www.vivo-book.com
108
“Burnunun üstündəki qılıncla qarmağa bağlanmış
məftili qırmaq istəyir, – qoca düşündü. – Əlbəttə, belə də
eləməliydi. Amma bu onu tullanmağa, atılıb-düşməyə vadar
edəcək, mənə isə bu dəqiqə balığımın dövrə vurması sərf
eləyir. Qoy hələ bir az da fırlanmağa davam eləsin. Atılıb-
düşmək balığa ondan ötrü lazım idi ki, canına hava
doldursun, amma indi hər belə tullanış qırmağın açdığı
yaranı genəldər, qarmaq yerindən çıxa bilər”.
– Balığım, hoppanma, xahiş edirəm, hoppanıb-düşmə!
Balıq məftilə daha bir neçə dəfə sərt zərbələr endirdi,
qoca da hər dəfə başını bulayıb kəndiri az-az boşaltdı.
“Onu incitmək, yarasına toxunmaq olmaz. Necə var,
qoy elə də qalsın. Mənim öz yaralarımın, ağrılarımın
əhəmiyyəti yoxdur. Bütün cəfalara dözməliyəm. Balıqsa
hədsiz ağrıdan quduzlaşa bilər”.
Bir azdan balıq daha məftili döyəcləmədi, öz dövrəsini
yenə dinc şəkildə vurmağa başladı. Qoca da kəndiri aramla
yığmağında idi ki, birdən halı qarışdı, başı təzədən
gicəlləndi; sol əliylə dənizdən bir ovuc su götürüb başına
www.vivo-book.com
109
çilədi. Sonra bunu bir də təkrar elədi və yaş əlini peysərinə
çəkib boynunu bərk-bərk ovuşdurdu.
– Başım gicəllənsə də, şükürlər olsun ki, heç yerim qıc
olmur, – dedi. – İndicə balıq üzə çıxacaq, gərək bərk
dayanım. Dözümlü ol, qoca! Sən mütləq duruş gətirməlisən,
heç başqa cür ola da bilməz! Ağlına ayrı şey gətirmə, özgə
fikirləri biryolluq başından çıxart!
Qayığın içində dizi üstə düşüb yenə kəndiri kürəyinə
sürüşdürdü. “Nə qədər ki balığın başı fırlanmağa qarışıb, heç
olmasa, mən bir az dincimi alım, elə ki üzə çıxdı, durub işini
bitirərəm”.
Qoca kəndirə əl vurmadan elə çömbəldiyi yerdəcə
oturub doyunca, bəs deyincə dincəlmək istəyirdi, balığa da
imkan vermək istəyirdi ki, kefi nə qədər istəyir dövrə
vursun. Amma ip tarım dartılanda, balıq dövrəni yarımçıq
vurub qayığa tərəf üzəndə qoca məcbur oldu ki, ayağa
qalxıb kəndiri yığmağa başlasın. O, növbə ilə gah bir, gah da
hər iki qolunu yelləməklə, eyni vaxtda sağa-sola
döndərməklə tilov ipini mümkün qədər tez dəstələməyə
cəhd etdi. Fikirləşdi ki, ömrümdə hələ heç vaxt belə
www.vivo-book.com
110
yorulmamışam, bu yandan da külək qalxır. Amma yox,
küləyin olmağı yaxşıdır; səmt küləyidir, balığı aparmağa
mənə kömək edər. Əcəb yerinə düşdü. Balıq təzədən dövrə
vurmağa başlayanda mən bir az dincələrəm. İndi halım
babatdır. Qoy iki-üç dəfə də dövrə vursun, sonra onun
nəfəsini kəsəcəm”.
Həsir şlyapası peysərinə düşmüşdü. Balıq geri dönüb
kəndiri dartmağa başlayanda taqəti kəsilmiş qoca tamamilə
süstləşib qayığın burnuna çökdü.
“Balıq, indi bir az da sən əlləş, – qoca düşündü, – elə
ki, yorulub geri qayıtdın, kələyini kəsəcəm”.
Dənizdə iri bir dalğa əmələ gəldi, amma aydın havanın
bələdçisi olan nəcib külək onu qovub apardı. Hə, bu külək
evə qayıdarkən qocaya çox lazım olacaqdı.
– İndi mən qayığı cənuba tərəf sürməliyəm. Bir az da
üzü günbatana. Vəssalam, burda nə var ki? Bəyəm dənizdə
azmaq olar? Üstəlik də, bizim adamız uzundur.
Balıq fırlanıb üçüncü dövrəni başa vuranda qoca onu
gördü. Ona elə gəldi ki, qayığın altından çox yekə bir kölgə
www.vivo-book.com
111
keçdi; təəccüb və heyrət gözləri bərələ qaldı; gözüylə
gördüyünə heç cür inana bilmədi.
– Yox, – dedi, – ola bilməz, bu yekəlikdə balıq olmaz!
Həqiqətən də, balıq çox nəhəng balıqdı.
Son dövrəni başa çatdırıb qayıqdan otuz yard məsafədə
üzə çıxanda qoca mavi dənizin səthində onun açıq-
bənövşəyi rəngə çalan çox iri, oraqvari quyruğunu gördü.
Balıq təzədən suya cumdu, lakin bu dəfə çox dərinə
gedə bilmədi. Qoca onun nəhəng gövdəsinə və bu gövdəni
bəzəyən bənövşəyi rəngli enli zolaqlara heyrətlə baxdı.
Balığın bel üzgəci yana sallanmışdı; yeni dövrə vuranda
qoca onun gözlərini də gördü.
Balıqla yan-yana boz rəngli bir cüt zəlibalığı da
üzürdü; onlar tez-tez irəli cumub balığın böyründən yapışır,
dərhal da cəld sıçrayışla kənara tullanırdılar; hərdən də onun
kölgəsində daldalanıb üzürdülər.
Zəlibalıqlarının hər biri üç fut uzunluğunda olardı.
Sürətlərini artıranda onlar elə qıvrılırdılar ki, elə bil xalis
ilanbalığıydılar.
www.vivo-book.com
112
Qocanın bədəni tər içindəydi. Bu təkcə günəşin
istisindən yox, həm də gərgin işləməkdən idi. Balıq aramla
dövrə vurduqca qoca da kəndiri yığırdı; indi arxayın idi ki,
ikicə dövrədən sonra nizəni balığa sancmağa imkan tapacaq.
“Gərək onu mümkün qədər yaxına gətirim, qayığın lap
yaxınlığına gəlməyə vadar edim, – qoca düşündü. – Başını
yox, ürəyini nişan almalıyam. Zərbə düz ürəyinə
saplanmalıdır”.
– Hə, qoca, gücünü topla, özün də hövsələli ol!
Sonrakı dövrəni vuranda balığın beli suyun üzünə
çıxdı, ikinci dövrə başa çatanda isə sudan xeyli yuxarı
qalxdı. Amma o hələ də uzaqdaydı. Qoca çox yaxşı başa
düşürdü ki, əgər kəndiri bir az çox yığsa, balığı qayığın lap
böyrünə gətirə bilər.
Nizəni çoxdan hazır qoymuşdu, sapına bağladığı nazik
məftilin ucunu da qayığın burnundakı kötüyə bənd eləmişdi.
Məftil kələfi girdə səbətin içindəydi.
Balıq yavaş-yavaş dövrə vurur və qayığa yaxınlaşırdı.
Öz yekə, qəşəng quyruğuyla mavi suları ehmalca
Dostları ilə paylaş: |