27
II. TƏLİM STRATEGİYALARI
Hazırda Respublikamız qloballaşan dünyaya inteqrasiya olunmaqdadır. Bu,
sürətli dəyişən, inkişaf etməkdə olan dünya ilə vəhdətdə inkişaf etməyi, dəyişməyi
tələb edir. Bu baxımdan Azərbaycan terminologiyasına müxtəlif terminlər daxil
olur ki, bunlardan biri də “təlim strategiyaları” dır.
Biologiya fənni üzrə təhsil proqramında (kurikulumunda) təlim strategiyaları
4 məsələni özündə əhatə edir. Biologiya təliminin təşkilinə verilən əsas tələblər;
biologiya təliminin təşkilində istifadə olunan forma və üsullar barədə; müəllimin
təlimin fəaliyyətinin planlaşdırılmasına dair nümunələr; biologiya fənninin
məzmun stsndartlarının şərhi.
2.1. Biologiya təliminin təşkilinə verilən əsas tələblər
İnkişafın əsasında insan amilinin durduğunu nəzərə alaraq təlimin təşkilinə
xüsusi əhəmiyyət verilir. Bu məqsədlə ənənəvi təhsil sisteminin təkmilləşdirilməsi
və yeniləşdirilməsi istiqamətində layihələr həyata keçirilməkdədir. Bu baxımdan
təhsilimiz elə qurulmalıdır ki, hər bir Azərbaycan vətəndaşı dəyişən dünyada öz
bilik, bacarıq və qabiliyyətlərini tətbiq etməyə hazır olsun.
Ümumtəhsil məktəblərində biologiyanın tədrisi prosesinin təşkili aşağıdakı
prinsiplər əsasında həyata keçirilir.
1.
Pedaqoji prosesin tamlığı. Bu prinsipə əsasən şagirdin bir şəxsiyyət kimi
formalaşması nəzərdə tutulur.
Təhsil öyrədici, inkişafetdirici və tərbiyəedici bir prosesdir.
Biologiya fənninin tədrisi prosesində şagird canlılar aləmində baş verən
hadisə və prosesləri, canlıların ətraf mühitlə əlaqəsini, insanın özünəməxsus həyati
xüsusiyyətləri barədə bilik və bacarıqlara yiyələnir. Biologiya kurikulumunda
canlılara xas quruluş formalarının, onların həyati xüsusiyyətlərinin müqayisəli
təqdim edilməsi müxtəlif aləmlərə aid canlı nümunələrin sadədən mürəkkəbə
doğru müqayisəli təqdim edilməsi şagirdlərdə analitik düşüncə tərzinin
formalaşması ilə yanaşı, canlılar barədə yığcam və lakonik məlumat almaq imkanı
yaradır.
Biologiyanin tədrisi vasitəsilə şagirdlərdə estetik, ekoloji tərbiyə formalaşır.
Şagird öz sağlamlığının, ətraf mühitin, vətəndaşı olduğu doğma yurdunun
qorunması ruhunda tərbiyə alır, təhsil prosesində dünyanın bütöv bir vahid kimi
qavranılmasına və dərk edilməsinə hazırlanır.
2.
Təlimdə bərabər imkanların yaradılması. Bu prinsipə əsasən biologiya
fənninin təlimi elə qurulur ki, şagirdin sosial vəziyyətindən, fərdi psixi
xüsusiyyətlərindən əqli keyfiyyətlərindən asılı olmayaraq münasib təlim şəraiti
yaradılsın. Bu zaman şagird-müəllim münasibətləri «subyekt-subyekt» formulu
üzrə həyata keçirilir.
3.
Şagirdyönümlülük. Şəxsiyyətin inkişafı təlim prosesinin əsasını təşkil edir.
İnkişafetdirici təlim şəxsiyyətin formalaşdırılmasını nəzərdə tutmaqla onu təlimin
başlıca problemi kimi mənalandırır.
28
Biologiya dərslərində müəllimin şagirdlərlə ünsiyyəti bir-birilə əlaqədar olan
və bir-birini şərtləndirən, müxtəlif şəraitlərdə yerinə yetirilən birgə fəaliyyətlərdə
meydana çıxır. Bundan əlavə, şagirdlərin hər biri cinsi, etnik, dini, irqi
mənsubiyyəti, fərdi intellektual inkişafı, qavrayış, tədqiqatçılıq və s. qabiliyyəti
olan bir şəxsiyyətdir.
4. İnkişafyönümlülük. Biologiyanın tədrisində
şagirdə nəyi, nə üçün
öyrəndiyi aydın olmalı, əldə etdiyi bilik və bacarıqların əhəmiyyətini dərk edəcək
canlılar aləmində və öz orqanizmində baş verən proseslərə maraq yaradılmalıdır.
Tədris prosesi elə qurulmalıdır ki, şagird əldə etdiyi bilik və bacarıqları
genişləndirməyə hazırlansın, öz bilik və bacarıqlarını inkişaf etdirməyə meyl etsin.
Müəllim şagirdin nailiyyətlərini təhlil etməklə onların bilik, bacarıq və vərdişləri-
nin inkişaf etdirilməsi üçün zəmin yaradır. Şagird əldə etdiyi bilik və bacarıqlarını
təhlil etməklə özünə tənqidi yanaşır, öz imkanlarını düzgün qiymətləndirir, biolo-
giyadan əldə etdiyi bilik və bacarıqlardan real həyatda istifadə etməyə hazırlanır.
5.Fəaliyyətin stmullaşdırılması. Şagirdin fərdi imkanları, təlimə marağı əldə
etdiyi uğurlu nəticələrin dəyərləndirilməsi onun fəaliyyətini stimullaşdırır, o, əldə
etdiyi bilik və bacarıqlardan sonrakı fəaliyyəti prosesində daha səmərəli istifadə
etməklə uğurlara nail olur. Müəllim şagirdin təlim fəaliyyətini düzgün qiymətlən-
dirdikdə şagird öz imkanlarını anlayır, qüvvətli və zəif tərəflərini müəyyənləşdirir.
Şagirdin biologiyanın tədrisi prosesində praktik vərdişlərə yiyələnməsi,
müşahidə və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, ədəbiyyatlardan,
digər bilik mənbələrindən bacarıqla istifadə etməsi onun müstəqil, davamlı
fəaliyyətini stimullaşdırır.
6.Varislik. Bu prinsipə əsasən canlıların sadədən mürəkkəbə, ibtidaidən aliyə
doğru inkişafı nəzərdə tutulur.
7.Yaşauyğunluq. Biologiya fənninin tədrisində nəzərdə tutulan tapşırıqlar
şagirdlərin yaş səviyyəsi və maraqları nəzərə alınmaqla verilir. Belə ki, fənnin
tədrisi zamanı materialın çətinlik dərəcəsi mütləq nəzərə alınmalıdır. Çətinlik
uşaqların əqli fəaliyyətinin ən müxtəlif cəhətlərindən asılıdır.
8.Əyanilik. Biologiya dərslərində müxtəlif əyani vasitələrdən, təbii bitkilər və
herbarilər, canlı guşədə olan heyvanlar, müxtəlif mulyajlar və tablolar,
mikroskopdan istifadə etmək olar.Eyni zamanda biologiya dərslərində kompüter-
dən istifadə dərsi maraqlı və əyani edir, şagirdləri fəal idraki fəaliyyətə cəlb
edir. Dərs prosesində İkt vasitələrindən istifadənin üstünlüyü ondadır ki, onla-
rın köməyi vasitəsilə təlim prosesində fərdi və differensial yanaşma ideyalarını
reallaşdırmaq şagirdləri müasir şərait və müstəqil fəaliyyətə, onların fəallığının
artmasına səbəb olur.
9.Tədqiqatyönümlülük. Biologiya fənninin tədrisi
şagirdin tədqiqatçılıq
bacarıqlarını inkişaf etdirir. Əldə etdiyi məlumatları ümumiləşdirmək,
eksperimentlər aparmaq, təbii mühitdə canlılar aləmi üzərində müşahidə
aparmaqla bitkilərin yetişdirilməsi, heyvanların bəslənməsi, insan sağlamlığının
qorunması kimi bacarıqlar formalaşdırır.
10.Müşahidəyönümlülük. Müşahidə yolu ilə canlı təbiəti daha yaxşı
öyrənmək mümkün olur. Belə ki, canlıları müşahidə etməklə şagirdlər onlarda
gedən bioloji hadisə və prosesləri, onların xarici mühitlə qarşılıqlı əlaqəsini, bir
sözlə, canlı təbiətin inkişaf qanunauyğunluqlarını daha yaxşı dərk edirlər.