GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”



Yüklə 1,16 Mb.
səhifə11/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   16

Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilmir. (Ənam surəsi, 111)

(Kafirlər) Allah'ın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allah'ın yanındadır. Siz haradan biləsiniz ki, o (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər?” (Ənam surəsi, 109)

Tövratda da inkarçıların bu münasibəti hz. Musanın (əs) qissəsi ilə izah edilir:



Rəbb Musaya və Haruna dedi: “Firon sizə: “Məni inandırmaq üçün bir möcüzə göstərin”, - deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana çevrilsin”“. Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana çevrildi.  Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Hər biri öz əsasını yerə atıb ilana çevirdi, ancaq Harunun əsası onların əsalarını uddu. Lakin Rəbbin söylədiyi kimi, fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. (Çıxış, 7: 8-13)

Göz, qəlb və qulaqların möhürlənməsi



Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət surəsi, 5)

Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 7)

Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

İncil

Çünki bu xalqın ürəyi kütləşdi, qulaqları kar oldu, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı gəlməsinlər ki, Mən onlara şəfa verim. (Matta, 13: 15)

Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb? Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?... (Mark, 8: 18-19)

Tövrat

Mənə Rəbbin bu sözü nazil oldu: “Ey bəşər oğlu, sən asi bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar asi bir xalqdır. (Yezekel, 12: 1-2)

Ey karlar, eşidin! Ey korlar, baxın, görün!.. Siz çox şey gördünüz, amma nəzərə almadınız, qulaqlarınız açıq idi, amma eşitmədiniz! (Yeşaya, 42: 18, 20)

O, dedi: “Get bu xalqa bunu çatdır: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız”. (Yeşaya, 6: 9)

Özünü uca tutmamaq

Qüsursuzluq yalnız Allah'a məxsusdur. Mömin qəsdən, ya da bilməyərək səhv edə bilər, hər dəfə qəlbən Allah'a yönələrək tövbə edər, bir daha eyni səhvi təkrar etməməyə diqqət edər. Özünü səhvsiz və günahsız göstərməyə, başqalarını əskik görərək özünü ucaltmağa çalışmaz. Səmimiyyətsiz şəkildə gördüyü işlərin özlərini xilas edəcəyini zənn edərək təkəbbürlənənlər Allah'ın razılığını və rəhmətini qazana bilməyəcəklər:

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

Quranda bu əxlaqa sahib olan şəxslərin səmimiyyətsiz səylərinin onları qurtarmayacağı və ziyana uğrayacaqları bildirilmişdir:



De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında  idilər. (Kəhf surəsi, 103-104)

Tövratda da öyünmənin pis əxlaq göstəricisi olduğu bildirilmişdir:



Rəbb belə deyir: “Müdrik müdrikliyi ilə öyünməsin, igid öz gücü ilə öyünməsin, varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada məhəbbət, ədalət və salehlik yaratdığını dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram”. Rəbb belə bəyan edir. (Yeremya, 9: 23-24)

Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, pislərə dedim: “Gücünüzü göstərməyin... Dikbaş-dikbaş danışmayın”. İnsanı yüksəltmək nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. Hökm verən Allah isə həm alçaldır, həm yüksəldir. (Məzmur, 75: 4-7)

Pis insan könlünün istəkləri ilə fəxr edir... Təkəbbürlü, pis insan Allah`ı axtarmaz … (Məzmur, 10: 3-4)

İncildəki bir çox izahda isə qürurlanıb özünə ucaltmaq istəyənin, əslində, alçaldığı ifadə edilmişdir. “Luka” İncilində keçən aşağıdakı cümlə buna nümunədir:

...Çünki öz-özünü ucaldan hər kəs alçaldılacaq, öz-özünü alçaldan isə ucaldılacaq. (Luka, 18: 14)

Allah'ın qarşısında heç bir insan öyünməsinBuna görə yazıldığı kimi, öyünən Rəblə öyünsün. (1 Korinflilərə, 1: 29, 31)

Heç bir işi xudbinliklə və ya şöhrətpərəstliklə etməyin. Qoy hər biriniz təvazökarlıqla digərini özündən üstün saysın. (Filiplilərə, 2: 3)

Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz. (1 Korinflilərə, 13: 4)

Salamlamaq

Salam vermək və ya xeyir-dua diləmək insanların bir-birinə ən gözəl dilək və arzularını ifadə etmə formasıdır. İnananlar bir yerə toplanarkən və evlərə girərkən bu gözəl davranışı göstərirlər. İşlərinin çox və ya təcili olması onları salamlamaq və ya xeyir-dua diləməkdən yayındırmır. Quranda salam verilən şəxsin o salama daha gözəl şəkildə və ya eynilə cavab verməsi və inananların evlərə girərkən salam vermələri əmr edilmişdir:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

...Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz. (Nur surəsi, 61)

İncildəki ifadələr isə belədir:



Evə girərkən ev sakinlərini salamlayın. (Matta, 10: 12)

...İsa içəri girdi. O, ortada durub onlara: “Salam!” dedi... İsa yenə onlara dedi: “Salam!” (Yəhya, 20: 19, 21)

Tövratda isə belə bəhs edilir:

Harun və oğullarına belə de: “...Qoy Rəbb xeyir-dua verib sizi qorusun… lütf versin… sizə sülh versin”. (Saylar, 6: 23-26)

...“Qoy səni sevənlər dinc həyat yaşasın! Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın! Yoldaşlarıma, dostlarıma görə: “Səndə sülh olsun!” - deyirəm. (Məzmur, 122: 6-8)

…Dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub olan insanlara belə yazdı: “Sülhünüz bol olsun!” (Daniel, 6: 25)

Qısqanclıqdan çəkinmək



...Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz, (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa surəsi, 128)

De: “Sığınıram sübhün Rəbbinə!... və həsəd aparan zaman paxılın şərindən!” (Fələq surəsi, 1,5)

İncil

Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar əxlaqsızlıq, murdarlıq, pozğunluq, bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, qəzəb, xudbinlik, nifaq, təfriqələr, paxıllıq, sərxoşluq, eyş-işrətlər və buna bənzər şeylərdir... (Qalatiyalılara, 5: 19-21)

...Həsəd aparırsınız, istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki istəmirsiniz. (Yaqub, 4: 2)

Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz. (1 Korinflilərə, 13: 4)

Madam ki, biz Allah sayəsində yaşayırıq... Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək. (Qalatiyalılara, 5: 25-26)

Tövrat

Səfehi qəzəb öldürər, nadanı həsəd məhv edər. (Əyyub, 5: 2)

Qısqanclıq... coşdurar, ondan amansızcasına qisas alar. (Süleymanın məsəlləri, 6: 34)

Yalan danışmamaq



...yalan söz­­lərdən də çəkinin. (Həcc surəsi, 30)

Ey iman gətirənlər! Allah'dan qorxun və doğru söz söyləyin! (Əhzab surəsi, 70)

İncil

Çünki ürəkdən pis fikirlər... yalançı şahidlik və küfr çıxar. (Matta, 15: 19)

Bir-birinizə yalan danışmayın... (Koloselilərə, 3: 9)

Tövrat

...Bir-birinizə yalan satıb aldatmayın... Adıma yalandan and içməyin... (Levililər, 19: 11-12)



Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib, yalançı şahid olmayın. (Çıxış, 23: 1-2)

Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət  qazandırmayacağam. (Çıxış, 23: 7)

Zina etməmək



Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! (İsra surəsi, 32)

Tövrat

Zina etmə. (Çıxış, 20: 14)

... Ölkə zinakarlarla doludur... İnsanlar pis yola düşüb... (Yeremya, 23: 10)

İncil

İsa sözünə davam etdi: “İnsanı murdar edən insandan gələndir. İnsanın daxilindən, insanın ürəyindən gələn bunlardır: pis fikirlər, əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, şəhvət, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq. (Mark, 7: 20-22)

Oğurluq etməmək



Ey Peyğəmbər! Mömin qadınlar Allah'a heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allah'dan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Mümtəhinə surəsi, 12)

Tövrat

Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın. (Levililər, 19: 11)

...Evlərə oğru girir, küçədə quldur soyğunçuluq edir. Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları əhatəyə alıb və gözümün önündədir. (Huşə, 7: 1-2)



İncil

...Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, kimisə aldatma, ata-anana hörmət et. (Mark, 10: 19)

Ana və ata ilə ən gözəl şəkildə davranmaq

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” -belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)

İncil

...Ata-anana hörmət et. (Luka, 18: 20; Matta, 19: 19)

Ey övladlar, Rəbbə məxsus olduğunuza görə ata-ananıza itaət edin. Bu, haqdandır. İçində vəd olan ilk əmr budur: ata-anana hörmət et... (Efeslilərə, 6: 1-3)

Sən Onun əmrlərini bilirsən: qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, kimisə aldatma, ata-anana hörmət et. (Mark, 10: 19)

Tövrat

Ata-anana hörmət et... (Çıxış, 20: 12)



Allah'ın Rəbbin əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun. Qoy Allah'ın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun. (Qanunun təkrarı, 5: 16)

VI HİSSƏ

ORTAQ FİKRİ MÜBARİZƏ

Bu gün insanların həyat tərzi və yaşayış səviyyəsi araşdırılanda inanclı insanların birləşərək fikri mübarizə aparmasının vacib olduğu aydın görünür. Qarşıdurmalar, müharibələr, qırğınlar, yoxsulluq, aclıq, əxlaqi degenerasiya, sosial ədalətsizlik kimi problemlər fərqli səviyyələrdə olmaqla yanaşı, bu gün bir çox ölkədə çətinliklərə səbəb olur və dünyanın müxtəlif bölgələrində bu vəziyyətdən zərər görən günahsız insanlar özlərinə uzanan bir kömək əli gözləyirlər. Əlbəttə, dünyanın müxtəlif bölgələrində vicdanlı insanlar öz imkanları daxilində bu insanlara kömək etməyə çalışırlar. Aclıq çəkən bölgələrə yardım paketləri çatdırılır, müharibə və qarşıdurmaların yaşandığı yerlərdə sülh elçiləri zərərçəkmişləri qorumağa çalışır, hər ölkədə cinayətə və əxlaqi degenerasiyaya qarşı tədbirlər görürlər. Ancaq bu cəhdlər regional fəaliyyətlərlə və mövcud problemlərin həll edilməsi ilə məhdudlaşır. Halbuki insanlara ağrı və çətinlik verən hər cür problemin tamamilə aradan qaldırılması, bütün dünyanın rahatlığa, təhlükəsizliyə və rifaha qovuşması mümkündür.

Bunun üçün problemlərin əsl səbəbləri təsbit edilməli və bunlara zəmin hazırlayan fikri mühit aradan qaldırılmalıdır. Cəmiyyətlərdə yaşanan çətinliklərin təməlinə baxanda əsas problemin insanların din əxlaqından uzaqlaşdığından qaynaqlandığını görürük. Şəfqəti, sevgini, anlayışı, mərhəməti, yardımlaşmağı aradan qaldıran, bunun yerinə güclü olanın haqlı olduğu, hər kəsin yalnız öz mənfəətini düşündüyü, mənfəətçi, mübahisəçi və davakar bir cəmiyyət modelinin yaradılmasında insanların Allah qarşısında məsul olduğu və axirətdə hesab verəcəkləri həqiqətinə laqeyd yanaşılmasının böyük rolu olmuşdur.

XIX əsrdə dünya düşüncə tarixində yaşanan dəyişikliklər sonrakı əsrlərdə yaşanacaq mənəvi böhranın təməlini qoymuşdur. Bu dövrdə o zamana qədər dünyaya hakim olan deist (Allah'ın varlığını qəbul edən) inanclara və dinlərə qarşı ateizm (Allah'ı inkar) azğınlığı güc qazandı. XVIII əsrdə Diderot, Baron d'Holbax kimi materialistlərin kainatın sonsuzdan bəri var olduğu və maddədən başqa bir varlıq aləmi olmadığı fikirləri Avropada yayılmağa başladı. Feyerbax, Marks, Engels, Nitşe, Durkheym, Freyd kimi mütəfəkkirlərin təsiri ilə XIX əsrdə ateizm daha da yayıldı.

Ateizmə ən böyük dəstəyi təmin edən şəxs isə yaradılışı inkar edən və buna qarşı təkamül nəzəriyyəsini qarşıya qoyan Çarlz Darvin oldu. Darvinizm ateistlərin əsrlərdir cavab verə bilmədiyi “canlılar və insan necə yarandı?” sualına “elmi” cavab gətirdi. Təbiətin cansız maddəni canlandıran və sonra da ondan milyonlarla fərqli canlı növü meydana gətirən bir mexanizm olduğunu iddia etdi və bir çox insanı buna inandırdı.

XIX əsrin sonlarında ateistlər hər şeyi açıqladığını zənn etdikləri bir dünyagörüşü meydana gətirmişdilər: kainatın yaradıldığını inkar edir, buna qarşı: “Kainat sonsuzdan bəri mövcuddur, başlanğıcı yoxdur”, - deyirdilər. Kainatdakı nizam və tarazlığın təsadüfən ortaya çıxdığını irəli sürür, kainatda heç bir məqsədin olmadığını iddia edirdilər. İnsanın və digər canlıların necə var olduğu sualının darvinizm tərəfindən açıqlandığını zənn edirdilər. Tarix və sosiologiyanın Marks və Durkheym, psixologiyanın isə Freyd tərəfindən ateist təməllərdə açıqlandığını zənn edirdilər. Halbuki bu fikirlərin hər biri XX əsrdəki elmi, siyasi və ictimai yeniliklərlə darmadağın edildi. Astronomiyadan biologiyaya, psixologiyadan sosial əxlaqa qədər bir çox fərqli sahədəki tapıntı, təsbit və nəticələr ateizmin bütün fərziyyələrini çökdürdü.

Ancaq bu müddət ərzində darvinist və materialist düşüncəyə əsaslanan cərəyanlar bəşəriyyətə böyük fəlakətlər gətirdilər. Kommunizm, faşizm, anarxizm, irqçilik, nihilizm, ekzistensializm kimi fəlsəfə və ideologiyalar insanları, cəmiyyətləri və millətləri böyük böhranlara, qarşıdurmalara, müharibələrə sürüklədi və böyük fəlakətlərə səbəb oldu. Hal-hazırda da bu dağıdıcı ideologiyaların təsirləri azalsa da, davam edir. Darvinist ideologiya bəzi şəxslər tərəfindən hələ də elmi nəzəriyyə kimi müdafiə olunur. Darvinizmin cəmiyyətlərə necə qəbul etdirilməyə çalışıldığını və bunun nəticələrini sonrakı sətirlərdə qısaca izah edəcəyik. Ancaq bundan əvvəl çox vacib həqiqətə yenidən diqqət çəkmək istəyirik.

Din əxlaqına qarşı olan ideologiyaların dünyanı sürüklədiyi vəziyyət qarşısında ən böyük məsuliyyət iman gətirən vicdaninsanların üzərinə düşür. Din əxlaqına qarşı olanların fəaliyyətləri yalnız xristianları, yəhudiləri, ya da yalnız müsəlmanları maraqlandırmır. Dünyanın hansı bölgəsində olursa-olsun, bu ideologiyaların səbəb olduğu zərərlər hər üç dinin mənsubları üçün ortaq təhlükədir və bütün inanc insanların vicdanlarını narahat edir, Allah`a iman gətirən hər kəsin üzərinə böyük məsuliyyətlər qoyur. Bu vəziyyət qarşısında Allah'a inanan və Rəbbimizin bizə öyrətdiyi gözəl əxlaqı yaşamağı qəbul edən kitab əhlinin və müsəlmanların əməkdaşlıq etməli olduqları aydındır. Hər üç dinin mənsubları əl-ələ verərək heç bir elmi əsası olmayan, yalnız materialist fəlsəfəyə dəstək olmaq istəyən darvinizmin yanlışlığını bütün dünyaya izah etməlidirlər. İnancsızlıqdan qaynaqlanan bütün digər ideologiyalara (kommunizmə, faşizmə, irqçiliyə və s.) və əxlaqi degenerasiyaya qarşı da əməkdaşlıqla fikri mübarizə aparmalıdırlar. Bunun nəticəsində, dünya çox qısa zamanda sülh, rahatlıq və ədalətə qovuşar. Yer üzündəki acılar, qırğınlar, bəlalar və ədalətsizliklər sona çatar və aydınlıq, rahatlıq, zənginlik, bolluq və bərəkət gələr.

Yanlış dəyər mühakimələrinin mənşəyi: darvinizm

Təkamül nəzəriyyəsi “canlılar təsadüfən və həyat mübarizəsi nəticəsində ortaya çıxmış və inkişaf etmişdir” cümləsi ilə yekunlaşdırıla bilər. Bunun təbii nəticəsi olaraq, darvinizm insana: “Heç kimin qarşısında məsuliyyət daşımırsan, həyatını təsadüflərə borclusan, yaşamaq üçün mübarizə aparmalı, lazım gəldikdə digərlərini əzməlisən, bu dünya qarşıdurma və mənfəət dünyasıdır”, -deyir. “Təbii seleksiya”, “həyat mübarizəsi”, “güclülərin həyatda qalması” kimi darvinist anlayışların əxlaqi əksi budur. Bu darvinist təlqin, şübhəsiz, din əxlaqına tamamilə ziddir.

Darvinist təlqinlərin nə qədər dağıdıcı təsirlərə malik olduğunu görmək üçün cəmiyyətin dəyər mühakimələrini müşahidə etmək kifayətdir. Dövrümüzün cəmiyyətlərinə baxsaq, insanların çoxunun yalnız yaşamaq, yaxşı peşə sahibi olmaq, mal-mülk əldə etmək, daha çox pul qazanmaq, əylənmək və “həyat mübarizəsində qalib gəlmək” üçün yaşadıqlarını görərik. Əlbəttə, hər insanın dünya həyatında yaxşı və gözəl həyat əldə etmək üçün səy göstərməsi normaldır. Ancaq din əxlaqına görə insanlar özlərinə gözəl bir həyat qurmağa çalışarkən, ehtiyac içində olanları da qorumalı, köməkləşməli və eqoist olmamalıdırlar. Darvinist həyat modelində isə insan digər insanların yaxşılığını düşünmədiyi kimi, öz mənfəəti üçün onların pis vəziyyətə düşməsindən də çəkinmir. Xüsusilə də gənclərin arasında lüks ev və avtomobillərə sahib olmaq, çoxlu pul xərcləmək, şöhrət, var-dövlət və güc əldə etmək ən böyük ideala çevrilmişdir. Bu anlayışa sahib olan insanlar nə üçün var olduqlarını və Allah'ın varlığını və qüdrətini demək olar ki, heç düşünmürlər. Niyə yaradıldıqlarına, özlərini yaradan üstün Yaradıcımıza qarşı hansı məsuliyyətlərinin olduğuna tamamilə laqeyd yanaşırlar. Hər insan üçün olduğu kimi, özləri üçün də dünya həyatının bir sonunun olduğunu, ölümlə birlikdə qazandıqları hər şeyi bu dünyada buraxacaqlarını xatırlamaq istəmir, ölümdən sonra yenidən dirilib etdiklərinin hesabını verəcəklərini qəbul etmirlər. Əlbəttə, onların bunlara laqeyd yanaşmaları, ya da qəbul etmək istəməmələri həqiqəti dəyişdirmir. Həyatı boyu heç düşünməsələr də, həqiqətlər hər xatırladılanda üz çevirsələr də, onlar yaradılmış aciz qullardır, hər canlı kimi bir gün öləcək və etdiklərindən hesaba çəkiləcəklər.

Əslində, yuxarıda təsvir etdiyimiz kimi yaşayan insanların, bəlkə də, əksəriyyəti təkamül nəzəriyyəsinin təsiri altında olduğunu anlamır. Hətta bir qismi bu nəzəriyyənin biologiyanın bir qolu olduğunu və özlərinin mövzu ilə heç bir əlaqələrinin olmadığını zənn edirlər. Özləri bunun şüurunda olmasalar da, daima təbliğatına məruz qaldıqları təkamül nəzəriyyəsi onların dünyagörüşlərinə dərindən təsir edir.

Özlərini və ətraflarındakı insanları bir növ inkişaf etmiş heyvan kimi qiymətləndirən şəxslər hərəkətlərində və aldıqları qərarlarda bu azğın dünyagörüşlərini əks etdirirlər. Darvinist anlayış insanlara eqoist, mənfəətpərəst, mərhəmətsiz və zalım olmağı öyrədir, şəfqət, mərhəmət, fədakarlıq, təvazökarlıq kimi üstünlükləri isə yox edir, bunu da həyatın qanunu kimi göstərir. Bu vəziyyət, təbii ki, cəmiyyətdəki nizamı pozur, həm əxlaqi, həm də ictimai çöküntüyə səbəb olur.

Darvinist anlayışın başqa bir mənfi təsiri də bir çox cəmiyyətdə insanların yalnız şəxsi mənfəətlərini güdmələrinin ümumi qaydaya çevrilməsidir. Belə cəmiyyətlərdə qarşılıqsız fədakarlıq və kömək etmək, sevgi, hörmət və şəfqət göstərmək unudulmuşdur. Belə bir quruluş insanları təkliyə və böhrana aparır. Stress, bədbəxtlik, narahatlıq bir çox insanın həyatını qorxulu yuxuya çevirir. Mənəvi boşluqdan xilas olmaq istəyənlərin bəziləri içki, narkotik və ya qumar bataqlığına düşür, bəziləri intihar edir, bəziləri də əxlaqsızlığa qurşanır.

Mənəvi dəyərlərə laqeyd yanaşan cəmiyyətlərdə əxlaqi degenerasiyanın ölçüləri də çox sürətli şəkildə genişlənir. Homoseksuallığın, fahişəlik ticarətinin, cinsi zorakılığın, təcavüz hadisələrinin və xəstəliklərin artımı əxlaqi çöküşün əhəmiyyətli göstəriciləridir. Fahişəlik səbəbindən ailələr dağılır, özünə hörmətini itirmiş insanlar ortaya çıxır. Bəzi əxlaqi pozğunluq və homoseksuallıq artıq dünyanın bir çox yerində normal qarşılanır, bu əxlaqsızlıqlara qarşı çıxanlar isə geridə qalmış adlanaraq ittiham edilir. Bu gün homoseksualların bəzi ölkələrdə rəsmi şəkildə evlənə bilməsi, dünya səviyyəsində mütəşəkkil aksiyalar keçirməsi, din əxlaqına qarşı təcavüzkar olması düşündürücüdür.

Lakin bu böhran yalnız sosial ölçüdə deyil, eyni zamanda, siyasi ölçüdədir. Geridə qoyduğumuz XX əsr insanlıq tarixinin ən böyük, ən dəhşətli, ən dağıdıcı müharibələrinə səhnə olmuşdur. Anarxiya və terror hadisələrində bir çox insan həyatını itirmiş, yaralanmış və ya şikəst qalmışdır. Vəhşilik təməlində darvinizmin yer aldığı kommunizm, faşizm, irqçilik kimi ideologiyaların əsəridir. Regional müharibələr, qarşıdurmalar və qanlı terror aksiyaları hələ də dünyanın müxtəlif bölgələrində davam edir.

Hal-hazırda dünya əhalisinin böyük hissəsi çətinlik və yoxsulluq içində yaşayır. Statistikalara baxsaq, aclığın və kasıblığın olduqca böyük nisbətlərə çatdığını görərik. Əlbəttə, bu mənfi hadisələr eqoizm, mənfəətpərəstlik və materialist dəyərlər üzərində qurulmuş bir dünya nizamının təbii nəticələridir.

Sosial böhranla bağlı mühüm bir ünsür də cinayət nisbətlərindəki fövqəladə artımdır. Dünyada qeyri-qanuni hərəkətlər sayca olduğu kimi, fərqlilik baxımından da artır. Əslində, bu, mənəvi və vicdanı dəyərləri tərk etməyin nəticəsidir. Dinin insana öyrətdiyi əxlaqdan uzaq olan fərdlər oğurluq, fırıldaqçılıq, qəsb, təhdid, qısası, hər cür qeyri-qanuni hərəkəti adi qarşılayır, bu cinayətlərin tamamilə aradan qaldırıla biləcəyinə ehtimal da vermirlər.

Bunlar son iki əsrdir ki, əvvəl Qərb dünyasında, sonradan isə bütün dünyada yüksələn materialist fəlsəfənin nəticələridir. İnsanlara Yaradıcımızın varlığını inkar etdirən, “heç kimin qarşısında məsuliyyət daşımırsınız, vəhşi bir meşədə həyat və mənfəət mübarizəsi aparan təkmilləşmiş heyvanlarsınız” düşüncəsini təlqin edərək onları din əxlaqından uzaqlaşdıran təbliğatın məhsullarıdır.

İki seçim

Bura qədər izah edilənlər hər gün ətrafımızda şahid olduğumuz hadisələrin, qəzetlərdə oxuduğumuz və televiziyada izlədiyimiz xəbərlərin xülasəsidir. Əslində, hər kəs haqqında danışılan bu tablonu çox yaxşı görür. O halda, səmimi olaraq iman gətirənlər özlərinə bu sualı verməlidirlər: dünyadakı vəziyyət qarşısında ən doğru və ən gözəl davranış hansıdır?

Yaşadığımız əsrdə cəmiyyətləri dağıntıya aparan pislikləri, əxlaqsızlıqları, haqsızlıqları və degenerasiyanı görən hər kəsin qarşısında iki seçim vardır:

Birincisi, gördüklərini görməzlikdən gələnlərin seçdiyi yoldur. Bu yolu seçənlər olanları yalnız izləməklə kifayətlənir, yaşanan hadisələrə qarşı maraqsız və əhəmiyyətsiz rəftar göstərirlər. “Dünyanı qurtarmaq mənəmi qaldı?” və ya “mən nəyi dəyişdirə bilərəm?” kimi bəhanələrlə özlərini aldadırlar. Söhbətlərində insanların vəziyyətinə nə qədər kədərləndiklərini deyir, bəzən ehtiyacı olanlara kiçik yardımlar edir, ancaq bu pisliklərin tamamilə aradan qaldırılması üçün səy göstərmirlər. Halbuki unutmaq olmaz ki, acılara, çətinliklərə, pisliklərə qarşı səssiz qalan, ya da əlindən gələn ən çox səyi göstərməyən də bu tablodan məsuldur.

İkinci yol isə mövcud imkanların hamısını səfərbər edərək insanları olduğu vəziyyətdən qurtarmaq üçün fikri mübarizə aparmaq, bu mövzuda əsla ümidsizliyə düşməmək, şövqlə və əzmlə səy göstərməkdir. Səmimi, vicdanlı, məsuliyyətli insanlar, əlbəttə, ikinci yolu seçərlər. Zalımların, pislərin, əxlaqsızların və din əxlaqına qarşı olanların ittifaq qurduğu kimi, kitab əhlindən səmimi olaraq iman gətirənlər və səmimi müsəlmanlar da bu şər ittifaqına qarşı birləşməli, hər cür maddi və mənəvi imkanı toplayaraq ortaq fikri mübarizə aparmalıdırlar. Hər bir inanclı yəhudi, xristian, müsəlman bu istiqamətdə əlindən gələn səyi göstərməlidir. Beləliklə, dürüst, hörmətli, sevgi dolu, anlayışlı, incə düşüncəli, gözəl əxlaqlı insanlarla bərabər rahatlığın, sülhün, təhlükəsizliyin, xoşbəxtliyin və rifahın hakim olduğu bir mühitdə yaşamaq mümkün olar.

İndi kitab əhli və müsəlmanlar bir-birinə qarşı hər zamankından daha anlayışlı olmalı və kömək etməlidirlər. Unutmaq olmaz ki, birlik, bərabərlik və əməkdaşlıq müvəffəqiyyət gətirir. Çəkişmə, mübahisə və ixtilaf isə gücsüzlüyə səbəb olur. Üstəlik, yaşadığımız dövr bu əməkdaşlığın təcili surətdə təsis edilməsini tələb edir. İman gətirənlər din əxlaqına qarşı olanlarla fikri mübarizə aparmaqla yanaşı, dünya tarixinin ən müqəddəs dövrlərindən birinə, hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişinə də hazırlıq görməlidirlər.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə