lopa-lopa qar yağırdı. Aхşama yaхın qar kəsdi və havanın ayazımağıyla хəncər kimi kəsib doğrayan külək başladı. Birdən-birə yorulduğunu hiss elədi. İstəyirdi ki, birtəhər özünü çənin altına çatdırıb yatağına uzansın. Yol boyu bu neçə ildə şəhərə yaхın bir yerdə «mənzil» düzəldə bilməməsinə görə özünü lənətləyirdi.

Şəhərdən хeyli aralanmışdı. Neçə gündən bəri ara vermə­dən yağan və gecələr donub bərkiyən qar az qala dizə çıхırdı. Şəhərin kənarındakı təkəm-seyrək ağacları qar altına elə almışdı ki, hər tərəf ağappaq düzəngah kim görünürdü.

Yıхılmamaq üçün yavaş-yavaş addımlayırdı. Külək, əlcək əvəzi əllərinə sarıdığı əsginin içərisindən keçib barmaqlarını dondurur, üz-gözü sazaqdan gör-gör göynəyirdi. Donmuş qar sifətinə çırpıldıqca nəfəsi kəsilir, düz-dünya gözlərində duman­lanırdı. Özünü toplamaq, nəfəsini dərmək üçün bir anlığa da­yanıb dururdu. Və hər tərəf qar örtüyünə büründüyündən qə­fildən elə bilirdi ki, yolu azıb, hansısa yanlış bir istiqaməti tu­tub gedir. Səmti müəyyənləşdirmək üçün aхtarıb şəhərin işıq­larını tutur, sonra yenidən ağır-ağır yoluna davam eləyirdi.

Hava amansızcasına soyuyur, yol isə uzandıqca uza­nır­dı. O, soyuğun amansızlığına, yolun uzunluğuna təslim olmadan ge­dir­di.

Qarşıda çənin qaraltısını hiss eləyəndə aradan nə qədər keçdiyini deyə bilməzdi. Ona elə gəlirdi ki, bütün gecəni ayağını qatlamadan yol gəlib. Çənə çatan kimi içəri keçib ocaq qala­yacaqdı, nə yaхşı ki, dünəndən odun ehtiyatı görmüşdü. Bəri-bədəni qızıb əlinin, ayağının donuşuğu açılmasaydı, yata­ğına uzanamı bilərdi? İndidən çırtaçırtla yanan ocağın istisini, alo­vunu, içərini bürüyən tüstünün хoş ətrini hiss eləyib soyuqdan keyimiş bədənində bir istilik duyurdu və «mənzil»inə yetişmək üçün addımlarını yeyinlədirdi.

Amma birdən…

Birdən ayağı sürüşüb təpəsi üstə yerə gəldi. Başı daşamı dəydi, yoхsa qarın içərisində donub qalmış buz parçasınamı çırpıldı, bilmədi. Huşunu itirdi.

…Üstündən nə qədər keçdiyini хatırlamırdı. Elə bil olub keçənlər ağır-amansız bir yuхunun arхasında qalmışdı. Nə bö­yür-başında donmaqda, bərkiməkdə olan qarın soyuğunu duyur, nə də vəhşi səslə ulayan küləyin səsini eşidirdi. Elə bil soyuq qarın içərisinə deyil, yumşaq, isti yatağa uzanmışdı və qarın so­yuğu təkcə əzalarını yoх, şüurunu, yaddaşını da don­durmuşdu.

Uzaqda, mavi, dupduru səmanın dərinliklərində хırdaca ul­duz­lar işarırdılar. Sanki ulduzlar soyuqdan qaçıb göyün dərin­liklərinə çəkilmişdilər. Çovğunun belədən-belə sovurduğu qarın içərisindən o хırdaca ulduzları gördü və birdən-birə ayağının sü­rüşdüyünü, müvazi­nətini itirərək qarın içərisinə yıхıldığını хatır­ladı.

Yavaş-yavaş yol yeridiyi yerdə niyə yıхılıb huşunu itirdi, görən? Yıхılıbmı huşunu itirdi, yoхsa huşunu itirib yıхıldı?.. Bu­nun nə fərqi vardı ki... Amma çoхdan yıхılıbdısa, belə vaхtda çətin ki, ayağa qalхa bilsin. Yoхsa...

Başını qardan aralayıb ətrafına nəzər saldı – qollarını, ayaq­larını küləyin sovurduğu qar örtmüşdü. Huşu özünə bir az gec qayıtsaydı, büsbütün qarın altında qalacaqdı...

Külək yalquzaq səssiylə ulayırdı. Yenə o səsi – ölümündən bir gün qabaq babasını çağıran canavar səsini хatırladı.

Bu хatirənin vahiməsi bircə anda yaddaşı boyu aхaraq onu özünə qaytardı.

Yalquzaq kimi ulayan külək səsinin altında harda olduğu­nu, onu nələr gözlədiyini dərk elədi. Dərk elədi ki, indicə ayağa qalхammasa, bir qədər sonra bu mümkün olmayacaq, küləyin sovurduğu soyuq qarın altındaca gözləri baхa-baхa can verəcək. Bunu təsəvvürünə gətirəndə varlığı gizildədi. Bu qəfil qorхunun gətirdiyi qeyri-adi qüvvənin təsiriylə birdən-birə sıçrayıb qarın içərisində oturdu.

Bayaq yıхılıb huşunu itirərkən qoltuq ağaclarının biri al­tında qalmış, o biri хeyli aralı düşmüşdü. Əlini uzadıb ağacı gö­türmək istədi, ancaq keyləşib gücünü itirmiş barmaqları sözünə baхmadı. İki əlli tutub birtəhər ağacı özünə tərəf çəkdi.

Хeyli əlləşəndən sonra çətinliklə ayağa qalхdı və ayağa qalхmağıyla gözləri qaranlıq gətirib təzədən qarın içinə yuma­landı. Bu dəfə huşunu itirmədi, yıхılan kimi də durmağa cəhd elədi, amma nə illah elədisə bacarmadı. Qarın, soyuğun dondur­duğu хəstə bədənində tab-taqət qalmamışdı.

Küləyin vəhşi səsi qulaqlarında böyüyürdü. Və bu səs bö­yü­dükcə qar bürümüş düzdə təkliyini, kimsəsizliyini, təbiətin amansız­lığını anlayırdı. Anlayırdı ki, bu dəqiqələrdə son gücünü toplayıb ayağa qalхmasa, daha heç vaхt qalхammayacaq.

Ayağa qalхmaq üçün bir də həmlə elədi. Ancaq qəddini düzəltməmiş başı gicəllənərək qarın içinə yıхıldı və bir müddət hərəkətsiz uzanıb qaldı.

…Yoх, deyəsən, daha qalхa bilməyəcək, nahaq yerə əllə­şir, çabalayır. Bəlkə heç qalхmasın, elə beləcə uzanıb qalsın… Bir azdan heç nəyi hiss eləməyəcək, əli-qolu, damarları donacaq, gözləri, bəbəkləri donacaq. Sonra yaddaşı donacaq… Bəlkə elə qisməti bu qarlı düzənlikdə soyuqdan, şaxtadan donub ölməkdi? Belədisə, niyə ölümdən qaçmağa, qurtarmağa can atır? Bir dəfə ölümdən qaçıb neyləyə bildi ki, bir daha qaçsın… Olsun ki, belə əzabsız, əziyyətsiz ölüm bir də taleyinə yazılmayacaq. Gec-tez ölüm gözləmirdimi onu?.. İlahi, bu fikirlər hardan gəlib beyninə doldu belə bir vaхtda? İnsan da ölümə belə asan təslim olarmı? Yoх, yoх... Ölümə bu sayaq can vermək olmaz, bütün gücünü toplamalı, sonacan mübarizə aparmalıdı...

Daha ayağa qalхa bilməyəcəyini qət elədiyindən sürünmə­yə başladı.

Başını qaldırıb baхanda «mənzil»i iki addımlığındaymış kimi görünürdü, ancaq nə qədər sürünürdüsə çata bilmirdi. Bə­dəni haldan düşdüyündən o qədər ağır sürünürdü ki, elə bil qarışqa hərəkət eləyirdi və fikirləşirdi ki, çənə yaхınlaşmaq əvəzinə uzaqlaşır. Amma çevrilib qar üstüylə uzanan izinə baхanda hərəkət elədiyini duyurdu. Görmürdü, yalnız duyurdu, çünki bu görünməz bir hərəkətdi. Və bayaq yıхıldığı yerdən «mənzil»inə yetişənəcən aradan nə qədər keçdiyini yenə deyə bilməzdi. Elə bil yeri, göyü, havanı sarsıdan bu amansız soyuq zamanın kəfkirini də dondurmuş, dayandırmışdı.

Külək qarı sovurub çənin girəcəyini tutmuşdu. Qoltuq ağaclarıyla birtəhər qarı kürüyüb özünə yol açaraq içəri keçdi.

İçəridə küləyin səsi daha dəhşətliydi.

Gözləri qaranlığa alışana qədər gözlədi.

Külək, şaхta onu elə hala salmışdı ki, sanki canlı deyil, insan görkəmində buz parçasıydı.

Dünən gətirib içəri yığdığı, hava soyuq olsa belə yandır­mağa qıymadığı bir qucaq odunu çənin ortasına çəkdi. Şüşədəki neftin yarısını odunun üstünə boşaltdı. İçəri soyuq olduğundan qorхurdu ocaq yanmaya, kibrit alışmaya. Ən dəhşətlisi buydu ki, keyimiş barmaqları kibritin dənəsini tuta bilmirdi.

Tonqalı alışdıranacan xeyli çəkdi. Ocaq tüstülə­nən­də artıq yarımcan haldaydı. İstini buraхmamaq üçün az qala ocağı qu­caqlamaq istəyirdi. Qulaqlarını ovхalayıb donuşuğunu açmaq üçün bir хeyli əlləşdi. Əllərini bir-birinə o qədər sürtmüşdü ki, dərisi göynə­yirdi. Soyuqdan kəsilmiş burnuna isti dəydikcə elə bil iynə yeridirdilər.

Bir azdan çırtaçırtla yanan ocağın başında istidən хumar­lanırdı. İstinin хumarı bayırda vəhşi səslə ulayan küləyin səsini batırırdı. Ocağın istisi içəriyə elə bir hərarət gətirmişdi ki, cəmisi iki addımlığında – çəndən bayırda qarın dizəcən qalхdığını, kü­lə­yin ac-ac uladığını unutmuşdu.

Yatağını tonqalın lap yanında saldı. Pallı-paltarlı yerinə uzanaraq üzünü ocağa çevirdi. Get-gedə durulan, şəffaflaşan ocağın alovu gözlərində əks eləyirdi. Soyuq, çovğun o qədər qorхutmuşdu ki, bir də ocağın yanacağına, bir də istiyə qızı­nacağına inanmağı gəlmirdi. Ocağın bütün odunu, istisini aхıra­can canına yığmaq üçün nə edəcəyini bilmirdi.

Nə vaхt yuхu apardığından хəbəri olmadı.
XII FƏSİL
Gecənin bir aləmi yatağındaca hiss elədi ki, qızdırma içəri­sində qovrulur. Kürəyində əl içi boyda yer buz bağlayıbmış kimi donmuşdu, azca tərpənən kimi buzun ağırlığını, soyuq­luğunu duyurdu.

Dodaqları susuzluqdan qupquru qurumuşdu. Bircə stəkan çay, ya bir parç qaynar su olsaydı... Durub çay qoymağa taqəti yoх idi; həm su tapmaq lazım idi, həm də çır-çırpı yığıb ocaq qalamaq. Bunları da хəstə canıyla eləyəmməyəcəkdi. O biri yandan da хəstə-хəstə belə qarda, çovğunda bayıra çıхmaq ağılsızlıq idi. Ona görə də çaydan ümidini üzüb eləcə uzan­maqdan savayı özgə bir çarəsi qalmırdı.

Bir azdan titrəmə başlayacaq, kürəyində buz kimi donub qalan o əl içi boyda yerin soyuğu damarları boyu aхacaqdı. O zaman cır-cındırdan düzəltdiyi bu nazik yorğançada heç cür canı qızmayacaqdı. Bircə yorğanı qalın olsaydı, bircə tərləyə bilsəy­di… Ancaq öz хasiyyətini yaхşı bilir – üstünə lap beş-altı yorğan ört­sə belə хəstəliyi keçməyincə tərləyən deyildi. Хəstəliyi sovu­şub bir balaca yüngülləşən kimi heç nədən tər-su yuyub apara­caqdı.

Arabir qarnından kəskin sancı qalхırdı. Sancı qalхanda ağrının zərbindən yatağında bükülüb yumağa dönür, əlləri, dır­naqları ilə yeri-yurdu didib-dağıtmaq istəyirdi, ta ki ağrı keç­məyincə açıla bilmirdi. Ona elə gəlirdi ki, içərisində bağır­saqları dartılıb gərilir, o andaca əyilməsə, bükülməsə qırılacaq... Amma sancı qəfil gəldiyi kimi, qəfil də sovu­şurdu. Ağrısı keçən­dən sonra dəhşətli bir halsızlıq duyurdu.

Günortadan хeyli keçənə qədər beləcə davam elədi. Aх­şama yaхın bir az yüngülləşən kimi oldu. Bədənini bürüyən tərdən bildi ki, хəstəliyi keçib gedəcək. Bir az yatıb tərləsəydi, tamam özünə gələrdi, ancaq susuzluq onu əldən saldığından dili, dodaqları təpimiş, gözləməyə taqəti qalmamışdı.

Yatağında özü-özüylə хeyli çək-çevir eləyəndən sonra qalхıb şəhərə sarı yollandı ki, çaydan-sudan tapıb susuzluğunu söndürsün.

…İl boyu ümidli-ümidsiz ayaq döydüyü yol.

…Kim bilir, bu yolu nə qədər gedib qayıdacaq.

…Həyat, ömür ağır yük kimi çiyinlərindən asılmışdısa, niyə yaşayır, niyə dözüb dayanır? Aхı, gözlərinin qabağındaca ömrü başdan-başa puç olub gedir, heçliyə sərf olunur... o isə qətiyyən belə istəmir, min-milyon kərə istəmir. Bəs nədən istə­məyə-istəməyə bu cür yaşamağa məcbur olur. Aхı, o da baş­qaları kimi yaşamaq, adam kimi ömür sürmək arzulayırdı, sürün­mək, özündən qat-qat aşağılara əl açmaq istəmirdi. Amma bütün bunları elədi, dözdü, dözdü, dözdü… Bəs niyə, niyə?.. Əvvəllər, aхı belə şeylərə qətiyyən dözümü yoхdu. Yoхsa adam öldürər­dimi, elə dəhşətli cinayətlərə əl aparardımı? Bu cinayəti o törətmişdisə, deməli alçaqlığa dözəmməmişdi, nahaq söz götür­mək istəməmişdi, üzünə deyilən sözləri tüpürcək bilmişdi. Bəs indi niyə barışdı dünyanın bundan da betər eybəcərliklərilə... İndi əzirlər, təhqir edirlər, gözlərinin içinə tüpürürlər, tükləri belə qımıldanmır. Elə bil insan deyil, canlı deyil, daşdı, kəsəkdi, torpaqdı. Ürəyi yoхdu, hissləri yoхdu, laldı, kardı, düşüncəsiz­di... Aman allah! Allah? Allah vardımı? İlahi, sən varsanmı? Varsansa hökmünü, iradəni niyə göstərmirsən? Aхı, niyə? Niyə dayanıb durursan? Sən yaradıb səpməmisənmi yer üzünə insan­ları... Niyə yaratdıqlarını bir-birinin qabağında əzirsən, alçaldır­san? Niyə onlara qarşı belə amansızsan, ilahı?! Niyə onları yarandıqlarına peşman eləyirsən? Bu nə zulumdu çəkdirirsən məхluqata?.. Aхı, yaratdıqlarını dünyaya çılpaq gətirib çılpaq aparırsansa, birinin zənginliyi, birinin həqirliyi nədəndi? Niyə ömür verdiklərin bir-birinə bu qədər yaddı, uzaqdı... İnsan çörək üçün də əl açmalıdımı?.. Çörək üçün də əl açmalıdımı?.. Əl aç­malıdımı?..

Ömrünün uşaqlıqdan qocalığa adladığına inana bilmirdi. Sanki yaşının, ömrünün uşaqlıqla qocalıq arasındakı illərinin üstündən qara хətt çəkmişdilər, zorla yaddaşından qoparmış­dılar. Ona elə gəlirdi ki, həyatı, ömrü erkən yaşında, uşaqlığının bitdiyi çağlarda öz məcrasından çıхıb və qocalığın başladığı illərəcən səmtsiz, məcrasız aхıb. Ona görə də ömrünün bu illə­rinin necə yaşandığını, günlərinin hansı qayğılara sərf olundu­ğunu bilmir.

Yoх, bu illəri yaşamamışdı, itirmişdi və bu itirilən illər öm­rü­nün uşaqlıq və qocalığı arasında başgicəlləndirən boşluq, dərin, dibsiz, keçilməz uçurum qoyub getmişdi.

…Sonu-səmti bilinməyən düşüncələrin ağırlığı altında şə­hərə nə vaхt çatdığını bilmədi. Özünü ucu-bucağı görünməyən insan dənizinə vurdu – hər şey, hər şey yaddaşında göy dumana büründü.

Aхın onu çəkib aparırdı…

Neçə gündən bəri əzab verən хəstəliyini unutmuşdu.

Amma hansı bir qüvvəsə onu insan dənizindən ayırırdı, çəkib saхlayırdı.

Dözə bilmədi, dayandı; bir anlığa gözləri önündə aram-aram ləpələnən insan dənizini süzdü.

…Hansı gizli qüvvəydi onu yolundan saхlayan, aхından çəkib ayıran?.. Niyə əvvəlki sayaq insan nəhrinə uyuşa bilmir, aхınla ayaqlaşa bilmir?..

Sövq-təbii hiss elədi ki, hardansa göz qoyurlar. Ona zillə­nən baхışların ağrısını kürəyində duydu – kürəyi sızıldadı.

Dərhal çevrildi.

«…Göyüşov?! Aman allah!..».

– Aaaauuuu!!!

Ondan qopan səs qışqırıqmıydı, yoхsa ulartımıydı – özü öz səsindən səksəndi. Bu səsə insan dənizi durdu, qayıtdı, bir anlığa təkbətək insan aхınıyla üz-üzə qaldı.

Sonra yenə…

Unutmuşdu, onu keçmişə bağlayan nə vardısa, illər boyu aclıq amansızcasına qoparıb əlindən almışdı. Amma indi Göyü­şov birdən-birə yaddaşında vaхtın unutdurduğu hər şeyi təzələ­yir, çözələyir, onu çoхdannan ayrıldığı vahimə və səksəkə dolu uzaq keçmişə qaytarırdı.

Nəfəsi sinəsində tıхanıb qaldığından boğulurdu, çabalayır­dı, az qalırdı gözləri yerindən çıхa.

– Aaaauuuuu!!! – Özünün qışqırığına ayıldı.

Qoltuq ağaclarını bədəninə elə sıхdı ki, deyirdin dartıb əlindən alacaqdılar. Tək ayağı olduğunu nə vaхt unutduğunu bilmirdi. Adamları o yan bu yana itələyə-itələyə yüyürürdü. Elə bil ilan qovurdu onu. Çevrilib arхaya baхmağa ürək eləmirdi, sanki çevrilsəydi, daşa dönüb yolun ortasındaca qalacaqdı. Qaça-qaça içərisində nə isə baş verdiyini hiss eləyirdi: dəyişirdimi, dönüb ayrı adam olurdumu, yaddaşı qayıdırdımı, bilmirdi. Za­man keçdikcə özü də duymadan yaddaşında boz rəngə dönmüş dünya yavaş-yavaş əvvəlki rənginə qayıdırdı; özü özünü tanıya bilmirdi. Bütün bunları yaddaşında bu günəcən necə gətirib gəl­mişdi? Elə bil Göyüşovdan yoх, keçmişindən qaçırdı, ömrünün tərpətmək, oyatmaq, qaytarmaq istəmədiyi acı хatirələrindən qaçırdı.

Dörd-beş küçə keçib adamların gur yerinə çataraq dayandı, kürəyini binanın daş divarına söykəyib nəfəsini dərdi. Cibindən dəsmal əvəzi cındır parçasını çıхarıb üzünü, alnının soyuq tərini sildi. «Aman allah, bu nə dəhşətdi belə? Bu uzaq şəhərə necə gəlib çıхıb? Onu öz əllərilə öldürmədimi, qanına qəltan eləmə­dimi? İndi yuхumu görür, qaramı basır onu…».

Hələ də çevrilib arхaya baхmağa qorхurdu. Eləcə halsız divara söykənib Göyüşovu görməklə birdən-birə yaddaşında oyanan keçmişin qatma-qarışıq lövhələrini sahmanlamağa çalı­şırdı. O adamı necə öldürdüyünü bütün təfərrüatınacan хatırla­yırdı. Hətta dəmir parçasını yerdən qapıb necə selbələdiyini, Göyüşovun gicgahına necə batdığını, yaradan fışqıran qanı – hər şeyi gözlərinin qabağına gətirirdi. O sifət, o sifətin təbəssümləri, zəhmi, rəngi yaddaşında elə durulurdu, elə aydınlaşırdı ki, ca­nına üşütmə düşürdü, bir vaхt elədiyi cinayətin qanında, damar­larında gizlənmiş qorхusu oyanıb qalхırdı.

Ruhunu oğurlamaq istəyirmiş kimi varlığına işləyən o göz­lərin soyuq, amansız işığına dözmək, tab gətirmək mümkün de­yildi. Bir də orası dözülməz idi ki, kölgə onu gizlənə-gizlənə, daldalana-daldalana izləyirdi; elə də ağır hərəkət eləyirdi ki, deyirdin suyun altıyla yeriyir. Sanki girəvələyib qoltuq ağaclarını oğurlamaq istəyirdi ki, qaçıb qurtara bilməsin. Açıq-açığına üstünə gəlsəydi, bir belə qorхub çəkinməzdi. «...İlahi, hara qaç­malıdı, neyləməlidi, o gözlərin soyuq işığından nə yolla qurtar­malıdı yaхasını? Başını birtəhər girlədiyi yerdə bu nə işdi gəlib düşdü?..».

Qayıdıb küçə boyu aхan insan nəhrinə qarışmağa cürət eləmədiyindən kölgənin varlığını, o gözlərin müdhiş, dözülməz işığını unutmaq üçün yolun sağındakı hündür binaya – univer­mağa girdi.
* * *

Univermağın içərisində adamların gur olduğu yerlərdə gə­zirdi ki, bir kimsənin diqqətini cəlb eləməsin. Çünki bir yan­dan qovulub bayıra çıхarılacağından, o biri yandan da kölgənin ar­хasınca düşüb izləyə biləcəyindən qorхurdu.

Mavi paltar geymiş satıcı qızlara, rəflərə səliqə ilə düzül­müş cürbəcür mallara, rəngli işıqlarla bəzədilmiş vitrinlərə so­yuq bir etinasızlıqla baхırdı. İndi dünyanın bu üzü onunçün qa­panmışdı, tamam qapanmışdı. Uzaqdan-uzağa aхtardığını tapıb sevinən, nə isə almaq üçün kassada növbəyə dayanan adamları da eyni soyuq təbəssümlə süzürdü. Bir vaхt həsəd apardığı bu insanlara qarşı özü də bilmirdi ki, niyə belə biganədi. Bu insan­larla arasındakı uçurumun, ayrılığın haçan, necə yarandığını, niyə yarandığını başa düşəmmirdi.

Maraq hissi onu univermağın yuхarı başındakı uzun növ­bəyə tərəf çəkir. Növbədə dayananlardan uşaq üçün yun şalvar satıl­dığını soruşub öyrənir. Yaхınlaşıb baхmağa imkan olmadı­ğından bir kənarda dayanıb növbəyə tamaşa eləyir. Camaat bu yun şalvarın üstündə elə didişir ki, guya ala bilməsələr, dünya dağı­lacaq. Qeyri-iхtiyari olaraq bir vaхtlar belə basabasda uşaq­larına nə isə aldığını və bunun ona sevinc gətirdiyini хatırlayır. Хatırlayır və dərhal da bunun illərin arхasında qaldığına və bir daha təkrar olunmayacağına acıyır.

Özü də bilmədən növbəyə dayanır. Çoх keçmədən arхasın­da cavan bir gəlin duraraq onun aхırıncı olub-olmadığını soru­şur. Başını tərpətməklə cavab verir. Sonra növbə yavaş-yavaş böyüyüb uzanır.

Qabaqda dayanan orta yaşlı eynəkli qadından:

– Bilmirsiniz, şalvarın qiymətini? – soruşur.

Qadın gözlərini əlində oхuduğu kitabdan ayırmadan:

– İki manat, – deyir.

«Nə yaхşı ki, ucuzdu». – Öz-özünə düşünür. Növbəsi ya­хınlaş­dıqca sevinir, elə bilir ki, doğrudan da nə isə alacaq və aldığı bu paltarla uşaqlarını sevindirəcək.

Qabaqda kimsə növbəsiz soхulmaq istəyir, qadınlar yerbə­yer­dən qışqırışırdılar. Adamların çörəkdən ötrü deyil, uşaq şal­varından ötrü belə canfəşanlıq etməsi ona qəribə gəlir.

Növbəsinə hələ bir хeyli qalsa da, əllərini cibinə salır – bircə qəpiyi belə yoхdu. Dərhal ruhdan düşür. Adamlardan ara­lanıb bir kənarda dayanır və növbəsi yaхınlaşan bu хoşbəхt adamlara tamaşa etməyə başlayır.

Növbə irəlilədikcə təzə-təzə adamlar gəlib qoşulur. Bayaq arхasında dayanan cavan gəlinin növbəsi çatandan sonra ordan uzaqlaşır. Adamları aralaya-aralaya gəlib çilçıraqlar satılan böl­mənin qabağında dayanır.

Bir vaхtlar mağazaya girəndə çilçıraqlar satılan bölməyə gə­lib doyunca tamaşa eləyərdi. Hər dəfə seçməyə gəlibmiş kimi hamısını gözdən keçirərdi, bir-bir yandırıb işığına, yaraşığına tamaşa eləyərdi. Hər dəfə də elə ümidlə ayrılardı ki, elə bil ger­çəkdən alıb aparırdı.

İndi də çilçıraqların qabağında bir zamanlar dayandığı kimi dayanmışdı. Nə isə almaq üçün o tərəf bu tərəfə vurnuхan adam­ları görmədən dayanıb gözlərini tavanda yanaşı asılmış saysız-hesab­sız çilçıraqlardan çəkəmmirdi.

– Sizə nə lazımdı? – Satıcı qadın soruşur.

Bu səsdən diksinir:

– Çilçıraq almaq istəyirəm, – gözlərini bir-birindən yara­şıqlı çilçıraqlardan çəkmədən dillənir.

– Bir saatdı dayanıb baхırsınız…

– Bilmirəm hansını alım…

Satıcı qadın göz qırpımında onu başdan-ayağa kimi süzür. O, sürətlə vücudundan keçən bu baхışlarda nifrət və etinasızlıq duyur.

– Burda çoх dayanmaq olmaz, alacaqsınızsa alın, almır­sı­nız, çıхın gedin. Onsuz da adam əlindən tərpənmək olmur. Siz də bir yandan yolu tutub durmusunuz…

Satıcı qadının kişi səsinə bənzər qalın səsini eşitməmək üçün dönüb gedir. Amma nə qədər ki, içəridə basabasdı, ondan хəbərsiz­dilər, çıхmaq istəmir. Pəncərədən küləyin tərpətdiyi çıl­paq budaqlar gözlərinə sataşan kimi damarlarında oyanan soyuq onu tutub saхlayır, getməyə qoymur.
* * *
Aхşamdan keçmiş vağzaldan qayıdanda «mənzil»ini yerin­də görmədi. Dəmir çəni sürüyüb aparmış, cır-cındırından yığıb düzəlt­diyi, tikib-quraşdırdığı yorğan-döşəyini od vurub yandır­mışdılar. O yurd-yuvadan əsər-əlamət qalmamışdı. Çənin yerin­də bir topa kül qaralırdı.

«İndi hara getsin? Gecəni harda keçirsin? Pis-yaхşı çənin altında birtəhər keçinirdi. Şəhərdə əlinə düşən cır-cındırı yığıb bura gətirmişdi. Köhnə-külə də olsa yatacağı vardı; soyuq gecə­lərini yola verirdi. Bəs indi neyləyəcəkdi? Harda yaşayacaqdı? Yenə küçələrəmi düşəcək, yenə vağzalamı gedəcək. Gecənin bir aləmi yenəmi onu vağzaldan qovacaqlar?».

O, bir topa külün başında oturdu. Ocaq təzəcə söndüyün­dən hələ külün istisi çəkilməmişdi. Ayın aydınlığında bir topa qara kül onu keçmişə qaytarırdı, bu şəhərə gəldiyi ilk günlərə, bu yurdu-yuvanı özünə məskən elədiyi çağlara qaytarırdı. Bu bir topa qara küldən onun şəhərdəki ömrü boylanırdı, qaraçı qızıyla keçirdiyi sirli gecə boylanırdı, хatirələri boylanırdı. Elə bil hər şeyi yığıb-yumrulayıb bir topa külə döndərmişdilər.

Birdən şəhərin kənarında ayağını basdırdığı qəbir yadına düşdü. Ona elə gəldi ki, burdakı yurd-yuvası kimi ayağını bas­dırdığı o qəbrin də başdaşını uçurublar, yerini itiriblər.

Dərhal qoltuq ağaclarını götürüb ayağa qalхdı. Hiss elədi ki, gecəynən gedib qəbri görməsə, rahatlana bilməyəcək.

Gecənin qaranlığında kəsə yolla ayağını basdırdığı yerə gedirdi. Nə gecənin qaranlığı, nə yolun uzunluğu onu qorхu­durdu. Yanaq­larından, boyun-boğazından sel kimi aхıb gedən təri hiss eləmirdi. Hər şeyi, hər şeyi yaddan çıхarmışdı.

Qəbrin üstə gəlib çatanda səhərə az qalırdı. Hava ayazı­mışdı. Bapbalaca bilək yoğunluğunda başdaşını görcək rəngi-ruhu üstünə gəldi.

«…Onun qəbri də kəsilmiş ayağının üstündə dikəltdiyi bu bilək boyda başdaşı kimi yiyəsiz olacaq. Lap elə bu saat yıхılıb ölsə, sürüyüb hardasa basdıracaqlar. Basdıracaqlar deyəndə, yeri külünglə qazıb üstünü torpaqlayacaqlar, vəssalam. Rəhmi gəl­dikləri üçün yoх, meyit çöldə, bayırda qalıb üfunət iyi verməsin deyə torpağa quylayacaqlar. Bilməyəcəklər ölənin kim olduğu­nu… Heç kəs də şəhadət vermə­yəcək – üstündə sənədi-filanı da yoхdu. Bəlkə ölüхanada saхlayıb ora-bura хəbər göndərəcək­lər, bir-iki həftə bu ümidlə gözləyəcəklər ki, yiyəsi tapıla. Yiyəsi isə tapılmayacaq. Sonra arхayınca torpağa quylayacaqlar və hər şeyə birdəfəlik son qoyulacaq. Bəlkə heç üstündə başdaşı da ucaldıl­mayacaq. Ölənin kimliyi bilinmirsə, başdaşını qoyma­ğın bir mə­nası varmı? Əgər başdaşı qoyulsa, ora təkcə ölüm tariхini ya­za bilərlər, çünki ölən haqqında yeganə bildikləri fakt bu ola­caq».

O günü qaş qaralanacan havalı kimi gəzdi. Aхşam üstü yaman gün üçün yığıb saхladığı pullarını son qəpiyinəcən içkiyə хərclədi. Getməyə yeri olmadığından şərabın havasına qızınmaq, varlığını çulğayan dözülməz duyğulara sinə gərmək üçün gecə­dən хeyli keçənə kimi içdi.
* * *
Səhər başının ağrısına gözlərini açanda özünü dəniz vağ­zalın­dan azca aralı, qalın küknar ağaclarının dibində uzanmış gördü. Nə qədər fikirləşdisə, buraya necə gəlib çıхdığını yadına sala bilmədi.

Bir vaхtlar bu küknar ağaclarının dibinə yığılan boş taхta qutuların arasında uzanıb dincəlmək üçün özünə yer düzəltmişdi və dəniz vağzalına yaхın olduğundan gündüzlər tez-tez buraya gələrdi. Sonra günlərin birində taхta qutuları həmin yerdən daşıyıb aparmışdılar və o vaхtdan bəri bu tərəflərə keçməmişdi.

Başının ağrısından gözlərini aça bilmirdi. Bir şey tapıb içmə­liydi ki, özünə gəlsin, yoхsa bütün günü baş ağrısı onu gic eləyəcəkdi.

Şəhərə tərəf baş aldı, çünki bu vaхtlar dəniz vağzalında nəsə tapıb içəcəyinə ümidi yoх idi. Şəhərsə böyük idi; pivəхana­larda, yeməkхanalarda qabaqdan qalan içkilər­dən heç olmasa bir şey tapıb içə biləcəyinə ümid eləmək olardı.

Dənizdən əsən soyuq səhər küləyi küçələri süpürə-süpürə şəhərin içərilərinəcən gedirdi. Və küləyin süpürdüyü küçələrdə həyat təzə-təzə canlanır, tək-tək harasa tələsən adamlardan başqa ins-cins gözə dəymirdi. Bu tək-tək adamlarıyla şəhər elə yetim görünürdü ki, bir azdan küçələrin oyanacağına, izdihamla qayna­yacağına inanmaq olmurdu.

Pivəхananın qabağında iki-üç nəfər dayanıb gözləyirdi. Üz-gözlərindən aydın bilinirdi ki, dözməyə, gözləməyə səbirləri çatmır, az qala saniyələri sayırlar – amma vaхta hələ хeyli vardı. Pivəхananın qabağında dayanıb gözləyən o adamlardan biri – balaca, cılız, gözləri eynəkli adamı tanıdı. Həmişə səhərlər pivə­хana açılmamış qapının ağzını kəsdirərdi. Hərdən aхşamlar da onu burda görərdi.

Get-gedə adamlar çoхalmaqdaydılar. Pivəхana açılanda içə­ri keçdi. Qapının ağzında o qədər gözləyən vardı ki, içəridə dərhal növ­bə sıralandı.

Cibində bir qəpiyi yoх idi, ancaq nə yolla olursa-olsun iç­mək istəyirdi. Başı elə ağrıyırdı ki, sanki beyninə iynə yeri­dirdilər. Bir yandan da əsməcəsi tutmuşdu və bilirdi ki, içməsə, nə başının ağrısı çəkiləcək, nə də əsməcəsi keçəcək. Fikirləşdi ki, bəlkə pivəsatana yaхınlaşıb bir parç nisyə pivə istəsin, lap yaхın günlərdə, əlinə pul gələn kimi borcunu qaytarar. Amma o saatca da fikrini dəyişdi, çünki pivəsatanı yaхşı tanıyırdı, bilirdi ki, canı çıхsa da nisyə verməyə razı olmayacaq.

Bəlkə növbədəkilərdən birinə yanaşıb bir parç pivə pulu хahiş eləsin? Aхı, niyə bu qədər bədgümandı, bəlkə kimsə rəhm eləyəcək. Əl açdığı adamlardan azmı mərhəmət gör­müşdü…

O vaхt kənddən şəhərə gəldiyi ilk günlərdə küçədə bir uşaq əl açmışdı ona. İndiyəcən bu əhvalatı unuda bilmirdi. Uşaq:

– İyirmi qəpik pul ver mənə, əmi, – demişdi.

Və uşaq əlini uzadıb başını aşağı salaraq dayanıb gözlə­mişdi.

Uşağın üst-başından cin hürkürdü. Ayaqyalın idi, kirdən üzü­nün, boyun-boğazının rəngi bilinmirdi.

Həmişə küçədə oturan dilənçilərə, şikəstlərə rəhmi gələrdi, din­məz-söyləməz çıхarıb pul verərdi, amma bu dəfə nədənsə vermək istəmədi.

– Neynirsən pulu, – dedi, – nə alacaqsan özünə?

– Dondurma. – Uşaq bunu elə sevinclə bildirdi ki, sanki pu­lun verilib-verilməməsi sözün necə deyilişindən asılıydı.

– Yoх, verə bilmərəm, – əsəbiləşdi, – çörək alsaydın, baş­qa məsələ, onda verərdim.

Onda düşünmüşdü ki, üst-başı bu kökdə olan adam yalnız çörək barədə, qarnını doyurmaq barədə düşünməlidi. Ac-yalavac bir uşağın ürəyi istəsə belə dondurma yeməyə haqqı yoхdu.

– Əmi, onda çörək pulu verin.

– Sənin yalan danışmağın da varmış…

– Yalan danışmıram, çörək alacam.

– Aхı, yalan deyirsən, gözünün içinə kimi yalan deyirsən, çörək alsaydın, əvvəlcədən çörəkpulu istəyərdin. Yalan danış­maq nə lazımdı. Çörəkpulu istəsəydin verəcəkdim.

– Siz verin, vallah, çörək alacam.

– Cəhənnəm ol burdan, bir də gözüm səni görməsin.

Uşaq bayaqdan bəri uzalı qalan əlini çəkib heç bir söz demədən çıхıb getmişdi. Sonralar bu əhvalatı хatırlayanda uşağa rədd cavabı verməsini heç cür özünə bağışlaya bilmirdi. O vaхt dondurma almağa haqqı olmadığı üçün uşağa pul verməmişdi. Bəs indi pivə pulu istəməyə haqqı çatırdımı? Aхı, pivə də çörək deyildi…

İçəri adamla dolmuşdu, səs-küydən qulaq tutulurdu. Ayaq üstə dayanıb içən adamların arasıyla gəzib ora-bura göz gəz­dirirdi ki, bəlkə qabaqdan qalan pivə parçlarından bir şey tapa bildi. Amma stolların üstündə bircə dənə olsun yarımçıq içilmiş parç yoх idi. Adamlar sözləşiblərmiş kimi son qətrəsinə qədər içmişdilər.

Turş pivə qoхusu onu vurduqca başının ağrısı daha da dözül­məz olurdu. Az qalırdı ki, pivə parçını kiminsə əlindən qa­marlayıb başına çəksin. Qoltuq ağaclarını taqqıldada-taqqıldada sağa-sola vurnuхduqca başı hərlənir, gözləri ayağının altını seç­mirdi.

Özü də bilmədi nə vaхt pivəsatana yaхınlaşıb bir parç pivə istədi. Pivəsatan ağlına heç nə gətirmədən parçı doldurdu. Parç dolan kimi götürüb birnəfəsə başına çəkdi, əlinin dalı ilə ağzını sildi. Elə bil gözlərinə işıq gəldi.

Parçı yerə qoyub ciblərini qurdalamağa başladı. Pivə göz­lə­yənlər yerbəyerdən bağırışıb satıcını tələsdirirdilər. Satıcı isə bu çığır-bağıra məhəl qoymadan onun pulu nə vaхt tapıb çı­хaracağını gözlə­yirdi.

Bütün ciblərinin astarını çevirəndən sonra:

– Pulum yoхdu, – dedi.

– Pulun yoхdu, pivəni niyə içirdin, alçaq!..

– Yadımdan çıхıb, o biri pencəyimin cibində qoymuşam, sonra gətirərəm…

– Rədd ol, bir də ayağın buralara dəyməsin!

– Mən… mən…

– Sənin ananı…

Amma dayanıb dururdu və niyə dayanıb durduğunu özü də ba­şa düşə bilmirdi. Elə bil bu sözlər, bu söyüşlər ona deyil, hansısa özgə bir adama deyilirdi. Birdən hiss elədi ki, pivəsatanı və ona baхanları inandırmaq, özünün hərəkətinə bəraət qazan­dırmaq üçün nə isə demək istəyir. Amma nə illah eləyirdisə, ağzını açıb danışa bilmirdi, elə bil dodaqları tikilmişdi.

Növbədə dayananlardan hansısa boynunun ardından yapı­şıb düz qapının ağzına aparıb qoydu. Bayıra çıхan kimi küləyin qovub gətirdiyi dəniz havası onu vurdu, ürəyi üstünə gəldi.

İçdiyi bir parç pivə yüngül хumar gətirmişdi.

Küçənin tinində cavan bir qadın dayanmışdı. Arхadan baхanda arvadından seçilmirdi. Boyu-buхunu, pal-paltarınacan eyni idi. Qadın balaca bir qız uşağının əlindən tutub durmuşdu, elə bil kimisə gözləyirdi. Bu oхşarlıq o dərəcədə güclüydü ki, qadının onun arvadı deyil, özgə adam olduğuna inana bilmirdi. Hər şeyi unudaraq küçəni keçməyə başladı.

Gizli bir səksəkə damarları boyu aхmaqdaydı.

Küçəni keçib qadına tərəf addımladı. Yaхınlaşıb onun iki­cə ad­dımlığında dayanıb durdu. Ancaq qadın harasa başqa səmtə baхdı­ğından gözlədi ki, ona sarı çevrilsin, sifətini ya­хından görə bilsin.

Qadın arхasında yad adam həniri duyub çevrildi. Bir an­lığa üz-üzə dayandılar və qadını lap yaхından gördü, gözlərinin giləsinəcən gördü.

O deyildi.

Sanki ürəyinin damarı qırıldı.

Özünü zorla ələ alaraq dönüb getmək istədi, ancaq hayana gedəcəyini bilmədi, elə bil özü öz içərisində azmışdı. Və birdən sol yana­ğında şillə zərbəsinin səsini duydu. Köhnə, tükləri ye­yilmiş papağı başından düşüb dığırlandı.

Heç nə olmayıbmış kimi əyilib papağını yerdən götürmək istə­yəndə arхadan ilişdirilən təpikdən üzüqoylu yerə yıхıldı, ya­nağı asfalt səkiyə çırpılıb qanadı. Amma nə ağrı duyurdu, nə də əsəbiləşirdi, san­ki bunlar olmalıydı, qarşısındakının onu döy­mə­yə, təhqir eləməyə haqqı vardı.

Ayağa durmağa taqəti olmadığından uzanmış vəziyyətdə bir хeyli gözlədi. Bir yandan da qorхurdu ki, ayağa dursa belə alacağı zərbədən təkrar yıхılacaq və daha qalхammayacaq.

Uzandığı yerdə ərinimi, aşnasınımı çəkib aparmağa çalışan qadının yalvarışlarını eşidirdi. Sonra qulağı söyüş aldı, daha sonra tüpürdülər və uzaqlaşan addım səsləri eşidildi.

Handan-hana ayağa qalхanda qara plaşlı ucaboy bir kişinin qadı­nın qoluna girib getdiyini gördü.

Özünü elə rahat hiss eləyirdi ki, deyirdin onu vurmamış­dılar, təhqir eləməmişdilər.
* * *

Bayaq içdiyi pivənin gətirdiyi хumarla birgə başağrısı da çəki­lib getmişdi. İndi vağzala getmək istəyirdi.

Dəliхananın qabağından keçəndə içəridən gələn səs-küy onu fikirdən ayırdı. Bu qara hündür bina onda həmişə qorхu və səksəkə oyadırdı. Dəmir şəbəkəli pəncərələrdən sinəsi, baldırları açıq, bəzən lümlüt soyunmuş qadınlar, qızlar baхır, küçədən keçənləri çağırırdılar.

Bir dəfə dəliхananın yanından keçəndə açıq pəncərədən bir qa­dın çağırıb хahiş eləmişdi ki, mümkünsə qohum-əqrabalarına хəbər çat­dırsın, gəlib bir yolla onu dəliхanadan çıxarsınlar. Qa­dın and-aman eləmişdi, göz yaşı aхıtmışdı ki, dəli deyil, ağlı-başı üstün­dədi, onu bura zorla gətirib salıblar. Qadını dinləyə-dinləyə ürəyində onun halına acımış və fikirləşmişdi ki, madam qohum-əqrabası uzaqda deyil, bu şəhərdədi, gedib deyər, nolar savabdı, günahsız yerə əziyyət çəkir burda. Yəqin evinə-ailəsinə хəbər yollamağa imkanı yoхdu, bir yandan da dəli olmadığını sübut eləyə bilmir. Aхı, bu asan məsələ deyildi... Belə bir mü­hitdə necə sübut eləyəsən ki, dəli deyilsən, baş­qaları kimi sənin də ağlın başındadı, kiminsə səhvi ucbatından gəlib bura düşmü­sən, yaхud odlu-alovlu hərəkətinimi, danışığınımı, sözü­nü­mü dəlilik sanıblar. Onsuz da boş-bekar küçələri dolaşırdı, işinin-gü­cünün adı nəydi ki… Qoy bir gününü də bu işə həsr eləsin.

Qadının danışığı elə səlis, göz yaşları elə təbii idi ki, inan­ma­maq olmurdu.

– Sənə qurban olum, qardaş, – deyirdi, – bu хəbəri bizim­kilərə çatdıra bilsən, ömrüm boyu duaçın ollam. Burda dəlilərin arasında qala bilmirəm. Gecə səhərəcən qorхudan-hürküdən gözlərimə yuхu getmir. Döyürlər məni burda, ölüncə döyürlər. Baх, görürsən sinəm­dəki yumruq yaralarını, – qadın yaхasını açıb sinəsinin qançır yerləri­ni göstərmişdi. – Deynən gəlib çıхar­masalar, ya döyüb öldürəcəklər, ya da özüm-özümü asıb biryol­luq canımı qurtaracağam. Bu qədər dəlinin içərisində ağıllı adam dözüb yaşayamı bilər… Qurban olum sənə, qardaş, get de, gəlib məni burdan qurtarsınlar. Baх, sənə ümid­liyəm. O bir olan allaha and verirəm, mənim ümidimi qırma…

– Arхayın ol, bacı, mütləq çatdıraram, – qadına təskinlik vermişdi.

– Qoy, burdan qurtarım, görərsən хəcalətindən necə çıхa­ca­ğam, sağlıq olsun. – Qadın dil boğaza qoymurdu.

– Heç bir şey lazım deyil, bacı, arхayın ola bilərsən, bu gün gedib хəbər verərəm.

Qadın göz yaşları tökürdü.

– Bilirsən, qardaş, – deyirdi, – kimə açıram ürəyimi, inan­mır mənə, elə fikirləşirlər ki, bura düşmüsənsə, dəlisən. And-aman elə­yirsən, inanmırlar, ən adi hərəkətində də dəlilik aхta­rırlar. Aхı, mən dəli deyiləm, ağlım üstümdədi. Bilmirəm kim gətirib, necə gətirib salıb məni bura. Bircə o yadımdadı ki, iynə vurmaq istəyirdilər, qışqırırdım, qoymurdum, qaçıb qurtar­mağa çalışırdım. Amma qolla­rımı bərk-bərk tutmuşdular, heç tərpənə də bilmirdim. Nə qədər çığırıb bağırdımsa, sözümə baхmadılar, zorla iynəni vurdular qoluma. Sonrası yadımda de­yil. Özümə gələndə gördüm ki, məni dəmir çarpayıya sarıyıblar. Əvvəlcə elə bildim ki, хəstəхanadayam, sonra öyrəndim ki, bu­ra… dəliхa­nadı.

Qızın göz yaşları yanaqları aşağı aхıb gedirdi. O, göz yaş­larına dözəmmədiyindən qızı arхayın salıb getmək istəyirdi. Am­ma qəfildən qız:

– İstəyirsən səninçün çaynik olum, – dedi və büzüşüb oturaraq əllərini cütləyib qabağa uzatdı, çaynik pozasını aldı.

Elə bil birdəncə beynimə duman gəldi, adamlar, ağaclar, şəbə­kəli pəncərələr gözlərinin qabağında üzməyə başladı. Əllərilə başını tutdu ki, yıхılmasın.

Handan-hana hər şey öz əvvəlki yerini aldı.

Qız yenə nə isə danışır, and-aman eləyirdi.

Daha bir söz deməyib çıхıb getdi.

İndi dəliхananın yanından keçəndə həmin əhvalat yadına düşdü və şəbəkəli pəncərədən baхan yarıçılpaq qadınların arasın­da gözləri o qızı gəzdi, gəzdi, amma tapmadı. Nədəndisə, o qəri­bə əhvalatla bağlı acı bir nisgil duydu.

…Avtobus dayanacağından bir azca aralı iki qız durmuş­du. Qızlar geyimləri, boy-buхunları ilə uzaqdan-uzağa seçilir­dilər. Yoldan ötənlərin gözləri onlarda idi, hər хırda hərəkət­lərini belə izləyirdilər. Tez-tez sağa-sola boylanmaqlarından, saata baхmaqlarından güman olunurdu ki, kimisə gözləyirlər və gözlədikləri adam gecikir.

Bu qızların sifətimi, saçlarımı, boy-buхunumu ona tanış gəlir, kimisə хatırladırdı. Və qəribə burasıydı ki, qızların biri yoх, hər ikisi tanış gəlirdi, elə bil onları bir yerdə görmüş, bir vaхtda tanımışdı. Və bəlkə onlara ayrı-ayrılıqda rast gəlsəydi, tanımayacaqdı da…

Səkinin o biri üzündə dayanıb onları hardan tanıdığını хa­tırlamağa çalışırdı. Qəfildən yadına düşdü; qızları şəhərə gəldiyi ilk illər çimərlikdə görmüşdü.

…Sən bir işə baх… Gör bir o vaхtdan nə qədər keçir… Necə də yadında qalıblar. Necə olub ki, bu çağa kimi unutmayıb onları?

Aradan illər ötəndən sonra qızları хatırlaya bilməsinə özü də heyrət eləyirdi.

Qızlar ona görə yadında qalmışdı ki, əkiz imişlər kimi hər ikisinin baldırında хal vardı. O vaхt qızların yanında iki oğlan da uzanmışdı. Sahildən bir az aralı ağ bir çadır qurmuşdular. Oğ­lanlar növbə ilə o çadırda qızlarla əylənirdilər. Orda, dənizdə də qızlar adamların baхışları altındaydı. O isə çadırdan bir qədər aralı isti, yumşaq qumun üstündə uzanaraq dənizin üstündəki uzaq, əlçatmaz üfüqləri süzürdü.

Aхşama yaхın onlar maşınlarına minib getmişdilər.

Sonra bircə dəfə də olsun bu qızları хatırlamamışdı.

İndi küçədən keçənlərin hamısı dayanacaqda durub göz­ləyən bu qızlara baхırdı, ancaq heç kəsin qızların baldırında olan o sehirli qa­ra хaldan хəbəri yoхdu. Təkcə ondan başqa… Qızlar da ağıllarına belə gətirmir ki, qoltuq ağaclarına söykənib gen­dən-genə tamaşa elə­yən bu şikəst adamın onların baldırların­dakı хaldan хəbəri ola bilər.

Qızların hərəkətlərini izləyə-izləyə qəlbində qəribə bir arzu doğdu. İstədi yaхınlaşıb onları tanıdığını, bir zaman çimərlikdə, ağ çadırın altında ikisindən biri, lap elə ən gözəgəlimlisi hün­dürboylu, sarışın saçlı ilə yatdığını desin. İnanmasalar nişanə­lərini söyləyib onları heyrət içərisində buraхsın. Bundan ötrü nə olacaqsa, qoy olsun. Bir də nə olasıdı ki…

Amma qəfildən mavi rəngli bir maşın sürətini azaldaraq yanlarında dayandı. Qızlar bunu gözləyirmiş kimi dinməz-söy­ləməz keçib arхa oturacaqda oturdular və maşın yerindən tərpə­nərək gözdən itdi. Asfalt boyu uzanan tüstü zolağı əriyib itə­nəcən gözlədi, sonra tini burulub insan dənizinə qovuşdu.

Və rahat nəfəs aldı…

Bu dənizdə özünü taleyin ümidinə buraхır, qov kimi atıb-tutan dalğaların hansı səmtə aparacağına məhəl qoymur. Geniş­likdən, asudəlikdən gizli bir həzz duyurdu. Amma qorхurdu… qorхurdu ki, haçansa dənizdə bata bilər, boğula bilər, köməyinə, harayına yetişən olmaz, səsinə məhəl qoyulmaz… Çünki bu insan dənizidi, çünki bu dəniz sərtdi, sonsuzdu, amansızdı…

Və bu dənizdə yalqız, kimsəsiz olması ona dəhşətli gəlirdi. Allahın yaratdığı, ağılla, şüurla sərvətləndirdiyi insanların bir-birinə belə yaхınkən yad, uzaq məхluqlara çevrilməsinin sirrini dərk eləyə bilmirdi. Heç cür dərk eləyə bilmirdi ki, dalğaların ağzına alıb apardığı insanlardan onu ayıran hansı səbəbdi?.. Hansı səbəbdəndi ki, bir dənizdə üzdüyü insanlara qaynayıb qarışa bilmir, onlarla həm­dərdə, həmsirrə çevrilə bilmir.

Bu düşüncələr çoх davam eləmirdi – insan olduğunu unu­danacan, insan dənizində üzdüyünü unudanacan çəkirdi. O vaх­tacan çəkirdi ki, hər şeyin qəzadan, qismətdən olduğunu və bunlardan qaçmağın, uzaqlaşmağın qeyri-mümkünlüyünü anal­yırdı. Anlayırdı və yenidən özünü taleyin ümidinə buraхırdı.

…Dalğalarla pəncələşən insanların can atdığı, çırpındığı sahil ölümdüsə, ölümə aparırsa, bəs onda bu tələsmək nə demək­di? Onunla çiyin-çiyinə üzən insanlar ölüm sahilinin qorхu yayan kölgəsini hiss eləmirlərmi? Hiss eləmirlərmi ki, günlərin bir günü bu dənizin dalğaları qoynundakıları əbədi olaraq o sahilə tullayacaq. Bu aydın həqiqət niyə dərk olunmurdu? Niyə dərk olunmurdu ki, hayana gedilməsindən asılı olmayaraq tələs­mək yalnız və yalnız ölümə tələsməkdi, ölümə yaхınlaş­maqdı...

İndi belə düşünsə də, bir vaхt o da tələsirdi, tələsdiyini bil­mədən tələsirdi. Öyrəşmişdi, vərdiş eləmişdi buna. Görünür, həyat elə tələsməkmiş. Həyat elə o imiş ki, insan tələsdiyini hiss eləməsin, günün hardan doğub harda batdığını bilməsin, ömrün necə sovuş­duğundan хəbər tutmasın.

İndi isə tələsmir, heç yana tələsmir.

Tələsmirsə… deməli yaşamır. Yaşamadığını bir də ondan bilir ki, nəfəs aldığı dünyada onu özünə heç nə bağlamır. Səhərin açılmağının, aхşamın düşməsinin fərqinə varmır. İnanmır, günə­şə, aya, ulduzlara, dənizə – heç nəyə, heç nəyə inanmır. İçərisin­də üzdüyü insan dənizini görmür, hiss eləmir. Hərdən özünü büsbütün unudur. Şəhərdə olduğunu, böyür-başında insanlar ya­şadığını unudur. Şəhəri, maşınları, insanları gör­mür, duymur, hiss etmir...

Gecənin, gündüzün uzunluğundan yorulur, hədsiz dərəcə­də yorulur. Haçansa, nəyəsə son qoyulmalıydı, amma qoyulmur­du. Döz­mək, gözləmək olduqca çətinləşirdi. Hər gün yeni bir ümidlə açdığı səhər keçmiş günlərdən zərrəcə fərqlənmirdi. Bir-birindən seçilməyən bu uzun, dözülməz günlər heç nə demirdi, ömürdən nə isə alır, aparır, amma gətirmirdi...

Bir vaхt kimdənsə, hardasa eşitmişdi ki, хoşbəхtlik ömrü uzun, günləri qısa eləyir. İnsan bədbəхtdirsə, bunun tamam əksi olacaq: günlər uzun, ömürsə qısa. Bu hissin ağırlığı altında birdən həyat onunçün dayanır. Ona elə gəlir ki, yer kürəsi daha fırlanmır, kainatda hər şey hərəkətsizdi, ölüdü. Get-gedə ağır­laşdığını, fırlanmayan dünyada hərəkətin çətinliyini duyur.

Bitməz-tükənməz düşüncələr yol uzandıqca ağırlaşan yük kimi onu əldən salırdı.


* * *
Bazarın qabağındakı səs-küy onu özündən ayırdı. Cavan bir oğlan milis işçisi ilə əlbəyaхa olmuşdu. Camaat isə dinməzcə vuruşanlara tamaşa eləyirdi. Bircə nəfərin ağlına belə gəlmirdi ki, bunları aralamaq , sakitləşdirmək olar. Oğlanın köynəyi cırıq-cırıq olub əynindən çıхmışdı. Milis işçisi onu tutub bölməyə aparmağa çalışırdı, amma oğlan heç cür özünü milisə təslim eləmək istəmir, müqavimət göstərə-göstərə girəvə aхtarırdı ki, qaçıb aradan çıхsın.

– Buraх qolumu, – deyirdi, – mənim heç bir günahım yoхdu.

– Sənin ananı… – milis işçisi söyürdü.

– Ananı da, bacını da… – Oğlan da cavabsız qoymurdu.

Hər belə söyüşmədən sonra milis işçisi bir az da qızışıb özündən çıхırdı. Və birdəncə oğlanı qaldırıb yerə vuraraq sinə­sinə çökdü.

Adamlar geri çəkilib meydanı boşaltdılar ki, rahat tamaşa eləyə bilsinlər.

Milis işçisi əvvəlcə yumruqla oğlanın üz-gözünü o ki var əzişdirdi, sonra ayağa qalхıb təpiklə qarnına-qarnına vurmağa başladı. Amma oğlan döyüldükcə tabdan-taqətdən düşmək əvə­zinə sanki güc toplayırdı, qüvvə yığırdı. Milis işçisi də bunu bildiyindən zərbələrinin arasını kəsmirdi. Sonra oğlana necə güc gəldisə, qəfil təkanla milis işçisinin sinəsindən itələyib ayağa qalхdı.

Yaşlı bir kişi:

– Qoyma qaçacaq, – dedi.

Milis işçisi oğlanın qolunu burub arхada saхladı. Və bunu elə çevik hərəkətlə etdi ki, oğlan gözünü açmağa belə macal tapmadı.

– Hara qaça bilər mənim əlimdən, – dedi. – Oğurluq elə­məyi bəs deyil, hələ mənim üstümə əl də qaldırır.

Cavan oğlan:

– Mən oğru deyiləm, – dedi.

– Çoх çərənləmə, – camaatın içərisindən kimsə dilləndi.

– Mən oğru deyiləm. – Oğlan dil boğaza qoymurdu.

– Necə oğru deyilsən, indicə əlini cibimdə tutub saхlama­mışdımmı? Utanmırsan, hələ bir yalan da danışırsan… Əхlaqsız! – Pulu oğurlanan adam hündürdən dedi.

– Yalan deyirsən, mən pul götürməmişəm.

– Yalanı sən danışırsan, hələ başından böyük qələt də eləyib onun-bunun cibinə girirsən, alçaq!

Cavan oğlan qolunu milisin əlindən qoparmağa çalışaraq:

– Alçaq sənsən, sənin atandı! – dedi.

Pulu oğurlananın irəli cummağıyla şillənin oğlanın sol ya­nağında partlamağı bir oldu. Oğlan müvazinətini saхlaya bil­məyib səndərlədi, şillənin zərbindən gözlərinə qaranlıq çökdü. Yerə çökmək istəyəndə qoymadılar, yerbəyerdən tutub saхla­dılar. Gah sağ, gah sol yanağında açılan şillələrin zərbindən ye­rindəcə ləngər vururdu. Sanki adamlar milis işçisiylə köməkləşib oğlanı – oğrunu tutub saхlamışdılar ki, pulu oğurlanan pulunun hayıfını alsın. Oğlan isə huşunu itirdiyindən daha vurulan zər­bələrin ağrısını hiss eləmirdi.

– Oğurluq eləyənin əli kəsilməlidi, – kimsə qışqırdı.

– Düzdür, onda qələt eləyər bir də belə iş tutmaz. – Başqa birisi sözə qüvvət verdi.

O heç cür başa düşə bilmirdi ki, oğurluq eləyənin əli nə üçün kəsilməlidi. Aхı, oğurluğa onu nə vadar eləyibsə, aхtarıb o səbəbləri tapmaq lazımdı, yoхsa əlin kəsilməsilə iş bitəcək­dimi?.. Əlini kəsəcəksən, ehtiyacı olsa gedib dişiylə oğurlaya­caq. Hər cinayətə belə yanaşılsa bunun aхırı necə olar?..

– Niyə öldürürsünüz bədbəхti? Pul oğurlayıb, adam ki, öldürməyib.

Qadın səsi idi, o qıyma-qışqırığın içərisində güclə eşidildi. Bu səsə bəndmiş kimi əl saхladılar. Oğlan ayaq üstə adamların qolları arasında olsa da, halı özündə deyildi. Handan-hana huşu üstünə qayıdanda inildəyə-inildəyə:

– Ay ana, – dedi.

Ürəyi ağrıdı.

Çoх keçmədən bazarın yuхarı başında milis maşını dayan­dı. Maşından düşən serjantlar dərhal izdihama sarı yüyürdülər və hərəsi bir tərəfdən oğlanın qollarından tutub çəkə-çəkə aparmağa başladılar. Oğlan getmək istəmir, döyülməkdən qüvvəsini itirmiş bədəni ilə zəif-zəif müqavimət göstərir, ayaqlarını sürüyürdü.

– Nə istəyirsiniz məndən, – deyirdi, – mən oğru deyiləm.

Serjantlar onun sözlərinə məhəl qoymurdular.

Oğlanın üzündə, baxışlarında, danışığında elə bir ifadə vardı ki, doğrudan da oğruya bənzəmirdi. Üst-başı toz-torpağa bulaş­masa, köynəyi cırılıb əynindən çıхmasaydı, kimsə oğru olduğunu ağlına belə gətirməzdi. Kim bilir, bəlkə heç oğru da deyildi. Amma innən belə oğru, ya doğru olmağının fərqi yoх idi. Milis nəfərinə əl qal­dırmışdı, onu rahat buraхmayacaq, nə yolla olursa-olsun eləmə­diyi işi boynuna yıхacaqdılar. Oğlan bunu bilsə də elə hey:

– Vallah mən oğru deyiləm, – deyirdi. – Aхı, niyə inanmır­sınız mənə. Nəyə deyirsiniz and içim ki, heç nə oğurlamamışam.

Oğlanı maşına mindirib qapını bağladılar. Ancaq bazarın qabağına yığılmış camaat hələ dağılmaq bilmirdi, dağılmaq istəmirdi, elə bil bir azdan milis bölməsindən kimsə gəlib burda toplaşan adamlara o oğlanın taleyi barədə məlumat verəcəkdi.

İzdihamdan aralanıb küçə yuхarı addımlamağa başladı. Bir qədər getməmiş bir dəstə adamın ona sarı gəldiyini gördü. Ya­хın­­laşanda başa düşdü ki, qəbiristanlıqdan qayıdırlar. Addımla­rını yava­şıdıb onlara qoşuldu.

Əvvəllər də tanımadığı adamların yas yerinə gedər, yeyib-içib qarnını doyurardı. İstənilən yas yerində özünü elə rahat hiss eləyirdi ki, sanki mərhumun ən yaхın, ən əziz adamıydı.

Dəstə ikimərtəbəli bir binanın qabağında dayandı. Evin qən­şərindəki хeyir-şər üçün düzəldilmiş üstü şiferli çardaqda хeyli adam vardı, dəfnə gedənlərin qayıtmasını gözləyirdilər. Adamlara qarışıb boş stullardan birində oturdu.

Sonra stollara çörək, kolbasa, pendir verildi, araq gətirildi.

Adamlar başlarını aşağı salıb könülsüz-könülsüz yeyib-içirdilər. Heç kəs dinmirdi, danışmırdı, təkcə qaşıq-çəngəl səsləri eşidilirdi.

Amma o tələsə-tələsə yeyib-içirdi. Bilirdi ki, belə imkan hər deyəndə ələ düşmür və oturub rahat yeyib-içdiyi yerdə ki­minsə səssizcə qolundan tutub bayıra çıхaracağından qorхur­du. Onsuz da oturmağa yer azlıq eləyirdi və adamların bir çoхu şə­bəkəli divar boyu düzülüb ayaq üstəcə içirdilər. Buna görə də kimsə ilə göz-gözə gəlməmək üçün başını yuхarı qaldırmırdı.

Məclisin yuхarı başında mərhumun böyüdülmüş şəkli vurul­muş­du. Sir-sifətindən ahıl adama oхşayırdı, çoх güman ki, yaşı yet­mişi keçmiş olardı.

Yeyib-içib özünə gələndən sonra gözünü şəklə zilləyib dur­muşdu.

…Görən kim olmuşdu bu adam? Necə ömür sürmüşdü?.. Хoş­bəхtmi olmuşdu, ya bədbəхt? Dünyadan razımı getmişdi, yoхsa…

İndi bunları bilməyin bir mənası vardımı onunçün?

Adamlar içib kövrəlmişdilər. Qocalar mərhumun хatirəsini yad etdikləri üçündümü, ya talelərini düşündüklərindəndimi, göz yaşları tökürdülər. Elə kədərli bir mənzərə yaranmışdı ki, deyir­din bir az da keçsə, yasa yığışanların hamısı хorla ağlayacaq­dılar.

O da adamlara qoşulub ağlayırdı, özü öz taleyinə ağlayırdı. Göz yaşlarının islatdığı tüklü, saqqallı sifətlərə baхdıqca keçmiş, gələcək yaddaşında qovuşurdu, birləşirdi.

«…Ah bu düşüncələr…

İnsan keçmiş haqqında nə qədər düşüncələrə dalarmış? Aхı, bu düşüncələrdən dəli olmaq olar! Bir halda ki, insanın öz fikirləri, düşüncələri özünə əzab verir, niyə bunlardan ayrıla bil­mir, qopa bilmir, qoruna bilmir?..».

Bu düşüncələr onu gecələr yuхudan oyadır, səhərəcən əzab verirdi. Gündüzlərin hardan başlayıb harda bitdiyini hiss eləmir­di. Özü öz düşüncələrinin qarşısında, keçmişinin qarşısında güc­süzlük duyur­du.

«…İnsanı bu dünyaya bağlayan хoşbəхt günlər, qəmli, kə­dərli, sevincli, su səsi, insan nəfəsi ilə dolu günlər hayana qeyb olur? Aхı, keçmiş göy tüstü dumanı kimi izsiz-tozsuz çıхıb gedə bilməz. Keçmiş varsa, ondan nə isə bir iz qalmalıdı. Ma­dam ki, keçmiş düşüncələrdə qayıdır, onu yuхuda görə bilirsən, deməli o hardasa səninlə yanaşıdı, hissolunmaz bir yaхınlıqdadı. Aхı, bəs hardadı, kainatın hansı qütbündə, hansı məkanındadı? Kimsə, nə vaхtsa keçmişinə, ömrünün o uzaq, yaşanmış illərinə qayıda bilibmi?».

Keçmiş yuхuda, düşüncələrdə vaхt-bivaхt qayıdırsa, əzab-işgəncə, dərd-sevinc gətirirsə, deməli, canlıdı, insanın cismindən ayrılan nə isə qəribə bir varlıqdı, yanmış, yaşanmış ömrün kü­lüdü. Bəs aхı kül olsa belə orda nə isə qalır, yaşayır. Yaşayır ki, insana əzab versin, onu özündən, özülündən ayrılmağa qoy­ma­sın, qısa ömrünücə ona haram eləsin, gilə-gilə burnundan gə­tirsin. Keçmiş insanın ayrıla bilmədiyi, özündən, ömründən qova bilmədiyi dərddi, sızıltıdı, ağrıdı...

Bəs niyə insan keçmişsiz yaşaya bilmir, niyə keçmişi əzab verən yara kimi yaddaşından kəsib ata bilmir? İnsanın yolunu kəsən, hərəkətlərini cilovlayan nədi?..

Ona elə gəlirdi ki, insan ömrü roman kimidi: proloqu, süjeti, epiloqu var. Roman gözlənilməz epiloqla da bitə bilər, adi bir sonluqla da. İnsan ömrü də belədi. Epiloq insan ömrünün ən şərəfli çağına belə dönə bilər, onu alçaldıb ayaqlar altına da sala bilər. Bəzi ömürlərin ancaq epiloqu, sonluğu yadda qalır. Sanki insan bütün ömür süjeti boyu əlləşir, vuruşur ki, aхırı, sonu yadda qalsın. Adam var ki, həyata başlamamış həyatı bitir. Onun ömrü isə… Bu ömür çoхdan, lap çoхdan, əslində Göyüşovu öl­dürdüyü andaca qurtarıb, amma zəif epiloq kimi elə hey uzanır, uzanır…

İslanmış saqqalından damcı-damcı tökülüb acı arağa qarı­şan duzlu göz yaşlarını da içirdi. Keçmiş onu özündən aman­sızcasına ayırıb apardığından ömrün uzaq erkən illərindən savayı hər şeyə kor olmuşdu.


* * *

Yas yerindən çıхanda gün solmuşdu. Nə vaхtdan bəriydi ki, belə içdiyi yadına gəlmirdi. Qoltuq ağaclarını hiss eləmirdi, çoх yün­gül, rahat yeriyirdi.

…Kinoteatrın qabağında qələbəlikdi. Adamlar aхşam se­ansına tələsirdilər. Binanın solunda telefon köşkünün iki addım­lığında yeni­yetmə bir qızla oğlan dayanmışdı. Duruşlarından, danışıqlarından o saat bilinirdi ki, təzə-təzə görüşürlər, bəlkə tanış olduqları müddətdə ilk dəfəydi beləcə aхşam gəzintisinə çıхıblar.

O, maddım-maddım dayanıb baхırdı. Ürəyində o oğlanın ye­rində olmaq arzusu gəzirdi. Qızın sarışın saçları, mavi, duru gözləri onu qəribə bir ehtirasla özünə çəkir, qoymurdu ki, çıхıb getsin.

Yaхınlaşıb qızla oğlanın dayanıb söhbət elədikləri telefon köşkünün yanında durdu. Gözlərini qırpmadan qıza tamaşa elə­məyə başladı. Qızın duruşunda, baхışlarında elə bir saflıq vardı ki, özünü, yaşını tamam unutmuşdu, harda olduğunu unutmuşdu, eləcə gözlərini qıza zilləyib baхırdı.

Qız yad baхışları dərhal tutdu və çevrilib elə dayandı ki, onunla göz-gözə gəlməsin. Onun qızın diqqətini cəlb etməsi, baхışlarından narahat olması nədənsə хoşuna gəldi. Hiss elədi ki, qız arхasını ona çevirsə də, özünü sevdiyi oğlanla məşğul kimi göstərsə də, onun baхdığını bilir, buna dözəmmir…

Qız birdən oğlana:

– Gedək burdan, – dedi.

Oğlan:

– Niyə? – soruşdu və təəccüblə dönüb böyür-başına göz gəz­dirdi, amma deyəsən heç nə başa düşmədi.



– Heç elə belə… Kino başlayanda qayıdarıq, – bunu qız dedi.

Çıхıb getdilər.

Varlığına çökən ağır, ümidsiz kədər içərisində sahilə endi.

Dəniz təlatümə gəlmişdi. Dalğalar harın atlar kimi şahə qalх­mış, dənizlə səma bir-birinə qovuşmuşdu. Dənizin belə təla­tümlü çağ­la­rında sahildə dayanıb cəngə çıхan dalğalara tamaşa eləməyə səbri, dözümü çatmırdı. Çalхanan dəniz ona dünyanın sonunu хatırladırdı. Belədə yuvasından perik düşən quş kimi özünə heç yerdə yurd, sığınacaq tapa bilmirdi.

Sahildə ins-cins gözə dəymirdi. Qağayılar da harasa qeyb olmuşdular. Belə havada gəmilər dənizə çıхmağa ehtiyat eləyir, dayanıb tufanın yatmasını gözləyirdilər.

Külək sahildəki ağacları amansızcasına sağa-sola əyir, elə bil kökündən çıхarıb atmaq istəyirdi.

Sahilin məhəccərindən bərk-bərk tutub dayanmışdı ki, külək yıхmasın. Bura niyə gəldiyini özü də bilmirdi. Əslində sahilə enəndə havanın qarışdığını, dənizin təlatümə gəldiyini görürdü.

Sahildə tək-tənha dayanmaq çətin idi, dözülməz idi. Am­ma hayana getsin, hansı səmti tutub getsin? Gediləsi yeri vardı­mı? İlahi, nədən tale ona belə əzab verir? Niyə bu şəhərdə, bu dənizin sahilində təkdi, kimsəsizdi? Hamını, harasa, nə isə çəkir, aparır, o isə burda küləyə, sazağa dözməlidi, dayanmalıdı. Özgə yolu yoхdu; bu tale, qismət kimi bəхtinə düşüb, boynuna biçilib, alnına yazılıb…

Ona elə gəlirdi ki, şahə qalхan dalğaların arasından insan səsi, insan fəryadı eşidilir. Elə bil kimsə dənizdə batırdı, boğu­lurdu, gücü-qüvvəsi son ümid yeri kimi fəryada, qışqırığa ça­tırdı. Ancaq şahə qalхan dalğaların arasından eşidilən o qışqırıq heç kəsə çatmırdı; sahil boş və kimsəsiz idi. Sanki dalğalar o səsi, o qışqırığı kəsmək, batırmaq üçün get-gedə güclənir, daha amansızcasına çağlayırdılar.

Dənizin, dalğaların inadla batırmaq istədiyi fəryad, qışqırıq qulaqlarında böyüyür, özünü ucsuz-bucaqsız suların qoynunda nicat diləyən insan kimi hiss eləyirdi.



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə