20№-li əmrə №-li Əlavə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Yüklə 0,73 Mb.
səhifə4/7
tarix05.02.2018
ölçüsü0,73 Mb.
#24901
növüQaydalar
1   2   3   4   5   6   7

12.8. Həbsdə olan şəxslər

12.8.1. Həbsdə olan şəxslərin daşınması zamanı uçuşun təhlükəsizliyinin təmin olunması üçün irəli sürülən tələblər mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslərin daşınması zamanı irəli sürülən tələblərlə eynidir.




12.9. Hər hansı ölkənin ərazisinə daxil olmasına icazə verilməyən sərnişinlərin daşınması– buraxılmayan sərnişinlər (INAD)
12.9.1. Xarici dövlətin və Azərbaycan Respublikasının ərazisinə girişi qadağan edilmiş (INAD) sərnişinlərin daşınması Mülki Aviasiya sahəsində beynəlxalq qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

12.9.2. Vizanın olmaması, pasportun qüvvədəolma müddətinin bitməsi və s. səbəblərdən xarici dövlətin və /və ya Azərbaycan Respublikasının ərazisinə girişi qadağan olunmuş sərnişinlər üçün «Sərnişinin geri qaytarılması haqqında akt» tərtib olunur.

12.9.3. 12.9.2. bəndində göstərilən sərnişinlər üçün biletin rəsmiləşdirilməsi Aviaşirkətin texnologiyasına müvafiq olaraq «Sərnişinin geri qaytarılması haqqında akt» əsasında həyata keçirilir.

12.9.4. Əgər dövlət orqanları təyinat, transfer və ya tranzit ölkəsinə girişi qadağan olunmuş sərnişinin yola düşmə məntəqəsinə və ya digər məntəqəyə qaytarılmasını Aviaşirkətdən tələb edirsə, bu zaman Sərnişin və ya onun sənədlərini rəsmiləşdirmiş təşkilat bu daşınma ilə əlaqədar bütün xərcləri, o cümlədən bu ölkə tərəfindən Aviaşirkətin üzərinə qoyulmuş inzibati pul cəriməsini Aviaşirkətə ödəməlidir.

12.9.5. 12.9.4. bəndində göstərilən hallarda Aviaşirkət istifadə olunmamış daşıma üçün Sərnişin və ya Sərnişinin daşınmasını rəsmiləşdirmiş təşkilat tərəfindən ona ödənilmiş istənilən məbləği, yaxud Sərnişin və ya biletin dəyərini ödəmiş təşkilat tərəfindən ödənilmiş və Aviaşirkətin sərəncamında olan istənilən digər məbləği müvafiq tarifin ödənilməsinə yönəldə bilər.




12.10. Sərnişinlərin çarter reyslərində daşınması

12.10.1. Sərnişinlərin çarter reyslərində daşınması çarter daşımaları haqqında müqavilə ilə tənzimlənir.


12.10.2.  Sifarişçi tərəfindən çarter reysinin dəyəri ödənilməyənədək və ya Aviaşirkətlə çarter reysinin sifarişçisi arasında müvafiq kredit sazişi bağlanmayanadək belə reysə alınmış biletlər etibarlı sayılmır. Çarter biletləri üzrə təxsisin təsdiq olunması və məbləğin qaytarılması müvafiq çarter müqaviləsinin şərtlərinə əsasən yalnız çarter reysinin sifarişçisi tərəfindən həyata keçirilir.

12.10.3.  Çarter reyslərinə biletlər yalnız biletdə göstərilmiş tarixdə və reysdə etibarlıdır. Reysdə boş yerlərin olmasından asılı olaraq, Sərnişinin uçuş və dönmə tarixlərində dəyişikliklər ola bilər, bir şərtlə ki, belə dəyişikliklər Sərnişin ilə çarter reysinin sifarişçisi arasında razılaşdırılmış olsun.


12.10.4.   Çarter reyslərinə biletlər Sərnişinin təxsisi dəyişmək və ya ləğv etmək hüququnun məhdudlaşdırılmasını (və ya tam istisna edilməsini) nəzərdə tutur. Bütün xidmətlərin dəyəri ödənilməklə (gediş-dönüş, transfer, mehmanxanada yaşayış, qidalanma) turist səfərlərini nəzərdə tutan çarter reyslərinə biletlərdə çarter reysinin sifarişçisi tərəfindən müəyyən edilmiş əlavə şərtlər və məhdudiyyətlər qoyula bilər.
12.10.5. Sifarişə əsasən yerinə yetirilən reyslərlə daşımaya çarter reyslərinin sərnişinlərindən əlavə yalnız Aviaşirkətin işçiləri və onların ən yaxın qohumları (servis biletləri və reysdə boş yerlər olduqda) qəbul oluna bilər. Bu zaman Aviaşirkət işçilərinin və onların yaxın qohumlarının daşınması reysi sifariş verən təşkilatın nümayəndələri ilə əvvəlcədən razılaşdırılmalıdır.


12.11. Biznes sinif sərnişinlərinin daşınması





12.11.1. Biznes sinif sərnişinləri ayrıca masada qeydiyyatdan keçirlər və təyyarəyə ekonom sinif sərnişinlərindən ayrı, onlardan sonra, lakin rəsmi şəxslərin təyyarəyə miniyinin başlanmasından gec olmayaraq çatdırılırlar.




12.11.2. Hava limanında biznes sinif sərnişinlərinə biznes zala keçmələri təklif olunur. Bu imkan haqqında Sərnişin biletin təxsis edilməsi zamanı məlumatlandırılır.




12.11.3. Hava gəmisinin bortunda biznes sinif sərnişinlərinə biznes salonunda yerlər təqdim edilir və onlara xüsusi xidmət təşkil edilir.




12.11.4. Yerə endikdən sonra biznes sinif sərnişinləri hava gəmisini ilk növbədə, lakin rəsmi şəxslərdən tez olmamaqla, ekonom sinif sərnişinlərindən ayrı tərk edirlər.



12.12. Tranzit və transfer sərnişinlərin daşınması

12.12.1. Aviaşirkət və ya onun Agenti tranzit və ya transfer sərnişinlərinə daşımanın yerinə yetirildiyi marşrut üzrə sərnişin bileti rəsmiləşdirərkən aşağıdakı tədbirləri görməlidir:

a) Sərnişinə uçuşdan əvvəl inzibati rəsmiyyət prosedurlarından keçmək üçün transfer hava limanına vaxtında gəlmək imkanı yaratmaq məqsədilə marşrutun bütün sahələrində transfer sərnişininin daşınmasının təxsis edilməsini və təxsisin təsdiq olunmasını təmin etməlidir;

b) Sərnişinin təyinat məntəqəsinə çatması üçün tranzit və ya transfer hava limanında yerinə yetirməli olduğu prosedurlar barədə sərnişini məlumatlandırmalıdır;

c) beynəlxalq daşımalar zamanı tranzit və ya transfer məntəqələrindəki dövlət orqanlarının tələbləri barədə sərnişini məlumatlandırmalıdır;

12.12.2. Növbəti reysə keçid 24 saat ərzində baş verdikdə, yola düşmə/transfer hava limanının imkanlarından və transfer məntəqəsindəki dövlət orqanlarının tələblərindən, yaxud Sərnişinin istəyindən asılı olaraq, transfer baqajı son məntəqəyədək və ya transfer məntəqəsinədək rəsmiləşdirilir. Əgər digər reysə keçid müddəti 24 saatdan artıq olarsa, sərnişinin baqajı yalnız transfer məntəqəsinədək rəsmiləşdirilir. Transfer sərnişininin gömrük nəzarətindən keçməli olan baqajı Azərbaycan Respublikasının və /və ya ərazisinə, ərazisindən yaxud ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkənin gömrük qanunvericiliyinə müvafiq olaraq daşınmaya qəbul edilir.


12.13. Tez-tez uçan Sərnişinlər üçün «AZAL Miles» proqramı
12.13.1. Aviaşirkət onun reysləri ilə tez-tez uçan Sərnişinlər üçün «AZAL Miles» proqramını təklif edir.

12.13.2. 16 yaşına çatmış hər bir sərnişin proqramın iştirakçısı ola bilər. Proqrama üzvlük pulsuzdur. 12.13.3. Aviaşirkətin reysi ilə hər bir uçuş üçün proqram iştirakçısının şəxsi hesabına uçuşdan asılı olaraq müəyyən ballar əlavə edilir. İştirakçının hesabı və toplanmış ballar heç bir halda başqasına köçürülə, miras verilə, qarşılıqlı hesablaşmalar üçün istifadə edilə, bu proqramın iştirakçısı olub-olmamasından asılı olmayaraq hər hansı digər şəxsin hesabına keçirilə və ya onun hesabları, balları ilə birləşdirilə bilməz.Toplanmış ballar nağd vəsaitə çevrilmir. Heç bir halda ailə üzvləri və ya eyni təşkilatın üzvləri bir hesabda bal toplaya bilməzlər.

12.13. 4. Lazımi miqdarda bal toplandıqdan sonra İştirakçı aşağıdakı növ mükafat almaq imkanı əldə edir:

- 23 kq-a qədər çəkidə (biznes sinif üçün 32 kq) bir baqaj yerinin pulsuz daşınması;

- xidmət sinifinin «Y» ekonom sinfindən «A» biznes sinfinədək pulsuz artırılması;

- biznes və ekonom sinif üçün pulsuz aviabiletin alınması.

Bu zaman yığımlar, o cümlədən hava limanı yığımları İştirakçı tərəfindən ödənilir.

12.13.5. “Qızıl” və “Gümüş” kartlardan istifadə edən İştirakçıların ad günündə onların hesabına sonuncu dəfə ödənişli həyata keçirdiyi uçuşun dəyəri miqdarında ballar əlavə edilir.

12.13.6. Proqramın iştirakçısı kartını Aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə on-layn rejimdə, habelə Aviaşirkətin Nümayəndəliklərində və Agentlərinin ofislərində sifariş verə bilər.

Tez-tez uçan sərnişinlər üçün «AZAL Miles» proqramı barədə məlumat Aviaşirkətin www.azal.az veb-saytında yerləşdirilmişdir.

12.13.7. Hər hansı İştirakçı proqramın qayda və şərtlərini pozduğu hallarda Aviaşirkət həmin İştirakçını proqramdan kənarlaşdırmaq, onun kartını müsadirə etmək və toplanmış bütün balları ləğv etmək hüququna malikdir.

12.13.8. Aviaşirkət əvvəlcədən xəbərdar edərək və ya xəbərdar etmədən proqramın mükafatlandırma ilə bağlı bütün şərtlərini və ya onların bir hissəsini ləğv etmək və ya dəyişmək hüququna malikdir. Proqram ləğv edildiyi halda proqram İştirakçısının topladığı bütün ballar ləğv edilə bilər.

12.13.9. Aviaşirkət proqramın şərtlərinin dəyişdirilməsi və ya onun ləğv edilməsi barədə əvvəlcədən məlumat vermək üçün bütün mümkün tədbirləri görəcəkdir. Proqramın şərtlərinin dəyişdirilməsi və ya onun ləğv edilməsi nəticəsində İştirakçının hər hansı itki və ya zərərinə görə Aviaşirkət məsuliyyət daşımır.

12.13.10. İştirakçının hesabına ballar hesablanarkən sonuncu dəfə balların hesablandığı tarixdən əvvəlki 2 (iki) il ərzində toplanan ballar nəzərə alınır. Sonradan balın faktiki toplandığı hər bir tarixdə bu müddət faktiki tarixdən etibarən hesablanır. Balların sonuncu dəfə hesablandığı tarixdən sonra bir il ərzində Aviaşirkətin reysləri ilə uçuşlara görə İştirakçının hesabına heç bir bal hesablanmırsa, İştirakçı proqrama üzvlükdən kənarlaşdırılır.

12.13.11. Hər bir İştirakçı proqramın qaydaları və şərtlərində baş verən dəyişiklikləri müstəqil surətdə izləməlidir və onun hesabında toplanan mile-balları Aviaşirkətlə birlikdə özü yoxlamalıdır. Toplanan ballar arasında fərq olduğu zaman İştirakçı hesabında düzəlişlər edilməsi üçün zəruri sənədləri Aviaşirkətə təqdim etməlidir.



13. Daşıyıcılar arasında razılaşmalar

13.1.  Bu qaydalar Aviaşirkətlə digər Daşıyıcılar arasında bağlanan kommersiya sazişləri üzrə həyata keçirilən daşımalara (CODESHERING, INTERLINE) şamil olunur (hətta daşımanı biletdə göstərilən daşıyıcıdan fərqli daşıyıcı həyata keçirdiyi hallarda belə). Əgər hər hansı belə kommersiya sazişi mövcuddursa, bu zaman Aviaşirkət (xidmət üzrə Agent) qeydiyyat zamanı daşımanın faktiki olaraq hansı Daşıyıcı tərəfindən həyata keçirildiyi barədə Sərnişini məlumatlandırmalıdır.


13.2.  Sərnişinlər bilet almazdan əvvəl, qeydiyyatdan keçərkən, habelə daşıma zamanı hər hansı nasazlıq hadisəsi baş verdikdə, faktiki Daşıyıcı barədə məlumatlandırılmalıdırlar.
13.3.  Əgər daşıma müqaviləsi bağlanarkən Sərnişinə ödənişli xidmətlər təqdim edilirsə, bu zaman həmin xidmətlərin göstərilməməsinə görə Aviaşirkət Sərnişin qarşısında bu cür xidmətlər müqabilində ödədiyi məbləğdə məsuliyyət daşıyır.
13.4.  Aviaşirkət kommersiya sazişləri olmayan üçüncü şəxslər tərəfindən göstərilən baqaj (yük) daşınması üzrə xidmətlərə görə cavabdeh deyil. Əgər Aviaşirkət Sərnişinlərin baqajının (yükünün) daşınması üzrə belə əməliyyatları müstəqil nəzərdə tutur və həyata keçirirsə, bu Qaydalar belə xidmətlərə də şamil olunur. Baqaj (yük) daşıması üzrə Aviaşirkət tərəfindən göstərilən əlavə xidmətlərin dəyəri Sərnişin tərəfindən ödənilir.




14. Ardıcıl daşıyıcılar

14.1.  Bir neçə Daşıyıcı tərəfindən ardıcıl həyata keçirilən daşımalar zamanı digər (növbəti) Daşıyıcıların reyslərinə bilet verən Daşıyıcı yalnız bu Daşıyıcıların Agenti kimi çıxış edir.


14.2.  Bilet təqdim edən Daşıyıcı və ya biletdə göstərilən birinci Daşıyıcı digər Daşıyıcının (Daşıyıcıların) daşımanı həyata keçirdiyi marşrut sahələrində Sərnişinin ləngidilməsinə görə məsuliyyət daşımır.
14.3.  Baqajın daşınması zamanı onun itməsi, məhv edilməsi, zədələnməsi və ya ləngidilməsinə görə Sərnişin birinci və ya sonuncu Daşıyıcıya qarşı, habelə baqajın itməsi, məhv edilməsi, zədələnməsi və ya ləngidilməsi zamanı daşımanı yerinə yetirən Daşıyıcıya qarşı iddia qaldırmaq hüququna malikdir.
14.4.  Əgər baqajın itməsi, məhv edilməsi, zədələnməsi və ya ləngidilməsi zamanı daşımanın hansı Daşıyıcı tərəfindən həyata keçirildiyini müəyyən etmək qeyri-mümkündürsə, bu zaman daşımada iştirak edən bütün Daşıyıcılar birlikdə, yaxud hər biri ayrı-ayrılıqda, hər birinin təqsiri hüdudunda, Sərnişin qarşısında məsuliyyət daşıyacaqdır.




15. Baqajın daşınması


Əgər Aviaşirkət bu Qaydalarda müəyyən edilmiş «baqaj» anlayışına uyğun olmayan hər hansı əşyanı baqaj kimi qəbul edərsə, həmin əşyaların daşınması da bu Qaydaların müddəalarına uyğun həyata keçiriləcəkdir.


15.1. Baqaj qismində daşımaya qəbul edilməyən əşyalar

15.1.1. Sərnişinə aşağıdakı əşyaları baqaja daxil etmək qadağan olunur:


-     Daşıma zamanı sərnişinlərin sağlamlığı, uçuşun təhlükəsizliyi, Aviaşirkətin və ya digər Sərnişinlərin mülkiyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə törədən mallar, əşyalar, maye və digər maddələr, habelə:
•   partlayıcı maddələr və hərbi sursatlar, bu Qaydaların 15.11 yarımbəndində göstərilən hallardan başqa;
•    fişənglər, siqnal raketləri, benqal alovları;
•    qazlar (yanğın təhlükəsi yaradan, alovlanmayan, soyudulmuş və zəhərli), bu Qaydaların 15.13.1 bəndində nəzərdə tutulan hallardan başqa;
•    aerozollar (məhdud miqdarda daşınmasına icazə verilmiş gigiyena ləvazimatlarından başqa);
•    alışan mayelər (benzin, laklar, rənglər, suda həll olunanlardan başqa, həlledicilər, alışqanı doldurmaq üçün mayelər);
•    benzinlə işləyən alətlər, benzin mişarları və otbiçənlər də daxil olmaqla;
•    oksidləşdirici, korroziya törədən aşındırıcı maddələr və materiallar, o cümlədən ağardıcı əhəng, akkumulyator batareyaları (xəstələrin daşınması üçün kürsü-xərəklərdə olan batareyalar, CD-pleyer, radio üçün kiçik batareyalar və s. istisna olmaqla), civə barometrləri;
•    zəhərli, zərərli və ya qıcıqlandırıcı maddələr və yoluxucu materiallar;
•    radioaktiv materiallar, müalicə nəticəsi kimi insan bədəninə yeridilmiş litium batareyalarından qidalanan ürək əzələlərinin radioizotop stimulyatorları və ya digər qurğulardan başqa;
•    maqnitlər və maqnit tərkibli əşyalar;
•    İCAO, Doc 9284/905 sənədinə - «Təhlükəli yüklərin hava ilə təhlükəsiz daşınması üzrə texniki təlimat» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 220 nömrəli 13.12.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları”na əsasən sərnişin hava gəmilərində daşınması qadağan olunmuş digər əşyalar və maddələr;
- ərazisinə, ərazisindən və ya ərazisindən keçməklə daşımanın həyata keçiriləcəyi istənilən ölkənin qüvvədə olan qanunları və/ və ya qanunvericilik aktları ilə daşınması qadağan olunan mallar və əşyalar;
-     xarakterinə, çəkisinə, ölçüsünə, formasına və ya qoxusuna görə daşınmaya yararlı olmayan mallar;
15.1.2.  döyüş təchizatı, odlu və soyuq silah, o cümlədən qədim odlu və soyuq silahlar, kəsici və deşici əşyalar bu Qaydaların 15.11. və 15.14-cü bəndlərinə müvafiq olaraq daşımaya qəbul olunur.
15.1.3. Uçuşun təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakı qaydalara riayət olunmalıdır: 

Sərnişinlərin baqajında daşınması qəti qadağan olunmuş əşyalar 

Radioaktiv maddələr

 

Qaz


 

Partlayıcı maddələr

 

Fişəng


 

Zəhər


 

Paslanmaya meylli maddələr

 

Maqnitlər

 


Baqaja təhvil verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalar 

Təchizat


 

Soyuq silah

 

Odlu silah

 


Baqaja təhvil verilməsinə və ya daşınmasına icazə verilən əşyalar. 

Tualet əşyaları: ətirlər, aerozollar

 

Kibrit, alışqanlar

 

  
Xəbərdarlıq! 

Təhlükəli əşyaların təyyarənin göyərtəsinə keçirilməsi qeyri-qanuni hesab olunur və qaydaları pozan şəxslər ittiham və cərimə oluna bilərlər.


15.2. Baqajın daşıma üçün qəbul edilməsindən imtina hüququ
-        Baqajda bu bölmənin 15.1.1 və 15.1.2 bəndlərində göstərilmiş əşyalar olduqda, Aviaşirkət müvafiq sənədlər əsasında bu əşyaların tərkibində daşınmasına icazə verilməyən hər hansı materialların və ya əşyaların olduğu qənaətinə gəldikdən sonra;

-        Sərnişin normadan artıq baqajın daşınması ilə əlaqədar Aviaşirkətin müəyyən etdiyi tarifləri və rüsumları ödəmədiyinə görə. Aviaşirkət baqaj qismində daşımaya qəbul edilməsindən imtina etdiyi malları və ya əşyaları öz nəzarəti altına götürməyə borclu deyil və onlara görə məsuliyyət daşımır.




15.3. Sərnişinlərin və baqajın yoxlanılması hüququ

15.3.1. Uçuşların təhlükəsizliyinin təmin edilməsi və bu bölmənin 15.1.1 və 15.1.2 bəndlərində göstərilən əşyaların aşkar edilməsi üçün Aviaşirkət Sərnişinlərdən Aviaşirkətin, hava limanının xidmətləri və digər səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən şəxsi yoxlamadan keçməyi tələb etmək, habelə yoxlamaq üçün baqajını təqdim etmək, Sərnişinin və ya onun baqajının rentgen və ya digər yoxlamasını keçirmək, habelə Sərnişin olmadığı halda onun baqajını yoxlamaq və ya yoxlanılmasını təşkil etmək hüququna malikdir. Əgər Sərnişin bu tələbi yerinə yetirmək istəmirsə, Aviaşirkət Sərnişinin (baqajın) daşınmasından imtina edə bilər. Aviaşirkət rentgen və ya digər üsulla yoxlama zamanı Sərnişinə və ya onun baqajına dəymiş ziyan üçün məsuliyyət daşımır, Aviaşirkətin səhlənkarlığı üzündən dəymiş ziyan istisna təşkil edir.


15.3.2.  Uçuşda olan hava gəmisində (yükləndikdən sonra hava gəmisinin qapılarının bağlandığı andan boşaltma üçün hər hansı qapıların açıldığı anadək) əl yükünün və Sərnişinin özünün yoxlanılması Sərnişinin razı olub-olmamasından asılı olmayaraq, hava gəmisi komandirinin qərarı ilə həyata keçirilə bilər.




15.4. Qeydiyyata alınmış baqaj

15.4.1. Sərnişin özü ilə apardığı bütün əşyaları çəkisinin müəyyən edilməsi və ölçülməsi üçün təqdim etməlidir.


15.4.2.    Sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraq Aviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisi barədə qeydlər edir və Sərnişinə baqajın eyniləşdirmə birkasının talonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqında qeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisinin pulsuz daşınma normasından artıq olmadığı hesab edilir.
15.4.3.  Baqaj təhlükəsiz nəqli və mexaniki vasitələrdən istifadə etməklə emal olunmasını təmin edən qıfıllı çamadanlara və ya digər müvafiq konteynerlərə yığılmadığı halda Aviaşirkət həmin baqajın qeydiyyatdan keçmiş baqaj kimi qəbul olunmasından imtina etmək hüququna malikdir.
15.4.4. Aviaşirkət qeydiyyatdan keçmiş baqajın Sərnişinin daşındığı hava gəmisində daşınması üçün tədbirlər görməli və əgər tətbiq olunan qanunlar baqajın rəsmiləşdirilməsi üzrə gömrük prosedurlarında Sərnişinin iştirakını tələb edirsə, bunu təmin etməlidir. Əgər qeydiyyatdan keçmiş baqaj digər hava gəmisində daşınırsa, Aviaşirkət baqajın təyin olunan yerdə Sərnişinə qısa müddətdə çatdırılması üçün bütün tədbirləri görməlidir.
15.4.5. Sərnişinin arzusu və Aviaşirkətin razılığı ilə baqaj müşayiət olunmayan baqaj kimi rəsmiləşdirilə bilər. Müşayiət olunmayan baqaj bu Qaydaların 15.16-cı bölməsinə müvafiq olaraq daşınır.
15.4.6. Baqajın qorunmasını təmin etmək üçün Aviaşirkət tövsiyə edir:
-     səyahət üçün etibarlı qıfılları olan keyfiyyətli çamadanlardan istifadə edilməlidir;
-     parçadan olan çamadanlardan və ya çantalardan istifadə olunarkən, kənar şəxslərin baqajı aça bilməməsi məqsədilə zəncirbəndi bağlamaq üçün asma qıfıllardan istifadə olunmalı, baqaj kəmər və ya iplərlə sarınmalıdır;

-      hər uçuşdan sonra köhnə birkalar çıxarılmalıdır;
-     baqajın xarici tərəfində üzərində ad qeyd olunmuş birkalardan istifadə olunmalıdır;
-     baqajı tez tapmaq üçün ona lent bağlanılmalı və ya digər fərdi nişan qoyulmalıdır.
15.4.7. Aviaşirkət aşağıdakı əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür:
-     tezsınan, kövrək əşyalar və tezkorlanan əşyalar;
-     pullar;

-     açarlar;


-     zinət əşyaları, qiymətli metallardan və gümüşdən hazırlanan məmulatlar;
-     təbii xəz;
-     elektron avadanlıq;
-     kompyuter avadanlığı, kompyuter üçün komplektləşdirici hissələr, əlavələr, proqramlar;
-     audio və video texnika, foto və kino aparatları, yardımçı əşyalar;
-     eynəklər, binokllar və digər optik cihazlar;
-     texniki, tibbi və digər sənədlər;
-     işgüzar və şəxsi sənədlər;
-     qiymətli kağızlar və əşyalar;
-     istehsal avadanlığı və nümunələr/ şablonlar;
-     video/audio kassetlər, disklər, disketlər və digər məlumat daşıyıcıları;
-     tibb preparatları, avadanlıqlar;
-     fotoşəkillər, əntiq mallar;
-     əvəz edilməsi mümkün olmayan əşyalar;
-     mayelər, ətriyyat, alkoqollu içkilər;
-    alətlər.

Sərnişin bu tövsiyələri yerinə yetirmədiyi təqdirdə Aviaşirkət, həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanılması üçün məsuliyyət daşımır.
15.4.8.  Qeydiyyata alınmış baqaj hava gəmisinin bortuna yükləndiyi andan təyinat /transfer məntəqəsində təhvil verilənədək Sərnişinin həmin baqaja toxunmasına icazə verilmir.
15.4.9. Bir baqaj yerinin çəkisi 32 kq-dan artıq olmamalıdır. Kütləsi böyük olan baqaj yeri Aviaşirkətin hava daşımaları qaydalarına müvafiq olaraq daşınmaya yalnız yük kimi qəbul olunur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə