Geosiyasət və İdarəetmə: yeni baxiş ZƏrurəTİ ƏBÜLHƏSƏn abbasov



Yüklə 129,49 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü129,49 Kb.
#8887


“Geostrategiya”.-2014.-№ 03 (21).-S.8-14.

GEOSİYASƏT VƏ İDARƏETMƏ: YENİ BAXIŞ ZƏRURƏTİ

ƏBÜLHƏSƏN ABBASOV, 

Fəlsəfə üzrə elmlər doktoru, professor

Bəşəriyyət  uzunmüddətli  dərin  böhrandadır.  Bunun  nüvəsini  qlobal  kapitalizmin  və  onun  əsas  ideoloji

dayağı olan  liberalizmin  (modifikasiyalarından  asılı olmayaraq!)  böhranı təşkil  edir.  Dünyanı fəlakət  astanasında

saxlayan bu böhran günbəgün artan xaos, destruksiya, deqradasiya əlamətləri ilə müşayiət olunur. Durmadan davam

edən  iqtisadi,  sosial-siyasi,  mənəvi  sarsıntılar,  dünya  miqyasında  sosial  təbəqələşmənin  və  inhisarçılığın

dərinləşməsi,  xalqların  rifah  halında,  maddi  durumunda  kəskin  fərqlərin  bütün  hədləri  keçməsi,  sərvətlərin

ədalətsizcəsinə bölüşdürülməsi və insafsızcasına talan edilməsi, heç bir hüquqa, əxlaqa sığışmayan qeyri-bərabərlik,

istismar, insana və insanlığa qarşı aparılan səlib yürüşləri, mənəvi-ruhi aləmə edilən məqsədyönlü qəsdlər və faktiki

olaraq,  İnsanın,  onun  Ruhunun  çökdürülməsi,  tənəzzülə  və  çürüməyə  məruz  qoyulması,  etnomilli-dini

rəngarəngliklərdən,  xalqların  çoxçeşidliyindən  məkri,  qeyri-insani  məqsədlər  üçün  sui-istifadə,  siyasi-hüquqi

institutların,  media  şəbəkələrinin,  QHT-lərin,  hətta  elm  və  incəsənətin  qlobal  güc  mərkəzlərinin,  hegemon

superelita deyilən nəsnənin xidmətçisinə çevrilməsi, idarəetmə sistemlərinin yalnız və yalnız onların maraqlarının

təmin  olunması  müstəvilərində  qurulması,  eyni  zamanda,  həmin  bu  vektor  üzrə  formalaşdırılan  idarəetmə

fəlsəfəsinin  dünya  ölkələrinə,  о  cümlədən,  postsovet  “respublika”larına  transfer  edilməsi  və  bu  qlobal  hiylə

vasitəsilə milli dövlətləri, onların rəsmi şəxslərini, siyasi elitasını ikili  basqı altında  saxlaması (yəni,  bir  tərəfdən,

əzilən, hüquqları total surətdə pozulan xalqın - vətəndaşların artan narazılığı və nifrətindən yaranan üsyan-inqilab

qorxusu,  digər  tərəfdən,  “başbilən”,  “ürəkləri-  qəlbləri  insan  haqlarına  görə  od  tutub  yanan”  beynəlxalq

təşkilatların,  onların  arxasında  dayanan  hegemon  qüvvələrin,  ABŞ-ın  Dövlət  Departamenti,  Senatı  və  Konqresi,

Avropa  İttifaqının  Parlamenti  və  Komissiyası kimi  qurumların, Avropa  Şurasının, ATƏT-in  hədə  və  təhdidləri)  -

bütün  bu  bədnam  əlamətlər  zülmləri  ərşə  qalxmış  qlobal  böhranın,  bəşəri  burulğanın  əlamətləri  olmaqla  yanaşı,

maliyyə - sələmçi kapitalizmin və onun yüzilliklər boyunca gəlir- mənfəət-istismar naminə toxuduğu, biçib-tikdiyi

ideoloji  konseptin  mənfur  məhsuludur.  Oliqarxik  qlobal  kapitalizm  bu  gün  о  dərəcədə  haqqa  və  ədalətə  qarşı

köklənib  ki,  hətta  “hüquqi  dövlət”  deyilən  konsepsiya  nə  Con  Lokkun,  nə  də  Şarl  Monteskyenin  doğma

vətənlərində artıq əməlli-başlı işləmir.

Ukrayna  ilə  bağlı proseslərin  daha  da  mürəkkəbləşməsi,  hətta  bəzi  analitiklərin  fikrincə  (3,  s7),  III  Dünya

müharibəsinin başlaması ehtimalının vurğulanması indiki vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bəli, qlobal

fəlakətə  aparan  böhrandan  çıxış  yolu  -  dünyanın  yenidən  formatlaşmasındadır  və  bu  proses,  deyərdim  ki,  artıq

başlayıb.  Aydındır  ki,  hər  bir  proses  enerji-yanacaq  tələb  etdiyi  kimi,  yenidən  formatlaşma  da  “yem”,  alovlanan

sobaya  atmaq  üçün  qurbanlar  tələb  edir.  Qurbanlar  isə,  belə  qlobal  prosesdə,  -  xalqlar,  cəmiyyətlər,  dövlətlər  və

onların  maddi-mənəvi  sərvətləri  olur.  Əlbəttə  ki,  hər  bir  xalq  və  dövlət  yox,  yalnız  onlar  ki,  korrupsiya,  sosial

ədalətsizlik  və  qeyri-bərəbərlik,  yalan-böhtan  burulğanında  onsuz  da  can  verməkdədirlər  və  üstəlik  də,

“demokratiya  beşikləri”nin  fitnə-fəsadına  uyaraq  daxildən  bir-birini  didib-tökməkdə,  qırıb-çatmaqdadılar.  Son

illərin “narıncı inqilab”ları, “qızılgül çevrilişləri”, nəhayət Liviyanı, Misiri, Suriyanı viranə qoymuş  “ərəb baharı”

deyilənlərin  sübutu  deyilmi!?  Bununla  belə,  hegemon  mərkəzlərin  dünya  xalqlarına  qarşı  yönəlmiş  fəndgirliyini,

onların məkrli “geosiyasi təfəkkür”ünün mahiyyətini dövlət və millət səviyyəsində anlamayanlar növbəti qurbanlara

çevrilməkdədir yenidən parçalanmış, mitili atılmış Ukrayna kimi! Bədbəxt ölkə! Bir tərəfdən, başda V. Yanukoviç

olmaqla  oliqarxiyanın  milli  sərvətləri  uzun  müddət  talaması, insanları haqsızlıq  qazanında  bişirməsi,  vətəndaşları

korrupsiya  maşınının  ağzına  verməsi,  digər  tərəfdən,  xalqın  artan  narazılığından  bəhrələnən  və  ABŞ-Avropa

öndərlərinin  “pas”ından,  “top  ötürməsi”ndən  cuşa  gələn  demokratların  (zara  gəlmiş  oliqarxiya  nümayəndələri  ilə

birgə!)  “qızıl  onluğa”  vurmaq  həvəsi,  eyni  zamanda,  faktiki  olaraq  oliqarxik  kapitalizmin  dəyirmanına  su  tökən

“hiylə  dağarcığı”  Putinin  həm  Ukraynaya,  eləcə  də  Rusiyanın  özünə  qənim  kəsilmiş  siyasəti.  Bütün  bunlar

Ukraynanı Zbiqnev  Bjezinskinin  çoxdan  planlaşdırdığı  bataqlığa  sürüklədi.  Ukrayna,  etiraf  edək,  “demokratiya”,

“insan  haqları”,  “liberal  dəyərlər”,  “avropalaşma”  tipli  hədəflər  uğrunda  uzunmüddətli  və  ağılsız  daxili  savaşa

girişməklə,  ehtiyatı  əldən  verməklə  müasir  imperializmin  geosiyasətinin  ağır  “dəyirman  daş”ının  altında

çabalamaqdadır.  Söz  yox,  Putin  Rusiyası  da  bu  tələdən  böyük  itkilər  vermədən  çıxası  deyil.  İddiasına  uyğun

iqtisadi-intellektual-mənəvi- hərbi-demoqrafik-ideoloji gücü-qüdrəti olmayan, idarəetmə fəlsəfəsində, nəzəriyyə və

praktikasında  hətta  son  onilliklərdə  ortaya  bir  müsbət  nümunə,  bəşəri  sayılacaq  dəyər-sərvət  qoymayan,  ancaq  və




ancaq əlində olan təbii sərvətlər (qaz, neft və s) vasitəsilə və işğalçı tarixi ənənəsi ilə yaxın və uzaq qonşuları təhdid

edən,  onlara  qarşı  hər  cür  yaramaz  üsullardan  istifadə  edən,  əvvəlindən,  yəni,  90-cı illərdən  üzü  bəri,  oliqarxik

kapitalizmin ən səmərəsiz, israfçı, korrupsiya içində batan həlqəsi olan Rusiya dünyanın yenidən formatlanmasında

geopolitik ocağa atılacaq ən böyükhəcmli resurs ola bilər. О Rusiya ki, siyasi məfkurəsi, ədəb-ərkanı, mədəniyyəti,

etibarı dünyanın bir  nömrəli  təlxəyi,  fəndgiri  olan  Jirinovskinin  məzmun-mahiyyət  tutumuna  sığışır.  О  Rusiya  ki,

şovinizm,  pafoslu  vətənpərvərlik  hay-həşirində  alışıb-yansa  da,  xəyalında  tutduğu  Yeni  İmperiyanm  bel  sütunu

olmalı etnos - “rus” - hər bir cəhətdən can verməkdədir. Yazıq rusun özü ki, addımbaşı etiraf edir: bu alkaşlıq, bu

pozğunluq və mənəvi korroziya bizim axırımıza çıxıb! Görünür, yenidən formatlaşma proyektini işləyənlər bu amili

də əvvəlcədən düşünüb- planlaşdırıblar.

Belə  olduqda,  hikkəsindən,  Merkel  demişkən,  “ağlını  itirmiş”  Rusiya  ilə  necə  davranmalı?-  Ağıllı  və

məsuliyyətli postsovet siyasətçilərindən olan Nazarbayev və Lukaşenko Putinlə birgə 29 may 2014-cü il tarixində

Avrasiya  İqtisadi  İttifaqını təsis  etdilər.  Ona  görə  yox  ki,  Putin  Rusiyasının  gələcəyi  barədə  nikbin  fikirdədirlər,

xeyr,  çox  ehtimal  ki,  əsasən  bu  iki  səbəbdən:  birincisi,  davranışında  artıq  “qırmızı  xətti”  keçmiş  və  günbəgün

itkiləri,  yaraları artan,  buna  görə  də  daha  da  azğınlaşan,  quduzlaşan  “böyük  qonşu”dan  özünü  qorumaq,  mənasız

qurbanlar verməmək, eyni zamanda, elə indinin özündə də müəyyən iqtisadi fayda əldə etmək; ikincisi, çox da uzaq

olmayan  perspektivdə  dəlilər  əlində  məhv olan  ölkənin  sərvətlərindən  bəhrələnmək,  rusun  itirdiyinə,  о cümlədən,

mümkün  olarsa,  bəzi  ərazilərinə  sahib  çıxmaq.  Ölkələrinin  sosial  və  tarixi  zaman  baxımından  səciyyəvi

xüsusiyyətlərini  nəzərə  alsaq,  onların  bu  addımmı  düzgün  milli  siyasətin  üzvi  təzahürü  kimi  anlamaq  və

dəyərləndirmək  olar.  Fikrimcə,  Belarus  (xüsusən!)  və  Qazaxıstan  bu  gedişlə  nəticədə  öz  gözləntilərinə

yiyələnəcəklər.

Müasir  geosiyasi  davranışın  tələbləri  baxımından,  əlbəttə,  məntiqli  olar  ki,  Azərbaycan  bu  İqtisadi  İttifaqa

münasibətini özü üçün aydınlaşdırsın, qoşulub-qoşulmamaq barədə düşünsün, qoşularsa, konkret nə zaman və milli

maraqlara  cavab  verən  hansı şərtlər  daxilində  (ilk  növbədə,  Qarabağ  probleminin  həllini  nəzərə  almaqla!)  zəruri

addım atmaq fikrindədir. Prezident İlham Əliyevin Azərbaycan dövlətinin dünya birliyində layiqli və özünəməxsus

yer  tutması üçün  göstərdiyi  siyasi  iradəni,  israrlı və  qətiyyətli  cəhdlərini,  təşəbbüslərini  ardıcıl və  məmnunluqla

izləyərək düşünürəm ki, respublikamız bu məsələdə də optimal çıxış yolunu müəyyənləşdirərək öz milli maraqlarını

həyata keçirə biləcək.

Mövcud  şəraitdə  ən  vacib  vəzifələrdən  biri  odur  ki,  geopolitik  müstəvidə  həyata  keçirilən  xarici  siyasət

daxildən  güclü  dəstək  qazansın,  bütövlükdə  vətəndaş  cəmiyyəti,  ayrı-ayrı  sosial  qrup  və  təbəqələr,  etno-dini-

mədəni-siyasi birliklər tərəfindən müdafiə olunsun.

Bu  istiqamətdə  də  son  illərdə  xeyli  işlər  görülmüş  və  görülməkdədir.  Мən  əsasən  korrupsiya  və

rüşvətxorluğa, vəzifədən sui-istifadə hallarına qarşı mübarizəni, idarəetmədə şəffaflığın, operativliyin artırılmasını,

rəhbər kadrlar şəbəkəsində islahatların aparılmasını nəzərdə tuturam ki, son nəticədə sosial ədalətin, qanunçuluğun

təntənəsinə xidmət  edir,  cəmiyyət  - dövlət  münasibətlərini  optimallaşdırır,  xalqla  hakimiyyət  arasında  üzvi  birliyi

möhkəmləndirir.  Yalnız  xarici  və  daxili  siyasətin  bir-birini  tamamlaması,  canlandırıcı  sinergizmdə  olduqları

şəraitdə ölkəmizin milli maraqları öz təminatı üçün dayanıqlı, etibarlı zəmin qazanmış olar. Bununla belə, hələ ki,

narahatlıq doğuran bəzi problemlər var. Fikrimcə, bu problemlərin kökünü siyasi aktorların və idarəetmə sisteminin

fəaliyyətindəki xroniki xarakter almış ciddi qüsurlar təşkil edir. Konkret olaraq, söhbət istər hakim elitanı, istərsə də

müxalif  düşərgəni  təmsil  edən  şəxslər,  qruplar  tərəfindən  özlərinin  “təkcə”,  “xüsusi”  statuslu  maraqlarını

ümummilli  və  dövlət  maraqlarından  üstün  tutmasından  gedir.  Aydındır  ki,  idarəetmədə,  siyasi  fəaliyyətdə  təkcə,

xüsusi  və  ümumi  maraqlar  uzlaşdırılmırsa,  hətta  bəzən  “tam”  hansısa  “hissə”yə  qurban  verilirsə,  dövlətə  və

cəmiyyətə ciddi ziyan yetirilir.

Yalnız  özü  və  əhatə  dairəsində  olan  şəbəkə  (klan)  üçün  əlləşən-çalışan,  yaxud  başlıca  qayəsi  hər  cür

vasitələrlə,  dövlətin  ziyanına  olsa  belə,  özünüqorumadan  ibarət  olan  məmur  düşmən  qüvvələrin  əlində  alətə

çevrilmiş  müxalifət  təmsilçilərindən  də  betərdir.  Onun  özü  üçün  cızdığı  “sərfəli  yol”  naminə,  hər  şeydən  əlavə,

cəmiyyət-dövlət  deyilən  məkanda  hiyləgərliyə,  bicliyə,  acgözlüyə,  vicdansızlığa,  hər  cür  xəyanətkarlığa  meydan

açılır. Böyük mütəfəkkir Hegel əbəs yerə demirdi: “Dövlət mənəviyyatlı həyatdır” (5, c. 37,47). Onun bu fikirlərini

də çatdırmaq istərdim: “Dövlət о vaxt güclüdür ki, vətəndaşların xüsusi maraqları onun ümumi məqsədilə birləşir”

(5, s.24); “Dövlət  - ruhun öz möhtəşəm varlığında  tam reallaşmasıdır”  (5,  s.17);  “Dövlət,  azadlığı təmin  edir”  (5,

s.40);  “Dövlətə  aid  suallar  mədəniləşmiş  idrakın  predmetidir”  (s.42);  “Dövlət  -  özünü  dərk  edən  azadlığın  ağıllı

həyatıdır” (4, s.300).

Bəşər tarixinin bütün mərhələlərində cəmiyyətlərin idarə olunması məsələsi mühüm bir problem kimi qarşıya

çıxmışdır.  İnsanların  yaşayışını təşkil  etmək,  onların  fəaliyyətini  müəyyən  istiqamətə  yönəltmək  və  tənzimləmək



obyektiv  zərurət  olmuşdur.  Bu  problem,  ölkə  və  dövlət  başçıları  ilə  yanaşı,  daim  görkəmli  mütəfəkkirləri,  elm

xadimlərini  düşündürmüş,  müxtəlif  nəzəriyyə  və  konsepsiyaların  yazılmasına,  idarəetmənin  üsul  və  formalarının

axtarılmasına  yol  açmışdır.  Cəmiyyətin  ayrı-ayrı  strukturlarını,  səviyyələrini,  ünsürlərini  əlaqələndirən

mexanizmlər, meyarlar, qanun və normalar işlənib hazırlanmışdır.

Lakin müxtəlif dövrlərdə idarəetmənin təsir dairəsi və sahəsi eyni olmadığı kimi, idarəetmə metodologiyaları,

üsul və formaları da bir-birindən fərqlənmişdir. Məsələn, cəmiyyətdə natural təsərrüfat iqtisadiyyatı hakim olduğu

dövrdə  idarəetmə,  demək  olar  ki,  ümumi  fəaliyyət  sahəsinə  çevrilməmişdir.  Əslində  buna  о  qədər  ehtiyac  da

yaranmamışdır  və  bu  dövrdə  idarəetmə  aparatının  özü  də  sadə  və  primitiv  idi.  Yalnız  ictimai  əmək  bölgüsünün

inkişafı  gedişində  idarəetmə  insan  fəaliyyətinin  digər  növlərindən  ayrılmış  və  müstəqil  fəaliyyət  növünə

çevrilmişdir. Bununla yanaşı, cəmiyyətin mürəkkəb bir sistem kimi təkamülünə müvafiq olaraq, spesifik idarəetmə

nəzəriyyələri,  metod  və  formaları meydana  çıxmışdır.  İdarəetmə  yanaşmalarının,  prinsip  və  üsullarının,  vərdiş  və

üslublarının  formalaşması  uzunmüddətli  yol  keçmiş,  tarixi  dövrlərin,  ictimai-siyasi  quruluşların,  etnopsixoloji

məxsusluğun və milli-mədəni ənənələrin, iqtisadi sistemlərin səciyyəvi xüsusiyyətlərini özündə ifadə etmiş, elmin

və  bütövlükdə  ictimai  şüurun  təsirini  üzərində  daşımışdır.  Öz  növbəsində,  idarəetmə  xüsusiyyətləri  sosial-siyasi

quruluşların  və  iqtisadi  sistemlərin,  ictimai  münasibətlərin  və  ictimai  psixologiyanın,  ideoloji,  hüquqi,  etik

baxışların formalaşıb fəaliyyət göstərməsinə ciddi təsir göstərmişdir.

İdarəetmə xüsusiyyətləri ilə cəmiyyətin digər atributlar sisteminin qarşılıqlı əlaqəsi qlobal sarsıntılar, ictimai

rekonstruksiya  və  keçid  dövrlərində  daha  böyük  əhəmiyyət  kəsb  edir.  Ənənəvi  stabilliyini  itirmiş  və  yeni

struktur-funksional səviyyəyə yüksəlmək uğrunda mübarizə aparan cəmiyyət  küllü miqdarda  mürəkkəb,  adətən  də

qeyri-ənənəvi  problemlərlə  üzləşdiyindən  daha  çox  yeni  sosial  idarəetmə  dünyagörüşünə  ehtiyac  duyur.  Yeni

idarəetmə  metodologiyasına,  müvafiq  funksiyaları  yerinə  yetirən  idarəetmə  orqanlarına,  bu  orqanların  səmərəli

münasibətinə,  zamanın  və  konkret  tarixi  şəraitin  tələblərinə  cavab  verən  qanun  və  normativlərin  fəaliyyətinə

obyektiv zərurət yaranır.

Bu gün Azərbaycan çox məsuliyyətli tarixi bir inkişaf  mərhələsini yaşayır. Cəmiyyətimiz, müasir elmi dildə

desək, yaranmış geopolitik şəraitdə mürəkkəb polibifurkasion vəziyyətə uyğun olaraq ardıcıl seçimlər etməli, çevik

və inadlı addımlar atmalıdır. O, “köhnə stabillik” halları əvəzləməli, dünyanın yenidən formaşlaşması müstəvisində,

qlobal  transformasiyalar  axarında  qarşıya  çıxan  problemləri  həll  etməli,  rasional  zəminlər  üzərində  yeniləşərək

Yeni Dünyanın layiqli “sakini” olmalıdır. Respublikanın geosiyasi cəhətdən mühüm yer tutması, enerji mənbələrinə

və  coğrafi  mühitinə  görə  zənginliyi,  etno-milli,  dini-mədəni  rəngarəngliyi,  Ermənistanla  uzunmüddətli  münaqişə

vəziyyətində  olması,  ərazilərinin  erməni  qəsbkarları tərəfindən  işğalı  aktual  problemləri  daha  da  dərinləşdirir  və

kəskinləşdirir. Bir sıra obyektiv və subyektiv, daxili və xarici səbəblər üzündən ictimai həyatın müxtəlif sahələrində

bəzi  çatışmamazlıqlar  özünü  göstərməkdədir.  İqtisadi  durumda,  sosial-mədəni  sahədə,  ictimai  şüurda  və  fərdi

psixologiyada  xoşagəlməz  təzahürlər  hiss  olunmaqdadır.  Başlıca  həqiqət  isə  ondan  ibarətdir  ki,  ölkə  yaşayıb,  öz

etibarlı  perspektivini  təmin  etmək  üçün  mütləq  zamanın  və  tarixi  dövrün  tələblərinə  cavab  verən  tərzdə

yeniləşməlidir. Layiqli mövcudluq ağıllı yeniləşməsindədir. Bu, dəfələrlə sübut olunmuş bir həqiqətdir.

Lakin  yeniləşmənin  nədən  ibarət  olması,  onun  necə  və  nə  cür  aparılması,  hansı  vasitələrdən  və  taktiki

gedişlərdən  istifadə  edilməsi,  kimlərlə  müttəfiqlik  edilməsi  məsələsi  özlüyündə  çox  problematikdir.

Problematikliyi,  subyektiv  amillərlə  yanaşı, obyektiv  səbəblər  də  bir  daha  ciddiləşdirir.  Belə  ki,  hər  bir  cəmiyyət

qlobal  sarsıntılar  və  keçid  dövrlərində  öz  təkamülündə,  obyektiv  olaraq,  müxtəlif  reallaşma  kanalları ilə  üzləşir.

Necə  deyərlər,  «imkanlar  diaqramması»  qarşısında  qalır.  «Hansı  yolu  getməliyəm?»  sualı  üzərində  düşünməyə

məcbur  olur.  Beləliklə,  müxtəlif  fəallıq  və  fəaliyyət  istiqamətləri,  cürbəcür  ideya-siyasi,  sosial-fəlsəfi

konsepsiyalara  meylli  cərəyanlar,  qruplar,  təşkilatlar,  şəxslər  meydana  çıxır.  Нər  birinin  də  öz  həqiqəti,  öz

məramnaməsi!

Fərqli  və  oxşar  cəhətlərindən,  bütün  ideya-siyasi  və  ictimai  mövqeyindən  asılı olmayaraq,  hər  bir  cərəyan,

partiya  və  birlik  siyasi  hakimiyyət  uğrunda  mübarizə  aparır  (ayrı-ayrı  istisnaları  nəzərə  almasaq),  deməli,

cəmiyyətin idarə olunmasına iddia edirlər.

Lakin bu idarəetmənin nədən ibarət olması, onun mahiyyəti, tələb və tələbatları, daşıyıcı ideya və prinsipləri,

müvafiq  meyar  və  qanunları,  bir  qayda  olaraq,  əksər  iddiaçıların  özü  üçün  də  qaranlıq  qalır.  Belə  durumu,

bütövlükdə, bizim cəmiyyətə də şamil etmək olar. Cəmiyyətin idarə olunmasına iddiaçıların çoxluğuna şübhə yeri

qalmadığı halda, müasir idarəetmə dünyagörüşünün və metodologiyasının məzmun- mahiyyəti haqda biliklər yetərli

deyil.  Ümumiyyətlə,  ictimai  şüurda  problemlə  bağlı  az-çox  qaneedici  təsəvvürlər,  anlayışlar  öz  yerini  çox  ləng

tutur.  Əslində,  məsələnin  zəruriliyi  ictimaiyyətin  diqqətinə  yetərincə  çatdırılmır  da,  hətta  elmi  ictimaiyyət

qarşısında, problem lazımi səviyyədə və bütün vacibliyi ilə qoyulmur.



Yeniləşən  dünyanın  tələblərinə  cavab  verən  və  milli  səciyyə  daşıyan  mükəmməl  elmi  idarəetmə

nəzəriyyəsinə  olan  ehtiyac,  demək  olar  ki,  daimidir.  Söhbət  elə  baxış  və  təsəvvürlər,  ideya  və  prinsiplər,  üsul  və

yanaşmalar, hətta leksika və prosedurlar sistemindən gedir ki, özlüyündə məhsuldar və yaradıcı olduğu üçün ictimai

praktikanın tələblərinə və cəmiyyətin mütərəqqi perspektivlərinə cavab versin. Bir həqiqətdir ki, belə gücə- qüdrətə

malik  nəzəri  sistem  yalnız  müvafiq  (adekvat)  epistemologiya  vasitəsilə  yaradıla  bilər.  Belə  ki,  idraki  silahın

(qnoseoloji  və  metodoloji  zəminlər,  aksioloji  məqamlar,  təfəkkür  üslubu,  düşüncə  refleksiyası  və  s)  özü  yeni,

innovativ,  yəni,  müasir  olmalıdır.  Necə  deyərlər,  köhnə  alətlərlə,  bütün  cəhdlərə  baxmayaraq,  müasir  gəmi  yox,

yalnız  ağacdan  qayıq  düzəltmək  mümkündür.  Fikrimcə,  Prezident  İlham  Əliyevin  uğurla  həyata  keçirdiyi  siyasi

kursun  başlıca  qayəsi  məhz  bundan  ibarətdir:  güclü  iqtisadiyyata  və  intellektə,  milli-mədəni  və  bəşəri  dəyərlərə

söykənən  məhsuldar  idarəetmə  vasitəsilə  Azərbaycanın  bugününü  və  gələcəyini  layiqincə  təmin  etmək,  ölkənin

qabaqcıllar sırasında yerini möhkəmləndirmək, nüfuzunu və sanbalını artırmaq.

Müasir  tələblərə  cavab  verən  idarəetmə  nəzəriyyəsinin  adekvat  epistemologiyası,  fikrimcə,  postneoklassik

epistemologiyadır  ki,  onun  da  nüvəsini  mürəkkəblik  fəlsəfəsi,  təfəkkür  üslubunu  isə  tənqidi-sinergetik  təfəkkür

təşkil  edir  (7,  s.34-47).  Postneoklassik  epistemologiya,  mürəkkəblik  fəlsəfəsi,  tənqidi-  sinergetik  təfəkkür  barədə

mən bir çox yazılarında ətraflı məlumat vermişəm. Hörmətli oxucular, məsələn, bu kitablara müraciət edə bilərlər:

“Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə” (1998), “Yeni iqtisadi təfəkkür və keçid dövrü” (2001),

“Демократия:  наличная  и  должная”  (2005),  “İdarəetmənin  sinergetik  fəlsəfəsi:  yeni  dialoq  naminə”  (2006),

“Философия  сложности»  (2007),  “Общество  и  государство”  (2007),  “Müasir  fəlsəfə,  elm  və  mədəniyyət:

postneoklassik epistemologiya” (2011), “Milli maraqlar və milli ideologiya” (2012).

Bir-birilə  sıx bağlı olan  və  bu  gün  əsas  tədqiqat  obyekti  kimi  cəmiyyəti,  qlobal  dünyanı seçən  kibernetika,

sistem  yanaşma,  mürəkkəb  sistemlər  nəzəriyyəsi,  sinergetika,  xaos  nəzəriyyəsi,  xüsusiyyətlər  və  fəlakətlər

nəzəriyyəsi,  yenidənqurmalar  nəzəriyyəsi,  fluktuasiyalar  və  bifurkasiyalar  nəzəriyyəsi,  qeyri-səlis  riyaziyyat  və

məntiq,  təkəmül  hesablamalar,  ehtimal  hesablamalar  kimi  elm  sahələri  postneoklassik  epistemologiyanın  idraki

arsenalını təşkil edirlər.  Ümumi bilgilər  sistemində  mötəbər  yer  tutaraq,  onlar  müasir  elmin  inkişafını təmin  edir,

deməli,  sosial  düşüncənin  və  ictimai  praktikanın  tələbatlarını ödəyirlər.  Danılmaz bir  faktdır  ki,  bu  gün  cəmiyyət

mürəkkəb  sistem  kimi  ayrı-ayrı  elmlər  tərəfindən  təhlil  olunur,  onun  təşkilinin  və  idarə  olunmasının  mümkün

variantları  araşdırılır,  sosial  inkişafın  müxtəlif  yolları  modelləşdirilir  və  «optimum»a  doğru  axtarışlarında

müəyyənlik əldə edilir. Bütün bu işlərin uğurlu gedişi və səmərəliliyi, yekunda yararlı məhsulun əldə edilməsi məhz

postneoklassik elmi düşüncə, qeyri-ənənəvi epistemologiya vasitəsilə mümkün olur.

Yeni  idarəetmə  nəzəriyyələrinin  əsasında,  tarixi  təcrübənin  nailiyyətləri  ilə  yanaşı,  yeni  (postneoklassik)

funksional elmi paradiqma dayanır. Bu funksional elmi paradiqmanın məntiqini, məzmununu, prinsipcə, yeni elmi

dəyərlər təşkil edir. Burada əhəmiyyət kəsb edən “köhnə” nəzəriyyə və konsepsiyalar da öz yerini və ifadəsini tapır.

Funksional  paraqdiqmada  riyazi  elmlərin,  təbiətşünaslığın  və  sosial  idrakın  nailiyyətləri,  qabarıq  xüsusiyyətləri,

sanki, üzvi vəhdət əldə edir, müxtəlif səpkili biliklərin simbiozu, sinergizmi baş  verir. Məhz bu zəmində ayrı-ayrı

sahələrə aid mürəkkəb sistemlərin idarəetmə prinsipləri, üsul və formaları tədqiq edilir. Mürəkkəb sosial və qlobal

sistemlər  də  bu  yönümdə  öyrənilir,  onların  idarəolunma  metodologiyası  işlənib  hazırlanır.  Qeyd  edim  ki,

postneoklassik  epistemoloji  sistem  özünəməxsus  formada  digər  işlək  epistemologiyaları  da  ehtiva  edir.  Mən  D.

Sempbell,  K.  Popper  və  St.  Tulminin  təkamül,  T.  Kunun  tarixi-təkamül,  J.  Piajenin  genetik,  M.  Polaninin

antropoloji,  C.  Floltonun  tematik,  U.  Kuaynın  naturallaşdırma  epistemologiyalarını,  həmçinin,  hipotek-deduktiv,

kumulyativ epistemologiyaları nəzərdə tuturam.

Postneoklassik epistemologiya, göstərdiyim epistemologiyaları ehtiva etsə də, onların “cəbri cəmi” deyil. O,

keyfiyyətcə  yeni  mahiyyətdir.  Belə  mahiyyət  ki,  birincisi,  göstərilən  epistemologiyalardan  fərqli  olan  başqa

epistemologiyalar  da  törədə  bilər,  yəni,  prinsipcə  evristik  və  öz-özündə  inkişaf  edəndir,  habelə,  həm  hazırda

mövcud  olanlara,  həm  də  gələcəkdə  mümkün  olunan  “hissə”lərə  münasibətdə  vahid  “tam”dır.  İkincisi,  intişar

mənbələrinə  və  təşəkkül  cərəyanına  görə  o,  ibtidaisindən  fənlərarası  səciyyədədir,  başqa  sözlə,  universaldır.

Üçüncüsü,  postneoklassik  epistemologiya,  təkcə  universallığına  deyil,  həm  də  idraki  konkretliyinə,

instrumentallığına və tolerantlığına görə daha praqmatik və məhsuldardır. Tolerantlıq dedikdə, ilk növbədə, obyekt

və  subyekt,  reallıq  və  təfəkkür  arasındakı  yaxından  razılaşmanı,  anlaşmanı  nəzərdə  tuturam.  O,  klassik  və

neoklassik epistemologiyalarla müqayisədə, gerçəkliyə çox-çox yaxındır.

Yeni  sosial  idarəetmə  epistemologiyasının  strukturunda  iki  prinsip  (özünütəşkilatlandırma  və  sinergizm)

xüsusi  yer  tutur.  Şübhəsiz,  özünütəşkilatlandırma  və  sinergizm  effektləri  sistemlərdə  monoprinsiplər  qismində

fəaliyyət göstərmirlər.

Onların mahiyyəti digər atributlarla birgə reallaşır. Burada biz superpozisiyaya qoşulma, kooperativ təsir və



əlaqə,  kogerentfnallıq,  fluktuasiyaların  və  bifurkasion  (polibifurkasion)  vəziyyətlərin  yaranması,  aktorların

funksional  rollarının  dəyişməsi  və  sairə  xüsusiyyətləri  nəzərə  almalıyıq.  Özünütəşkilatlandırma  və  sinergizm

effektlərini dərindən öyrənmək üçün məhz bu xüsusiyyətlərin hərtərəfli tədqiq edilməsi gərəklidir.

Bu  zərurətin  ödənilməsi  müvafiq  vəzifələri  də  qarşıya  qoyur:  mürəkkəb  sistemlər  nəzəriyyəsi  və  yeni

funksional  elmi  paradiqma  ilə  bağlı  mümkün  biliklərin  öyrənilməsi;  sosial  sistemlərdə  özünütəşkilatlandırmanın

tədqiqi;  kooperativ  mexanizmlərin  və  xüsusi  təkamül  «nöqtələrinin»  sosial  sistemlərin  inkişafında  rolunun

açıqlanması; sinergetik xassələrin sosial idarəetmədə yerinin və mahiyyətinin müəyyənləşməsi.

Pozitiv  özünütəşkilatlandırma,  özünüidarə  və  sinergetik  xüsusiyyətlər,  məlumdur  ki,  açıq  sistemlərdə

reallaşır.

Bu səbəbdən Azərbaycanda açıq cəmiyyətin qərarlaşma xüsusiyyətləri, prinsip və vasitələri, demokratiyanın

legitimləşməsi  və  konsolidasiyası,  vətəndaş  cəmiyyəti  və  hüquqi  dövlət  məsələləri,  ictimai  proseslərin  sərbəst

сərəyan  və  cəmiyyətdə  nizam  problemləri  də  bir  vəzifə  kimi  daha  dərindən  tədqiq  edilməlidir.  Müasir  idarəetmə

fəlsəfəsinə uyğun təfəkkür tərzinin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alsaq, müvafiq idarəetmə təfəkkür tipi

xüsusi  problem  kimi  öyrənilməlidir.  Mən  bu  təfəkkürü  tənqidi  sinergetik  təfəkkür  adlandırıram.  Bütövlükdə

götürdükdə,  problemlərin  hərtərəfli,  dolğun  araşdırılması  ümumi  bir  işdir  və  ümidvar  olmaq  istərdim  ki,  elmi

ictimaiyyətimiz onlara xüsusi diqqət  yetirəcək. Vacibdir ki, müasir elmi  paradiqmanın  formalaşmasında  müstəsna

xidmətləri olmuş görkəmli alimlərin baxışları, nəzəriyyələri dərindən öyrənilsin və gənc nəslə çatdırılsın.

Bilavasitə özünütəşkilatlandırma və sinergizm ilə əlaqədar yazılar, demək olar ki, azdır. Mövzunun ayrı-ayrı

aspektlərini  işıqlandıran  yazılara  daha  çox  son  onilliklərdə  rast  gəlirik.  Müəlliflərin  əksəriyyəti  təbiətşünaslıq  və

riyazi elmlər sahəsində çalışanlardır; sosial sistemlərin idarə olunmasında sinergizmin və özünütəşkilatlandırmanın

rolu onlar tərəfindən əsasən bir ideya kimi verilir.

Düzdür,  bəziləri  sinergizmin  dünyagörüşü  əhəmiyyətini  daha  geniş  əhatəli  verməyə  çalışıblar.  Bir  sıra

əsərlərdə  isə  özünütəşkilatlandırma  və  sinergizm  xüsusiyyətləri  bilavasitə  «mürəkkəblik»  fenomeni  kontekstində

araşdırılır.  Sosial  sistemlərin  təkamülündə  mühüm  rol  oynayan  «xaos»larla  bağlı  da  bir  sıra  diqqəti  cəlb  edən

əsərlər  yazılmışdır.  Bu  əsərlərdə  xaosun  yeni  nəzəriyyəsi  verilmiş,  sistemlərin  qeyri-tarazlığında  və  yaxud

dayanıqlığında  xaosun rolu açıqlanmışdır.  Bütün mürəkkəb sistemlər üçün səciyyəvi olan böhranlı hallara dair  də

bir neçə sanballı əsərlər yazılmışdır. Böhranların, qeyri-stabilliyin, xaos vəziyyətlərinin öyrənilməsi və idarəetmədə

qeyri-xətti  metodların  mənimsənilməsi,  qeyri-ənənəvi  metodologiyaların  işlənib  hazırlanması,  həm  müasir  elmi

idrak sərhədlərinin əsaslı surətdə genişlənməsi, həm də qlobal evolyusionizmin və yaranmış indiki bəşəri böhranın,

geopolitik  durumun  tədqiqi  nöqteyi-nəzərindən  çox  əhəmiyyətlidir.  Ən  başlıcası,  indiki  qorxulu  zəmanədə  bu

biliklər  Azərbaycanın  “idarəolunan  xaos”  nəzəriyyəsinin  məkrli  qüvvələr  tərəfindən  ölkəmizə  qarşı

reallaşdırılmasından qorunması üçün lazımdır.

Özünütəşkil və sinergizmə diqqəti yönəldərək, heç də son həqiqətlərin yalnız bu məfhumlarda cəmləşdiyini

düşünmürəm,  xüsusən  də  cəmiyyətlərin,  geopolitik  durumun  yenidən  formatlaşması  kimi  məsələlərdə!

Ümumiyyətlə,  hansısa  monometodologiya  tərəfdarı deyiləm.  Dünyanın, həyatın  özü  də  «mono»nu  qəbul  etmir  və

onun qanunları ilə yaşamaq istəmir, baxmayaraq ki, bu qüsurlu mövqe tarix boyu bəşəri gedişatı müşayiət etmişdir.

Bəlkə  də,  ona  görə  vaxtaşırı  despotiyalar  meydana  çıxmış,  yarışma  -  vuruşmaya,  rəqabət  amansızcasına

təkzibetməyə, qarşılıqlı məhvetmə cəhdinə çevrilmişdir. Həmrəylik, qardaşlıq şüarları altında gilyotinlər qurulmuş,

başlar  kəsilmiş,  çıxış  yolu  kimi  isə  hökmən  bir  «filrer»in,  «fövqalədə  insan»ın  ətrafında  sıx  birləşmək

göstərilmişdir. Belə gedişlə də xalqlar yaşamaq naminə elə hey dahilərin gəlişini gözləmişlər. Bu yerdə canlı klassik

Lütfi  Ə.  Zadənin  bir  fikrini  xatırlatmaq  istərdim:  «Мəncə,  rəqabət  deyil,  kooperasiya  vasitəsilə  hər  hansı  bir

metodologiyanın üstünlüyünün təsdiqi və ya təkzibindən danışmaq olar» (6, s.3). Yaxşı metodologiyanın üstünlüyü

müxtəlif  metodologiyalar koalisiyasında  və ya konsorsiumunda üzə çıxır.  Yaxşılıq da xeyli dərəcədə  birgəyaşayış

mədəniyyətinə riayət etməklə reallaşır!

Sinergetik fəlsəfəyə əsaslanan və sağlam birgəyaşayışı təmin edən idarəetmədə insan «Mən»i öndə tutulur və

tam  dolğunluğu  ilə  ifadə  olunur.  Yalnız  belə  halda  demokratiyanın  mümkünlüyündən  danışmaq  olar  və  xalq

hakimiyyətin  mənbəyi  kimi  çıxış  edə  bilər.  Burada  başlıca  cəhətlərdən  biri  odur  ki,  enerji  və  güc  mənbəyi  kimi

maddi olan yox, ideal olan (ruh, şüur, təfəkkür, intellekt) götürülür və bu mənbə cəmiyyətin əsas məhsuldar qüvvəsi

rolunu oynayır.

Maddi  nemətlərin  qıtlığından  və  yaxud  tükənməsindən  yaranan  məhdudiyyətlər  dəf  olunur,  milli  inkişaf  və

ictimai  tərəqqi  bilavasitə  maddi  sərvətlər  amilinə  bağlanmır,  çünki  intellektual  istehsal  və  istehlak  vektoru

cəmiyyətdə  aparıcılıq  təşkil  edir,  insanların  yaradıcılıq  qabiliyyətlərinin  və  onların  təşəbbüskarlığının  tam  yeni

səviyyədə reallaşması üçün geniş imkanlar açılır.  İnsan hüquq və azadlıqlarının həqiqi mənada təmin olunması da



elə  ilk  növbədə  bundan  asılıdır.  Söz  və  fikir  azadlığı  eqoistik  motivlərdən  doğan  və  subyektiv  istəkləri  ödəyən

fenomen kimi yox, dərin ictimai məna daşıyan və tərəqqiyə xidmət edən dəyər qismində gerçəkləşir.

Mürəkkəblik  haqqında  təsəvvürlərin  dəyişməsində  iki  fənnin  xüsusi  rolu  olmuşdur.  Bunlardan  birincisi

qeyri-tarazlıq vəziyyətlərinin fizikası, ikincisi - dinamik sistemlərin müasir nəzəriyyəsidir. Birincidə ən gözlənilməz

nəticələrdən biri tarazlıq vəziyyətindən güclü uzaqlaşma şəraitində yeni fundamental xassələrin kəşfi, ikincidə isə,

aparıcı ideya  qeyri-dayanıqlığın  sistemlərin  təkamülündə  mühüm  yer  tutması ilə  bağlı  idi.  Bu  iki  zəmin  bir  sıra

gözlənilməz  qanunauyğunluqların, irimiqyaslı fluktuasiyaların,  bifurkasiya  silsilələrinin,  qeyri-xətti  determinasiya

əlaqələrinin,  dinamik  xaos  hallarının  və  s.  tam  yeni  səviyyədən  dərk  olunmasına  yol  açdı (2).  Hələ  XIX  əsrdə,

Furye  və  Klauzisin  əsərlərindən  başlayaraq,  maraq  doğurmuş  dissipativ  sistemlər  barədə  təsəvvürlər  sıçrayışlı

qaydada  yeniləşdi,  belçikalı  alim  İlya  Priqojin  geridönməz  proseslərin  sirlərinə  varan  dissipativ  sistemlər

nəzəriyyəsini irəli sürdü. Ənənəvi təsəvvürlərin sərhədlərini ciddi surətdə genişləndirən, hətta  çox  anlarda  klassik

elmi prinsipləri şübhə altına alan bu nəzəriyyənin nəticələri elə İ. Priqojinin özü və başqaları tərəfindən qeyri-fiziki

obyektlərə  də  şamil  olunmağa  başladı.  Alman  fiziki  German  Hakenin  sinergetikası ilə  birgə  dissipativ  sistemlər

nəzəriyyəsi  bioloji  və  sosiohumanitar  obyektlərin  tədqiqində  idraki  fəzanı  xeyli  yeniləndirdi.  Artıq  riyazi  elmlər

sahəsində  əsaslı  dərəcədə  işlənilmiş  bifurkasiya  nəzəriyyəsi  bu  idraki  fəzanın  təsiri  altında  sosial  və  bioloji

sistemlərin  tədqiqi  nöqteyi-nəzərindən  tam  yeni  dəyər  qazanmağa  başladı.  Biososial  sistemlərin  təkamülündə

obyektiv  olaraq  yaranan  xüsusi  «nöqtələr»,  böhranlı  vəziyyətlər  bifurkasiya  nəzəriyyəsi  prizmasından  tədqiqat

predmetinə  çevrildilər;  simmetriya  və  asimmetriya,  dayanıqlıq,  nizam  və  korrelyasiya,  ehtimal  və  təsadüf,  hətta

zaman  və  məkan  məsələləri  yenidən  nəzərdən  keçirildi.  Tədqiqat  dalğası  kritik  halların,  sistemlərin

təşkilatlanmasında  və  davranışında  təkamülü  parametrlərin  mahiyyətinə  dair  yeni  biliklərin  formalaşmasını

stimullaşdırdı, kritik hadisələrin müasir nəzəriyyəsi meydana çıxdı, xaosların roluna dair baxışlardan uzaqlaşma baş

verdi,  ehtimal  nəzəriyyəsinin  müxtəlif  təbiətli  mürəkkəb  sistemlərin  mövcudluğu  və  fəaliyyəti  ilə  əlaqədar

hüdudları  genişləndi,  lazerlər  və  bərk  cisimlər  fizikasından,  kimya  və  meteorologiyadan  tutmuş  bioloji,  ekoloji,

psixoloji  inkişaf  modelləri  də  daxil  qeyri-xətti  mürəkkəb  proseslərin  dinamikasının  daha  dolğun  izahı məqsədilə

fəlakətlər nəzəriyyəsi təşəkkül tapıb formalaşdı.

Bir  sözlə,  yeni  elmi  dünyagörüşünə  nəfəs  və  qida  verən  fundamental  əsaslar,  nəzəriyyə  və  ideyalar  bazisi

yarandı  ki,  yeni  funksional  elmi  paradiqmanın  qərarlaşması  obyektiv  zərurət  xarakteri  aldı.  Həqiqət  naminə

deməliyəm  ki,  bu  obyektiv  zərurət  yalnız  təbiət  elmlərinin  və  riyaziyyatın  inkişafı  ilə  şərtlənmir.  Funksional

(postneoklassik)  elmi  paradiqmanın  qərarlaşmasında  sosiohumanitar  elmlərin  də  rolu  əhəmiyyətli  olmuşdur.

Xüsusən XX əsrin ikinci onilliyindən başlayaraq görkəmli sosioloq, psixoloq, filosof və politoloqların  yaradıcılıq

istiqaməti,  necə  deyərlər,  «sinergetik  anlama»  tuşlanmışdır.  İnsan  fenomeninin  açıqlanmasında,  eəmiyyətin

təhlilində, sosial və psixoloji proseslərin şərhində bu və ya digər formada sinergizmə yönüm özünü göstərirdi.

Cəmiyyət və insanın şərhində sinergetik anlama doğru gedişatda L.Dyüqi, C.P. Sartr, B.Kroçe, N.Losskiy,

İ.  Şmalhauzen,  K.  Popper,  E.Fromm,  A.Adler,  H.  Markuze,  Y.  Habermas,  V.  Frankl,  Ü.  Bakli,  A.Şeroziya,  E.

Dyürkheym,  V.  Vemadski  kimi  alimlərin  adını çəkmək  olar.  Ümumən,  müasir  funksional  elmi  paradiqmanın  və

təfəkkür tərzinin formalaşmasında texnokratik biliklər sisteminin təsiri daha önəmli olmuşdur. Texnokratik biliklər

sistemi, yeni paradiqmanın qərarlaşmasını müəyyən etməklə yanaşı, sosial idrakın özünü köklü yeniləşmə zərurəti

qarşısında qoymuşdur. Söhbət heç də bəsit mənada sosial idrakın və sosiohumanitar fənlərin «fizikalizasiya»sından

getmir.  Məsələnin  məğzi  kəşf  olunmuş  yeni  ümumelmi  qanunauyğunluqların,  universal  prinsip  və  anlayışların

sosial  idrakda,  cəmiyyətşünaslıqda  və  insanşünaslıqda  qərarlaşmasındadır.  Bir  sözlə,  söhbət  ümumelmi

epistemologiyadan və vahid elmi dünyagörüşündən gedir.

Sadəcə, bir çox universal xarakterli qanunauyğunluqlar və prinsiplər ilkin etiraflarını fiziki-kimyəvi və riyazi

fənlər  sahəsində  tapıblar.  Həqiqətən  də,  mürəkkəb  sistemlərdə  mikroskopik  elementlərin  qeyri-xətti  əlaqəsi

nəticəsində  müxtəlif  makroskopik  hadisələrin  yaranma  prosesinin  və  bir  sıra  digər  halların  izahı  ilkin  olaraq

fiziki-kimyəvi və riyazi elmlər tərəfindən daha dəqiqliklə verilib, müəyyən yeni prinsiplər əsaslandırılmış qaydada

irəli sürülüb.

Ümumiyyətlə,  tarix  boyu  sosiohumanitar  elmlər  öz  üzərlərində  fiziki  nəzəriyyələrin,  texniki-riyazi,

fiziki-kimyəvi  biliklərin  təsirini  hiss  ediblər.  Mexanikanın  hökmranlığı  dövründə  Tomas  Hobbs  dövləti  maşına

(«Leviafan»)  bənzədirdi  ki,  bu  maşının  ünsürləri  rolunda  vətəndaşlar  çıxış  edirdi.  Lametri  insan  qəlbini  avtomatı

fəaliyyətə  gətirən  qüvvəyə  oxşadırdı.  Adam  Smit  bazar  mexanizmini  Nyutonun  ümumdünya  cazibə  qüvvəsinə

bənzər «görünməz qüvvə» ilə izah edirdi.

Əsrlər  boyu  bütün  elm  sahələrində  səbəbiyyət  məsələsi  klassik  mexanikanın  deterministikası prizmasından

şərh  olunurdu  ki,  burada  da  Qaliley-Laplas  determinasiya  əlaqələri  aparıcılıq  təşkil  edirdi.  Klassik  mexanikada



səbəbiyyət  Nyutonun  və  yaxud  Hamiltonun  hərəkət  tənlikləri  mənasında  deterministikdir,  sistemlər  isə  bir  qayda

olaraq konservativdirlər. Bəzən, haqlı olaraq, konservativ sistemlərə inteqrallaşan  sistemlər də deyirlər. Bunun  da

başlıca  mənası  ondadır  ki,  sistemin  ilkin  verilmiş  göstəricilərindən  çıxış  edərək  onun  gələcək  hərəkətini,  yəni,

vəziyyətini  əvvəlcədən  hesablamaq  (öncəgörmək)  mümkündür.  Konservativ  (inteqrallaşan)  sistemlər  zamana

nəzərən  dönümlülüklə  (yəni  simmetriya,  yaxud  invariantlıqla)  və  enerjinin  saxlanılması ilə  xarakterizə  olunurlar.

Səma mexanikasından tutmuş  biososial obyektlərə qədər məhz bu təsəvvürlər hakim baxışlar toplusunu. mülahizə

əsaslarını təşkil edirdi.

Təbiətin  özü  nəhəng  konservativ  deterministik  sistem  kimi  öyrənilirdi  ki,  ilkin  (başlanğıc)  şərtlər  dəqiq

məlum  olduğu  halda  həm  keçmiş  zamanda,  həm  də  gələcəkdə  hadisələr  müəyyənliyini  əldə  etmək  mümkün  idi

(«Laplas demonu»).

Anri Puankare ilkin şəxslərdən idi ki, bu fövqəladə mümkünlüyü şübhə altına alır (1, s.21). O, anlayırki, hətta

səma  mexanikası,  saat  mexanizmi  kimi,  bütünlüklə  «hesablanan»  sistem  deyil.  Planetlərin,  ulduzların  və  səma

cisimlərinin  səbəb-nəticə  əlaqələri  о  mənada  qeyri-xətti  və  inteqrallaşmadan  uzaqdır  ki,  bu  qarşılıqlı  əlaqə

nəticəsində  xaotik  trayektoriyalar  yarana  bilər  («üç  cisim  məsələsi»ndə  olduğu  kimi).  Puankarenin  kəşfindən

təxminən  altmış  il  sonra  istedadlı  riyaziyyatçılar  A.N.  Kolmoqorov  (1954),  V.İ  Arnold  (1963)  və  Y.K.  Mozer

sonralar  KAM-  teorem  adlanan  teoremi  isbat  edirlər:  klassik  mexanikanın  keçidlər  fəzasında  trayektoriyalar  nə

müntəzəm, nə də tam qeyri-müntəzəmdir və başlanğıc  vəziyyətlərin seçiminə çox həssasdırlar; kiçik fluktuasiyalar

da xaotik rejimlər doğura bilər («kəpənək effekti»).

Beləliklə, müasir elmi anlamın və nəzəriyyələrin mərkəzi bir sütunu formalaşırdı: qeyri-tarazlıq şəraitlərinin

axtarışı  və  qeyri-xətti  dinamikanın  sirlərinə  varmaq;  konservativ  sistemlər  «məntiqindən»  kənara  çıxmaq  və

geridönməməzlik, ehtimali, emercent xüsusiyyətləri ilə, qeyri-dizyünktiv səbəbiyyət əlaqələrilə şərtlənən dissipativ

(açıq) sistemlər «məntiqinə» yiyələnmək.

Yeni paradiqmanın mərkəzi daşıyıcılarından olan bu sütunun qərarlaşmasında İ. Priqojinin, İ. Stengersin, G.

Hakenin və digər tədqiqatçıların (Mesaroviç М., Takaxara Y., Nikolis Q., Feygenbaum М., Forrester С., Eygen М.,

Ebelinq V. və başqaları) rolu danılmazdır.

Funksional  paradiqmada  mühüm  yer  tutan  daşıyıcılardan  biri  də  kvant  mexanikasının  irəli  sürdüyü

qeyri-müəyyənlik  prinsipi  olmuşdur.  V.  Heyzenberq  tərəfindən  formula  edilmiş  bu  prinsip,  N.  Borun  tamamlıq

prinsipi ilə birgə, hazırda müasir elmin tədqiqat obyekti olan müxtəlif təbiətli sistemlərin öyrənilməsində universal

vasitədir.  Нər  iki  prinsip  (neoklassik  töhfələr  olsalar  da!)  postneoklassik  elmdə  -  sosial,  iqtisadi,  ekoloji,  bioloji,

qlobal proseslərin tədqiqində, proqnozlaşmasında müstəsna əhəmiyyət kəsb edirlər.

V.  Heyzenberqin  qeyri-müəyyənlik  prinsipinə  görə,  hansı  dəqiqliklə  impulsu  (deməli,  həm  də  sürəti)

müəyyənləşdirmək  mümkün  olursa,  bir  о  qədər  do  koordinatın  müəyyənləşdirilməsində  qeyri-dəqiqlik  alınır.

Mikroobyektlərin  ziddiyyətli,  konuskulyar-dalğa  (dualizmi)  təbiəti  səbəbindən  eyni  vaxtda  koordinatının  və

impulsunun  dürüst  müəyyən  edilməsinin  mümkün  olmadığı  aşkarlanır.  Mikroelementin  koordinatının

qeyri-müəyyənliyi nə qədər azdırsa, onun impulsunun qeyri-müəyyənliyi bir о qədər çox olur və əksinə.

Buna bənzər nisbət müəyyən zaman anında zərrəciyin enerjisinin təyinində də mövcuddur. V. Heyzenberqin

qeyri-müəyyənlik prinsipi ilə N. Borun tamamlıq prinsipi, mahiyyətcə, bir-birini doğuran qanunauyğunluqlardır (1,

s.22-23).

Bu  prinsiplərin  tətbiqi  yalnız  nəzəri  baxımdan  əhəmiyyətli  deyil,  artıq çoxdan  onlar  öz  praktiki  dəyərlərini

sübut  ediblər.  Məsələn,  Core  Soros  dəfələrlə  öz  əsərlərində  qeyri-müəyyənlik  prinsipinin  müasir  sosial-  siyasi  və

iqtisadi fəaliyyətdə rolunu qeyd edib. «Maliyyənin alkimyası» kitabında  özünün investisiyalar nəzəriyyəsini verən

C. Soros, başlıca  zəminlərdən biri kimi məhz qeyri-müəyyənlik prinsipini götürüb. Müəllimi olmuş  Karl Popperin

fəlsəfi baxışlarından, ilk növbədə, onun açıq  cəmiyyət konsepsiyasından bəhrələnən C. Soros, mürəkkəb sistemlər

nəzəriyyəsindən irəli gələn ideyaları inkişaf etdirir və qeyri-müəyyənlik prinsipinin mahiyyətini dərindən anlayaraq,

orijinal refleksivilik nəzəriyyəsini yaradır (8). Bu nəzəriyyə  inkişaf  edən  iqtisadi  sistemin,  bazar  münasibətlərinin

dərk  olunması  üçün  böyük  faydaya  malikdir.  Soros  klassik  iqtisadi  nəzəriyyəni  fundamental  tərzdə  yenidən

baxışdan  keçirir,  qeyri-müəyyənliyin  xüsusi  elementlərini  dövriyyəyə  daxil  edir,  bazar  iştirakçılarının

məqsəd-niyyətləri  ilə  onların  fəaliyyətlərinin  real  nəticələri  arasında  yaranan  fərqlənməni  aşkarlayır  və  onun

mahiyyətini  göstərir.  Onun  fikrincə,  bu  fərqlənmə  ümumilikdə  tarixi  proseslərin  və,  xüsusi  halda,  maliyyə

bazarlarının dərk olunması üçün bir açardır.

Ümumən  qəbul  olunmuş  nöqteyi-nəzərə  görə,  maliyyə  bazarları  tarazlıq  vəziyyətində  olurlar.  Bu  baxış,

Sorosa  görə,  Nyutonun  fizikasından  qidalanan  səhv  analogiyaya  əsaslanır.  O,  tam  başqa  mövqedən  çıxış  edir  -

maliyyə  bazarlarının  qeyri-tarazlıq  vəziyyətində  olmasından.  Maliyyə  bazarlarının  qeyri-tarazlığı  iştirakçıların



təsəvvürləri  və  hadisələrin  real  gedişi arasında  baş  verən  fərqlənmə  ilə  xarakterizə  olunur.  Bəzən  bu  fərqlənməni

nəzərə  almamaq  olar,  lakin  elə  hallarla  rastlaşırıq  ki,  onu  nəzərə  almadan  hadisələri  anlamaq  mümkün  deyil.

Hadisələrdə  iştirakçılar  hərəkət  etdikdə,  tədqiqat  predmeti  artıq  faktlarla  məhdudlaşmır,  o,  həm  də  iştirakçıların

nəyi və necə qavramasını ehtiva edir. Səbəb-nəticə əlaqələri  birbaşa  faktdan fakta doğru aparmır, bağlılıq faktdan

qavrayışa və qavrayışdan fakta keçməklə reallaşır. Bu, dəfolunmaz çətinliklər yaratmazdı, əgər faktlarla qavrayışlar

arasında  hansısa  uyğunluq,  yaxud  ekvivalentlik  olardısa.  Təəssüf  ki,  bu,  mümkün  deyil,  çünki  iştirakçıların

qavrayışı faktlarla  yox,  situasiya  ilə  nisbətdə  olur,  о  isə,  onların  şəxsi  qavrayışlarından  asılıdır  və  beləliklə,  fakt

kimi şərh oluna bilməz.

“İqtisadi nəzəriyyə, rasional davranış haqqında güman daxil etməklə, bu sualdan yan keçmək istəyir. Hesab

olunur ki, insanlar mümkün alternativlərdən ən yaxşısını seçərək hərəkət edirlər. Ancaq altemativlərin qavranılması

ilə  faktlar  arasındakı fərqlər  nədənsə  nəzərə  alınmır.  Nəticədə  eleqant  nəzəri  konstruksiya  ortaya  çıxır  ki,  təbiət

elmlərini xatırladır, ancaq reallığı əks etdirmir.

O,  iştirakçıların  kamil  bilik  əsasında  davrandıqları ideal  dünyaya  aiddir  və  nəzəri  tarazlığa  gətirib  çıxarır,

burada isə resursların bölgüsü optimal olur. O, real dünyayla yalnız zəif  münasibətdə olur. Real dünyada insanlar

qeyri-kamil anlam əsasında davranırlar, tarazlıq isə əlçatmazdır»” (8, s.20).

Yalnız  dövrün  tələblərinə,  gerçəkliyə  adekvat  olan  təfəkkür  vasitəsilə  insan  mövcud  olanı  dərk  etməklə

yanaşı, “nə baş verə bilər?” sualı ətrafında düşünə bilər. Nəyin necə yaranması, əvvəlcədən məlum olmayan hansı

hadisənin  baş  verməsi  məsələsi  pandeterminizm  və  mütləq  müəyyənlik  prinsiplərinin  imkanları  daxilində  həll

olunmur, daha doğrusu - qeyri-mümkündür. Müxtəlif təbiətli qlobal, sosial, siyasi, iqtisadi sistemlərin təkamülünü

bu  prinsiplərdən  çox,  digər  qanunauyğunluqlar,  ehtimali,  emercent,  qeyri-müəyyənlik  effektləri  xarakterizə  edir.

Ümumiyyətlə,  о  hadisələri  dəyişikliklər  adlandırmaq  olar  ki,  onların  baş  verməsini  mövcud  biliklər  əsasında

əvvəlcədən  dəqiqliklə  söyləmək  mümkün  deyil.  Dəyişikliklərə,  həqiqi  yeniliklərə  yol  alternativlərdən  keçir.

Dəyişiklik  «imkanlar  diaqramması»  təsiri  altında  baş  verir,  sistemlər  isə  öz  mövcudluqları naminə  ardıcıl olaraq

seçim  qarşısında  qalırlar.  Və  heç  də  seçim  məsələsi  ənənəvi  səbəbiyyət  prinsipi  əsasında  həyata  keçmir.  Klassik

deterministika burada gücsüzdür.

Gördüyümüz  kimi,  müasir  dünya  yeni  elmi  təsəvvürlər,  baxışlar  və  nəzəriyyələr  dalğasının  təsiri  altında

yaşayır.  Bu  gün  yeni,  inqilabi  mahiyyətli  elmi  təsəvvürlər  artıq  riyazi-fiziki,  kimyəvi  fənlərin  hüdudlarını  aşaraq

ictimai həyatın digər sahələrində özlərini göstərməkdədir.

Belə  olduqda,  sosiohumanitar  elmlərdə  idraki  fəzanın  yeniləşməsi  zərurətini  dərk  etmək  о  qədər  də  çətin

deyil.  Azərbaycanda  sosial  idrakın  müasirləşməsi,  funksional  elmi  paradiqmaya  müvafiqliyi  elmi  ictimaiyyətimiz

qarşısında  mühüm  bir  məsələ  kimi  dayanır.  Bu  da,  ən  azı,  zəruri  anlayışların  və  prinsiplərin  sosiohumanitar,

politoloji  və  iqtisadi  elmlər  sahəsində,  təfəkkürdə  qərarlaşmasını  tələb  edir.  Bu  gün  mürəkkəb  polibufurkasion

vəziyyətdə ölüm-dirim mübarizəsi aparan, yeni struktur-funksional səviyyəyə yüksəlmək üçün çalışan cəmiyyətimiz

özü bu sifarişi veribdir. Sadəcə, verilmiş sifarişə müvafiq olaraq geniş əhatəli, ciddi, sistemli tədbirlər görülməlidir.

İnsana  və  cəmiyyətə  məxsus  məhsuldar  fəaliyyət  nəzəri  əsassız  olmur.  Нər  bir  insani,  ictimai  fəaliyyətin

əsasında ideya, fikir, mülahizə, əqlinəticə, təfəkkür dayanır. Kortəbii davranış, ideya-nəzəri əsası olmayan fəaliyyət

insana  yox,  başqa  canlılara  xasdır.  İnsan  fəaliyyəti  -  fikrin  övladıdır.  İndiki  sosial-siyasi,  iqtisadi,  beynəlxalq

vəziyyəti, ictimai prosesləri və dünyanın inkişaf dialektikasını təhlil edib anlamaq üçün, cəmiyyətə və dövlətə ziyan

verə biləcək hadisələrin qarşısını almaq və işləri düzgün məcraya yönəltmək məqsədilə müasir sosial idraka, müasir

təfəkkür  tərzinə  yiyələnmək  vacibdir.  Müasir  fizikanın  problemlərini  klassik  fizikanın  riyazi  aparatı,  məntiqi  və

prinsipləri  çərçivəsində  həll  etmək  mümkün  olmadığı  kimi,  müasir  cəmiyyəti,  sosial-siyasi  həyatı,  geopolitik

durumu yalnız köhnə idraki vasitələrə, ənənəvi təfəkkürə, üsul və vərdişlərə arxalanmaqla təhlil edib mənimsəmək

qeyri-mümkündiir.  Azərbaycanın  hüquqi  dövlət,  vətəndaş  cəmiyyəti  və  sərbəst  bazar  iqtisadiyyatı  istiqamətində

inkişafı açıq cəmiyyət tələblərini ödəməklə mümkündür.

Onun  reallaşmasında  isə  özünüidarə,  özünütənzimləmə,  özünütəşkilatlandırma,  tolerantlıq  və  sinergizm

effektləri mühüm əhəmiyyət kəsb edir. Bu effektlərin ödənilməsi müasir elmi paradiqmadan kənarda mümkün deyil.

Müasir idarəetmə nəzəriyyəsinin məğzini, J.-J.

Russonun  fikrincə  desək,  «insan  olmaq  elmi»  təşkil  etməlidir.  Belə  olduqda,  özünütəşkil  və  sinergizm

effektləri  pozitiv  məna  daşıyar,  milli  maraqlara  xidmət  edər,  deməli,  xalq  mənafeyi  ifadə  olunar  və  həqiqi

demokratiya reallaşar. Demokratiya - xalqın, bütün sosial qrupların mənafelərinə xidmət edən sinergizmdir, elə bir

birgəyaşayış mədəniyyətidir  ki,  fərdin  özünütəsdiqinə  şərait  olur  və  şəxsiyyətin  ləyaqətinə  hörmət  edilir.  Dövləti

idarəetmənin  ali  məqsədi  şəxsiyyətin  şərəf  və  ləyaqətinin  qorunmasından,  onun  həyatının  mühafizəsindən,

vətəndaşların əminamanlıqda  yaşamasını təmin  etməkdən  ibarətdir.  İdarəetmə  humanistik,  mənəvi-mədəni  tutuma



malik olmalıdır!

ƏDƏBİYYAT:

1. Abbasov Ə.F. İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə. Bakı: “MBM”. 2006.

2. Аббасов А.Ф. Философия сложности. Баку: «МВМ». 2007.

3. Adıgözəlov  Каmal.  Azərbaycan-Aİ:  strateji  əməkdaşlığın  yeni  modelinə  doğru  //  “Yeni  Azərbaycan”

qəzeti. 04 iyun 2014-cü il.

4. Гегель Г.В.Ф. Философия права. М.: Мысль, 1990.

5. Гегель Г.В.Ф. Философия истории. M.-JL, 1035.

6. Əliyev R.Ə., Əliyev R.R. Soft Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Bakı: Çaşıoğlu, 2004.

7. Müasir fəlsəfə, elm və mədəniyyət: postneoklassik epistemologiya. Bakı: “Təknur”. 2011.

8. Сорос Дж. Алхимия финансов. Рынок: как читать его мысли. Москва: ИНФРА-М. 1999.



Yüklə 129,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə