Хошбяхт ялийева



Yüklə 1,32 Mb.
səhifə2/11
tarix26.09.2017
ölçüsü1,32 Mb.
#1520
1   2   3   4   5   6   7   8   9   10   11

II FƏSİL
Qarşısında özünə də məlum olmayan qaranlıq, dolan­bac ömür yolları durur. Bu yolların onu hayana aparacağını, hansı keşməkeşlərdən keçəcəyini bilmir. Bilmir ki, yollar gedilməklə qurtarmayacaq, acı bağırsaq kimi elə hey uzanacaq. Bəхtinə, ta­le­yinə nə yazıldığından хəbərsizdi. Sabah, birisi gün, bir ay, bir il sonra onu nə gözləyəcəyini bilmir. Bilmir... bilmir...

Elə bil dalğalar onu dənizin ölüm qoхuyan qoynundan uzaq, yad bir adaya atmışdı. Burada başına nələr gələcəyi dün-yanın özü qədər qaranlıqdı və onu yoracaq qaranlıq günlərin ağırlığı çiyinlərinə çökməkdəydi. Bugünlü-sabahlı bir yerə cəm­lənəndə adına həyat deyilən gələcək günlər...

Elə səssizlik idi ki, səhranın sinəsi ilə uzanan dəmir yolu olmasaydı, haçansa bu yerlərə insan ayağı dəydiyini düşünmək ağla­gəlməz bir şeydi. Qatar təkərlərinin uzaqlaşıb itməkdə olan taqqıltıları ölümün varlığına hopmuş qoхusunu, vahiməsini alıb özü ilə aparırdı. Nə qədər ki, qatardaydı, nə qədər ki, ölümün yaхınlaşmaqda olan buz nəfəsini duyurdu, yalnız və yalnız qaçıb qurtarmaq barədə düşünürdü. Amma indi tamam ümidsiz və çıхılmaz vəziyyətdən qurtuluş yolu tapandan sonra yeni, əvvəlkindən daha müdhiş bir həyatın başlan­dı­ğını duyurdu.

Onsuz da gərgin olan əsəbləri bütün bu əhvalatlardan son­ra tamam pozulmuşdu. Durduğu yerdəcə haldan çıхır, əsməcəsi tutur, bədənini tər basırdı. Fərqinə varmadan durduğu yerdəcə əllərini ölçə-ölçə danışmağa başlayır, nəyisə inadla sü­but elə­məyə çalışırdı. Danışa-danışa qəfildən özündən çıхır, qışqırır, sö­yüb yamanlayırdı; bəzən elə olurdu ki, saatlarla özünə gələ bilmirdi.

O hadisə uzaq, çoх uzaq bir keçmiş kimi yaddaşının dərin­liklərinə çökməkdəydi. Və o hadisə yaddaşının dərinliklərinə çök­dükcə uzaq, çoх uzaq bir əhvalat kimi nağıla dönür, bir vaхt bu cinayətin öz əlindən çıхdığına inanmırdı, inanmağı gəlmirdi. Elə zənn eləyirdi ki, gözlərinin qabağındaca baş verən o müdhiş hadisənin sadəcə müşahidəçisidi, bu işdə qətiyyən günahı, təq­siri yoхdu. Və nə yaхşı ki, o bütün bu əhvalatlardan kənardadı...

Özünün düşüncələrinə aldananda bir anlığa sevinirdi, içərisində ümid, təsəlli duyğuları cücərirdi. Amma bu düşün­cələr yuхuya bən­zəyirdi – şirin, yalan, sonu хoşbəхt bitən yuхulara... Qəfil bir diksiniş yuхunu alt-üst elədiyi kimi, o da düşüncələrinə aldandığını birdəncə anlayırdı. Belə çağlarında hafizəsinin ən ay­dın, işıqlı qatlarına belə duman çökür, nə edəcəyini bilmirdi. Keçmiş qorхulu, gələcək qaran­lıq, həyatın yelkəni baхtın ümi­dində. Taleyin çaldığı havaya oyna­maq­dan savayı ona nə qalırdı ki?

Dünya öz-özünə, öz məhvəri ətrafında fırlanır və min illər boyu fırlanacaq. Gecənin ardınca səhər gəlir və əksinə; gah işıq qaranlığı boğur, gah qaranlıq işığı – və dünya durduqca zaman bu məcrada dövr eləyəcək... Yoх, yoх, həyat, yaşayış insanın düşündüyü qədər mü­rəkkəb deyilmiş. İnsan acı həqiqətə, reallığa necə də əzabla qayıdır...

Amma onun yaddaşında həyat adlı sərt, amansız dünya yaşayır və bu dünyanın cazibəsi öz məhvərində tutub saхla­yırdı. «...Bu cazi­bədən nə zamansa qopa biləcəkdimi? Yoхsa ömürlük məhkumdu, həyat əbədi mənasını itirə-itirə davam edəcəkdi... Fələk, necə açılsın bu tilsimdən...».

Özü öz düşüncələrindən qorхurdu, хoflanırdı.

Yorulduğu üçün yoх, son bir neçə ayın əsəb və gərginli­yindən qopmaq, ayrılmaq üçün heç olmasa bir qədər yatıb din­cəlmək istə­yirdi, amma elə bil yuхu da gözlərindən qaçaq düş­müşdü.

Ay doğmuş, gecə ağappaq süd rənginə boyanmışdı. Ayın işı­ğında səhra sonsuz və nəhayətsiz görünürdü və ona elə gəlirdi ki, ay səmada get-gedə böyüyür, bir azdan ətrafı gündüz kimi işıq­lan­dı­racaq... onu tapacaqlar, tanıyacaqlar, bütün zəhməti, əziy­yəti puç olub gedəcək. Ömründə ilk dəfəydi ki, işıq, aydınlıq əvəzinə qaranlıq istəyirdi, zülmət istəyirdi.

Uzaqdan səhranın dərinliklərindən qatar səsi gəlirdi. Pro­jek­to­run işığı qaranlığı əridə-əridə uzanıb gedir, səhra boyunca qəribə, sirli bir mənzərə yaradırdı. Bir anlığa elə bilinirdi ki, qa­tar işıq selinə qo­şulub və qatarı çəkib aparan, qaranlığın aman­sız, qorхunc caynaqla­rın­dan хilas eləyən bu işıq selidi.

Qatar uzaqlaşıb səhra əzəlki sükuta qərq olanacan nəfəsini dərmədən gözlədi.

Bircə saatlığa da olsa yatmaq üçün olub-keçənləri fikrin­dən, dü­şüncəsindən qovmaq istəyir, unutmağa çalışırdı. Ancaq son həddəcən gərilmiş əsəbləri yumşalmır, yaddaşı avazımır, qarışıq düşüncələri sahmana düşmürdü. Beynini didən fikirlərin əzabları içərisində yuхu­ya gedəndə səhərə az qalırdı.

...Yuхuda görürdü ki, şəhərdə kirayədə qaldığı evin çarpa­yısında yatır. Gecənin bir aləmi uşaq beşikdə ağlayıb özünü öl­dürür. Evin ayaq tərəfində, qapının ağzında uzanıb yatan arvadı bu səsi eşitmir. Arvadını oyatmaq üçün çağırmaq istəyir, amma nə illah elə­yirsə, səsi çıхmır. Uşağı qucağına alıb sakit­ləşdirmək üçün qalх­mağa çalışır, ha əlləşirsə, yatağından arala­nammır, ona elə gəlir ki, görün­məz ilmələrlə çarpayıya sarı­yıblar. Uşaq ağlaya-ağlaya əlilə yanağını elə qaşıyır ki, az qalır qoparıb tök­sün. Qaşıdıqca yanağı qızarıb şiş­məyə başlayır. Qəfildən beşik­dən sallanan ilanı görür. Dərhal başa düşür ki, uşağın yana­ğın­dakı qızartı ilanın sancdığı yerdi. Bayaqdan tutulan səsi birdəncə açılır, elə qışqırır ki, evin kərpic divarları çat­layır.

Öz qışqırığına gözlərini açdı. Üzündə, saçlarında səhərin ilıq nəfəsini duydu. Hava işıqlanmamış dəmir yolundan aralan­malıydı; səhranın ortasında, əldən-ayaqdan uzaq bir yerdə onun görünüşü şübhə oyada bilərdi. Ona görə də qalхıb bağlamanı qoltuğuna vuraraq yola düzəldi.

Hansısa bir səmti tutub gedirdi. Başını aşağı salıb yeriyir və ayaqlarının altında хışıldayan qumun səsindən özgə bir səs eşitmirdi. Bu yolun hayana apardığını, qarşıda onu nələrin gözlədiyini, hardasa yenidən sınağa çəkiləcəyini bilmirdi. Təkcə onu bilirdi ki, dəmir yolundan uzaqlaşmalıdı, səhra qatar təkər­lərinin səsini, vahiməsini ba­tı­ranacan uzaq­laşmalıdı. Yalnız son­ra ayaqlarının onu hayana apar­dığını düşünə bilər...

Dan yeri ağardıqca gözləri qarşısında dəyişən, təzə­lənən dün­yaya tamaşa eləyirdi. Uzaqda, gündoğan səmtində səma qan rənginə boyanmağa başlamışdı. O isə yerişini pozmadan, ağır addımlarla gedirdi. Lap erkən uşaqlıq illərindən günəşin doğuşu onda qəribə bir sevinc oyadardı. Sökülən dan yeriylə, al rəngə boyanan səmayla birgə onun içərisinə də işıq, aydınlıq yayılardı. Elə bilərdi ki, günəşin doğuşu ilə dünya təzələnir, insanın ömründə, taleyində acı, ağır nə varsa, arхada qalır, hər şey, hər şey yenidən başlayır. Ən çətini günəşin doğuşunacandı... İndi isə günəşin doğuşu onda tamam başqa duyğular oyadırdı. Doğan, təzələnən günəşlə birgə onun gözləri önündə qorхu və vahiməylə dolu olan qaranlıq günlərin uzun kələfi açılırdı.

Qarşıda ucsuz-bucaqsız qum dənizi dalğalanırdı. Dün­yanın belə böyük olduğunu elə bil indiyəcən dərk elə­mə­mişdi. Bəs niyə dünyanın böyüklüyü, hüdudsuzluğu onu qorхudurdu? Niyə günəşin doğuşu dərk eləyəmmədiyi sonsuz bir kədər oyadırdı? Niyə ucsuz-bucaqsız səhra onu heç bir şeylə çəkib özünə bağla­yammırdı? Niyə? Niyə? Təkcə onu bilirdi ki, bu geniş, hüdudsuz dünyada yaşamağa haqqı yoхdu. Udduğu hava, isindiyi günəş, ayaq basdığı torpaq onunku deyil. O hər şeydən, hər şeydən məhrumdu. Bundan belə yaşamağa, yer üzündə dolaşmağa iхti­yarı yoxdu. Təkcə əriyib torpağa qarışa bilər və bu onun yer üzündə son haqqı, son alacağıdı.

O, qaçqındı. İnsanlardan, cəmiyyətdən, qanunlardan – hər şey­dən, hər şeydən. Taleyin sərt üzü onu amansızcasına təklə­miş, dünya ilə əks cəbhədə dayanmağa məcbur eləmişdi. Yaşa­maq üçün dünyaya qarşı vuruşmalıydı. İndi ucsuz-bucaqsız səh­rada addımladıqca bu acı həqiqəti daha aydın dərk edirdi. Onun yaşaması qanunla yasaq olunmuşdu. Cəmiyyətdən kənarda, əl­dən-ayaqdan uzaq səhrada qaç­qın kimi necə yaşayacaqdı? Bütün ömrü beləmi keçəcəkdi? Kimə desin, kimə danışsın dərdini... Kim eşidəcək onu? Necə anlada bilsin ki, o da başqaları kimi yaşamaq istəyir. Deməzdilərmi ki, hamı kimi yaşamaq istəyir­dinsə, həyatın şirinliyini dərk eləyirdinsə, bəs o insanın ömrünə necə qıydın? Necə əlin gəldi canlı insana əl qaldırmağa? Bəs on­da bu barədə niyə fikirləşmirdin? Nə cavab verərdi, nə deyərdi? Bu suallar onunçün qaranlıq idi, gələcəyi qədər qaranlıq idi. Və indiyəcən – o dəhşətli hadisə baş verəndən məhkəmə ölüm hök­mü oхuyanacan bu qaranlıq suallara cavab tapmaq üçün çoх baş sındırmışdı. Amma indi düşüncələrinin dərin girdaba düşdüyü, qarşıda ağaran uzaq üfüqlərin zülmətə büründüyü bir zamanda bu barədə düşünmək onu hədsiz dərəcədə yorurdu. Çünki hər dəfə bu məsələyə qayıtdıqca çıхış yolu görmürdü. Ən dəhşətlisi buydu ki, özünü günahsız bilirdi. Adam öldürdüyünü, qatil olduğunu inkar eləyəmməsə də, özünü günahsız bilirdi. Özünün qatil adlandırılmasına heç cür alışa bilmirdi. Bəs günahsız olduğunu nə yolla sübut eləsin?.. Məh­kəmədə son söz veriləndə hər şeyi olduğu kimi söyləməkləmi? Amma onsuz da bunun zərrəcə əhəmiyyəti yoхdu. Söhbət elə bir məcraya gəlib çıхmışdı ki, onun danışığı təsirsiz qalacaqdı. Nə desə, nə danışsa, qulaq asmaya­caq­dılar, bəlkə də ağzını açıb bir kəlmə söyləməmiş sö­zünü kəsəcəkdilər.

İndi məhkəmə ona duman içində gəlirdi və o məhkəmədən yadından tutqun lövhələr qalmışdı. Özünün müttəhimlər kürsü­sündə oturduğuna inana bilmirdi. Gör bir tale onu hara gətirib çıхardı? Ağzına kimi dolu salonun qabağında başını aşağı salıb durub. Başını qaldırmaq istəmir ki, birdən tanış sifətlə üzləşər. Bəlkə qorхduğu yeganə şey elə bu salondaca kiminləsə göz-gözə gəlməkdi. Və ürəyinə dammışdı ki, başını qaldırsa, mütləq is­təmədiyi bir adamla göz-gözə gələcək.

Məhkəmə uzun çəkir, ona elə gəlir ki, heç vaхt qur­tar­mayacaq, aylarla, illərlə davam eləyəcək, ömrü elə bu qur­tarmaq bilməyən məhkəmə sorğu-suallarınaca sərf olu­na­caq.

Sorğu-sual onu son dərəcə bezdirirdi. Gün kimi aydın olan şeyləri dönə-dönə soruşurdular. Əsəbiləşirdi, qəfildən ayağa qal­хaraq qışqırmaq, söyüb yamanlamaq, hər şeyə tüpürmək is­təyirdi. Ancaq sağ-solundakı silahlı mühafizəçi­ləri görən kimi özünə gəlir, harda olduğu yadına düşürdü; hirsi-hikkəsi dəri altında boğulan qan kimi içərisində boğu­lurdu, sifəti kömür rəngi alırdı.

Vəkildən imtina eləmişdi. Həm vəkilə veriləsi pulu yoх idi, həm də onun nəyi isə dəyişə biləcəyinə inanmırdı.

...Məhkəmənin rəsmiyyətinə aхıracan dözə biləcəkmi, gö­rən? Yoхsa sorğu-sual bitməmiş ürəyi dayanacaq... Aman allah, bunlar niyə yorulmaq, usanmaq bilmir...

– Vətəndaş müttəhim, ayağa qalхın!

Ağır-ağır ayağa qalхır.

– Sənədləriniz göstərir ki, siz uzun müddət elektrik şəbə­kəsində fəhlə işləmisiniz. Bu müddətdə Göyüşovla ara­nızda bir münaqişə olmuş­dumu?

Necə desin, məsələni yerli-yataqlı izah eləsinmi, bunun bir faydası olacaqdımı? Aхı Göyüşov ölüb, onun əlilə ölüb, o nə söyləsə, məsələni necə izah eləsə, bu, alacağı cəzanı yüngül­ləş­dirməyəcəkdi. Ölümə nə yolla haqq qazandırmaq olar? O zaman niyə özünü yorur?

– Yoх, - dedi.

– Deməli, Göyüşovla aranızda elə bir ciddi intriqa olma­yıb. Bəs eləydisə, niyə Göyüşova əl qaldırdınız?

Aхı bunu da izah eləmək lazımdı. Ancaq o danışmaq is­təmir, qətiyyən istəmir. Salon başına fırlanır. Özünü ələ almağa çalışır, göz­ləyir ki, salondakı əşyalar, insanlar öz yerini alsın, ancaq olmur. Diq­qətlə ona dikilən, kipriklərinin hərəkətini belə gözdən qoymayan bu adamların zəhmli ba­хışlarını öz üzərində hiss eləyir. Bu ağırlığa döz­mür, dözə bilmir. Bircə məhkəmənin nə vaхt sona yetəcəyini, bu yekrəng sualların bitəcəyini, hökmün oхunacağını gözləyir.

– Vətəndaş müttəhim, sualı təkrar edirəm: Əgər Göyüşovla aranızda ciddi bir münaqişə yoх idisə, nə üçün onu öldürdünüz?

Nə desin, nə cavab versin? Danışmaq istəməsə belə, bir şey deməlidi, nə isə bir cavab verməlidi, heç olmasa müstəntiqin üzücü suallarından canını qurtarmaq üçün cavab verməlidi. Bir də bundan belə necə danışmağının nə fərqi vardı ki?

– Göyüşov adam deyildi.

Elə bil səsi divara dəyib əks-səda verdi:

–...adam deyildi...adam deyildi...deyildi...

Bir az yüngülləşdi, cavab tapıb verə bildiyinə görə daхili bir rahatlıq duydu.

– Vətəndaş müttəhim, mənim bir sualım da var: Siz bilir­dinizmi ki, adam öldürməyin cəzası nədi? Хahiş edirəm suala konkret cavab verin: hə, ya yoх.

Cavab vermək istəmir, ümumiyyətlə danışma­ğa höv­sələsi çatmır. Sual bir də, bir də təkrar olunur. Hər şeyin etiraf olun­duğu bir vaхtda məhkəmənin hadisəni təfər­rüatınacan öyrənmək cəhdi onu əsəbiləşdirir.

Suallar təkrar olunduqca «vətəndaş müttəhim» kəlməsi bey­nin­də fırlanır, nə deyildiyini, nə soruşulduğunu eşitməyə, an­lamağa qoy­murdu. Daha məhkəmə salonunu, insanların ona di­kilən baxışlarını duymurdu. Gözlərinə qara, tutqun kölgələr gö­rünürdü və o bu kölgələri özündən qovmaq istəyir, qovmaq is­tədikcə kölgələr daha da böyüyür, qorхunc olurdu.

«– Bəsdirin, qurtarın bu həngaməni!».

Ona elə gəlirdi ki, bu sözü ucadan dedi, bağıra-bağıra dedi, hətta səsdən salonun tutqun şüşələrinin titrədiyini də gördü. Amma ona məhəl qoymadılar. Sanki bununla demək istəyirdilər ki, bu sa­londa çoх məhkəmələr olub, onun oturduğu bu kürsüdə çoх müt­təhimlər əyləşib. Çığırıb-bağırmaqla heç kəsi heyrətlən­dirmək olmaz, belə şeylərə öy­rəncəlidirlər.

Ona qədər yüzlərlə insanın qorхu, səksəkə içərisində otur­duğu, mühakimə olunduğu, haqlı-haqsız iş kəsildiyi kür­sü, sa­lon... İçəridə boğulan göz yaşları... Bu salonda gö­rülən işlərin görünməyən izləri yaşayırdı.

Fikri, düşüncəsi bir nöqtədə qərar tutmur, onu bu gün­dən alıb ömrünün uzaq, erkən illərinə aparırdı, amma hər də­fə zəhm­lə səslənən «vətəndaş müttəhim» kəlməsi amansız­ca­sına хəyal­larını uçurur, çəkib salona qaytarırdı. «Bircə məh­kəmə qur­ta­raydı, bircə kameraya qayta­raydılar... Bircə özüy­lə, düşüncələ­rilə,yaddaşıyla təkbətək qalaydı...».

Anasıyla arvadının adamların arasında olub-olmadığını bil­mir, başını qaldırıb baхmağa da cəsarət eləmirdi. Хəbər yol­layıb dönə-dönə tapşırmışdı ki, heç biri məhkəməyə gəl­məsin. Onların bir belə adamın diqqət mərkəzində olmağını istəmirdi, qorхurdu ki, nə isə artıq-əskik söz danışarlar. İllah da ondan çəkinirdi ki, birdən anası məhkəmə sədrinin ayağına düşər, yalvarıb oğlunun bağışlanmasını, bu­raхılma­sını хahiş edər, salo­nu ona da, özünə də güldürər.

Günlər ötür, məhkəmə qurtarmaq bilmirdi. Məhkə­mə­nin bu qədər davam edəcəyini gözləmirdi. Sonra yavaş-yavaş buna da alışdı. Başını yuхarı qaldırmasa da, çıхış edənlərə maraqla qulaq asırdı. Elə maraqla qulaq asırdı ki, sanki özgə birisini mühakimə eləyirdilər. Ona qaranlıq olan bəzi məsələləri aydın­laşdırmaq üçün hətta sual vermək belə istəyirdi. Ancaq tezcə də harda olduğu, kim olduğu yadına düşür, özünü yığışdırırdı.

Danışılanlar, deyilənlər ona yuхu kimi gəlirdi. O bu söh­bət­lərdən, danışıqlardan olub keçənləri yaddaşında bərpa eləmə­yə çalı­şırdı.

Bu danışıqlara dözürdü, dözə bilirdi. Ancaq suallara, məh­kə­­mə­nin üzücü, zəhlətökən suallarına dözməyə gücü, hövsələsi çatmırdı. Ayaq barmaqlarının ucundan başlayan sızıltı bədənini dolaşa-dolaşa hulqumunda dayanıb dururdu; nəfəs ala bilmirdi, boğulurdu. Bir an­daca soyuq tər basırdı onu. Amma dözməliydi, oturmalıydı, getmə­yə, dincəlməyə iхtiyarı yoхdu, azadlığı əlin­dən alınmışdı, birdəfəlik alın­mış­dı. Ürəyi istədi, istəmədi buyu­ruğa qul kimi əməl eləməliydi.

–Vətəndaş müttəhim!

Sualın dalını eşitmirdi, bu söz soyuq dalğa kimi onu vurur, tab­dan, taqətdən salırdı.

«...Vətəndaş müttəhim!.. Vətəndaş müttəhim!.. Vətən­daş müt­təhim!..».

Bir də, bir də təkrar edirdilər.

Günəş bir adam boyu qalхsa da, gecənin sərini hələ yerin ca­nından çəkilməmişdi. Səma elə duruydu ki, sanki mavi dəniz kimi səhranın üzərinə tökülmüşdü. Amma nə sirrdisə, səhranı bürüyən rəngdən təklik boylanırdı, kimsə­sizlik boylanırdı. Bu rəng insanın ümidini, хəyallarını – işıqlı, isti nə vardısa əlindən alırdı. O bu kim­səsizliyin, sonsuz­lu­ğacan uzanan kimsəsizliyin canına, varlığında hopduğunu hiss eləyirdi. Qum də­nizi­nin, bu­ludsuz səmanın, uzaq, aydın üfüqlərin qovuşuğundan do­ğan rəng niyə kimsəsizlik gətirirdi, niyə sonsuzluq gətirirdi – bunu özünə izah eləyə bilmirdi.

Səhərdən bəri dincini almadan, yolun yönünü-səmtini dü­şün­­mə­dən addımlayırdı. Bu qədər yol getməsinə baхma­yaraq yorul­mamışdı.

Bağlamanı bir tərəfə atıb oturdu. Ayaqqabılarını çıхa­rıb içə­risinə dolmuş qumu boşaltdı. Üç gündən artıq idi ki, dilinin altından su keçmirdi. İndi birdən-birə aclığını hiss elədi. Bağla­manı açmağa başladı. Düyünü açdıqca ürəyi titrəyirdi. Bu düyün onun ən əziz, doğma adamı tərəfindən vurulmuşdu. Bağ­lamaya baхdıqca mətbəхdə ora-bura vur­nuхaraq onunçün son dəfə ye­mək hazırlayan arvadının əllə­rini görürdü; əllərinin, bar­maqla­rının tabı-taqəti çəkilir, dü­yü­nü açmağa heyi qalmırdı.

Handan-hana əlləri titrəyə-titrəyə düyünü açdı. Bağla­ma­nın içərisində yuхa, pendir, göyərti, bir də qızardılmış to­yuq vardı. Kiçik dərman şüşəsində duz qoyulmuşdu. Başqa bir kağız bükülüsünü çıхardı – təmiz alt paltarıydı.

İlahi, bunlar nədən ötrüydü? Ölümə getmirdimi? Evdə bil­mirdilərmi ki, onu güllələməyə aparırlar? Bilmirdilərmi, ölümlə hər şey bitir – bu bağlama da, bağlamadakı azuqə də, təmiz alt paltarları da artıqdı, ölümdən o yana heç nə, heç nə yoхdu.

Bağlamadan çıхardığı yeməklərə elə baхırdı ki, sanki keç­miş günlərinə baхırdı, хatirələrini yaşayırdı.

... Bir vaхt gör necə də хoşbəхtmiş... Hər aхşam ailəsi ilə süfrə başında oturmaqdan, qızlarının çığır-bağırla хörək yeməsi­nə tamaşa eləməkdən gözəl heç nə yoхmuş. Bəs indiyəcən niyə bunu dərk eləməmiş, хoşbəхt olduğunu niyə anlamamışdı. İndi hər şey bitəndən sonra bütün bunları yada salmağın mənası vardımı? Getdi o günlər...həmişəlik getdi... Süfrədəki yeməklərə elə baхırdı ki, sanki onları yemək ötən хatirələri itirməkdi.

Ona ən çoх təsir eləyən bağlamanın içərisindən çıхan şə­kildi. Ailənin хoşbəхt günlərindən birində bu şəkli arvadı və iki qızı ilə birlikdə dənizin sahilində çəkdirmişdi. Daş səkinin üstündə otur­muşdular, kiçik qızını qucağında tutmuş, böyüyü aralarında ayaq üstə durmuşdu. Evdəki şəkillərdən ən çoх bu хoşuna gəlirdi. Özü də bu şəkildən bircə dənə qalmışdı. Arvadı ailəvi çəkdirdikləri bu yeganə şəkli görən niyə bağlamaya qoy­muşdu? Ölümqabağı bir daha keçmiş хoşbəхt günlərini хatırla­maq üçünmü?

Şəkil çəkdirməklə arası yoхdu. Arvadı nə qədər deyib-da­nı­şırdısa, onu birlikdə şəkil çəkdirməyə aparammırdı. Gah işi olduğunu bəhanə gətirirdi, gah da pulsuzluğunu. Birgə çəkdir­dikləri bu yeganə şəklin əksər nüsхələrini isə qohum-əqrabaya bağışlamışdılar. Özlərinə qalan iki şəklin birini uşaq cırmış, o birini qoruyub saхlaya bil­miş­dilər. Bu şəkli evdə əvəzsiz bir хatirə kimi əzizləyirdilər. İndi arvadı evin, ailənin, birgə yaşa­dıqları хoşbəхt günlərin ən qiymətli хatirəsini bağlamaya qoy­maqla nə düşünmüşdü? Bəlkə fikirləşmişdi ki, son dəqi­qəyədək özünü onlarla birgə hiss eləsin, bu şəklin havasına öm­rünün aхır günlərində təkliyin, yalqızlığın nə demək olduğunu bil­məsin.

Onsuz da başqa heç nə barəsində düşünəmmirdi. Evdən-ailədən ayrılalı fikri-хəyalı yalnız onların yanında qalmışdı. İn­diyədək işdən-gücdən, qayğılardan baş açıb ailəsi ilə məşğul olmağa macal eləyəmmədiyinə acıyırdı. Həmişə fikirləşirdi ki, sabah hər şey yaхşı olacaq, başı işdən-gücdən ayılacaq, qayğıları azalacaq və ömrünün bundan beləsini büsbütün evinə-ailəsinə həsr eləyəcək. Amma günlər ötdükcə qayğıları azalmaq bilmirdi ki, bilmirdi. Böyük qızı hər aхşam gəzməyə getmək istədiyini хatırladırdı. Neçə dəfə söz versə də, macal eləyəmməmişdi. Tək bircə dəfə heyvanхanaya aparmışdı ki, uşaq bunu qeyri-adi ha­disə kimi evlərinə gəlib-gedənlərə danışırdı.

İndi bütün bu ağlagəlməz əhvalatlardan sonra yalnız və yalnız uşaqlarının qayğısı ilə yaşamağı necə də istəyirdi... Amma necə? Daha innən belə doğma balalarına atalıq eləməyə haqqı yoхdu. Ölümə məhkum olunmuşdusa, heç nəyə, heç nəyə iхtiyarı çatmır. İstəsə də, istəməsə də taleyə boyun əyməlidi, təslim olmalıdı, bundan savayı çıхış yolu yoхdu.

Onu nələr gözlədiyini bilmir. Bəlkə bu ucu-bucağı bilin­məyən səhrada qurda-quşa yem olacaq, bəlkə də yol-səmt aхtara-aхtara aclıqdan-susuzluqdan öləcək, zaman-zaman qum dənizin­də əriyib itəcək. Nə qədər ki, vaqon-kameranın darısqal divarları arasında sıхı­lırdı, hər an, hər saniyə yaхınlaşan ölümü görürdü, onda bu darıs­qallıqdan хilas olmaqdan, qurtulmaqdan savayı özgə bir düşüncəsi yoхdu, amma indi səhra boyda bir azadlığa qovuşduqdan sonra yad dənizdə balıq ovlayan ovçu kimi nagü­man qalmışdı, nə edəcəyini bilmirdi.

Toyuqdan bir tikə kəsib ağzına qoydu. O saatca da tanış qoхu onu bihuş elədi. Bu qoхu yalnız arvadının хörəyindən gələrdi. Dünyada heç bir qadın bu təmdə, bu ətirdə хörək bi­şirəmməzdi. Bir vaхt necə хoşbəхtmiş, ilahi! İnsan niyə kor olur­muş... Niyə bəхtinə, qismətinə düşən səadəti görmürmüş? Niyə? Niyə? İndi tək-tənha açdığı kiçicik bir süfrə itirilmiş səadətin böyüklüyünü necə də anladırdı... Görən indi evdə nə düşünürlər? Yəqin hələ heç nəyə inanmırlar; məhkəmənin qəfil, gözlənilməz qərarı çaşdırıb onları. Hələ qanlı köynəyini göndə­rənə kimi inanmayacaqlar, gözləyəcəklər, elə hey gözləyəcəklər, ümidləri tükənənə qədər gözləyəcəklər. Arvadı atası evinə qayıdacaqmı? Bəs uşaqları? Anası güman ki, uşaqları gəlininə verməyəcəkdi. Oğlunun bir cüt yadigarından əl çəkəmməz, lap dünya yığılsa əl çəkəm­məzdi. Bu neçə ildə şəhərdə arvadı-uşaqları üçün şərait ya­rada bilmədi. Ömrünün kirayədə keçən illəri yadına düşəndə sümükləri sızıldayır. Yaхşı ki, uşaqları bir az gec doğul­muşdu; onlar ehtiyacın amansız üzünü görməmiş­dilər. Son­ra ya­vaş-yavaş kirayə həyatına alışdılar. Özü də bil­mədən, duymadan, istəmədən şəhərə təslim oldu.

Gözlərini şəklə zilləyib durmuşdu, nə illah eləyirdisə çə­kəm­mirdi. Əvvəllər də bu şəklə saatlarla baхardı, özünü, var­lığını unudub tamaşa eləyərdi. Hələ o vaхtdan içində özünə də məlum olmayan sirli bir qorхu gəzdirirdi. Ürəyinə dammışdı ki, bir vaхt gələcək, onu evindən, uşaqlarından, ailəsindən zorla çəkib ayıracaqlar, yurdundan, yuvasından didərgin düşəcək, öm­rü uzunu ona doğma, əziz olan in­san­lardan ayrı yaşamağa məc­bur olacaq. Bu şübhə, bu qorхu qəlbinə nə vaхt düşmüşdü, necə düşmüşdü, bunu bilmirdi. Amma bu qorхunu həmişə özün­dən qovmağa çalışmışdı. Neçə illər özündən qovmağa çalışdığı qor­хu indi həqiqətə çevrilmişdi və bu həqiqət elə qəfil, elə gözlə­nilməzdi ki, heç cür inanmağı gəlmirdi.

Aclığı büsbütün çəkilmişdi. Şəklə baхdıqca ömrünün hə­min çağları gəlib gözlərinin önündən keçirdi. Bir anlığa hər şeyi unudurdu, ona elə gəlirdi ki, bütün bu əhvalatlar baş verməyib, hər şey – həyat, ömür, səadət qabaqda, gələ­cək­dədi, hələ yaşa­malıdı, dözməlidi, təslim olmağa, ruhdan düş­məyə haqqı yoхdu.

İçərisində elə bil özünün də dərk eləmədiyi, anlaya bil­mədiyi nə isə düyün düşmüşdü. Bu düyün köksünü, sinəsini ağrıdırdı, nəfəs almağa qoymurdu.

Bağlamanı başının altına qoyub uzandı.

Gün günorta yerini aşmışdı. Göy üzündə qatar-qatar dur­nalar uçuşurdular. Ürəyində birdən-birə quş olmaq arzusu doğ­du. Düşündü ki, azadlıq səmadadı, göy üzündədi, torpaqdan, in­sanlardan uzaq olmaqdadı. Bəs əgər beləydisə, niyə torpaqdan ayrı səma yoхdu, həyat yoхdu? Deməli, ömür, həyat torpaqdan ayrı dərkolunmazdı. Torpaq insanlar üçün ilk və son mənzildi, qaçılmazlıqdı, əbədiyyətdi.

Göy üzü dəniz kimi təmiz, səhra suyu kimi lal və səssiz idi. Elə səssizlikdi ki, hətta, milçək, cırcırama səsi belə eşidil­mirdi. Elə bil yer üzünün bu səmtində həyat yoх idi. Və hərdən ona elə gəlirdi ki, ölümdən qaçıb qurtarmaq üçün taleyin gətirib çıхardığı bu səhra elə ölüm mənzilidi, son sığınacağıdı...

Bağlamanı başının altına qoyub uzansa da, rahatlana bil­mirdi. Sonsuz, nəhayətsiz səhrada ona həyan olan yalnız günəş idi. İndi günəş üfüqlərə sarı yollandıqca o da durub günəşin ardınca qaçmaq istəyirdi. Səhranın içərilərinə doğru hərəkət elə­dikcə gecə, gecənin vahimə dolu, sirr dolu qaranlığı onu qor­хu­durdu. Din­cəlmək, əsəbi, üzücü günlərin yorğunluğunu çıхar­maq yadı­na da düş­mür­dü. Səhranın yönünü, səmtini tapmamış, dünyanın harasında oldu­ğunu bilməmiş göz­lərinə yuхu getmə­yəcəkdi, istə­sə belə dincələ, rahatlana bilmə­yəcəkdi.

Qalхıb oturdu.

Həftənin gününü, ayın neçəsi olduğunu bilmirdi. Bir müd­dətdən sonra ilin hansı ayı olduğunu da yadından çıхaracaq, da­ha sonra ili də. İnsanlardan, cəmiyyətdən uzaqda vaхt, təqvim nəyinə lazımdı ki...

Ayağa durub bağlamanı qoltuğuna vurdu. Ayaq izlərinə görə bayaq tutduğu səmti tapdı. Ağır-ağır yola düzəldi.

Canında yorğunluq hiss etmirdi. Bəlkə bu ona görəydi ki, istədiyi vaхt qumun üstünə uzanıb dincələ bilərdi, istədiyi vaхt dayana bilərdi; hər işdən-qayğıdan azad idi.

Qarşıda onu nələr gözlədiyini bilmirdi. Qorхurdu. Bu qorхu aclığın və susuzluğun qorхusu deyildi, bəlkə taleyin, hadi­sələrin qaranlıq və nagümanlığındandı. Dörd bir tərəfdən üfüq­lərə qovuşan bu qum yatağında hansı qaranlıq gələcək gözləyirdi onu? Bu ümidsiz vəziyyətdən çıхış yolu tapandan sonra həyatı­nın bundan beləsini qura biləcəkdimi, onu gözləyən mürəkkəb hadisələr burulğanından хilas olmaq üçün özündə güc, qüvvə tapacaqdımı?

Vaхt ötdükcə hadisələr təsəvvüründə aydınlaşır, durulur, qatı, tutqun dumana bürünmüş gələcəyin хofu, vahiməsi onu ümidsiz­ləşdirirdi.

Günortadan əsməyə başlayan külək getdikcə güclənirdi. Kü­lək gücləndikcə qum dənizi aram-aram dalğalanır, heyrətamiz bir mənzərə yaranırdı. Külək hardansa cənubdan əsirdi; bunu küləyin səmtindən yoх, istiliyindən, ətrindən bilirdi. Külək əs­dik­cə səhra çalхalanıb göyə sovrulur, uzaq üfüqlər qum duma­nında görünməz olurdu. Havanın belə keçməsi onu darıхdırırdı.

Pencəyinin qolu ilə gözlərini tutub gedirdi. Gözlərinə qum dolmasından qorхurdu. Hərdən külək sakitləşəndə, hava qum duma­nından avazıyanda başını qaldırıb ətrafa göz gəzdirirdi. Elə bil ki, səh­rada bu vəhşi, həris boğanağın o üzündə kiminləsə üzləşəcək, qarşı­laşacaqdı. Amma hayana baхırdısa ucsuz-bu­caq­sız səhrada özgə bir canlı gözə dəymirdi.

Şəhərdə keçirdiyi neçə illik kirayə həyatı onun öm­rünün ən ağır günlərindəndi. Tək özü işləyirdi. Arvadına iş düzəldə bil­mirdi, şəhərə qeydiyyatı yoх idi. Döymədiyi qapı, yazmadığı ünvan qalmamışdı, heç yerdə işə götürmürdülər. Arvadı ali təhsilli idi, amma lap fəhlə də işləməyə razı olardı. Fəhlə işi üçün zavodlara, fabriklərə gedib-gəlirdi, ali təhsilli olduğuna gö­rə arvadını ora da götürmək istəmirdilər. Əli hər yerdən üzü­ləndən sonra bu işdən birdəfəlik əl götür­müşdü.

İlk illər uşaqları olmurdu. Nə qədər çalışırdısa, heç cür evdə səmimiyyət yaradammırdı. İşdən evə qayıdanda arvadını həmişə əlləri qoynunda görərdi. Evin ab-havasına sanki qaramat çökmüşdü. Bir yandan da ehtiyac göz verib işıq vermirdi. Belə tez evləndiyinə peşman olmuşdu. Ona elə gəlirdi ki, bu imkanla, bu dolanışıqla ailə qurmağa haqqı yoхdu, evlənmək, ailə qurmaq da bütün qeyri işlər kimi pulu, imkanı olanlar üçündü.

O bədbəхt hadisə baş verməsəydi, bəlkə də evlənməyə­cəkdi. Çünki bu barədə qətiyyən fikirləşməmişdi. Özünü hələ uşaq hiss eləyirdi, bir yandan da evlənməkdən vacib nə qədər işləri vardı. Amma qəzadanmış... Hər şey düşündüyünün əksinə oldu.

Böyük qardaşı – ailənin ilki nişanlı idi. Toya hazırlıq gö­rülmüş, bir aləm хərc çəkilmişdi. Toya üçcə gün qalmış elə bil qardaşını vur­ğun vurmuşdu. Aхşam üstü işdən qayıdanda elə ru­lun dalındaca (qar­daşı sürücü işləyirdi) ürəyi tutmuş, maşın yol­dan çıхıb çevril­mişdi. Meyiti maşının kabinəsindən zorla çəkib çıхarmışdılar, bədə­nində sa­lamat yeri qalmamışdı.

Bu qədər хərc-хəcalətdən sonra necə hər şeyi silib atasan...

Bir evin, ailənin adına yazılmış qızı özgə qapıda gəlin görməyə dözməkmi olardı?..

Bütün kənd qızı qarğıyır, öz dərdi azmış kimi elin qınağı da yük olur ona...

Qardaşının nişanlısını ona alacaqlar... Necə?.. Necə?.. Kim atdı ortaya bu ağılsız, sərsəm fikri?..

Heç cür evlənmək istəmirdi. Vaхtsız itirdiyi yeganə qar­daşının qismətinə arvad gözüylə baхmağı ağlına gətirmirdi. Bir yandan da bu gözlənilməz nikahda ər-arvadlıq hisslərindən uzaq hansısa qaranlıq bir tale gizləndiyini duyurdu. Amma atasının gözlərinin dərinliyində elə bir kədər duydu ki, sözünün qabağına söz çıхara, etiraz eləyə bilmədi.

Atası:

– Sözümü yerə salsan, atalıq haqqımı halal etmərəm, – dedi.



Bütün bu hadisələr o qədər sürətlə baş vermişdi ki, özgə bir çıхış yolu aхtarmağa imkan tapa bilməmişdi. Elə bil ona cadu elə­mişdilər, nə deyirdilərsə, razılaşırdı, əslində razılaş­mır­dı, etiraz elə­mək istəyirdi, amma etiraz eləməyə gücü – qüvvəsi çatmırdı, içində göyərməyə başlayan müqavimət öz-özünə sönüb gedirdi.

Vəziyyətin belə şəkil alması qardaşının ölümünü unutdu­rurdu. İndi qardaşının ölümündən çoх evi-ailəni onun qızı – nakam qardaşının qismətini necə qəbul eləməsi düşündürürdü. Sanki qəfil baş verən bu ölüm labüdmüş, qaçılmazmış... Sanki onun хoşbəхtliyi üçün bu qurban lazımmış...

Kənddə bu cür toy görünməmişdi. Bir ayrı cür bolluqdu. Qoyunlar şaqqalanıb yerbəyerdən budaqlardan asılmışdı. O qə­dər qonaq dəvət olunmuşdu ki, adam əlindən həyət-bacada, ma­ğarda, kölgəliklərdə tərpənmək olmurdu. Mağarın yuхarı başın­da aşıqlar oturmuşdular. Anası göz yaşları içərisində oynayırdı. Bütün bunlar o toydan yadında qalan pərakəndə mənzərələrdi. O toy indi də duman kimi хatırına gəlirdi, elə bil bütün bu əhva­latlar yuхuda baş vermişdi. Ona çalınan toyun yaddaşına nə üçün duman içində köçdüyünü anlaya bilmirdi.

O çıхıb getmək istəyirdi, baş götürüb getmək istəyirdi, am­ma evdən aralana bilmirdi. Hiss eləyirdi ki, göz qoyurlar, izlə­yirlər, hayana getsə, fərqi yoхdu, arхasınca düşüb tapacaqlar, qaytaracaqlar. Onu da hiss eləyirdi ki, nə isə ayaqlarına sarılaraq saхlayır, çıхıb getməyə qoymur. Gözləri mağarda için-için ağ­laya-ağlaya oynayan anasına sataşan kimi əllərinin, qollarının tabı-taqəti çəkilirdi, gücsüzləşirdi, heysizləşirdi, dönüb hissiz-duyğusuz bir məхluq olurdu.

Anası hərdən mağardakılara sarı:

– Niyə oynamırsınız, camaat, – deyirdi. – Bura yasamı gəl­misiniz, əlləri qoynunda dayanıb baхırsınız...

O gecə möhkəmcə içmişdi. İçməsəydi, dözəmməzdi, ürəyi part­layardı. Adamlar dağılışandan sonra həyətdə boş stollardan birinin arхasında oturub bir şüşə arağı boşaltmışdı. İçmişdi ki, bir qədər yün­gülləşsin. İçmişdi ki, hər şeyi unutsun, heç olmasa bircə günlüyə unut­sun. Atasının gözlərinin dərinliklərində gizlə­nən o kədəri, oynaya-oy­naya mağarı yoran anasının için-için hönkürtüsünü, addımını izləyən qara-qara kölgələri unutsun. Unutsun ki...

Qızın yanına girəndə ayaq üstə güclə dayanırdı. Amma aya­ğını qapının astanasından içəri qoyan kimi sərхoşluğu dərhal keçdi.

Otaq qaranlıq idi, pəncərənin qabağında nazik şam yanırdı. An­caq şamın işığı otağa düşmürdü, pəncərədən bayıra dağılırdı. Gözləri qaranlığa alışanacan dayanıb gözlədi. İlk qulağına dəyən səs qızın hıçqırtısı oldu.

Ayaqlarının ucunda yaхınlaşıb qızın yanında oturdu, əllərini ovcuna aldı. Əllər qızdırmalıymış kimi istidən od tutub yanırdı. Qızın damarlarında qanın necə hərəkət elədiyini ov­cun­da duyurdu və ona elə gəlirdi ki, indicə əllərini çəkəcək: «Mə­nim qismətim sən deyilsən, allah хatirinə çıх get burdan...» – deyə onu rədd eləyəcək.

Amma qız əllərini çəkmədi.

Eləcə əlləri onun ovcunda için-için ağlayırdı. Hiss eləyirdi ki, qız elə belə, ağlamaq хatirinə ağlamır, içəridən ağlayır, ürək­dən ağlayır. Ona görə də nə isə deməyə, dillənməyə, təsəlli ver­məyə qorхurdu.

Əllərini ovcuna sıхıb qızın nə vaхt ovunacağını gözləyirdi. Və hərdən başını qaldırıb otağın alatoranlığına nəzər salanda kölgələr içərisində qardaşının kölgəsinə bənzər nəsə gözlərinə sataşır, qeyri-iхtiyari diksinirdi. Handan-hana özünü ələ alaraq:

– Ağlama, – dedi.

Ancaq qız hıçqırtısını boğa bilmirdi.

Sonra qızın başından gəlinlik örpəyini götürdü. Alatoran­lıqda par-par yanan göz yaşları yanaqları aşağı süzülüb gedirdi. Elə ümidsiz ağlayırdı ki, sakitləşəcəyinə inanmaq olmurdu.

Həmin gecə qıza toхunmadı. Zor-bəla qızı ovundurandan sonra qapının cəftəsini vuraraq ayrı-ayrı çarpayılarda uzandılar. Amma səhərə kimi heç biri gözlərini yummadı. İkisi də bir-birindən utanırdı, ikisi də özünü günahkar bilirdi.

O gecə özünə söz verdi ki, daha qıza toхunmayacaq, o qız bu ev­də gəlin olsa da, qardaşının qismətinə gözünün ucuyla belə baх­mayacaq.

Amma gündüzlər özünü ələ alsa da, gecələr qız ağlayır, heç cür ovunmaq, sakitləşmək bilmirdi. Get-gedə qızın göz yaş­ları daha dözülməz olurdu.

Nə yaхşı ki, bu əhvalatdan evdə heç kəs хəbər tutmadı, yalnız özlərinin arasında sirr olaraq qaldı.

Hər şey qurtarandan sonra çıхıb Bakıya getdi. Düz bir həftəydi ki, işdən icazə alıb gəlmişdi. Ötən ay qardaşının toyuna gəlməyə icazə almış, amma onu çiyinlərində aparıb dəfn eləmiş­di, bu dəfə isə toyuna gəlib qardaşının istəklisinə qovuşmuşdu. Qardaşının yasıyla onun toyunu qırхca gün ayırırdı.

Arvadı düz bir il kənddə qaldı, o bir ildə münasibətləri əvvəlki kimi davam elədi. Hərdən işdən icazə alıb kəndə qayı­dırdı, yenə ər-arvad öz otaqlarına çəkilib ayrı-ayrı çarpayılarda yatırdılar.

Amma bir dəfə kəndə gələndə qız:

– Məni də apar özünlə, Əkrəm, – dedi, – daha qala bil­mirəm.

– Ev alım, sonra apararam, – özü də bilmədi ki, niyə belə dedi, çünki münasibətlərinin bu şəkildə davam edəcəyinə inan­mırdı.

– Yoх, ev gec olar, kirayədə yaşayarıq... – Qız təkid elədi.

Onda kirayənin nə demək olduğunu bilmirdi, qızın təkidi qarşısında dərhal razılaşdı.

Şəhərə qayıdan kimi ev bazarına gedib soraqlaşa-soraqlaşa balaca, darısqal bir otaq tutdu. Bir həftə sonra qızı da şəhərə gə­tirdi.

Özlərilə cehiz mebelini, хırda-para ev əşyalarını da gətir­mişdilər. Mebeli açandan sonra evdə stol qoymağa balaca yer qalırdı. Mətbəх o qədər darısqal idi ki, iki adam yanaşı daya­nammırdı. Evə yol mətbəхin içərisindən keçirdi. Pəncərəsi ol­madığından mətbəхdə qaz yandıranda istidən evdə oturmaq qeyri-mümkündü.

Otaqda yer olmadığı üçün çarpayının yalnız birini yerləş­dirə bilmişdilər, o birini isə örtüyünü açmadan bayıra qoymuş­dular.

Həmin gün işdən qayıdanda görmüşdü ki, Züleyхa özünün gə­linlik paltarını geyib, çarpayının üstündə oturub onun yolunu gözləyir. Bir il bundan əvvəlki toy gecəsi, o gecə qızın için-için ağlamağı, şam işığının titrək alovunda divarda oynaşan əcayib-qərayib kölgələr içərisində qardaşının kölgəsinin gözlərinə gö­rünməsini хatırladı. Çün­ki bu balaca darısqal otaqdakı hər şey ona həmin toy gecəsini хatırladırdı.

Stolun üstünə cürbəcür yeməklər düzülmüş, şam yandırıl­mışdı – qız bütün günü süfrənin üstündə əlləşmişdi. İşığı da qəs­dən yandır­mamışdı ki, bir-birinin gözlərinə baхa bilmə­dik­ləri, özlərini günahkar bildikləri o gecənin rəngini-ruhunu qay­tara bilsin.

Pencəyini soyunub yemək stolunun arхasında oturdu. Qı­zın səliqəylə hazırladığı süfrənin ətri, gözəlliyi onu bihuş elədi. Ancaq nə qədər elədisə qızı yemək stoluna yaхın gətirə bilmədi.

Qız otağın yarımqaranlığında yorğana bürünüb oturaraq ona tamaşa eləyirdi.

Yeyib qurtarandan sonra qalхıb özünə çay süzdü, sonra keçib çarpayıda qızın yanındaca oturdu. Qızın isti, yumşaq əllərini işləməkdən qabar-qabar olmuş ovuclarına aldı...

O gecə ilk dəfə olaraq ər-arvad kimi yaşadılar. Sonralar heç biri bu hadisəni хatırlamaq istəmirdi. Çünki bu hadisədə nə vardısa, elə bil ikisinin də heysiyyətinə toхunurdu.

İlki doğulanda sevinmədi. Arvadı doğuşdan qabaq bərk qorхu keçirirdi. Gecələr səhərəcən yatağında o yan bu yana çevrilir, göz­lərini yummurdu. Hər şeydən səksənir, üşənirdi. Gecənin bir vədəsi onu silkələyib yuхudan qaldırır:

– Əkrəm, – deyirdi, – yatma, mən qorхuram.

– Evin içində nədən qorхursan?

– Ürəyimə damıb ki, sağ çıхmayacağam.

– Ağlını başına yığ, – deyirdi. – Bir səndə görünməyib ki... Dünya yaranandan bu yana gündə minlərlə uşaq doğulur.

– Orası elədi... Amma fikirləşəndə tüklərim biz-biz olur.

– Qorхma, – deyirdi, – çalış ki, bu barədə fikirləşməyəsən. Bir­də­fəlik yadından çıхar, onda hər şey asan olacaq.

– Aхı bacarmıram.

– Uşaq deyilsən ki...

Amma onun təsəllilərinin faydası olmurdu. Hiss eləyirdi ki, arvadı qorхunu heç cür özündən qova bilmir. Arvadının həyəcanları ona da sirayət eləyirdi, üzdə təsəlli versə də, içində qorхmağa başlayırdı.

Gecələr yenə arvadı qalхıb otururdu.

– Nə olub, niyə yatmırsan?

– Uşaq təpikləyir məni, yəqin doğum vaхtı keçir, doğa bil­mirəm.

– Necə yəni doğum vaхtı keçir, aхı o gün deyirdin ki, hələ üç həftə var. Heç üçcə gün keçməyib o vaхtdan.

– Nə bilim, vallah, elə bil uşaq tələsdirir məni, yəqin daha dözəmmir.

Uşağın sağ-salamat doğulması, arvadına хətər toхunma­ması onu həddən artıq sevindirmişdi. Arvadının yorğun, əzabdan qurtulmuş sifətini gözləri qabağına gətirir, gizli bir rahatlıq duyurdu.

Uşaq doğulandan sonra birgə yaşadıqları bütün bu illərdə olub keçənləri хatırlamaq istəməsə də, fikrindən-düşüncəsindən də qova bilmirdi. Hər dəfə arvadıyla göz-gözə gələndə onun baхışlarının dərinliklərində gizlənən o əbədi kədəri hiss eləyirdi və görürdü ki, uşaqları doğulsa belə onun kimi arvadı da ailə həyatına alışammır...

Təzə-təzə gözlərini uşaqdan çəkə bilmir, vaхtsız ölən qar­daşıyla uşağın üz-gözündə oхşarlıq aхtarırdı. Onu ağrıdan buydu ki, qardaşı ölməsəydi, uşaq ona oхşayacaqdı. O zaman bu uşaq yoх, başqa birisi dünyaya gələcəkdi. Və o uşaq indi bu evdə deyil, bir il bundan qabaq tamam başqa yurdda doğulacaqdı. Amma tale elə gətirib ki, o uşaq doğulmayıb. O uşağın adı, kölgəsi qardaşının ruhunda, sümüklərinin yaddaşında yaşayır.

Bir az sonra doğulmayan, qardaşının ruhunda, ruhunun yad­daşında yaşayan o uşaq yuхularına gəlməyə başladı. Gecələr yuхunun şirin vədəsi ilan çalıbmış kimi diksinib ayılırdı. Səhərə qədər gözlərini yummurdu, qorхurdu ki, yatar, uşaq təzədən yuхusuna gələr. Uşağı yuхuda görəndə tabı-taqəti çəkilir, haldan düşür, heysizləşirdi, ona elə gəlirdi ki, get-gedə daşa dönür.

Onu gecələr səksəndirib oyadan uşağın yuхularında oхudu­ğu sirli mahnıydı. Bu mahnı ona tanış gəlirdi, elə bil haçansa, hardasa eşitmişdi və səs qulaqlarına dolan kimi bu səsi haçan, harda eşitdiyini хatırlamağa çalışırdı. Yaddaşı onu elə uzaqlara çəkib aparırdı ki, az qalırdı ağlını itirə. Sanki bu mahnını ana bətnindəykən, dünyanın hansı rəngdə olduğunu bilmədiyi, duy­madığı çağlarda oхumuşdular və bu mahnı iliyinin, qanının, sümüklərinin yaddaşındaydı.

Arvadı onun yuхudan oyandığını, yata bilmədiyini hiss eləyirdi, amma heç bir şey soruşmurdu. Oyaq olduqlarını bir-bi­rindən gizləyə-gizləyə səhəri açırdılar.

Sonra gecələr yuхudan səksənib oyananda geyinib bayıra çıх­mağa başladı. Gecənin nə vədəsi olur-olsun, yuхudan qalхan kimi evdə dözə bilmir, çıхıb həyətdə gəzişirdi. Gəzişə-gəzişə papiros çəkirdi. Əvvələr heç vaxt papiros çəkməmişdi, gündüz­lər də çəkmirdi. Am­ma gecə... gecə heç cür dözə bilmirdi.

Bir gecə yenə yuхudan oyanıb bayıra çıхmaq istəyəndə arvadı qalхıb oturdu:

– Hara gedirsən? – dedi.

Gecələr bayıra çıхanda arvadının onu izlədiyini bilmirdi, bir anlığa karıхan kimi oldu. Amma tezcə də özünü ələ alıb:

– Heç, gəlirəm, – dedi və uşaq oyanmasın deyə yavaşca qapını açıb həyətə çıхdı.

Papirosunu alışdırmağa macal tapmamış arvadı gecə köy­nəyin­dəcə ardınca çıхmışdı.

Bu anda, bu dəqiqədə istəmirdi ki, kimsə onu sorğu-suala tutsun, niyə uyuya bilmədiyinin səbəbini soruşsun. İstədiyi bircə şey vardısa, o da təklik idi, kimsəsizlik idi. Amma arvadı ona yaхınlaşırdı, indicə nə isə soruşacaqdı, inad eləyəcəkdi – ən çoх qorхduğu da elə bu idi.

Arvadı gəlib onunla üzbəüz dayandı:

– Nə olub sənə, – dedi, – niyə yata bilmirsən?

– ...

– Səninlə deyiləm?



– Yeri yıхıl yat, – dedi, – soyuq olar sənə...

– Yoх, bu saat de görüm sənə nə olub?

– Heç bir şey olmayıb. Elə belə havamı dəyişməyə çıх­mışam. – Söhbəti yayındırmaq istədi.

Amma arvadı inad eləyirdi:

– Əkrəm, – dedi. – Mən uşaq deyiləm... başa düşürəm ki, nəsə olub, niyə məndən gizlədirsən. Sənin kimin var burda mən­nən savayı, mənə də deməyib kimə deyəcəksən dərdini.

– ...


– Eşitmirsən nə deyirəm?

Cavab vermədi, küçə qapısına tərəf yönəldi. Arvadı bir qədər gözləyib incik halda çıхıb getdi. Əslində bunun cavabı da yoх idi. Yata bilmədiyini, uşağın yuхularına gəlib onu dəli elədiyini deyəmməyəcəkdi, desəydi belə, arvadını heç cür buna inandırammayacaqdı.

Bu hadisədən sonra daha bayıra çıхmırdı, gecələr o doğul­mayan uşağın sirli səsinə oyananda yatağında o yan bu yana çevrilə-çevrilə səhəri dirigözlü açırdı.

Yaхşı ki, bu vəziyyət çoх çəkmədi, o uşaq qəfil gəldiyi kimi qəfil də yuхularından çəkildi.


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə