... Mədinə qara rəngli çimərlik paltarındaydı. Teymur əvvəlcə onu
arxadan gördü. Qadın onu boyu, qaməti, bir də bədəninin burada heç bir
qadında olmayan rəngi ilə cəlb etdi. Elə bil onun hamar, zərif dərisinə
qatı qızıl çəkmişdilər, yaxud da buna bənzər rənglə boyamışdılar. Sanki
onun bədəninə günəşin odu hopmuşdu. Elə bil günəşin isti öpüşlərindən
həyalanıb qızarmışdı. Bu, qeyri-adi bir rəng idi. Teymur onu bilirdi ki,
ömründə belə gözəl rəngdə qadın bədəni görməyib. Başında gözlərinə
kölgə salan papaq vardı. Gözlərini isə eynək gizlədirdi. Üzü aydın
seçilməsə də şux, sağlam, qüvvətli bədəni, uca qamətinə münasib gözəl
ayaqları, dik, iri, yumru döşləri diqqəti uzaqdan çəkirdi. O, yaşlı bir
qadınla söhbət edirdi. Rusca təmiz, qüsursuz danışırdı, bəlkə elə buna
görə Teymur ilk baxışda onun milliyətini təyin edə bilmirdi.
İndiyə qədər ona burada təsadüf etməməsi Teymuru
heyrətləndirirdi. İstirahət evində gözə çarpan qadınların demək olar ki,
hamısını tanıyırdı. Bəs bu harada imiş? Teymurun nəzərərindən necə
yayına bilib.
Adamlara səmimi söhbətindən hiss olunurdu ki, o, hamını,
hamı da onu tanıyır və bura təzə gəlməyib. Mədinə gün papağını və
eynəyini çıxartdı. Gözəl üzü, əsmər çöhrəsi ilə tam təzad təşkil edən
yamyaşıl, qaynar, hakimanə gözləri elə cazibədar idi ki, Teymur
baxışlarını qopara bilmirdi. Saçlarını yığmışdı. Onun bütün varlığında
sirayətedici bir təravət vardı, açıq, aydın ciddi baxışlarında həyat sevinci
alovlanırdı.
O, qadına yaxınlaşmaq istədi. Ancaq, elə bil yuxudan
ayıldı. Özünü üzgüçü tumanında gördü. Belə
görkəmdə
ona
yaxınlaşmaqdan utandı. Onun baxışları, duruşu nəcib, hörmətə layiq idi.
Ciddi, dalğın simasından, fikirli gözlərindən ucalıq, ləyaqət yağırdı.
Həyalı, ismətli olduğu hiss olunurdu. Teymur şalvar və köynəyini
götürüb geyinmək üçün bura qoyulmuş köşklərdən birinə girdi.
Geyinib çıxanda onu gördüyü yerdə tapmadı. Bu vaxt lap
yaxınlıqda, azərbaycan dilində “Kəmalə, daşların üstünə çıxma, sürüşüb
yıxılarsan, bura çox dərindir” sözlərini eşitdi. Teymur bu adamın kim
olduğunu görmək üçün səs gələn tərəfə çevriləndə onun gözəl, balaca bir
qızın əlindən tutduğunu gördü. Anasından savayı hələ heç vaxt, heç bir
qadının səsi Teymura bu qədər məlahətli, doğma, şirin, xoş gəlməmişdi.
Teymur hələ çox-çox sonralar da Kəmalənin Mədinənin
qızı olduğuna inana bilmirdi. Təkcə Teymur deyil, istirahət evində
olanların çoxu onun zarafat etdiyini zənn edirdi. Çünki Mədinə öz
yaşından deyil, hətta 17 yaşlı Virqa ilə müqayisədə də şux, təravətli idi.
Ancaq o vaxt Mədinənin 35 yaşı vardı.
Təbiət ondan heç nə əsirgəməmişdi. Bəlkə elə buna görə də
Mədinə ənlik-kirşandan istifadə etmirdi. Üzü qüsursuzdu. Alnında tük
nazikliyində də xəttlər tapmazdın. Sudan başqa heç bir boya görməyən
əsmər çöhrəsi təzə dərilmiş tər alma təki təravətli idi. Danışanda bir
boyda, bir biçimdə mərcan təki sıralanmış ağ dişləri əsmər çöhrəsini
işıqlandırırdı. Nar giləsi rəngində olan dodaqları Teymura şəkər təki
dadlı, şirin gəlirdi. Teymuru hər şeydən çox sevindirən öz gözəlliyi və
şuxluğu ilə bu qədər qadını kölgədə qoyan onun həm də azərbaycanlı
olması idi.
Mədinə gözəlliyi ilə təkcə kişiləri yox, qadınları da valeh
edirdi. Qadınların çoxu onun rənginə həsəd aparır, onun təki yanmaq
üçün dənizin qırağından əl çəkmir, bütün günü taxtlara sərilir, saatlarla
tərpənməz durur, yaxşı yanmaq üçün cürbəcür kremlər çəkir, bir sözlə,
nə hoqqalardan çıxmırdılar. Onu görəndə çoxları heyrətlə içini çəkirdi.
Onun gözəlliyi adamları dilləndirirdi: “ Ничего не скажеш, она очень
красивая,” “Mне нравится ее загар.
У нее необыкновенный
золотистый загар”, “а мне ее глаза нравятся. Такие выразительные,
жгучие”. Hətta səsinə də vurulanlar vardı: “ A голос мягкий,
радостный, бархатный.”
Teymur elə o gün Mədinə barədə hər şeyi bilmək
istəyirdi. Mədinə Raufgilin işçilərindən idi. Amma dəstəyi Rauf yox,
bacısı götürdüyü üçün Teymur dərhal fikrindən daşınıb dəstəyi asdi.
Mədinənin füsünkar, bir az da elə bil, kədər tozu səpilmiş baxışlarında
bütün varlığını silkələyən elə bir şey duydu ki, haqqında nəsə soruşub
öyrənmək ona qəbahətli, təhqiramiz gəldi.
Mədinənin çöhrəsində elə bir ləyaqət, elə bir vüqar, ucalıq,
adamı əsir edən elə bir məlahət, incəlik vardı ki, barəsində şübhəli
fikirlərə düşməyin özü adamı, çirkin, həqarətli gəlirdi. Həm də Teymur
kifayət qədər qadınlara bələd idi. O, vaxt tutqun, dumanlı olsa da ilk dəfə
olaraq hiss etdi ki, bu qadın kimdirsə, onun aradığıdır, könlünə, qəlbinə
yatandır. Qadından görmək istədiyi nə vardısa, bütünlüklə onun
simasında cəm olmuşdu.
O gündən Teymur üçün yeni aləm açıldı. Mədinəni
izləməyə başladı. Onu indiyə qədər nə üçün görə bilməməsi öz- özünə
aydınlaşdı. Mədinə diqqət cəlb etməyi sevmirdi. Yeməyə hamıdan tez
gəlir, tez də gedirdi. Pansionatın çimərliyinə çox az hallarda gəlirdi.
Əsasən yaxınlıqdakı şikəstlər üçün nəzərdə tutulan çimərliyə gedirdi. Bu
çimərlik digər ümumi çimərliklərdən fərqli olaraq hasara alınmışdı. Giriş
vəsiqə ilə olsa da üzə bilməyənlər ora gedirdilər. Orada sahil Bakı
çimərliklərində olduğu təki dayaz və qumluydu. Uşaqlar üçün də
əlverişli idi.
Mədinəni tez-tez paltarlarını dəyişən, saçlarını müxtəlif
formaya salan görməzdin. Saçları dağınıq, açıq şabalıdı rəngdə idi.
Birçəkləri ağarmışdı. Saçlarına tez dən düşsə də bu onun yaşına xələl
gətirmirdi. Onun təmkinli yeriş və hərəkətlərindən, adamlarla müxtəlif
mövzularda danişa bilmək bacarığından hərtərəfli bilik sahibi, elmli
olduğu hiss olunurdu.
Kinodan qalmırdı. Rəqsə isə çox az – az hallarda gəlirdi.
Bir küncdə əyləşib oynayanlara tamaşa edirdi. Rəqsə onu Kəmalə dartıb
gətirirdi. Sevimli məşğuliyyəti mütaliə idi. Tez – tez kitabxanaya gedirdi.
Əlində həmişə kitablar, qalın jurnallar olurdu.
Gənclik, sağlamlıq onun çöhrəsindən alov təki püskürsə də
gözəlliyi qarşısındakını məftun qoysa da özü ağır, ciddi, təmkinli idi.
Qaraqabaq deyildi, yox. Teymur onun gülüb- danışdığının, yumor
hissinin güclü olduğunun da şahidi olmuşdu. Zarafat və sözlərində də bir
şirinlik, lətafət var idi.
Pansionatda hamıdan seçilən təkəbbürlü, lovğa qocanın
üzündəki donuq ifadə də ancaq Mədinəni görəndə dəyişirdi. “Bu qoca da
gülünsəyə bilirmiş,” - Teymur düşünürdü. Kişi DTK-nın Moskvadakı Ali
məktəbinin müəllimi idi. Hamıya tənqidi yanaşır, özündən razı təsir
bağışlayırdı. Onunla söhbət etmək asan deyildi. Müsahibi özü seçirdi.
Boşboğazlardan, sərxoşluq və avaraçılıq edənlərdən xoşu gəlmirdi. Buna
görə adamlar da ondan qaçırdılar. Heç Teymur da onu xoşlamırdı. Ona
elə gəlirdi ki, qoca bilərəkdən ədəbazlıq edir, özünü dartmaqla hamıdan
mərtəbəcə fərqləndiyini göstərmək istəyir.
Budur, Mədinəni görəndə bu idbar qoca da başqalaşırdı. Özü
Mədinəyə yaxınlaşıb salam verir, Kəmalənin başını sığallayırdı: “Axşam
bizə gəlin,arvadımla gözləyəcəyik,- deyirdi. Kinoya gələndə də ər –
arvad Mədinə üçün öz yanlarında bilet alırdılar. Mədinə bəzən saatlarla
həmin kişi ilə skamyada oturub söhbət edirdi. Qoca ilə arvadın Mədinəyə
Dostları ilə paylaş: |