“Milli Məclis”.-2010.-№3-4.-S.68-71.
AZƏRBAYCAN ALI TƏHSİLİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ:
REALLIQLAR, PROBLEMLƏR, TƏKLİFLƏR
Əhməd Vəliyev
Millət vəkili, professor
Hər bir ölkənin təhsil sisteminin durumu həmin ölkənin dayanıqlı və ardıcıl inkişafını təmin edən əsas
amillərdən biridir. Təhsilin keyfiyyəti və onun hamı üçün əlçatan olması bütün dünya ölkələrinin təhsil siyasətinin
əsas prioritetinə çevrilib. Əsas zənginliyi insan kapitalı hesabına formalaşan inkişaf etmiş ölkələr hələ də təhsil
sistemlərində islahatlar aparırlar. Təcrübələr bölüşür, inteqrasiya üçün yeni üsullar axtarılır. Müstəqillik əldə etmiş
Azərbaycan dünyada gedən bu proseslərdən heç vəchlə geri qala bilməzdi. Sovetlər İttifaqı süquta uğradıqdan sonra
Azərbaycan təhsilinin qarşısında iki mühüm problem dayanırdı: yeni qanunvericilik bazası yaratmaq və islahatlara
təkan vermək.
Ölkəmizdə təhsil sahəsində islahatlar 1999-cu ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən
"Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunduqdan sonra başlanılmışdır. Həmin
proqrama uyğun ali təhsildə də struktur dəyişiklikləri aparılmış, təhsil müəssisələrinə müstəqillik və geniş
səlahiyyətlər verilmiş, bir sıra ali məktəblər öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmuşdur.
Ümummilli liderimizin uzaqgörən siyasəti özünü çox gözlətmədi. Elə həmin ilin 19 iyununda 29 Avropa ölkəsinin
təhsil nazirləri "Vahid Avropa təhsil məkanı"nın yaradılması məqsədilə "Boloniya Bəyannaməsi" adlı məşhur
sənədi imzaladılar. Bu sənədin də əsas qayəsini təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlərin verilməsi
təşkil edir.
Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulmuş və bununla da faktiki olaraq ali təhsildə aparılacaq
islahatların istiqaməti müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 22 may tarixli sərəncamı ilə
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" təsdiq
edilmişdir. Dövlət Proqramının əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun
məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin
edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə
informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının
yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və
sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.
Boloniya prosesi Avropa Dövlətləri ailəsinə qoşulmuş Azərbaycan üçün sosial, siyasi və mədəni
səviyyələrdə böyük əhəmiyyət kəsb edir. Bu proses ali məktəblərdə, əmək bazarında və ictimai sektorda islahatlar
aparılmasına, ali məktəblərin maliyyələşmə sisteminin modernləşməsi və onların maliyyə dayanıqlığının
artırılmasına təsir göstərir. Bu prosesdə Azərbaycan təkcə öz təhsil sistemini Boloniya standartlarına
uyğunlaşdırmır, həm də öz milli adətlərini Avropa ali təhsil məkanında birgə ünsiyyət dilinə köçürür. Bu məsələ
artıq hər bir Azərbaycan vətəndaşını maraqlandırır. Azərbaycanın bu prosesə qoşulmasına qloballaşma
prizmasından baxmaq lazımdır. Bu prosesdə Azərbaycana təsir edən 3 qlobal tendensiyanın adını çəkmək istərdim.
Birincisi, beynəlxalq akademik mobillikdir. Kompyuter şəbəkəsi vasitəsilə külli miqdarda informasiya əldə
etmək mümkündür. Buna baxmayaraq, biliklər hələ də ənənəvi metodla planeti dolaşır. Bu tələbə və müəllim
yerdəyişmələri, akademik proqramlar, təhsil standartları və metodlarının mübadiləsi vasitəsilə baş verir. Ənənəvi
cəmiyyətdə olduğu kimi, indinin özündə də insanlar əsas informasiya və bilik daşıyıcıları kimi qalırlar. Azərbaycan
informasiya cəmiyyətinin dəyərlərindən kənarda qala bilmədiyi kimi, dünyanı ağuşuna alan bu prosesdən də
kənarda qala bilməz.
İkincisi, müasir dünyada bilik istehsalın əsas hərəkətverici qüvvəsinə çevrilir. Hər bir ölkənin
iqtisadiyyatının rəqabətə davamlı və dayanıqlı olması üçün həmin ölkə iqtisadiyyatı öz bilik potensialının, kadr
bazarının, innovasiyaların, həmçinin təhsilə ayrılan investisiyaların açıq və beynəlmiləl olmasını qarşıya məqsəd
qoymalıdır. Boloniya prosesi bilik iqtisadiyyatı hesabına ölkələr arasında yaranan fərqləri aradan qaldıra və geniş
imkanlar aça bilər.
Üçüncüsü, bu proses ən qiymətli milli dəyəri - insan kapitalını formalaşdırır. Amerika iqtisadçısı Nobel
mükafatı laureatı Qeri Bekker tərəfindən ötən əsrin 60-cı illərində elmi terminologiyaya gətirilmiş bu anlayış artıq
keyfiyyətli ali təhsilin sinoniminə çevrilib. Bu baxımdan ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına
çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. İnsan kapitalına investisiya
qoyuluşu dedikdə təhsilə xərclənən vəsait nəzərdə tutulur. Məhz bu, özündə bilik, bacarıq və vərdişləri ehtiva edən
ixtisaslaşmış fəaliyyəti təmin edir. Burada dahi Hüseyn Cavidin indiki dövrlə səsləşən məşhur bir kəlamı yada
düşür: "Elmdən edilən istifadə yalnız mənəviyyata münhəsir deyil, maddiyyat ilə də münasibətdar olmalıdır".
Ölkə üçün yerli səviyyədə mütəxəssis hazırlanması naminə bütün mümkün imkanlardan (maddi və mənəvi)
istifadə olunur. Azərbaycanın istedadlı övladlarının dünyanın aparıcı ölkələrinin ali məktəblərində təhsillərini
davam etdirmələrinə dövlət səviyyəsində şərait yaradılır. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə
təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
olduqca böyük əhəmiyyət kəsb edir. Bu proqramın əhəmiyyəti ilə bağlı maraqlı bir misala müraciət etmək istərdim.
Türkiyə universitetlərinin beynəlxalq səviyyədə akkreditasiya prosesi 1999-2000-ci illərdə başlayıb. Qardaş ölkədə
ilk akreditasiyadan keçən universitet Ortadoğu Texniki Universiteti oldu. Bu ali məktəbdə çalışan müəllim
heyətinin 70%-ni Avropa və ABŞ universitetlərində təhsil görmüş şəxslər təşkil edirlər. Təhsilin keyfiyyətinin
beynəlxalq səviyyədə qiymətləndirilməsində həmin heyətin müstəsna rolu olmuş-dur. Bu mənada dövlət hesabına
xarici ölkələrin ali məktəblərinə təhsil almağa göndərilən Azərbaycan gənclərinin gələcəkdə ölkəmiz üçün insan
kapitalının formalaşmasında əvəzsiz əhəmiyyəti var.
Azərbaycan təhsilinə dünya səviyyəsində diqqətin artırılması istiqamətində görülən çox önəmli tarixi bir
hadisəni diqqətə çatdırmaq istərdim. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 30 ölkənin 200-dək təhsil ekspertinin iştirak etdiyi
"Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda Bakı şəhərində keçirilən savadlılıq, xüsusən də yaşlıların təhsili
problemlərinə müasir yanaşma-ları ifadə edən YUNESKO-nun regional konfransı təhsil tariximizdə mühüm hadisə
olmaqla bərabər, dünyada Azərbaycanın qabaqcıl təhsil tendensiyalarını dəstəkləyən ölkə imicini daha da
yüksəltmişdir.
Ölkəmizdə təhsil sahəsində aparılan çoxşaxəli islahatlar ali təhsil sistemində yeni maliyyə mexanizmlərinin
tətbiqindən yan keçə bilməzdi. Bu baxımdan ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il fevralın 10-da imzaladığı fərmanın olduqca
böyük əhəmiyyəti var. Bu fərman dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində
kadr hazırlığının adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsinə imkan verir. Adambaşına
maliyyələşmə hər bir tələbəyə ayrılan vəsaitin daha səmərəli xərclənməsinə və tələbə mobilliyinə geniş meydan
açacaq. Hər bir tələbə maliyyə müstəqilliyinə və sərbəstliyə nail olacaq. Həmin fərmanda xarici ölkələrin müvafiq
sahədə qabaqcıl təcrübələrinin öyrənilməsi də nəzərdə tutulur. Dünyanın aparıcı ölkələrində hər tələbəyə düşən
vəsait bizim tələbələrlə müqayisədə çox yüksəkdir. Müqayisəli təhlillər adambaşına maliyyələşmədə mühüm dönüş
ola bilər. Bu, həm də ali məktəblərin infrastrukturunun yaxşılaşmasına möhkəm zəmin yaradar.
Mükəmməl təhsil qanunvericiliyi həyat səviyyəsinin yüksəlməsinə, ictimai birliyə və həmrəyliyə, sosial
ədalətsizliyin təzahürlərinin minimum səviyyəyə endirilməsinə istiqamətlənmiş müasir dövlətin atributudur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qəbul olunmuş islahat proqramları və digər
sənədlərdə cəmlənən ideyalar və müasir baxışlar "Təhsil haqqında" Qanunun yazılmasında önəmli rol oynamışdır.
Hal-hazırda "Ali təhsil haqqında" qanun layihəsi hazırlanır. Əminliklə demək olar ki, Azərbaycanda təhsil
sahəsində indiyədək aparılan islahatlar ali təhsil haqqında mütərəqqi bir qanun layihəsinin hazırlanmasına zəmin
yaradır.
Təhlillərimizin nəticəsi olaraq, aşağıdakı mühüm məsələlərin qanun layihəsində öz əksini tapması
məqsədəuyğun olardı.
- Dünyanın aparıcı ölkələrində - dövlət hesabına təhsil almış məzunların vətənə dönərək təhsil
müəssisələrində işləməsi Azərbaycanda təhsilin ən böyük problemi olan kadr çatışmazlığının aradan qaldırılmasına
köməklik göstərə bilər.
- Ölkə başçısının sərəncamı ilə 2010/2011-ci tədris ilindən başlayaraq mülkiyyət formasından asılı
olmayaraq, ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə dövlət
sifarişi əsasında həyata keçiriləcəkdir. Düşünərəm ki, Azərbaycanda bazar iqtisadiyyatı şəraitində əmək bazarının
tələbatına uyğun hansı ixtisaslara daha çox ehtiyac olduğunu müəyyənləşdirən bir qurum hələlik
formalaşmadığından yüksək ixtisaslı mütəxəssislərə, istər dövlət və istərsə də özəl sektorda böyük ehtiyac olduğunu
nəzərə alaraq ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil
almaq hüququ qazanan abituriyentlər içərisindən heç bir ixtisasa fərq qoymadan ən yüksək bal toplayanların
mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisəsində dövlət hesabına təhsil almaları daha
məqsədəuyğundur. Belə ki, ən qabiliyyətlilərin dövlət tərəfindən maliyyələşdirilməsi öz bəhrəsini verəcək. Onlar
yüksək səviyyəli mütəxəssislər kimi gələcək fəaliyyətləri ilə onlara qoyulan sərmayəni bu və ya digər formada geri
qaytarmış olurlar. Bu dünya təcrübəsində də tətbiq edilir. Belə yanaşma ali məktəblərin arasında sağlam rəqabətin
formalaşmasına səbəb ola bilər.
- Ali məktəblərin maliyyələşməsi təkcə dövlət büdcəsi və tələbə vəsaitləri hesabına deyil, həm də müsabiqə
əsasında dövlət tərəfindən elmi tədqiqatlara ayrılan vəsaitlər hesabına olmalıdır.
- Dövlət başçısının sərəncamı ilə dövlət büdcəsindən elmi dərəcələrə müəyyən məbləğlərdə vəsait ödənilir.
Bu vəsait elmi dərəcəyə görə verildiyindən alim harada işləməsindən asılı olmayaraq, onu almalıdır.
- Hal-hazırda ali məktəblərimizin professor-müəllim heyətinin tərkibini xeyli sayda yaşlı insanlar təşkil
edir. Bu amil universitetlərdə təhsilin keyfiyyətinə təsirsiz ötüşmür. Belə ki, professor-müəllim heyətinin yaşca
qoca olması tədrisin müasir səviyyədə qurulmasına, səviyyəli kadr hazırlığına öz mənfi təsirini göstərir.
Təqaüdlərin az olması ucbatından onlar universitetlə vidalaşmaq istəmirlər. Bu kateqoriyadan olan alimlərimizin
əməkhaqqı saxlanılmaqla onların auditoriyadan uzaqlaşdırılması və kafedralarda məsləhətçi kimi çalışmalarını
təmin etmək çıxış yollarından biri kimi nəzərdən keçirilə bilər.