Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

www.vivo-book.com 
 
103 
kəndiri  bir  düym  də  yığa  bilməmisən.  Bəs  bir  azdan  balıq 
dövrə vurmağa başlayanda neyləyəcəksən? 
O,  tilov  ipini  sol  əli  ilə  tutub  çiyninin  köməyi  ilə 
saxladı, əyilib sağ əliylə dənizdən bir ovuc su götürüb üzünə 
vurdu.  Qorxurdu  ki,  sifətinə  bulaşmış  yumşaq  ətin  iyi 
ürəyini  bulandırar,  başını  gicəlləndirib  onu  gücdən  salar. 
Üzünü yuyandan sonra əlini şor suda bir qədər də saxlamaq 
niyyətilə  qolunu  qayığın  kənarından  dənizə  salladı, 
ağarmaqda olan göy üzünə baxdı. Qayığın sürətiylə yanaşı, 
istiqaməti də müəyyən etdi: “Balıq indi üzü gündoğana üzür, 
bu  da  onu  göstərir  ki,  get-gedə  yorulur,  heydən  düşdükcə 
suyun  axınıyla  getməyə  üz  qoyur.  Tezliklə  dövrə  vurmağa 
başlayacaq. Mənim əsl işim də bax elə onda başlayacaq”.  
Sağ  əlini  bir  az  şor  suda  saxlayandan  sonra  çölə 
çıxartdı və ona diqqətlə baxıb:  
– Qorxulu bir şey yoxdur, – dedi. – Kişi olan kəs ağrıya 
da, əziyyətə də dözməlidir. 
Təzə  yaralara  toxunmamaq  üçün  kəndirdən  çox 
ehtiyatla yapışıb özünü birtəhər qayığın o biri tərəfinə verdi 
ki, sol əlini dənizə sallayıb şor suda bir az da saxlasın.  


www.vivo-book.com 
 
104 
–  Yaralı  olsa  da,  babat  işləyir,  amma  sən,  –  deyə  sol 
əlinə müraciət etdi, – arabir az qalırdın məni peşman edəsən.  
“Niyə  mən  bir  cüt  yaxşı  əllə  doğulmamışam,  niyə 
əllərimin ikisi də eyni sərrastlıqda deyil? – qoca fikirləşdi. – 
Görünür, öz günahımdır. Yaxşı işləməyə sol əlimi də gərək 
əvvəldən  vərdiş  etdirəydim.  Yəqin  mən  bunu  eləməmişəm. 
Allah  özü  şahiddir  ki,  hərgah  istəsəydi,  öyrənməyə  bəs 
deyincə  imkanı  olub!  Amma,  insafən,  gecəyarısı  pis 
işləmirdi, arada cəmisi bircə dəfə qıc oldu. Qıc olmaqdansa, 
qaytanın onu biryolluq kəsib tullaması yaxşıdır”.  
Qoca  gördü  ki,  acından  başı  gicəllənir,  skumbriyanın 
ətindən  bir  az  çeynəməlidir.  Amma  fikrindən  daşınıb  öz-
özünə  dedi:  “Yox,  yeyə  bilmərəm.  Başgicəllənmə 
ürəkbulanmadan  yaxşıdır.  Sifətim  ət  parçasını  xəşilə 
döndərəndə bilmişdim ki, onu daha ağzıma vura bilmərəm. 
Yeyən  deyiləm,  amma  xarab  olanacan  saxlayacam.  Onsuz 
da  qüvvə  yığmaq  gecdir,  yedim-yemədim,  fərq  etməz. 
Axmaq  qoca!  –  bu  yerdə  özünü  söyməyə  bilmədi,  –  axı  ay 
axmaq  qoca,  qanadlı  balığın  o  birisini  ki,  götürüb  yeyə 
bilərsən”.  


www.vivo-book.com 
 
105 
Bayaqdan  təmizləyib  hazır  qoyduğu  qanadlı  balığı  sol 
əliylə  yerdən  qaldırıb  ağzına  atdı,  sümüklü-sümüklü 
çeynəyərək quyruğunacan sümürdü.  
Sonra  öz-özünə  dedi:  “Çox  yaxşı  balıqdır.  Adamı 
əməlli-başlı  doydurur.  Mənə  lazım  olan  hər  şey  onda  var. 
Mən əlimdən gələni elədim, qoy indi dənizdəki nəhəng balıq 
nə  qədər  istəyir  dövrə  vursun.  Qoy  o  da  əlindən  gələni 
eləsin. Ya ona verər Allah, ya mənə”. 
Qoca dənizə çıxandan bəri günəş üçüncü dəfə doğurdu; 
balıq da elə bil, günəşin çıxmasına bənd idi – dərhal dövrə 
vurmağa başladı. 
Qoca  ha  çalışdısa  da,  kəndirin  dəniz  səthi  ilə  əmələ 
gətirdiyi  meyl  bucağını  təyin  edə  bilmədi.  Hazırda  bu 
mümkün  deyildi,  həm  də  hələ  tez  idi.  Gərginliyin  bir  az 
səngidiyini  hiss  edəndə  sağ  əliylə  ipi  yığmağa  başladı. 
Kəndir təzədən əvvəlki tarım vəziyyətə gəlib, az qaldı qırıla. 
Lakin  gərginlik  qəfildən  azaldı  və  kəndir  xeyli  boşaldı.  İşi 
belə  görəndə  qoca  azca  əyildi,  çiyinləri  də,  kəlləsi  də  ağır 
yükdən  qismən  xilas  oldu;  qaytanı    tələsmədən,  aramla 
çəkməyə  başladı.  O  gah  sağ,  gah  da  sol  əlini  ata-ata 


www.vivo-book.com 
 
106 
işləyirdi. Əl-qol atdıqca yorğun ayaqları və çiyinləri əllərinə 
kömək edirdi.  
– Çevrəni çox aralıdan götürüb, amma odur ey, başlayır 
dövrə vurmağa.  
Birdən  qocanın  yığa-yığa  dəstələdiyi  kəndirin  gerisi 
gəlmədi.  O,  ipi  dartanda  su  damcıları  ətrafa  səpələnib  gün 
işığının  altında  par-par  parıldadı.  Cavab  qaytarırmış  kimi 
balıq da kəndiri  özünə tərəf  dartdı; qoca dizləri üstə  çöküb 
ipi yavaş-yavaş suya buraxdı.  
–  Bilirəm,  –  dedi,  –  indi  iri  dövrə  vuracaq,  mən  də 
bacardığım  qədər  gərək  onu  yüyənləyim,  hər  dövrəni 
vurduqca  yüyənini  dartıb  dairəni  kiçildim.  Ola  bilsin,  bir 
saata  onu  görə  bildim.  İndi  mən  onu  inandırmalıyam  ki, 
mənimlə  bacara  bilməz,  buna  gücü  çatmaz;  sonra  da  vurub 
öldürməliyəm. 
Lakin iki saat keçsə də, balıq hələ də qayığın ətrafında 
eləcə aramla fırlanmağında idi. Qoca qan-tər içində əlləşirdi, 
yorulub  taqətdən  düşmüşdü.  Düzdür,  bu  müddət  ərzində 
dairə  də  xeyli  kiçilmişdi,  kəndirin  dəniz  səthindəki  meyl 


www.vivo-book.com 
 
107 
bucağından açıq-aydın görünürdü ki, balıq yavaş-yavaş üzə 
çıxır. 
Artıq  bir  saat  olardı  ki,  qocanın  gözlərinə  qaranlıq 
çökür,  tər  axdıqca  elə  bil  alnındakı  yaraların  üstünə  duz 
səpirdilər.  Gözlərinin  önündə  hərdən-hərdən  görünüb-yoxa 
çıxan  qara  ləkələr  onu  çox  da  qorxutmurdu;  kəndiri 
çıxartmaqçün  sərf  etdiyi  gücü  və  gərginliyi  nəzərə  alanda 
burada  təəccüblü  bir  şey  yox  idi.  Amma  iki  dəfə  tam 
sustaldığını hiss etdi və bundan bərk təşvişə düşdü. 
– Olmaya, bu balığın əlində aciz qalıb öləcəm? Özü də 
işin  düz  gətirdiyi  bir  vaxtda,  –  qoca  özündən  soruşdu.  – 
Özün  kömək  ol,  ilahi!  Əhd  edirəm  ki,  yüz  dəfə  “Həzrəti 
İsa”,  bir  o  qədər  də  “müqəddəs  Məryəm”  duası  oxuyaram. 
Amma indi yox, bu saat yox. 
“Elə  hesab  elə  ki,  oxumuşam,  –  xəyalən  tanrısına 
müraciət etdi, – sonra mütləq oxuyacam”.  
Bu vaxt ikiəlli yapışdığı kəndir qəfil dartılmağa başladı 
və qoca güclü təkan hiss etdi. Zərbə də, təkan da çox şiddətli 
oldu. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə