Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


NÜMAYƏNDƏ HEYƏTİNİN TALEYİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə8/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   4   5   6   7   8   9   10   11   ...   115
kitab20111201125922638

NÜMAYƏNDƏ HEYƏTİNİN TALEYİ 
Nümayəndə heyətinin səylərinə baxmayaraq, Azərbaycan xalqının yüz illik 
rus əsarətindən sonra nəhayət, müstəqil yaşamaq, milli dövlətini qurmaq, torpağının 
və taleyinin sahibi olmaq ümidləri doğrulmadı. “Vahid və bölünməz Rusiya” şüarına 
münasibətdə ağqvardiyaçılarla eyni mövqedə dayanan bolşeviklər 1920-ci il aprelin 
28-də Azərbaycanı yenidən işğal etdilər. Cümhuriyyət mövcudluğunun 23-cü ayında 
süqut etdi. Parisdə çətinlik və məhrumiyyətlərə qatlaşaraq Azərbaycan davası aparan 
Nümayəndə heyətinin Vətənə gedən yolları həmişəlik bağlandı. Lakin 1920-ci ilin 
mayın əvvəllərində Azərbaycanın sovetləşməsi haqqında Sülh konfransında 
eşitdikləri acı və sarsıdıcı xəbər onları müstəqillik uğrunda mübarizədən əsla 
çəkindirmədi. 
Artıq həmin ilin sentyabrında Ə.M.Topçubaşov Cenevrədə Millətlər 
Liqasına təqdim etdiyi memorandumda müstəqil yaşamaq yolunu seçmiş və Paris 
Sülh Konfransında “de-fakto” tanınnıış Azərbaycan Cümhuriyyətinin bolşeviklər 
tərəfindən işğalı faktına diqqəti cəlb edir və Liqanın bu kobud hərbi-siyasi müdaxilə 
aktına münasibət bildirməsini zəruri sayırdı. Eyni ilin noyabr ayında o, Millətlər 
Liqasının toplantısında çıxış edərək bir daha Azərbaycanın işğalı məsələsini 
gündəliyə gətirmişdi. Ə.M.Topçubaşovun 1920-ci ildə Genuya və Lozanna, 1923-cü 
ildə isə London konfranslarında hərbi təcavüzə məruz qalmış Azərbaycan dövlətinin 
səlahiyyətli təmsilçisi kimi etiraz çıxışları nəticəsiz qalmamışdı. Məsələn, Gcnuya 
konfransı bolşeviklərin Azərbaycan adından danışmaq haqqı olmadığı barəsində 
bəyanat qəbul etmişdi. Rusiya imperiyasından olan siyasi mühacirlər arasında kifayət 
qədər yaxşı tanınan Ə.M.Topçubaşov özünün çoxsaylı məqalə və çıxışlarında bir 
tərəfdən dünya ictimaiyyətinin diqqətini Azərbaycanın tapdanmış haqlarına cəlb 
etməyə çalışır, o biri tərəfdən isə hər vasitə ilə mühacirət dairələrinin, ilk növbədə isə 
keçmiş Qafqaz respublikaları təmsilçilərinin qarşılıqlı əməkdaşlıq və işbirliyini 
qurmağa, mövcud əlaqələri möhkəmləndirməyə çalışırdı. Onun təşəbbüsü və 


12 
rəhbərliyi ilə artıq 1921-ci ilin iyununda Azərbaycan, Gürcüstan və Ermənistanın 
mühacirətdəki səlahiyyətli nümayəndələri Qafqaz regionunun taleyi ilə bağlı 
məsələlərdə siyasi və iqtisadi müttəfiqlik mövqeyindən çıxış etməyi qərara almışdılar. 
Azərbaycan siyasi mühacirləri arasında birlik və həmrəyliyin əldə olunması, 
vahid güc mərkəzinin yaradılması üçün də Ə.M.Topçubaşov bu dövrdə az iş 
görməmişdi. O, Avropa ölkələrindəki azərbaycanlı siyasi mühacirlərlə Türkiyədəki 
Azərbaycan Milli Mərkəzi arasında yaranmış ixtilafın qismən aradan qaldırılması da 
məhz Ə.M.Topçybaşovun nüfuzu və iradəsi sayəsində mümkün olmuşdu. l928-ci ildə 
Parisdə M.Ə.Rəsulzadə ilə danışıqlardan sonra rəhbərlikdəki paralelliyə son 
qoyulmuş, mühacirətin vahid mərkəzdən idarə olunması prinsipi bundan sonra 
nisbətən ardıcıl şəkildə həyata keçirilməyə başlanmışdı. 
Ə.M.Topçubaşov Azərbaycanın müstəqilliyini görə bilməsə də, 1905-ci 
ildən etibarən uğrunda ardıcıl və dönmədən mübarizə apardığı ideyalardan birinin 
gerçəkləşməsinin şahidi olmuşdu. 1934-cü ilin iyununda onun da iştirakı ilə 
mühacirətdəki azərbaycanlı, gürcü, erməni, dağlı və başqa Qafqaz xalqlarının 
təmsilçiləri Qafqaz Konfederasiyası Paktının yaradılması haqqında sənədi 
imzalamışdılar. 1934-cü il noyabrın 5-də son dərəcə mütəvazi həyat keçirdiyi Parisdə 
dünyaya gözlərini yuman Ə.M.Topçubaşovun ölümü milli və siyasi mənsubluğundan 
asılı olmayaraq mühacirət dairələrində ümumi itki kimi qarşılanmışdı. Qafqaz 
mühacirətinin müştərək orqanı sayılan “Prometey” jurnalı azərbaycanlı siyasi xadimin 
vəfatına ayrıca nömrə həsr etmişdi. 
1919-cu ilin avqustunda Bakıya iki aylıq ezamiyyətə gələn Nümayəndə 
heyəti sədrinin müavini M.H.Hacınski bir daha geriyə - Parisə dönməmişdi. 
Ə.M.Topçubaşov Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə ünvanladığı 
məktubda paytaxtda ona heç bir vəzifə həvalə edilməməsini, iki aydan sonra mütləq 
geri göndərilməsini israrla xahiş edirdi. Görünür, o, M.H.Hacınskini kifayət qədər 
yaxşı tanıdığından belə qəti və israrlı mövqe tutmuşdu. Çünki Bakıya qayıtdıqdan 
sonra siyasi mübarizələrin və hakimiyyət davasının mərkəzində dayanan Hacınski bir 
neçə aydan sonra XI Qırmızı Ordununu Bakıya daxil olmasında və dövlət 
müstəqilliyinin itirilməsində müəyyən mənfi rol oynamışdı. Əlbəttə, nəyin bahasına 
olursa-olsun Azərbaycan neftini ələ keçirməyə çalışan, bolşevik rejiminin 
mövcudluğu üçün Bakının işğalını həyati əhəmiyyətli məsələ sayan Lenin və onun 
yerlərdəki əlaltıları M.H.Hacınski kimi mütərəddid mövqeli siyasətçilər olmasa da, 
məqsədlərinə çatacaqdılar. Lakin məhz belə siyasətçilərin Azərbaycan hökumətində 
yer tutmaları həmin prosesi daha da sürətləndirmişdi. 
Nəsib bəy Yusifbəylinin başçılıq ctdiyi hökumətdə (24 dekabr 1919-30 mart 
1920) daxili işlər naziri olan M.H.Hacınski ümumən bolşeviklərə rəğbəti ilə seçilirdi. 
Bu səbəbdən də Rusiyaya münasibətdə sərt kurs tərəfdarı kimi tanınan bir sıra 
hökumət üzvləri, ilk növbədə isə F.Xan-Xoyski onun belə bir mühüm post tutmasını 
təhlükə mənbəyi sayırdılar. Nəticədə 1920-ci il fevralın 18-də Hacınskini daxili işlər 
naziri vəzifəsindən uzaqlaşdırmaq mümkün oldu. Lakin o, ticarət, ərzaq və sənaye 


13 
naziri kimi Nazirlər Şurasının tərkibində qaldı və milli maraqlara zidd fəaliyyətini 
davam etdirir. 
M.H.Hacınskinin tərəfdarları martın 30-da Dağlıq Qarabağda erməni 
qiyamının yatırılmasında kifayət qədər qətiyyət göstərməmək bəhanəsi ilə 
N.Yusifbəyli kabinəsinin istefaya göndərməyə nail oldular. Yeni hökumətin təşkili 
Hacınskiyə tapşırıldı. O, aprelin 20-nə qədər Parlamentdə təmsil olunan partiyaların 
təmsilçiləri ilə açıq, bolşevik nümayəndələri ilə gizli danışıqlar apardı. XI ordunun 
Azərbaycana soxulmasına beş gün qalmış isə yeni hökumət qurmaq üçün 
Parlamentdən aldığı səlahiyyətlərdən imtina etdiyini bildirdi. Beləliklə, 
M.H.Hacınskinin təkəddüdlü mövqeyi nəticəsində ölkə üçün çox məsul dövrdə süni 
hökumət böhranı yaradıldı. Bu böhran da həlledici anda milli hökumətin süqutunu 
asanlaşdırdı. 
Bolşevik işğalından bir neçə gün əvvəl Müsavat partiyasından çıxdığını və 
Azərbaycan Kommunist (bolşeviklər) partiyasına üzv olduğunu bildirən 
M.H.Hacınski sovet hakimiyyəti illərində müxtəlif sovet və təsərrüfat vəzifələrində 
çalışmışdı. Lakin bütün bu xidmətləri onu sovet cəza maşınının dişlərindən xilas edə 
bilməmişdi. l930-cu ildə M.H.Hacınski Transqafqaz diyar komitəsinin birinci katibi 
L.Beriyanın göstərişi ilə həbs olunmuş və 1931-ci il martın 8-də hələ istintaq başa 
çatmamış Tiflis həbsxanasında qətlə yetirilmişdi. 
Ə.Şeyxülislamov siyasi fəaliyyətini əvvəlcə Fransada, İkinci Dünya 
müharibəsindən sonra isə bir müddət Almaniyada davam etdirmişdi. 20-ci illərin 
sonunda onun Ə.M.Topçubaşovla münasibətləri kəskinləşmişdi. Ə.Şeyxülislamov 
yalnız Parisdəki Nümayəndə heyətinin üzvlərini Azərbaycan adından danışmağa 
səlahiyyətli sayır və M.Ə.Rəsulzadənin rəhbərliyi altında İstanbulda fəaliyyət 
göstərən Azərbaycan Milli Mərkəzinə qarşı müxalifətdə dayanırdı. O, Azərbaycan 
siyasi mühacirətinin birləşməsi və vahid mərkəzdən idarə olunması tərəfdarı kimi 
çıxış edən və bu zəmində qarşılıqlı kompromisi zəruri sayan Ə.M.Topçubaşova qarşı 
çıxırdı. Ə.Şeyxülislamov 1943-cü ildə keçmiş sovet zabiti, hərbi əsir Ə.Fətəlibəyli-
Düdənginskinin yaratdığı siyasi təşkilatın - Azərbaycan Milli Birlik Məclisinin 
(AMBM) rəhbərliyinə seçilmiş, 1951-ci ildə C.Hacıbəyli və İ.Əkbərlə birlikdə 
Azərbaycan adından Rusiya Millətlərinin Qurtuluş Şurasının təsis edilməsi 
haqqındakı Visbaden Bəyannaməsini imzalamışdı. Həyatının sonuna qədər (1961-ci il 
martın 2-də Parisdə yoxsulluq içərisində vəfat etmişdi) Azərbaycanın azadlığı və 
müstəqilliyi Ə.Şeyxülislamovun idealı olmuşdu. 
C.Hacıbəyli siyasi baxışlarına görə Ə.Şeyxülislamovla eyni mövqedə 
dayanırdı. 1943-cü ildə o da ABMB-nin rəhbərliyinə seçilmiş, 1952-ci ildən isə bu 
qurumun Münxendə nəşr etdiyi “Azərbaycan” jurnalının redaktoru olmuşdu. Həm 
siyasi publisist, həm də tədqiqatçı-alim kimi fəaliyyəti hərtərəfli və məhsuldar sayıla 
bilər. Hələ 1919-cu ilin dekabrında “Revyü du mond myüzyülman” jurnalında onun 
Azərbaycan Cümhuriyyətinin yaranma tarixinə həsr olunmuş “İlk müsəlman 
respublikası” adlı böyük həcmli məqaləsi çap edilmişdi. “Journale Asiatique” 


14 
məcmuəsi səhifələrindəki Azərbaycan tarixinə, dilinə, ədəbiyyatına, etnoqrafiyasına 
dair çoxsaylı məqalələr də Ceyhunbəyin qələmindən çıxmışdı. 1926-cı ildə 
C.Hacıbəyli zəngin dilçilik və etnoqrafik materialların toplandığı “Qarabağ (Qafqaz 
Azərbaycanı) dialekti və folkloru” kitabını çap etdirmişdi. 
Qardaşı Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasını ingilis və 
fransız dillərinə çevirərək Parisdə nəşr etdirmiş, 1925-ci ildə fransız teatr 
xadimlərinin iştirakı ilə əsərin Fransa paytaxtında tamaşaya qoyulmasına nail 
olmuşdu. Çoxşaxəli elmi fəaliyyətinə görə Fransa Şərqşünaslıq Akademiyasının - 
“Sosiete Asiatique”nin həqiqi üzvü seçilmişdi. Həyatının sonuna qədər Münhendəki 
SSRİ-ni öyrənmə İnstitutunda çalışan C.Hacıbəyli İnstitutun nəşrlərində kommunist 
ideologiyasının antibəşəri mahiyyətini və SSRİ-də milli zülmü ifşa edən məqalələrlə 
çıxış edirdi.Onun oğlu, hərbi təyyarəçi T.Hacıbəyli İkinci Dünya müharibəsi zamanı 
Fransa səmasını alman faşistlərindən qoruyarkən qəhrəmancasına həlak olmuşdu. 
Miryaqub Mirmehdiyev (mühacir dairlərində o, daha çox Mir Yaqub adı ilə 
tanınırdı) Nümayəndə heyətinin üzvləri içərisində Ə.M.Topçubaşova ehtiram və 
sədaqətini sona qədər qoruyub saxlayan yeganə əqidə dostu sayıla bilər. O, 
Nümayəndə heyətinin tərkibindəki əsas işi ilə birlikdə 1919-cu ilin avqustunda 
Parisdə yaradılan “Fransa-Qafqaz Komitəsi”ndə də fəaliyyət göstərirdi. Fransanın 
Transqafqaz ölkələri, ilk növbədə isə Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələrini 
canlandırmaq məqsədi ilə yaradılmış bu Komitədə Fransanı diplomat və şərqşünas 
E.Uplo (sədr), Gürcüstanı knyaz M.Sumbatov (sədr müavini), Azərbaycanı 
M.Mirmehdiyev (sədr müavini) təmsil edirdilər. 
Mühacirət dövründə də siyasi fəaliyyətindən çəkilməyən Mir Yaqub eyni 
zamanda Parisdə rus dilində çap olunan “Qafqaz” jurnah ilə yaxından əməkdaşlıq 
edirdi. 1926-cı ildə onun “Sovet rejimi: mənbələri və mahiyyəti”, 1933-cü ildə isə 
“Qafqaz problemləri” kitabları Parisdə, fransız dilində çap olunmuşdu. Birinci kitabda 
müəllif sovet rejiminin xalqa zidd, antibəşəri mahiyyətini açıqlamağa çalışırdı. 
“Qafqaz problemləri” kitabında isə çar Rusiyası tərəfindən bu regionun işğalından 
tutmuş 1920-ci ilə qədər Qafqazda cərəyan edən əsas hadisə və prosesləri izlənilmiş, 
yeni işğal faktının - sovetləşdirmənin mahiyyəti və xarakteri diqqətlə təhlil edilib 
araşdırılmışdı. 
Kitabda bütövlükdə böyük Qafqazın problemləri işıqlandırılsa da, əsas 
diqqət müəllifin vətəninə - Azərbaycana yönəldilmişdi. Mir Yaqub tam əsasla Paris 
Sülh konfransındakı Azəbaycan Nümayəndə heyətinin fəaliyyətini obyektiv 
işıqlandıran ilk tarixçi-politoloq da hesab oluna bilər. İkinci Dünya müharibəsi 
ərəfəsində Parisdən İrana köçən M.Mirmehdiyevin sonrakı həyatı və taleyi haqqında 
hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. 
Nümayəndə heyətinin ən gənc üzvü Məhəmməd Məhərrəmov hələ 20-ci 
illərin əvvəllərində siyasi səhnədən uzaqlaşmış və kiçik də olsa öz biznesini qurmağa 
çalışmışdı. Sonralar o, daha çox bibliofil və antikvar əşyalar üzrə mütəxəsis kimi 
tanınmışdı. Hətta məşhur rus yazıçısı A.Gertsenin Londonda çap etdiyi “Kolokol” 


15 
jurnalının tam komplektini və eyni müəllifin İsveçrədə işıq üzü görən nadir 
külliyyatını ötən əsrin 60-cı illərində Moskvadakı keçmiş Lenin kitabxanasına 
bağışlamış və bunun müqabilində Sovet İttifaqının Xarici ölkələrlə Mədəni Əlaqələr 
Cəmiyyətinin xüsusi mükafatına layiq görülmüşdü. 
70-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü A.Zamanov vasitəsi ilə doğma 
vətəni ilə əlaqələr yaradan M.Məhərrəmov Azərbaycanın kitabxana və kitab 
fondlarına da bir sıra nadir çap məhsulları təqdim etmişdi. Məhəmməd Məhərrəmov 
Azərbaycan Nümayəndə heyətinin həyatda qalan sonuncu üzvü olmuşdu. O, 1982-ci 
ildə Parisdə 97 yaşında vəfat etmişdi. 
Abbas bəy Atamalıbəyov haqqında da məlumatlarımız çox deyil. Onun 
mühacirət dövründə siyasi səhnədən uzaqlaşmadığı İkinci Dünya müharibəsi 
illərindəki fəaliyyətindən aydın olur. 1942-ci ildə Almaniyada sovet hərbi əsirlərindən 
ibarət milli legionların təşkili zamanı A.Atamalıbəyov da bu prosesə cəlb edilmişdi. 
O, Əbdürrəhman Fətəlibəyli-Düdənginski və Fuad Əmircanla birlikdə Şərq 
Nazirliyinin yaratdığı “Əlaqə heyətinin” (milli legionlarla iş aparmaq üçün qurum) 
tərkibinə daxil idi və burada SD birliklərindəki legionerlərin problemləri ilə məşğul 
olurdu. 20-30-cu illərdə Azərbaycan siyasi mühacirləri arasındakı mövqe 
mübarizələrində A.Atamalıbəyovun M.Ə.Rəsulzadəyə müxalifətdə dayandığı və 
vahid milli mərkəz kimi Parisin seçilməsi ideyasına tərəfdar olduğu da bəllidir. 
Almanlarla əməkdaşlıq etdiyinə görə A.Atamalıbəyov müharibədən sonra Avropada 
qalmaqdan ehtiyatlanmış və daha uzaqlara - Cənubi Amerikaya üz tutmuşdu. Oğlu 
Qalib Atamalının son illərə qədər ABŞ-da yaşaması və Azərbaycandakı qohumları ilə 
əlaqə qurması faktı məlumdur. 
Yekun olaraq demək olar ki, 1919-cu ildə Parisə yollanan nümayəndə heyəti 
son üzvünü itirənə kimi bacardığı şəkildə Azərbaycanı təmsil etmiş, birincilər 
sırasında başladıqları “Azərbaycan davasına” öz töhfələrini verməyə çalışmışdılar. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə