Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 479,28 Kb.
səhifə6/6
tarix04.11.2017
ölçüsü479,28 Kb.
#8571
1   2   3   4   5   6

İnvestisiya fəaliyyətinin vergi imtiyazı amortizasiya siyasəti ilə sıx əlaqədədir ki, bu da istehsal potensialının daha intensiv yeniləşdirilməsinə istiqamətləndirilmişdir. Təsərrüfat obyektlərinin xüsusi investisiya – istehsal resurslarına amortizasiya ödənişlərinin əhəmiyyətini artırmaq üçün fikrimizcə, mövcud amortizasiya normalarına yenidən baxılmasını sürətləndirmək və onun yeni üsullarının tətbiqini genişləndirmək məqsədəuyğundur [14, 31].

Vergi Məcəlləsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir [2, 17]:

- binalar, tikililər və qurğular – 7 faizədək;

- maşınlar, avadanlıq və hesablama texnikası – 25 faizədək;

- nəqliyyat vasitələri – 25 faizədək;

- digər əsas vəsaitlər – 20 faizədək.

Cari ildə faktiki dəyəri ödənilmiş istehsal təyinatlı kapital qoyuluşları, habelə lizinq obyekti olan əmlak üçün (təbii inhisar subeyktlərinin, habelə qiymətləri dövlət tərəfindən tənzimlənən mal istehsalı, iş görülməsi, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərinin kapital qoyuluşları istisna olmaqla) yuxarıda göstərilən əsas vəsaitlərin illik amortizasiya normaları 2 dəfəyədək artırıla bilər [14, 17].

İstehsal təyinatlı kapital qoyuluşları dedikdə, bilavasitə mal istehsalı prosesində iştirak edən binaların – sexlərin yeni tikinti formasında əsaslı tikintisi, yenidən qurulması, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və texniki cəhətdən yenidən təhcizatı, habelə qurğuların, avadanlıqların, istehsaldaxili nəqliyyat vasitələrinin və əsas vəsaitlərin, digər obyektlərin (və ya hissələrinin) satın alınması başa düşülür [2, 17].

Əsas kapitala amortizasiya normaları onların təkcə fiziki və mənəvi köhnəlməsi cəhətdən deyil, həmçinin bu fondların elmi cəhətdən əsaslandırılmış xidmət müddəti nəzərə alınmaqla tətbiq olunmalıdır.

Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiya edildiyi bir vaxtda investisiya edilmiş kapitalın geri qaytarılması müddəti inkişaf etmiş ölkələrdəki müddətə yaxınlaşdırılmalıdır, eyni zamanda xarici investorlara onların kapitalının istehsalımıza investisiya etməsi üçün şəraiti yaxşılahdırılmalıdır.

Qeyd edildiyi kimi, bəzi ölkələr istehsala kapital qoyuluşunu stimullaşdırmaq məqsədilə investisiya məqsədli vergi kreditindən istifadə edirlər.



Vergi krediti vergilərin ödənilməsinə vergi ili ərzində 3 aydan 1 ilə qədər müddətə dəyişdirilməsinə icazə verən hüquqdur. Məsələn, Rusiya Federasiyasında vergi krediti yalnız təbii fəlakət nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğrama təhlükəsi olduqda, dövlət sifarişinin yerinə yetirilməsinə görə ödənişin və ya büdcədən ödənişin ləngiməsi zamanı verilir. İnvestisiya məqsədli vergi kreditinin başlıca fərqləndirici cəhəti onun daha uzun müddətə (1-5 ilə) verilməsidir. Bu kredit müəssisəyə müəyyən edilmiş müddət və həddlər daxilində dövlətə keçiriləcək vergilərin və ödənişlərin azadılmasına icazə hüququdur. Bu cür kreditin verilməsi Azərbaycanın aqrar bölməsi üçün çox zəruridir. Belə ki, müəssisə region üçün mühüm əhəmiyyət kəsb edən sifarişi yerinə yetirdikdə, müəssisə yeni bir texnologiya alıb onu ətraf mühitin mühafizəsinə yönəltdikdə və yaxud müəssisə yeni iş yerləri açdıqda, təcrübə-konstruksiya işi apardıqda bu cür kreditlərin səmərəsi yüksək olar. Belə olduğu halda dövlət müəssisəyə icazə verir ki, alınmış avadanlığın, görülmüş işlərin dəyərinin müəyyən həjci (məsələn 30-40 faizi) qədər büdcəyə ödənməli olduğu mənfəət vergisini (və ya başqa bir vergini) azaltsın. İnvestisiya məqsədli vergi kreditinə faiz hesablanır və girov təminatı zəruridir. Azərbaycan iqtisadiyyatının dirçəlməsi, müəssisələrin maliyyə potensialının yaxşılaşması bu kreditdən istifadəyə zəmin yaradır [14, 15, 17].

3.2. Stimullaşdırıcı vergi sisteminin təkmilləşdirilməsi istiqamətləri
Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsinin strateji istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi;

  2. Mütərəqqi vergi orqanlarının formalaşdırılması;

  3. Vergi ödəyicilərinin könüllü əməletmə dərəcəsinin artırılması.

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində ilkin mərhələ vergi bazasının bütün elementlərini nəzərə alan vergi sistemini yaratmaqdır. Bu istiqamətdə qarşıda duran maneələri və onların həlli yollarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Hazırda vergi münasibətlərinin bir sıra məqamları Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və s. sənədlərə əsasən tənzimlənir. Eyni zamanda, bir çox sahəvi qanunvericilik aktlarında vergilərlə bağlı müddəalar mövcuddur ki, bu da həmin müddəaların vergi orqanları tərəfindən tam dolğunluğu ilə tətbiqinə çətinlik yaradır. Odur ki, vergi qanunvericiliyinə dair bütün normativ sənədlərin Vergi Məcəlləsinə daxil edilməsi zəruridir;

  • Ümumi bəyannamə sisteminin tətbiq olunmaması vətəndaşların gəlir və xərclərinin uçotunun düzgün aparılmasına maneəçilik törədir. Bu sistemin olmaması həm də səmərəli vergi nəzarətinin yaradılmasını çətinləşdirir ki, bu da vergidən yayınma hallarının genişlənməsinə gətirib çıxarır. Bundan əlavə, ümumi bəyannamə sisteminin tətbiq olunmaması vergi güzəştlərindən qeyri-səmərəli istifadəyə (gəlir vergisi üzrə vergi tutulmayan məbləğlərin iki və daha çox hallarda tətbiqi) və vətəndaşların gəlirlərinin tam şəkildə vergiyə cəlb olunmamasına şərait yaradır;

  • Respublikada vergi münasibətlərindən irəli gələn mübahisələrin həlli üzrə vergi məhkəmələrinin yaradılmaması eyni problemi müxtəlif instansiya məhkəmələrində uzun-uzadı mübahisələndirməyə səbəb olur. Vergitutmanın spesifik xüsusiyyətlərini nəzərə almaqla yaradılan ixtisaslaşdırılmış vergi məhkəmələri vergi münasibətlərindən irəli gələn mübahisələrin operativ və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə həllinə nail olmağa imkan verir. Bu məhkəmələrə Vergi Məcəlləsinin maddələri üzrə şərh vermək hüququ da verilə bilər;

  • Vergitutma əsaslarının Vergi Məcəlləsi ilə tənzimlənməsinə baxmayaraq dövlət vergi orqanları və bələdiyyələrin vergi orqanları tərəfindən vergi ödəyicilərinin vahid uçot qaydaları müəyyənləşdirilməmişdir. Bunu aradan qaldırmaq məqsədilə bələdiyyələrin uçot sistemini dövlət vergi orqanlarının uçot sisteminə uyğunlaşdırmaq lazımdır. Bu həm də ümumi bəyannamə sisteminə keçid üçün çox vacibdir;

  • Təcrübə göstərir ki, vergidən yayınmanın daha geniş yayılmış formalarından biri bazar qiymətlərinin qeyri-dəqiq rəsmiləşdirilməsidir. Ölkədə bazar qiymətlərinin müəyyən edilməsi qaydalarını həyata keçirəcək qurumun, müvafiq icra hakimiyyəti orqanının müəyyən edilməməsi bazar qiymətlərinin tətbiqində bir sıra problemlərin yaranmasına səbəb olur;

  • Qloballaşma şəraitində milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə inteqrasiyasının güclənməsini, respublikanın gələcəkdə ümumdünya ticarət təşkilatına və digər bu qəbildən olan beynəlxalq təşkilatlara üzv olacağını nəzərə alsaq, Vergi Məcəlləsinin beynəlxalq standartlara maksimum uyğunlaşdırılması zəruridir. Bununla əlaqədar, müvafiq təkliflərin hazırlanması üçün dövlət komissiyasının yaradılması bu işin sürətləndirilməsinə imkan verər;

  • Respublikada çevik və müasir vergi sisteminin yaradılması vergi və tədiyələrin yığılması sahəsində ciddi irəliləyişlərin əldə olunmasına imkan vermişdir. Dövlət vergi orqanlarında uçot sistemi təsis edilmiş, güclü nəzarət sistemi formalaşdırılmış, peşəkar kadrlar komplektləşdirilmiş və vergitutma rıçaqları işlək vəziyyətə gətirilmişdir. Vergi orqanlarında çalışan kadrların peşəkarlıq səviyyəsini daha da artırmaq məqsədilə onların fəaliyyət göstərdikləri sahələr üzrə ixtisasartırma kurslarının keçirilməsi intensivləşdirilməlidir;

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində ikinci mərhələ vergi qanunvericiliyi ilə digər qanunvericilik aktları arasında ziddiyətlərin aradan qaldırılmasıdır. Bu sahədə meydana çıxan problemlər və onların aradan qaldırılması yolları əsasən aşağıdakılardır:

- Respublikada bank məlumatlarına çıxışın təkmilləşdirilməsi həm çirkli pulların yuyulması, həm də vergi cinayətlərinə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq aləmdə belə bir fikir formalaşmaqdadır ki, dövlət maraqları baxımından bank əməliyyatları haqda məlumatın əldə edilməsi yol veriləndir. Belə ki, vergi orqanları ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün bank məlumatlarına birbaşa və ya dolayı çıxışa malik olmalıdırlar. Bu zaman vergi ödəyicilərinin hüquqlarının qorunmasına da ciddi şəkildə əməl edilməli və əldə olunan məlumatlar vergi sirri hesab olunmalıdır;

- Xarici ölkələrin yerli nümayəndəliklərində səyyar vergi yoxlamaları aparılan zaman rəsmi sənədlərin əcnəbi dildə tərtib olunması halları aşkarlanır. Bəzən, təşkilatiın təsis sənədlərinin xarici ölkələrdə saxlanılmasına da rast gəli-nir. Bundan əlavə, xarici şirkətlər tərəfindən Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyət üzrə bank əməliyyatları bir qayda olaraq xarici banklar vasitə-silə aparılır. Bütün bunlar həmin təşkilatlarda aparılan yoxlamaların müddətinin uzanmasına səbəb olur. Belə halların qarşısını almaq üçün Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq qanunlara zəruri düzəlişlər edilməlidir.

- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində üçüncü mərhələ qanuna vergi ödəyicilərinin hüquq, öhdəlik və vəziflərini daxil etməkdir. Doğrudur, bu sahədə çox mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib və indiyədək Vergi Məcəlləsində 100-ə yaxın maddə bu və ya digər formada vergi ödəyicilərinin hüquqlarının qorunmasına yönəlmişdir. Lakin, vergi siyasə-tinin əsas istiqamətlərindən biri vergi ödəyicilərinin hüquqlarının genişlən-dirilməsi olduğundan bu sahədə də müəyyən işlər görülməlidir. Bu sahədə mövcud problemləri və onların aradan qaldırılması yollarını aşağıkı kimi qruplaşdırmaq olar:

- Dünya ölkələri arasında beynəlxalq əlaqələrinin genişlənməsi və dərinləşməsi transfert qiymətlərin tətbiqinin kütləviləşməsinə gətirib çıxarmışdır. Transfert qiymətlərin ölkə iqtisadiyyatı və büdcə gəlirlərinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq belə qiymətləri tənzimləyən qanun layihəsinin hazırlanması olduqca böyük əhəmiyyət kəsb edir. Bu qanun layihəsində transfert qiymətləri tətbiq edən vergi ödəyicilərinin öhdəlik və vəzifləri, məsuliyyətləri dəqiq müəyyən edilməlidir.

- Hasilatın pay bölgüsü haqqında qanunun olmadığına görə Azərbaycanın imzaladağı neft müqavilələrinin hər biri parlamentdə ratifikasiya edilərək xüsüsi qanun qüvvəsi almışdır. Buna görə də bu müqavilə çərçivəsində vergi münasibətləri Vergi Məcəlləsi ilə deyil, ayrıca razılaşdırma protokolları ilə tənzimlənir. Ölkədə vahid vergi qanunvericiliyi bazasının tətbiqi və vergi münasibətlərinin tənzimlənməsi sahəsində pərakəndəliyi aradan qaldırmaq məqsədilə bu növ vergi münasibətlərinin Vergi Məcəlləsi çərçivəsində tənzimlənməsi məqsədəmüvafiq olardı. Bunun üçün isə hasilatın pay bölgüsü haqqında qanun layihəsinin qəbulu zəruridir.

Mütərəqqi vergi orqanlarının formalaşdırılması sahəsində ilkin mərhələ mərkəzi və yerli vergi orqanlarının səmərəli strukturunu işləyib hazırlamaqdır. Bu sahədə qarşıda duran maneələrə və onların həlli yollarına aşağıdakıları aid etmək olar:

- Ölkə iqtisadiyyatının dinamik inkişafı və istehsal münasibətlərinin genişlənməsi vergi siyasətinin də adekvat dəyişməsini tələb edir. Buna operativ və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə nail olmaq və vergi xidmətində aparılan islahatların effektliliyini artırmaq məqsədilə Starteji Planlaşdırma Mərkəzinin yaradılması zəruridir. Bu mərkəzin fəaliyyət istiqamətlərinə aşağıdakılar aid edilə bilər:



  1. Vergi orqanlarında təşəbbüs olunan bütün yeni layihələrin birbaşa işlənməsi və monitorinqin həyata keçirilməsi;

  2. Vergi sistemində qısa, orta və uzunmüddətli ümumi fəaliyyət planlarının işlənilməsi;

  3. Beynəlxalq maliyyə institutları ilə birgə aparılan layihələrə rəhbərliyin həyata keçirilməsi;

  4. İnkişaf etmiş ölkələrdə istifadə olunan müasir idarəetmə modellərinin, o cümlədən qiymətləndirmə meyarlarının, öyrənilməsi və onların Azərbaycan Respublikası vergi sistemində tətbiqinin mümkünlüyünün araşdırılması;

  5. Vergi orqanlarında lokal kompüter şəbəkəsinin yaradılması və gələcəkdə onun respublika üzrə qlobal kompütet şəbəkəsinə inteqrasiya olunması üçün layihələrin hazırlanması.

  6. Vergi orqanlarının inkişaf konsepsiyasının hazırlanması və tətbiqinə nəzarət və s.

- Vergi daxilolmalarının vaxtında və tam həcmdə dövlət büdcəsin yığılması, vergidən yayınma hallarının qarşısının ciddi şəkildə alınması güclü nəzarət sisteminin təsis edilməsini zəruri edir. Nəzarət funksiyalarının müvəffəqiyyətlə həyata keçirilməsi bu sahədə mütərəqqi və səmərəli nəzarət metodlarının tətbiqi sayəsində mümkündür. Eyni zamanda, nəzarəti həyata keçirən strukturlar arasında sistemli əlaqə yaratmaq və səlahiyyətlərin dəqiq müəyyən edilməsi çox vacib məsələlərdəndir;

- Ümumi bəyannamə sisteminə keçid vergi bəyannamələrinin avtomatik işlənilməsi sisteminin yaradılmasını aktuallaşdırır. Bu sistemin köməyilə məhdud işçi qüvvəsindən istifadə edərək bütün bəyannamələrin operativ və dəqiq yoxlanılması aparıla bilər. Belə bir sistemin yaradılması həm vaxt, həm də maliyyə vəsaitlərinin qənaətinə imkan verir. Digər tərəfdən bu sistem elektron poçt («e-mail») və AVİS vasitəsilə göndəriləcək bəyannamələrin işlənilməsinə də əlverişli şərait yaradır.

Mütərəqqi vergi orqanlarının formalaşdırılması sahəsində növbəti mərhələ müasir informasiya texnologiyasının tətbiqidir. Bu istiqamətdə mövcud problemlər və onların aradan qaldırılması yolları əsasən aşağıdakılardır:

- Yalançı sahibkarlıqla məşğul olma və vergidən yayınma hallarının qarşısının alınması, vergilərin və məcburi dövlət ödənişlərinin uçotunun təkmilləşdirilməsi üçün korporativ məlumat şəbəkə sisteminin təsis edilməsi zəruridir. Bu sistemin olmaması həm Vergilər Nazirliyinin mərkəzi aparatı ilə yerli vergi orqanları, həm də digər əlaqəli dövlət təşkilatları arasında operativ məlumat mübadiləsini çətinləşdirir.

- Vergi orqanlarının müasir texniki avadanlıqlarla təmin edilməməsi iş proseslərinin ahəngdarlığı və keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bununla yanaşı, müasir texnologiyalardan istifadə olunan proqram təminatlarının olmaması bir sıra layihələrin həyata keçirilməsi zamanı əlavə maliyyə itkisinə yol verilməsilə nəticələnir. Bu sahədə kadr potensialının gücləndirilməsi və mövcud mütəxəssislərin inkişaf etmiş ölkələrdə təlimlərinin təşkili çox böyük əhəmiyyət kəsb edir.

Vergi ödəyicilərinin könüllü əməletmə dərəcəsinin artırılması üzrə birinci mərhələ səmərəli maarifləndirilmə proqramını hazırlayıb tətbiq etmək və onların məlumatlandırılması üçün təsirli tətbirlər işləyib hazırlamaqdır. Bu sahədə qarşıya çıxan problemləri və onların həlli yollarını aşağıdakı kimi qruplaşdırmaq olar:

- Vergi ödəyicilərinin maarifləndirilməsi konsepsiyasının olmaması maarifləndirmə işlərinin sistemli və əsaslı şəkildə həyata keçirilməsini çətinləşdirir. Bu konsepsiya təhsilin bütün pillələrində (orta və ali məktəblər də daxil olmaqla) maarifləndirmə işinin həyata keçirilməsinə imkan verməlidir.

- Təsirli məlumatlandırma sisteminin təşkil edilməməsi səbəbindən vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri əhəmiyyətli şəkildə dərk edilmir, qanunvericiliyin tələbləri bəzən anlaşıqlı izah edilmir. Vergi qanunvericiliyi və ona edilmiş dəyişiklikləri operativ surətdə vergi ödəyicilərinə çatdırılması təmin edilmir. Bununla da vergilərin düzgün hesablanması və ödənilməsi sahəsində geriliyin yaranması hallarına rast gəlinir.

Vergi ödəyicilərinin könüllü əməletmə dərəcəsinin artırılması üzrə ikinci mərhələ vergi ödəyiciləri ilə təlim keçirmək və onlara yardım göstərmək mexanizminin hazırlanmasıdır. Bu sahədəki çətinliklərə və onaların aradan qaldırılması tədbirlərinə aşağıdakılar aid edilə bilər:

- Əhalidə vergi mədəniyyətinin hələ də tam formalaşmaması xüsusi təlim, plan və proqramlarının hazırlanmamasını zəruri edir. Bundan əlavə, regionlar üzrə təlimlərin mütəmadi keçirilməməsi qeyd olunan sahədə əhəmiyyətli irəliləyişlərin əldə olunmasını çətinləşdirir. Bunun üçün vergi ödəyicilərinin qarşılaşdığı problemlər öyrənilməli və onların həllinə yaxından köməkliklər edilməlidir. Regionlarda məlumatlandırma tədbirlərinin təşkili daha da intensivləşdirilməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin də belə tədbirlərə cəlb olunması məqsədəmüvafiq olar;

- Vergi ödəyicilərinin şikayətlərini operativ qaydada araşdırmaq məqsədilə "Vergi ödəyicilərinin ombudsman institutu"nun yaradılması və fəaliyyət göstərməsinin təmin edilməsi hazırkı mərhələdə mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Azərbaycan Respublikasında sivil cəmiyyətin formalaşması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini nəzərə alsaq vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində belə institutların yaradılması səmərəli olar;


  • Vergi borclarının məcburi yığımı mexanizminin səmərəliliyinin artırılması məqsədilə vergi qanunvericiliyi daha da təkmilləşdirilməlidir. Borclu vergi ödəyicilərinin borcunu onun debitoruna, təsisçilərinə və ya hüquqi şəxslərin rəhbərlərinin əmlakına yönəltmək barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi bu sahədə atılmalı adımlardandır;

- Respublikada vergi girovunun tətbiq edilməsi də məcburi yığım mexanizminin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Vergi orqanları nəzdində ixtisaslaşdırılmış hərracların təşkili də zəruri tədbirlərdəndir.
NƏTİCƏ
Beləliklə, vergi sistemi dövlətin maliyyə ehtiyatlarına olan tələbatını təmin etməklə yanaşı, vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan marağını artırmalı və eyni zamanda, onları daim təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi yollarının axtarışına sövq etməlidir [14, 15].

Azərbaycanda vergi sisteminin qurulması prinsiplərini nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlmək mümkündür: vergi islahatlarının həyata keçirilməsi nəticəsində vergi ödəyicilərinin eyni zamanda qanunla müəyyən edilmiş vergilərin ödənilməsi və istehsalın genişləndirilməsinin və modernləşdirilməsinin həyata keçirilməsi üzrə imkanlarını nəzərə alan nisbi bərabərlik və ədalətlilik prinsipinin reallaşdırılmasına imkan verən təsirli vergi mexanizmi yaradılmışdır.

Ölkənin vergi sistemi hazırda bazar münasibətləri iştirakçılarının bütün məcmu maraqlarının nəzərə alınmasına istiqamətlənmiş və aşağıdakılarla xarakterizə olunur:


  • vergi ağırlığının fiziki və hüquqi şəxslər arasında bərabər paylanması təmin olunmuşdur, vergi yükünün ümumi səviyyəsi isə mülayimdir;

  • təkrar istehsal prosesinə stimullaşdırıcı təsir göstərir;

  • kifayət qədər sosial yönümlüdür;

  • vergitutma obyektlərinin müəyyən edilməsi (qiymətləndirilməsi) üzrə dəqiq və aydın metodologiyaya malikdir;

  • kifayət qədər yüksək gəlirləri olan fiziki və hüquqi şəxslər tərəfindən vergilərin ödənilməsindən yayınma üçün şəraitin olmaması vergi ödəyicilərinin real vergitutma bazasının genişləndirilməsinə səbəb olur;

  • vergi bazasının hesablanması metodologiyası kifayət qədər çevik və sadədir;

  • vergi uçotunun təşkilinə və aparılmasına, vergi hesabatlarının formalaşması və təqdim edilməsinə vaxt sərfi, əmək və maliyyə resursları və s. yüksək deyildir.

Məlumdur ki, vergilər müəssisələrin istehsal fəallığının qarşısını almamalı, əhalinin alıcılıq qabiliyyətini aşağı salmamalı və daxili investisiyaların mənbəyi kimi yığım prosesinə şərait yaratmalıdır. Müsbət haldır ki, ölkəmizdə göstərilən istiqamətlərdə tədbirlər reallaşdırılmışdır.

İqtisadi, təşkilati və hüquqi prinsiplərin məcmusunun uyğunlaşdırılması əsasında qurulan və fəaliyyət göstərən vergi sistemi iqtisadiyyatın inkişafının güclü stimulu olmaq imkanına malikdir. Vergitutmanın yuxarıda qeyd olunan prinsiplərindən əlavə Azərbaycanın müasir vergi sisteminin vergitutmanın aşağıda göstərilən yeni prinsipləri əsasında inkişafı müşahidə olunur:



  • yeni iş yerlərinin açılması üçün müəssisələrin və fərdi sahibkarların yığımlarının investisiya olunmasına imkan verən şərait yaranmışdır;

  • elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin stimullaşdırılması, bütün sahələrdə fundamental tədqiqatların aparılması, yeni texnologiyaların yaradılması və inkişaf etdirilməsi yolu ilə məhsulların rəqabət qabiliyyətinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir;

  • regionların iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsi məqsədi ilə kapitalın sahə və ərazi axınına imkan yaranmışdır;

  • əhalinin bütün təbəqələrinin sosial tələbatlarının təmin olunması, yoxsulluğun və sosial bərabərsizliyin aradan qaldırılması üçün münbit şərait mövcuddur.

Hazırkı mərhələdə Azərbaycan Respublikasının qarşısında duran vəzifələrə ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, bu sahədə özəl sektorun rolunun gücləndirilməsi daxildir. Sadalanan vəzifələrin yerinə yetirilməsi milli iqtisadiyyatın kompleks inkişafına əlverişli zəmin yaradır ki, bu sahədə stimullaşdırıcı vergi sisteminin rolu mühüm əhəmiyyət kəsb edir. Odur ki, Azərbaycan Respublikasında həyata keçirilən vergi siyasətinin əsas məqsədləri vergi sisteminin daha da təkmilləşdirilməsi, onun qanunvericilik və maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi, ölkə iqtisadiyyatına investisiya qoyulmasına daha geniş imkanların yaradılması və vergi sisteminin potensial imkanlarından səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir. Sadalanan məqsədlərə nail olmaq üçün aparılan vergi islahatları aşağıdakı başlıca prinsiplərə əsaslanmalıdır [14, 17]:

- ümumi məqsədyönlülük, yəni vergi sisteminin qurulmasında və səmərəliliyinin artırılmasında onun iqtisadi inkişafa məcmu təsirindən çıxış edilməsi;

- sadəlik, yəni vergilərin müəyyən edilməsi və onların yığılması sahəsində hər cür bürokratik maneələrin aradan qaldırılması, tətbiq olunan çoxsaylı hesabat formalarının sayının azaldılması və müəssisələrin mühasibat bölmələrindəki iş gərginliyinin azaldılması;

- fiskal səmərəlilik, yəni dövlətin və vergi ödəyicilərinin vergilərin yığılması ilə bağlı xərclərin vergi daxilolmalarından dəfələrlə az olması, əks halda dövlətin əsas xərclərinin maliyyələşdirilməsinə vəsait çatışmazlığının labüdlüyü;

- vergiləri ödəməkdən yayınma meyllərinə sədd çəkilməsi, yəni bu və ya digər verginin tətbiqi və yığılması qaydalarının müəyyən edilməsi zamanı onun ödənilməsindən yayınmanın və beləliklə də gizli iqtisadiyyatın qarşısının alınması üçün müvafiq normativ-hüquqi bazanın hazırlanması və onun tətbiqi;

- universallıq, yəni vergi dərəcələrinin və gəlirlərinin bölüşdürülmə normativlərinin maksimum universallığının təmin edilməsi, müxtəlif kateqoriyalı vergi ödəyicilərinə, sahələrə və fəaliyyət növlərinə vergitutma məqsədi ilə yanaşma müxtəlifliyinin təmin edilməsi;

- ictimai faydalı və innovasiyaların tətbiqi üzrə fəaliyyət növlərinin stimullaşdırılması və zərərli fəaliyyət növlərinin qarşısının alınması, yəni səmərəli vergi sistemi qurmaqla istehsal təyinatlı investisiya və innovasiyaların tətbiqi ilə bağlı fəallığının və iqtisadi aktivliyinin artırılması hesabına cəmiyyət qarşısında duran problemlərin həll edilməsinin, ekoloji proqramların həyata keçirilməsinin, ətraf mühitin qorunmasının, insanın sağlamlığı və fəaliyyəti üçün təhlükə törədən fəaliyyət növlərinin qarşısının yüksək vergi müəyyən edilməklə alınmasının təmin edilməsi;

- büdcənin və vergi ödəyicilərinin gəlirlərinin inflyasiyadan müdafiəsi, yəni büdcənin maraqları çərçivəsində inflyasiya amilinin nəzərə alınması, vergi ödəyicilərinin müflisləşməsinin və vergiyə cəlb olunan bazanın azalmasının qarşısının alınması, vergi ödəyicilərinin hüquqlarının maksimum təmin edilməsi.

Müasir şəraitdə inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələr vergi siyasətini aşağıdakı mühüm məqsədlərə nail olmaq üçün həyata keçirirlər:

- təsərrüfat fəaliyyətinin stimullaşdırılması və ya məhdudlaşdırılması yolu ilə iqtisadiyyatın tənzimlənməsində və həmçinin ictimai təkrar istehsalda dövlətin iştirakı;

- müvafiq hakimiyyət və idarəetmə orqanlarının üzərinə qoyulmuş funsiyaları icra edə bilmək, iqtisadi və sosial siyasəti həyata keçirmək üçün kifayət edəcək həcmdə maliyyə ehtiyyatları ilə təmin etmək;

- gəlirlərin tənzimlənməsi üzrə dövlət siyasətini təmin etmək.



ƏDƏBİYYAT



  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2010

  3. Azərbaycanın statistik göstəriciləri. 2011. Dövlət Statistika Komitəsi. Bakı, 2009.

  4. «Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndiril-
    məsi tədbirləri haqqında» Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli Fərmanı

  5. «Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndiril-
    məsi tədbirləri haqqında» Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli Fərmanı.

  6. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
    Proqramı haqqında» Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı.

  7. Abbasov Ə.N., Sadıqov M.M. Azərbaycan Respublikasının regionları: maliyyə və vergi potensialının proqnozlaşdırılması problemləri, B., 2002, 132 s.

  8. Abbasov A. Azərbaycanda maliyyə bazasının formalaşması və bazar iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri. Bakı, 2003

  9. Allahverdiyev H. «İqtisadiyyatın dövlət tənzimlənməsi» dərslik. Bakı, «Nasir», 2002ş

  10. Əlirzayev Ə.Q. «Azərbaycanın iqtisadi inkişafının konsepsiyası və proqramı». Bakı, 1999. 104 s.

  11. Əhmədov M.Ə.«İqtisadiyyatın dövlət tənzimlənməsi». Dərslik. Bakı 2002.

  12. Bağırov D.A. Vergi nəzarəti. Bakı, 2007

  13. Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Dərslik. Bakı, 2003.

  14. Kəlbiyev Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Monoqrafiya. Bakı, 2005.

  15. Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A. Azərbaycan Resublikasının vergi sistemi: islahatlar və nəticələr. Bakı, 2002.

  16. Kəlbiyev Y.A. Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri. Bakı, “Elm”, 2012.

  17. Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Rzayev Z.H. Vergilər və vergitutma. Bakı, 2010

  18. Nadirov A.A. Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri”. Bakı: Elm, 2001, 452 s.

  19. Nuriyev Ə.X. Regional inkişafın dövlət tənzimlənməsinin aktual məsələləri. Azərbaycan iqtisadiyyatı: problemlər və perspektivlər. Bakı: Elm, 2002

  20. Sadıqov M.M. Maliyyə potensialının formalaşmasında dövlətin borc siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi problemləri. Bakı, 2003.

  21. Xankişiyev B.A. Maliyyə nəzarəti. Dərs vəsaiti. Bakı, 2002.

  22. Xankişiyev B.A. Büdcə prosesi və büdcə təyinatı. Bakı, 2002.

  23. Гаджиев Ш.Г. Азербайджан на пути к мировому сообществу: стратегия внешнеэкономического развития. - Киев, 2000. - 503 с.

  24. Заяц Н.Е. Теория налогов. Минск , 2003

  25. Петти У., Смит А., Рикардо Д., Кейнс Дж., Фридмен М. Классика экономической мысли: Соченения. Москва, ЭКСМО-Пресс, 2000

  26. Садыгов М.М., Зейналов В.З., Садыгова Г.М., Алиев В.Ф. Рыночная экономика: финансы и налоги. Баку, 2002

  27. Соколов А.А. Теория налогов. Москва, 2003

  28. Смит А. Исследование о природе и причина богатства народов – Москва, «Соцэскиз», 1935

  29. Стиглиц Дж.Ю. Экономика государственного сектора. /пер. с англ. –Москва, Изд-во МГУ: ИНФРА-М, 1997.-720с.

  30. Юткина Т.Ф. Налоги и налогообложение – Москва, «Инфра-М», 2002

  31. www. taxes. gov.az

  32. www.economy.gov.az



1 F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Z.H.Rzayev, İ.A.Kəlbiyev. Vergilər və ver­gitutma». Dərslik, Bakı, 2005.


Yüklə 479,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə