təkbaşına istirahəti üstün tutdu. Bir də Raufla Nərgiz həmin istirahət
evində olmuşdular. Bacısı razı qayıtmışdı. Hər şeyə bir qulp qoyan,
yaxşını yamanlayan, olmayanı da özündən quraşdıran Nərgiz əgər bir
yerdən razı gəlmişdisə ora getməyə dəyərdi.
Pansionata gəldiyi elə birinci gün Teymur onların səhv
etmədiyini anladı. Bura doğurdan da füsunkar, dilbər guşələrdən idi.
Həndəvərliyi ağ daşdan hörülmüş səliqəli, yaraşıqlı barının
giriş qapısında istirahətə gələnləri əvvəl iki məğrur görünüşlü şir heykəli
salamlayırdı. Sonra da cənnətə düşdüyünü zənn edirdin.
Qarşına elə füsünkar mənzərə açılırdı ki, bilmirdin hara
baxasan. Sağa, sola, irəli, arxaya doğru uzanıb gedən çınqıl döşənmiş
cığırlar, meşəni xatırladan park, rəngarəng balıqların üzdüyü, dibi
aydınca görünən çarhovuz, göz oxşayan çəmənlik, gül – çiçək kolları,
sona təki bir – birinin dalınca düzülüb ətrafa sərinlik yayan fəvvarələr!...
Yüz metrlikdə ağacların arasında iri bir bina ağarırdı. Bu
dördmərtəbəli bina pansionatın əsas korpusu sayılırdı. Qalan fin
üslubunda tikilmiş qırmızı kərpicli evlər çəmənlikdə bitən lalələr təki
parkın müxtəlif tərəflərinə səpələnmişdi. Saf hava, qollu – budaqlı
ağaclar, göy xovlu otlar, əlvan çiçəklər, yaşıl budaqların arasındakı
yuvalarından tez-tez perikib uçan quşlar xoş ovqat yaradırdı. Elə bilirdin
meşədəsən. Adamı bircə əsas binanın və onun iyirmi addımlığında
yerləşən yeməkxananın dörd tərəfindən müxtəlif səmtlərə uzanıb gedən
gah gənbər daşı, gah əlvan çınqıllar döşənmiş cığırlar çaşdırırdı. Və sən
meşədə yox, insan əli ilə səhmanlanmış bir parkda olduğunu görürdün.
Bu səliqəli cığırlar evlərə, idman meydançalarına, yaşıl ördəklər, qu
quşları üzən gölməçəyə, kitabxanaya, yay, qış klublarına, rəqs
meydançasına, karusellərə aparırdı.
Pansionatda istirahər üçün şərait qənaətbəxş idi. Otaqlar,
yataq dəstləri təmiz idi. Nümayiş olunan filmlər, dadlı yeməklər,
ekskursiyalar və digər tədbirlər intizam və zövqdən xəbər verirdi.
Teymurun tək yaşadığı otağın eyvanından göylük içinfdə
itib batan park, kiçik oğlan heykəlindən fışqırıb çıxan fəvvarə, gavalı,
qoz, şabalıd ağacları, ətrafı güllərlə çəpərlənmiş üzümlüklər görünürdü.
İkinci mərtəbəyə Teymurun eyvanına boylanan akasiya ağacı da çox
xoşuna gəlirdi. Onun zərif ləçəkləri qar təki həzin – həzin eyvanına
oturduğu hörmə kresloya, saçlarına yağırdı. O, xidmətçi qadından
eyvana əl vurmamağı xahiş etmişdi. Akasiyanın zorla duyulan kövrək
ətri, yaxınlıqdakı iydə və yasəmənə qarışaraq qəribə qoxu yaradırdı.
Teymur buna bənzər, əlbəttə bundan da xoş duyğular
oyadan yerlərdə olmuşdu. Turist, müxbir kimi gəzmişdi. Başı göyləri
dələn mehmanxanalara düşmüşdü, ucsuz
–
bucaqsız səhralarda
gecələmişdi. Dənizlərdə gəmi ilə səyahətə çıxmışdı. Bəlkə bu istirahət
evi də onun yaddaşından öz xırda təfərrüatları ilə çoxdan silinərdi,
əlbəttə Mədinə ilə bağlı olmasaydı.
Dəniz pansionatın bir kilometrliyində idi. Ora getmək
üçün pansionatı tərk edib əsas giriş qapısından çıxırdın. Çimərlik şəhər
çimərliklərindən fərqlənirdi. Ayrıcaydı və hasara alınmışdı. Bura yalnız
vəsiqə ilə girmək olurdu. Kənar adamlar buraxılmırdı.
Çimərlik gözəl bir sahədəydi. Başdan-başa yaşıllığa qərq
olmuş sahil və möhtəşəm qayalıqlar dənizin içərilərindən daha
mənzərəli, daha füsnkar görünürdü. Özünü günə vermək üçün istənilən
qədər çimərlik taxtları adamların istifadəsinə pulsuz verilirdi. Sahildə
dayanan qayıqlar da avar çəkməyi bacaranlar üçün idi. Kim istəyir, bir
neçə saata qayıqla açıq dənizə çıxa bilərdi.
Litvadan gələn Viqra da o il ata – anası ilə birgə dincəlirdi.
Atası palkovnik idi. Anası isə orta məktəbdə litov dilindən dərs deyirdi.
Virqa onuncu sinfi bitirmişdi və o il sənədlərini heç yana verməmişdi.
Şux, yaraşıqlıydı. Boyu litovlara xas hündür idisə, göz və saçlarının
rəngi şabalıdıydı. Teymurun xoşuna elə ən çox qızın saçları gəlirdi.
Virqa səhərdən axşamadək dənizin sahilində düşüb qalırdı.
Onun saçlarından dəniz, yosun iyi gəlirdi. Səhərlər sinəsi və çiyni açıq
yaraşıqlı paltar geyir, başına ətrafı dəyirmi enli şlyapa qoyur , eynək
taxaraq dənizə yollanırdı. Axşamlar isə ayağının üzünəcən uzun don
geyinir, saçlarını tən ortadan ayırıb çiyinlərinə səpələyir, ata anasının
qoluna girib rəqsə, kinoya gedirdi.
Teymurun ondan xoşu gəlsə də qızla tanış olmaq ağlına
belə gəlmirdi. Bir də Teymurun başı ona meyl göstərən qadınlara elə
qarışırdı ki, Virqa yadına düşmürdü. Gecələr yatağa gec girdiyindən
səhərlər zorla qalxırdı. Çox vaxt səhər yeməklərinə də gəlmirdi.
Teymuru bu əyləncələrdən ən əvvəl Virqa ayırdı. Bir gün o, çimərlikdə
Teymura yaxınlaşıb sahildəki qayıqlardan birini göstərdi:
- Mənimlə qayıqda gəzmək istəməzdiz? – dedi.
O, Teymurun yanında əyləşən qadınların bir-birinin üzünə
baxıb mənalı-mənalı irişməsinə əhəmiyyət vermədən Teymurun əlindən
tutub qayıqlara sarı çəkdi.
Teymur onu qadınların yanında pərt etmək istəmədiyindən
qalxıb könülsüz-könülsüz ardınca getdi. Qayığı suyun dərin yerinə
itələməkdə Virqaya kömək etdi. Sonra keçib qayıqda əyləşdi. Virqa da
onunla üz-üzə oturdu. Onun əynində mavi rəngində çimərlik kostyumu
vardı. Mavi rəng onun yanmış çöhrəsinin təravətini daha da qabardırdı.
Virqa başına qoyduğu şlyapanı çıxartdı. İşvəylə saçlarını silkələyib
çiyinlərinə səpələdi.
- Mən pis qayıq çəkmirəm, -
dedi. Həm də sizin o
qadınlarla oturmağınızı istəmirəm. Onlar sizə yaraşmırlar. Gülümsədi.
Avar çəkməkdə davam edə-edə: - Siz burada hamıdan seçilirsiniz, - dedi.
- Nə ilə, - Teymur maraqlandı.
- Guya özünüz bilmirsiniz? – Qız narazı-narazı bildirdi.
Deyəsən Teymurun sualı xoşuna gəlməmişdi. Bir qədər susub suya sarı
əyildi. Əlini suya çatdırmaq istəyirdi.
- Yavaş, yıxılarsan, - Teymur ciddi, sərt xəbərdarlıq etdi.
Qız onun sözlərini vecinə almadan əlini suya çatdırdı və su ilə onamağa
başladı. Teymurun üzünə baxmadan:
- Siz çox gözəlsiniz, - dedi.
Teymur istehza ilə qımışdı. Bu qızın nəzərindən qaçmadı. O,
pərt olsa da yenidən qayıqdan suya uzandı. Teymur onun səhvini
düzəltdi:
- Kişiyə gözəl deməzlər. Virqa eynəyini çıxartdı, gözlərini
qıyıb burnunu qırışdırdı. Öz sözünün üstündə durdu:
- Qadınların da elə buna görə xoşuna gəlirsiz.
Teymur daha ona baş qoşmaq istəmədi. Virqanı uşaq hesab edirdi.
Ancaq onun uşaq olmadığını anladı. Su çoxaldıqca qayıq daha çox atılıb-
düşürdü. Sahildən çox uzaqlaşmışdılar. Sahilin hay-küyü tamam
eşidilməz olmuşdu.
Virqanın sözləri Teymurda heç bir duyğu oyatmadı. O,
çoxdan bu sözlərə
alışmışdı. Qadınların xoşuna gəldiyini lap
balacalıqdan, altıncı sinifdən bilirdi. Onlar hər yerdə Teymuru birinci
görür, birinci də qəlblərini açırdılar. Teymur əvvəlcə zahirən onların
xoşuna gəlirdi. Ancaq qızlar ona daha yaxından bələd olandan sonra,
Teymurun da ən çox ehtiyat eydiyi bu idi, qırsaqqız olub yaxasından
Dostları ilə paylaş: |